Murad Məmmədov – 19 şeir.

ÖMÜR YOLUMA BAXIŞ

Daim uzaq oldum boş-boş gümandan,

Yaşadım bu ömrü bildiyim kimi.

Xəbərim olmadı vaxtdan, zamandan,

Necə ki, həyata gəldiyim kimi.

*  *  *

Heç zaman heç kəsdən heç nə ummadım,

Ayrıldım rahatlıq gəzən insandan,

Gözüm açıq oldu, bir an yummadım,

Can qoydum, çalışdım ürəkdən, candan.

*  *  *

Özümün dərdimə qarışdı başım,

Nə ayı, nə ili saya salmadım.

Bir də ayıldım ki, eh, ötüb yaşım,

Vaxt tapıb həyatdan ləzzət almadım.

*  *  *

Bu dünya nazıyla çox yordu məni,

Dala çəkilmədim, nə də dinmədim.

Nə bu günü güldürdü, nə də dünəni,

Elə hey üşütdü, bir isinmədim.

*  *  *

Yamana bəd oldum, yaxşının qulu,

Kiminsə xətrinə, inan dəymədim.

İçimdə şah oldum uludan ulu,

Namərdə yalandan boyun əymədim.

*  *  *

Beləcə yoxuşa dirəndi yolum,

Dönürəm hərdən bir geri baxıram.

Deyəsən azalır həm sağım, solum,

Ya da ki, yoxuşu asta çıxıram.

NEYLƏYİM.

Dərdin nədir, bir başa sal,mən də bilim neyləyim,

Deyirsən ki, dur yaxın gəl, durum gəlim,neyləyim?!

*  *  *

Dünya səhvlər dünyasıdır, mən də xali deyiləm,

Günahlarım çox böyükdür, kəmdi dilim, neyləyim?!

*  *  *

Yüz cür pislik görmüşəm ki, dərdə salıb, incidib,

Yaddaşıma bir yük olub, daha silim neyləyim?

*  *  *

Mən Tanrıya inananam, onda günah görmürəm,

Günahsıza toxunmağa qalxmaz əlim, neyləyim?

*  *  *

Bir-birindən sınan qəlblər, inan gülməz,barışmaz,

Alın yazın mənlə deyil, küsmə gülüm, neyləyim?!

*  *  *

Deyirsən ki, mən ölürəm, Murada bax yaşayır,

Kim ölənlə ölür səncə, mən də ölüm neyləyim?

BAXMAZ

Hədəfini daim güdən,

Uzaq yolu yaxın edən,

İstəyinə doğru gedən,

Qəti sağa, sola baxmaz.

*  *  *

Sevgisindən qala tikən,

Ətrafında tər gül əkən,

Yar yolunda cəfa çəkən,

Kələ-kötür yola baxmaz.

*  *  *

Əhdə vəfa candan gələr,

Abır, həya qandan gələr,

Qəhrəmanlıq gendən gələr,

Nə istəyə, pula baxmaz.

*  *  *

Cavab verər xatasına,

Dönük çıxmaz butasına,

Umud olmaz atasına,

Vuran oğul dala baxmaz.

*  *  *

Zövq almağa çalış ,tələs ,

Boş keçirmə ömrü əbəs.

Könlü şirin istəyən kəs,

Turş bəhməzə, bala baxmaz.

*  *  *

Odda yanan, suda batan,

Yardım üçün əl-qol atan,

O dünyayla əlləşən can,

Tez boşalar, hala baxmaz.

*  *  *

Bezikənin başı çönər,

Əsəbindən gözü dönər.

Fərhad kimi dağı yenər,

Onu sıxan qola baxmaz.

*  *  *

İnsan sınsa, bel bükülər,

Sinəsinə dağ çəkilər,

Murad, barı tez tökülər,

Yetişmişə, kala baxmaz.

ÇIXDI

Ələdim ələkdən keçən ömrümü,

Baxdım ki, nə qədər kəpəyə çıxdı.

Sonda əzəmətli bir dağ sanırdım,

Yeridim güzarım təpəyə çıxdı.

*  *  *

Bəzən bir yarpaqla doyar, bəsidi,

Yaşamaq istəyi onun səsidi.

Yəqin ki, Tanrının bir möcüzəsidi,

Qurd yarpaq gəmirdi, ipəyə çıxdı.

*  *  *

Allahla təmasdan qəti qopmadım,

Qarşıma it çıxdı yoldan sapmadım.

Hirsimi tökməyə canlı tapmadım,

Nə hirsim varıydı köpəyə çıxdı.

*  *  *

Ay Murad, kim olsa saray yapardı,

Sənin imkanını kimlər qopardı?!

İnsanlar küp eşdi, qızıl apardı,

Səninki bir qırıq küpəyə çıxdı.

NƏYİMƏ GƏRƏKDİR

Aləm mənə qarasa, ağ nəyimə gərəkdir,

Məni razı salmayan, çağ nəyimə gərəkdir.

*  *  *

Yaş ötüb, dövran keçib, həvəs yoxdu qalxmağa,

Daha heyran olduğum dağ nəyimə gərəkdir.

*  *  *

Artıq piyin deyirlər, çoxdu cana ziyanı,

Məni xəstə eyləyən, yağ nəyimə gərəkdir.

*  *  *

Əzaların tamlığı həvəs verər insana,

Sol tərəfim qurusa, sağ nəyimə gərəkdir.

*  *  *

Görmüşük ki, bağ içrə bülbüllər meydan sular,

İçində şeytan gəzən, bağ nəyimə gərəkdir.

*  *  *

Ay Murad, gülməlidir, başın sağlam deyilsə,

Saçımı yarı bölən, tağ nəyimə gərəkdir.

BELƏ DƏ OLUR…

Bəzən ağlında olanı,

Cürət edib deyənmirsən.

Həzm edirsən boş yalanı,

Xətirinə dəyənmirsən.

*  *  *

Gözü tox ki doğulursan,

Halal süddən yoğrulursan,

Haram oldu boğulursan,

Zəhər olur, yeyənmirsən.

*  *  *

Bir nizam var bu dünyada,

Yaxşı adı verməz bada.

Bəlkə Tanrı qoymur, ya da,

Bu gərdişi bəyənmirsən.

*  *  *

Yaxınına bal olursan,

Hər işindən hal olursan.

Baxma, çox vaxt lal olursan,

Utanırsan, öyənmirsən.

*  *  *

Allahını yaxşı tanı,

Boynuna al, səhv olanı.

Murad, darda öz balanı,

Başa salıb, əyənmirsən!

ZƏFƏR GÜNÜ

Bu gün mənim millətimin,

Tariximin zəfər günü.

Otuz illik həsrətimin

Ölümünə səfər günü.

*  *  *

Haqqımız yox unutmağa,

Şərəf verən o anları.

Torpaq üçün şəhid olan,

Nakam gedən o canları.

*  *  *

Yadda saxla bu günü sən,

Millətimin üz ağıdı.

Bu qələbə, hər an əsən

Erməniyə göz dağıdı.

*  *  *

Uzun sürən həsrətimiz

Nəhayət ki, sona çatdı.

Üzə gülən qismətimiz

Bu həsrətə sevinc qatdı.

*  *  *

Ey Vətənə oğul doğub

Şəhid verən sağ analar!

Qarşınızda günahkarıq

Ay əyilməz dağ analar!

*  *  *

Əsgər oğlum, qov yağını,

Zəngəzurdan çiçək dərək.

Azərbaycan torpağını

Vahid görək, bütöv görək!

DÜNYA VƏ BİZ

Dünyanın bu üzü nura boyanıb,

O üzü qaranlıq, zülmət gecədir.

Orda anlayırsan bir gün oyanıb,

Haram necə olur, halal necədir.

*  *  *

Dünya yaraşıqdı, insan da bilir,

Sevinir, şadlanır, bir gün də gedir.

Bax, orda yediyi burnundan gəlir,

Bax, onda anlayır günahı nədir.

*  *  *

Gələn gələr, açıq olar üzünə,

Qapıları bağlı olan dünyanın.

Gedən gedər, baxanmazsan gözünə,

Canın buza dönər, qaralar qanın.

*  *  *

Dünən gördüklərin çıxar yadından,

Dünyanın nəşəsi gözünü bağlar.

Bu dünya alışmaz sənin odundan,

Nə sənə yar olar, nə də gün ağlar.

*  *  *

Bax, bundan dərs götür, ay bəni-insan,

Dönüb bir arxana, önünə baxsan!

İçində ruh gəzən köçəri cansan,

O ruh ki ayrıldı, deməli yoxsan.

O, KİMDİ?!

Kimin haqqı ödənməz,

Bilirsənmi, ay insan?!

İtirsən, geri dönməz,

Ömür boyu yanarsan.

*  *  *

Möhtacıq nəfəsinə,

O, olmasa donarıq.

Alışarıq səsinə,

Onu Allah sayarıq.

*  *  *

Başımızın tacıdı,

Ürəyin görən gözü.

Zəhər kimi acıdı,

Sərt baxışı, sərt sözü.

*  *  *

Bir andaca dəyişər,

Qəlbi incitməz səni.

Yanar, qarsıyar, bişər,

Sən ağrısan , bədəni.

*  *  *

Altımış il dolandı,

Ötdü mənim yaşımdan.

Dincəlməyi yalandı,

Çəkilməz ki, başımdan.

*  *  *

Siz biləli, o, kimdi?!

Mənim canım-anamdı!

Nə təbibdi, həkimdi,

Amma, həkimxanamdı.

QƏZƏL

Nə olursa xeyirə yoz, ağlama boş-boşuna sən,

Hər bir dərdə dözməlisən, gəlməsə də xoşuna ,sən!

*  *  *

Baxma süni bər-bəzəyə, səhv edərsən, yanılarsan,

Bəlkə o, quş ağıldadı, baxma qələm-qaşına, sən.

*  *  *

Qızın izlə addımını, oğlan özü böyüyəcək,

Hər işinə diqqət yetir, buraxma özbaşına sən.

*  *  *

Dillərinə çox aldanma, fikirləşmə yaşı çoxdur,

Tələsmə heç, söhbət eylə, baxma ahıl yaşına sən.

*  *  *

Öz nəfsinə hakim ol ki, yediyini haram eylər,

Mayıl olma başqasının, məcməyidə aşına sən.

*  *  *

Yeriməyin cana xeyri, çoxdu dostum, yadda saxla,

Çox oturmaq ziyandı bil, çox öyrəşmə maşına sən.

*  *  *

Ağıllı ol, elə yaşa, elə sağlam dost-tanış seç,

Qul olarsan zəmanənin dəlisinə, çaşına sən!

*  *  *

Qürbət elin cəfası çox, uyma Murad səfasına,

Qurban ol öz Vətənimin , torpağına, daşına sən.

UCA TANRI VAR.

O qədər sürətlə keçir bu ömür,

Vaxt, zaman başında qara turp əkir.

Bir kimsə dərdini kimsəyə demir,

Yaş ötür, can gedir, içində çəkir.

*  *  *

Nə dünya dəyişir, nə dağ, nə dərə,

Yurd olan, dəyişən ancaq bizlərik.

Birtəhər girləyir başını hərə,

Biz də eybimizi örtüb gizlərik.

*  *  *

Sanarıq kimsənin xəbəri yoxdur,

Sən elə mürgülə, yaxşı uzan yat.

Ay insan, işverən mələklər çoxdur,

Çatdırar Tanrıya hər gün, hər saat.

*  *  *

Yaradan yaradır min cür ağılda,

Neçə cür əməldə insanlar gəlir.

Necə ki, deyirlər şirin nağılda,

Arzular gül açır, qocalır, ölür.

*  *  *

Bir ömrün mənası, məğzi bilinməz,

Beynində planın, fikrin yoxdusa.

Qalar yaddaşlarda, qəti silinməz,

Çirkin əməllərin, işin çoxdusa.

*  *  *

Hər kəsin həyatda öz yeri bəlli,

Mən sənin yerini tuta bilmərəm.

Bu dünya tərpənmir, durub əməlli,

Köç edib getdimsə, daha gəlmərəm.

*  *  *

Nə qədər xoş üzlər görüb bu dünya,

Nə qədər niyyəti çirkin adamlar.

Bir dərddən-azardan sınarıq, və ya,

Dözərik, hifz edən uca Tanrı var.

60 YAŞDAN SONRA…

Yaş otdü, qocalırsan,

Gün qaralır gözündə.

Sanma ki, ucalırsan,

Kəsər olmur sözündə.

*  *  *

Bu dünyanın dadını,

Çıxarıb yaşayırsan.

Qocalığın adını,

Şərəflə daşıyırsan.

*  *  *

Bəzən də kövrəlirsən,

Susub kəlmə kəsmirsən.

Hamıdan gec gəlirsən,

Heç yerə tələsmirsən.

*  *  *

Hər sözdən qırılırsan,

Bu da gəlir yaşından.

Çox işi yorulursan,

Eləyirsən başından.

*  *  *

Nəvə səni buyurur,

İstəkləri gündədi.

Almırsansa, yüyürür,

Deyir günah səndədi.

*  *  *

Getmirsənsə, bax, işə,

Nəvənə bax hərdənbir.

Qocalıq da bir peşə,

Ancaq pulu ödənmir.

*  *  *

Nə yaxşı ki, nəvə var,

Yoxsa neylər qocalar?!

Nəvə sevən babalar,

Ona baxar, güc alar!

QIZIMA

Nə uzaqlaş, nə gendə dur,

Mənim görən gözüm, sənsən!

Üzümə bax, lap öndə dur,

Baldan şirin sözüm, sənsən!

*  *  *

Fikir vermə söz atana,

Hər iblisə, şarlatana.

Baş tacısan sən atana,

Canımdakı dözüm, sənsən!

*  *  *

Sözümə ruh verən xanım,

Damarımda axan qanım,

Bu dünyada mənim canım,

Adım-sanım, özüm, sənsən!

*  *  *

Sevinc gəzmə varda-yoxda,

Ağıllı ol, bərki, toxda.

Mənim üçün çətin vaxtda,

Çarə, əlac, çözüm, sənsən!

*  *  *

Yolumuza su çilədin,

Bəxtimizə gül ələdin,

Məni ata sən elədin,

İlk ovladım, qızım, sənsən!

AXTARMIŞAM

Tələbə vaxtlarım çox ağır keçib,

Beş ildə xoş qismət, pay axtarmışam.

İnsanlar içindən arayıb, seçib,

Özümə münasib tay axtarmışam.

*  *  *

Kölgə tapmamışam, isti yandırıb,

Sanki cəhənnəmi mənə andırıb.

Kasıblıq rüzgarı elə dondurub,

Çillədə günəşli yay axtarmışam.

*  *  *

O qədər yersiz söz götürmüşəm ki,

Kor olub sansımı ötürmüşəm ki,

Fikirdən başımı itirmişəm ki,

Gözümdə qaynayan çay axtarmışam.

*  *  *

Hörmət eləmişəm böyük-kiçiyə,

Valeh olmamışam heç vaxt çiçiyə.

Fikir verməliydim ölçü-biçiyə,

Niyəsə yalandan say axtarmışam.

*  *  *

Çox sakit olmuşam, sayılmamışam,

Hər dərdə dözmüşəm, bayılmamışam,

Aylar elə keçib, ayılmamışam,

Məni sevindirən ay axtarmışam.

*  *  *

Muradın başını heç nə qatmayıb,

Yüz dərdə düşmüşəm, Tanrı satmayıb,

Bəstəboy olmuşam, boyum çatmayıb,

Tanrıya baxmağa boy axtarmışam.

AZƏRBAYCAN

Şükr Allaha Günəş doğdu, otuz illik həsrətinə,

Bütöv oldun, Azərbaycan, göz dəyməsin qüdrətinə!

*  *  *

Baş əymədin səndən zəif, müti, kölə bir dövlətə,

Varlığını qorudun sən, sahib çıxdın qismətinə!

*  *  *

Zəfərinlə sübut etdin, türkə dayaq ancaq türkdür!

Ağılınla dost qazandın,hörmət qatdın hörmətinə.

*  *  *

Qoymadın sən qudurmağa,torpağından yox elədin,

Tez oyandın,yiyə çıxdın, talan olan sərvətinə.

*  *  *

Yağı düşmən qandan qorxdu, dağılışdı tülkü kimi,

Dəmir yumruq çırpıldıqca maskalanmış sifətinə.

*  *  *

Əvvəl səni saymayanlar,bayrağına hörmət qoydu,

Adın gəlcək dik dayandı, şərəfinə, şöhrətinə.

*  *  *

Mərd oğullar qanla yudu,təmizlədi, sahib çıxdı,

Tapdalanmış, ləkə düşmüş namusuna, ismətinə.

*  *  *

Yaşa,var ol,Azərbaycan, möhkəm dayan torpağında

Murad da bir töhvə verdi ,xoş sözünə-söhbətinə.

MƏNİ

(təcnis)

İl ötdü ,yaş keçdi, sularım axmaz,

Gümanım yoxdu ki, yar alar məni.

Sözlərim çəp gəlsə, üzümə baxmaz,

İlan kimi çalar, yaralar məni.

*  *  *

Nə çoxum bəllidi, nə də ki, azım,

Çoxunu yandırdı, içimdə nazım.

Qoymadı yox olum, yolumdan azım,

Təmiz namus məni, yaral ar məni.

*  *  *

Bu qədər ağrıyan özünü asar,

Əl üzər dünyadan, qəm-qüssə basar.

Baxanlar nə bilər, içimdə nə var?!

Dinc qoymaz içimdə yaralar məni.

*  *  *

Ay Murad, kol basdı könül bağımı,

Kim gördü nəşəli, cavan çağımı?!

Yar görmək istəsə ürək dağımı,

Vəsiyyət eylədim, yaralar məni!

GÖRDÜKLƏRİM, BİIDİKLƏRİM.

Bu rəngarəng dünyanın,

Dərd-azarı kiçilmir!

Bu gün qaralır qanın,

Sabah bundan seçilmir!

*  *  *

İnsanlar şeytanlaşıb,

İblisə, cinə dönüb.

Dəli ağıldan çaşıb,

Don geyib, dinə dönüb.

*  *  *

Üst-üstə maskalanıb,

Rənginə rəng bələnib.

Biri cinsini danıb,

Başına kül ələnib.

*  *  *

Rəng qarışıb, bilinmir,

Ağa qara deyilir.

Sular qızmır, ilinmir,

Düzlər beldən əyilir.

*  *  *

Gözümə baxa-baxa,

Aldığı nəfəs yalan!

Hamı çəkilir oxa,

Kimdi kənarda qalan?!

*  *  *

İnsan gülür elə bil,

Ətrafı xoş hal olur.

Bülbül kimi ötən dil,

Dara düşdü, lal olur!

*  *  *

Hara gedir, bu dünya,

Yaxşı nəsə görünür?!

Hamı eynək taxır, ya

Hamı cildə bürünür!

*  *  *

Bu dünya düzəlmədi,

Ya özünü yormadın?!

Tanrım, səsin gəlmədi,

Yəqin ki, bacarmadın?

SUALLAR ???

Həyatı sevib yaşayan,

Niyə mindən yüz kişidir?!

Əzab çəkib, dərd daşıyan,

İnsan- kimin əl işidir?!

*  *  *

Niyə hər an seçilirik,

Əzilirik, kiçilirik.

Ay əzizim, nə bilirik,

Bəlkə dövrün gərdişidir?!

*  *  *

Nədən göz yaşı tökməyən,

Yediyini heç əkməyən,

Ömür boyu dərd çəkməyən,

Minin içindən beşidir.

*  *  *

Doğuldum, böyüdüm, gördüm,

Bir bilmədim nədi dərdim?!

Mən Tanrıya sual verdim,

Yəqin Yaradan eşidir!

*  *  *

Görünəni yerə sərmək,

Yetişdirib, sonda dərmək,

İlahiyə sual vermək,

Tək Muradın vərdişidir.

ALLAHDAN QORXMURAM

Allahdan qorxmuram, çünki ürəyim,

Sakitdir, elə bir sıxıntım da yox!

Bəlli qismətim var, bir pay çörəyim,

Cəhənnəmə dartan, çəkən nəfsim tox!

*  *  *

Nə böyük amacım, nə istəyim var,

Daim şükürlüyəm dünənki günə!

İlahi, sağlıqdan böyük nəyim var,

Onu da sən verdin, borcluyam sənə!

*  *  *

Daha nədən qorxum, nədən çəkinim,

Görəndə əlimdən bir şey gəlməyir.

Nə Ona sözüm var, nə də ki, kinim,

Çünki sabahını kimsə bilməyir.

*  *  *

Gündəlik qayğım var, başım qarışır,

Beynim həftələri, ayları sayır.

İnsan taleyiylə küsür, barışır,

Qismətdə nə varsa, onu yaşayır.

*  *  *

Sürdüyüm ömürdən, gündən razıyam,

Bu ömrü özümə yaşıd sanıram.

Əvvəldən şeirin, sözün bazıyam,

Şeirlə, saf sözlə qidalanıram.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tənha əncir ağacı – Narıngül Nadir

Tənha əncir ağacı
(Səttar Bəhlulzadənin ev muzeyindən esse- reportaj)
Səttar Bəhlulzadə haqqında kifayət qədər obrazlı ifadələr, təriflər, bəlağətli sözlər işlətmək olar və heç biri də bayağı səslənməz. Amma mən bəzəkli təşbehlərdən, metaforalardan, mübaliğələrdən tamamilə uzaq duraraq onun doğulduğu ocağa baş çəkmək, imkan qədər həyatının ağlı-qaralı cizgilərinə nəzər salmaq, nələrisə öyrənmək, nələrisə “kəşf” etmək istəyirəm. Çünki Səttar Bəhlulzadə olduqca sadə insan olub. Nə Moskvada təhsil aldığı tələbəlik illərində, nə çalışdığı mötəbər mədəniyyət ocaqlarında, nə də şöhrəti dünyaya yayılandan sonra “akademik adam” olmaq istəməyib. Ütülü, zəhmli kostyumlar, bərk-bərk düyünlənmiş rəngbərəng qalstuklar, boynu sərt kraxmallı köynəklər onluq deyildi. Həmsöhbətləri də çox vaxt adi insanlar olub. Bu sadəlik həm də insanın özünüdərkindən yaranan böyük sadəlik idi.
O, öz sənəti haqqında danışarkən də iddiasız və təbii idi. Qələmə aldığı gündəliyində belə qeyd edirdi: “Sənət tarixində hökm sürmüş və sürməkdə olan heç bir cərəyanı xoşlamıram. Mənim üçün ən yaxşı cərəyan sənətkar qəlbinin səsidir”.
Təbii ki, fövqəlsənət həmişə sənətkarlıq izmlərindən öndə dayanıb və əsl yaradıcının mütləq şəkildə hansısa cərəyanı yaratmaq iddiası olmur.
Yuxarıda qeyd etdiyim kimi, mən bu yazıda rəssamın ruhunu duymaq, onun həyatıyla bağlı deyilməmiş hansısa detalı, hansısa “müəmmanı” işıqlandırmaq arzusundayam. Elə bu arzuyla da, qeyri-ixtiyari, Bakının küləyini, qumunu, ətrini canına hopdurmuş Əmircan kəndinə- rəssamın doğulduğu ata ocağına üz tuturam. Səttar Bəhlulzadə bu kəndi çox sevirdi, yəqin ki, gözlərinə, ruhuna köçürdüyü ilk təsvir də elə bu kəndin mənzərəsi olub. Dönə-dönə etiraf edirdi ki, Əmircandan bir addım da kənarda yaşaya bilməz, yetim qalar… Öz ruhuna yaxşı bələddir axı…
Əgər fövqəladə Moskva səfərini nəzərə almasaq, onun Əmircandan çıxaraq getdiyi ən uzaq məkan da doğma Azərbaycanın əsrarəngiz bölgələri olub. O, bu bölgələrin gözəlliklərini qələmə alaraq həm də, onların özünəməxsus xarakterini yaradırdı.
“Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, vətən torpağı əsl ilham mənbəyidir”,-deyirdi Səttar Bəhlulzadə.
Amma insan ömrü daha çox ziddiyətlərin vəhdətindən ibarətdir… Rəssamın özündən fərqli olaraq yaratdığı rəsm əsərləri bütün dünyanı: Tbilisi, Praqa, Moskva, Yalta, Minsk, Nyuyork, İstanbul, London, Bonn, Daşkənd və Parisi gəzib -dolaşıb, eləcə də, Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya kimi ölkələrdə sərgilənib.
Qədim Əmircan kəndinin dolanbac küçələrindən keçib ağ, yaxud da boz rəngli qapının qarşısında dayanıram. Qapının üzərindəki lövhəni, əzbərləyirəmmiş kimi, dönə-dönə oxuyram. “Səttar Bəhlulzadənin ev muzeyi”.
Dönüb gözücu küçədəki yanaşı qapılara boylanır, qonşu həyətlərin müxtəlif rəngli qapılarını bir –bir gözdən keçirirəm. “Yox, bu qapı fərqli olmalıdır”, -deyə düşünürəm. Bu qapıya böyük iddialarla gəlmişəm axı…
Həyət qapısından içəri girən kimi birdən-birə işıq selinə düşürəm. Başımı qaldırıb göyə boylanıram. İsti avqust günəşi sanki bütün şüasını bu həyətə tuşlayıb, buranı daha çox işıqlandırır. Bəlkə də, elə bu işıq selinin özündə də bir hikmət var.
Həyətin küncündəki əncir ağacı diqqətimi çəkir. Tək-tənha əncir ağacı…Səttar Bəhlulzadə də tək idi, tənhaydı… Buna tamamilə əminəm. Böyük yazıçımız Anar yazırdı: “Çox tənha olan Səttar həyatı bayram kimi qarşılayırdı”. Çox fəlsəfi fikirdir. Həyatın atəşfəşanlığını, polifonik səslərini, palitrasını görmək üçün tənhalığa çəkilmək mütləqdir.
Əncir ağacından gözlərimi çəkmirəm. Nəfəsimi içimə çəkib sanki heçliyin dibinə enmişəm, ətrafı dərk etməyə çalışıram. Deyəsən, əncir ağacı da heçliyə söykənib…
O qədər də geniş olmayan həyətə daş pilətələr döşənib. Ürəyimdən çəmənlik, ağaclıq, gül-çiçək bağçası görmək keçir. Axı Səttar Bəhlulzadə sehrli fırçasıyla yüzlərlə mənzərə şəkli çəkib, onlara xüsusi ruh verib. “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, Kəpəzin göz yaşları”,”Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı”, “Əfsanəvi torpaq”, “Şahnabat”, “Naxçıvan”, “Axşamçağı Ordubad bağlarında”, “Vətənimin baharı”, “Bakıda atəşfəşanlıq”,”Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən yol”, “Suraxanı atəşgahı”, “Əmircan”, “Neft daşları” və s. Birdirmi, beşdirmi?.. Bu ecazkar rəngarəngliyi ondan başqa kim yarada bilərdi ki?! Onun çəkdiyi təbiət təsvirləri hərəkətlidir, parlaqdır, canlılığı, şuxluğu ilə seçilir. Səttar Bəhlulzadə təbiətin aşiqi, məcnunu idi.
Həyətdəki cansız daş pilətələrin yaratdığı təzadsa durmadan beynimi döyəcləyir…
Ehtiyatla, az qala ayağımın ucunda, mənzil –muzeyə daxil oluram. Mənzildəki əşyaları acgözlüklə gözümə yığmağa çalışıram: üstü qırmızı örtüklü dəyirmi miz, vitrinə qoyulmuş kiçik çay daşları, radioqəbuledici, rəngə bulaşmış molbert, palitra, yataq otağındakı çarpayı, dolab, müxtəlif rəsm əsərlərinin reproduksiyaları…
Divarın ən görkəmli yerindən rəssamın anasına həsr etdiyi portret asılıb: ürəyinin səsiylə, böyük sevgiylə qələmə aldığı portret! Sadə, üz cizgilərindən libasına qədər milli çalarları özündə əks etdirən xanım-xatun Azərbaycan qadını.
Bəlkə, rəssamın elə ən çox zəhmət çəkdiyi, zaman sərf etdiyi portret də budur. Adam öz doğmasını rəsmini ürəyində daşıyır axı… Ürəyinin dərin qatındakını olduğu kimi köçürməksə elə də asan iş deyil.
Əşyaların arasında ilk diqqətimi çəkən rəngə bulaşmış molbertin qarşısına qoyulmuş qurumuş fırçalar olur- sehrli fırçalar… Səttar Bəhlulzadə xarici ölkəyə gedən dost-tanışlarından ona fırça gətirmələrini xahiş edirmiş. Əlimi fırçalara toxundururam. Hərçənd ki, muzeyin eksponatlarına toxunmaq qadağandır. Amma mən ona ən yaxın olan bu fırçalardan rəssamın ruhunu duymağa çalışıram. Fırçalar bir az da Səttar Bəhlulzadə barmaqlarına bənzəyir, arıq, uzun, sehrli… Bildiyimə görə, rəssamın 60-dan çox fırçası olub. Bu fırçalar haqqında xeyli yazı da yazılıb. “Səttar Bəhlulzadə fırçası bizə vətən torpağını vətəndə yaşaya-yaşaya təzədən tanıtdırdı desək, səhv etmərik”. (Ziyadxan Əliyev, Əməkdar İncəsənət xadimi, sənətşünas)
Düşünürəm ki, bu fırçalar xoşbəxt fırçalardır, dayanmadan çalışıblar. Səttar Bəhlulzadə deyirmiş ki, rəssam oldunsa, gərək çox işləyəsən. Deməli, fırçalar öz işini layiqincə görüb…
Rəssamın evinin diqqətçəkən yerində sərgilənən radioqəbuledici və patefonun qarşısında ayaq saxlayıram. Səttar Bəhlulzadə musiqini çox sevirdi. Əsərlərini işləyərkən Baxın, Bethovenin musiqilərinə qulaq asar, tez-tez Asəf Zeynallının “Ölkəm”əsərini zümzümə edərmiş. Təbiidir ki, musiqinin ötürdüyü hisslər onun əsərlərinə də özünü biruzə verir.
Patefonu isə ona ölməz sənətkar Gülağa Məmmədov bağışlayıb.
Rəssamın ayrı-ayrı bölgələrdən toplayıb gətirdiyi sehrli çay daşlarına tamaşa edirəm. Bu daşları toplamaq onun hobbisi olub. Kim bilir, bu daşların daş yaddaşında hansı xatirələr yatır… Çayın köpüklü sularının çoxdan unutduğu bu sahil daşları rəssamın sehrli ovcunda nə qədər xoşbəxt olublar?..
Muzeydəki heç bir əşyanı gözdən qaçırmaq istəmirəm. Buradakı bütün əşyalar rəssamın sadəliyindən xəbər verir.
Böyük rəssamın dünya malında gözü olmayıb, mənəviyyətin bolluğunda yaşamağı daha üstün tutub. Təbii ki, o istəsə, maddi cəhətdən kifayət qədər zəngin də ola bilərdi, amma istəməyib. Çünkü onun daxili aləmi, ruhu, istedadı zəngin idi. Yəqin ki, heç bir maddiyyat bu zənginliyin qarşısında duruş gətirməzdi. Həm də, bu adam olduqca əliaçıq olub. Dövlət tərəfindən ona verilən mənzilin açarlarını o zaman evə ehtiyacı olan, gənc rəssam Tahir Salahova verərək “Mənim evim Əmircandadır, anam, bacım ordadır, sən isə evlənirsən, götür açarları, yubanma, evlən!”-deyib. O, əsərlərinə verilən qanorarlarını uşaq evlərinə, imkanı olmayan gənc rəssamlara verirmiş. Rəsmlərini çox zaman insanlara pulsuz bağışlayırmış.
Bu da Səttar Bəhlulzadənin gündəliklərinin yerləşdiyi vitrin!
Vitrindəki gündəliklər məni maqnit kimi özünə çəkir. Bəs görəsən, rəssam bu gündəlikləri hansı həvəslə yazıb? Bəlkə, beynindəki fikir yükündən xilas olmaq üçün, bəlkə həyatının müəyyən məqamlarına yenidən qayıdıb nəzər salmaq üçün, bəlkə də, başqa düşüncəylə… Görəsən, bu gündəlikdə bilmədiyimiz daha hansı sirlər yatır? Görəsən, bu gündəlikləri nöqtə-vergülünə kimi oxusaq, Səttar Bəhlulzadənin həyatını olduğu kimi öyrənmək olarmı? Beynimdə aydınlaşdırmağa gücüm çatmayan müəmmalar çoxdur. Özümü dərənin dibində dayanaraq dağa tamaşa edən səyyah kimi hiss edirəm.
Təəssüf ki, hələki gündəliklərlə bütöv tanış olmaq da mümkün deyil. Bəlkə də, heç gündəliyə ehtiyac da yoxdur. Axı Səttar Bəhlulzadənin keçmişi az qala əzbər şəklində dillərdə dolaşıb, xatirələri onu tanıyanların yaddaşından süzülərək bir çox detallarıyla yazılara köçürülüb, rəssamın xarakterini cızıb. Qəribədir, mən bunları bilə-bilə, təkidlə daha hansısa çaları axtarıram…
Gözümü hamar, parlaq şüşə vitrinə zilləmişəm. Bütün istedadlı insanlar kimi Səttar Bəhlulzadənin həyatı da heç də bu şüşə kimi hamar, parlaq olmayıb. O zaman rəssamı qısqananlar, paxıllığını çəkənlər də az olmayıb. Onun əsərlərini qəsdən gizlədir, görməzdən gəlirdilər, rəsmlərinin layiq olduğu qanorarı ala bilmirdi. Qanorarın azlığı, gizli şəkildə edilən mənəvi təzyiqlər onu həvəsdən salmırdı.
Görəsən, şüşənin altındakı gündəliklərin təsir gücü nə qədərdir? Onlara əl ilə toxunsam dahi rəssamın ömrünün son günlərində olan yaratmaq həvəsini, Moskvada keçirilən fərdi sərgisində iştirak etmək arzusunu, ürəyinin xoşbəxt döyüntüsünü çatdıra bilərmi? Onun son günlərinin kədərini, amansız xəstəliyin vurduğu zərbənin ağırlığını necə, hiss etdirərmi?
Axı Səttar Bəhlulzadə gündəliyinin bu hissəsi çox təsirlidir…
Taleyin ironiyası deyilən bu imiş. Bir tərəfdən verilən xoşbəxtlik o biri tərəfdən alınırmış. 1973-ilin avqust ayında Sabunçu xəstəxanasında müalicə aldığı zaman Moskvada rəssamın fərdi sərgisi açılırmış. Həkimlər onun təcili şəkildə Moskvaya aparılmasını məsləhət görürlər. Onsuz da rəssamın xəyalı özündən qabaq Moskvada açılacaq sərgisinin yanına uçub getmişdi. O, dostlarına belə etiraf edirdi: “Oğlum yox, qızım yox, evləndirəm, toyunu edəm. Özümün də toyum olmayıb, evlənməmişəm. Yaşımın bu çağında, ömrümdə birinci dəfədir ki, Moskvada sərgim açılır. Ora məni çatdırsanız arzum ürəyimdə qalmaz”. Nə yaxşı ki, onun bu arzusu ürəyində qalmadı, bəlkə də, həyatının ən xoşbəxt anı bu sərgidə iştirak etməyi oldu. Ağır xəstə olan rəssam sentyabrın ikinci yarısında qatarla Moskvaya yola düşür. Bu səyahət həm də onun həyat salnaməsinin son akkordu olur. Sənətşünas Ziyadxan Əliyev bu səfər haqqında belə yazırdı: “O, həm uğurla keçən sərgisində iştirak edir, həm dostlarıyla “Praqa” restoranında bu əlamətdar hadisəni qeyd edir, sonra da N. İ. Piroqov adına xəstəxanada professor Çernousovun cərrah bışağı altına “düşməyə” imkan tapır”.
Muzeyi dolaşdıqca, əşyaları seyr etdikcə həm də öz-özümə hesabat verirəm. Anlayıram ki, deyəsən, Səttar Bəhlulzadə haqqında yazılanlardan, özünün qeydlərindən, deyilənlərdən fərlqli heç nə tapa bilməyəcəm. Açığı, özlüyümdə bir qədər də pərt oluram. Həm də yazımı kövrək notlarla bitirmək istəmirəm.
Nəhayət divarboyu sərgilənən rəsm əsərlərinin qarşısına keçirəm. Səttar Bəhlulzadə rəsmlərinin sehrindən çıxmaq mümkün deyil. Rəsmlərdə rəssamın ruhunu görürəm. Onun çəkdiyi hər bir portret ayrı- ayrılıqda Səttar Bəhlulzadədir. Öz məcrasından çıxıb ucsuz-bucaqsız nəhəyətsizliyə üz tutan, dünyaya sığmayan Səttar Bəhlulzadə və dəyişən, “Kəpəzin göz yaşı”ndakı düçüncəli, “Xəzərdə axşam”dakı romantik, “Azərbaycan nağlı” ndakı sirli-sehrli, “Şahdağ”dakı əzəmətli, “Babək üsyanı”ndakı üsyankar, “Çiçəklənən badam ağacı”ndakı işıqlı, şəfəq saçan ruh… Bu əsərlər həm də girov qoyulmuş bir insan ömrünün qazancıdır. Amma öz aramızdır, çox böyük qazancdır…
Muzeydən çıxıb həyətdəki tənha əncir ağacının altında dayanıram.
Günəş yenə də öz işindədir, qızılı şüaları ilə ağacın yarpaqları arasından bərq vurur. Birdən-birə ürəyimə fərəh yayılır. Özümü Səttar Bəhlulzadənin rəsm qalereyasında hiss edirəm. Həyətin hər tərəfinə rəssamın əsərləri döşənib. Həyət laləzara çevrilib, dünyanın bütün rəngləri burdadır. Dünya bayram edir, dünya nağıla dönüb.
Kim bilir, bəlkə, elə gələcək dünyamızı da bəlalardan, şər qüvvələrdən belə işıqlı sənət nağılları xilas edəcək.

Müəllif: Narıngül NADİR

NARINGÜL NADİRİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ustaclı

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Firuz Mustafa – “Qadın poeziyası” varmı?

“Qadın poeziyası” varmı?

Əlbəttə, söhbət, əsasən, bizim ədəbiyyatdan, bizim poeziyadan gedir.

Bəribaşdan qeyd etmək istəyirəm ki, bu müxtəsər yazıda başlığa çıxarılan suala hökm şəklində (“hə” və ya “yox” deyə) cavab vermək niyyətində deyiləm. Və elə sonrakı mülahizələrim də, əsasən, (yenə də “əsasın”) sual şəklində olacaq.
“Qadın poeziyası” nədir?
Qadınların öz daxili aləmini qələmə alması, yoxsa qadınların poeziyası, yəni onların yazdığı, qələmə aldığı şeirlər?
Əgər qadınlar haqda qadın deyil, kişi şair də yazırsa, bu poetik nümunələr də adıçəkilən mövzuya müncər oluna bilərmi?
Məlumdur ki, dilimizdə cins anlayışını ehtiva edən şəxs əvəzlikləri və şəkilçilər yoxdur. Elə isə bizdə şeir yazan kişiyə “şair”, şeir yazan qadına isə “şairə” demək nə dərcədə qanunauyğundur?
İnkar etmək olmaz ki, qadınlarla, onların daxili aləmi ilə bağlı ən gözəl şeirləri kişi şairlər yazıb. Həmin şeirləri də “qadın poeziyası” nümunəsi hesab etmək olarmı?
Bəlkə “qadın poeziyası”nın əsl nümunələrini nə qadın, nə də kişi tekstlərində deyil, hansısa hibrit və ya qeyri-müəyyən “orta cinsin” yaradıcılığında aramaq lazımdır?
Rus tənqidçilərinin bir çoxu deyir ki, onların ədəbiyyatında “qadın nəsri” (yəni “qadın prozası”) var, amma “qadın poeziyası” mövcud deyildir. Əlbəttə, bunu məhz hamısı yox, “bir çoxu” deyir. Bəs bizdə bu sahədə vəziyyət necədir?
Bəli, siyasətdə, elmdə, təsərrüfatda, peşələrdə “qadın-kişi” bölgüsü az qala yox dərəcəsindədir. Bəs poetik “bölgüdə” necə, belə bir “ayrıseçkilik” varmı? Bəlkə belə “bölgü” aparmaq yersizdir, yanlışdır?
Poeziyada cinslərdən dolayı psixologiya, fiziologiya, psixofiziologiyanın hansısa bir rolu varmı? Bəlkə poeziyada, ümumiyyətlə, ədəbiyyatda heç yerli-dibli “cins” anlayışı olmamalıdır?
Poeziyada lirik qəhrəman “biz” çoxluğuna, yoxsa “mən” fərdiliyinə üstünlük verməlidir? Başqa sözlə, lirik mənin “ümumiliyi”, yoxsa “xüsusiliyi” aparıcı olmalıdır?
Gender probleminin “poetik həllində” kim daha “irəlidədir” – kişi, yoxsa qadın şairlər? Bəlkə bu sahədə də “bərabərlik”, “balanslaşma” mövcuddur?
Bir də görürsən ki, hansısa bir “şairə” (yəni qadın şair) öz sevimlisinə “canım, gülüm, şirinim-şəkərim, həyatım, mələyim”- deyə, difiramba dolu müraciətlər ünvanlayır və onda istər-istəməz düşünməli olursan ki, yəqin bu xanım ya hansısa kişini imitasiya edir, ya da ki, kişi “duyğuları” ilə yaşayır. Elə deyilmi? Və ya bəlkə bu cür “əzizləmələri”, “oxşamaları” da məqbul hesab etmək lazımdır?
Qadın qəlbinin gizlinlərinə baş vuran dahiyanə poetik nümunələr var və həmin nümunələrin müəllifi kimi, ilk növbədə məhz qadın şairlər yada düşür. Bu mövzu üzərində gəzişərkən biz istər-istəməz, məsələn, rus poeziyasında Svetayeva, Axmatova və Axmadulina, amerikan poeziyasında Emili Dikson və Marianna Mur, Ukrayna poeziyasında Lina Kostenko, yapon poeziyasında İbaraqi Noriko, macar poeziyasında Sabina Uqi, fransız poeziyasında Luiza Berten və Broda Martina, gürcü poeziyasında Nino Darbaiseli… kimi isimləri xatırlarmalı oluruq.
Vaxtilə məşhur Anna Axmatovanın məşhur bir şeirində belə misralar vardı:
«Я научила женщин говорить…
Но, Боже, как их замолчать заставить!»

(“Danışmaq öyrətdim mən qadınlara…
Tanrı, bəs susmağı kim öyrədəcək!”)

İndi bizdə də danışmağı öyrənən (və ya öyrənməyən) xeyli qadın şair var. Amma yazmağı (və ya yeri gələndə susmağı) öyrənənlər necə, çoxdurmu?

Əlbəttə, poeziyada və ümumiyyətlə, ədəbiyyatda mövzular “qadın-kişi” paradiqmaları üzrə bölünməyib. Məsələn, vətənpərvərlik, hərb, təbiət, dostluq, düşmənçilik… mövzusunda hər iki cinsin nümayəndələri yaza bilər və yazırlar da. Amma bu mövzulara yanaşmada fərqli nüanslar olmalıdır, yoxsa yox?
Niyə gizlədək, bizim poetik şifahi xalq ədəbiyyatında, folklor nümunələrində kişi və qadın “fərqi” daha aydın görünür. Belə ki, eşitdiyimiz poetik parçanın kim tərəfindən səsləndirildiyi, yəni onun naməlum müəllifinin kişi və ya qadın olduğu anındaca, elə az qala ilk misradan bilinir. Amma yazılı ədəbiyyata belə bir bədii-psixoloji-estetik-etik “sərhədd situasiyası” nadir hallarda nəzərə çarpır.
Yenə sözümün əvvəlinə qayıdıram. Poeziyanın “cinslərə” ayrılması nə dərəcədə doğru hesab edilə bilər? Bəlkə belə bir konkret “bölgüdənsə”, “ümumən” poeziya haqqında danışmaq daha məqsədəuyğundur?
Zənn edirəm ki, səslənən sualların cavablandırılmasında təkcə poetik təsərrüfatda külüng vuran şairlərin, tənqidçilərin və ədəbiyyatçıların deyil, ədəbiyyatı sevən, duyan, qiymətləndirən oxucuların da fikirləri maraq doğura bilər.

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tural Cəfərli – 44 NÖMRƏLİ PALATA

44 NÖMRƏLİ PALATA

Həkim Güləliyevin üzündə donub qalan təbəssümün ağrıya çevrilməsindən bir az ötmüşdü. Cərahiyyə masasındakı əsgərin sol qolunu qəlpələrdən təmizlədikcə damarları soxulcan kimi tərpənir, təzədən yerinə qayıdırdı. Yarım saat bundan qabaq palataya köçürülən polkovnik Paşayevin yaxınları üstündən barıt qoxusu hələ getməyən zabiti görüb sakitləşdilər.
Xəstəxana dəhlizində labirtinə düşən qohumlar, boz dəsmalla gözünün suyunu silən qocalar, əlində telefon qurdalanan cavanlar olub-bitənlərdən hələ xəbərsiz idilər.
Əsgər Ağayevin ürəyi kəfkirli saat kimi işləsə də, əzaları sanki ətçəkən maşınından keçmişdi… Qara xəbərlərin içində ağ xalatlıların hər gəlişi bir dünyanın varlığı və ya yoxluğu haqqında məlumat demək idi.

– Cek London, Drayzer, Tven…- Əsgər Ağayevin xırıltılı səsi bir andaca palatadakı sükutu pozdu. Ağrıdan dodaqlarını gəmirən Ağayev gözünü tavanda hörümçək toruna zilləyib sayıqlamağa başladı.

– Su, su, su verin… Ağayevin səhra çölünü xatırladan dili ilan kimi qıvrılır, davamında söyüş və qışqırıqlar eşidilirdi… Tibb bacısı dəmir stəkandakı suyu Ağayevə sarı uzatdı. Bir qurtum içib, dayandı. Ətrafa göz gəzdirdi. Hər tərəf ağ pambıq kimi görünürdü…
Ağayev Filologiya fakültəsini keçən il bitirmişdi. Elə Aytacı da fakültədə görüb sevmişdi. Magistraturaya qəbul olsa da, maddi çətinliklərdən dolayı təhsilini davam etdirə bilməmiş, ancaq ümidini də üzməyib hərbi xidmətə yollanmışdı. Beləliklə hərbi xidmət və taleyinə yazılan qanlı müharibə…
Əsgər yoldaşlarını soyadlarına görə yox, sevdiyi yazıçıların adları ilə çağırardı. Məsələn, əsgər Məmmədova Mark Tven, əsgər Dadaşova Drayzer, əsgər Cəfərova Cek London deyə müraciət edirdi. Bunu bölük komandiri kapitan İsayev də sezmişdi. Belə müraciət xoşuna gəlsə də, əsgər Ağayevə bunu ümumi vəziyyət üçün qadağan etmişdi…
Bir dəfə hərbi hissəyə yoxlama gəldi. Əsgər Ağayev yaraşıqlı, qamətli olduğu üçün həmişə ön cərgədə dururdu. Yoxlama rəisi polkovnik Paşayev qəfil Ağayevə yaxınlaşıb soruşdu:
-Əsgər, kitab oxuyursan?
-Bəli, cənab polkovnik- əsgər Ağayev özünü itirmədi.
-Kimləri oxuyursan?
-Əsasən klassikləri. Tolstoyu, Drayzeri, Çexovu… Ağayev başını daha da dikəltdi.
Polkovnik bığaltı gülümsəyib, razılıq əlaməti olaraq əlini Ağayevin çiyninə vuraraq onu təbrik etdi. Bu hadisə bütün alaya yayıldı. Hərbi hissənin kitabxanasını əsgər Ağayevə tapşırdılar. Deyilənə görə bunu şəxsən polkovnik Paşayev əmr etmişdi…

27 sentyabr… Səhər “Qalx” komandası bu dəfə daha həyəcanlı və vahiməli səsləndi. Alay döyüş hazırlığı vəziyyətinə gətirildi. Əsgər Ağayev kitabxanaya baş çəkib dərhal geri qayıtdı. Əlində Tolstoyun kitabını görən kapitan İsayev əsəbləşdi:

-Ağayev, kitab oxumağa getmirik. Silahını götür, kaskanı da unutma!
Əsgər Ağayevin qaşları çatıldı. Cəld yaxasını açıb, kitabı sinəsinə qoydu. Silahını götürüb, dəmir kaskanı başına keçirdi.
– İrəli, addımla marş!-Kapitan İsayev var gücü ilə bağırdı. Səsinin vahiməsi müharibənin sərt üzündən xəbər verirdi…
– “Birinci” mən “Şahinəm” necə başa düşdün qəbul….
-………………..
– Birinci, birinci!!!
-Birinci qəbulda!
-Biz kəndi aldıq, kənd bizdədi…. Necə başa düşdün qəbul!
-……..

Xəstəxana həyətində skamyanın yanında bardaş qurub oturan yaşlı kişi siqaret tüstüsündən saralmış bığına sığal çəkib zikr edirdi. Halından belə məlum olurdu ki, özünü tamamən unutmuşcasına soyuq və halsız idi. Pencəyinin yaxası qədimi orden və medallarla dolu olan bu adamın elə bil üstündə dəmirdən çiçəklər açmışdı… Heç kim ona fikir vermir, yanından yel kimi ötüb keçirdi, heç kim bu pərişanlığın fərqinə varmırdı…
Yaralı əsgərlərin yaxınları əllərini boş ciblərinə salıb çıxarır, baxışlarında közərən ümidlərini dən kimi ətrafa səpirdilər. Palatada zarıltı səsləri artırdı, əl-ayağa dolaşan xadimələr acığını pol dəsmalını döşəməni bərk-bərk silməklə çıxmağa çalışırdı…

Tibb bacısı həyəcanla səsləndi:

– Aaa, işə bax, Mark Tven topa güllə qoyandı. Hələ Drayzerə bax, snayperçidi. Əsgər Ağayev dəli kimi gülməyə başladı. Kapitan İsayev bunu görüb Ağayevə tərəf qaçdı.
– Özünə gəl, Ağayev, pusquya düşmüşük. Cəld ol!!!-Ağayev özünə gəldi. Tez silahını götürüb irəli atıldı.
Mark Tvenin ayağını qoparan qəlpə əsgər Ağayevin qoluna girmişdi. Ağayev qolundan həmin qəlpənin bir hissəsini çıxarıb cibinə qoymuşdu. Bundan sonra qanaxması dayanmadı. Sanitarın üzündəki dəhşət ifadəsi böyüməyə başladı…
Aytacın telefonuna gələn sonuncu mesajdan sonra halı xarab olmuşdu. Kirpiklərinə şeh düşmüş, ala gözləri dan yeri kimi qızarmışdı. O nişanlısının yaralı bədəninə toxunduqca titrəyir, aya bənzər bənizi qəmin xəzanında saralırdı. Hərbi xidmətinin bitməsinə cəmi bir ay qalmışdı. Cəmi otuz gün. Otuz gecə. Həsrətin, ayrılığın bitməyən otuz təqvim günü- sanki sonsuzluq kimi görünürdü.
İndi isə o nişanlısının soyuq bədəninə duyğularını, hisslərini, sevgisini ötürmək istəyir, sızıldayan ağrılarına məlhəm olmağa çalışırdı…
Palata qırx dörd… Tibb bacısının üzünə qonan kədərin iki adı vardı: “Olum və ölüm”… İkincini heç kim eşitmək istəmir, o yan bu yana var-gəl edir, addımlarını sürətləndirib bunu sanki özlərindən uzaqlaşdırmağa çalışırdılar .
Cərahiyyə otağından qara bulud kimi dolub çıxan baş həkimin ağ xalatında ağ nöqtələr güclə sezilirdi. Həmin gün baş həkim Abbasov rəsm emalatxanasından çıxan rəssam kimi üstü al-qırmızı rəngə boyanmışdı, soyuq tərin içində buza dönən üzünü hamıdan gizlətməyə çalışırdı…

Əsgər Ağayevin nişanlısı Aytacın söyüd salxımı kimi çiyninə düşən saçları bir ayın içində ağardı. Əlində Ağayevin cibindən çıxan qəlpəni saxlayır, onunla yatıb, onunla durur, hamıya qəlpənin tarixçəsindən danışırdı. Bir ara qohum-əqrəba qəlpəni gizlətmək istədi, ancaq Aytac qəlpəni qoynuna basıb bütün varlığı ilə onu özündə saxlayırdı…
Həkimlərin bütün səylərinə baxmayaraq əsgər Ağayevin yaşamaq eşqi ilə vuran ürəyinin döyüntüsü kilidlənmişdi. 1 saylı uşaq evində böyüsə də, yetimliyini bildirməz, özünü hamıdan çox atalı-analı kimi göstərərdi…
Nə Aytacın büllür kimi göz yaşları, nə də yaxınların duaları kömək olmadı. Dəfn günü güclü qar yağdı. Hər yan ağ pambıq kimi idi… Aytacın göz yaşları kirpiklərində buzlayıb, donmuş şəlaləni xatırladırdı…


“Bir azdan öləcəm. Lap az vaxtım qalıb… Kimə nə deyim, kimi çağırım bu son anımda?” Dəftərin axırıncı vərəqindəki yazı bu sualla başlayır…
Mərmi yağış kimi yağırdı. Birdən uzaqdan ayağı qucağında uzanan Mark Tven göründü, arxasında sağ qoluna sarı uzanan Drayzer də orda idi… Cek London üzü səmaya sarı gülümsəyirdi. Sanki buludları izləyir, nəsə xəyal edirdi…
Bitdi… Post bizdədi. Qələbə! Eşidirsən Drayzer, eşidirsən Mark, eşidirsən Cek London? Eşidirsiz? Post bizdədi… Qə-lə-bə…!!!


Müəllif: Tural Cəfərli

TURAL CƏFƏRLİNİN YAZILARI

ƏSƏD CAHANGİRİN LAYİHƏSİ

HEKAYƏ MÜZAKİRƏSİ

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu – “BAKIYA YAĞIŞ YAĞIR”

“BAKIYA YAĞIŞ YAĞIR”

Kövrəklik sınaq gəlib,
Göz yaşı qınaq gəlib.
Yol verin, qonaq gəlib,
“Bakıya yağış yağır”.

Buluddan köynək biçib,
Mavi Xəzərdən içib.
Bibiheybətdən keçib,
“Bakıya yağış yağır”.

Dincəlməyib səhərdən,
Nə duman, nə çiskin, çən.
Bayıldan Narginəcən,
“Bakıya yağış yağır”.

Sevindim bəhərinə,
Qəmləndim qəhərinə.
Küləklər şəhərinə,
“Bakıya yağış yağır”.

Şeirimin hər bəndi
Söz-söz islanıb dindi.
Adı Əzizənindi,
“Bakıya yağış yağır”.

Küçələri yuyacaq,
Qəzənfəri duyacaq.
Yağıb-yağıb doyacaq,
“Bakıya yağış yağır”.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sevindik Nəsiboğlu yeni kitabını təqdim edib – Fotolar

Bu gün “Zəfər Yolu” İctimai Birliyinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində məktəbli şair-publisist, AJB üzvü Sevindik Nəsiboğlunun Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə və “Heydər Əliyev ili”nə həsr etdiyi “Ulu Öndərin işığında” adlı kitabının təqdimat mərasimi keçirildi.
Təqdimatda filologiya elmləri doktoru, professor Asif Rüstəmli, “Zəfər Yolu” İctimai Birliyinin rəhbəri Pərvanə xanım Salmanqızı, “Zirvə” İslahatlara Dəstək Mərkəzi İB-nin sədri Elçin Axundzadə, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə xanım Əmirquliyeva, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Ruhiyyə xanım Poladova, DAMM-ın Ekspertlər Şurasının rəhbəri Nəzakət xanım Əhmədova-Kərimova, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, müəllifin sinif rəhbəri Aynurə xanım Zeynalova, qazi Ramiz Yusubov, qazi İsa Musayev, “Gün.az” saytının baş redaktoru Rəsmiyyə xanım Heybətağaqızı və başqaları iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Ulu Öndərimizin və Vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva qonaqları salamladıqdan sonra Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın rifahı naminə gördüyü mühüm işlərdən geniş bəhs etdi. Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə xanım Eldarqızı idi.
Çıxış edənlər gənc yazarın çoxşaxəli yaradıcılığını çoxdan izlədiklərini, onun bu az yaşında böyük işlərə imza atdıqlarını söylədilər. Müəllifin yazdığı “Qarabağ Marşı”, “Ata, ruhun şad oldu!”, “Ulu Öndər yadigarı” və şəhidimizə həsr etdiyi “Qarşıla məni, Ana!” adlı şeirlərini səsləndirdilər, ona uğurlar arzu etdilər.
Tədbirdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Ruhiyyə xanım Poladova DAMM-ın Gənclər Birliyinin sədr müavinliyi vəsiqəsini müəllifə təqdim etdi. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac isə gənc müəllifi ardıcıl ədəbi uğurlarına görə “İsa Muğanna” adına diplomla təltif etdi. Tədbirin bütün iştirakçıları Ulu Öndərimiz Heydər Əliyevin dahi lider olduğunu söylədilər. Sevindik Nəsiboğluna uğurlar arzu etdilər. Gənc müəllif çıxışında tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdi, yeni kitabını imzalayaraq qonaqlara hədiyyə etdi. Xatirə şəkilləri çəkdirildi.

Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabının annotasiyasını izləyicilərimizə təqdim edirik:
“Tanınmış şair-publisist Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabı Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli Liderimizin həyat yolundan, Vətən naminə apardığı mübarizələrdən bəhs olunur. İstedadlı müəllif kimi tanınan 15 yaşlı Sevindik Nəsiboğlunun oxuculara təqdim olunan yeni kitabının əsas məziyyəti lider-xalq, lider-vətən münasibətlərinə sevgi ilə güzgü tutmasıdır. İnanırıq ki, kitab oxucuların marağına səbəb olacaq”. Tədbirdən fotolar:

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cümə gününüz mübarək olsun.

Bir zindan evidir bu fələк – hasar,
Dövrəsində yatmış bir əjdəha var.
Qalmaq əjdəhayla nəfəs-nəfəsə
Qəmginliк gətirər, əlbət, hər кəsə.
Əjdəhayla dostluq olmaz bu qədər,
Bəhmən кimi burda yaşadım, yetər.
Ölməкdən bəlкə də bir fayda olmaz,
Yeddi əjdəhadan olarsan xilas.
Nə dözüb qalırsan bu viran кənddə,
Boynun zəncirdədir, ayağın bənddə.
Bir şey кi, öləndə düşmənə qalar,
Onu bəzəməyin nə mənası var?
Bu sel axınından qurtar hörmətlə,
İsaya ehtiram, eşşəyə sillə!
Yamanlıq etməкdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pisliкdir ancaq.
Ağaca, quşlara diriliк verən
Göyərən nəbatı heç unutma sən.
Ağacı yıxanlar tez yıxılarlar,
Ovçunun axırı dilənçi olar.
Bayrağını sal кi, azdır həyatın,
Cilovunu çəк кi, axsaqdır atın.
Məzara qədərdir bütün bu dövlət,
Övlad, qadın, bu mülк, bu mal, bu qüdrət.
Səninçün qəmlənər bəlкə də hər кəs,
Laкin o səninlə torpağa girməz.

Nizami Gəncəvi (Xosrov və Şirin)

Hazırladı: Babayev Hikmət

“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Feyruz Muradovun kitabı çap olundu.

Yazıçı Feyruz MURADOVun “Müəllim ” nəşriyyatında “Xalq artistinin atası Mirzə Xəlil kim idi?” adlı hekayələr kitabı çap olunub.

Kitabda Xalq artisti Rübabə Muradovanın atası Mirzə Xəlilin Ərdəbil şəhərində göstərdiyi siyasi fəaliyyəti və 1946-cı ildə Şimali Azərbaycana mühacirət etdikdən sonrakı illərdə keçdiyi həyat yolu haqda söz açılır.

Bundan başqa onun böyük qızı Rübabə Muradova, kiçik qızı Mahrux Muradova haqda əvvəllər məlum olmayan faktlar sənədli hekayələrdə öz əksini tapıb.

Kitabda müəllifin “Acınacaqlı ölüm” , ” Oğru qadın”, Açıq qalan pəncərə cəftəsi” və “Məkrli adam” hekayələri, “Yanlışlıqdan reallığa”, “Tanınmış sözü , ağsaqqal məsləhəti”, və “Böyük yazıçıları inkar edənlər” kimi esseləri də var.

FEYRUZ MURADOVUN YAZILARI

“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru