Gəl Heç kim sevmədi səni Mənim qədər Bilirsən? Sevə də bilməyəcək… Saçlarını oxşayan mən olmuşam… Gəl çıx daha Darıxmışam… Kimdən soraqlamadım ki? Səni bütün eldən, obadan soruşmuşam. Uçan quşlardan da, Əsən mehdən də Sənə salam yollamışam Hə, bir az dəli olmuşam…. Düzdür… Nə desən də haqlısan… İndi belə sevgi nə gəzir? Amma inan mənə Səndən heç nə ummamışam… Gəl bir hələ… Qoxla məni Üstüm, başım darıxmaq qoxur… Gör nə qədər darıxmışam… Saçlarım da sən gedəni sözə baxmır Dolam – dolam dolaşıb… Daramıram. Sığal çəkdiyin telimə daraq da vurmuram. Gəl, mən səni bağışladım, Söz verirəm açmayacam köhnə söhbətləri daha… Nə də üz vuracam yalanlarına… Hə, siqaret də çəkərsən, İstəyirsən içkini də içərsən… Daha deyinməyəcəm. Evə də gec gələrsən… Gəl, xəyanətini də bağışladım… “Məndən sənə yar olmaz” dedin… Yara oldun, bağışladım… İndi tez gəl, yalvarıram, Mənim yarım sənsən axı…
Qazi şair qardaşımız, hələ də nəfəsindən, paltarından səngər qoxusu getməyən Rəfail Tağızadənin ilahi “Hisslər”inin (“Ədəbiyyat qəzeti” 24 oktyabr 2020-ci il) ovsunundayam. “Hisslər”i Turşsuyun, İsa bulağının, İstisuyun tutiyəsi – müqəddəs suyu kimi içdim, içdim, içimi daha da yandırdl… Doğrudan da, qazi qardaş, “o yerləri, evinizi görəndə hansı hissləri keçirəcəksən?” Düzü, mən də, Rəfail müəllim də belə suala birbaşa cavab verə bilmərik. Təsəvvürlə reallıq başqa-başqa nəsnələrdir. Tezliklə o yerləri düşmən tapdağından azad edib addım-addım gəzəndə (Rəfail müəllim söz verib ki, o müqəddəs torpaqları ziyarətə birlikdə gedəcəyik) gördüklərimiz hisslərimizin qolu-qanadı olacaq. Qürurlanacağıq, özümüzü daha güclü, dizlərimuz, ürəyimiz daha təpərli olacaq, addımlarımızı o yerlərə basan kumi duyğulanacağıq. O yerlərin otuna, çiçəyinə, dağına, düzünə, dərəsinə, sağ qalmış ağaclarına, başdaşıları barbar gülləsindən yaralanmış məzarlarına baş əyəcəyik. “Doğulduğun, yaşadığın evi yoxluğun içində axtarmaq çox ağırdı”, qardaş. “Daşına, tozuna tapınmaq, əlini viran edilmiş, vəhşicəsinə dağıdılmış yerə uzadaraq “bu bizim evimizdi” deməyin hissini ifadə etmək olmur. Onu ancaq yaşamaq lazımdır. O hissi sükut yazacaq”. “Varlıqla yoxluq arasındakı qarışıq hisslərin” sərhəddini, dadını orada biləcəyik. Evin-eşiyin özü yoxsa da, orada uşaqlıq, gənclik xatirələri, atalı-analı qayğısız günlərimiz bizi gözləyir. Həyətdəki doqquz qoz ağacı o vaxtdan bar vermir, bilirəm, doğmalarını, əzizlərini gözləyir (bəlkə də barbarlar o qoz ağaclarından bizim “intiqam”ımızı alıblar, onların gücü ancaq dinc əhaliyə, körpələrə, daşlara, ağaclara çatır). Hamilə buludlardan “Qarabağa yağan yağış” simsarlarını görəndə qan ağlamayacaq, gözlərindən qan tökməyin sonu çatacaq. Buludlar çoxdan yetim, qısır qalmış torpağa can verəcək, nurlu damcılar göndərəcək. “Təkcə səngər görəndə yüksəkdən uçan quşlar” xoşbəxtliyimizin quşuna dönüb çiynimizə qonacaq, nəmlənmiş gözlərimuzə baxıb bizi ovunduracaq, “mən də qayıtdım!” zümzüməsiylə yaralarımıza sığal çəkəcək. “Kimsəsiz həyətdə açan ətirsiz qızılgüllər bizi görən kimi ətriylə o yerləri yenidən cənnətə döndərəcək… Bəsdir, qardaş, öz-özümüzlə söhbət eləyib içimizdəki məni bezdirdiyimuz, indi bizim həmsöhvətlərimiz çoxdur – doğmaların, şəhidlik zirvəsinə ucalanların müqəddəs ruhları, elin, obanın, həyətin, evin, Vətənin azadlığa çıxan torpaqlarının hər qarışındakı xatirələr. Biz onları, oraları 30 il əvvəl tək-tənha qoysaq da, biz o xatirələrə, o xatirələr bizə əzizdir… “Bizi özümüzə qaytaracaq” bu ilahi hisslərin dupduru axarında “içdən ah çəkərək illərin ağır yükündən boşalacağımız, o yerlərin “üzünə təbəssüm qoyub “axır ki, gəldiniz” deyərək bizimlə barışacağı günə lap az qalıb, lap az, Vətən həsrətli Vətən oğlu. “Tozundan, torpağından öpüb, gözümüzə işıq gələcək, yurdumuz yurd olacaq, biz də biz”… Rəfail müəllim də, mən də bulud kimi dolduq, duyğulandıq, kövrəldik. Amma ağlamadıq, Ramiz Rövşən qoymadı bizi ağlamağa: “Kişilər ağlamaz, atam balası”. Amma o yerlərin hər qarışı azad olunanda, 30 ildən sonra biz o yerlərlə qucaqlaşanda Ramiz müəllimin sözünə baxmayıb heç olmasa bircə damla sevinc yaşı ərmağan edəcəyik bizi bağışlayacaq o müqəddəs torpaqlara. Bu bir damla göz yaşı bizim o yerlərdən üzrümüz olacaq. Bu üzr də bir “ayrı xoşbəxtlikdi, bir ayrı hissdi…” Vətənimizin işğal atında qalan digər ərazilərində də bayrağımızın dalğalanmağına lap az qalıb. “Gedək, qardaş, birgə çəkək bu Vətənin sərhəddini. Gedək, gedək, qardaş! Gedək!”… 29.10.2020.
“Böyük Qayıdış” ın rəmzinə çevrilmiş Zəngilan rayonunun Ağalı kəndində daha bir ilkə imza atılıb. Dekabrın 1-də Ağalı kənd tam orta məktəbində gənc şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident təqaüdçüsü Elvin Əlizadənin “-29” adlı şeirlər kitabının imza günü keçirilib. Fotolar:
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabu, bil!!! 19.02.2023. Bakı.
5 dekabr əsl ziyalı, dəyərli dostumuz Kamal Camalovun doğum günüdür. Onun 50 yaşı tamam olur. Professor Kamal Camalov un 50 illik yubileyi münasibətilə “Kamal Camalov -50” kitabı nəşr olunub. “Yazarlar” 50 illik yubileyi münasibətilə Kamal Camalovu təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır. Uğurlarınız bol olsun, Kamal müəllim!
Kamal Camalovun 50 illik yubileyi münasibətilə “Kamal Camalov -50” kitabı nəşr olunub. Kitab artıq ənənəvi və elektron qaydada kitabxanaların bazasında mövcuddur. Bütün maraqlanan şəxslər istifadə edə bilərlər. Fotolar: