ÇOX ŞÜKÜR, BU İLKİ
QIŞI DA GÖRDÜK
Çırpıb qanadını qara buludlar,
Səpdi başımıza ağ lələkləri…
Gördü qəlbim əsir zirvədən ötrü,
Mənə qonaq gəldi dağ küləkləri.
Kəpənək qanadlı qarın altında
Könlümdən keçdi ki, bir az tək qalım.
Həsrət sazağında titrədi qəlbim,
Sevindi ağaran saçım, saqqalım…
Qoşulub göylərdən ələnən qara
Qərib kəndimizə enmək istədim…
Gözlərim yol çəkdi kəndimdən ötrü,
Ağ atlı oğlana dönmək istədim…
Birdən doğma yurda çata bilmərəm,
Macalım qalıbmı nəfəs dərim mən?
Minib köhlənimi çapdım xəyalən,
Qayalar səksəndi nal səslərindən…
Dünya başdan-başa müəmma olub,
Əzəmət gətirib qara sirr qəmə!
Gümanım tək sənə qalıb, ay bulud,
Həsrət ürəyimdən qar əsirgəmə!
Ağartdı bir anda kirli dünyanı,
Deyəsən qarlı qış eşitdi məni…
Onun şaxtası yox, sevdiklərimin
Soyuq baxışları üşütdü məni…
Ocağı soyuyan qərib kəndləri,
Yuvası boş qalan quşu da gördük.
Hələ ki, yoldadı ömür karvanım,
Çox şükür, bu ilki qışı da gördük…
08.12.2016
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru