
YUXU
(novella)
Bu nisgil qəribə duyğudur. Adamın qəlbinə girdisə çıxmaq bilməz. Hələ özünə orada yurd- yuva saldısa , bil ki, bir ömür səninlədir…
Yuxudan özümdən asılı olmadan ayıldım. İçimdə bir sızıltı və yanğı vardı. Yəqin gördüyüm yuxunun təsirindən idi. Pəncərəyə baxdım. Dan yerinin sökülməyinə az qalırdı.
Çiynimə şalımı salıb balkona çıxdım. İyul ayı olmasına baxmayaraq hava sərin idi. Bir az üşüdüm də. Qollarımı çarpazlayıb özümə qısıldım . Yaşadığımız qərib ölkə bu aylarda da sərin olurdu. Bəlkə də mən sərinlikdən çox qəriblikdən üşümüsdum…
Balkonun dirəyinə söykənib ətrafa baxdım. Alatoranda tez- tez yağan yağışın sularında yuyunub tərtəmiz olan yarpaqlar xəfif – xəfif titrəyirdi. Bu şəhər basdan- ayağa demək olar ki , sanki meşənin içində idi. Ona gorə hava o qədər oksigenlə zəngin idi ki, dərindən nəfəs aldıqca ciyərlərinin rahatladığını hiss edərdin. Amma bu dəfə belə olmadı. Boğulurdum.İçimin qəhəri boğazıma tıxanmış dı…
Sanki yuxu görməmişdim. Eləcə həsrətindən yanıb – yaxıldığım həyətimizə girmişdim. Dizlərimi yerə qoyub həyətimizin torpağından öpmüsdüm. Nənəmi həyətdə görüb təəccüblə və qorxa- qorxa – sən buradasan? Tək necə qalırsan? Nə yeyib- içirsən ? Qorxmursan səni əsir götürər düşmənlər- bir gözüm onda, bir gözüm dəmir darvazamızda söyləyirəm. Nənəminsə sirin- şirin mənə baxan sifətinə bir təbəssüm qonur — qorxmuram , sən də qorxma…-deməsi məni ürəkləndirir. Əlimdən tutub həyətdəki yay mətbəxtinə aparır. Atamın taxtadan özü hazırladığı taxçalarda anamın bağladığı turşu bankaları, bişirdiyi mürəbbələr ,yeməklər, qısa yığdığı bütün azuqələr yerbəyerində durub. Təndirimizdən təzə bişirib çıxardığı quru lavaş çorəklər üst- üstə yığılıb , ustünə də təmiz, səliqəli, həmişə yemək yeyəndə stola sərilən süfrəmiz örtülub. Mən o anları dirigözlü yaşayırdım…
Hənirti duydum, mətbəxdən həyətə çıxdım. Qonşumuz Zəri xala idi.
–Ay bala, bu ehsanı apar ver o fəhlələrə. Gunortadı, yesinlər, avsanıya düşsün… – dedi mənə.
Bu yemək “qəbir üstü” , yəni qara bayram yeməyi idi.Məhələdə hamıdan qabaq Zəri xala bişirərdi bu yeməyi. Vaxtsız rəhmətə gedən yoldaşı Hüseyn dayının ehsanı üçün.Evdar qadın idi. Məhləmizin bütün qadınları işdən gəlib ehsan aşı bişirənə qədər o, hazırlayardı və ev- ev paylayardı. Hamımız günortadan yeyərdik ehsan aşını.
Məktəbdən ac gələsən və dadlı aşdan yeyəsən.Hec o yeməyin dadıni unutmaq olarmı?! Biz məhəllə usaqlarının yaddaşına həkk oldu o dad…
Mən təmiz güllü süfrəyə bükülmüş qabdakı
“qəbir üstü” aşını evimizin arxasında
“jildom” ( iki mərtəbəli yasayış binası) tikən fəhlələrə apardım. Yerinə düşərdi bu yemək. Zəri xala demiş avsanaya düşərdi. Fəhlələr yeyəndən sonra qabını Sahpəri xala rəhmət oxuya- oxuya qabı qaytarardı.
Bu qadın həmişə hafizəmdə olub. Rayonumuzda ilk və tək qadın idi ki, tikintidə işləyirdi. Kişilərlə birlikdə divar hörər, palçıq qaytardı. Mən həmişə uşaq ağlımla bu qadının adi qadın olmadığını düşunərdim. Hündür boylu, qamətli qadın idi. Yeriyəndə elə dik yeriyirdi ki, sanki əsgərdi. Səsi də ötkəm idi. Məhləmizdə üc ikimərtəbəli ” jildom” tikdilər. Hamısında da o, işlədi. Günorta fasiləsi olan kimi yeyin – yeyin evinə gedərdi. Toyuq- cücələrə dən , uşaqlara yemək verib qayıdardı. Yoldaşı yox idi. İki oğul anasıydı. Biri bizim məktəbdə oxuyurdu. Əsil adın bilmirdim. Hamı onu “ata” cağırırdı. Mən düşünürdüm ki , Şapı xala ( Sahpəri xalaya da belə deyirdilər, yəqin çox qıvraq, qoçaq olduğuna görə) özü oğlunun belə çağrılmağını istəyib. Yəni mənim evimin də atası var… Bir sözlə yuxuda təkrar diri gözlə yaşadım o günləri . Sanki yuxu görməmişdim, zaman kəsiyin keçib gəlmişdim…
Dan yeri yavaş- yavaş sökülürdü…
Səsə diksindim. Nəvəm idi. O da oyanmısdı. Susamışdı,su istədi, verdim. İçəndən sonra yerinə getmədi. Qucağıma gəldi. Onu çiynimdəki şala büküb bağrıma basdım. Qollarımın arasında yuxuya getdi. Nəfəsi məni sanki istidi…
2017- çi il
Niderland
MÜƏLLİF: ZƏHRA SƏFƏRALIQIZI
“Yurd” jurnalının redaktoru
ZƏHRA SƏFƏRALIQIZININ YAZILARI
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında