
Əvvəli burada: Zaur Bayramoğlu – Snayper
Xəstəlik və savaş
I
Çində başlayıb dünyanın dörd bir yanına yayılan pandemiya tüğyan edirdi. COVİDə yoluxan insanlar ciyərləri buzlanaraq, ya da oksigen aparatlarında partlayaraq ölür, yoxsul ölkələr dərman qıtlığından əziyyət çəkirdilər.
Ermənilər dünyanın başı özünə qarışmışkən fürsətdən istifadə edib “Artsax”ı tanıtmağa çalışırdılar. Aprel ayında Qarabağda qanunsuz prezident seçkiləri keçirildi. May ayında Şuşada parlament binasının təntənəli surətdə təməlqoyma mərasimi keçirildi. Azərbaycan Prezidentinin BMT və digər beynəlxalq təşkilatların onlayn toplantılarında dünyaya çağırış edərək Ermənistanı durdurmalarını rica etməsi də heç nəyi dəyişdirmədi. Yayda Tovuz istiqamətində təxribat törədildi. Şərq-Qərb nəqliyyat dəhlizini və Bakı-Ceyhan neft kəmərini, həmçinin TANAF layihəsinin keçdiyi yolları nəzarətə götürmək istəyən Ermənistan ordusu hücuma keçdi. Ağır döyüşlərdə general Polad Həşimov və digər hərbçilərimiz qəhrəmancasına həlak oldular.
Artıq bıçaq sümüyə dirənmişdi. Xalq kütlələri pandemiya qadağalarını heçə sayaraq Bakıda və digər şəhərlərdə müharibə tələbləri ilə küçələrə axışdılar. On minlərlə insan gecə saatlarında Parlamentin binasına axın etdi. Tək bir tələb var idi:
– Təcili parlament toplansın və ümumi səfərbərlik elan olunmaqla, Ermənistana müharibə elan olunsun.
Gecənin yarısı isə Parlamentin önündə toplaşan insanlar Azadlıq meydanı istiqamətində hərəkət etdilər. Səhərə yaxın burada toplanan yetmiş mindən artıq insan tək vücud olub kükrəyir, “Ya Qarabağ, ya ölüm!” şüarları səsləndirərək müharibənin başladılmasını tələb edirdilər.
…Günün ilk işıqları ilə hərbi komissarlıqların önündə toplanan insanlar könüllü olaraq hərbi xidmətə göndərilmələrini tələb edirdilər. Dövlət rəhbərliyi də artıq zamanın yetişdiyini başa düşür, Qarabağ uğrunda müharibə başlanmazsa, xalqın azğın sel kimi bəndinə sığmayıb daşan qəzəbinin həddini anlayırdı. Açılan onlayn qeydiyyat portalında qısa müddətdə könüllü olaraq orduya yazılanların sayı əlli mini keçdi.
II
Ermənistan Müdafiə Nazirliyi avqust ayında yeni hərbi doktrina təsdiq etdi. Plana əsasən, onlar Qarabağda dislokasiya olunmuş ordu, vaqner dəstələri və PKK, ASALA, həmçinin digər terror qrupları ilə birlikdə Azərbaycana daha geniş ərazilər boyu hücum edəcəkdilər. Tərtər və Goranboy istiqamətində hücum edən erməni qruplaşmaları Gəncə, Ağdam və Cəbrayıl istiqamətlərindən gələn ordu qrupları isə Bərdə-Beyləqan istiqamətlərində irəliləyəcəkdilər. Rayonlarımızın işğalı ilə birlikdə yaşayış məntəqələri talanacaq, yüz minlərlə insanı əsir tutub kölə kimi istifadə edəcəkdilər. Artıq savaş anbaan yaxınlaşmaqda idi.
Hadisələri diqqətlə izləyən Azərbaycan Prezidenti BMT-nin sentyabrın əvvəllərində keçirilən onlayn iclasında ermənilərin müharibəyə hazırlaşdıqlarını bildirərək, onların dayandırılması barədə dünya liderlərinə çağırış etdi.
Sentyabrın iyirmi yeddisinə keçən gecə erməni ordusu saatlarca sürən fasiləsiz artilleriya atəşindən sonra zirehli texnikanın dəstəyi ilə bütün cəbhə boyu hücuma keçdi.
Dan yeri sökülərkən işə çağrılan Humay həkim briqadası ilə birlikdə Füzuli rayonu istiqamətində yaradılan səhra hospitalına göndərildi. O, rəhbərlik etdiyi həkim briqadası ilə Əhmədbəyliyə doğru hərəkət edərkən yollar günçıxandan günbatana hərəkət edən içi əsgər dolu avtobus və yük avtomobilləri, zirehli texnika karvanları ilə dolu idi. Sanki bütün Azərbaycan selə dönüb asfaltın üstü ilə axıb gedirdi. Humaygili daşıyan mikroavtobus hər hərbi karvanı keçib getdikcə irəlidə daha bir karvan görünür, onlar nə azalır, nə də bitirdilər. Humayın köksü qürurla qabardı. Dərindən nəfəs alıb:
– Bu qədər topumuzun, tankımızın, reaktiv artilleriya vasitəmizin olduğu yatsam, yuxuma da gəlməzdi. Maşınlar dolusu əsgərlərimizə baxdıqca, fərəhdən adamın sinəsi qabarır. Bu qədər ordu cəbhəyə gedirsə, savaş başlandı deməkdir. Artıq bu ordunu kimsə durdura, kimsə geri qaytara bilməz, – dedi.
Həkim yoldaşları onun sözlərini təsdiqlədilər. Biri “Ya Qarabağ, ya ölüm!” – deyə bağırdı. Alqışladılar! Onlar Beyləqanı keçərkən yolun kənarında dayanmış avtomobili görüb maraqla o tərəfə boylandılar. Əsgər formasındakı bir gənc yerdə rəqs edir, digərləri onu videolentə alırdılar. Bu, bir əsgərin şəhadətə yürümədən öncə son rəqsi idi.
Əhmədbəyliyə çatıb hospitala yönəldilər. Burada hər tərəf yaralılarla dolu idi. Nəinki palatalar, dəhlizlər, hətta hospitalın həyətində də yan-yana düzülən xərəklərdə, açılıb-yığılan səhra çarpayılarına uzadılmış yaralılara kömək etmək istəyən tibb işçiləri narahat və həyəcanlı şəkildə onların ətarafında qaynaşırdılar..
Hospitalın həyətinə bir-birinin ardınca gəlib-gedən “təcili yardım” maşınları cəbhədən yaralı gətirir, ya da ilk yardım göstərilmiş ağır yaralıları mərkəzi hospitallardan birinə aparırdı.
Humaygil mikroavtobusdan düşüb hospitalın əməliyyat otağına tələsdilər. Bu qədər yaralının yardım gözlədiyi yerdə bir dəqiqə belə gecikmək olmazdı. Hər dəqiqə, hər saniyə yardım gözləyən bir əsgərimizin həyatını xilas etmək, onları həyata qaytarmaq üçün əvəzedilməz idi.
III
Günəş doğmadan ordumuza əks-hücum əmri verildi. Bütün gecəni düşmənin hücumlarının qarşısında mətinliklə dayanıb sinəsini gülləyə sipər edən əsgərlərimiz əmri alar-almaz müdafiə istehkamlarından çıxaraq hücuma keçdilər. Onlar ermənilərin otuz ildir ki, sıra-sıra düzülmüş dəmir-beton müdafiə xətləri ilə bərkidib qarışıq mina sahələri, uzaqdan idarə olunan silah və kamera sistemləri ilə qoruduğu, keçilməz sanıb qürrələndiyi istehkamlara hücum edirdilər. Hər kvadrat metrə onlarca top və minamyot mərmisinin düşdüyü, atıcı silahların oyuncağa çevrildiyi ağır döyüşlərdə əsgərlərimiz yaralanır, şəhid düşüb al qanlarıyla ana torpağı suvarır, amma bir addım da geri durmurdular. Düşməndən, ölümdən, ömürlük şikəst qalmaqdan qorxmur, qaçmırdılar. Əsgərlərimiz bu günü, bu əmri gözləyirmişcəsinə mövqelərindən qalxıb dalğa-dalğa düşmənə hücum edirdilər. Onlar gizlənməyi, güllələrdən, mərmilərdən qorunmağı ağıllarına belə gətirmirdilər. Əsgərlərimiz canını, sağlamlığını heçə sayıb döyüşdüyü, varlığını vətəninə qurban deyib irəli getdiyi üçün vurulanların sayı-hesabı yox idi. Təxliyə qrupları da canlarını heçə sayır, güllələrin altından yaralı yoldaşlarını, şəhidləri çıxararaq arxaya göndərməyə çalışırdılar. O arxadakı yerlərdən biri də məhz bura, cəbhə xəttinə ən yaxın hospitallardan biri olan Əhmədbəyli hospitalı idi.
Savaş başlandığı andan xalq və ordu arasında elə bir birlik yaranmışdı ki, həm cəbhədə döyüşən əsgərlər, həm də arxa cəbhədəki xalq kütlələri vahid bir orqanizm, bir yumruq kimi birləşmişdilər. Kişilər hərbi komissarlıqların önündə toplaşıb savaşa göndərilmələrini tələb edərkən qadınlar yeməklər, şirniyyatlar bişirir, evdə hazırladıqları quru yeməklərdən və kolbasalardan dürmək hazırlayır, paketləyərək, içərisinə döyüşən əsgərlərimizə uğur dilədikləri məktublar yazıb qoyaraq cəbhəyə göndərirdilər. Maddi imkanı olanlar cəbhə arxasında yaradılmış ictimai təminat anbarlarına yük avtomobilləri dolusu ərzaq, əsgərlərimizə yolsuzluq avtomobilləri göndərirdilər. İmkansızlar bir aylıq təqaüdlərini, ya da ərzaq dolu bağlamalar hazırlayıb göndərirdilər. Meydan hərəkatından sonra ikinci dəfə birləşən xalq kütlələrinin enerjisi selə dönüb cəbhəyə axırdı. Bir atlet arxasından əsən fırtınadan güc aldığı kimi döyüşçülərimiz də ruhlarında işlənib əzalarında dopinqə dönən bu enerji ilə irəli, daim irəli gedirdilər. Xalq öz ordusu ilə bir olub dumanın içindən süzülüb çıxan boz qurd kimi düşmənə saldırır, onu didib-parçalayırdı.
Hospitalların önünə gələn insanlar yaralılar üçün qan verir, Tibb Universitetinin yuxarı kurslarında və xarici ölkələrdə tibb təhsili alan gənclərimiz cəbhə ətrafındakı hospitallara gedərək yaralılarımıza yardım edirdilər.
IV
Ayın iyirmi səkkizi Humay Çingiz doktora zəng etdi:
– Doktor, mən burada, ağır vəziyyətdəki yaralılarımızı görməyə dözə bilmirəm. Xahiş edirəm, savaş bitənə qədər məni məzuniyyətə göndərin.
Çingiz həkim çaşıb qalmışdı. Nə deyəcəyini bilmirdi.
– Necə yəni savaş bitənə qədər məzuniyyət? Sən nə danışdığını bilirsənmi?
– Bəli, doktor, mən birbaşa döyüşlərdə iştirak etmək üçün Müdafiə Nazirliyinə müraciət edəcəyəm. Savaş bitdikdən sonra yenidən işimə qayıdaram.
Çingiz həkim:
– Bu dəqiqə sənin kimi savadlı həkimlərə hava, su kimi ehtiyacımız var, – deyərək onu fikrindən daşındırmaq istədisə də, Humay sözündən dönmək niyyətində deyildi.
– Doktor, mən vaxt tapan kimi nazirliyə müraciət edəcəm və elə günü sabah, onların cavabının nə olacağından asılı olmayaraq, əsgər paltarı tapıb cəbhəyə yollanacağam. İstədim savaşa qatılmadan sizə məlumat verim ki, həm bu hərəkətim özbaşınalıq kimi olmasın, həm də yerimə həkim göndərəsiniz.
Çingiz həkim Humayı səbrlə dinləyib:
– Bizim kifayət qədər güclü və peşəkar ordumuz, müasir silahlarımız var. Onlar sənsiz də ermənini qovub torpaqlarımızdan çıxaracaqlar. Hər halda, həm Kəlbəcər, həm də Füzuli-Cəbrayıl istiqamətində gedən uğurlu hücum əməliyyatlarından xəbərin var. Bir də, doktor, istəyirsən, Müdafiə Nazirliyinə müraciət et. Ancaq bu başdan deyim ki, yaşına görə inanmıram ki, sənin orduya qatılmağına icazə versinlər. Çünki indi qismən səfərbərlik elan olunub. Otuz beş yaşından yuxarı kişiləri belə müharibəyə aparmırlar. Ona görə də sənə məsləhət görürəm ki, səfərbərlik idarəsindən müsbət cavab almadan özbaşına hərəkət etməyəsən. Bir həkim kimi sənin gördüyün iş də elə vətənə xidmət etməkdir.
Humay Çingiz doktorla söhbətdən narazı qalsa da, daha bir söz demədi. Sağollaşıb telefonu söndürdü.
Gecə işıq maskalanmasına əməl etmək üçün ətrafdakı yaşayış evləri ilə bərabər, hospitalın da işıqları söndürülmüşdü. Həkimlər, tibb bacıları telefonlarının ekran işıqları ilə qaranlıq koridorlarda hərəkət edir, yaralıların iynəsini vurur, sarğı qoyurdular. Humay reanimasiyadakı yaralıları bir-bir yoxlayıb pəncərənin yanına gəldi. Divarın tininə söykənərək telefonunu çıxardı. “VPN”i aktiv edib internetə daxil oldu. Axtarış bölməsində Müdafiə Nazirliyinin elektron ünvanını yazdı. Açılan pəncərədə “ərizə” bölməsini taparaq yazıb birbaşa döyüş əməliyyatlarında iştirak etmək üçün icazə istədi.
O, ərizəsində Birinci Qarabağ savaşında Xüsusi təyinatlı taborun tərkibində, snayper vəzifəsində xidmət etdiyindən, uğurla həyata keçirdiyi xüsusi tapşırıqlardan bəhs edir, səfərbərlik idarəsinin saytında onlayn qaydada qeydiyyatdan keçdiyini də xatırladır, az qala yalvararaq müharibəyə göndərilməsi üçün icazə istəyirdi.
Ertəsi gün axşamtərəfi ona tanımadığı nömrədən zəng gəldi. “Kim ola?” – deyə özündən soruşub telefona cavab verdi:
– Alo.
Zəng edən Müdafiə Nazirliyinin əməkdaşı idi. O, Humaya Birinci Qarabağ müharibəsindəki xidmətlərinə görə təşəkkür etdi. Yaş fərqini və onun ixtisas qrupunda Müdafiə Nazirliyinin tabeliyində kifayət qədər peşəkar hərbçi olduğunu xatırladaraq hərbi əməliyyatlara buraxılmasının mümkünsüz olduğunu bildirdi.
Müdafiə Nazirliyindən gələn zəng Humayı ruhdan salmadı, əksinə, onun inadını qamçıladı. İndi o, cəbhəyə gedə bilmək üçün yollar axtarır, silahı və uniformanı necə əldə edəcəyi barədə düşünürdü. Orduda xidmət edən tanışlarından Xüsusi təyinatlıların bəzi bölmələrinin Ağcabədidə olduğu və bir gün sonra Füzulinin Kərimbəyli kəndinə gələcəkləri barədə məlumat əldə etdi. Müdafiə Nazirliyinə məktub yazıb könüllü xidmət etmək üçün ön xəttə getdiyini, orada ona daha çox ehtiyac duyulduğunu yazdı. Bu dəfə döyüşlərdə iştirak etmək üçün getdiyini yazmamışdı. Elektron məktubu bitirib “göndər” düyməsini sıxarkən: “Qoy həkim kimi getdiyimi düşünsünlər, mənimçün nə fərqi?”– deyə dodaqaltı deyindi. Sonra Çingiz doktora da mesaj yazaraq Xüsusi təyinatlılara qoşulmaq üçün gedəcəyini bildirdi.
Səhər açılanda hospitalın tibb heyəti ilə sağollaşdı. Yaralılara tez sağalıb cəbhəyə qayıtmalarını dilədi. Telefonunu özü ilə götürüb qalan şəxsi əşyalarını Bakıya göndərmələri üçün həkim yoldaşına verdi. Yol maşınları ilə Kərimbəyliyə yola düşdü.
Xüsusi təyinatlıların bazasına yetişəndə həyəcanlı idi. Komandanla görüşmək, onu öz sıralarına qəbul etməsi üçün yalvarıb-yaxarmaq istəyirdi. Nə də olsa, Birinci Qarabağ savaşında əsgəri olmuşdu. Məhz onun tapşırığıyla Kəlbəcərə yollanaraq, 022-nin komandirini öldürməmişmiydi? Amma indi komandanın onu qəbul etməyə vaxtı olacaqdımı? Bazanın yaxınlığında mühafizəçilər ona yaxınlaşaraq burada nə axtardığını soruşdular. Vəziyyəti izah edən Humay komandanla görüşmək istədiyini bildirdi: ” Mən 772-də onun əsgəri olmuşam”, – deyib eyni vaxtda xidmət etdikləri Yusifin, Gülxanın, Vaqifin adlarını çəkdi. Mühafizəçilərin xəbər göndərməsi ilə Yusif onun saxlandığı çadıra gəldi. O, içəri girər-girməz Humay ürəklənib əsgər yoldaşının boynuna sarıldı. Qırtlağından başlayaraq, bütün bədənini yandırıb-yaxan qəhəri sərbəst buraxdı. İllər sonra burada qarşılaşmanın verdiyi həyəcanla:
– Yusif, mən döyüşmək istəyirəm! – deyə bildi.
Yusif onu sakitləşdirməyə çalışdı:
– Yaxşı, doktor, özünü ələ al, sakitləşməyə çalış.
O, Humayın müharibədən sonra hospitalda həkim işlədiyini bilirdi. Hətta son dəfə Aprel döyüşləri zamanı Tapqaraqoyunluda rastlaşmış, xeyli dərdləşmişdilər də.
Humay:
– Yusif, lütfən mənə kömək et. Geri qayıtmaq istəmirəm. Buradan birbaşa cəbhəyə yollanmaq istəyirəm.
– Yaxşı, doktor, səbirli ol, səninçün əlimdən gələni etməyə çalışacağam.
Axşamtərəfi Yusif Humayın yanına gələrək:
– Komandan səni çağırır, – deyə xəbər verdi.
Humay icazə alaraq komandanın çadırına daxil olanda general xəritənin üzərində işləyirdi. Humaya salam verib əyləşməsi üçün yer göstərdi. Özü də üzərinə xəritə açılmış masadan ayrıldı, yerinə keçib əyləşərək:
– Doktor, siz niyə yaralılarımıza xidmət göstərmək əvəzinə, məhz cəbhəyə gedib döyüşməyi seçirsiniz?-deyə ciddi və sərt bir səslə soruşdu.
– Cənab komandan, mənim Birinci Qarabağ savaşında süngüyə keçirilmiş körpələrimizə, zorlanmış, dərisi soyulmuş qızlarımıza, qüruru sındırılmış kişilərimizə verilmiş sözüm var. Ömrümün sonuna bir gün qaldığını bilsəm belə, sözümü tutmaq üçün əlimdən gələni edəcəyəm. Sizdən xahiş edirəm ki, mənim silah və digər ləvazimatlarla təmin olunaraq cəbhəyə göndərilməyim üçün kömək edəsiniz.
Komandan onu Birinci Qarabağ savaşından tanıyır, necə mərd və döyüşkən əsgər olduğunu bilirdi. Ancaq yenə də müharibənin ağır şərtlərində tab gətirə biləcəyindən əmin deyildi. Ayrıca, snayper keyfiyyətlərinin də korşala biləcəyini düşündüyündən:
– Doktor, müharibədən sonra hansısa odlu silahdan atəş açmısanmı? – deyə soruşdu.
– Bəli, cənab komandan. Atəşkəs dövründə müntəzəm olaraq Novxanı kəndində yerləşən poliqona gedərək VSS -SV və digər tüfənglərdən atəş açmışam. Ayrıca, fiziki formamı qorumaq üçün illərdir ki, üzgüçülüklə məşğul oluram.
Komandan onun gözlərinin içinə baxaraq:
– Sən indi Xüsusi təyinatlılarla birlikdəmi fəaliyyət göstərmək istəyirsən?
– Cənab komandan, siz necə məsləhət bilsəniz, mən elə də xidmət etməyə hazıram. Təki əlimdə silah, önümdə düşmən olsun.
– Yaxşı, mən göstəriş verəcəyəm, sənə silah versinlər. Səfərbərlikdən gələn əsgərlərdən təşkil olunmuş hərbi hissələrdən birinin komandirinə də deyərəm, səni əsgərlərinin siyahısına yazar. Çünki sən Xüsusi təyinatlılarla ayaqlaşa bilməzsən.
Humay komandana təşəkkür edərək, dönüb çadırdan çıxdı.
Onun sevincinin həddi-hüdudu yox idi. İlk gün hərbi xidmətə qəbul olunduğu qədər həyəcanlı, ilk ermənini öldürdüyü qədər sevincli idi. Qəlbində komandana təşəkkür edir, onu ordu sıralarına qəbul edib silah verməyə razı olduğu üçün minnətdarlıq edirdi. Əslində heç o özü də Xüsusi təyinatlılarla birlikdə döyüşməkdən yana deyildi. Düşmən arxasında yalnız başına gəzib dolanmaq, ermənilərə heç gözləmədikləri yerdə və anda zərbə vurmaq istəyirdi.
Əşya anbarı çadırına gələrək əyninə əsgər paltarı, çəkmə və əşya çantası, zirehli gödəkçə, dəbilqə seçib götürdü. Sonra qənimət silahların saxlandığı çadıra gəldi. Buradakı tüfənglərin arasından bir ədəd snayper tüfəngi seçib götürdü. Bu, onun keçən savaşda istifadə etdiyi tüfəngə çox bənzəyirdi. Anbara nəzarət edən əsgərdən soruşub bu silahın 8.59 mm kaliberlik Sako TRG-42 olduğunu öyrəndi. Silahın nömrəsini öz adına qeydiyyatdan keçirdib bir ədəd də VSS-94 götürdü. Hər iki silahdan da eyni anda istifadə etmək işinə yarayacaqdı. Silahları götürüb Yusifin yanına döndü:
– Yoldaş baş gizir! – artıq o da əsgər olduğu üçün hərbçilərə rütbəsi ilə müraciət edəcəkdi, – xahiş edirəm ki, snayperlərdən birindən xahiş edəsiniz, Sako TRG-42 ilə bağlı mənə bir neçə saatlıq təlim keçsin. Axı mən heç vaxt bu silahdan istifadə etməmişəm.
Yusif onu başdan ayağa süzüb:
– Doktor, öz aramızda, 052-nin forması üstünüzdə qəşəng qalır. Həm mənə rütbəmlə müraciət etməyinizə ehtiyac yoxdur, sadəcə olaraq, adımla çağıra bilərsiniz.
Humay təşəkkür edib xahişini təkrarladı:
– İstəyirsən, sən özün öyrət.
– Mən bütün növ silahlardan istifadə etməyi bacarıram. Ancaq bir snayper kimi təlim keçə bilmərəm. Hər ixtisasın öz ustadı var. Darıxma, snayperlərdən birindən xahiş edəcəm, bir maqazin patronla səni necə lazımdı, öyrədəcək.
Humay razılıqla gülümsündü:
– Çox sağ ol, Yusif.
– Buyurun, doktor, dəyməz.
Humay onu müşayiət edən əsgərlə birlikdə Xüsusi təyinatlıların bazasından çıxaraq atəş təliminə yollandı. Yolda, ağacların altında dayanıb Səidəyə görüntülü zəng vurdu:
– Salam, Səidə.
– Salam, Humu, xeyirdimi, üzündə güllər açıb?
– Mənə uğur arzula.
Səidə yalnız indi onun əynindəki əsgər formasına, çiynindən asılmış silaha baxdı:
– Bu nədir, Humu, olmaya, əsgər gedirsən?
– Hə, bacı.
Səidənin gözləri doldu:
– Sağ get, salamat gəl, mənim qeyrətli, vətənpərvər bacım.
Humay:
– Di hələlik, Səidə, imkan olsa danışarıq, – deyib telefonu söndürdü.
Onlar atış təlimi keçəcəkləri yerə gəldiklərində qüruba getməkdə olan günəşin şəfəqləri leylək buludları qızılı rəngə boyamışdı. Təlimatçı Humaya tüfəng və optik nişangah barədə məlumat verdi:
– Sako TRG-42 8.59 mm-lik snayper tüfəngidir. Tüfəngin çəkisi 6.5 kiloqramdır. Doldurma bolt action, yəni mexaniki doldurmadır. Güllənin ağırlığı 16.2 qram, başlanğıc sürəti 886 metr\saniyə, effektiv atış mənzili 1500 metrdir. Night forse markalı optik nişangahın çəkisi bir kiloqram, böyütməsi 5.25×56-dır. Nişangah toru artikl tremmor 4 və ikinci foks müstəvi ilə təmin olunub. Bu sistem daha dəqiq atışlar üçün əlverişlidir. Bir klik 100 metrdə bir santimetr dəyişir. Gecə atışları üçün nişangah torunda işıqlandırma mövcuddur, hələlik bu qədər kifayətdir. İndi maneənin arxasında uzanın və irəlidəki hədəfi nişan alın, – deyə tapşırdı.
Humay qum kisəsinin arxasında uzanaraq snayper tüfənginin ayaqlarını açıb atəş açmağa hazırlaşdı. O, hədəfi nişan alarkən həyəcanından nəbzi gicgahlarında atırdı. “Tanrım, sən özün yardım et”, – deyə astaca pıçıldayıb hədəfin düz ortasından nişan aldı. Tətiyi ehmalca özünə tərəf çəkdi. Hədəf taxtası yüngülcə titrədi. Onun yanında uzanıb binoklla hədəfi izləyən təlimatçı güllənin hədəfi 2 milyəm yuxarı və 0.7 milyəm sağa dəydiyini görüb:
– İyirmi klik aşağı və yeddi klik sola düzəliş ver, – deyə göstəriş verdi. Humay nişangahda təlimatçının dediyi düzəlişləri edərək silahı doldurdu. Yenidən hədəfi nişan alıb ikinci gülləni atdı.
Təlimatçı ondan hədəfə daha bir güllə atmasını istədi. Artiklə verdiyi düzəlişdən sonrakı üçüncü gülləsini də atdıqda gözucu təlimatçıya tərəf baxdı. Onun gülümsədiyini görüb sevindi. Təlimatçı ayağa qalxaraq:
– Üç gülləni santım yarımlıq dairəyə sığışdıra bildin. Bu, yüz metrdə mükəmməl nəticədir. Sizi təbrik edirəm, – dedi.
Sonra Humaya temperatur və yüksəklik fərqinin güllənin uçuşuna təsiri, kariolis fərqi, həmçinin yağmurlu havalarda və bucaq atışları barədə də qısaca məlumat verib: – Mən qrupun yanına qayıtmalıyam, odur ki, geri dönmək lazımdır, – dedi.
Birlikdə bazaya qayıtdılar. Onları qarşılayan Yusif Humaya:
– Gördünmü, demişdim, bir maqazin patron snayperimizə kifayət edəcək ki, sənə bu silahdan istifadə etməyi öyrətsin.
Təlimatçı araya girdi:
–Yanlışınız var, yoldaş baş gizir, mən xanıma heç nə öyrətmədim, biz sadəcə silahın nişangahını tənzimlədik.
Yusif Humayı qürurla süzərək təlimatçıya:
– Həmişə haqqında danışdığım Yalquzaq bu xanımdır.
Təlimatçı heyrətdən bərəlmiş gözlərlə Humaya dönərək:
– Baş gizir Cabbarov sizin Birinci Qarabağ savaşındakı fəaliyyətiniz barədə həmişə qürurla danışırdı. Sizə bir şey öyrətmək istədiyimə görə məni bağışlayın.
Humay onu minnətdarlıqla süzdü:
– Qətiyyən elə düşünməyin, siz hamınız bu işin peşəkarları, ustadlarısınız. Mən isə əsgərlikdən ayrılalı uzun müddət olub. Ayrıca, sizin kimi gənclərimizdən nəsə yeni bir şey öyrənə bilmək mənim qürurumu oxşayır.
Qan və göz yaşı
I
Xüsusi təyinatlılar erkəndən cəbhəyə yola düşdülər. Humay da bazadan ayrılıb Beyləqan korpusunun tərkibindəki Həmlə taboruna qatılmaq üçün Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinə yollandı.
O gəldiyində taborun əsgərləri ermənilərin döyüş postlarını ələ keçirərək onları ikinci eşalona çəkilməyə məcbur etmişdilər. Düşmənin köhnə mövqelərində yerləşən əsgərlərimizin önündə düşmənin torpaq istehkamları, onun da xeyli arxasında səngərləri uzanıb gedirdi. Humay bura gələn kimi, bölük komandirinin yönləndirməsi ilə düşmənin əvvəlcə pulemyot mövqeyi kimi istifadə etdiyi, indi bizim əsgərlərimizin snayper postuna çevirdikləri möhkəmləndirilmiş atəş mövqeyinə gəldi. Polkovnik Şükür Həmidov da burada idi. O, Humayı salamlayıb:
– Sizin haqqınızda general çox xoş sözlər danışırdı. İnanıram ki, yenə Birinci Qarabağ savaşında olduğu kimi, sərrast atəşlərinizlə düşmənin qorxulu röyasına çevriləcəksiniz.
– Əlimdən gələni edəcəyəm, cənab polkovnik.
Polkovnik Həmidov atəş mazğalına işarə edərək:
– Göstər hünərini, – deyib digər postları yoxlamağa getdi.
Humay mövqeyə gəldiyində ara səngimişdi. Düşmən tərəfdən təkəm-seyrək atışlar gəlir, arabir kornetlə möhkəmləndirilmiş atəş nöqtələrimizi, ya da səngərlərimizin arxasında dronlarla müşahidə etdikləri hədəfləri iriçaplı minamyotlarla vurmağa çalışırdılar.
O, snayper postuna daxil olub atəş mazğalının önünə keçdi. Dünən gecə kamufulyaj parçadan tikib cibinə qoyduğu boğazı rezinlı torbanı çıxarıb tüfəngin optik nişangahının önünə keçirdi. Əsgərlərdən aldığı siqaretlə ortasından deşik açdı, “supressor”u lülənin ağzına bağladı. Yenidən savaşda və snayper tüfənginin arxasında idi. Həyəcanından nəbzi gicgahlarında atır, ürəyi qabırğalarını döyəcləyirdi. Optik nişangahdan düşmənin mövqeyini müşahidə etməyə başladı. Əlləri əsdiyindən tüfəngi sabit saxlaya bilmirdi. Hədəflər nişangahda oynayırdı. Elçin qulağına: – İllərdir arzuladığın, istədiyin yerdəsən. Özünü ələ al və qisasını al, Humu, – deyə pıçıldadı.
– Ah, Eli, nə yaxşı yanımdasan, – deyib dərindən nəfəs aldı, ciyərlərinə toplanmış havanı çölə üfürüb sakitləşməyə çalışdı.
Təxminən on dəqiqəlik axtarışdan sonra “kamera postu” tərəfdən gələn parıltı Humayın diqqətini çəkdi. Atəş mazğalına vuran sübh günəşi müşahidə dəliyindən baxan düşmən snayperin optik nişangahın güzgüsünü parıldatmağa yetmişdi. Humay imkan tapıb atəş açmamış parıltı yoxa çıxdı. Görünür, düşmən snayperi də hədəf axtarırdı. Humay məsafəni ölçüb bucaq fərqindən doğan sapmanı hesabladı. Nişangahı tənzimləyib artikli həmin nöqtəyə qoydu. Ürəyində: “Qaçar yerin yoxdu, Aşotcan, sən mənim ilk qurbanımsan”, – deyib səbirlə gözləməyə başladı.
Bir neçə dəqiqə sonra artiklin mərkəzində parıltı düşdüyü an tətiyi özünə tərəf çəkdi. Şüşə qırıqları günəşin altında bərq vuraraq ətrafa səpələndi, parıltı söndü. Humayın dodaqları qaçdı, təbəssümlə:
– Birindən biri, – dedi.
Atışma başladı. Havada uçuşan güllələrdən, partlayan mərmilərin qəlpələrindən günəş qaralmış, göy üzü tutulmuşdu.
Əsgərlərimiz ikinci eşalonu da ələ keçirərək düşməni daha gerilərə qovub stasionar müdafiə xətlərindən məhrum qoymaq, işğal altındakı şəhərlərimizə gedən yolu açmaq üçün canla-başla döyüşür, həyatlarını, sağlamlıqlarını heçə sayaraq hücum edirdilər. Düşmən tikanlı məftillər, qarışıq mina sahəsi, hündür torpaq val və dəmir-beton tunellərlə dəstəklənən səngərlərdə, möhkəmləndirilmiş atəş nöqtələrində bütün gücü ilə müdafiə olunurdu. Həmlə taborunun aldığı tapşırıq qəti və birmənalı idi, – düşmənin müdafiə istehkamları ələ keçirilməlidir! Tapşırığın yerinə yetirilmədiyi hər saat əsgərlərimiz daha inadla hücuma keçir, təzyiqi artırırdılar. Humay həmlə taboruna qatıldığından bəri yerini dəyişməmişdi. Ermənilər onun sərrast atışlarının gəldiyi istiqaməti müəyyənləşdirərək daldalandığı möhkəmləndirilmiş atəş nöqtəsini iriçaplı minamyotlardan, kornetlərdən atəşə tutsalar da, vaxtilə özlərinin tikib-hazırladıqları, bizim əsgərlərimizinsə ətrafına təkər yığdıqları beton istehkamı dağıda bilmirdilər. Bəzi sərrast atışlardan sonra mövqe sarsılır, içinə toz-torpaq dolurdu. Ya da təkərlərə dəyib çovuyan kornet mərmilərinin partlayarkən yaratdığı istilik dalğası Humayın üz-gözünü qarsalayır, ciyərlərini qovururdu. Lakin bunların heç biri onun vecinə deyildi. O, balaca atəş mazğalından görə bildiyi hər düşmən əsgərini artiklin mərkəzinə qoyub tətiyi çəkəndə, illərdir ki, qəlbində çatılan ocaq soyuyur, közünə su səpilirdi.
II
Ayın beşinə keçən gecə taborun şəxsi heyəti qruplar halında düşmənin arxasına sızmağa başladı. Onların bir qismi əməliyyatı uğurla başa çatdırmış, digərləri isə irəliləyərək bitərəf bölgənin mərkəzinə, keçən gün vurulan tankımızın yanına çatmışdı. Düşmən duyuq düşərək bitərəf bölgədəki əsgərlərimizi atəşə tutmağa başladı. Onlar əsgərlərimizin üzərlərinə iriçaplı pulemyotlardan, minamyotlardan atəş açır, tankı kornetlərlə vururdular ki, çovuyan mərmilərin qəlpələri əsgərlərimizə zərər versin.
Əsgərlərimizi atəş altından çıxarmağa çalışan tanklarımızdan biri səngərlərin arxasından çıxaraq düşmənə atəş açır, tezcə də geri çəkilirdi ki, hədəfə çevrilməsin. Üç uğurlu atışdan sonra, dördüncü dəfə mövqelərin arxasından çıxıb düşmən hədəfinə atəş açdı. Sürücü tankı geri qaytarmaq istəyirdi ki, kornet mərmisi sinəsində partladı…
Humayın olduğu snayper postunun əlli metr solunda, bir az irəli tərəfdə yerləşən möhkəmləndirilmiş atəş nöqtəsindən çıxan zabit başının üstündən keçən güllələri, ətrafına düşən minamyotları heçə sayaraq əllərini ağzına qoyub bitərəf bölgədə, atəş altında qalan əsgərlərimizə bağırmağa başladı:
– Yerinizdə qalmayın! Bu sizin üçün daha təhlükəlidir! Ya irəli gedin, ya da geri çəkilin! – cümləsini bitirə bilmədi, yaxınlığına düşən 122 mm-lik minamyotun qəlpəsi qulağının üstündən girib kəllə qapağını dəbilqəsi ilə birlikdə sovurdu. O, səngərin içinə yıxılarkən ətrafından bağırtılar yüksəldi:
– Polkovnik-leytenant Əliyev vuruldu!
Əsgərləri tez onu çəkib möhkəmləndirilmiş atəş mövqeyinə saldılar. Biri yaralıları götürmək üçün gələn “təcili yardım” maşınını postun arxasına çağırarkən digəri onun yaralarını sarıyır, başqa bir əsgərsə bilincini açıq tutmaq üçün danışdırıb başını qatmağa çalışırdı:
– Ramin, qorxma, yaşayacaqsan, ciddi bir şeyin yoxdu, bax piramidol da vurduq. İndi “təcili yardım” səni hospitala aparacaq.
Amma polkovnik-leytenant Əliyevin fikri onlarda deyildi. Bədənini çulğayan rahatlıq və yüngüllük onu ağuşuna almışdı. Tavana zillənmiş gözlərinin önündə düşmən geri qaçır, işğal altndakı kəndlərimizdə, şəhərlərimizdə bir-birinin ardınca zəfər bayraqları dalğalanırdı. Qulaqlarında zəfər simfoniyası səslənir, başqa bir səs duymurdu.
Humay zabitin başından yaralandığı xəbərini alan kimi snayper postundan çıxıb Raminin döyüşdüyü posta doğru qaçdı. İndi onunçün bir zabitimizin həyatını qurtara bilmək on ermənini öldürməkdən daha əfzəl idi. Gəlib çatanda “təcili yardım” heyətinin əsgərlərlə köməkləşib Ramini səyyar xərəkdə təcili yardım maşınına daşıdıqlarını gördü. Onları dayandırıb baxdı, ilk yardımın qaydasınca göstərildiyinə əmin olub əsgərləri tələsdirdi:
– Gecikməyin, zabitimizin həyatı təhlükədədir!
Gedərkən arxasınca atılan minamyot mərmilərindən qurtulub üç yaralını hospitala sağ-salamat çatdıran “təcili yardım” maşını yeni yaralıları aparmaq üçün geri döndükdə artilleriya mərmisi ilə vuruldu. Əsgərlərimiz yardıma yetişdiklərində artıq hər şey üçün çox gec idi.
III
Ayın beşi axşamtərəfi Humay polkovnik Həmidova yaxınlaşaraq düşmənin arxasına keçmək üçün icazə istədi.
– Sən düşmən arxasına tək getmək istəyirsən?
– Elədir ki, var, cənab polkovnik.
Polkovnik Həmidov onun ikicə gündə yanıb qaralmış sifətinə, yuxusuzluqdan, yorğunluqdan qızarıb qan çanağına dönmüş gözlərinə baxıb ürəyiyananlıqla:
– Niyə üzbəüz döyüşmək istəmirsən? Həm səni tək buraxa bilmərəm, axı general səndən muğayat olmağı tapşırıb, – dedi.
– Cənab polkovnik, mən onların yanına getmək istəyirəm. Düşmən arxasına da onların müşayiəti ilə keçəcəm.
– Səni özləri ilə aparacaqlarmı?
– Hər halda yanlarına getdikdən sonra qovmayacaqlar. Həm burada qalıb ermənilərin adi əsgərlərini öldürməkdənsə, arxalarına keçib ali zabit heyətindən tapa bildiklərimi öldürmək, həm də təminat yollarında pusqu quraraq canlarına qorxu salmaq istəyirəm. Xahiş edirəm ki, mənə icazə verəsiniz.
– Bəs onların yanına necə gedəcəyini bilirsənmi?
– Horadizə gedəcəm. Oradan təminat aparan maşınlardan biri ilə gedərəm.
Polkovnik Həmidov qaşlarını çatıb:
– Cəsarətli qızsan, uğur olsun, – dedi və döyüşü idarə etməyə davam etdi.
Həmin gün Aşağı Əbdürrəhmanlıdan ayrılan Humay gecə saatlarında gəlib Horadizə çatdı. Qəsəbə cəbhə xəttinə yaxın yerləşdiyindən işıqlar söndürülmüşdü. Avtomobillər belə işıq maskalanmasına riayət edərək hərəkət edirdi. O axtara-axtara gəlib magistral yolun kənarındakı yanacaqdoldurma məntəqəsini tapdı. Marketə girərək qatılaşdırılmış süd, peçenye və su aldı. Satıcı pul götürmək istəmədiyindən aldıqlarının təxmini qiymətini kassanın üstünə qoyaraq, yolun kənarına çıxıb gözləməyə başladı. Çox keçmədi ki, nömrələri kamufulyaj parça ilə bağlanmış yolsuzluq avtomobilləri, pikaplar göründü. Avtomobillər gəlib yanına çatanda birini saxlatdı. Şüşədən başını çıxaran əsgər onlarla eyni formadakı qıza sual verdi:
– Bacı, hara gedirsiz?
– Cəbrayıla.
– Orada nə işiniz var?
– Eşitdim ki, azad olunub, mən də gedirəm ki, “Yaşma”ya qoşulub düşmən arxasında fəaliyyət göstərəm.
Maşındakılardan biri onu tanımışdı:
– Humay xanım, haradan gəlirsiniz? – deyə soruşdu, sonra dönüb yoldaşlarına izahat verdi:
– Bu xanımı bizim bazada görmüşəm. Yusifgillə bərabər Birinci Qarabağ savaşında iştirak edib, snayperdir.
Avtomobilin kabinəsindəki əsgər enib yük yerinə qalxdı, Humaya isə onun yerinə keçməsini söyləyib tələsdirdi:
– Gecikirik, zəhmət olmasa, tələsin.
Onlar Cəbrayıla yaxınlaşdıqlarında dan yeri sökülməkdə idi. Qaranlığın son pərdəsi qatı dumana qarışıb əriyir, zülmət yerini Arazın üstündən qalxıb gələn ağ örpəyə verirdi.
Humay hələ yolda gələrkən əsgərlərimizdən Cəbrayıl şəhəri və ətraf kəndlərdəki vəziyyət haqqında məlumat almışdı.
– Cəbrayıl şəhəri tamamilə bizim nəzarətimizdədir. Şəhərin ətraf təpəliklərində erməni postları qalıb, onları da bir-iki günə təmizləyəcəyik. Daşkəsən kəndində düşmənin böyük hərbi bazası vardı. Uşaqlar oranı dronlarla vurub dağıdıblar. Vaxt tapan kimi o istiqamətdə də təmizlik aparacağıq.
Humayın beynində işıq yandı. O, yanında əyləşən əsgərdən: “Daşkəsən kəndini yuxarıdan görən yüksəklik varmı?”– deyə soruşdu.
– Əlbəttə var, kəndin girişində üzərində qüllə olan yüksəklik var. İndi o yüksəklik bizim nəzarətimizdədir.
Humay Cəbrayılın girişində pikapdan endi. Əsgərlərimizdən biri əlindəki balaca radiostansiyanı ona uzadıb:
– Nə zaman çətinliyə düşsən, düyməsini sıx və kömək istə, bizimkilər ən qısa müddətdə dadına yetişəcəklər.
Humay radiostansiyanı alıb təşəkkür edərək:
– Onda qoy mənim çağrı adım “Yalquzaq” olsun, – dedi.
Gedəcəyi istiqaməti əsgərlərdən soruşub yola düşdü. Duman görüş məsafəsini azaltdığından kompasın köməyi ilə hərəkət edir, mənzil başına sağ-salamat çatmağa çalışırdı. İki saat sonra Humay gəlib qüllənin yanına çatmışdı. O, kolların arasında özünə yer seçib gizləndi. Seyrəkləşməkdə olan dumanın içində siluet kimi görünən düşmən bazasını müşahidə etməyə başladı. Bombardmanda qaçıb ətraf təpələrə sığınan erməni əsgərləri yavaş-yavaş geriyə qayıtmaqda idilər. Bazanın ona yaxın tərəfi ilə aradakı məsafəni ölçdü. Doqquz yüz əlli metrdi. Elə bu vaxt hərbi hissənin yerləşgəsinin digər tərəfindəki darvazadan keçən “UAZ” həyətə daxil olub dayandı. Humay aradakı məsafəni, kariolis fərqindən yaranan sapmanı və havanın temperaturunu hesablayıb nişangaha düzəliş etdi. “UAZ”ın arxa salonundan enən buxara papaqlı erməni zabitini gördükdə sevindi, dodaqları qaçdı. Artiklin mərkəzini min yüz metr aralıdakı zabitin sinəsinə qoyub tətiyi çəkdi. Sinəsindən dəyən güllə zabiti yerində fırladıb üzüüstə yerə çırpdı. Yanındakı digər iki əsgər öncə komandirlərinin niyə yıxıldığını anlamadıqlarından ayağa qaldırmağa çalışdılar. Lakin onu çevirdiklərində sinəsindən fışqıran qanı görüb qaçmaq istədilər. Humayın güllələri ikisini də elə yerindəcə haqladı. Ətrafdakı ermənilər ilk anda nə baş verdiyini anlamadan yoldaşlarının ölümqabağı çıxardıqları heyvani bağırtılarını eşidib səksəndilər.
Humay bərədəki ovçu kimi yerindən tərpənmədən nişangahına gələn düşmən əsgərlərini bir-birinin ardınca ovlayır, öldürdüyü hər erməni əsgərindən sonra dərindən nəfəs alıb: “Bu da belə getdi”, – deyirdi. Günortaya yaxın artıq duman çəkilmişdi. Düşmən güllələrin gəliş istiqamətinə görə onun yerini müəyyən etmişdi. Qüllənin ətrafını bazanın binalarının dağıntılarının arxasına yerləşdirdikləri minamyotlarla, kornetlərlə atəşə tutmağa başladı. Humay çətin vəziyyətdə qalmışdı. Hər an yaxınlığına düşəcək bir mərmi onun sonu ola bilərdi. Görülə biləcəyindən kolluqdan da çıxa bilmirdi. Çarəsizlik içində idi. Birdən köynəyinin qol cibindəki radiostansiyanı xatırladı. Düyməni sıxıb mikrafona: “Yalquzaq təhlükədə”, – deyə pıçıldadı.
Qulaqlıqdan gələn səsə ürəklənib sevindi.
– Koordinatınızı deyin.
– Koordinatı bilmirəm, Daşkəsənin girişindəki təpədə, qüllənin yaxınlığındayam. Minamyotlarla ətrafımı vururlar, çıxa bilmirəm.
– Açıqlığa çıxma, indi hər şey yoluna qoyulacaq.
Az sonra başının üstündə uçan haropun səsini eşitdi. Kamikadze dronu qüllənin üstündən keçərək onun olduğu təpəyə minamyot atılan mövqeni vuranda sevincindən özünü tuta bilmədi, hıçqıra-hıçqıra ağladı.
Qulaqlıqdan gələn səs onu tələsdirdi:
– Yerini tərk et! “Yalquzaq”, məni eşidirsənmi? Yerini tərk et!
– Oldu, yerimi tərk edirəm.
Humay düşmən bazası gözdən itənədək geri-geri süründü. Artıq ermənilərin onu görə bilməyəcəyinə əmin olduqdan sonra ayağa qalxıb təpədən aşağı qaçmağa başladı. Gəlib dərəyə çatanda nəfəs-nəfəsə qalmışdı. Kolların arasından keçib suyun kənarında çöməldi. Əl-üzünü yuyub qalxmaq istəyirdi ki, suyun axdığı tərəfdən gələn addım səslərini eşidib yaxınlıqdakı kolun altına sindi. Bir-birindən beş-altı addım aralı bir sıra halında gələn dörd əsgər ona yaxınlaşırdılar. Çiynindən asılmış VSS-i çevirib dərənin qarşı yamacı ilə hərəkət edən əsgərləri müşahidə etməyə başladı. “Yəqin, bu dığaları məni tapmaq üçün göndəriblər”, – deyə fikrindən keçirib, burada, kol-kosun içində dayandığına sevindi. Öndə hərəkət edən əsgər artıq tam bərabərinə çatmışdı. Humay nəfəsini içinə çəkib dayanmışdı. Ona elə gəlirdi ki, nəfəs alsa, onu görəcək, yerini biləcəklər. Aralarındakı məsafə beş metr olardı, ya olmazdı. Artiklin mərkəzini sonuncu əsgərin iki qaşının ortasına qoydu. Tətiyin boğuq taqqıltısı eşidildi. O, kökündən kəsilmiş ağac kimi yıxılıb dərəyə yuvarlananda önündəki əsgər nə olduğunu öyrənmək üçün geri çevrildi. Bağırmaq istədi, lakin ağzından səs əvəzinə doqquz millimetrlik güllə çıxdı. Dizləri qatlandı, əlindəki silahını yerə söykədi. Müvazinətini saxlaya bilməyib üzü üstə yıxıldı.
Humay bir gözü ilə də öndəki ermənini nəzarətdə saxlamaqda idi. Öndəkilər yoldaşlarının arxa tərəfdən vurulduğunu zənn edib, dərənin bu tayına keçərək qaçmaq istədilər. Hövlnak özünü suya vuran erməni qarşı tərəfə keçəndə Humayla üz-üzə qaldı. O, atəş açmağı deyil, qaçmağı düşündüyündən ilk tətiyi çəkən həyatda qaldı, erməni əsgəri yarım metr məsafədən qarnından aldığı güllələrdən aşıb dərəyə düşdü. Özünü itirdiyindən silahını atıb bağıra-bağıra üzü yoxuşa qaçmağa çalışan sonuncu əsgəri də vurdu. O, ilk güllədən ölməmişdi. Boynunun yumşaq toxumalarından girən güllə çənəsindən çıxmışdı. Yıxılsa da, qalxıb aradan çıxmaq istəyir, torpağı cırmaqlayaraq qaçıb-qurtulmağa çalışırdı. Ancaq Humayın mərhəməti onun əzablarına son qoydu. Kürəyindən dəyən güllə zirehli gödəkcəsini keçib ürəyini dayandırdı… “Bu gün üçün on altı leş yetər”, – deyə dodaqaltı deyinən Humay gizləndiyi yerdən qalxıb Cəbrayıla tələsdi.
O, şəhərin girişindəki dördyola çatıb dayandı. Yolun kənarındakı çinarın altında əyləşib çəkmələrini, corablarını soyundu. Ayaqları yara-bərə içində qalmışdı. Dabanlarında, ayaq barmaqlarında şişib suluqlanmış yerlərin suluğunu soyub dərman çəkdi. Əşya çantasından götürdüyü ehtiyat corablarını geyindi. Ağaca söykənib ayaqlarını uzatdı. Dincəlmək, gözünün acısını almaq istəyirdi. Savaşa qatıldığından bu yana Aşağı Əbdürrəhmanlıdan Horadizə gələrkən maşında yarım saatlıq yuxulamağını çıxsaq, çimir almamışdı.
Mühərrik səsinə oyandı. Yuxudan yarımçıq qalxmağın verdiyi sərsəmliklə ətrafına boylandı. Gecə çoxdan düşmüşdü. Başını qaldırıb səmaya baxdı. Bir tək ulduz belə gözə dəymirdi. Sanki kainatda gecənin bağrını yaran partlayışların alovlu sütunlarından, quyruqlu ulduzlar kimi arxasınca iz qoyaraq süzülüb gedən izli mərmilərdən başqa, işıq qaynağı yox idi. Tələsik çəkmələrini geyinərkən ayaqlarının yaraları inciyib ağrıdı. Üz-gözünü turşudub ufuldadı. Öz-özünə: “Bu partlayışların səsinə necə də yatmışam”, – deyə təəccübləndi. Birinci Qarabağ savaşında döyüşməyi yadına düşdü. Qubadlıdan İsa bulağına tərəf Laçın dəhlizini keçməyi, iki gün yuxusuz qalıb erməni generalını öldürdükdən sonra dizəcən çıxan qarın içi ilə Kəlbəcərə, Zülfüqarlı kəndinə gedib çıxmağını xatırladı. “Eh, getdi o günlər, cavanlıq enerjisiylə yuxusuzluq nədir, yorğunluq nədir bilməz, günlərcə qarın üstündə uzanıb ovumu pusardım, – deyə xəyalından keçirdi. –Amma indi, iki gün yuxusuz qalmaqla oturduğum yerdəcə yuxu aparır”, – deyib köks ötürdü. Yaxınlaşan avtomobil karvanını qarşılamaq üçün ayağa qalxıb yola yaxınlaşdı.
Xüsusi təyinatlılar digər hərbçilərdən sərt intizamları, üstün döyüş qabiliyyətləri, liderlik bacarıqları, qorxmazlıqları ilə fərqlənirdilər. Onlar güllə və qəlpə yaralanmalarında belə sümük qırığı olmadığı müddətcə hospitala təxliyə olunmağı rədd edir, sanitar yoldaşları yerində tibbi yardım göstərdikdən sonra savaşmağa davam edirdilər. Onlar ən çətin vəziyyətdə belə, yardımsevərlikləri ilə heyran olunmağa layiq qəhrəmanlar idilər.
Humay öndəki maşına işarə edib əylədi. Hər ehtimala qarşı “Sako”nu kürəyinə asmış, VSS-i əlində atəşə hazır vəziyyətdə tutmuşdu. Öndəki pikapın şüşəsini endirdilər. Humay gözucu başına tuşlanan tüfənglərə baxıb avtomobilə doğru bir addım atdı:
– Siz kimsiniz?
Avtomobildən komanda verildi:
– Üzünü işıqlandır.
Humay Xüsusi təyinatlılarımızı tanımışdı. Sakitcə telefonunun işığını üzünə saldı.
– Doktor, gecənin bu vaxtı hara gedirsən?
– Döyüşə.
– Harada döyüşəcəksən?
– Bilmirəm, icazə versəniz, sizinlə gedərəm.
Gözlər bölmə komandirini axtardı, onun razılıq işarəsindən sonra: – Yaxşı, gəl bizimlə, – deyə cavab verdilər.
Avtomobillərini yolun kənarında saxlayıb yerə tökülüşən Xüsusi təyinatlılar səfər düzülüşünə keçərək Süleymanlı-Qaraxanbəyli istiqamətində hərəkət etməyə başladılar. Onlar Qaraxanbəylinin üzərindən, digər qrupsa Süleymanlı-Horoğlu istiqamətindən dağlıq-meşəlik yollarla hərəkət edərək Hadruta getməli idilər. Hava tutqun idi. Bir-birinə qarışan zülmət qaranlıqla qatı çən görmə məsafəsini əməllicə düşürdüyündən hərəkət etmək çox çətin idi.
Yağmurun islatdığı bərəkətli Qarabağ torpağı əsgərlərimizin çəkmələrinə sarılıb buraxmaq istəmir, sanki illərdir ayrı düşdüyü doğma ayaqları bağrına basıb sonsuzadək saxlamaq istəyirdi. Humay ayaqları şişib yara olduğundan hər addımda ufuldayır, irəliləməkdə çətinlik çəkirdi. Yürüşə başlarkən sıranın baş tərəfinə yaxın olsa da, getdikcə onu keçib gedən Xüsusi təyinatlıların sırasının sonuna yaxınlaşırdı. Öz-özünə: “Komandan “Sən Xüsusi təyinatlılarla ayaqlaşa bilməzsən”, – deyəndə qəlbən küsüb incimişdim. Amma haqlı imiş”, – deyə düşünürdü.
Qüvvətli bir əl onu tutub saxladı. Qulağına əyilərək:
– Tez ol, bel çantanı çıxar, – deyib onu tələsdirdi.
– Lazım deyil, özüm daşıyaram, – deyə etiraz etmək istədi. Çantanın çiyin kəmərindən yapışan əl onu bir hərəkətlə kürəyindən çıxarıb aldı.
– Mənzil başına çatanda verərəm, sən çalış geri qalma!
Bu ötkəm amiranə səsin sahibi kim idi? Qaranlıqda gözlərini zilləyib baxdısa da, onun sifətini seçə bilmədi. Səssizcə ardınca düşüb irəliləməyə başladı. Çiyinlərindəki ağırlıq qalxdığından xeyli rahatlamışdı. Ayaqları da daşımalı olduqları yükün çəkisi azaldığından hər addımda üsyan edib ağrımırdılar…
Nə saatdan xəbəri var idi, nə olduqları məkandan. Bir-birinə qarışmış qaranlıqdan, dumandan, çəndən göz-gözü görmür, hansı tərəfə getdiklərini bilmirdi. Özünü taleyin və Xüsusi təyinatlıların ümidinə buraxaraq addımlayırdı.
Əsgərlərimizin bir qismi yamacı enir, ön tərəfdəkilər isə balaca dərəni keçib yoxuş yuxarı çıxırdılar. Qaraxanbəyliyə gedən asfalt yola cəmisi bir kilometr qalmışdı. Ani qalxan külək dumanın ətəklərini oynadıb qaldırdı. Qarşıdan üstlərinə dolu kimi güllə yağmağa başladı. Hər kəs cəld olduğu yerdəcə mövqeləndi.
Onların əlində bu ərazidə hansısa erməni postunun olması barədə məlumat olmadığından bura qədər səfər düzülüşündə gəlmişdilər. Amma yenə də bir-birilərindən on beş-iyirmi metr aralı hərəkət etmələri ilk atışdaca çoxlu sayda itki vermələrinin qarşısını aldı. Torpaq maneələrin arxasından pulemyotların lülələrindən çıxıb yayılan alovdan başqa bir şey görünmürdü. Öndə hərəkət edən dozor daxili radiostansiya ilə:
– Qarşımızda düşmənin uzunmüddətli atəş nöqtələri var, – deyə məlumat verdi.
Bölmənin rəhbəri polkovnik Seyidov göstəriş verdi:
– Uyğun yer seçib hərəkətsiz qalın, atəş dəstək düşməni susdurmaqla atış altındakı yoldaşlarımızı çıxarmağa kömək etsin!
Xüsusi təyinatlılar ermənilərin uzunmüddətli atəş nöqtələrində uzaqdan idarə olunan pulemyotların, gecəgörmə vasitələrinin, hətta hərəkət sensorlarının olduğunu bilirdilər. İndi ilk məqsədləri təsadüfən gəlib üstünə çıxdıqlarından müdafiə qabiliyyəti və əhatə dairəsi barədə heç bir şey bilmədikləri bu istehkamların önündən sağ-salamat ayrılmaq idi.
Polkovnik Seyidov atəş dəstək istədiyi an Humay təpəciklərdən birinin yamacında idi. O, qarşıdakı atəş açılan nöqtələri görə bilirdi. Bir az sağ cinahda qaldığından onun istiqamətində gələn güllələr nisbətən seyrək idi. Snayper tüfənginin optik nişangahının işıqlandırmasını açıb kontrası tənzimlədi. Atəş altındakı ön dozoru, onun başının bir neçə santım üzərindən keçən yandırıcı güllələri indi daha rahat görə bilirdi. Düşmənin atəş mazğalını nişan aldı. İlk atışı uğursuz oldu. Gülləsi mazğalın kənarına dəyib çovudu. Dərindən nəfəs alıb ürək döyüntülərini sabitlədi. Təkrar nişan alıb tətiyi çəkdi. Düşmənin pulemyotu susdu. Digər cinahdan da başqa snayperlərimiz tək atışlarla düşmənin atəş nöqtələrini susdurmağa çalışırdılar. Xüsusi təyinatlılarımız boşa güllə atmağa alışmadıqlarından heç indi də düşmənin yaxına getməyənədək görünməyən, önündə xüsusi üsulla kölgə baryer yaradılmış istehkamlarına atəş açmırdılar.
Onlar hava işıqlananadək sürən gərgin döyüşdə snayperlərin sərrast atəşləri ilə düşmənin uzunmüddətli atəş nöqtəsindəki müxtəlif atəş mazğallarını doqquz dəfə susdurdular. Lakin hər susan mazğalın sıradan çıxan pulemyotçusu başqası ilə əvəzlənir, bir-iki dəqiqə sonra yenidən pulemyotlar alov püskürür, yandırıcı güllələri qaranlığı yararaq xüsusi təyinatlıların başları üzərindən uçub gedirdi.
Polkovnik Seyidovun göstərişi ilə rabitəçi artilleriyanın komanda məntəqəsi ilə əlaqəyə çıxıb koordinat verərək atəş dəstəyi istədi:
– Düşmənin uzunmüddətli atəş nöqtəsi təcili olaraq vurulsun.
– Verdiyiniz koordinatda bizim qüvvələr yerləşir.
– Nə bizim qüvvə? Atəş altındayıq! Çıxa bilmirik! Verilən koordinat təcili vurulsun!
Qarşı tərəf vurmamaqda israr edirdi:
– Xəritəyə görə verdiyiniz koordinatda bizim qoşunlarımız yerləşib. Vura bilmərik.
Rabitəçi özündən çıxıb bağırırdı:
– Axmaq! Güllələrin səsini də eşitmirsən sən?
Cavabsa eyni idi:
– Vura bilmərik!
Polkovnik Seyidovun dişi bağırsağını kəsirdi. O, qrup komandirlərinə komanda verdi:
– Atəş üstünlüyü saxlanmaqla ilk növbədə ön dozor geri çəkilir. Dron heyəti dron qaldırsın və düşmənin uzunmüddətli atəş nöqtəsinə zərbə endirilsin.
İkinci qrupdakı istehkamçıların daşıdıqları kamikadze dron havaya qaldırıldı. Az sonra düşmənin atəş mövqeyinə çırpılan dron dəhşətli gurultu ilə partladı. Yaxınlıqdakı təpəciklərdə qurulan “spayk”lardan da atəş mazğalları vurulurdu. “Spayk” mərmiləri atəşləndikdən sonra havaya qalxır, başını aşağı əyərək hədəfini axtarırdı. Operatorun işarələdiyi mazğala doğru sürətlə şığıyıb müşahidə dəliyinə çırpılaraq partlayırdı…
Ön dozorla birlikdə atəş altında qalan əsgərlərin hamısı sağ-salamat geri çəkildi. İki şəhidin cənazəsi ilə üç yaralı götürüldükdən sonra polkovnik Seyidov komanda verdi:
– Geriyə çəkilirik. Ara məsafəsini gözləməklə istehkamların solundan keçib yolu bağlayacağıq.
Xüsusi təyinatlılar təhlükəsiz mövqeyə çəkildiklərində polkovnik Seyidov komandanlıqdan gələn əmri şəxsi heyətə çatdırdı:
– İki qrup, o cümlədən dron, tank əleyhinə vasitə heyətləri və iki cüt snayper cütlüyü burada qalaraq təpələrdə mövqelənib yolu kəsir. Düşmənin hər an gələ biləcək əks- həmləsinə hazır olmaq üçün iki yüz metr genişliyində, dörd yüz metr dərinliyində müdafiə istehkamları yaradırsınız. Qalan şəxsi heyət əsas qüvvələrlə birləşmək üçün Süleymanlı-Horovlu istiqamətində hərəkət edəcək. Komandirin gözü Humaya sataşdı:
– Siz, snayper xanım, bundan sonra, Cavidlə cütlük halında hərəkət edəcəksiniz. Cavid müşahidəçi və cütlüyün komandiri, sən isə nişançı snayper olaraq fəaliyyət göstərərsiniz.
Humay: – Oldu, cənab polkovnik, – deyərək Cavidin kim olduğunu öyrənmək üçün ətrafına boylandı. Onu gördüyündə tanıyıb sevindi. Bu, yolda onun bel çantasını alıb indiyədək daşıyan oğlan idi…
Hadrut yolu
I
Xüsusi təyinatlı qruplar Horoğlu istiqamətində birləşib Hadrutu azad etmək üçün hərəkətə başladılar. İlk təmizlik əməliyyatı Qarakollu kəndində başladı. Burada qarşılaşdıqları düşmən bölmələrini darmadağın edən əsgərlərimiz daha da şimala hərəkət etdilər. Xüsusi təyinatlıların bir qismi Qarakolluda təmizlik işləri apararkən, digər bölmələr yolun qarşı tərəfindəki “Dəli kəhriz”in arxasından dolanıb seyrək meşə massivi ilə 1.2 kilometr aralıdakı Gorazilli istiqamətində hərəkət etdilər. Dağ silsiləsinin ətəyində, seyrək meşəlikdə yerləşən Gorazillinin aşağı tərəfindən axan Qozluçay dərəsi bu yaşayış məntəqəsini təbii istehkama çevirərək müdafiəsini asanlaşdırırdı. Ancaq əsgərlərimizin şücaəti, mətinliyi bütün istehkamlardan daha qüdrətli idi. Ağır döyüşlərdən sonra Gorazillidə qurulmuş düşmən istehkamları darmadağın edildi. Çoxsaylı itkilər verən ermənilər öz qüvvələrini tələm-tələsik Qoçbəyli istiqamətində geri çəkdilər. Artıq əsgərlərimiz Hadrutun beş yüz metrliyində idilər. Ancaq düşmən ordu birləşmələri coğrafi mövqeyinə, strateji əhəmiyyətinə görə təbii qala olaraq anılan Hadrutu asanlıqla təslim etmək niyyətində deyildi. Onlar ən seçkin döyüş bölmələrini burada toplamış, qəsəbənin müdafiəsi üçün bütün mümkün tədbirləri görmüşdülər. Xüsusi təyinatlı qüvvələr komandanlığı savaşın başlandığından bu yana olduğu kimi, yenə də strateji ağıl və fəndgirlik işlədərək düşməni yanıltmaq qərarına gəldi. Əsgərlərimizin bir qismi Qoçbəyli istiqamətində düşmənə saxta hücumlar təşkil edib, onların əsas qüvvələrinin başını qatacaqdı. Bu vaxt əsas bölmələrimiz düşmən arxasına sızaraq meşə-kolluqlarla örtülmüş sərt yamac və kəskin ərazi qırışlarından istifadə etməklə doqquz kilometr yarım hərəkət edib Hadrutun arxasını söykədiyi dağ silsiləsindəki hakim yüksəkliklərdə və Xankəndi yolu tərəfdə mövqelənəcəkdi. Əmr verildiyində isə bölmələrimiz ani və əlaqələndirilmiş hücumla üç tərəfdən qəsəbəyə girib mərkəzdə təyin olunmuş birləşmə nöqtəsinə irəliləyəcəkdi. Plan uğurlu alınarsa, ermənilərin “alınmaz qala” hesab etdikləri Hadrutun azad edilməsi əməliyyatı ən çoxu bir neçə günə başa çatacaqdı.
Gecə Xüsusi təyinatlılar Hadrutun arxasından keçməklə Vəng-Xankəndi yolu istiqamətində hərəkətə başladılar. Onlar dağlıq-meşəlik ərazi ilə səssizcə hərəkət edir, sərt yamaclı dərələrdən, yarğanlardan, tillərdən duman kimi süzülüb gedirdilər. Təpələrdən birinin yaxınlığından keçərkən ön dozor işarə verdi. Yollarının sağ tərəfində düşmənin müşahidə postu var idi. Oradakı əsgər siqaretinin közü ilə görüntü vermişdi. “Dur” əmri verildi. Əsgərlərimiz olduqları yerdə çökərək dizlərinin birini torpağa qoyub, hər an atəş açmaq üçün hazır vəziyyətdə dayandılar. əllər tətikdə, gözlər nişangahda, hədəf arpacıqda idi….
Komandirlər arasında keçirilən qısa müşavirədən sonra düşmən əsgəri onları görmədiyi müddətcə atəş açmamaq qərara alındı. Hər halda o, tək deyildi. Postun ərazisində neçə nəfər olduğunu bilmədiklərindən burada əməliyyat keçirib gecikmək istəmirdilər. Həm bir əsgəri vuracaqları təqdirdə digərləri radiostansiya ilə qərargaha məlumat verəcəkdi. Bu da əməliyyatın gizliliyinin pozulması demək idi.
Postun yanından gizlincə keçib getdiklərində hər kəs rahat nəfəs aldı. Sur kəndinin yaxınlığında Hadruta iki tərəfdən hücum etmək üçün bölündülər.
Dəstələrdən biri dağın üstündə, meşəlik ərazidə örtü-gizlənməni təmin edərək mövqelənib hücum əmri gözləyərkən, digəri Xankəndi yolu istiqamətində hərəkət etdi. Digər bölmələrimiz Hadruta hücum edərkən qəsəbədən çıxıb qaçan düşmən əsgərlərini pusquya salmaq üçün ayrılmış on səkkiz nəfərlik qrup da mayor Əhməd Nurubəylinin rəhbərliyi altında Hadrut-Tuğ yolunu bağlamaq üçün ikinci dəstə ilə birlikdə hərəkət etdi. Onlar Vəng kəndinədək birlikdə gələcək, burada əsas dəstədən ayrılaraq oriyentir olaraq verilmiş qoz ağacının yanında toplanma nöqtəsi seçib əməliyyatlara başlayacaqlardı.
İkinci dəstə səfər düzülüşündə yola düşdü. Ön dozor qrupu seyrək meşə zolağı ilə səs çıxarmadan, ehtiyatla hərəkət edirdi. Yarımqrupun öndə hərəkət edən kəşfiyyatçısı solğun ay işığında uzaqda görünən qülləni sezdiyində dalağı sancdı. Arxasınca gələn yoldaşlarına “dur” işarəsi verərək dizüstə çökdü. Gecəgörmə durbini ilə təpənin üstündəki metal qülləni müşahidə etməyə başladı.
Erməni snayper uzaqdan gələn Xüsusi təyinatlılarımızı termal kameradan aşkar etsə də, hava şərtləri uyğun olmadığından atəş açmır, yaxınlaşmalarını gözləyirdi. Onların dayandıqlarını gördüyündə duyuq düşdüklərini anladı. Gülümsəyib dodaqaltı:”Ay tapdınız ha”, – deyərək, şeh damcılarının islatdığı qalın brezent örtüyü başına çəkib altında gizləndi. Yarımqrupun kəşfiyyatçısı nə termal, nə də gecəgörüş durbini ilə bir şey aşkarlaya bilmədiyindən “irəli” işarəsi verərək, ayağa qalxıb hərəkət etdi. Kəşfiyyatçı ehtiyat tədbiri olaraq qüllənin yaxınlığından keçən yollarını sola dəyişib nisbətən uzaqdan keçməyi qərara aldı. Beləliklə, yamacın daha aşağısından keçməklə qüllə istiqamətinə mümkün qədər az görüntü verəcəkdilər.
Erməni snayper onların hərəkət istiqamətlərindəki dəyişikliyin səbəbini başa düşdüyündə manevrlərinin qarşısını almaq qərarına gəldi. Yanındakı müşahidəçi cəld ön dozorun hərəkət istiqaməti və uzaqlığına görə məsafəni çıxarıb bucağı ölçdü. Snayper ondan aldığı məlumatlarla nişangahın yan və üst barabanlarını tənzimləyib artiklini ağacların arasından işarələdiyi oriyentirə qoydu. Artıq əsgərlərimizdən üçü görüntü ala biləcəyi son nöqtədən keçib dikin arxasında yoxa çıxmışdılar. Dördüncü sıradakı əsgər anidən: – Vuruldum! – deyə bağıraraq yıxıldı. Yarımqrup komandiri: – Hər kəs mövqelənsin! Güllənin gəliş istiqamətinə tüstü bombası atılsın! – deyə əmr edərək bölmənin əsas hissəsinə: – Ərazidə düşmən snayperi var! Gizir Qasımov vuruldu, – deyə məlumat verdi.
Bölmə komandiri:
– Oldu, snayper təhlükəsi! Hər kəs mövqelənsin! – deyə komanda verib,
– Düşmən snayperinin yerini aşkar edə bildinizmi? – deyə qrup komandirindən soruşdu.
– Bəli, cənab polkovnik, gizir Qasımovun yaralanma vəziyyəti, güllələrin havada süzülərkən çıxardığı səs dalğalarının yayılması və torpağa saplanma istiqamətindən düşmən snayperin sağ ön tərəfdəki metal qüllədə gizləndiyini təxmin edirəm.
Bölmə komandiri qrupdaxili radiostansiyanın tezliyini dəyişərək cinah mühafizə qrupunda hərəkət edən Cavidə düşmən snayperinin dərhal aşkarlanıb məhv edilməsi barədə əmr verdi.
Cavid Humayla birlikdə sıx ağacların olduğu yerlərdən hərəkət etməklə vurulan yoldaşlarının olduğu yerə yaxınlaşdı. Ön kəşfiyyat yarımqrupunun komandiri ilə əlaqəyə çıxaraq güllənin hansı istiqamətdən atıldığını dəqiqləşdirdi:
– Snayper sağ tərəfimizdədir. Metal qüllədə ola biləcəyini düşünürəm.
II
Erməni snayperi əsgərimizin olduğu yeri atəş altında saxladığından nə sanitar yaxınlaşıb tibbi yardım göstərə bilir, nə də onu kolların arasına çəkə bilirdilər ki, təxliyə etsinlər. Sanitar baş gizir Məmmədov ona səsləndi:
– Qasımov, harandan yaralanmısan?
– Əclafın gülləsi ombamdan dəyib.
– Hərəkət edə bilirsənmi?
– Elə bil sağ tərəfimdən tok ötürüblər Ədiş, bütün sümüklərim gizildəyir,– deyib ah çəkdi, səsi titrədi.
– Qasımov, piramidolu vur, çəkil ağacın dibinə. Yaralanan nahiyəni ağaca sıx və hərəkətsiz qal ki, qanaxman azalsın. Səbrli ol, indi snayperi məhv etsinlər, qardaşın sənə yardım göstərib təxliyə edəcək.
– Narahat olma, Ədiş, piramidol vurmuşam. Ağacın dibinə sürünüb ombamı söykəyərəm.
– Afərin aslanıma!
– Qan dəhşət axır, Ədiş….
– Ürəkli ol, aslan parçası! Danışıb özünü yorma, çalış hərəkətsiz qal! İndi sən ürək döyüntülərini bacardıqca aşağı salmalısan ki, qan təzyiqin aşağı düşsün. Ona görə sənə həyəcanlanmaq, hərəkət etmək olmaz. Bil ki, qardaşların səni heç vaxt burada qoyub getməyəcək.
– Bilirəm, Ədiş, həyəcanlı da deyiləm…. Alçağın gülləsi şah damarını kəsib, nədi? – deyib köks ötürdü.
Ədalətin gözləri doldu. O, Xüsusi təyinatlılarda xidmət etdiyi iyirmi ildə nə qədər tapşırıqlarda, neçə-neçə döyüşlərdə iştirak etmişdi. Güllə altından çıxardığı yaralıların, əzrayılın pəncəsindən çəkib aldığı yoldaşlarının sayı-hesabı yox idi. Hər yaralının danışığından, səs tonundakı dəyişikliklərdən vəziyyətini anlayır, qurtuluşunun olub-olmadığını başa düşürdü. İndi Qasımovun vəziyyətinin də ağır olduğunu anlayırdı. Ancaq nə etmək olardı? Yanına yaxınlaşmaq, yardım göstərmək mümkün deyildi. Dişlərini qıcayıb snayperlərimizin qarasına: ‘Harada qaldınız, tez olun, gəbərdin bu köpəyoğlunu!” – deyə donquldandı.
III
Cavidlə göz-gözə gəldilər, Humay onun arxasınca düşüb görmə məsafəsində qülləyə doğru addımladı. Hədəfə yaxınlaşdıqlarında Cavid dayanıb ona da “dur” işarəsi verdi. İkisi də qüllənin yan tərəfində, düşmən snayperinin müşahidə sektorundan kənar yer seçib uzandı. Qüllədən gələn boğuq taqqıltılar gecənin səssizliyində yayılır, ta onlara qədər gəlib çatırdı. Humay arabir görünüb itən zəif alov parıltılarını Cavidə göstərərək:
– Bax, oradadırlar, supressorla atırlar, – dedi. Cavid qülləni müşahidə edərək:
– Humay, qüllədə bir snayper və onun bir nəfər müşahidəçisi var. Dronlara görüntü verməmək üçün çadırın altında gizləniblər. Snayperin sadəcə üzü görünür, müşahidəçi isə gecəgörüş durbininə düşsə də, snayperin solunda qaldığından tam görünmür. İndi sizə məlumatları verəcəyəm.
– Buyur, Cavid, onların düzəlişlərini vermək səndən, papaqlarını boş qoymaq məndən.
Cavid qülləyə qədər olan məsafəni ölçüb “kestrel”ə əlavə etdi, temperaturu, küləyin sürətini və bucaq fərqini ölçüb:
– Məsafə 378 metr, yüksəliş düzəlişi 1.5 milyəm, külək saat 2 istiqamətindən, küləyə görə düzəliş 0.8 milyəm, – dedi.
Humay optik nişangahın yan və üst barabanlarını tənzimləyib yarpaqların arasından erməni snayperin sifətini nişan aldı. O, yandan gördüyü sifətə nifrətlə baxır, atəş açmağa tələsməyərək sanki onu öncə baxışlarıyla əzir, xəyalında öldürürdü. Güllə erməninin gicgahından dəyib “miatsum” ideyaları ilə zəhərlənmiş beynini dağıtdı. Ani təkanla yana sovrularkən silahı əlindən düşdü, qüllənin dəmirlərinə çırpıla-çırpıla aşağı yuvarlandı. Cavid yerində qurcuxub Humaya baxdı, “Niyə atmırsan?” – deyə soruşdu.
Humay ona cavab vermədi, tətiyi ehmalca özünə tərəf çəkdi. Sanki barmağını yavaş-yavaş bal dolu kasaya batırırdı. Boğuq taqqıltı eşidildi. Cavid erməni snayperin gicgahını dəlib keçən gülləsini görəndə: “Çox şükür!” – deyib rahat nəfəs aldı. Elə bu vaxt düşmən snayperin müşahidəçisi yoldaşının vurulduğunu görüb səksəndi, ölümün soyuq nəfəsini üzərində hiss etdi. İnstinktlə: “Yaşma!” – deyə bağırıb pilləkənlərə tərəf qaçmaq istədi. Ayağa qalxdığı an Humayın gülləsi onu haqladı. Qüllənin məhəccərinə çırpıldığında son bir ümidlə sürahidən tutub dayanmaq istədi. Humay silahını yenidən doldurdu. Sürahiyə söykənib heyvani səslə bağıran düşmənin sinəsindən nişan aldı. 8.59 millimetrlik güllənin kinetik enerjisindən aldığı təkanla arxası üstə aşıb boşluğa yuvarlanan əsgər bağıra-bağıra yerə çırpıldı.
Cavid müşahidəçinin başıüstə yerə çırpıldığını gördüyündən onun öldüyünü yəqin etdi. Humaya dönərək:
– Afərin sizə, Humay xanım, nişançılığınıza söz ola bilməz, – dedi.
Humay gülümsünərək:
– Siz bu işin ustasısınız, mənsə adi bir həvəskar, – deyə təvazökarlıqla cavab verdi.
Cavid daxili radiostansiyanın mikrafonuna: – Post təmizləndi, yol açıqdır, – deyə pıçıldayaraq ayağa qalxdı. Qülləni müşahidə etməkdə olan Humaya:
– Qalxın, Humay xanım, əsgərlərin yanına dönürük, – dedi.
Humay ayağa qalxarkən Cavidin əlindəki köhnə model telefonlar kimi ensiz uzunsov cihaza baxıb:
– Kestrel dedikləri budurmu? – deyə soruşdu.
– Bəli.
– Nə işə yarayır ki?
– Bax, bura ekrandır, bu düymələrlə, – deyərək, – məsafəni girib yuxarıdakı bu qapağı açırsan. Gördüyün pərlərin üzünü küləyə tutduqda küləyin sürətini və istiqamətini hesablayır, arxasındakı bu sensorlarsa, – deyərək cihazın arxasını çevirib göstərdi, – havanın temperaturunu və sıxlığını ölçür. Sonra hamısını toplayıb üstünə kariolis və deravasiya fərqlərini də gələrək sənə yan və üst barabanlara görə neçə milyəm tənzimləməli olduğunu deyir.
– Yəni keçən müharibədə bizim özümüzün hesabladığımızı bu müharibədə cihaz hesablayır, eləmi? – deyərək qaşlarını çatdı.
– Bir az hə.
IV
Ədalət snayperin vurulduğu xəbərini alan kimi gizir Qasımova yaxınlaşdı. Onun zirehli gödəkcəsinin yan qaytanlarını boşaldaraq belindəki kəmərini açdı. Güllə dəyən yeri tapıb bayaqdan hazır tutduğu ilk yardım çantasını açaraq sarğı ləvazimatlarını götürdü. Yaranın üstünə hazır tampon qoyaraq möhkəm sarıdı. Yarımqrup komandirinə yaralı haqqında məruzə edərək:
– Güllə omba sümüyünü sındırıb. Yaralıya piramidol vurulub, sarğı qoymuşam. Kəmərlərdən xərək düzəltdim. Əməliyyat toplanma nöqtəsinə aparacağıq. Oradan ilk fürsətdə tibb məntəqəsinə təxliyə edərik, – deyə məlumat verdi. Komandir əsas bölmə ilə əlaqəyə çıxıb yaralının koordinatını verdi, əməliyyat toplanma nöqtəsinədək daşınmasını xahiş edib yarımqrupuna hərəkət əmri verdi.
Gəlib Vəng kəndinin qərbində, dağın döşündə yerləşən məzarlığa çatdılar. Buranı keçib kəndin girişindəki yol ayrıcında ayrılacaqdılar. Əsas bölmə Xankəndi yolu istiqamətindən Hadruta hərəkət edərkən, pusqu qrupu da Vəngi keçib Tuğ yolunu bağlamaq üçün qoz ağacı istiqamətində hərəkət etməli idi. Ön dozor qəbiristanlığa girdi. Bölmənin digər şəxsi heyəti də onun ardınca hərəkət edərək məzarların arası ilə irəliləyirdi. Onlar məzarlığa girərkən zülmət daha da qatılaşdı. Ay da çəkilib buludların arxasında gizlənmişdi. Ətrafda ölüm səssizliyi hökm sürürdü. Xüsusi təyinatlılar qəbiristanlıqdan səs salmadan, kölgə kimi sürünüb keçir, gözlərini dörd açaraq ətraflarını nəzarətdə saxlamağa çalışırdılar. onlar yenicə qazılaraq hazır saxlanan boş qəbirlərin və üstü yenicə torpaqlanmış təzə məzarların yanından keçib qəbiristanlığın köhnə hissəsinə çatdılar. Xaç formasındakı baş daşlarının hər biri məzarından xortlamış bir adam kimi dayanıb yanlarından keçən qara kölgələrə baxırdı…
Ölüm səssizliyini çaxmaq taqqıltısı pozdu, Xüsusi təyinatlılardan biri yıxılarkən: – Mən vuruldum! – deyə bağırdı. Bir ədəd qumbaranın qoruyucusu çıqqıldadı, metalın yerə düşərkən çıxardığı tox səs partlayışın gurultusunun içində əridi…
İlk atəşdəcə özlərini yerə atıb qəbirlərin arasında mövqelənən Xüsusi təyinatlılar görünməzlik iksiri içib yoxa çıxmışdılar. Nə səsləri gəlirdi, nə özləri görünürdülər. Heç ilk atəşdə vurulan da yerində yox idi. Bəs o hara getmişdi? Erməni əsgərləri səksənib gözlərini ovuşdurdular, birinin səsi qəbir daşlarından əks-səda verib yayıldı:
– Bunlar hara getdilər? Yoxsa bizi qaramı basır? – Sanki ona cavab olaraq, yamacın yuxarı tərəfində çaxmaq taqqıldadı. Gicgahından zərbə alan düşmən əsgərinin başı önündəki məzarın sinə daşına çırpıldı. Cinah mühafizə qrupundakı Humay qıcadığı dişlərinin arasından:
– Get, cəhənnəmin qapısında yoldaşlarını gözlə, indi hamısı gələcək, – deyə pıçıldayıb qəbirlərin arasında uzanmış digər ermənini nişan aldı.
Cinah mühafizə qrupları qəbiristanlığın kənarları ilə səssizcə süzülüb düşmənin arxasına keçmişdilər. Onlar hər erməni əsgərinin yerini müəyyənləşdirib tək güllə atır, imkan tapan kimi yerlərini dəyişib qəbirlərin arasında yenidən yoxa çıxırdılar. Qorxuya düşən ermənilər komandirlərini saya salmadan hara gəldi, atəş açır, qumbaralarını çıxarıb qoruyucusunu çəkərək gücləri gəldikcə uzağa tolazlayır, az qala hər qəbir daşını güllələməyə çalışırdılar. Gecənin qaranlığında görə bilmədikləri düşmənlə mübarizə aparmağa çalışan ermənilərin arasında qorxu və panikanın yaratdığı hərc-mərclik hökm sürürdü. Bu dəqiqələrdə onların zehninə tək bir şey hakim idi – həyatda qalma instinkti. Onlar qorxudan böyüyüb hədəqədən çıxmış gözlərlə başdaşılardan vahimələnir, hər xaçı bir qara xəbər elçisi sanıb dəhşətə qapılırdılar. İndiyədək arxa cəbhədə dolanıb fərariləri həbs etməklə məşğul olan bu əsgərlər gerçək savaşı oyun zənn edir, xəyallarında döyüşlərə qatılıb qəhrəmanlıq dastanları yazırdılar. Ancaq Xüsusi təyinatlılara pusqu qurarkən özlərinin mühasirəyə düşəcəklərini ağıllarına gətirməmişdilər. İndi çarəsizlik içində bağıraraq müharibəni də, onları ev-eşiklərindən yığıb bu cəhənnəmin ortasına gətirənləri də, hökuməti də, kilsəni də lənətləyir, ağıllarına gələn hər kəsə və hər şeyə söyüb-sayırdılar.
Yarım saat sonra güllə səsləri kəsildi, qəbiristanlığa yenidən ölüm səssizliyi çökdü. Daha bir neçə dəqiqə gözləyən əsgərlərimiz məzarların böyür-başından ayağa qalxmağa başladılar. Qrupun sanitarı ilk atəşdə vurulan yoldaşına yaxınlaşıb:
– Hamid, yaxşısanmı? – deyə soruşdu.
– Narahat olma, hər şey öz qaydasındadır.
– Güllə harandan dəyib?
– Heç yerimdən, maqazindən keçib, zirehli gödəkcəmdə ilişib. Bir az qabırğam ağrıyır, o da keçər.
Pusquya düşən əsgərlərimiz bir neçə yüngül yaralı ilə qurtulmuşdular. Güllə birinin çiynindən, digərinin isə topuğundan dəymişdi. Bir neçə nəfər də yüngül qəlpə yarası almışdı.
V
Dan yeri sökülərkən Hadruta hücum başlandı. Dağın zirvəsində mövqelənən Xüsusi təyinatlılar axın-axın gələrək şəhərə dolur, Xankəndi tərəfdən gələnlərlə birləşib şəhərin mərkəzini ələ keçirməyə çalışırdılar. Əhməd Nurubəyli də qrupunu iki yerə bölmüşdü. Altı nəfəri Edilli-Füzuli yolunu bağlamağa göndərmişdi ki, ermənilər yardım ala bilməsinlər. Özü də tabeliyində qalan əsgərlərlə birlikdə gündüz vaxtı meşəlikdə gizlədilmiş uzaqvuran artilleriya batareyasına basqın təşkil etdi. Axşam düşdükdən sonra isə Tuğ yolunun üstündə pusqu qurub Hadrutdan geri çəkiləcək hərbçiləri gözləmək üçün Kermrakuç aşırımlarına yönəldi.
Düşmən Hadrutda heç gözləmədiyi tərəfdən hücuma məruz qaldıqda burada toplanmış minlərlə əsgər qorxu və panikaya düşdü. Onsuz da zəif olan nizam-intizam tamamən yoxa çıxmışdı. Mühasirədəki düşmənin döyüş ruhu sınmış, mübarizə əzmi qırılmışdı. Artıq hər kəs öz canının hayında idi. Beləcə, işğalçıların Qoçbəyli istiqamətindəki müdafiə mövqeləri də xeyli zəiflədi. Döyüş əməliyyatlarını ustalıqla planlayıb gedişini öncədən təxmin edən Xüsusi təyinatlı qüvvələr komandanlığı Qoçbəyli tərəfdəki əsgərlərimizə qəti hücum əmri verdi. Onlar düşmən istehkamlarını dağıdıb keçərək sürətlə şəhərə girdilər. Üç tərəfdən sıxılan düşmən nə Hadrutu, nə də on illərdir ki, işğal altında saxladıqları başqa torpaqları düşünmürdü. İndi heç “miatsum” da onların veclərinə deyildi. Hamısının tək dərdi var idi, – həyatda qala bilmək. Hadrutdakı erməni hərbi qruplaşmasının komandiri mərkəzi komandanlıqla əlaqəyə çıxaraq israrla Füzuli istiqamətindən yardım istəyirdi. Ona səhərə qədər dözməsi tapşırılaraq Füzulidəki seçmə bölmələrin köməklərinə göndəriləcəyi barədə söz verildi. Düşmən Xankəndi və Edilli yollarının bağlı olduğunu bilmədiyindən son bir ümidlə yardım gələnədək dözüb həyatda qalmaq istəyirdi.
Onların həyəcanla yardım gözlədikləri vaxt Hamidin başçılıq etdiyi yarımqrup Azıx-Edilli yolunun üstündə, yoxuşun bitdiyi yerdə pusqu qurub Füzuli tərəfdən gələn avtomobil karvanını gözləyirdi. Bir “UAZ” və üç “KamAz”dan ibarət avtokarvan pusqunun ölüm nöqtəsinə girdiyində Hamid öndəki “UAZ”a atəş açdı. Onun işarəsi ilə Ceyhun əlindəki “RPG-26” ilə sonuncu “KamAz”ı vurdu. Mərmi yük yerindən dəydiyi anda yolun kənarına sovrulan “KamAz” alışıb yanmağa başladı. Birinci və sonuncu maşınlar dayandığından ortadakı iki “KamAz”ın da qaçmağa yolu qalmamışdı. Yolun solu sıldırım dərə, sağı isə Hamidgilin mövqeləndiyi yamac idi. “KamAz”lardan yerə tullanan erməni əsgərləri ya özlərini sıldırımdan ataraq qaçıb qurtulmağa çalışır, ya avtomobillərin arxasında gizlənərək döyüşməyə davam etmək istəyir, ya da qorxu və vahimədən özlərini itirib əsgərlərimizin qucağına qaçırdılar. Hər üç halda da onların ölümdən başqa çarələri yox idi. Hamid özünün düzəldib, hazırladığı altmış patron tutan birləşmiş maqazinləri avtomatına taxaraq pulemyota çevirmiş, düşmənləri biçib-tökürdü. Pusqu başladıqdan bir dəqiqə sonra “KamAz”ların üçü də od tutub yanırdı. Az sonra alovun yük yerlərindəki sursat yeşiklərinə keçməsi ilə “KamAz”lar bayram fişəngləri kimi partlamağa başladılar.
Axşama doğru Xüsusi təyinatlılar şəhərin strtateji nöqtələrini ələ keçirməyə başladılar.
Ertəsi gün artıq Hadrut tamamən azad olunmuşdu. Şəhərin əsas inzibati binasının üzərində Azərbaycan bayrağı dalğalanırdı…
Artilleriya vasitələrini, zirehli texnikalarını, hətta avtomobillərini atan erməni əsgərləri qaranlıq çökdükdə şəhərdən çıxıb dəstə-dəstə Tuğ istiqamətində qaçmağa çalışırdılar. Yüzlərcə əsgər körpünü keçib Tuğa tərəf döndü. Hələ də ermənilərin əlində olan bu kəndə yetişmək, canlarını xilas etmək istəyirdilər. Qaranəfəs irəlilədiklərindən yorulanlar geri qalır, nisbətən dinc və sağlam olanlar önə keçib ümumi qrupdan ayrılırdılar. Yolun yoxuş hissəsinə çatanda sağ-salamat canlarını qurtaracaqlarına olan inamları xeyli artmışdı. Ərazini tanıyanlar: “Aşırımların sonundakı kiçik Kermrakuç kəndini keçdikmi, Tuğdayıq”, – deyə digərlərinə təsəlli verir, durub- dayanmadan hərəkət etməyə təşviq edirdilər.
Əhməd Nurubəylinin qrupu Kermrakuça iki yüz metr qalmış aşırımların sağ tərəfindəki təpəciklərdə mövqelənib düşmənləri gözləyirdilər. Qrup üzvlərindən biri müşahidəçi olaraq aşırımın başlanğıcına, digər biri isə mühafizə üçün sonuna yerləşdirilmişdi. Üçüncü əsgəri də beş yüz metr aralıdakı toplanma nöqtəsində qoyduqlarından pusqu bölgəsində vur-tut doqquz əsgəri qalmışdı. Erməni əsgərləri texnikanın mühafizəsi olmadan və dağınıq halda gəlsələr də, sayları doqquz nəfər üçün olduqca çox idi. O, düşüncəli halda əsgərlərinin mövqeləndikləri təpəciklərə göz gəzdirib qrupdaxili radiostansiyanın mikrafonuna: “Mənim işarəmlə başlayırıq, mənim işarəmlə də çəkiləcəyik. Bu əclaflardan qıra bildiyiniz qədər qırın”, – deyə pıçıldadı.
O, termal kameralı gecəgörüş durbinini son dəfə qaldırıb gözlərinə söykədi, yol boyuna baxdı. Ermənilərin ön dəstələri pusqu nöqtəsinə yaxınlaşsa da, onların sonu görünmürdü. Nurubəyli: “Bunlar Hadruta nə qədər əsgər yığıbmışlar ki, minlərcəsi qaçıb canını qurtarıb?” – deyə dodaqaltı deyindi.
Gecəgörüş durbinini yanına qoydu. Önündən keçib getməkdə olan düşmən əsgərlərini avtomatının nişangahından müşahidə etməyə başladı. Onların ön dəstələri aşırımın sonuna yaxın mövqelənmiş sonuncu əsgərimizə yaxınlaşdıqda mühərrik səsi eşidib tətikdəki əlini saxladı. Hadrut tərəfdən gələn “UAZ” sürətlə hər kəsin yanından keçib aşırımlara yönəldi. Pusqunun ölüm nöqtəsinə çatanda mayor Nuruyev qumbaraatanla silahlanmış əsgərə atəş əmri verdi. Mərmi “UAZ”ın ön qapısından dəyib partladı. Pusquya yatan əsgərlərimiz öncə əl bombaları və avtomatik qumbaraatanlarla düşmənə hücum etdilər. Göyə qaldırılan kiçik kamikadze dronlar düşmən əsgərlərinin sıx olduqları yerlərə çırpılıb partlayır, səkkiz-on nəfərini birdən öldürürdü. Kermrakuç aşırımlarında pusquya yatan əsgərlər, on illərdir, min bir işgəncələrlə, vəhşiliklərlə öldürülən, şikəst edilən günahsız insanların qisasını alır, onların qatillərini cəzalandıraraq: “Qisas qiyamətə qalmaz!”– deyə bağırırdılar. O gün nə qədər cani, neçə nəfər terrorçu, neçə yüz işğalçı əsgəri öldürülmüşdü, kimsə bilmirdi. Heç bilməyəcəkdi də. Yerlərə sərilib qalan, qanları selə dönüb aşırımlar boyu asfaltı murdarlayan leşləri saymağa nə vaxtları vardı, nə də həvəsləri.
Sevincdənmi, qürurdanmı, özlərini unudub qalxmış, ermənilərdən gələn dağınıq atışları veclərinə almadan bir dizlərinin üstündə oturub əllərindəki avtomatlarla, pulemyotlarla gözlərinin önünü tutan yaş pərdəsinin ardından düşmənə atəş açır, daha çox, lap çox düşmən öldürə bilmək üçün alışıb-yanırdılar. O an Nurubəyli əmr etsə, hər biri kəmərindən asılı duran komando bıçağını çəkib çıxardar, onunla saysız-hesabsız düşməni qanına qəltan etmək üçün irəli atılardılar. Sursatları bitmək üzrəydi. Qulaqlarında komandirin əmri guruldadı:
– Diqqət, qrup! Geri çəkilirik!
Öncə hücum qrupu, həmən ardınca da müşahidəçi və mühafizəçi əsgərlər yerlərini tərk edib sürətlə toplanma nöqtəsinə hərəkət etdilər.
Xüsusi əsgərlər əmrə tabe olub geri çəkilsələr də, ürəkləri pusqu nöqtəsində qalmışdı. Onlar pərən-pərən düşmüş ermənilərin içinə dalıb önlərinə keçəni bıçaqları ilə dorğamaq, dişləri ilə didib-parçalamaq istəyirdilər…
VI
Hadrut azad olunduqdan sonra ordu ərazidə təmizlik işlərinə başladı. Əsgərlər bütün binaları ev-ev, otaq-otaq axtarıb, gizlənib qalmış düşmənləri əsir tutarkən tibb xidməti də ermənilərin leşlərini küçələrdən yığışdırmaqla məşğul idi. Xüsusi təyinatlılarsa şəhəri ordumuza təhvil verən kimi, ətrafdakı strateji yüksəklikləri və hələ də düşmən nəzarəti altında qalan yaşayış məntəqələrini azad etmək üçün göndərilmişdilər.
Ardı burada: Zaur BAYRAMOĞLU – SNAYPER
QEYD:
Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.
Müəllif: Zaur BAYRAMOĞLU
Zaur Bayramoğlunun rəsmi səhifəsi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
