Qəşəm İsabəyli – Çaydaçapan

ÇAYDAÇAPAN
(hekayə)
Bakıya köçəndən sonra anam sağlığı kəndimizə qonaq kimi gedib gələrdim. Nə qoysaydı qabağıma, onu da yeyərdim, harda yerimi salsaydı, orda da yatardım. Day şıltaqlıq eləyib, “bunu yemirəm, orda yatmıram!” deməzdim. Amma yuxudan oyanmaq öz ixtiyarımda idi.
Allah xatirinə deyim ki, həmişə anamın əziz qonağı olardım. Eşidəndə ki, kəndə gəlirəm, Hacı əmioğluna çolpa kəsdirər, plov bişirərdi, yanında da yağlıtərə dovğası. Plovun da qarası mütləq turşməzə olmalıydı. Ləziz yeməklər yeməyə vərdiş eləmiş anamın bişmişi yağ içində üzməsəydi, nə özü dilinə vurardı, nə də qonağın qabağına qoyardı onu.
Rəhmətliyin təzyiqi yüksək olsa da, mal ətinə gözünün ucuyla da baxmazdı. Bir dəfə şəhərə gəlmişdi – bacım gildəydi. Dana əti alıb aparmışdım, məndən sonra göndərib qəssaba, qoyun ətiylə dəyişmişdi.
Artıq mən də baba olmuşdum. Anama dəyməyə nəvəmlə gedərdim. O da anamın plovundan yeyib, dovğasından içəndən sonra əlini qoyardı qarnına:
–Doydum, ana, dadlıydı! – adaş olduğumuzdan nəvəm “ana” deyərdi anama.
–Nuş canınız olsun babanla sənin, ay bala! – anam qucaqlayıb hər ikimizin üzündən öpərdi.
Anamın ölümündən bir neçə il əvvəl də getmişdik kəndə. Oturmuşduq eyvanda, o, danışırdı, mən də qulaq asırdım. Deyim ki, qardaşlarım anamla şirin-şirin söhbət eləsələr də, mən sadəcə qulaq asmağı bilirdim.
Birdən anam əlini stola dirəyib, ayağa durmaq istədi. Baxdım ki, stola dayanıqlı əli tir-tir titrəyir. Fikirləşdim ki, anam qocaldığını demək istəyir mənə: “rəhmin gəlsin qocana, tez-tez gəl ona dəy, bala!”.
Gülümsədim…
Bu hadisədən illər keçdi. Artıq mən də, rəhmətlik bibim oğlu Yengibar demişkən, Kürdəmirin turacyemişi kimi qoonumuşam, yetişmişəm. Əlimi stola verməsəm çətin ayağa qalxıram. Baxıram ki, lap elə anamın əli kimi də titrəyir əlim.
İndi anlayıramki, anam mənim ürəyimdə özünə rəhm oyatmaq üçün qəsdən titrədib əsdirmirmiş əlini.
O günü kitabxanamda nəvəmlə oturub danışırdıq. Birdən ayağa duranda stola dayanıqlı əlim biləkdən əsib titrəməyə başladı.
–Ay baba, – nəvəm güldü, – çaydaçapandı ki… əlin.
–G.. atan demək istəyirsən, bala?!
–Ha… ha… ha… nə ayıb adı var bu quşun?!
–Bizim Şirvan bölgəsində, Şamaxıda bu adla çağırırlar onu.
Nəvəm yenidən bir xeyli güldü.
Mənim isə anam yadıma düşdü, uzaq xəyallara dikildi gözüm.
Vaxtilə anama təbəssümlə dediyimi nəvəm sözlə qaytardı mənə.
Ürəyim ağrıdı.
27.08.2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir