
Bu gün çox istedadlı şair, rəssam Adil Mirseyidin doğum günüdür.
Ruhu şad olsun…
Özgə Zamanın şairi, Adil Mirseyid…
Oxucuların xoşbəxt saydıqları şairlərin taleyində xoşbəxtlik anlıq olur.
Şairlər tək bir insan ömrü yaşamırlar. Şairlər çox insan ömrü yaşaadıqlarından öz ömürlərini yaşamağa vaxtları qalmır. Şair ömrünün pis günü yaxşısından çox olur. Özgə ömürlərin dərdləri şair ömrünü yeyib talayır. Özünə nə zaman, nə də həvəs qalır yaşamağa. Bu şair ömrüdür, şair taleyidir. Ona “niyə belə yaşadın”, – deyə bilməzsən.
Sən şair taleyi yaşadın, qardaş. Amma bu məmləkət bir az fərqlidir. Sən həm də rəssam ömrü yaşamalı oldun. Ona görə də sənin işin bir az da ağır oldu…
Doğrudur, adamı özündən yaxşı heç kim tanıya bilməz. Mən Adili ən yaxşı tanıyanlardanam. Adilin dairəvi eynəyinin arxasından o xırda, iti gözlərinin nələr gördüyünü, nələr anlatdığını, nələr demək istədiyini yaxşı anlayırdım. Onun nələri etdiyindən, nələri etmək istədiyindən, etmədiyindən xəbərdaram.
Biz başından istifadə ediləsi adamın əlindən, ayağından; əlindən, ayağından istifadə ediləsi adamın başından istifadə edirik.
Adil Mirseyid başqa bir məmləkətdə yaşasaydı dəyəri başqa olardı. Daha çox tanınardı. Təbii ki, həyat tərzi də fərqli olardı.
Adil son vaxtlar gördüyü qarlı, şaxtalı günlərin sayının çoxluğundan üşüməyə başladı. Qışda cins kürkdən paltoya keçdi. Yayda pencəyə. Qızmadı. Çünki artıq könlü də üşüyürdü. Amma könlündən küsmədi. Artıq son günlər can ağrılarına tab gətirə bilmirdi. Onu sıxan, incidən, küsdürən ağrılar da bir tərəfdən.
Mənə zəng edəndə çox danışmazdı. “Salam. Necəsən? Hardasan? Yarımsaatdan sonra Nərimanov parkında olacam”, – deyib, danışığı kəsərdi. Bilirdim ki, görüşmək, söhbətləşmək istəyir. Saatlarla oturub söhbətləşərdik.
Adil, bu gün Nərimanov parkına gəldim. Həmişə məni gözlədiyin, var-gəl etdiyin yerə. Yalquzaq kimi gəzdim oraları. Mənə elə gəldi ki, hamı mənə baxır. Mənim təkliyimə. Ağacın altındakı çayxanada (Adil oranı belə adlandırırdı) oturdum. Həmişəki kimi bu dəfə “kəkotulu çay” sifarişi olmadı. Qəhərdən boğuldum. Tez durub çıxdım “məni öyrəşdirdiyin” çayxanadan. Artıq bütün çayxanalardan qaçıram. Daha sənsiz qalan çayxanalar məni özünə çəkmir. Darıxdırır, qovur, itələyir məni oralardan.
Əvvəllər həftədə bir dəfə içalat kababı yeməyimiz vardı. Sənin üçün bu daha rahat idi deyə. Sonralar içalatın səni yedi. İndi mən içimi yeyirəm.
Adil əqidəsinə, yoluna, ədəbiyyata, poeziyaya sonadək sadiq qaldı. Dəyişmədi. Bundan sonra da heç dəyişməz.
Adilin ürəyincə olmayan, əlacsızlıqdan etdiklərinin mənəvi peşmançılığının acısını necə yaşadığını da görmüşəm…
Sonuncu gecə iynənin belə sənə təsir etmədiyini görüncə halım dəyişdi. Yaddaşımda həmişə sənin əvvəlki kimi qalmağını istədim. Hərdən eynəyini bir az geri itələyib şirin-şirin danışan; “Gəl bir Torqovını gəzək”, – deyib, danışa-danışa mənimlə asta-asta addımlayan Adil kimi…
Son gecə sənin ağrılarına dözə bilmədim. Evinizdən bilmədim necə çıxdım. Heç düşünməzdim ki, 5-6 saatdan sonra sənin həyat saatın dayanacaq. Səninçün dayanan, bizi səndən ayıran, döyən saat.
Amma mənə yenə də elə gəlir ki, sən hansısa çayxanada hamısı səni tanıyan çayçıların birinə çay sifariş verib, söhbətə başlamısan… Dünya ədəbiyyatı, mədəniyyəti, incəsənətindən kimlərisə bilgiləndirirsən. Qızışan məclisdə söhbət şeirdən, əsl poeziyadan, esselərindən gedir.
nə cavan ölmək istərəm
nə də yüz il yaşamaq gələr ağlıma – deyirdin.
Emersonun “hər ağızda bir dua var” fikrini də tez-tez işlədirdin.
“Vağzallarından tanınar şəhərlər”, söyləyən Adil olanlarını götürüb Ləki vağzalından Bakı vağzalına gəlmişdi. İndi də içində, beynində, yaddaşında qalanlarını – yazmadıqlarını, demədiklərini, neçə-neçə kitablıq yazıları özüylə Ağdaşa apardı. Dolu gəldiyi kimi dolu da getdi. Nə qədər ideyalar, layihələr, fikirlər, şeirlər ürəkdə, beyində qaldı. Beşikdə öldü. Oxunası Adil Mirseyid oxunmamış qaldı. Maraqlı söhbətlər, əksəriyyətin bilmədiyi məlumatlar Adillə getdi.
Adilin apardığı, qoyub getdiyindən çox oldu.
Adil bizim zamanla uzlaşmayan özgə bir Zamanın adamı idi.
İşığı özündən uzaqlara düşən, şam kimi əriyən şair idi, Adil Mirseyid. Gün-gün, il-il əridi…
Adil Mirseyid şair kimi taleyi ilə oynadı.
Tənhalığı sevən Adil Mirseyid son gedişi ilə bizi tənha qoydu.
“Şair ömrü yaşamaq, qaranlıqda qıl körpüdən keçmək kimi bir şeydir”, – deyirdi Adil Mirseyid.
Aparan kimi apardığını bildi. İtirən itirdiyinin fərqindədirmi?!
Bulud adam, Güzgü adam, Nəgmə adam qara lentli şəkildən boylanan adam oldu.
Ağdaşda sonuncu kitabına son kərə ürək sözlərini yazıb bütün yazdıqlarını bizlərə bağışlayırdı…
Olanını bağışlamağı sevən Adil Mirseyid.
Ruhun şad olsun, qardaş…
аdil mirsеyidin аkvаrеlləri
uzаqdаn dənizə qоvuşаn
sеvdаlı buludlаr
аdil mirsеyidin аkvаrеlinə köçəcək bir аzdаn
sоnrа dа dоlub dоlub bоşаlаcаq
yumаq istəyəcək
gümаnı yаğışа yаğmurа qаlаn
bu məmləkətin günаhlаrını
yа dа qəfil gələn rüzgаr
qоvub аpаrаcаq
əlində fırçа tutmuş
bir divаnə rəssаmın
ümidləri üstünə
buludlаrın оvqаtı
qаrışıb rəssаmın оvqаtınа
köçəcək rənglərin yеddinci qаtınа
bu bаşqа bir mənzərədi
rəssаmın аkvаrеlində
hüznlü göyüzü və biz
təkcə аdil mirsеyidin аkvаrеlində qаlаcаq
sеvdаlı buludlаr
аğ-qаrа ümidlər
bir də gözünü göy üzünə dikən dəniz
21.12.2004
Daha bundan sonra heç nə köçməyəcək sənin akvarelinə, Adil Mirseyid.
Köçəsilər köçürənlə köçdü…
22.07.2014
Müəllif: Rəfail TAĞIZADƏ.
YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru