
01 aprel 1981-ci il — Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, tərcüməçi və ictimai xadim Rəsul Rzanın vəfat etdiyi gündür..
Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev) 6 (19) may 1910-cu ildə Göyçay şəhərində anadan olmuş, 1 aprel 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. O, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamışdır.
Rəsul Rza XX əsr Azərbaycan poeziyasında bədii düşüncənin yenilənməsinə güclü təsir göstərmiş sənətkarlardandır. Onun yaradıcılığı fəlsəfi dərinliyi, azad poetik təfəkkürü və insanın daxili dünyasına yönəlmiş bədii axtarışları ilə seçilir. Şairin əsərlərində zaman, vicdan, məsuliyyət, mənəvi bütövlük və həqiqət kimi mövzular aparıcı yer tutur. Bu xüsusiyyətlər onun poeziyasını bu gün də aktual və düşündürücü edir.
Rəsul Rza yalnız şair kimi deyil, həm də dramaturq, tərcüməçi və ictimai xadim kimi milli mədəniyyətin inkişafına mühüm töhfələr vermişdir. Onun fəaliyyəti Azərbaycan ədəbi mühitində yeni poetik istiqamətlərin formalaşmasına təsir göstərmişdir.
Görkəmli şair yüksək dövlət mükafatlarına layiq görülmüşdür.
Bu gün böyük sənətkarın xatirəsini ehtiramla yad edirik.
Ruhu şad olsun.



Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında