
ÖZÜN KİMİ OL
Bu məqaləni yazmaqda məqsədim, hər bir kəsi özü kimi olmağa dəvət etməkdir. Biz hər birimiz cəmiyyətdə oluruq və istəyirik ki, bizi qəbul etsinlər, hər kəsin xoşuna gələk. Amma çox təəssüf ki, nə qədər biz çalışırıq başqasının xoşuna gələk, o qədər də bizdən ya üz döndərirlər, ya da bizdən istifadə edirlər. Səbəb isə bundan ibarətdir ki, biz özümüzü olduğumuz kimi qəbul etmirik. Ya bizi artıq çəki, sakit olmağımız, utancaq olmağımız, çox danışmağımız, ya da məhdudiyyətli olmağımız narahat edir. Yəni səbəblər çoxdur.
Və peşə ilə bağlı narahatçılığımız da var. Bəzi insanlar öz fikirlərini ifadə edə bilmirlər, nə istədiyini deyə bilmirlər və belə halda onlar istər şəxsi həyatında, istərsə də karyerasında mənfi nəticələrə gətirib çıxarır. Realda baş vermiş bir hadisə nümunə çəkim:
Bir Lamiya adında xanım olur. O, öz kollektivinə oxşamaq istəyər, amma çox çətin olur belə həyatı davam etdirmək. Ona heç kim dəyər vermirdi, onu görməzdən gəlirdilər. Belə ki, Lamiya axırda qərar verdi ki, özü kimi olacaq və beləcə o, öz fikirlərini ifadə etməyə başladı, özünü necə varsa, elə də qəbul etdi. Lamiyanın həyatı yaxşılığa doğru dəyişildi. Kollektiv və rəhbər ona dəyər verməyə və hörmət etməyə başladılar.
Özünə dəyər verən insan çox şeylər qazanır. Bir xanım var idi, o qədər istədiyinə başı qarışmışdı ki, özünü unutmuşdu, öz istəklərini, arzularını qurban vermişdi. Qarşı tərəf isə ona soyuq davranmağa başladı və ondan uzaqlaşdı. Həmin xanım özünü qəbul etdi, öz həyatını qurdu, kurslara yazıldı, inkişaf etməyə başladı və öz güvəni özünə qayıtdı. Özünü olduğu kimi qəbul etdi. Beləliklə, xanım başqasıyla ailə qurub xoşbəxt oldu.
Heç kim gərək öz arzusundan əl çəkməsin. Bir şagird sakit və çox utancaq idi. O, öz sinif yoldaşlarına oxşarmaq istəyirdi, amma alınmırdı. Axırda şagird öz xoşladığı sahə ilə — rəssamlıqla məşğul oldu və nəticədə çox böyük nailiyyətlər, uğurlar qazandı.
Bəziləri var ki, zahiri görkəminə görə utanırlar. Məsələn, bir müğənni var idi, onun ön dişləri qabağa çıxırdı və müğənni oxuyanda öz dişlərini çalışırdı dodaqları ilə gizlətsin ki, pis görünməsin. Bunu görən görkəmli şəxsiyyətlərdən biri ona dedi ki, bir də belə etməsin. Çünki o, olduğu kimi hamı tərəfindən həm seçilir, həm də sevilir.
Fiziki məhdudiyyətli insanlar haqqında da misal çəkmək istərdim. Elələri vardır hansı ki, yeriyə bilmirlər, amma asan xidmətdə və ya digər sahədə nə qədər yüksəliblər. Yəni heç vaxt məyus olmaq lazım deyil, əksinə variantlar axtarmaq lazımdır və özünü hər hansı bir sahədə tapmaq lazımdır.
İnsana həyat bir dəfə verilib. Bu həyatı kim nə deyər, kim nə fikirləşər, kim məndən məmnun qalar, yox — özünü ön planda qoymaq lazımdır. Özünü hər tərəfli qəbul etmək və həyatını davam etdirmək lazımdır. Həyatda ən çətin, amma ən gözəl seçim — özün kimi qalmaqdır!
Müəllif: Nisə Kərimova
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında