GƏNC TURANIM Bayrağında hilalıyla, Haqqı güdən amalıyla, Qol gücüylə, kamalıyla, Bir- birindən güc alanım, Özü ulu , gənc Turanım! * * * Biri igid, biri ərən, Səmalardan ulduz dərən, Neçə- neçə şəhid verən, Qeyrətiylə öc alanım, Özü ulu , gənc Turanım! * * * Həmlə edən, nərə çəkən, Düşmənləri dizə çökən, Bayraqları qoşa tikən, Sevinc verib , qəm alanım, Özü ulu, gənc Turanım! * * * İki dövlət, milləti tək, Ənənəsi, adəti tək, Zülmə kötək, dosta pətək, Birləşibən bir olanım, Özü ulu, gənc Turanım! * * * Güc-qüdrətin etdin bəyan, Əzəmətin elə əyan, Əbədiyyən qoşa dayan, Qəlbi, nəbzi bir vuranım, Özü ulu, gənc Turanım! 16.06.2021.
Vüqar Əhməd beynəlxalq şeir müsabiqəsinin qalibi olub
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, tanınmış şair Vüqar Əhməd beynəlxalq şeir müsabiqəsində qalib olub.
İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində 16-cı Beynəlxalq Rəzəvi Şeir Festivalı keçirilib. Türkdilli şairlərin qatıldığı festivala 1000-ə yaxın əsər təqdim olunub. Təqdim edilən əsərlərdən üçü Azərbaycan şairlərinin əsərləridir: Vüqar Əhməd, Hacı Soltan və Seyid Nurəddin. Ölkəmizi festivalda təmsil edən şairlərdən bu 3 nəfərin şeirləri münsiflər tərəfindən qalib müəyyən edilib.
İran İslam Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan festivalın qaliblərinə İranın Azərbaycandakı səfirliyinin Şəhriyar adına Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirilib. Qonaqlar arasında professor Şahin Fazil, Arif Buzovnalı, Hacı Səyyaf, Elşən Xəzər və başqaları da yer alıb.
Azərbaycan şairlərinin çıxışlarından məmnunluq ifadə edən Mədəniyyət Mərkəzinin direktoru, hüquq elmləri doktoru Ağaye Əli Purmərcan iki ölkənin xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından bu cür ədəbi əlaqələrin əhəmiyyətini vurğulayıblar.
Festivalın sonunda Vüqar Əhmədə və digər qaliblərə diplom və hədiyyələr təqdim olunub. Vüqar Əhməd “Allah bizə səbr ver” şeiri ilə çıxışını tamamlayıb. Şeir qonaqlar tərəfindən hərarətlə qarşılanıb. Sonda İran səfirinin adından iştirakçılara ziyafət verilib. Tədbir İran televiziyaları tərəfindən lentə alınıb.
Dekabrın 29-da, gündüz saat 11:00 radələrində bu həyətdə dünyaya göz açmışam (doğum haqqında şəhadətnamədə yanvarın 25-i qeyd olunsa da). Bütün uşaqlığım bu həyətdə keçib. Bu gün uşaqlığım üçün darıxıram, bu həyətdə oynayarkən yıxılmağım üçün, yıxılarkən dizlərimdəki yaralara görə ağlamağım üçün, sözə baxmayıb yıxıldığıma görə anamın məni danlaması üçün darıxıram. Uşaqkən bu danlaqlardan başqaları kimi mən də xoşlanmazdım. Ancaq böyüdükcə anladım ki, anamın bu danlağı indi eşitdiyim saxta, yalan dolu münasibətlərdən, sözlərdən daha şirin imiş. Uşaqlığım üçün darıxıram, atamın axşam işdən evə gəlməsini gözləməyim üçün. Hər axşam süfrə başında iş yerində baş verənlərdən söz açardı atam. Mən də uşaq marağı ilə dinləyərdim. Darıxıram, səhərlər atamı işə yola salarkən, anamın ona ehtiyatlı olmasını tapşırmağı üçün. Uşaqlığım üçün darıxıram, anamın, atamın mənə hər an beynimə həkk etdikləri öyüd-nəsihətləri üçün. Ata nənə-babamı (Göyçək, Abbas) görmədiyim üçün xatırlamıram, amma barələrində həmişə xoş sözlər eşitmişəm. Ana nənə-babama (Ağgül, Mürşüd) gəlincə, onlarla bağlı yaşantılarımın hər anı yaddaşımdadır. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin! Bu günüm üçün valideynlərim qədər o insanlara da borcluyam. Çünki insan olmağı ana nənə-babamın öz övladlarına, başqalarına göstərdikləri münasibətdən, istəkdən, sevgidən, davranışdan öyrənmişəm. Və sonra da təbii ki, müəllimlərimdən dərs almışam. Böyüdükcə anladım ki, hamı onlar kimi olsaydı, həyatda nə nadanlar olardı, nə böyüklərinin üzünə qayıdanlar, nə də insan sifətində şeytanlar… Bu gün uşaqlığım üçün darıxıram, Ağdamın Yusifcanlı kəndində yaşayan Ağgül nənəmgilə baş çəkməyə gedərkən, onun süfrə açıb məni ac buraxmaması, payız fəslində həyətlərindəki qoz ağacına çıxarkən Mürşüd babamın ehtiyatlı olmağım üçün tez-tez səsləməsi üçün. Bu həyətdə böyüdüyüm günlər, illər üçün darıxıram. Ailənin ilk övladı olduğum üçün qohum-əqrəba üçün çox əziz, istəkli olmuşam. Deyilənə görə, əlimdəki şirin narı alıb əvəzinə, turş nar verən qohumlarım da olub. Amma mən böyüdükcə aldığım tərbiyədən qohumlar arasında ayrı-seçkilik etməməyə çalışmışam. Həmişə onları sevmişəm, yaxın bilmişəm. Amma böyüdükcə anladım ki, həyatda insanları sevməklə sevgilərini qazanmaq onları sevmək qədər asan deyil. Çünki bu gün «şəkər» verdiyim bəzilərinin mənə «zəhər» uzatdığının şahidi oluram. Odur ki, bax elə o günlər üçün darıxıram, bacı-qardaşlarımla birlikdə deyib-güldüyümüz bu həyət üçün.
Rəssam, Salam İbrahimoğlu.
Bu rəsm 30 il öncə çəkilib. Rusiyada rəssamlıq təhsili almış Salam İbrahimoğlu bu rəsmi bu həyətdəki ikimərtəbəli evimizi təmir edərkən eyvanda oturub çay içə-içə önündəki mənzərəni kağız parçasında cızıb və evdə üzərində işləyib. Amma o zaman bilmirdi ki, nə vaxtsa torpaqlarımız, yurdumuz düşmənlərimiz tərəfindən işğal olunacaq, həmin rəsmi digər əşyaları ilə birlikdə Sumqayıt şəhərinə gətirəcək və 30 ildən sonra iş yerimə gələrək mənə əvəzsiz sürpriz edəcək… İndi bu rəsimdəkilərdən əsər-əlamət yoxdur. Həmin tikililərin daşı daş üstə qalmayıb…
Bu isə həyətimizin indiki halı.
İşğaldan azad edilən digər şəhərlərimiz, rayonlarımız, kəndlərimiz kimi, bizim kəndimiz də, bizim məhəlləmiz də, bizim həyətimiz də ermənilər tərəfindən yerlə-yeksan olunub. Yaman darıxıram əziz xatirələrlə yadda qalan uşaqlıq və gənclik illərimin izi düşən bu həyət üçün… Nə yazıqlar ki, hələ getməsəm də, görməsəm də, bu həyət bizim həyətimizdir… Müəllif: Elbar ŞİRİNOV
QİSASIN SONU General Polad Həşimovun şəhid olduğu gün. Bax elə bu gün bütün Azərbaycan ayağa qalxır. Hər kəsi bir amal birləşdirir. Bu Polad Həşimovun qisasını almaq, silaha sarılıb vətən torpağını azad etməkdir. Azadlıq meydanına böyük bir axın var. Bu axın eynilə 30 il öncəki axını xatırladır. Hansı ki, Azərbaycanın müstəqilliyi yolunda atılan ilk addımın axınını. Vətən övladları Hərbi Komissarlığa müraciət edib, öz adlarını könüllü əsgər siyahısına yazdırırlar. Çox keçmir ki, hər kəsin gözlədiyi həmin o xəbər, Ali baş komandanın irəli əmrini verməsi xəbəri verilir. Bütün igidlər silaha sarılıb Qarabağı azad etmək üçün döyüşlərə qatılırlar. Bu döyüşlərdə Səbuhi adlı bir əsgərdə iştirak edir. Səbuhi döyüşlərdə misilsiz qəhrəmanlıqlar nümaiş etdirir. Ordu irəlilədikcə, Qarabağın hər bir qarışına üç rəngli Azərbaycan bayrağı sancıldıqca düşmən nə edəcəyini bilmir. Məğlubiyyətlə barışmaq istəməyən mənfur düşmən dinc əhalini hədəf seçir. Gəncəni, Bərdəni ağır artileriyadan atəşə tutur. Nəticədə günahsız körpələrdə həlak olur. Amma buna baxmayaraq Azərbaycan əsgəri nəinki körpə uşaqlara atəş açmır, hətta onlara kömək belə edirdilər. Nəhayət Şuşa uğrunda döyüşlər başlayır. Şuşanın keçilməz dağlarını igid əsgərlərimiz dırmanaraq, çətində olsa keçməyə müvəffəq olurlar. Artıq əsgərlərimiz əllərində iti uclu bıçaqla düşmən qüvvəsini məhv etmək üçün mübarizə aparır. Səbuhi düşmənin xeyli canlı qüvvəsini məhv edir. Düşmən snayperindən açılan güllə Səbuhiyə tuş gəlir. Bu güllə nə qədər ağır olsada Səbuhi mübarizəsinə davam etmək istəyir, lakin ard-arda daha 4 güllədə açılır. Nəticədə Səbuhi şəhid olur və Xarı bülbül ətrafında birləşən igidlərin sırasına qoşulur.
Mən, hal-hazırda Azərbaycan dili və ədəbiyyatı üzrə filologiya təhsili alan, iki uşaq anası Şəbnəm Həsənəlizadə. Uşaqları çox sevdiyimdən və nağılların da uşaqların inkişafında faydalı olacağına inandığım üçün, onlara youtube platformasından nağıllar səsləndiririrəm.
2. Özünüz uşaq vaxtı ən çox hansı nağılı sevirdiniz?
Qoğalın nağılını. Baxmayaraq ki, özüm şirin yox, şorqoğal sevənəm, amma bu personaj mənə şirin gəlirdi.
3. Bir Ana kimi övladlarınıza qarşı necəsiniz?
Deyərdim ki, mən də onlarla birlikdə böyüyürəm, onlarla birlikdə öyrənirəm. Çünki, bizlər ana/ata titulunu məhz onlar sayəsində alırıq və insan artıq valideyn olmağı da bu zaman öyrənir. Əlbəttə ki, ideal heç nə, heç kim yoxdur və mənim də yanlışlarım olur, amma əsas olan bu yanlışları bilmək, düzəltməkdir. Çünki, bizlər övladlarımızı bir şəxsiyyət kimi yetişdirməliyik və buna görə də onları könül gözü ilə görməyi, can qulağı ilə dinləməyi, yeri gəldiyində onların da fikrini almalı, yeri gəldiyində onlardan üzür istəməli, yeri gəldiyində də izn almalıyıq. Onlara doğru-düzgün nümunə olmalıyıq. Bəli, banal səslənsə də məhz nümunə. Çünki, uşağa “yalan danışmaq yaxşı şey deyil, yalan danışma” deyib, özümüz isə kənarda hər hansısa məsələdə yalan danışırıqsa, uşağa “kitab oxumaq lazımdır” deyib, özümüz heç oxumuruqsa…(bu siyahını çox uzatmaq olar) uşaq da gördüyünü götürür. Buna görə mən də çalışıram ki, onlara yaxşı nümunə ola bilim. Bundan əlavə, əsas da ki, onları sevgi, qayğı və diqqətlə qidalandıra bilim.
4. İndi ki uşaqlar necə dinləyirlərmi nağılları?
Bəli, çox sevirlər. Bunu istər ətrafda olan uşaqlardan, istərsə də mənim ünvanıma olan rəylərdən müşahidə edirəm. Əgər nağıl maraqlıdırsa və onun səsləndirilməsi də maraqlı tərzdədirsə, səsləndirən rolda ola bilirsə bu zaman uşaqlar da böyük maraqla dinləyirlər. Buna görə də analar uşaqlara nağıl oxuyarkən ordakı qəhrəmanları canlandıra bilsələr çox gözəl olar. Davamında nağılı müzakirə edərək də uşağa daha böyük fayda vermiş olacaqlar.
5. Gördüyünüz işi sevirsinizmi hardan yarandı bu maraq?
Bəli, çox sevirəm. Qızlarıma hər gün nağıl oxuyurdum. Bəzən əlimin altında olan vəsaitlər kifayət etmədiyindən artıq internetdən axtarmağa başlayırdım. Bu zaman da qarşıma maraqlı nağıllar çıxırdı. Sonra düşündük ki, niyə də bu nağıllar öz dilimizdə tək mənim qızlarım üçün yox, eləcə də başqa uşaqlar üçün də əlçatan olmasın?! Bu səbəbdən mən də əlimdən gələni etməyə çalışıram.
6. Belə düşünürəm ki, tərcüməçiliklədə məşğulsunuz eləmi?
Deməzdim ki, professional səviyyədə, amma dil biliklərim əsəri tərcümə etməyimə kifayət edir. Xüsusən də, rus dilindən.
7. Bu istedadı özünüzdə nə zaman kəşf elədiniz?
Əslində mənim uşaqlıqdan belə həvəsim olub, hələ məktəb yaşlarında da hər dəfə səhnələrdə çıxış edirdim, şeirlər deyirdim. Nağılçılığı isə ana olduqdan sonra kəşf elədim. Dediyim kimi, mən də uşaqlarla birlikdə böyüyür, çox şeyi də məhz uşaqlardan öyrənirəm.
8. Uşaqlarınızın adını siz qoymusunuz…?
Bəli, yoldaşımla ortaq qərarımızdır...
9. son olaraq nələr demək istərdiniz?
Övladlarımızın gözəl gələcəyi, yaxşı cəmiyyət qurmaq üçün bizlərin vəzifəsi böyük və məsuliyyətlidir. Buna görə də istərdim ki, bütün valideynlər buna görə canla-başla səy göstərələr. Uşaqları sevgiyə, diqqətə, qayğıya ac, yoxsul böyütməyələr, onların yanında, arxasında olalar. Əlbəttə ki, büdrəmələr də, səhvlər də olacaq, yıxıla-yıxıla öyrənir insan və əgər biz də övladlarımızın hər büdrəyişini alçaltmasaq, və ona dəstək olsaq, gələcək üçün də sağlam şəxsiyyətlər qazandırmış olarıq. O ki qaldı nağıllara, çox istərdim ki, analar mənim kanalımdakı nağılları uşaqlarla birlikdə izləsinlər ki, sonra uşaqla o nağılı analiz edib, müzakirə edə bilərlər. Nağıllar uşaqlar üçün həqiqətən də çox faydalıdır, ana əgər uşağa özü oxuyursa bu daha da gözəldir.
Bu gün jurnalist, şair (AJB-nin üzvü) Əyyub MƏMMƏDOVun doğum günüdür. Ad günü münasibəti ilə Əyyub müəllimi təbrik edir, yaradıcılığından nümunələr təqdim edirik:
Gələr bu dünyanın bir gün bəd üzü
Gələr bu dünyanın bir gün bəd üzü Qatar öz qabağına, əllini-yüzü. Bağlanar insanın bəsirət gözü Etmə pis rəftarı, sinə dağlama, Dürüst olanın, yolun bağlama. * * * Uyma yalana, vermə sən cəza Baş verər ömrünə acı bir qəza. Saxla bu dünyadan köçənə əza Əyriyə düz deyib, haqqına girmə, Versə də birisi sənə yüz tirmə. * * * Keçmişi unudub, dünəni silmə Əlində nə varsa, daimi bilmə Dolansın beynində qoy ilmə-ilmə Məqamın səninlə həmişəlik deyil, İnsanı ucaldan vəzifə deyil. * * * Səadət, xoşbəxtlik önündə ərin, Getmə çox dayaza, düşün ki, dərin Nə qədər ev yıxılıb, əlində şərin, Mən deyim biləsən sözüm tükənməz Dünyanın əvvəli, sonu bilinməz.
Bizim Yardımlı
Vüqarlı dağları, zirvəsi qarlı, Torpağı bərəkətli, meyvəsi barlı, Buluddan nəm çəkir Peştəsər dağı Ucadan ucadır, bizim Yardımlı. * * * Hayana baxırsan şiş qayalardır Yamacı yamyaşıl, gül-bağçalardır. Bumbuz suyunu hər içən deyir, Ömür uzadandır, bizim Yardımlı. * * * Payızı buludlu, çənli-dumanlı, Yayı küləkli, sərin havalı Qışı sərt keçən ayaz-şaxtalı, Baharı əlvandır, bizim Yardımlı. * * * İnsanlar təbiət qoynunu seçir, Bilir səfalıdır, gur meşələri Dillərdə dastandır, buz çeşmələri Könül coşdurandır, bizim Yardımlı. * * * Zəngindir tarixi abidələri Çoxdur sirli sərdabələri. Kəşf edilməyən küp qəbirləri, Tarixi kalandır, bizim Yardımlı.
Yaman ağırmış hicranın sənin
Sözlərin dolanır, başımda mənim, Qaynayır qazanımda, aşımda mənim Qalıb yaddaşımda, başımda mənim Gör necə yasını tutmuşam sənin, Dərdini, qəmini udmuşam sənin. * * * Ürəyimdə min arzu, min dilək donub Bağımda, bağçamda, gül-çiçək solub Taleyim də giley-güzarla dolub, Yaman ağırmış hicranın sənin Boğazda qəhərdir, qubarın sənin. * * * Daha alışmır, od-ocağımız, Nə də ki, danışmır, dil-dodağımız Çoxdan çalınıbdır, bizim sazımız Bir də gəlməz səsin, sorağın sənin, Heç vaxt unudulmaz marağın sənin.
Azərbaycan əsgəri 44 gün gecə-gündüz yağış-qar, şaxta-boran demədən mücadilə etdi. Elə vaxt oldu ki, torpaq üzərində yatdılar, yorğanları qar, yastıqları kötük oldu. Amma getdikləri haqq yolundan əsla geri dönməyi ağıllarına belə gətirmədilər. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq tarixi yazmış Vidadi Xəliov kimi.
Vidadi döyüşə yollananda sanki vidalaşırmış kimi son dəfə ailəsi ilə görüşdü. Körpə balalarını bağrına basıb duz kimi yaladı, uşaqlar da ondan ayrılmırdı heç. Elə bil sonuncu görüş olduğunu uşaqlar da anlamışdı.
-Ata, qardaşım və mən səni çox istəyirik və inanırıq ki, sağ-salamat bizim yanımıza dönəcəksən – gözləri yaşla dolan Zəhra sözünü tamamlamamış atasının boynuna sarıldı yenidən.
-Qızım, sən heç narahat olma, mən daim sizinləyəm. Əgər bir gün şəhid olaramsa, yenə də üzülməyin. Cismən sizi tərk etsəm də, ruhum daim sizinlə olacaq -deyir.
Vidadi son kərə anasına sarıldı, uşaqları əmanət eləyib xeyir-dua istədi. Ana doluxsundu, amma özünü toparlayıb: – Vətən sənə, sən də Allaha əmanət ol, oğul. Gözün arxada qalmasın, deyə bildi.
Gənc polkovnik amansız döyüşlərdə əsgərlərə sipər olmaqla yanaşı, daim onlardan öndə olur, kiminsə bir addım qabağa keçməsinə icazə vermirdi. Çünki o, bu vəzifəyə kreslo arxasından deyil, min bir əziyyət hesabına gəlmişdi. Əsgərlərə öz balası kimi baxır, lazım gələndə aldığı məvacibi onlar üçün xərcləyirdi.
Döyüş zamanı ardı-arası kəsilməyən güllələr şimşək kimi parıldayır, tankın-topun nərəsi isə sanki göylərin yaxasından tutub silkələyirdi elə bil. Amansız savaşda sıralar yavaş-yavaş seyrlsə də hər kəs irəli atılır, daha çox düşməni məhv etməyə çalışırdı. Tankın-topun qulaqbatırıcı gurultusu dağları lərzəyə gətirdiyi halda, gənc polkovnikin hayqırtısı hər kəsi ruhlandırırdı. “Yaralıları təhlükəsiz yerə çəkin, qalanlar da arxamca gəlsin! Hələ düşmənin neçə-neçə məhv ediləsi texnikası, səngəri var – deyib daha da irəli atılırdı Vidadi Xəlilov.
Artıq 13 gün idi ki, döyüşlər davam edirdi. Bu 13 gündə düşmənə od qoyan neçə-neçə cəngavər oğul şəhid olmuşdu. Atalar əbəs yerə deməyib ki: “Torpaq uğrunda ölən varsa vətəndir.” Bu torpağı öz qanları ilə suvaran şəhidlərin qisasını almaq isə döyüş meydanında düşmənə qan udduran əsgərlərin boynuna düşürdü. Onlar da ölümün gözünə dik baxaraq irəli atılır, düşmənin canlı qüvvəsini məhv edərək, ağır texnikaları ələ keçirirdilər.
Döyüş gündən-günə şiddətlənirdi.
Vidadi vaxt tapıb bacısına mesaj yazanda müharibənin 20-ci günü idi: “Bacı, əgər mən şəhid olsam bu mesajı paylaşarsan. Mənimlə bir ömür boyu fəxr edəcəksiniz. Əgər şəhid olsam, başınızı dik tutun. Anam, balalarım və həyat yoldaşım Nərmin sənə əmanətdir. İnşallah ki, şəhid olaram. Bilirsən ki, o zirvəyə ucalmaq mənim ən böyük arzumdur. Əgər salamat dönsəm, sizi Şuşaya aparacağam. İnşallah orada qurban kəsərik. Allah amanında qalın.”
O, bu mesajı yazdıqdan sonra yenidən döyüşə girdi. Amansız döyüşdə bir neçə yaralımız və itkimiz olduğu halda, qarşı tərəf 100-dən artıq itki vermişdi. Hər tərəf düşmən cəsədi ilə dolu idi.
Vidadinin ən böyük arzusu Şuşanın azadlığını görmək, ən yüksək zirvəyə bayraq sancmaq idi. Axı həm də bacısına söz vermişdi. Söz vermişdi ki, onları Şuşaya aparacaq. Vidadi Şuşada İsa bulağından su içəcəyi zamanı gözləyirdi. Neçə ananı oğulsuz, neçə uşağı atasız qoyan, neçə-neçə evin çırağını söndürən düşmən gülləsi Vidadini Laçın istiqamətində gedən döyüşlərdə qəfil yaxaladı, heç Şuşaya çatmağa imkan vermədi. Amma Vidadi al qanı ilə hərb tariximizin yeni bir səhifəsini yazmağı bacardı. Tarixləşdi, dastanlaşdı, heykəlləşdi, yaddaşlara hopdu .
Azərbaycanın Milli Qəhrəmanı, Şəhid polkovnik İlqar Mirzəyev.
İLQAR
(İlqar Mirzəyevin əziz xatirəsinə)
Qəhrəman olmaq üçün Gəlmişdi Yer üzünə. Silahı sevgi idi, Qonmuşdu nur üzünə. * * * Verdilər İlqar adın, Böyüdü üzdə vüraq. Fəxriydi dostun, yadın, Əhdinə düzdü İlqar. * * * Ananın sevinciydi, Obanın şan-şöhrəti. Ziyası oldu xalqın, Əritdi zin-zülməti. * * * Gətirdi gedişiylə Şərəfi, şanı bizə. Qollara qüvvət oldu, Təpəri yetdi dizə. * * * Məzara düşən gün o, And içdi mərd oğullar: -“Bu qanı alacağıq, Sən rahat uyu, İlqar!” * * * İgidlər tutdu sözün, Bir gündə döndü zaman. Göstəriş verildi ki, Düşmənə yoxdur aman! * * * Çin oldu arzuları, Qarabağ oldu azad. Uyuyur rahat indi, Şəhidim indi rahat… 21.06.2021. Bakı ş.
Tarix boyu ermənilərin türk-müsəlman əhaliyə qarşı nifrətinin və cinayətlərinin şahidi olduq. Bunlardan ən dəhşətlisi Qarabağın işğalı və Xocalı qətliamıdır. Ermənilərin türk-müsəlmanlara qarşı nifrətinin əsl səbəbi bədnam qonşularımızın və onların havadarlarının təqdim etməyə çalışdıqları kimi heç də 1915-ci ilin “qondarma erməni soyqırımı” deyildir.
Belə ki, hələ 1905–1906-cı illərdə ermənilər azərbaycanlılara qarşı kütləvi soyqırım həyata keçirmişdilər! 1885-ci ildə yaranmış ilk erməni terror təşkilatı “Armenakan” Osmanlı ərazisində silahlı terror aktları törətmişdir?! Göründüyü kimi, ermənilərin türklərə nifrətinin kökü “qondarma erməni soyqırımından” əvvəlki dövrlərə dayanır. 1887-ci ildə yaranmış “Hınçaq” terror təşkilatının, eləcə də digər terror təşkilatlarının məqsədi dənizdən-dənizə “Böyük Ermənistan” dövlətini qurmaq idi.
”Qondarma erməni soyqırımı” isə bu məqsədə çatmaq üçün uydurulmuş bəhanədir. Erməni tarixçisi saxtakar Moisey Xorenyanın (410–490) uydurduğu məlumatlara əsasən, tarixdə “Böyük Ermənistan” adlı dövlət olmuşdur. Hazırda ermənilər Moisey Xorenyanın uydurduğu həmin “Böyük Ermənistan”ı bərpa etmək istəyirlər.
Halbuki tarixə nəzər salsaq görərik ki, “Böyük Ermənistan” adlı dövlət, əslində, mövcud ola bilməzdi. Belə ki, saxtakar erməni tarixçilərinin iddiasına əsasən, guya ”dənizdən-dənizə” uzanan həmin çarlıq e.ə 331-ci ildən eramızın 428-ci ilinədək Yaxın Şərqin bir hissəsini və Qafqazı əhatə edirdi. Halbuki e.ə 330-cu ilə qədər Yaxın Şərq Əhəmənilər dövlətinin nəzarəti altında idi. E.ə. 330-cu ildə Makedoniyalı İsgəndər Əhəməni dövlətini işğal etdi. E.ə 323-cü ilədək Asiyada İsgəndərin ağalığı sürdü.
İsgəndər öləndən sonra Atropatena (Azərbaycan) dövləti yarandı. E.ə 312-ci ildən eramızın 60-cı ilinədək Yaxın Şərq Selevkilər dövlətinin hakimiyyəti altında oldu. Halbuki ermənilər iddia edirlər ki, Böyük Tiqran e.ə 69-cu ildə Ermənistanı ən böyük sərhədlərinə çatdırdı. İndiki Azərbaycan ərazisində Albaniya (e.ə IV əsr – eramızın 705-ci ili) dövləti mövcud idi. 226-cı ildən 651-ci ilədək Asiyanı Sasanilər dövləti idarə etmişdir. Beləliklə, ermənilər bu dövləti haçan qurdular?! Bundan əlavə, iddiaya əsasən, “Böyük Ermənistan” krallığını Ərtaşestlər və Ərsakilər sülalələri idarə etmişlər. Halbuki bu absurd iddiadır.Çünki Ərsakilər türk, Ərtaşestlər isə fars mənşəli sülalələrdir.
Beləliklə, bu uydurma dövləti Böyük Ermənistan deyil, Turan və Parsiya adlandırsaq daha düzgün olar. Çünki nə Ərsakilər, nə də Ərtaşestlər erməni olmuşlar. Göründüyü kimi, ermənilər Moisey Xorenyanın fırıldaqları əsasında özlərinə tarix qurmağa çalışırlar. Qərb tarixçilərindən olan Avqust Karier yazır: “Qədim erməni tarixçilərinin məlumatlarına inanmaq savadsızlıqdır. Bu məlumatların əksəriyyəti uydurmadır”.
Mənşəyi məchul olan bir xalqın tarixdə böyük bir dövləti ola bilərmi?! Ermənilərin mənşəyi ilə bağlı rəvayətlər kifayət qədər ziddiyyətlidir. Onların xisləti isə belədir: bir qarış torpaqda qısa müddət yaşayandan sonra bu torpaqlar əzəli erməni torpağıdır deyib həmin yerin əsl sahiblərinə qarşı ərazi iddiası qaldırırlar. 1828–1829-cu illərdə Türkmənçay və Ədirnə müqavilələrinə görə, ermənilər İrandan və Türkiyədən kütləvi surətdə Rusiya imperiyası tərəfindən Zaqafqaziyaya köçürülmüşlər.
Çarizm ermənilərin vasitəsilə türklər arasında maneə, hasar yaratmaq istəyirdi. Qeyd etmək lazımdır ki, ruslar erməni xislətinə yaxşı bələd idilər. Rusiya imperiyasının fövqəladə və səlahiyyətli səfiri Aleksandr Sergeyeviç Qirboyedov imperator Nikolay Pavloviç Romanova yazırdı: “Əlahəzrətləri, ermənilərin mərkəzi rus torpaqlarında yerləşməsinə icazə verməyin. Bu elə bir xalqdır ki, bir neçə il bir ərazidə yaşayandan sonra bütün dünyaya hayqıracaqlar ki, bu torpaqlar bizə ata-babalarımızdan miras qalmışdır”.
İmperator Nikolay erməniləri İrəvan ətrafına yerləşdirdi. O vaxtdan bu günədək ermənilər əzəli Azərbaycan torpağı İrəvana hökm edirlər və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirlər. Ermənilər indiki Türkiyənin şərq ərazilərinə (xüsusəndə Qars və Ərdəhan) iddia qaldırmaq üçün “qondarma erməni soyqırımından” istifadə edirlər. Özlərindən qondardıqları iddialara görə, 1915-ci ildə Osmanlı hökuməti 1.5 milyon ermənini öldürmüşdür.
Halbuki o zamanlarda A.Arakelyanın etno-demoqrafiya statistikasına görə, Osmanlı ərazisində heç 1.5 milyon erməni yaşamırdı. Siyahıyaalma nəticəsində qriqoriyan erməniləri – 995.479 nəfər, katolik ermənilər – 89.746 nəfər, protestant ermənilər isə – 95.841 nəfər olmuşlar. Cəm olaraq isə 1.181.066 milyon erməni yaşayırdı.
Rusiyalı politoloq Maksim Şevçenkonun dediyi kimi, “Osmanlıda yaşayan ermənilərin sayının öldürüldüyü iddia edilən ermənilərin sayından az olduğunu nəzərə alsaq görürük ki, səsləndirilən rəqəmlər qətiyyən həqiqətə uyğun deyildir”. Bundan əlavə, ermənilərin “Hınçak” və “Daşnaksütyun” terror təşkilatlarının üzvləri I Dünya Müharibəsinin gedişində Osmanlıda iğtişaşlar törətmiş, mülki əhalini kütləvi şəkildə öldürmüşlər.
Bunun da əsas səbəbi o zamankı ABŞ Prezidenti V.Vilsonun bəyanatı idi. V.Vilson bildirmişdi ki, ”Osmanlı ərazisində çoxluq təşkil edən xalq dövlət qura bilər”. Həmin bəyanatdan “ilham alan” bədnam ermənilər Andronik Ozenyanın və digər körpə qatillərinin rəhbərliyi altında türklərin sayını azaltmağa, onları qətliam etməyə başladılar. Osmanlı dövləti bu dəhşətli cinayətlərin qarşısını almaq üçün qanlı qırğınlarda iştirak edən erməniləri ölkənin müharibə gedən bölgələrindən başqa ərazilərinə köçürdü.
Osmanlı hökuməti iğtişaş törədən təşkilatları bağladı və onların əlləri dirsəyəcən günahsız insanların qanına batmış rəhbərlərini (2345 nəfər) həbs etdirdi. Hər il ermənilər bu hadisəni soyqırım kimi qeyd edirlər. Sabiq ABŞ prezidentlərindən biri demişdir: “Əgər arxivlər açılsa, ermənilər, sözsüz ki, rüsvay olacaqlar”. Onu da vurğulayaq ki, soyqırım sözünün mənası kütləvi surətdə hansısa etnik ya da mədəni qrupun məhv edilməsidir.
Əgər ermənilər həqiqətən də soyqırıma məruz qalmışlarsa, o zaman Türkiyədə xeyli erməninin hələ də yaşaması necə izah olunur? Azərbaycan Respublikasının prezidenti İlham Əliyev demişdir: “Əgər Türkiyə soyqırım etmiş olsa idi, geridə buna etiraz edəcək tək bir erməni qalmazdı”. İmperialist dünya dövlətləri və ermənilər köç (təhcir) zamanı ölüm hadisələrini “böyük erməni soyqırımı” adlandırırsa, o zaman 1948–1953-cü illərdə İrəvandan azərbaycanlıların kütləvi deportasiyasını da böyük Azərbaycan qətliamı olaraq tanımalıdırlar.
Çünki kütəvi deportasiya zamanı azərbaycanlılar ya yolda aclıq və susuzluqdan öldülər, ya da gəldikləri yerdə hava şəraitinə və iqlimə dözə bilməyərək tələf oldular. Bəs bu şərəfsizləri türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlara görə kim sorğulaycaq?! Ermənilərin 10-dan çox terror təşkilatı və minlərlə məşhur terrorçuları vardır.
Onların hamısının hədəfi biz türk-müsəlmanlarıq. Onlar qətliamın hər növünü biz türklərə qarşı tətbiq etmişlər. İlk kütləvi soyqırımlardan biri Daşnak təşkilatının (rəhbəri Drastanat Kamayan) törətdiyi, 1905–1906-ci illərin “erməni–müsəlman davası”dır. Daha sonra 1918-ci ilin martında Stepan Şaumyanın rəhbərlik etdiyi quldur dəstələri tərəfindən amansız bir soyqırımı törədildi. Ardınca müxtəlif terror təşkilatları yarandı.
Erməni terror təşkilatları (Armenakan, Hınçaq, Daşnaksütyun, ESƏD, YEM, ASALA, EGAO, EİO, EAC, Oril qrupu, İntiharçılar, Erməni birliyi, GEİ, 9 iyun qrupu, EAH, Geqaron, Apostol, Demokrat cəbhə) yalnız Azərbaycan və Türkiyə ərazisində deyil, dünyanın böyük dövlətlərində, hətta bitərəf İsveçdə belə terror aktları törətmişlər. Bu təşkilatlardan ən məşhuru və şərəfsizi Akop Akopyan tərəfindən yaradılmış ASALA terror təşkilatıdır.
ASALA-nın bədnam komandirlərindən biri də Monte Melkolyan idi. Hətta bəzi ehtimallara görə, Xocalı qətliamında da ASALA terror təşkilatının barmağı vardır. Bundan əlavə, Xocalıda qətliam törədənlərdən biri də 366-cı rus motatıcı alayı idi.1988-ci ildə təxribat xarakterli Sumqayıt hadisələri baş verdi.
Özünü ”Paşa” ləqəbli türk kimi tanıdan E.Qriqoriyan Sumqayıtda yaşayan (özlərinə lazım olmayan) erməniləri ən qəddar üsullarla öldürdü. Ermənilər bu yolla türkləri vəhşi xalq kimi tanıdıb öz məqsədlərinə nail olmaq istəyirdilər. 1991-ci ildə Xankəndi erməni birləşmələri tərəfindən işğal olundu. Həmin vaxt Ermənistanda hakimiyyət başında terrorçu Levon Ter-Petrosyan idi. Qarabağın və ətraf rayonların işğalı Ter-Petrosyanın hakimiyyəti dövrünə düşür. 1992-ci il Xocalı qətliamının da ən böyük səbəbkarlarından biri də Levon Ter-Petrosyan idi.
Zəngilan rayonu işğal olunana qədər ermənilər Qarabağda müxtəlif terror aktları törətdilər.1998-ci ildə hakimiyyətə Robert Koçeryan gəldi. Bu şərəfsiz də alçaqlıqda sələflərindən geri qalmır, müxtəlif vaxtlarda terror aktları təşkil edirdi. Göründüyü kimi, Ermənistan liberal-demokrat deyil, məhz terror dövlətidir. 2008-ci ildə hakimiyyətə Serj Sarkisyan gəldi. Bu şərəfsizin prezidentliyi dövründə 2016-cı ildə aprel döyüşləri baş verdi.
Azərbaycan ordusu erməniləri geri oturdaraq Lələtəpəni işğaldan azad etdi. 2018-ci ildə inqilab nəticəsində qərbəmeyilli Nikol Paşiniyan hakimiyyətə gəldi. Paşinyanın hakimiyyəti dövründə Vətən müharibəsi başladı və Allaha şükürlər olsun ki, Qarabağ işğaldan azad edildi.
Müharibənin gedişində ermənilər Azərbaycanın mülki əhalisinə qarşı ağır hərbi cinayətlər işlətdilər. Azərbaycan Respublikasının müxtəlif rayonlarına, o cümlədən, Gəncə şəhərinə bir neçə dəfə Skad/Elbrus raketi, təslim kapituliyasiyasını imzalamazdan bir neçə dəqiqə əvvəl isə Bakıya bir raket atdılar.
Bakıya atılmış raket hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən zərərsizləşdirildi. Qarabağı tərk edərkən ermənilər evləri və meşələri yandırıb məhv edərək ekoloji terror törətdilər. İşğal olunmuş torpaqlarımızı azad etdiyinə və yürütdüyü uğurlu siyasətə görə Ali baş komandan Cənab İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinə dərin təşəkkürümüzü bildirir, şəhidlərimizə Allahdan rəhmət diləyirik.
XXI əsri kreativ intellektuallar dövrü də adlandırırlar: tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimlərindən tutmuş, sıravi sosial platformalarda özünü tanıtmağa çalışan blogerlərə qədər hər kəs tarixdə qalmaq üçün nəsə fərqli mövqe ortaya qoymağa çalışır. Mədəniyyət tarixi belə estetik-intellektual texnologiyalarla boldur, fəqət milyonlarla kulturoloji hadisə, fakt arasında fərqlənərək özündən sonra humanitar fikri irəli aparan düşüncə sahiblərinin sayı elə də çox deyil.
Almanların təbirincə yazsaq, mədəniyyət şifrələrinin ötürücüsü – kültürtragerlərimizdən biri də Azərbaycan Yazıçılar Birliyinin katibi, milli “PEN-klub”un prezidenti, Xalq yazıçısı, professor, respublikamızın və xarici ölkələrin saysız-hesabsız ordenlərinin, medallarının, ədəbi-mədəni mükafatların laureatı, kitabları fərqli dillərdə milyonlarla tirajla nəşr olunan Çingiz Abdullayevdir. Bu işıqlı dünyaya gəlişinin 50 illik yubileyi idi.
Yanılmıramısa, özüm tez-tez təkrarlamağı xoşlayıram, bir neçə yazımda da xüsusi vurğulamışam: dünya şöhrətli detektiv ustamız özünün çoxsaylı kitablarıyla, fərqli – intellektual mövqeyi, oxunaqlı əsərləri ilə dünyaya çıxarılası, fikir tariximizdə qalası milli kulturoloji sərvətimizdir.
Bəli, indiki inteqrasiya dövrünün dəbdə olan ifadəsiylə yazsam, insan kapitalının, intellektual-kulturoloji zəhmətin payının get-gedə artdığı bir vaxtda geniş oxucu kütləsinə ünvanlanmış dəyərli əsərlər yaradan şəxsiyyətlərimizdən biri – qlobal kreativ biznes sahəsində öz yerini möhkəmləndirən əsl Azərbaycan milli art-brend sayılsa da, sonuncu uğurlu Qarabağ savaşında ölkəmizdə, xüsusən də xaricdə və internetdə, sosial şəbəkələrdə sərgilədiyi qətiyyətli mövqeyi ilə həm də növbəti dəfə (artıq neçənci səfərdir!) sübut etdi ki, əsl tarixi-mədəni şəxsiyyətdir! Geniş nəzər salanda, heç də sirr deyil ki, Çingiz Abdullayev nəinki respublikamızda, – boynumuza alaq: son illərə qədər bir neçə rusdilli romanlarını çıxmaq şərtilə, yazıçının əsərləri bizdə mütəmadi işıq üzü görmürdü; amma axır vaxtlar istedadlı qələm sahibinin 30-dan çox irihəcmli detektiv romanı ana dilimizə çevrilib, hərəsi də bir neçə dəfə təkrar nəşr olunub, – ölkəmizin hüdudlarından çox-çox kənarlarda, daha dəqiq, Rusiyada, başqa MDB dövlətlərində, Qərbdə, Şimali Amerikada, Şərqdə, qardaş Türkiyə, İsrail, ərəb məmləkətlərində kifayət qədər tanınır, qələmindən çıxan ədəbi nümunələr isə on milyon nüsxə tirajla yayılır. Yaşı minilliklərlə ölçülən milli ədəbiyyat tariximiz ikinci belə kulturoloji faktla öyünə bilmir…
Klassik ədəbiyyatşünaslıqda bədii əsərlər ədəbi növlərə, onlar isə, öz nöbəsində, janrlara bölünürlər. Məsələn, epik növün hekayə, povest və roman növü. Bu, təsnifata görə detektiv hekayə də ola bilər, detektiv roman, pyes, film də. Odur ki, suala konkret cavab vermək üçün filoloji anlamların dəqiqləşdirilməsinə ehtiyac duyulur. Detektiv bədii nəsrdə, eləcə də bədii-sənədli ədəbiyyat və sənətin digər sahələrində xüsusi növ sayılır. Daha da dəqiqləşdirsək, dünyada detektiv əsərləri bədii-vizual qol – istiqamət, bəzən də estetik tərz hesab edənlər də var. Fantastik, savaş, melodramatik əsərlərdə olduğu kimi, detektiv də əsasən çox mürəkkəb estetik-kulturoloji struktura malik olmayan, əsasən kütləvi və geniş oxucuya ünvanlanan əsərlər sinfinə də aid edilir. Amma elə klassik detektiv əsərlər var ki, artıq dünya ədəbiyyatının dəyərli nümunələri səviyyəsinə qalxa bilib. Üstəlik, son illərin ən maraqlı əsərlərinin özündə də detektiv hava, cəhətlər bir ədəbi vasitə səviyyəsində istifadə olunur. U.Ekonun “Qızılgülün adı”, O.Pamukun “Mənim adım qırmızı” və başqa dəyərli romanları yada salmaq kifayət edər, məncə.
İstənilən halda detektiv ədəbiyyatın ən çox inkişaf etmiş qollarından, istiqamətlərindən biri sayılır. Düzdür, Azərbaycan ədəbiyyatında ona XX əsrin ikinci yarısından bu yana müraciət olunsa da, detektiv bir ədəbi-estetik qəlib olaraq hər zaman oxucuların, tamaşaçıların diqqətini cəlb edir…
Ölkə Prezidenti İlham Əliyevin xüsusi Sərəncamıyla Xalq yazıçımız Azərbaycanımızın ən yüksək dövlət mükafatlarından biri ilə – “Şöhrət” ordeniylə təltif olunanda növbəti dəfə əmin olduq ki, istedadın sərhədləri hüdudsuzdur, dünən də, bu gün də olmasa, sabah, yaxud gələcəkdə fitri peşəkarlığa, bacarığa malik şəxslər tarix qarşısındakı xidmətlərinə görə əvvəl-axır dəyərini, qiymətini alırlar…
Ədəbiyyat, mədəniyyət, humanitar-estetik sahələr üzrə aparılan bir çox mədəni-sosioloji araşdırmalar və ədəbi-kulturoloji monitorinqlərin nəticələrinə görə, Çingiz Abdullayev cəmiyyətimizdəki nüfuzuna, mövqeyinə, tutduğu yerinə görə ictimai-mədəni hadisələrə ciddi təsir imkanlarıyla yanaşı, yaratdığı əsərlərə görə də başqa yazıçılarımızdan, fikir adamlarından xüsusi çəkisi olaraq fərqlənir. Hətta 500 milyonluq qlobal rusdilli, – indi isə 300 milyonluq türkdilli məkanda, – ədəbi-mədəni, humanitar-intellektual, sosial-fəlsəfi, ictimai-siyasi mühitlərdə orijinal düşüncə sahibi olaraq Ç.Abdullayevlə hesablaşan elitar təbəqə formalaşıb.
Müxtəlif nəsil Azərbaycan oxucusu nasir, ustad detektiv kimi bu imza sahibinin hər yeni əsərini maraqla izləyir, kitablarında, yazılı və elektron KİV-də, virtual resurslarda, yeni mediada, sosial şəbəkələrdəki statuslarında toxunduğu müxtəlif ciddi məsələlərlə tanış olur, cəmiyyəti düşündürən problemləri zamanında ədəbiyyata gətirdiyini razılıqla qarşılayır, aktual saydığı hər hansı bir mühüm sosial-siyasi prosesi, hadisəni, hərəkəti ictimai polemikaya transfer etmək baçarığını yüksək dəyərləndirir.
Söz yox, Ç.Abdullayev yaradıcılığı barədə ümumiləşdirilmiş mülahizələrsiz qısa yazmaq qeyri-mümkündür: nəzərə almaq lazımdır ki, ustad detektivin irihəcmli əsərlərinin, roman və povestlərinin sayı iki yüzə yaxınlaşmaqdadır, onlar haqqında bir balaca yazıda geniş danışmaq mümkün deyil.
Məhsuldar yazıçı, ictimai-mədəni aktivist, rəsmi ədəbiyyat xadimi olaraq Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin katibi, MDB ölkələri Yazıçılar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü və bu kimi onlarca məsul ictimai-sosial vəzifədə çalışdığını bilməyən çox az adam tapılar. XX əsrin ziyalılığı ilə XXI yüzilliyin intellektuallığını özündə cəmləyən bir milli qürur timsalı olan sadə, lakin böyük ürəyə sahib, unikal estetik-fəlsəfi fikrə malik bu tarixi-mədəni şəxsiyyətin işıqlı obrazını yaratmaq fikri elə də asan gəlməsin sizlərə: deyəsən, qeydlərim ənənəvi “yubileynamə” janrının tələblərindən kənara çıxmır.
Sözün bütün çalarında, Azərbaycan ədəbiyyatında, bəlkə də cəmiyyətimizin indiki mürəkkəb dövründə az adam tapmaq mümkündür ki, Çingiz Abdullayev kimi insani saflığını, ruhi duruluğunu saxlaya bilsin. Dostlarımızın arasında bəlkə də, azsaylı şəxslərdəndir ki, ayaqüstü görüşdüyümüz, qısa söhbətlər etdiyimiz, beş ədəbi söhbətdə iştirak etdiyimiz zaman hər dəfə ondan yeni nəsə öyrənə bilirik.
Görkəmli yazıçı Çingiz Abdullayevin yaratdığı ədəbiyyatın bədii nəsr qolu, istiqaməti – detektiv, bellestrika məhsulları kimlərinsə estetik zövqünə uyğun gəlməyə bilər. Fəqət, nə vaxtlarsa uşaqlıq, yeniyetməlik və gənclik çağlarımızda bu qəbildən olan bədii nümunələri həvəslə oxumuşuq. İndilərdə yalnız peşəmizlə əlaqədar ədəbi tənqidçi, daha çox isə kulturoloq kimi bu dəyərli nümunələri, xüsusən Xalq yazıçımızın sayı yüzlərlə ölçülən kitabları ilə tanış olan zaman yaşadığımız bu mürəkkəb zəmanənin çoxsaylı sirli şifrələrini sezəndə, ədibin düşüncələrinin dərinliyinə heyran qalırıq.
Fəqət, zövq məsələsində mübahisələrin məntiqsizliyini yada salıb, bir məsələni də xüsusi vurğulamaq istəyirəm: real həyatla daha çox yaxınlığıyla seçilən, bir sıra hallarda müəllifdən futuroloji bilgilər, analitik təfəkkür, intellektual hazırlıq, müxtəlif biliklərə yüksək səviyyədə yiyələnmək, cəmiyyətdə baş verənlərlə yaxından, davamlı tanışlıq tələb edən ciddi detektiv ədəbiyyat, eləcə də onun ən çox oxunan janrları sayılan siyasi, tarixi, xəfiyyə, eləcə də polis detektivləri yaratmağın çətinliyi göz qabağındadır. Çingiz Abdullayev hələ gənc yaşlarından öz çiyinlərini bu ağır ədəbi yükün altına verdi, Qərb, eləcə də rus yazıçıları tərəfindən artıq inhisara alınmış bu estetik-bədii sahədə özünün məhsuldar yaradıcılıq cığırını aça, estetik yolunu yarada bildi. Dünya oxucusu tərəfindən maraqla qarşılanan çoxsaylı detektiv əsərlərini ustalıqla yaradaraq, nəinki lokal milli ədəbiyyat meydanında parıldadı, eyni zamanda qlobal çap-nəşriyyat biznes sahələrinə çıxış əldə etdi. Görkəmli söz sənətkarımızın 40-dan artıq xarici məmləkətdə nəşr olunan əsərləri, əksər ölkələrdə milyon nüsxələrlə satılan kitabları və imzası dünyada Azərbaycanı, milli-mənəvi varlığımızı piar – təbliğ edən əsl qlobal art-brendimizə çevrildi.
Azərbaycan – müsəlman türk yazıçısı olaraq bütün sadalanan ağrılı problemlərə sinə gərən bir kulturoloji fikir adamı kimi Çingiz Abdullayev titanik zehni əməyi nəticəsində millətimiz, dövlətimiz üçün bu qədər iş görürsə, onu və onun kimi milli sərvətimizə -insan kapitalımıza dəyər verməmək, gənc nəslə nümunə göstərməmək mümkündürmü!?
P.S. Çingiz müəllimə bir “tənqidi” xatırlamamız: ustad, bir neçə vaxt bundan əvvəl siz demişdiniz ki, yaradıcılığımın yeni mərhələsində tarixi və intellektual, bir qədər də fəlsəfi nəsr əsərləri ilə oxucularımı təəccübləndirəcəyəm. Zamanı yetişməyibmi?!