Əli bəy Azəri ilə görüş olub

2023-cü il dekabrın 10-da Xaçmaz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında “İlham çeşməsi” elmi ədəbi məclisinin növbəti məşğələsi keçirildi. Məclisin sədri Böyükağa Ağa tədbiri açıq elan etdikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğullarımız bir dəqiqəlik sükutla yad edildi.
Sonra o, məclisin qonağı “Xəzan” ədəbi – bədii jurnalının baş redaktoru, publisist yazar, I Qarabağ müharibəsi iştirakçısı Əli Bəy Azərini salamladı və onun məclisdə iştirak etməsindən məmnun olduğunu bildirdi.


Söz poeziya nümunələrinin müzakirəsinə veriləndə Leyla Şixməmmədova “Qazimiz”, “Şuşam, səninlə mən necə öyünməyim”, Sabir Nemətov “Ah, ah”, “Yatıb e” şeirlərini, AYB və AJB-nin üzvü, “Gülüstan elmi ədəbi məclisinin sədri Şıxamməd Seyidməmmədov “Güclüdən qorxan”, “Əsədin gülməcələri” hekayələrini, AJB-nin üzvü Mövlud Ağamməd “Ey vay”, “Biz” qəzəllərini, Pənah Elqəm “Çıxır”, “Azadlığı”, Rəna Vəliyeva “Sən mənimsən”, “Ağlama, şəhid anası, ağlama”, Nadir Zamanov “Əlisa Nicat”, “Yaltaq kişi”, AYB-nin üzvü Səyyad Sərraf “Bu dünya”, “Salam deyəcəm” şeirlərini, Nəzər Mirzəyev “Həyat dərsi və yerkökü”, “Bölgü” alleqorik hekayələrini, Elxan Məcnunov “Ata”, “Qocalma, ürək” şeirlərini, AJB-nin üzvü Məhərrəm Mustafa “O dünyanın yolu”, “Cənnət quşu” hekayələrini, Emfira Ərkli “Ay oğul”, “Gördünmü”, Müşfiq Qərib “Öləndə”, “Yiyəsiz, kimsəsiz, dərd yerləri var”, Böyükağa Ağa “Pomidor”, “Gülüm” şeirlərini oxudular.
Tədqiqatçı jurnalist Füzuli Baratov Əli bəy Azərinin yaradıcılığı və döyüş yolu haqqında tədbir iştirakçılarına məlumat verdi.
Sonda söz qonağa verildi. Əli Bəy Azəri dəvət olunduğuna görə “İlham çeşməsi” elmi ədəbi məclisinin rəhbərliyinə təşəkkür etdi, oxunulan poeziya nümunələrinə münasibət bildirdi və bölgə yazarlarına yeni yaradıcılıq uğurları arzuladı.

AJB-nin üzvü Füzuli Baratov
Fotolar müəllifindir

“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – KARTOF DA…


KARTOF DA…
(hekayə)

Mustafanın qardaşı oğlu Cəlil Texniki Universitetə qəbul olunmuşdu. Qardaşlar oturub söhbət edəndə Həmid məsləhət bildi ki, Cəlil universitetin yataqxanasında qalsın.
Qardaşının bu qərara gəlməsi Mustafanın ürəyindən xəbər verirdi. Həmid xahiş də edə bilərdi ki, Cəlil onlarda qalsın. Onda Mustafa çar-naçar razılıq verəcəkdi. Əks halda kənddə zurna çalacaqdılar ki, Mustafa qardaşı oğlunun onlarda qalmasını istəməyib.
Cəlilin onların evində qalması, gəlib-getməsi, yatıb-durması, yatağının yığışdırılması, pal-paltarının yuyulub ütülənməsi, gündə 3 dəfə qarşısına yemək gətirilməsi əlavə baş ağrısı olacaqdı. Beləcə ailə dörd il, beş il gərginlik yaşamalı olacaqdı.
Mustafa:
-Nə zaman istəsə, gəlib qonağımız olar, Allahın verdiyindən yeyib-içər, söhbət edər, dərslərindən danışar. Biz də vaxtlı-vaxtında ondan xəbər tutarıq.
Bir müddət Cəlil görünmədi. Arada əmisinə, əmi arvadına zəng edib hal-əhval tutardı. 3-4 ay keçmişdi ki, Cəlilin ayağı açıldı. Tez-tez gəlib getməyə başladı.
Gülüstan tez-tez Mustafaya quzu əti, dana əti aldırırdı. Axırda Mustafa dilə gəldi:
-Ay Gülüstan, bu nədir, ət almaqdan yorulmuşam.
Gülüstan dilləmdi:
-Cəlili də nəzərə al, axı o da az qala ailənin üzvü olub. İndi tez-tez gəlib-gedir. Naharı bizdə edir.
Mustafa çiyinlərini çəkdi:
-Nağıl danışma, ay arvad. Cəlil həftədə yarım cəmdək quzu əti yeyir.
Gülüstanın işarəsi ilə Mustafa stulda oturdu:
-Bu günə kimi dinmirdim, ay Mustafa. Fikirləşirdim xətrinə dəyər.
Mustafa gözlərini döyərək mat-məəttəl ona baxdı:
-Xətrimə nə dəyəcək, ay Gülüstan? Özüm demişəm ki, Cəlil nə zaman istəsə gəlib getsin, çörəyimizi kəssin. Mən sözümün yiyəsiyəm. Yad adam deyil ha. Rayona gedəndə onun atası da ayağımızın altında quzu kəsir.
Gülüstan özü də əyləşdi:
-Cəlilə qalsa, nə dərdim, ay Mustafa. Uzağı bir boşqab şorba içəcək, iki-üç tikə toyuq əti, ya kotlet yeyəcək…
Mustafa:
-Qədərindən çox yeyir bu Cəlil? Yəni yeməyi gözünə təpir?
Gülüstan əlini yellədi:
-Yox e. Elə demirəm. Özü bir yana qalsın. 4-5 tələbə yoldaşını da götürüb gəlir. Hər dəfə 2-3 saat onların qulluğunda durmalı oluram.
Mustafa hiss elədi ki, artıq dözə bilmir:
-Hə, ay Gülüstan, bu Cəlil lap ağ edirmiş. Sən qadın xeylağı. Mən evdə olmayanda sənin-mənim tanımadığımız şəxsləri mənim evimə niyə gətirir? Əslinə-nəslinə bələd olmadığımız qonaq bir gün olar…
Gülüstan sözlərini deyin sakitləşmişdi. İndi Mustafa özündən çıxırdı.
-Süfrə açmaq mənimçin problem deyil. Şükür Allaha soyuducumuz ağzına kimi doludur, heç nədən korluq çəkmirik. Məni narahat edən Cəlilin hərəkətidir. Tanımadığım… Yenə sən evdə olanda gəlsələr, dərd yarıdır.
Mustafa ayağa çıçradı:
-Bunu biz ona başa salmalıyıq? Yekə kişidir. Bu gün-sabah ev-eşik yiyəsi olacaq. Deməklə deyil, özü qanmalıdır. İndi bir kəlmə irad tutacağıq, atasının da, anasının da, özünün də çestinə dəyəcək. Deyəcəkdilər: əmisi uşağın burunlayır, evinə gəlib-getməsini istəmir. Dərdimizi kimə deyək?
Bu zaman qapının zəngi çalındı. Mustafa durub açdı. Cəlil yanında 3 nəfər daxil oldu:
-Əmi, xoş gördük.
Cəlil irəli yeriyib əmisinin boynuna sarıldı.
-Tələbə yoldaşlarımdır, əmican. Sizdən razılıq edib, deyirlər: Allah əmini saxlasın. Ailəsi çox qonaqpərvərdir.
Gələnlər əl verib Mustafa ilə görüşüb stolun arxasına keçdilər.
Gülüstan adəti üzrə əvvəlcə ortaya çay gətirdi. Yanında bir neçə cür mürəbbə, konfet, limon…
Cəlil oradan-buradan danışır, yoldaşları da təsdiq edirdilər. Mustafa əslində onun dediklərinə qulaq asmırdı. Fikri arvadının söylədiklərinin yanında idi.
Gülüstan yemək gətirdi. İri boşqabda iri sümüklü ətlər, digər boşqabda kartof…
Salat, göy-göyərti, şoraba da öz yerində.
Mustafa balaca bir ət parçasını boşqabına qoydu, sonra o biri boşqabdan iki-üç kartof götürdü.
Qonaqlar bir yandan, Cəlil də o biri yandan iri ət tikələrinə girişdilər. Kartof olan boşqaba əl uzatmamışdılar. Gülüstan ət dolu boşqabın boşaldığını görüb, yenə ət gətirdi.
Mustafanın dişi bağırsağını kəsirdi. Qonaqlar bu boşqabdakı ətin də axırına çıxmaqda idilər. Nədir? Gülüstan üçüncü dəfə boşqabı doldurmalı idi? Odur ki, dözə bilməyib, səsini qaldırdı. Qonaqlar əl saxladılar:
-Ay uşaqlar, kartof da xörəkdir. Kartof da götürün…
Qonaqlar Mustafanın amiranə səsindən, deyəsən, məsələnin nə yerdə olduğunu gördülər.
Mustafa həmin gün Cəlilə bir söz deməkdi. Bir-iki gün sonra onu çağrtdırıb dərsini verdi:
-Cəlil, sən mənim qardaşım oğlusan. Evim-eşiyim sənə qurbandır. Amma tanımadığım insanları niyə mənim evimə dadandırırsan. Özü də onları mən evdə olmayanda da gətirirsən. Mən bazarlığı özüm edirəm. Bu Gülüstanı mən heç düşüb aşağıdan çörək almağa belə qoymuram. Mən qəbul edə bilmərəm ki, kişi olmayan evə kimsə gəlib-getsin. Sən başqa. Qardaşımın övladısan…
Cəlil başını aşağı salmışdı. Mustafa bir şey anlamadı: Cəlil səhvini başa düşüb, yoxsa əmisinin dedikləri onun xoşuna gəməyib?
Onun qənaətlərindən asılı olmayaraq hər halda Mustafa haqlı idi.
Şirvan şəhəri, 12 dekabr 2023-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru