
Bir qərib gecə
Özgə şəhərlərin gecələrində
otaqlar qəribə gələcək sənə.
Elə bil hansısa bir əsərdəsən.
Hər baxış bir salam verəcək sənə.
Baxış salamlardan yorulacaqsan.
Son günlər doğmandan eşitmədiyin
adını özündən soruşacaqsan.
Hər addım qapıntək doyülər sənə.
Dayanıb baxarsan.
Ötüb gedər səs.
Qapılar üzünə baxacaq sənin.
Sənə yad otaqlar, o boz divarlar
günün bozluğunu çıxarar üzə.
Ayağın darıxar, izin darıxar,
içinə qısılan səsin darıxar.
Eyvana çıxarsan tələm-tələsik:
budur həmin səma, həmin göyüzü.
Səni ulduz görər, Ay salamlayar
bir ayrı baxışda, bir ayrı dildə.
Darıxıb yavaşca geri dönərsən.
Özünə baxarsan təzə aynada
görərsən kim isə boylanır sənə.
Dözməyib keçərsən başqa otağa
baxarsan burda da elə özgəsən.
Yükünü açarsan, yeri açarsan,
ağappaq paltarlar tanımaz səni,
əlini bədənə, üzə çəkərsən
əllərin diksinər, bədən ürpəşər.
Gecədə darıxan bir qərib kimi
qaçmaq istəyərsən daha özündən,
bu özgə otaqdan, özgə gecədən.
Qəfildən astaca qapı döyülər.
Diksinib baxarsan…
Bir əlin dəstəkdə, biri açarda…
Fikirlər hissləri yeyər gecələr.
Beləcə uzanıb gedər gecələr
bir özgə şəhərin tənhalığında.
Ay da bu qəribə boylanıb baxar
bu səssiz otağın pəncərəsindən…
Müəllif: Rəfail TAĞIZADƏ.
YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru