
POEMA
XAN QIZI NATƏVAN
proloq
Canım-gözümsən, ay Şuşa,
Cənnət-məkansan, ay Şuşa!
Anamın əziz vətəni,
Onuntək sevmişəm səni!
Xoşbəxt analı günlərim,
Uşaqlıq, gənclik illərim,
Keçib bu gözəl diyarda,
Şeir-sənət ocağında.
Qarış-qarış çox gəzmişəm,
Tarixini öyrənmişəm.
Dilbər guşə Qarabağda,
Gəlsən, görərsən Şuşada.
Zümrüd rəngli uca dağlar,
Onu dövrəyə alıblar.
Hər fəsildə bir don geyir,
Sözünü rənglərlə deyir.
Üzük üstə parlaq qaşdır,
Qarabağın baş tacıdır.
Əlvan-əlvan çiçəkləri,
Bəzəyir dağ-çəmənləri.
Qayalarda kəklikotu,
Çiyələyi, moruq kolu,
Meh əsdikcə, ətir saçır,
İnsanın könlünü açır.
Quşlar baxıb nəğmə deyir,
“Cıdır düzü” gülümsəyir.
Tarixini vərəqləyir,
Görək, bizə nə söyləyir?!
Sirlər yatır Qarabağda,
Mərd igidlər torpağında.
Mədəniyyət, incəsənət,
Neçə-neçə gözəl sənət,
Mayasını burdan alıb,
Dünyaya səs-soraq salıb.
Ustad yazıçı, şairlər,
Bəstəkarlar, xanəndələr,
Bu diyarda göz açıblar,
Xarüqələr yaradıblar…
Aylı gecə, “Cıdır düzü”,
Ulduz dolu göyün üzü.
Seyr edəndə şair gözü,
Dilə gəlir qəlbin sözü.
Yazanda mən poemanı,
Natəvanın həyatını,
Çəkdiyini yaşamışam,
Göz yaşları axıtmışam.
O, on doqquzuncu əsrdə,
Şuşada, dilbər guşədə,
Yaşayıb, həm yaratmışdı,
Çox gözəl izlər salmışdı.
Unudulmur səxavəti,
Dildə gəzir mərhəməti.
Xan qızı – dövlət xadimi,
Yaşatdı məktəbi, elmi.
Şair, həm də, rəssam idi,
Nəfis tikmələr tikirdi.
Şeirləri, qəzəlləri,
O xeyirxah əməlləri,
Könülləri fəth etmişdi,
Ona şöhrət gətirmişdi.
Şuşanın güllü dağları,
Buztək sərin bulaqları,
Ağ daş döşənmiş yolları,
Qədim məscid binaları,
Parkları, meyvə bağları,
Su anbarı, hamamları,
Xan qızından söhbət açır,
Keçmişləri yada salır.
Həzin-həzin pıçıldayır,
Sanki kaman segah çalır…
Oxuduqca şeirləri,
Alovlanan qəzəlləri,
Kədərlənib, kövrəlmişəm,
Pak ruhuna baş əymişəm.
BİRİNCİ HİSSƏ
Min səkkiz yüz otuz iki,
Vaxtı gəldi talehdəki.
Altısı avqust ayında,
Cənnəti-məkan Şuşada,
İbrahim xanın nəvəsi,
Açdı gözün, gəldi səsi.
Göydə ulduzlar parladı,
Qızcığazı salamladı.
Mehdiqulu Xan qızını,
Ətraf çəkirdi nazını.
“Dürri-yekta” – deyirdilər,
Varis hesab edirdilər.
“Tək inci”-dir söz mənası,
Əzizlədi el-obası.
O, yeganə övlad oldu,
Alicənab insan oldu.
Yox idi qardaş-bacısı,
Çox çəkdi təklik acısı.
Öncə iki körpə ölmüş,
Xan evini dərd bürümüş.
Hər ikisi oğlan olub,
“İmarət”də dəfn olunub.
Mehdiqulu xan bir səhər,
Ova gedirdi birtəhər.
Qocalmışdı, axsayırdı,
Ovdan da ləzzət alırdı.
O, min səkkiz yüz qırx beşdə,
“Soltanbud”un meşəsində,
Həvəslə ov edən zaman,
Zalım fələk etdi yaman.
Atdan yerə bərk yıxılıb,
Kürəyindən yaralanıb.
Bu dünyadan belə köçdü,
Xan qızı göz yaşı tökdü.
Bu, ona ilk zərbə oldu,
Həyatının rəngi soldu.
On üç yaşda varis idi,
Anasına dayaq idi.
Xurşidbanu təhsil aldı,
Dillərə çox meyil saldı.
Gecə-gündüz çalışırdı,
Hər zəhmətə alışırdı.
Danışırdı fransızca,
Oxuyurdu ərəb, farsca.
Mirzə Ruhulla dərs dedi,
Şeir, qəzəli sevdirdi.
Öyrənirdi Nizamini,
Nəvaini, Füzulini.
Gənclik dövrünə çatanda,
Qönçələnib, gül açanda,
Gözəlliyi dildə gəzdi,
Bəxti daşdan-daşa dəydi.
O, min səkkiz yüz əllidə,
On səkkiz yaşın içində,
Məcburən ailə qurdu,
Ad-sanını uca tutdu.
Çar generalı Voronsov,
Mirzə Fətəli Axundov,
Bu nigahı təklif etmiş,
Xasay xana yol göstərmiş.
Axundov da tanış edib,
Xeyir-duasını verib.
Ərə getdi Xasay xana,
Adlı-sanlı bir insana.
Rütbəsi çar generalı,
Əsli-kökü Dağıstanlı.
Sevimlisi olmuş elin,
Silahdaşı Şeyx Şamilin.
Bəylər bundan gileylənir,
Hərəsi bir söz söyləyir.
Qohumu Qasım bəy Zakir,
İzdivaçı bəyənməyir.
Xasay xana lağ eyləyir,
Adına “kor Xasay” deyir.
Xasay xan heç kor deyildi,
Sağ gözü az ləkəliydi.
O, davada zədələnmiş,
Sonralar yaxşı görərmiş.
Xurşidbanu ana oldu,
Oğlu, həm də qızı oldu.
Mehdiqulu, Xanbikəni,
İki gözəl mələyini
Əzizləyib, çox sevirdi,
Göz üstündə bəsləyirdi.
Knyaz Xasay xan Usmiyev,
Tikdirmişdi vətəndə ev.
Həyətində gül-çiçəklər,
Qızılgüllər, bənövşələr.
Xan qızı gülü sevirdi,
Baxıb rəsmini çəkirdi.
Tikirdi nəfis tikmələr,
Yazırdı şeir, qəzəllər.
Darıxırdı qürbət eldə,
Dərd gəzdirdi sınıq qəlbdə.
Yayda Şuşaya gəlirdi,
Doğmalarla dərdləşirdi.
Vətənin gözəl havası,
Əziz, mehriban anası,
Ona sevinc bəxş edirdi,
Kədərini əridirdi.
Qərənfillə danışırdı,
Şeirində yaşadırdı…
“Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!
Səni gülşən əra aşüftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!
Belə pəjmürdə hal ilə durubsan,
Düşər güllər əra qovğa, qərənfil!
Driğa kim, vəfasızdır bu gülşən,
Gedər bu tələti-ziba, qərənfil!
Üzündən pərdeyi-nazın kənar et!
Unutma aşiqi, haşa, qərənfil!”
Xan qızının qarı ilə görüşü
May ayında, Şuşanın bir kəndində,
Meşəli, bulaqlı dağ ətəyində,
Dedilər: – Xan qızı burdan keçəcək,
Şuşadan Ağdama bu gün gedəcək.
Qarı eşidəndə Xan qızı gəlir,
Düşündü Allahdan “çarəsi” gəlir.
Yoxsulluqdan külfət əzab çəkirdi,
Əkib-biçdiyini çölə səpirdi.
Yolun kənarında, arxın böyründə,
Çinar kölgəsində, güllü çəməndə,
Xalça sərib, yasdıqlarla bəzədi,
Üzə gülən çay süfrəsi düzəltdi.
O, həvəslə samovara od saldı,
Yolla gedən faytonu tez saxladı:
-Xoş gəlmisən, qadan alım, Xan qızı!
Gəlişinlə gətirmisən sən yazı!
Yol gəlmisən, yorulmusan, bəri gəl,
Çinar altda məxmər çay iç, bir dincəl.
Xurşidbanu gülümsədi, əl etdi,
Faytondan düşərək oraya getdi.
Xoş sözlərdən yorğunluğu sovuşdu,
Hal-əhvalı, vəziyyəti soruşdu:
Qarı dedi: – Allahımdan razıyam,
Xan sağ olsun, qulluğunda hazıram.
Kasıb qarı öz dərdini unutdu,
Əydi başın, bir anlığa duruxdu.
Həssas şair dərdi gözdən oxudu,
Anladı ki, ehtiyacı lap çoxdu.
Xan qızı çay içib, söhbət eylədi,
Çox maraqlı əhvalatlar söylədi.
Qarı çəmənlikdən bənövşə dərdi,
Onu Xan qızına sevinclə verdi.
-Qadan alım, deyirlər sən şairsən,
Təbiəti, gül-çiçəyi sevirsən.
Şairi məst etdi bənövşə ətri,
Səpdi qəlbindəki gözəl sözləri:
“Fələk rənginə bənzər bu bənövşə,
Tutub səhraları hərsu, bənövşə!
Neçün gülşənlərin tərkin qılıbsan?
Düşübsən çöllərə dilcu, bənövşə!
Belə qəddin bükülmüş, pirlərtək,
Deyirsən sübhü şam yahu, bənövşə!
Səni şövqü bahar aşüftə qılmış,
Çəkər aşiq olan qayğu, bənövşə!
Dilər ətrin könül badi-səbadan,
O zülfi-yar tək xoşbu, bənövşə!”
-Qarı ona heyran-beyran baxırdı,
Şeirindən qəlbinə nur axırdı.
Xan qızı gedəndə qarını öpdü,
O da arxasınca sərin su tökdü.
Qayıdıb yastığı yerdən götürdü,
Altında bir neçə qızıl pul gördü.
Qarının sevincdən gözləri doldu,
Sanki yoxsulluqdan o, xilas oldu.
Heyran qaldı, ağlına, kamalına,
Şükür, – dedi yaradan Allahına.
İKİNCİ HİSSƏ
Min səkkiz yüz əlli səkkiz,
Tarixdə də qalıb bu iz.
Düma – bir fransız yazarı,
Cəlb edib Qafqaz dağları.
Bu diyara səfər etmiş,
Heyran olub, çox bəyənmiş.
Abşerona səyahətdə,
Bakıda, bir ziyafətdə,
Görüşübdü, Xasay xanla,
Zabitəli generalla.
Xasay xan da tanış edib,
Ailəsini, təqdim edib.
Yoldaşını – Xan qızını,
Oğlunu, kiçik qızını.
Hamısı milli geyimdə,
Xoş təbəssüm üzlərində.
Xan qızı bir şəkil çəkib,
Məclisə xoş ruh gətirib.
Düma rəsmi çox bəyənib,
Xan qızına sual verib.
Xurşidbanu gülümsəyib,
Fransızca cavab verib.
Düma bunları qeyd edib,
Öz əsərində göstərib.
Heyran olub talantına,
Ağlına, həm rəftarına.
* * *
Min səkkiz yüz əlli birdə,
Tiflisdə olan illərdə,
Xan qızı xəstə yatırdı,
Nəfəs yolu daralırdı.
Havasını götürmədi,
Xəstəlik aman vermədi.
Həkim dedi: – Getməlisən,
Sən Şuşaya dönməlisən.
Xurşidbanu geri döndü,
Xasay xandan ayrı düşdü.
O, hicrana dözməyirdi,
Hər gün Xanı gözləyirdi.
Şeir, qəzəllər yazırdı,
Əsərdə onu anırdı…
“Gəl rəhm qıl indi, padşahım!
Əflakə yetişdi dudi-ahım.
Sən yar ilə zövqdə, səfadə,
Mən burda, bu cövr ilə cəfadə.
Sən vaxtında aşinalıq etdin,
Döndün, belə bivəfalıq etdin.
Təqsir kimin oldu, padşahım?
Bildir ki, mənə nədir günahım?
Bəs neyləsin, indi bu dili-zar?
Gör kimlər ilə çəkərdim azar.
Sən nazın ilə ol indi xürrəm,
Əğyar ilə qəm çəkim dəmadəm.
Sən eyşdə əyləş indi xoşdil,
Mən hicrdə, həm məlulu müşkil,
Öldür məni, olsun əllərin var,
Səbr eylə, gözüm, nə təqsirim var.
Qəhr ilə çəkərdim ah candan,
Ah əl çəkməyir bu Natəvandan”.
Xan qızının Sübhana köməyi
Hər naxışda bir yanlış var,
Hər yanlışda bir naxış var.
Naxışlı qar rəqs eyləyib yağırdı,
Rəbbim yerə bərəkət paylayırdı.
Gözəl Şuşa ağ libasın geyirdi,
Uca dağlar baxıb fərəhlənirdi.
Məscidlərdən azan səsi ucalır,
Bacalardan tüstü boylanıb, qalxır.
Təndir-çörək ətri gəlir evlərdən,
Xeyir-dua eşidilir dillərdən.
Arabalar, bər-bəzəkli faytonlar,
Yavaş-yavaş diki enib, qalxırlar.
Yem axtaran ala-qara qarğalar,
“Qar-qar” qarıldayıb, səs-küy salırlar.
Xan qızı faytonla şəhərə çıxdı,
Şuşanın halına, yoluna baxdı.
Donmuş kəmərləri təmir etdirdi,
Sürüşkən yollara əncam çəkdirdi.
Hava soyuq idi, şaxta kəsirdi,
Sübhan üşüyürdü, tir-tir əsirdi.
Doşab dolu bardaq belin əyirdi,
On iki yaşında nələr çəkirdi…
Keçən il atası vəfat etmişdi,
Anana yaxşı bax, oğlum, demişdi.
Çıxmayır yadından ata sözləri,
Ona əziz olan doğma gözləri.
İndi də anası xəstə yatırdı,
Evin hər işinə o, tək baxırdı.
Hərdənbir bazarda doşab satırdı,
Yığdığı pullara ərzaq alırdı.
Bu gün də çıxmışdı doşab satmağa,
Xəstə anasına dərman almağa.
Sürüşdü ayağı, yerə yıxıldı,
Sındı bardaq, bütün doşab dağıldı.
O, sınan bardağa kədərlə baxdı,
Tökülən doşabı bərk qucaqladı.
Üst-başı doşaba bulaşdı, batdı,
Atalı günləri anıb ağladı…
“Atam sağ olsaydı belə olmazdı,
Anam da bu qədər xəstə yatmazdı”.
Düşünüb göylərə ümidlə baxdı,
Göz yaşı üzünə sel kimi axdı…
Xan qızı ağlayan uşağı gördü,
Elə bil şairi alov bürüdü.
Cəld gedib uşağın əlindən tutdu,
Faytona mindirdi, suala tutdu.
Xan qızı Sübhana təsəlli verdi,
Paltar alıb, üst-başını dəyişdi.
Soruşdu hər şeyi, halı dəyişdi,
Gəl gedək anana baş çəkək, – dedi.
O da atasını erkən itirmiş,
Ömür boyu həsrətini çox çəkmiş.
Övlad üçün ata arxa-köməkdir,
Hər yaşında ana kimi gərəkdir.
“Ata-analının özü böyüyür,
Ata-anasızın sözü böyüyür”.
Müdriklər əzəldən belə söyləmiş,
İnsanları savab işə kökləmiş…
Xan qızı anaya təbib gətirdi,
Sağaldıb iş ilə təmin eylədi.
Göstərdi hər zaman Sübhana qayğı,
Çox işlərdə oldu onun dayağı.
Sınmasaydı doşab dolu o bardaq,
Yıxılanda ağlamasaydı uşaq,
Bəs necə Xan qızı kömək edərdi?!
Sübhanı dərdlərdən xilas edərdi.
Qüdrətli Allahın sirləri çoxdur,
Heyif ki, nadanın xəbəri yoxdur…
“Hər naxışda bir yanlış var, deyiblər,
Hər yanlışda bir naxış var, görüblər”.
ÜÇÜNCÜ HİSSƏ
Min səkkiz yüz əlli üçdə,
Gözəl bir bahar günündə,
Xasay xanla birləşdilər,
Şuşada şənlik etdilər.
Ocaqları isinirdi.
Uşaqları sevinirdi.
İllər keçdi, böyüdülər,
Firavan həyat sürdülər.
Əfsus, bunlar çox çəkmədi,
Zalım fələk qəsd eylədi.
Min səkkiz yüz altmış dörddə,
Ömrünün bahar dövründə,
Xan qızı bir oda düşdü,
Bəd xəbər onu üşütdü.
Xasay xanı çağırdılar,
Dağıstana apardılar.
Siyasətə qoşulmuşdu,
Bu yolu uca tutmuşdu.
Şeyx Şamilin dəstəsində,
Sevilirdi vətənində.
Xasay xan vətənə döndü,
Bu nigahın odu söndü.
Ayrı düşdü Xasay xandan,
Övladının atasından.
İsinmədi istisinə,
O, kor oldu tüstüsünə.
Min səkkiz yüz altmış altı,
Zər də nəs qoşa atıldı.
Xasay xana şər atdılar,
Onu sürgünə atdılar.
Bunu etdi bir erməni,
Xalqımın olmuş düşməni,
Melikov Loris adında,
Xəyanət olmuş canında.
Voronejə sürgün etdi,
Həyatını viran etdi.
Deyiblər ki, “Çar gələcək,
Səninlə söhbət edəcək”.
Xan oteldə çox gözləyib,
Bu hiyləni dərk eyləyib.
Biləndə ki, aldadıblar,
Ona bir tələ qurublar,
Xan özünə atəş açdı,
Həyatının sonu çatdı.
Çar yatırtdı hər savaşı,
Susdurdu dava-dalaşı.
“Qan bahası” kənd verdilər,
On iki kənd bəxş etdilər.
Xasay xanın övladları,
Qəbul etdi torpaqları.
Yas saxladı doğmaları,
Yaxınları, qohumları.
Şair qəlbi çırpınırdı,
Dərd içində hıçqırırdı.
İlk bəxti heç gətirmədi,
Taleh üzünə gülmədi.
Göz yaşıyla şeir yazdı,
Qəzəlində “qəbir” qazdı.
Göründükcə dərdin izi,
Talehi yandırdı bizi.
Zəmanənin buxovları,
Qandallamış hüquqları.
Təbiətin rəsmin çəkdi,
Xəyalının dərdin əkdi…
Təsvir etdi məhəbbəti,
Görmədiyi sədaqəti.
Dərdlini dərd çəkən anlar,
Yarasına məlhəm bağlar.
Anlayırdı o, hər kəsi,
İncitməzdi heç bir kəsi.
Övladları tək böyütdü,
Gizlincə göz yaşı tökdü.
Bu qismətlə barışırdı,
Çətinliyə alışırdı.
O, savab işlər görərdi,
Könüllərə ruh verərdi.
Çinar kölgəsində
Gözəl yay səhəri Günəş çıxanda,
Sevincindən nur çiləyib baxanda,
Xan qızı kəndləri gəzməyə getdi,
Dəyişdi libasın, heç kəs bilmədi.
Fayton yavaş-yavaş Şuşadan endi,
Sərin mehlər əsdi, uğurlar – dedi.
O, seyr etdi zümrüd rəngli dağları,
Al yanaqlı alma-armud bağları.
Fayton gəlib kənd yolunda dayandı,
Şair ruhu gözəlliyə boylandı.
Rəngbərəng gül-çiçək ətir saçırdı,
Buz bulaqlar şırıldayıb axırdı.
Çinar ağacları kölgə salanda,
Quşların nəğməsi könül açanda,
Xan qızı su içib, çəməndə gəzdi,
Həssas şair gözü ətrafı gəzdi.
İki gənc əyləşib, söhbət edirdi,
Biri qəmli-qəmli dərdin deyirdi:
-Kəndxudalar kəndlilərə zülm edir,
Allah bizim səsimizi eşidir?!
Sözlər Xan qızını yamanca tutdu,
Dəyişdi əhvalı, ürəyi vurdu.
Yaxınlaşıb bu söhbətə qoşuldu,
Vəziyyəti, dərdi-səri soruşdu.
Vergilər hamını salıbdır dara,
Hər kəs çabalayır, düşübdür tora.
Deyirlər, bu bəla şimaldan gəlir,
Çarın azarıdır, milləti əzir.
Zalımlar kəndləri çapıb-talayır,
Yazıq kasıb boşqab dibi yalayır.
Dərdini deməyə adam tapılmır,
Yaşamağa ümidin də heç qalmır.
Üzüldü Xan qızı, yaşardı gözü,
Qurudu boğazı, saraldı üzü.
Danışmaq istədi, gəlmədi sözü,
Nə desin, bu gənclər söyləyir düzü.
Get-gedə artırdı vergi şimaldan,
Bezirdi insanlar candan, həyatdan.
Xan qızı düşünüb, yol axtarırdı,
Millətin halına o, çox yanırdı.
Yadına düşdü Zakirin şeiri,
Qəlbindən keçirdi, gəlmişdi yeri.
“Qarabağda nə day qaldı, nə dana,
Bu gün, sabah hərə qaçar bir yana”.
Kəndxuda yediyi qaymaqdı, baldı,
Şah plov üstündə kəklik, turacdı.
Qızıl yığmaq üçün hey yarışırlar,
Məzluma zülm edib həddin aşırlar.
Deyirlər, Xan qızı yaxşı adamdır,
Millətin dərdinə o, çox qalandır.
Kaş ki, bircə dəfə kəndə gələydi,
Bu elin dərdini özü görəydi.
Xan qızı diqqətlə gənclərə baxdı,
Şairin qəlbindən qara qan axdı.
Palçığa batmışdı yalın ayaqlar,
Nimdaş idi əynindəki paltarlar.
Gənclər alovlanıb, xeyli danışdı,
Xan qızı qəlbində yandı, alışdı.
Özünü toplayıb, təsəlli verdi:
-Tək Allah kərimdir, – inamla dedi.
Yol boyu düşündü, qəlbi üşüdü,
Saraya gələrək tədbirlər gördü.
Dəvət etdi ağsaqqalı, gəncləri,
Əzab çəkən o yoxsul kəndliləri.
Gənclər Xan qızını görüb çaşdılar,
O günkü xanıma çox oxşatdılar.
Məsələnin səbəbini bildilər,
Sevinib “Allaha şükür” dedilər.
-Danış! – dedi o, həminki gənclərə,
Nəzər saldı harınlamış bəylərə.
Ağsaqqallar müdrik fikir söylədi,
Haqq sözünü hər kəs təsdiq eylədi.
Xan qızı öz qəti qərarın verdi,
Zalımları dərhal kənar eylədi.
Bu işi tapşırdı qoçaq gənclərə,
Sevinc bəxş eylədi bütün kəndlərə.
DÖRDÜNCÜ HİSSƏ
Bəxti ona naz eylədi,
Hər istəyin az eylədi.
Ətrafı çox dönük çıxdı,
Haqq işini söz eylədi.
Yaş üstünə gəldi yaşı,
Çox bəlalar çəkdi başı.
Bişirsə də gözəl aşı,
Ağır idi yenə daşı.
Fələk zərini atırdı,
Xan qızını çaşdırırdı.
Gözləyirdi o, şeş-qoşa,
Dərd gəlirdi qoşa-qoşa.
Harınlamış yaşlı bəylər,
Ona elçi düşürdülər.
Natəvan bundan bezirdi,
Rədd cavabı söyləyirdi.
Min səkkiz yüz altmış doqquz,
İşlər başladı uğursuz.
Sözə, söhbətə son qoydu,
Hüseynlə ailə qurdu.
Əla papaqlar tikirdi,
Həm də dindən dərs deyirdi.
Xurşidbanu onu seçdi,
Sevgisinə dəyər verdi.
Xasiyyəti üstün tutdu,
Adı, namusu qorudu.
O, gözəl fayton sürərdi,
Natəvanı gəzdirərdi.
Bəylər bundan qəzəblənir,
Natəvandan gileylənir.
Xan qızının böyük oğlu,
Çox gənc olan Mehdiqulu,
Bu nigahı istəmədi,
Şəninə rəva bilmədi.
O, Şuşanı tərk eylədi,
Anasından üz döndərdi.
Bəylərin bəd niyyətləri,
Oğlunun bu əməlləri,
Natəvanı çox üzürdü,
Talehindən küsdürürdü.
Eşidəndə dedi-qodu,
Yandırırdı sözün odu.
Qəlbi kaman, ney çalırdı,
Qəzəlində ağlayırdı…
“Zəmanə saldı əcəb möhnətü məlalə məni,
O mahrudən iraq verdi qəm zəvalə məni.
Tükəndi tabü təvan, ey xudayi-ləmyəzəli!
Ya tez bu canımı al, ya yetir vüsalə məni!
Sənə nə qədər dedim, rəhm qıl mənə, getmə!
Gəl indi gör ki, fəraqın salıb nə halə məni!
Nə vaxtadək qəmi-hicrində ahü-zar çəkim?
Tərəhhüm eylə, gətir sən də bir xəyalə məni!
Kəsildi səbrü-qərarım, fəraqə tabım yox,
Rəvadı təngə gətirsin bu ahü nalə məni?
Alıbdı əqlimi sərdən, qərarımı dildən,
Edib bəlayə fələk, gör necə həvalə məni.
Təəccübəm ki, neçün rəhmə gəlmədin, zalım?!
Fəraq oduna yaxıb salmısan bu halə məni.
Nə yaxşı günlər idi kim, səninlə munis idim,
Zəmanə indi edib sinə dağlı lalə məni.
Vüsalə yetməyibən zarü Natəvan qaldım,
Edib fələk yenə həsrət o məhcəmalə məni”.
Böyük qəlbin sədası
Yay axşamı ulduzlar sayrışırdı,
Ay da bədirlənib şölə saçırdı.
Sərin-sərin meh əsdikcə dağlardan,
Nəğmə səsi hey gəlirdi uzaqdan.
Qərib oxuyurdu nisgil bir səslə,
Zəngulə vururdu hərdən həsrətlə.
Eşq odundan o, alışıb yanırdı,
Məcnun kimi Leylasını anırdı.
Bu səs Xan qızını pərişan etdi,
Qəribi saraya dəvət eylədi.
Soruşdu dərdini, halını bildi,
Kömək üçün ona nəsihət verdi.
-Möhkəm ol, sevginin əsiri olma,
Məcnuntək özünü bəlaya salma.
Ağılla hər işi qazanar insan,
Sadəlövh çox şeyi itirər, inan.
-Xan sağ olsun, nə desəniz razıyam,
Ömür boy hər qulluğa hazıram.
Bu həsrətdən tez qurtarım, sovuşum,
Mələk üzlü Nigarıma qovuşum.
Vəfat etmiş onun ata-anası,
Yox idi dərdinə çarə qılası.
Bir zalımın qızına bənd olmuşdu,
Heyva kimi saralmışdı, solmuşdu.
Xan qızı həvəslə elçilik etdi,
O, zalım atanı yola gətirdi.
Nişan taxıb toya hazırlıq gördü,
Bu şad xəbər el-obanı bürüdü.
Sonra Qərib üçün bir ev tikdirdi,
Sevdiyi iş ilə təmin eylədi.
Qanad verdi, dərdli gəncə uçmağa,
Həyatına gülər üzlə baxmağa.
Qızıl payız Şuşanı bəzəyəndə,
Al yanaqlı alma-armud dəyəndə,
Ağaclar rəngbərəng xalı sərdilər,
Toy edənə xeyir-dua verdilər.
Bir payız səhəri Günəş çıxanda,
Göydən yerə nur, məhəbbət yağanda,
Xan qızı bir gözəl toy-büsat qurdu,
Şuşa əhli bu şənliyə vuruldu.
Bəzənmiş faytonlar gəlin gətirdi,
Ürək açan şən musiqi səsləndi.
Cavan-qoca qol götürüb süzdülər,
Şah plovu süfrələrə düzdülər.
Qəribin sevincdən gözləri doldu,
Xan qızına o, çox minnətdar oldu.
Natəvan saf eşqə qəzəl söylədi,
Ən ülvi hissləri tərif eylədi.
Qarabağın bülbülləri oxudu,
Qız-gəlinlər bəyə xalı toxudu.
Ulduzlar sayrışıb təbrik etdilər,
Bəy-gəlinin nigahını kəsdilər.
Xan qızını əməlləri sevdirdi,
Ona hörmət, böyük şöhrət gətirdi.
Olmuşdur çox yerdə xeyirxah əli,
Parisdə ucalır onun heykəli.
BEŞİNCİ HİSSƏ
Şair qəlbi həssas olur,
Vətəniylə qürur duyur.
Ədaləti, haqqı sevir,
İnsanlığa dəyər verir.
Xurşidbanu belə idi,
Xalqa sevinc bəxş edirdi.
Xan qızı, dövlət xadimi,
Sevirdi biliyi, elmi.
Dəyər verirdi təhsilə,
Məktəb açırdı həvəslə.
Min səkkiz yüz yetmiş iki,
“Məclisi-üns”i dirçəltdi.
Dəvət etdi şairləri,
Ödədi bütün xərcləri!
Yazıçılar fərəhləndi,
Şeir, qəzəl çiçəkləndi.
Ustad Mirzə Sadıq Piran,
Ustad Mirzə Rəhim Fənnan.
Burda təxəllüs verdilər,
Ona “Natəvan” dedilər.
Mənası kövrək, zərifdir,
Şeirdə ruhu belədir.
Elin yüz illik arzusu,
Gül açdı gözü dolusu.
O, Sarı Baba dağından,
Buztək İsa bulağından,
Yeddi kilometirlikdən,
Dağlı-meşəli zirvədən,
Min səkkiz yüz yetmiş üçdə,
Şuşaya su çəkdirəndə,
Yaratdı su anbarları,
Buzxana, həm hamamları.
Şuşanı abad eylədi,
Böyük bir bulaq tikdirdi.
“Xan qızı”dır bulaq adı,
Ləzzət verir suyun dadı.
Gözəl park, bağlar yaratdı,
Könülləri ruhlandırdı.
Füsünkar güllər əkdirdi,
Sevərək nazını çəkdi.
Bol məhsullar yığılanda,
Yoxsullara paylananda,
Ürəyi dağa dönürdü,
Sevincini bölüşürdü.
Əl tuturdu yetimlərə,
Qocalara, xəstələrə.
Qulluqçunu incitməzdi,
Heç vaxt haqqını kəsməzdi.
Mərhəmətlə davranardı,
Pay verməkdən ruhlanardı.
Səs verdi elin səsinə,
O, Bakıdan Şıx kəndinə,
Geniş daş yolu çəkdirdi,
İnsanları sevindirdi.
Onun becərtdiyi sortlar,
Buğda, arpa, həm darılar,
Sərgidə üstün oldular,
Birincilik qazandılar.
Qarabağ cinsli köhlənlər,
Qızıl medal gətirdilər.
Araz çaydan Mil düzünə,
Həsrət qalan su üzünə,
İstəyirdi arx çəkdirsin,
Boz çöllərə həyat versin.
Bu niyyətə yetişmədi,
Əcəl onu gözləmədi…
Xan qızı Şuşada Novruz şənliyində
Şıltaq qış vuruşub taxtından getdi,
Yerinə füsünkar şən bahar gəldi.
Rəngarəng libasın geydi təbiət,
Yaradan bəxş etdi yenə bir cənnət.
Dağların qoynunda Şuşa bəzəndi,
Yaşıl “tuman”, güllü “köynək”geyindi.
Xarıbülbül ətir saçdı hər yana,
Qaranquşlar uçub gəldi Şuşaya.
Xan qızı “Novruza” hazırlıq gördü,
Qarabağı xoş bir ovqat bürüdü.
Meyvəli ağaclar, güllər əkildi,
Dağlardan Şuşaya bulaq çəkildi.
Yoxsullara bayram sovqatı verdi,
Nisgilli gözlərə sevinc gətirdi.
Novruz şənliyinə görüşə gəldi,
Xoş sözlər söylədi, təbrik eylədi.
Novruz günü el şənliyə yığışdı,
Cıdır düzdə köhlən atlar yarışdı.
Küsüşənlər bir-biriylə barışdı,
Sevinc dolu baxışları sayrışdı.
Xanəndələr gözəl muğam oxudu,
Zənguləyə bülbüllər də qoşuldu.
Xan qızı səslərin sehrinə düşdü,
Heyranlıq hissləri onu bürüdü:
İstedadlar yetişirlər Şuşada,
Möcüzə var havasında, suyunda.
Rəbbimiz yaratmış gör necə nemət?
Baxdıqca ruh verir burda təbiət!
Nazlı qızlar şirniyyat bişirdilər,
Səmənili xonçalar bəzədilər.
Oğlanlar evlərə torba atdılar,
Deyib-gülüb, bayram payı yığdılar.
Subaylar da fal açıb bölüşdülər,
Bir-birinə söz atıb gülüşdülər.
Gizlincə qapını tək-tək pusdular,
Deyilən sözləri yaxşı yozdular.
Şən musiqi dalğa-dalğa ucaldı,
Xoş havadan hər kəs qanad, güc aldı.
Qol götürüb qəşəng-gəşəng süzdülər,
Naz-neməti süfrələrə düzdülər.
Xan qızı baxdıqca fərəhlənirdi,
Qəlbində arzular çiçəklənirdi…
Onu yaşadırdı xalq məhəbbəti,
Bu yolda çəkirdi hər bir zəhməti…
ALTINCI HİSSƏ
Aylar, illər ötüşürdü,
Zaman öz işin görürdü.
Qismətinə düşən paydan,
Bu ikinci nigahından,
Üç oğlu, üç qızı oldu,
Həyatına rənglər doldu.
Səkkiz övlad anasının,
Saray çəkirdi qayğısın.
Xan qızı heç fərq qoymadı,
Övladları ayırmadı.
Hər birini əzizlədi,
Gözü üstündə bəslədi.
Xöşbəxtlik uzun sürmədi,
Taleh üzünə gülmədi.
Çərxi-fələk hökm eylədi,
Dərd-qəm üstünə ələdi.
Mir Abbası, qəfil öldü,
Natəvanın halı döndü.
Oğlunu gülə bükdülər,
Çiyinlərə götürdülər.
O, Ağdama gətirildi,
“İmarət”də dəfn edildi.
On beş yaşda vaxtsız ölüm,
Xan qızına verdi zülüm.
Oğlu üçün darıxanda,
Qəlbi həsrətdən yananda,
Çatılırdı çatma qaşlar,
İslanırdı al yanaqlar.
Muncuq-muncuq düzülürdü,
Sinəsinə süzülürdü.
Leysan olurdu göz yaşı,
Yandıqca bağrının başı.
Bədbin ruh hakim kəsildi,
Şeir, qəzələ səpildi.
“Dilbəra, dərdi-dilimdən belə ünvan etdim,
Ki, qəmi-hicrdə dil mülkünü viran etdim.
Mümkün olmaz mənə vəslin, bilirəm, həşrə kimi,
Ol səbəb məskənimi kuhu biyaban etdim.
Eşq sultanı mənim qətlimə fərman gətirib,
Etmədim tərki-vəfa, taəti-fərman etdim.
Səri-kuyində qoyub başimi, bir uf demədim,
Səri-sidq ilə canimi qurban etdim.
Ya təbib, adını tərk eylə, təbabət etmə!
Ya mənim dərdimi tap, gör niyə tüğyan etdim?!
Yoxdur bir kimsə məgər dərdimi bilsin, ya rəb!
Ki, mən öz qanım ilə dərdimə dərman etdim.
Dərdi-hicrində gözüm yaşı tutub dünyanı,
Nuh tufanı kimi gör ki, nə tufan etdim.
Natəvan, etmədi ol səngdilə naləm əsər,
Gecə-gündüz nə qədər naləvü əfqan etdim”.
YEDDİNCİ HİSSƏ
“Dərdi saysan dərd gətirər,
Yıxılsan, betər gətirər”.
Bunu müdriklər deyibdir,
Zaman sınağın edibdir.
Dərd üstünə kədər gəldi,
Xan qızının qəddin əydi.
Şeytan doldu beyinlərə,
Hakim kəsildi qəlblərə.
Yapışdı ən zəif yerdən,
Var-dövlətə hərislikdən.
Yaman nifaqlar yaratdı,
Natəvanı oda atdı.
İlk nigahdan olanları,
Son nigahın övladları,
Bir-biriylə çox çəkişdi,
Mülk üstə düşmən kəsildi.
Evdən sandıq yoxa çıxdı,
Sanki bir ildırım çaxdı.
Aləm dəydi bir-birinə,
Şübhə oldu hər birinə.
Zalım fələk qəsdə durdu,
Tufan qopdu, qırğın oldu.
Sandıq dolu pul, qızıllar,
Qiymətli qədim əşyalar,
Natəvanın şeirləri,
Çox sevdiyi qəzəlləri,
Tapılmayır, itir-batır,
Xainliklə oğurlanır.
Bunu oğlu Cabbar edir,
Tamah ona üstün gəlir.
Pul təmirə yığılmışdı,
İşlər yarımçıq qalmışdı…
Mehdiqulunun sözləri,
Gileyli baxan gözləri,
Cabbarın bu cinayəti,
Namərd olan hərəkəti,
Natəvanı çox sarsıtdı.
Sanki qanadın sındırdı.
Xan qızı müflis olmuşdu.
Fikirdən rəngi solmuşdu.
“Qafqaz” qəzeti də yazdı:
-Xan qızı mülkünü satdı.
Böyük hektar torpağını,
Malını, gözəl bağını,
Satdı dəyər-dəyməzinə,
İztirab verdi özünə…
Çox kövrək qəlbli Natəvan,
Olmuşdu tamam pərişan.
“Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!
Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı!”
Nə hicr atəşinə odlanıb yanardı dilim ki,
Nə eşqin içrə könül böylə şadü xürrəm olaydı!
Nə sərv qəddin olaydı, nə həsrətinlə gözüm kor,
Nə rüzgari-fəraqində qamətim xəm olaydı!
Nə bəhr olaydı, nə ümman, nə böylə göz yaşı cari,
Nə gül üzündə, ilahi, bu növ şəbnəm olaydı!
Nə gül olaydı, nə gülzari-gülşənin dəxi seyri,
Nə xari-möhnəti-bülbül, səninlə möhkəm olaydı!
Nə Misr olaydı, nə Kənan, nə Həzrəti-Yəqub,
Nə xar olub qəmi-hicranda, qərqi-matəm olaydı!
Nə şah olaydı, nə zindan, nə karvan güzəri,
Nə Yusifi bu bəlada görən bir adəm olaydı!
Nə bəzm olaydı, nə bazari-Yusif əhvalı,
Nə rəhgüzərdə Züleyxa qəmlə həmdəm olaydı!
Nə ah olaydı, nə əfsus, nə parə-parə könül,
Nə Natəvanın, ilahi, həvəsi dərhəm olaydı!”
Deyib, fəryad eyləyirdi,
Günü-gündən əriyirdi.
Zülüm verdi əzizləri…
Dərddən tutuldu gözləri.
Min səkkiz yüz doxsan yeddi,
Şuşaya payız gəlirdi.
O payız… Əzab gətirdi,
Rüzgar da qəmgin əsirdi.
Saralırdı uca dağlar,
Solurdu güllü bağçalar.
Qərib quşlar uçub gedir,
Şairə “əlvida”, – deyir…
Üşüyürdü Cıdır düzü,
Gülməyirdi onun üzü.
“Xarıbülbül” darıxırdı,
Yanağından, “yaş” axırdı.
Xəstə yatırdı Natəvan,
Əcəl verməyirdi aman.
Oğlunun vaxtsız ölümü,
Üzdü, qalmadı dözümü.
Leysan yağışlar yağırdı,
Sanki Şuşa ağlayırdı…
O il, biri oktyabrda,
Natəvan gözün yumanda,
Göydə parlaq ulduz söndü,
Buludlar göz yaşı tökdü.
Ay baxıb köksün ötürdü,
Dan yeri qəmlə söküldü.
Xalq sevgisi aşıb-daşdı,
Sel olub bəndləri aşdı…
Onu Şuşadan Ağdama,
Narın yağış dama-dama,
Çiyinlərdə gətirdilər,
“İmarət”də dəfn etdilər…
El-oba bilib, ağladı,
Hamı ürəkdən ağladı.
Türk dünyası heyifsləndi,
Bu itkiyə kədərləndi.
Qafqaza xəbər yayıldı,
Hüzn, ələmlə qarşılandı.
Natəvan bir Günəş idi,
Şəfəqləri isidirdi…
O, boylanır əsərindən,
Şeirindən, qəzəlindən,
Əlvan-əlvan tikməsindən,
Düşündürən şəkillərdən.
Çox xeyirxah əməlləri,
Fəth etmişdi könülləri…
Epiloq
Əsr keçdi, əsr gəldi,
Zaman nəsillər dəyişdi…
Başı bəlalı vətənim,
Dərdini çəkdi millətim.
Otuz ildə nələr çəkdik…
Gör neçə min şəhid verdik.
“Vətən!” – dedik, əyilmədik,
Haqq yolundan heç dönmədik.
Düşmən bizə nələr etdi?!
Parçaladı, dərd gətirdi!
Viran qoydu Qarabağı!
Si̇nəmi̇zə çəkdi̇ dağı!
Natəvanın heykəlini,
Onun müqəddəs qəbrini,
Təhqir edib, dağıtdılar,
Ruhunu da ağlatdılar…
“Dəmir yumruq” silkələndi,
Düşmən qorxuya bələndi.
Sərkərdənin siyasəti,
Ordumuzun məharəti,
İlanların başın əzdi,
Bayquşların səsin kəsdi.
Xalqımın mərd igidləri,
Qaziləri, şəhidləri,
Xarüqələr göstərdilər,
Xainlərə dərs verdilər…
Qovdular mənfur düşməni,
Azad etdilər vətəni.
Tarix yazdı cəngavərlər,
Vətəni candan sevənlər.
44-günlük müharibə,
Gətirdi zəfər-qələbə.
Qarabağımız azaddır!
Natəvanın ruhu şaddır!
Ağ buluddan don geyinib,
Saçlarına gül bəzəyib.
Uçur mavi-göy səmada,
Çənnəti-məkan Şuşada.
Sərkərdəni salamlayır,
Ordumuzu alqışlayır!
İnanıram, gün gələcək,
Öz işini haqq görəcək.
O tay-bu tay olmayacaq,
Azərbaycan bir olacaq.
Böyük zəfərlər çalacaq,
Dünyanı heyran qoyacaq.
Şəhriyarın, Bəxtiyarın,
Bütöv Azərbaycanımın,
Arzuları çin olacaq,
Bu xalq birgə ucalacaq.
Müəllif: NATELLA NUR
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru