BİR MƏNZİL, BİR NEÇƏ ALICI: KİM DAHA ÇOX GÜNAHKARDIR?

XXI ƏSRDƏ ORTA ƏSR FIRILDAQLARI:
BİR MƏNZİL, BİR NEÇƏ ALICI: KİM DAHA ÇOX GÜNAHKARDIR?

Mən hüquqşünas deyiləm, amma bu həyati məsələ ilə bağlı olaraq, hüquqi dövlət dediyimiz bir cəmiyyətin sıravi vətəndaş mövqeyindən çıxış edib, düşüncələrimi bölüşmək istəyirəm. Fikirlərimdə hər hansı bir yanlışlıq, natamamlıq və diletantlıq olarsa, öncədən üzr istəyirəm.
Bu gün Azərbaycanda bir mənzilin bir neçə nəfərə satılması kimi ağır və geniş yayılmış cinayət halları getdikcə artmaqdadır. İnsanlar sadəlövhcəsinə, hüquqi nəticələri düşünmədən, külli miqdarda vəsaiti öncədən başqalarına verir və sonradan öz əlləri ilə özlərinə böyük problemlər yaradırlar. Halbuki bu addımı atmazdan öncə sadə bir hüquqi məsləhət almaq kifayət edərdi. Dünyanın ən geridə qalmış ölkələrinə xas olan bu cür fırıldaqların qarşısını almaq mümkündür. Axı biz orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq.
Bu tip fırıldaqların qarşısını almaq əslində çox sadə, amma mütləq zəruri addımların atılması ilə mümkündür.

  1. Heç vaxt “sözə” və “etibara” pul verilməməlidir.
    “Tanışdır”, “hörmətli adamdır”, “hamı ondan alıb” kimi arqumentlər hüquqi dəyər daşımır. Daşınmaz əmlakda yalnız sənəd danışır, insan yox.
  2. Mülkiyyət sənədi şəxsən yoxlanmalıdır.
    Satıcının əlində mütləq:
    Çıxarış (kupça) olmalıdır
    Çıxarış elektron reyestrdə onun adına qeydiyyatda olmalıdır
    Bunu ASAN Xidmət və ya notarius vasitəsilə yoxlatmaq mümkündür.
    3.Tikilməkdə olan binalarda ikiqat diqqət
    Ən çox fırıldaq pay torpağı üzərində tikilən, icazəsiz və ya yarımçıq sənədlə aparılan tikililərdə olur.
    “Bina təhvil veriləcək”, “kupça sonra çıxacaq” – bunlar ən riskli ifadələrdir.
  3. Müqaviləsiz və ya qeyri-rəsmi ödəniş olunmamalıdır. Heç vaxt nağd, qəbzsiz pul verilməməlidir.
    Ödəniş yalnız notarial müqavilə ilə
    bank köçürməsi vasitəsilə olmalıdır.
  4. Bir mənzilin bir neçə şəxsə satılmaması üçün əsas yol.
    Notarial alqı-satqı müqaviləsi bağlanan an mənzil elektron sistemdə bloklanır və başqasına satıla bilmir. Buna görə də:
    notariusdan kənar razılaşma = risk,
    “sonra notariusa gedərik” = təhlükə
  5. Mütləq hüquqi məsləhət almalı
    Bir hüquqşünasın müəyyən məbləğ müqabilində məsləhəti bizi illərlə məhkəmə çəkişməsindən, minlərlə manat itkidən xilas edə bilər.
  6. Tələskənliyə məcbur edənlərdən uzaq durmalı. “Bu gün qərar verməsən, başqasına satıram” deyən satıcı adətən problemi gizlədir.

Azərbaycanda ən çox rast gəlinən fırıldaqçılıq halları bünövrəsi qoyulmuş, tikilməkdə olan və ya yeni başa çatmış çoxmənzilli binalarda baş verir. Bir mənzilin bir neçə nəfərə satılması məhz bu mərhələlərdə daha asan həyata keçirilir.

Burada təkcə fırıldaqçı yox, öz məsuliyyətini etinasızcasına başqasına ötürən davranış “mədəniyyəti” də var.
Bu gün baş verən bir çox əmlak fırıldaqları təkcə cinayətkarların işi deyil. İnsanlar çox vaxt özləri özlərinə problem yaradırlar. Hüquqi müstəvidə düşünmədən, sənəd tələb etmədən, “bəlkə alınar” ümidi ilə atılan addımlar sonradan illərlə davam edən faciələrə çevrilir.
XXI əsrdə yaşayan insanın orta əsrlərə xas bir cinayətlə üzləşməsi dərin təəssüf doğurur. Texnologiya var, reyestrlər var, notarius var, bank sistemi var — amma biz hələ də sözdən, şifahi vəddən, mənasız, hüquqi cəhətdən heç bir dəyəri olmayan kağız parçalarından, aldadıcı müqaviləciklərdən yapışırıq.
Bəlkə də problem ondadır ki, biz inkişafı düşüncə ilə yox, yalnız təqvimdə əsrlərin əqrəbini irəli çəkməklə ölçürük. Halbuki hüquqi şüur dəyişmədən, məsuliyyət hissi formalaşmadan heç bir cəmiyyət həqiqətən müasir ola bilməz.
Bu fırıldaqların qarşısını almaq mümkündür. Sadəcə olaraq, insan özünü aldatmamalı, riskə göz yummağı dayandırmalıdır. Çünki hüquqda da, həyatda da sadə bir həqiqət var: sənədsiz verilən pul böyük itkilərin qurbanı, korrupsiyaya qurşanmış insanabənzər acgöz canavarların yemidir.

Məncə, bu cür eybəcərliklər dünyanın sözün əsl mənasında inkişaf etmiş hüquqi dövlətlərində baş verməz.
Qanunvericiliyimizdə MTK-lar qarşısında ən ali səviyyədə bu tələb qoyulmalıdır:
Binadakı bütün mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində öncədən, yəni satışa çıxarılmazdan əvvəl qeydə alınmalı və bu tələbə əməl olunmamasına görə ən ağır cinayət məsuliyyəti nəzərdə tutulmalı, vətəndaşla onlar arasında bağlanan alqı-satqı müqavilələri DƏDRX-də qeydə alınmalıdır.
Biz özümüzə öz əllərimizlə problem yaradır, sonra da başlayırıq onunla oynamağa, çünki biz daşınmaz əmlakla heyvan bazarından alınan danaya heç bir fərq qoymuruq, hər ikisinə eyni düşüncə ilə yanaşırıq.

31 yanvar 2026

Müəlif: Qurban Rzayev

QURBAN RZAYEVİN YAZILARI

DAHA COX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir