
SEVGİ FƏSLİNIN YAĞIŞI
“Yaz yağışı torpağa düşərkən ona həyat verir, bəs Siz hansı fəslin yağışısınız ki, ürəyimə düşüncə orada yeni bir dünya yaratdınız? Bir mesajdan” – Rafiq YUSİFOĞLU
Gülüm, mən sevgi fəslinin
Çiskiniyəm, yağışıyam.
Kim bilir, bəlkə də elə
Mələklərin göz yaşıyam?!
Bir buludam, nəm çəkirəm
Gözəllərin baxışından.
Kimsəyə ziyan gəlməyib
Hələ sevgi yağışından.
Nəğmələrimlə könlünün
Simlərini dindirəcəm.
Belə getsə, ürəyini
Gülüstana döndərəcəm…
Mən elə bir yağışam ki,
Səsim yatanı oyadır.
Bircə qətrəm düşən yerdə
Sevgi çiçəyi boy atır…
Məhəbbətim ürəyində
Bənövşələr bitirəcək.
Sevgi fəslinin yağışı
Qəlbinə yaz gətirəcək…
09.12.2006
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru