Məmməd Arazın məzarı başında “VƏTƏN MƏNƏ OĞUL DESƏ…” (esse) Vətən təkcə doğulduğun torpaq deyil. Vətən insanın nəfəsidir, yaddaşıdır, köküdür, adına layiq yaşamaq məsuliyyətidir. İnsan bəzən ömrü boyu özünü axtarır, bəzən də bütün ömrünü Vətənin içində tapır. Çünki Vətən insanı böyüdür, formalaşdırır, ona kimlik verir. Elə buna görə də Vətən sevgisi sadəcə bir duyğu yox, bir ömürlük sədaqətdir. Böyük şair Məmməd Arazın poeziyasında Vətən anlayışı hər zaman müqəddəs zirvədə dayanır. Onun misralarında torpaq daş deyil, nəfəs alan canlıdır; dağlar sadəcə yüksəklik yox, qeyrət rəmzidir; insan isə Vətən qarşısında cavabdeh olan bir övladdır. Həyat insanı dəyişir. İllər keçir, arzular köhnəlir, güclər azalır, zaman insanı öz süzgəcindən keçirir. Gənclikdə adam özünü dağ sanır, tufan sanır, ildırım sanır. Düşünür ki, dünyanı dəyişəcək. Amma zaman keçdikcə anlayır ki, insanı böyük edən güc yox, sədaqətdir. İnsanı ucaldan şöhrət yox, mənsub olduğu torpağa bağlılığıdır. Məmməd Araz bunu bir ömür yaşayıb yazan sənətkar idi. O bilirdi ki, insanın həqiqi qüdrəti Vətən sevgisindən başlayır. Elə buna görə yazırdı: “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim.” Bu misralar sadəcə şeir deyil. Bu misralar ömür andıdır. Bu misralar torpaq qarşısında baş əyməyin yox, torpağın özünə çevrilməyin etirafıdır. Mamır olmaq – kiçilmək deyil. Mamır olmaq – Vətənin daşına çevrilməkdir. Onun qayasına kök salmaqdır. Adın unudulsa belə, ruhunun torpağın yaddaşında qalmasıdır. İnsan üçün bundan böyük səadət varmı? Bu gün dünyanın müxtəlif yerlərində insanlar öz köklərindən uzaq düşürlər. Texnologiya böyüyür, şəhərlər böyüyür, imkanlar artır. Amma bəzən insanın ruhu kiçilir. İnsan doğulduğu torpağın qoxusunu, uşaqlıq küçələrini, ata ocağını unutmağa başlayır. Halbuki insan keçmişindən ayrılan kimi gələcəyini də itirir. Vətən sevgisi yalnız döyüş meydanında sübut olunmur. Vətən sevgisi müəllimin dərsində yaşayır, əkinçinin torpağında boy atır, şairin misrasında nəfəs alır, qələmin ucunda sabaha çevrilir. Hər vicdanlı əməl Vətənə xidmətin bir parçasıdır. Tarix boyu bu torpaqlar oğullar yetişdirib. Adı dastanlara dönən igidlər, sinəsini sipər edən şəhidlər, sözü ilə millətin ruhunu yaşadan qələm adamları… Onların hamısını birləşdirən bir həqiqət olub: Vətən onlara sadəcə yurd olmayıb – tale olub. İnsan bəzən öz ömrünü ölçmək istəyir. Nə qazandığını, nə itirdiyini düşünür. Amma ömrün həqiqi dəyəri insanın arxasında nə qoyması ilə ölçülür. Bir insan torpaq üçün nə etdi? Milləti üçün nə yazdı? İnsanlara nə verdi? Budur əsas suallar. Məmməd Arazın poeziyası bizi öyrədir ki, keçmişini inkar edən gələcəyini qura bilməz. İnsan dünənini sinəsindən asa bilməlidir. Keçmişindən utanmamalıdır. Çünki yaddaşını itirən xalq yolunu itirər. Bu gün də Vətən bizdən eyni şeyi istəyir: dürüst olmağı, vicdanlı yaşamağı, torpağın qədrini bilməyi. Vətən yalnız sərhəd xətti deyil. Vətən ana laylasıdır. Qəbir daşına çevrilmiş ata nəsihətidir. Məktəb həyətində dalğalanan bayraqdır. Yaddaşımızı yaşadan dildir. Qələmimizin yazdığı həqiqətdir. İnsan ömrü bir gün bitir. Adlar unudulur. Vəzifələr dəyişir. Şöhrətlər solur. Amma Vətən üçün yaşayanların izi qalır. Daşda qalır. Sözdə qalır. Ürəklərdə qalır. Bəlkə də insan ömrünün ən böyük arzusu budur – bir gün Vətən ona oğul desin. Və insan o zaman anlayar ki, ömrü hədər yaşamayıb. Çünki Vətənin qəbul etdiyi övlad olmaq dünyanın bütün şöhrətlərindən daha böyük mükafatdır. 14.10.2021. Bakı.
Cəfər Pənahi, Əli Müsəffa, Haniyə Təvəssoli, Kiyomərs Purəhməd, Əhməd Puri, Məzaher Şəhaməd və digər 120 nəfərə
İranın hörmətli sənət adamları!
Sizin İİR mətbuatında, müxtəlif qəzet və saytlarda yer almış “sülh məktubu”nuzun məzmunu ilə tanışlığımız noyabr ayının 8- nə, Azərbaycanın göz bəbəyi olan gözəl Şuşa şəhərinin işğaldan azad olunmasının elan olunduğu vaxta təsadüf elədi. Xatırladıq ki, düz 28 il yarım bundan əvvəl, may ayında, Azərbaycanın o vaxtkı hakimiyyət nümayəndələrinin Ermənistan rəhbərliyi ilə Tehranda sülh sazişi imzaladığı bir zamanda, hətta o saatlarda Şuşa şəhəri işğal olunmuşdu, onda da ayın 8-i idi. Mayı ayının. Və indi bu səkkizlərin əlaqəsi haqqında uzun danışmadan ilk demək istədiyimiz şey budur: sizin məktubunuz acı təəssüf hissi doğurdu. Niyə? Çünki 28 il yarım ərzində bircə dəfə də olsun belə bir tərkibdə iranlı və fars sənət adamlarının (biz imza atmış və ehtimal ki, müraciətinizin mətnini hazırlamış uzun siyahıdakı təşəbbüskar erməni əsilliləri nəzərdə tutmuruq) sülhü, ədaləti, beynəlxalq hüququ, gərəkdirsə islami dəyərləri dəstəkləyən, 1000 000 nəfər Azərbaycanlı qaçqın və məcburi köçkünün haqqlarını müdafiə edən bir bəyanatını görmədik. Bu heç. İndi isə sizin sözügedən müraciətinizin bəzi konkret məqamlarına toxunmaq istərdik:
– Əvvəla, Azərbaycanla Ermənistan Qarabağ uğrunda savaşır demənizdə bir həqiqət varsa da başqa bir həqiqət gözardı edilir. Savaş Azərbaycan torpaqlarında – Azərbaycanın dünya ölkələri, o cümlədən vətəndaşı olduğunuz İİR tərəfindən də tanınmış ərazisində gedir ; eləysə niyə özünüzə sual etmirsiz ki, Ermənistan əsgərinin, siyasətçisinin Azərbaycan ərazisində nə işi var? Və biləsiniz, bizi heç kim, heç bir fövqəl güc vuruşdurmur, bu düşüncəniz də yalnışdır. Biz 30 ilə yaxındır səbr edirdik. Bu əsrin üçdə biri deməkdir. Amma görünür bizim səbrimizi sizin kimi səhv yozanlar varmış.
– Bu savaşda Azərbaycan tərəfində bizim öz əsgərimizdən başqa heç kim vuruşmur, nə Suriyadan, nə də başqa yerdən iddia etdiyiniz kimi muzdlu, könüllü, “terrorçu”, “təkfirçi” və ya bir başqası yoxdur. Digər tərəfdən, siz 10 milyonluq Azərbaycan Respublikasının hər baxımdan kiçik Ermənistanla vuruş üçün könüllü gətirməsini necə təsəvvür edirsiniz? Odur ki, eyhamlarınız yersizdir, doğru deyil, həm də nə qədər ziddiyyətli görünsə də, İİR-in bir xeyli məsələlərdə əks cəbhələrdə durduğu, Rusiya, ABŞ, Fransa, digər Qərb ölkələrinin qatı millətçi, qərəzli və xrisitian mərkəzçi mətbuatının, yaradıcı adamlarının dedikləri ilə üst-üstə düşür. Bu necə olur? Əksinə, indiyə qədər bizim işğal olunmuş ərazilərdə çoxlu qanunsuz işlər görülüb, narkotik və silah daşınıb, terrorçular baza yaradıb, Azərbaycanın halalı olan yeraltı və yerüstü sərvətləri talanıb. Əlbəttə, ermənilər bunu tək edə bilməzdilər- biz bunu anlayırıq.
– Hiss olunur ki, guya savaşın İrana da yayılmasından əndişələnirsiniz – bunu qeyd edirsiz… Nəzəri baxımdan hər şey kimi bu da mümkündür ; amma İran dövləti və ya ölkənizdəki hər hansı dairələr ən azı prosesə qarışmasa, tərəfsiz dayansa, heç bir tərəfi qanunsuz silahlandırmada iştirak etməsə, öz ərazisini və hava məkanının bu işlər üçün icazəli görməsə, bu niyə baş versin ki?! Özünüzə sual edin…
– Müraciətinizdə “qafqaz xalqı”, “qafqaz milləti” ifadəsini işlədir, bizi də ermənilərlə bərabər bura aid edirsiniz. Görünür, siz “millət” və “xalq” anlayışlarının təzə tərifini tapmısız. Bu heç. Amma çox yəqin onu da bilirsiz ki, ermənilərin Qafqaza, Azərbaycan dövlətinin ərazisinə gəlişi 200 ildən də az vaxtın hadisəsidir. Rusiya Çar İmperiyasının Qafqaz siyasəti ilə bağlıdır. Ermənilər gəlmədir. Odur ki, türkləri, dominantı türk olan 50 milyonluq qədim Azərbaycan xalqını başqaları ilə nahaq qarışdırırsınız.
– Beynəlxalq təşkilatların hadisələrə dərhal qarışmasını istəyir, çağırır, hadisələrin indiki halında dərhal dondurulmasını istəyrisiz… Siz nə istədiyinizin fərqindəsiz? Yəni deyirsiz ki, yenə Azərbaycan əraziləri işğalda qalsın, bunu istəyirsiz?
– Uşaqların, qocaların, qadınların qırılması fikri ilə niyə masqalanırsınız? Niyə gecə vaxtı Gəncəyə, Bərdəyə Ermənistandan ballistik raketlər atılanda, evlər dağılanda səsiniz çıxmırdı? Xəritəyə baxmısınız heç? Bu və başqa şəhərlərin hərbi əməliyyatlar getdiyi ərazidən nə qədər uzaqda olduğunu bilirsiniz? Bir də axı beynəlxalq qurumlara müraciətdə niyə belə gecikmisiniz? Axı, ən ali beynəlxalq qurumun, BMT-nin Azərbaycan və onun ərazisi olan Qarabağla bağlı 4 məlum qətnaməsi var. Bu gün Azərbaycan ordusu həm də bu qətnamələri icra edir.
İndi isə 40 gündür ki, yenidən alovlanmış savaşla bağlı həqiqi qısa tarixçəni diqqətinizə çatdıraq:
– Sentyabr ayının 27-i səhərdən etibarən Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqeləri bir neçə istiqamətdən və müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək atəşə tutdu. Nəticədə Azərbaycanın mülki əhalisi və hərbçiləri arasında insan tələfatı, itkilər və yaralananlar oldu. Hal-hazırda əks hücum əməliyyatı keçirən Azərbaycan ordusu düşmənin hərbi mövqelərinə zərbələr endirir, işğal olunmuş Azərbaycan ərazilərini azad edir. Bu dəfə mehriban qonşularını prosesə qarışmasını istəmədən və onların “sülhpərvər rəy”lərini nəzərə almadan.
Ümumiyyətlə, bilin ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdı. Bundan 3 ay əvvəl, avqustda Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin diverisya qrupu aşkarlandı və zərərsizləşdirildi. Araşdırma göstərdi ki, bu təxribatçı diversiya qrupu Azərbaycana planlaşdırılmış terror aktlarını törətmək üçün gəlib və Ermənistan dövlətinin Azərbaycana qarşı davamlı təcavüz planlarının tərkib hissəsidir.
4 ay əvvəl, iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz bölgəsi istiqamətində (Tovuz Azərbaycanın bir rayonudur) yenə də artilleriya hücumu nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak oldu.
2017-ci il iyulun 4-də də Ermənistan silahlı qüvvələri hücum təşkil edərək Azərbaycanın Füzuli rayonun Alxanlı kəndini minaatanlardan və qumbaraatanlardan, iriçaplı silahlardan atəşə tutdu. Nəticədə nənə və onun 2 yaşlı nəvəsi Zəhra qətl edildi. Dinc əhali arasında xeyli yaralananlar oldu.
4 il əvvəl, 2016-cı ilin aprelində Ermənistanın növbəti genişmiqyaslı hərbi hücumu baş verdi və Azərbaycan ordusunun əks tədbirləri nəticəsində Ermənistan hərbi birləşmələri darmadağın edildi.
Bu hücum xronologiyasını xeyli dərəcədə böyütmək olar, çünki demək olar ki, hər gün Ermənistan tərəfindən Azərbaycan istiqamətində güllələr, mərmilər atılır, atəş səsləri eşidilir . Bəs, görəsən məsələ nədir? Ermənistan niyə belə edir? Dünya ictimaiyyəti, BMT, müvafiq strukturlar 30 ildən artıqdır ki, bu məsələyə niyə göz yumurlar?
Yerindəcə qısa bir arayış verək. Ötən əsrin 80-ci illərinin sonunda keçmiş Sovetlər İttifaqının süquta yuvarlandığı, mərkəzi Moskva hakimiyyətinin iradəsizlik və səriştəsizlik, eyni zamanda Azərbaycana qarşı böyük qərəz göstərdiyi bir dövrdə separatçı, millətiçi ermənilər, hüquqi olaraq Azərbaycan Sovet Sosialist Respublikasının bir hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətini (bu ərazi tarixi Azərbaycan torpağı olan Qarabağın bir hissəsidir) Ermənistana birləşdirmək qərarı verdilər. Eyni vaxtda, o zamankı Ermənistan Sovet Sosialist Respublikasının 8 min kvadrat kilometr hissəsindəki 172 yaşayış məntəqəsindən 250 000 Azərbaycanlı türk , habelə 18 000 kürd və 1000 nəfər rus zorla öz doğma evlərindən, torpaqlarından, daimi yaşayış yerlərindən deportasiyaya edildi, Azərbaycana köcürüldü.
1988-1993-cü illərdə Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Hadrut kimi şəhər və rayonların daxil olduğu, Azərbaycanın tərkib hissəsi olan Dağlı Qarabağdan, üstəgəl Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Qubadlı, Zəngilan və Cəbrayıl kimi Dağlıq Qarabağ ətrafındakı 7 rayondan ümumilikdə 785 000 min nəfər insan, Azərbaycanlı qaçqın düşdü. Ermənistandan və Dağlıq Qarabağdan qovulanların ümumi sayı 1000 000 nəfəri aşdı; yəni o dövrdə hər 7 Azərbaycanlıdan 1 nəfəri qaçqına çevrildi. Bu illər ərzində Ermənistanın və onların havadarlarının təcavüzü nəticəsində 30 min nəfərə yaxın Azərbaycanlı həlak oldu, 100 min nəfər yaralandı, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil oldu.
Münaqişə dövründə 4852 nəfər (o cümlədən 54 uşaq, 323 qadın, 410 qoca) Azərbaycanlı itkin düşdü, 1368 nəfər (o cümlədən 169 uşaq, 338 qadın, 286 qoca) əsirlikdən azad edilsə də 783 nəfər (o cümlədən 18 uşaq, 46 qadın, 69 qoca) bu günədək Ermənistanda əsirlikdədir. Beynəlxalq Qızıl Xaç Komitəsi o insanlardan 439 nəfərinin əsirlikdə öldüyünü bildirir.
Bu münaqişə zamanı ermənilər Qarabağın qədim yaşayış məntəqəsi olan Xocalıda soyqırımı törətdi. Fevralın 25-dən 26-a keçən gecə, 1992-ci ildə erməni hərbi birşləşmələri 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakinini xüsusi amansızlıqla qətlə yetirdi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi, 487 nəfər yaralandı, 275 nəfər əsir götürüldü ki, onların 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Bu illər ərzində bir çox dövlətlər və beynəlxalq təşkilatlar bu münaqişənin həllinə cəhd etsələr də bir nəticə hasil olmadı. Xüsusən, 1992-ci ildə əsası qoyulan, 1997-ci ildən ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupu Azərbaycana, onun işğalda olan tərkib hissəsi Qarabağa, eləcə də Ermənistana çoxsaylı “turistik səfərlər” gerçəkləşdirdi. Yaxşı heç nə vəd etməyən, demək olar hər gün Ermənistan silahlı qüvvələri tərəfindən pozulan kövrək və yalançı sülh qorunmağa çalışıldı, hər dəfə də tərəflərə sülhün vacibliyi ilə bağlı növbətçi tövsiyyələr verildi. Eynən sizin bəyanatda olduğu kimi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 822, 853, 874, 884 saylı qətnamələr qəbul elədi ki, hər bir qətnamədə də Ermənistan silahlı qüvvələrinin Azərbaycan topraqlarından dərhal geri çəkilməsi tələb olunurdu. Hərçənd ki, öz böyük havadarlarına arxalanan Ermənistan dövləti bu beynəlxalq hüquqi sənədlərə heç bir əhəmiyyət vermədi, beynəlxaq güclər isə öz qətnaməsinin icrasında tələsmədi, ikili standart nümayiş etdirdi. Və budur, nəticə göz qabağındadır. 30 ildir ki, müvəqqəti sülhü torpaqları öz əlində saxlamaq üçün oyuncaq, vasitə olaraq istifadə edən Ermənistan yeni hərbi əməliyyatlara başlayıb. Biz əks hücuma keçmişik, daha 30 il gözləmək niyyətimiz yoxdur.
Bilin: Azərbaycan xalqı hal-hazırda öz torpaqlarını hərb yolu ilə azad edir, haqq və hüquq onun tərəfindədir.
Unutmayın: Azərbaycan monomilli və monokonfessional Ermənistandan fərqli olaraq bütün din və konfessiyaların, eləcə də çoxsalylı millət və etnik qrup nümayəndələrinin əmin-amanlıq içərisində yaşadığı sülhpərvər, qonaqpərvər bir ölkədir. Amma bizim bu həm uzaq tarixi, həm də otuz illik sülhpərvərliyimiz riyakar və işğalçı Ermənistanın tərs yozumuyla qarışdırılmamalıdır. Özünüzə sual edin: evinizə girən, yaxınlarınızı qətl edən, malınıza, canınıza qəsd edən soyğunçuya nə edərdiniz? Biz otuz ildir ki, (bəlkə də sadəlövhcəsinə) onun əlindəki silahı yerə qoyub gedəcəyinə inanırdıq.
Biz hamımız sənət adamıyıq. Sənət isə sülh hadisəsidir. Amma sizin təklif etdiyiniz “sülh çağırışı” yersizdir, qeyri-səmimidir, əslində Azərbaycan torpaqlarının işğalda qalmasını arzulayır. Bizdən atırqmı sülh istəyəcəksiz? Əgər səmimisizsə, sizin hər birinizi ərazisi işğal olunmuş, günahsiz əhalisi qətl edilmiş, kəndləri yandırılmış, insanları əsir götürülmüş, işğal edilmiş torpaqlarındakı maddi və mənəvi, tarixi isrsi ardıcıl şəkildə yox edilən – məhz əzilən, ədalətsizliklə üzləşən Azərbaycanlıların haqq səsini eşidəcək , həm öz ölkələrinizdə yaşayan erməni həmkarlarınızla bu haqda danışacaq, onların vasitəsi ilə, eyni zamanda təmsil olunduğunuz yaradıcı və media qurumlar vasitəsilə Ermənistanın sayıqlığını itirmiş rəhbərliyinə öz xalqını niyə uçuruma sürüklədiyini sorğulayacaqsınız. Öz ölkənizdəki hansısa dairələrin sepataçı, işğalçı Ermənistan dövlətinin silahlanmasında hər hansı cürə iştirakına bacardığınız qədər yox deyəcəksiniz. Yəni doğrudanmı bilmirsiz ki, sülhün damarlarından ədalətin qanı axmadıqca o sülh olmur.
Sizin müraciətinizə çoxlu iradlar tutmaq olardı. Və həmin iradlar çox ola bilsin ki, mətni hazırlayanların niyyəti ilə bağlıdır və o da ola bilər ki, bir çoxunuz mətni oxumadan imzalamısız. Təəssüf edirik ki, sizin müraciətə imza qoyanların sırasında tanıdığımız, Azərbaycanda da olmuş insanlar var. Axı sizin istiqanlı, dostpərvər, sülhpərvər və qonaqpərvər Azərbaycanlılarla ünsiyyət qurmusunuz. Bəs, müraciətinizdə yazdıqlarınızı özünüzə necə rəva bilirsiniz?
Azərbaycanda çox məşhur və sevilən bir mahnı var. Sözləri XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Nəbi Xəzriyə aiddir. Orda bir bənd belədir:
Qum dənəsi sayırdım, ayrılıqlar dağ imiş, Çat-çat yerə səpirəm gözlərimdən dən səni. Xoşbəxtliyin ilk şərti sevib-unutmaq imiş, Tanrı məni unutdu, unuduram mən səni; Əgər unuda bilsəm…
Xatirələr dərd verir, hər il bahar qabağı, Bu il də sağ çıxmışam ən sərt qışın qarından. Bir də məst olarammı yenə bu axşam çağı, Bənövşə nəfəsindən, nərgiz baxışlarından?! Ah, yenə uda bilsəm…
Od deyirlər od deyil, atəşmi?- o da deyil, Hansı diləklə çıxsam sonu qəmdir bu yaza. O can evi dediyin eşq dolu oda deyil, Nə bilim ey, yanğımı söyləsəmmi Araza?! Söndürər su da… bilsəm…
Gözlərimdir səpilən sən gedən yola sarı, Ürəyimdir çəkilən yol, gərək varam sənə. Bayaq səsi gəlirdi, keçdi üzüyuxarı, Poçtalyon qayıdanda məktub yazaram sənə; Qələmi tuta bilsəm…
SƏNİ
Nə mən,- get,- deyirəm, nə sən qalansan, Suç olar yolundan saxlamaq səni. Sən iş adamısan, mən söz adamı, Çətindi piyada haxlamaq səni.
Nolar, xislətini bir az tez dəyiş, Əvvəl sadə görün, sonra qəliz şiş. Yoxsa, başımıza açarsan ey, iş, Mümkünmü başından bağlamaq səni?!
Kimini var bilib, kimini yox san, Boynuna çıxarsan hər cini,- yoxsan. Bərkit təməlini-himini, yoxsa, Aşırar dibindən laxlamaq səni.
Sözdən işi keçər sal daşın bəzən, Açar sirr olanı yaddaşın bəzən. Səsini gizləyər göz yaşın bəzən, Tutar için-için ağlamaq səni.
VƏTƏNSƏN
Hamıdan küssəm də səndən küsmərəm, Kim ne deyir-desin əziz Vətənsən. Mən şirin deyirəm, amma acısan, Lap zəhər olsan da ləziz Vətənsən.
Başının üstündən getsin şər, getsin, Bu dərd də ötəcək, sinə gər, getsin. Ağzını əydirib gedənlər, getsin, Qalana qayğıdan xəsis Vətənsən.
Yalanla-dolanla başımızı qat, Gözümüz dağ-dağdı,qəlbimiz çat-çat. Öz doğma balana milli qazamat, Yadlara macəra-təsis Vətənsən.
Yaramız qövr etdi, bağladı lap sim, Nə eyham anladın, canım, nə də him. Eh, səni taladı kim oğlu kim, kim, Nə bilim, nəyin var, nəsiz Vətənsən.
XİFFƏT
Yenə bir say artdı yaşım bu payız, Deyiləsi sözüm qaldı baharda. Ürəksizdim yol yığanda heybəmə, Həsrət dolu gözüm qaldı baharda.
Göz gördüyü qorxulardır tamaşa, Ağ yuxumda göy gəbədir, yer xalı. Mən nə ömrə güvənmirəm, nə yaşa, Axıb gedir zaman sular misalı.
Heç çıxmadı uğuruna mən uman, Hirs-hikkəni dişlərində tutub sıx. Yolayrıcı… ümidsizlik… nagüman, Gah sənindi, gah da mənim,- ayrılıq.
Aha qatıb cəkdim bu gün adını, Yol qurtarır, tükənir can,- bilirəm. Axır vaxtlar itiklərin dadını, Ürəyimin ağrısından bilirəm.
Olanların xiffətini xəfif çək, Sınan yerdən istəklərdir pas tutan. Xatirələr səpələnir xəzəltək, Unudulmuş yaddan çıxıb, unudan…
Gözlərindən nur istədim yaymağa, İnanmazdım kirpiyindən yaş sıza. Həvəsmi var sayılmağa-saymağa, Bir say yenə düşdü yaşım payıza.
ÇIXIŞ NÖQTƏSİ
Fəqət, ağır imiş vaxtın qəm yükü, Zaman saxlancını yelə çıxarır. Çoxunun bəxtinə düşən ağ tükü, Bizim saçımızda telə çıxarır.
Gəlir əməlimiz xoşuna,- deyil! Vallah, bu gurultu boşuna deyil, Aşkar bəlamızı qoşuna deyil, Gizli dərdimizi selə çıxarır.
Bilmədim tərsinə bu dəyişik nə, Orda ət nə gəzir, burda pişik nə?! Biz kimin nəyinə neyləmişik, nə, Öcü canımızdan belə çıxarır.
Oynayır özünə, çalır özünə, And olsun, içdiyi qalır özünə. Fərəhi, sevinci alır özünə, Qadanı-qovğanı elə çıxarır.
Altı təzək çıxır, üstü hər bəzək, İftira bəzəkdir, böhtan- şər bəzək. Bütün fitnələrə vurub bər-bəzək, Hər sözün sonunu felə çıxarır.
ƏLLƏRİNDƏN
Pırpız saçlarında qarışar sığal, Şəbnəm ətri gələr nəm əllərindən. Həyat vəfasızdır, ömür-gün cığal, Çıxar həm canından, həm əllərindən.
Dağlar öz başına sarıyar cuna, Göydə bulud gülər, şimşək uğunar. Düşər ayaqların dərd bolluğuna, Sevinc azıb gedər kəm əllərindən.
Bu geniş dünyada imkan olur dar. Uşaq fərəhinin ahıl dərdi var. Üzü payızadır yarpaq mahnılar, Xəzəllər tökülər dəm əllərindən.
Sonda hali olmaz kimsə halından, “Gəl” deyən bir gün də dəyər dalından. Gözün doymasa da dünya malından, Toplanar-çıxılar cəm əllərindən.
YAXŞISI
O, yaxın sayılan yollar uzaqmış, Ömrümdü ölçdüyüm yelə,- yaxşısı. Dost deyib aranı soyutdum bu qış, Ürək qızınmaqmış elə yaxşısı.
Bənövşə dərdləri unutduq bir yaz, Nərgizli ətəkdə qılınmaz namaz. Damlada batmağı dərya anlamaz, Özünü atmaqmış selə yaxşısı.
Ən gözəl mələk də olarmış iblis, Bir gün Günəş haqdır, bir gün duman-sis. Uymaq düz deyilmiş… olan oldu pis,- Fitnəyə, fəsada, felə,- yaxşısı.
Bir az mən qəribəm, bir az yol naşı, Arxamca atılan himin xır daşı. Qılınc qurşamaq yox, dost, uzaqbaşı, Sığal çəkmək imiş telə yaxşısı.
SIXINTI
Köhnə xatirələr huşumdan çıxır, Varsa, təzələri tər göndər mənə. Başıma bəlaydı əvvəlki dərdlər, Bir az yüngül eylə dərdi-sər mənə.
Quru diləklərin çıxıb qaxacı, Danış, şirindillim, acı,- bax, acı.. Əsalıq gətirib əzgil ağacı, Qalıbsa, dəyməyən meyvə dər mənə.
Gah belə yalanmış, gah elə “gah”lar, Nə giley köməkdir, daha, nə ahlar. Xeyiri unudub qara sabahlar, Tapa bilərsənmi, bəyaz şər mənə.
Gecdi, çətin vara canım sağlığa, Qəlbim qəmə dözməz, sinəm dağlığa. Mən də bir ev idim yıxılmaqlığa, Tale də göz yumur baxsa hər mənə.
Özüldüm, divardım, tavan-dam özüm, Bir həyat yaşadım məzar tam, özüm. Bilməsən, getməyə taparam özüm, Bilirsən, dönməyə yol göstər mənə.
HƏYAT DƏRSİ-1
Bilirsənmi, necə olur üzülmək, Ağrısını,- dərd içində üzməyin?.. Necə olur nifrət ilə süzülmək, Acısını,- ağı-ağı süzməyin; Yox, bilməzsən… Yox, bilməzsən… Bilməzsən!…
Həsrətidir burda hamı sevginin, Diləklərdir gözlərdəki nəm ilə… Necə olur dadı-tamı sevginin, Dan yerində qarışanda qəm ilə; Yox, bilməzsən… Yox, bilməzsən… Bilməzsən…
Əlin çatmaz çıxarasan bıçağı, Hansı dosta nişangahmış kürəyin. Qan gölüdü sol çiyninin alt sağı, Necə vurur ağzındakı ürəyin; Yox, bilməzsən… Yox, bilməzsən… Bilməzsən…
Yox, bilməzsən necə olur yıxılmaq, Yaxınların badalağı nə sərtmiş. Necə olur güvəncindən sıxılmaq, Heyrət etmək… kim namərdmiş, kim mərdmiş; Yox, bilməzsən… Yox, bilməzsən… Yox, ey, yox…
Heç bilməzsən, hər sabah bir gecədir, Nə cür olur gözlərində şəkk ölmək… Boylanarsan, unamazsan necədir, Milyonların arasında tək ölmək; Yox, bilməzsən… Heç bilməzsən… Yox…heç…heç….
BİLİNƏR
Kəlmə-kəlmə, misra-misra sönürük, Ocağımız… …ta yananda bilinər. Kim əkəcək bizə qədir ağacı, Kimsə bizi sayan anda bilinər.
Nə yol bəlli, nə yolçunun insafı, Qopub düşər ürəklərin ən safı. Bir ümidlə uzadarıq biz lafı, Boş olduğu say ananda bilinər.
Doğma eldə yad tutulmaq nə imiş, Göz önündə unudulmaq nə imiş, Buz nəfəsdə qor udulmaq nə imiş, Atəş sönüb su yananda bilinər.
Batıb qaldıq acılı söz içində, Bacarırsan, əzaba döz içində. Ürək var ki, ağrıyar öz içində, Bir də qəfil dayananda bilinər.
ƏBƏDİ SUAL
Mən ki, yolçusuydum zamansızlığın, Əzrayıl gəlmişdi vədəli,- nəydi?! Anladım, sonudur yetim-yesirin, Düşmüşdü əvvələ dədəli, nəydi?!
Yoldu toz olanım, uğuru daşlı, Keçirdim bir ömrü cəngli-savaşlı. Çaşıb mat olmuşdum ağıllı-başlı, Həyatın əlində nə dəli,- nəydi?
Gerçək gördüyümdə nağıl da vardı, Əynimə gen dünya başıma dardı. Ağlayan canımı gülüb alardı, Kəsmişdi üstümü hədəli,- nəydi?!
Tək səni vəsv edə bilmədim ana Təbimin qüdrəti çatmadı ona!
Yorğun avazın la, laylan la yatdım Xeyrin lə, duan la arzuya çatdım Mənə dil öyrətdin, yazdım, yaratdım Gah sevinc içində, gah yana-yana Tək səni vəsv edə bilmədim ana Təbimin qüdrəti çatmadı ona.
Sən elə zirvəsən, sığmırsan dilə İlhamım çağlayıb dönsə də selə Sözümü deməyə utandım elə Mənə bu dünyanı verən insana Tək səni vəsv edə bilmədim ana Təbimin qüdrəti çatmadı ona.
Alnında yaz ətri, üzündə bahar Qəlbində gizlənir kədər, qəm, qübar Demə ki mənimdə şair balam var Qına mən Muradı, haqqın var, qına Tək səni vəsv edə bilmədim ana Təbimin qüdrəti çatmadı ona.
Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Ağayev Vüqarın əziz xatirəsinə ithaf olunur ŞƏHİDLƏR ÖLMƏZ (esse) Vətən təkcə xəritədə görünən sərhədlər deyil. Vətən ana laylasıdır, ata öyüdüdür, uşağın ilk addımıdır, şəhid məzarının üstündə dalğalanan bayraqdır. Vətən insanın nəfəsi, kimliyi, ruhu, yaddaşıdır. Elə torpaqlar var ki, onun uğrunda yaşamaq böyük şərəfdirsə, onun uğrunda can vermək müqəddəsliyin ən uca zirvəsidir. Çünki bəzi torpaqlar sadəcə torpaq olmur – tarix olur, tale olur, and yeri olur. Qarabağ belə torpaqdır. O torpaq ki, illərlə həsrət çəkdi. O torpaq ki, dağları ah çəkdi, daşları nisgil saxladı, yolları şəhid ayağı gözlədi. Hər qarışı min illərin yaddaşını daşıyan yurd yerləri bir xalqın qürurunu, bir millətin ağrısını sinəsində yaşatdı. Amma Vətən heç zaman sahibsiz qalmadı. Çünki bu torpağın mərd oğulları vardı. Elə oğullar ki, ölümdən qorxmadılar. Elə oğullar ki, torpağın səssiz fəryadını eşitdilər. Son gücünü toplayıb bir addım da atan qəhrəman yalnız bir insan deyildi. O, bütöv bir xalqın iradəsi idi. Ayaqları büdrəsə də ruhu büdrəmirdi. Bədəni yorulsa da inamı yorulmurdu. Çünki onun qarşısında müqəddəs bir məqsəd vardı – Vətən torpağı. Bəzən insan son nəfəsində özünü tanıyır. Bəzən insan ölümün gözünün içinə baxarkən əsl ölümsüzlüyə çevrilir. Torpağa uzanan əl sadəcə bir əlin hərəkəti deyildi. O əl Vətənə uzanan sevginin özü idi. Burnunun ucundakı torpağa həsrətlə baxan gözlər sadəcə bir əsgərin baxışları deyildi. O baxışlarda bir millətin ağrısı, bir xalqın nisgili, bir ömrün həsrəti vardı. “İlahi, hələ çoxmu öz torpağımızda həsrətlə baxacağıq torpağımıza?” Bu sual tək bir insanın sualı deyildi. Bu, illərlə yurd həsrəti çəkən insanların sualı idi. Bu, dağıdılmış evlərin, viran qoyulmuş kəndlərin, məzarı ziyarətsiz qalan ata-babaların sualı idi. Amma Vətənin tarixi göstərdi ki, haqq gecikə bilər, amma itib getməz. Şəhidlik anlayışı təkcə ölüm deyil. Şəhidlik zirvədir. Şəhidlik Vətənin bütövlüyü üçün öz varlığından keçməkdir. Şəhid olmaq insanın torpağa düşməsi deyil – xalqın yaddaşında dirilməsidir. Şəhidlər torpağa əmanət edilirlər, amma unudulmurlar. Çünki şəhidlər zamanın içindən keçib əbədiyyətə çevrilirlər. Göyə baxa-baxa kəlmeyi-şəhadət gətirən qəhrəman artıq bədənin ağrısından ayrılmışdı. O artıq sərhəd tanımırdı. Quş kimi azad idi. Ruhun qanadları vardı. Gedirdi… Üzü Günbatanda doğan Günəşə tərəf gedirdi. Bəzən Günəş doğduğu yerdə yox, uğrunda can verilən torpaqda doğur. Qarabağ sadəcə bir coğrafiya deyil. Qarabağ yaddaşdır. Qarabağ sədaqətdir. Qarabağ şəhid qanı ilə müqəddəsləşən Vətən torpağıdır. O torpağın hər qarışında bir igidin nəfəsi yaşayır. Hər daşında bir qəhrəmanın izi qalır. Şəhidlər ölmür. Çünki ölən bədən olur. Ruh yox. Ölən insan olur. Amal yox. Ölən ömür olur. Vətən sevgisi yox. Bu xalq tarix boyu böyük sınaqlardan keçib. Ağrı görüb. İtki yaşayıb. Amma sınmayıb. Çünki bu xalqı ayaqda saxlayan müqəddəs dəyərlər var – birlik, inam, Vətən sevgisi. Xalq bir olanda dağ aşır. Xalq birlikdə olanda tarix yazır. Qəhrəmanlıq fərdin cəsarətindən başlayır, xalqın birliyində böyüyür. “Şəhidlər ölməz” düşüncəsi də məhz buradan doğur. Çünki şəhid yalnız keçmişin qəhrəmanı deyil. O, gələcəyin müəllimidir. O, gənc nəslə sədaqət öyrədən məktəbdir. O, Vətənin qiymətini anlatan müqəddəs örnəkdir. Bu gün azad səmalara baxa biliriksə, bu gün bayrağımız öz torpağında dalğalanırsa, bu gün Vətənin yolları azad nəfəs alırsa – bunun arxasında adsız qəhrəmanlar, yarımçıq qalan arzular, son nəfəsində belə Vətəni düşünən oğullar dayanır. İndi Günbatanda bir ulduz parlayır. Elə parlayır… Elə parlayır ki… Sanki göylərdən səslənir: — Ey Vətən oğlu, unutma! Bu torpaq sənə əmanətdir… Çünki şəhidlər ölmür. Onlar torpaqda cücərirlər. Şəhidlər hər il may ayının sonuncu on günlüyündə yaşıl çəmənlərin qoynunda doğulan bağrı qara xallı al qırmızı lalələrin, Ulu Babəkin, Şah İsmayıl Xətainin, qoca Şərqin ilk respublikası Azərbaycanın al qırmızı bayrağının qırmızısında yaşayır. Bayraqda dalğalanırlar. Xatirələrdə yaşayırlar. Millətin ruhuna çevrilirlər. Şəhidlər ölməz. Vətən bölünməz. Şəhid olmaq – yaşayan vüqar, ölməzlik qazanan qürur, daim ucalan fəxarət hissidir! Şəhidlər ölməzlər! Onlar vətənin bir parçasına çevrilərlər! Yazıda düzlərdə al lalə, qışda dağlarda ağ qar olarlar. Şəhid olmaq, elə Vətən olmaq deməkdir! Vətən sevilər. Vətən yaşadılar… Vətən yaşadar… Vətən yaşayacaq…
Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyev 3 oktyabr 2019-cu ildə Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Qarabağ münaqişəsindən bəhs edən zaman bildirmişdir ki, “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
“QARABAĞ AZƏRBAYCANDIR!” (esse) Vətən insanın sadəcə doğulduğu yer deyil. Vətən onun ruhudur, yaddaşıdır, keçmişi və gələcəyidir. İnsan bəzən özünü itirəndə də vətənini itirmir. Çünki vətən insanın içində yaşayır – ana laylasında, ata nəsihətində, baba ocağında, torpaq qoxusunda, şəhid qanında, bayraq rəngində yaşayır. Bu mənada Azərbaycan təkcə coğrafi məkan deyil; minilliklərin yaddaşını daşıyan böyük bir mənəvi xəzinədir. Onun ayrılmaz parçası olan Qarabağ isə xalqımızın ruhunun, qürurunun, mübarizə əzminin və milli kimliyinin canlı simvoludur. “Qarabağ Azərbaycandır!” ifadəsi təkcə siyasi bəyanat və ya tarixi həqiqətin ifadəsi deyil. Bu fikir xalqın yaddaşına yazılmış müqəddəs anddır. Bu sözlər illərlə həsrət çəkən insanların ürəyində közərən ümidin səsidir. Bu nida Vətən sevgisinin ən ali məqamıdır. Qarabağ Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, milli kimliyinin ayrılmaz hissəsidir. Ağdamın ağrısı, Şuşanın nisgili, Xocalının yarası, Xankəndinin həsrəti, Laçının yolu, Kəlbəcərin dağı, Ağdərənin nəfəsi, Zəngilanın torpağı, Qubadlının izi, Füzulinin nisgili, Cəbrayılın xatirəsi xalqın ortaq yaddaşında yaşayır. Qarabağ sadəcə xəritədə görünən bir ərazi deyil. Qarabağ insanın ruhunda yaşayan Vətəndir. Yurd həsrəti tamamilə fərqli bir anlayışdır. Onu yaşamadan dərk etmək, anlamaq sözün əsl mənasında çətindir. Sanki hər gecə yuxuda kimsə insanı əlindən tutub tarixin yolları ilə aparır: bura Ağdərədir, bura Kəlbəcərdir, bura Laçındır, bura Göyçədir, bura Borçalıdır, bura Dərbənddir, bura İrəvandır, bura Zəngəzurdur, bura Təbrizdir… Hər addımda keçmiş danışır, tarix nəfəs alır, yaddaş dirilir. Sonra yol Qarabağa çıxır. Şuşaya çıxır. Qalaya qalxır. “Yeddiqatın” dolanbaclarında insan anlayır ki, Vətən sadəcə torpaq deyil. Vətən ruhdur. Vətən kimlikdir. Yurd yuvadır. Yurd şair demişkən, “əcdadımızın mədfənidir”: Vətən – əcdadımızın mədfənidir, Vətən – övladımızın məskənidir. Vətənin sevməyən insan olmaz, Olsa, ol şəxsdə vicdan olmaz. (Abbas Səhhət – “Vətən”) Azərbaycan xalqı tarix boyu çox çətin sınaqlardan keçib. Müharibələr, işğallar, ayrılıqlar, ağrılar xalqın taleyindən keçib. Qarabağ dərdi də uzun illər xalqımızın qəlbində sağalmayan yara kimi yaşadı. Yurd-yuvasından didərgin düşən insanlar illərlə doğma ocaqlarının həsrətini çəkdi. Uşaqlıq xatirələrimiz yarımçıq qaldı. Dağlar sahibsiz, yollar nisgilli, evlər qərib oldu. Amma xalq ruhdan düşmədi. Çünki Azərbaycan insanı yaxşı bilirdi ki, Vətən unudulmaz. Torpaq unudulmaz. Haqq gecikə bilər, amma itmir. Vətən sevgisi insanın daxilində böyüyən ən müqəddəs hisslərdən biridir. Bu sevgi insana güc verir, iradə verir, mübarizə ruhu verir. Qarabağ uğrunda aparılan mübarizə də sadəcə torpaq savaşı deyil. Bu mübarizə milli ləyaqətin, tarixi ədalətin, mənəvi dəyərlərin qorunması uğrunda mübarizədir! Şükür olsun Böyük Allaha hər gün yuxularımızda, xəyallarımızda getdiyimiz yolları, gəzdiyimiz yurd yerlərini bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında Azərbaycan Əsgəri canı, qanı bahasına addım-addım, qarış-qarış geri alır. Hər gün sözün əsl mənasında bir daha böyük əminliklə şahidi oluruq ki, “QARABAĞ AZƏRBAYCANDIR!”. İndi bu nida Azərbaycan Əsgərinin başlıca silahına çevrilib. Bu yolda verdiyimiz şəhidlərimiz Azərbaycan Əsgərinin mübarizə əzmini, qələbəylə, Böyük Zəfərə inamını daha da artırır. Necə deyərlər, – “Bir ölür, min diriliriz!” Şəhidlik anlayışı Azərbaycan xalqının mənəviyyatında xüsusi yer tutur. Vətən uğrunda canını fəda edən insanlar sadəcə döyüşçü deyil, xalqın əbədi yaddaşına çevrilən müqəddəs adlardır. Bu torpaqlar uğrunda şəhid olmaq hər kəsə nəsib olmur. Şəhidlər Vətənin daşına, torpağına, havasına qarışaraq xalqın ruhunda əbədi yaşayırlar. Qarabağ həm də milli birliyin rəmzidir. Çətin zamanlarda xalqın bir yumruq kimi birləşməsi, ortaq məqsəd ətrafında sıx dayanması Azərbaycanın ən böyük gücünü göstərir. Bu birlik göstərir ki, vətən sevgisi insanları birləşdirən ən güclü bağdır. Bu torpaqlar sadəcə coğrafi məkan deyil. Bu torpaqlar tarixdir. Yaddaşdır. Mədəniyyətdir. Nizaminin sözü, Üzeyirin musiqisi, Vaqifin nəfəsi, Xurşidbanu Natəvanın nisgili, şəhidlərin qanı, anaların duasıdır. Azərbaycanın hər daşı, hər qayası bir tarix danışır. Qarabağ isə həmin tarixin qəlbidir. Çünki Qarabağ Azərbaycanın mənəvi dayağıdır. Qarabağ milli ruhun yaşadığı yerdir. Bu gün Qarabağ deyəndə insanın gözündə sadəcə dağlar, yollar, şəhərlər canlanmır. İnsan qürur görür. Əzmkarlıq görür. Qayıdış görür. Dirçəliş görür. “Qarabağ Azərbaycandır!” — bu ifadə təkcə bir cümlə deyil. Bu xalqın yaddaşıdır. Bu millətin iradəsidir. Bu torpağın haqq səsidir. Qarabağ Azərbaycandır! Dünən də belə idi. Bu gün də belədir. Sabah da belə olacaq. Çünki Vətən sevgisi zaman keçdikcə azalmır. Böyüyür. Dərinləşir. İnsanla birlikdə yaşayır. Qarabağ Azərbaycandır! Azərbaycanın qürurudur. Azərbaycanın ruhudur. Azərbaycanın özüdür. 20.10.2020. Ağdam.