Rəna nişanlı idi.Oğlan evi daha deməkdən, eşitdirməkdən yorulmuşdu ki, ta bəsdir, gəlini aparmaq istəyirlər.
Tariyel bu gün, sabaha salır, toyu ləngidirdi. Bəhanəsi də bu idi ki, qız ali məktəbi qurtarsın, bəzi cehiz şeyləri alınmalıdır və sair və ilaxır.
Oğlanın atası: “Ev mebel-filanla doludur. Əslində cehizə ehtiyac yoxdur”.
Amma kimə deyirsən? “Eşidən bilən nə fikirləşər?”
Tariyelin də Gülbacının da sözü bu idi.
Axır ki, qız evi insafa gəldi. Dədə-baba qaydası ilə əvvəlcə qız evi, sonra da oğlan evi toy etməli idi. Qız ikinci toyda, oğlanın toyunda gəlin köçəcəkdi.
Bəylə gəlin sevinc içərisində idilər. Tezliklə qovuşacaq, bir ailə olacaqdılar.
Tariyel dəm-dəsgah tərəfdarı deyildi. Qızına yığcam bir toy etmək istəyirdi. Şura hökuməti illərində belə toylara “Komsomol toyu” deyərdilər.
Lap əvvəllər – bəlkə də 50-60 il bundan qabaq tək-tük adam qız toyu edərdi. Ona da qəribə baxardılar. “Qıza da toy edərlər?” Qız toyu sonralar dəbə düşdü.
Tariyel təmtəraqlı toy etməyin, toya 300-500 adamın çağırılmasının əleyhinə idi. “50-100 nəfər qonaq oldu, kifayətdir. Yoxsa çox tünlük olur. Ağız deyəni qulaq eşitmir, toyu aparanı, təbrik deyənləri dinləyən olmur.
Hələ bu, bir yana qalsın. Toy edənlər əslində toydan xeyir götürmürlər, yığılan pulları sayıb əsas hissəsini şadlıq evinin yiyəsinə, bir də musiqiçilərə verirlər. hətta bəziləri “Birdən qədərincə pul yığılmaz” deyə özü ilə ehtiyat pul da götürürdülər: Belə halda şadlıq evinin sahibinə “İcazə ver, gedim evdən pul gətirim” – deməyəcəkdi ki…
Əlqərəz Tariyellə Gülbacı bir siyahı tutdular. Öz bacı-qardaşlarına, ən yaxın qohumlarına, oğlan evinə, qonşulardan bəzilərinə, Rənanın iş yoldaşlarından bir qisminə dəvətnamə yazdılar.
Tariyelin iş yoldaşları gileyləndilər:
-Bizi niyə toya çağırmırsan? Özünə yaraşdırmırsan?
Tariyel onları bir-bir qucaqlayaraq könüllərini aldı:
-Ay canım, yaraşdırmaq məsələsi deyil. Hamınızzın xətrini istəyirəm. Siz Allah inciməyin. Kiçik bir şadlıq evi tutmuşam. Çox adam çağırmaq istəmirəm. Ancaq qohum-əqrəbadır. Yerim azdır. Oğlumun toyunda iştirak edərsiniz. Hökmən çağıracağam.
Nə isə… Bir həftə sonra “Ağ çiçəyim” şadlıq evində qız toyu keçirildi. Gəlinlik paltarında ağ göyərçinə oxşar gözəl-göyçək Rəna nişanlısı Mahir qoluna girib “Vağzalının” oynaq sədaları altında salona daxil oldu. Nikah bağlandı, sonra bəylə gəlin keçib onlar üçün ayrılmış yerdə əyləşdilər.
Toy Tariyelin arzu etdiyi şəkildə çox yaxşı keçdi. Az adam çağırdığına görə heç də peşman da olmadı.
Məclis yavaş-yavaş dağılmaqda idi. Gəlinlik paltarında ağ göyərçinə bənzər gözəl-göyçək Rəna nişanlısı Mahirə sığınaraq salonu tərk etdi. Bəylə gəlin bəzəkli maşına əyləşib xoşbəxt günlərini yaşamaq, qoşa qarımaq, oğul-uşaq sahibi olmaq üçün oğlan evinə yola düşdülər.
Gülbacı bir tərəfə çəkilib gözünün yaşını tökürdü. Bu, sevinc yaşları idi: “Atalarımız doğru deyiblər: “Qız gözünü açıb deyər: bura bizim ev deyil”, “Qız köçəri quşdur”.
Tariyel oğlu Tofiqlə şadlıq evindəki otaqlardan birinə keçdi. Üzərində “Qız evi” yazılmış qutu açıldı. Toya dəvət edilənlərin adları yazılmış zərflər stolun üstünə töküldü. Onlar bir-bir açılır, zərflərin içərisindəki pullar sayılırdı: Əlli Ayaqlıyev – 50 manat, Gülmə Şəkərova – 50 dollar, Şir Aslanov – 100 manat.
Tariyel birdən əl saxladı. Bu zərfin üzərində kiminsə adı deyil, sadəcə “Anonim” sözü yazılmışdı. Zərfin içərisinə də 150 manat pul qoyulmuşdu.
Tariyel fikrə getdi: “Bu kim ola?”
Birdən iş yoldaşlarından Maqsudun sözləri yadına düşdü. Tariyel onlara: “İndi sizi toya çağırmıram, oğlumun toyuna gələrsiniz” deyəndə Maqsud: “Çağırmırsan, çağırma, amma mən toya gələcəyəm”.
Tariyeli gülmək tutdu: “Bu, Maqsudun işi olacaq. Ay xətakar!”
Tariyel düz tapmışdı. Növbəti gün məlum oldu ki, Maqsud Tariyelin gözünü oğurlayıb həqiqətən toyda iştirak etmiş, yaxşıca yeyib-içib, dincəlmiş, kefi saz evinə yollanmışdı.
Salam olsun! İlk öncə onu xatırladım ki, bu mənim artıq Vahid Çəmənlinin söz dünyasına ikinci belə səyahətimdir. Eyni zamanda demək olar ki, artıq uzun illərdir hər gün olmasa da ən azı həftədə bir-birimizin yeni bir şeirini, yazısını oxuyuruq. Hacı Vahidin “Bu yay da belə keçdi” kitabı haqqında yazdığım yazını (02.08.2018. Ön söz.) əbəs yerə xatırlatmadım. Həmən yazını “… Sənin bu söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşəAllah…” belə bir arzu, istək, Böyük Allahdan təvəqqe ilə yekunlaşdırmışdım. Biz gec-tez bu arzuların reallaşacağına inanırdıq. Bizi yaşadan elə bu ümid dolu həyata, dünyaya baxış idi. Bütün bu hiss-həyacanın təsirləri də qələmimizə yansıyır, bizi gah kövrəldir, gah da sevindirirdi…
QISA ARAYIŞ
Hacı Vahid Çəmənli – Vahid Valeh oğlu Qasımov 27 iyun 1965 – ci ildə Azərbaycan Respublikası, Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. “Dəli Çəmənli”, “Nə ömürdü yaşadım”, “Hər şey yaxşıya doğru”, “Bu yay da belə keçdi” … kitablarının müəllifidir. “Mən eşq atəşiyəm” adlı haqqında söhbət açdığımız bu kitab şairin özündən əvvəlki kitablarından hər cəhətdən fərqlənir.
Qeyd etdiyim kimi şairin “Bu yay da belə keçdi” kitabı haqqında 2018-ci ildə yazmışdım. Artıq üstündən zaman baxımından üç ilə yaxın vaxt keçib. Bu 3 il tarix səhnəsində qısa zaman kəsiyi olsa da, ötən vaxt ərzində çox böyük dəyişikliklər baş verdi. Ozan dili yüyürək olar deyirlər. Arzularımız çin, niyyətlərimiz hasil oldu… Şairin söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutdu. Çiçək açdı. Bar verdi… Uzun illər Vətən, doğma yurd həsrəti ilə qovrulan, nisgilini, arzusunu ağ kağızlara köçürüb kitab edərək “Bu yaz da gələ bilmədik”, “Bu yaya da belə keçdi” deyən, yazan Hacı Vahid Çəmənli nəhayət “Biz gəlirik” barədə düşünməyə başladı… Onun söz bağçasına nəhayət Bahar gəldi. Bu baharın gəlişi Miladi ilə qanlı-qadalı 2020 (2+2=4, ölüm + ölüm = zəfər) – dən sonra, 2021-ci ilə təsadüf etdi. Hansı ki, hal-hazırda bu keşməkeşli mövsümü yaşayırıq…
Belə bir dövrdə Hacı Vahid yeni bir kitabla oxucuların görüşünə tələsir. Əvvəlki kitablarda zəmanədən şikayətçi olan şair bu dəfə yeni kitabını şövqlə “Mən eşq atəşiyəm” deyə adlandırıb. Elə oxucu ilə ilk qarşılaşmasındaca inamla;
Bu, eşq atəşidir, sönən yeri yox, Ayrılan yolların dönən yeri yox. Elə öyrənmişəm mavi göylərə, Ruhumun torpağa enən yeri yox…
deyən şair şanlı zəfərdən ruhlandığını, bihuş olub mavi səmanın ənginliklərinə daldığını, nə olur-olsun bir daha enməyəcəyini vurğulayır.
Və ya
Gəldin, yenə gördük gülər üzünü, Əlləri xonçalı, gözü nəm Bahar. Qocaman yurdumun övladlarını Tonqalın başında etdin cəm Bahar.
həmən ardınca, demək olar ki, büllür çil-çıraqlı göz qamaşdıran söz sarayının elə dəhlizindəcə şəhidlərimizin qanı bahasına əldə olunmuş qələbəni xatırladır… Bu bahardakı birliyi, vəhdəti tərənnüm edir.
Həqiqətən həddindən artıq sevincək görünən şair elə dəhlizdəcə ürəyini boşaltmaq, dilində nə var demək acələsi ilə;
Gəlişin çox ağır zamana düşdü, Ömrümüz naqafil dumana düşdü. Vahidin ürəyi gümana düşdü, Sevinci bir azca oldu kəm, Bahar!..
sanki, “Bu yay da belə keçdi” kitabı haqqında 2018-ci ildə bəndəniz tərəfindən qeyd olunmuş “…bu xəmir hələ çox su aparacaq…” fikrini xatırlayır və bu fikri oxucusu ilə bölüşməyə tələsir. Təəssüf hissi keçirir.
Ancaq,
Vahid, sözlərini nizama düz çək, Tikanın üstündə bitsin gül-çiçək… Ayıq ol, deməsin hər ağzıgöyçək, Şirini qatırsan şora yazırsan.
qeydi ilə söhbətinə çəki-düzən verən şair, ağır təbəddülatlı günləri, qapalı karantin günlərini, dost-tanışı bir-bir yada salıb xatırlayır. Gələcəyin ümidverici olduğuna, ən azından bu ilin bu gününün ötən ilin bu gönündən çox fərqləndiyini inamla, qürurla, fəxrlə oxucu ilə bölüşür. Hardasa qəlbin bir küncündə azacıq kədər gizlənsə də şairin gələcəyə ümidi böyükdür. Burada onu da qeyd etmək istəyirəm ki, Hacı Vahid Çəmənli sözünü bu imid işartısı, gələcəyə inam heç vaxt tərk etməyib. Məsələn hələ onunillər əvvəl işıq üzü görmüş kitablarından biri yuxarıda qeyd etdiyim kimi “Hər şey yaxşıya doğru” adlanır. Vahid Çəımənli yaradıcılığı həmişə (ən azı mən tanış olandan) haqqa söykənib, gələcəyə ümidlə baxıb. İndi isə demək olar ki, şair sevincinin pik nöqtəsindədir;
Mən bir od parçası, Sən bir ovuc su, Töküldün üstümə, cızdağım çıxdı. Olanım, qalanım bir can qorxusu, O da sönüb getdi, gözdağım çıxdı.
İçi boş olanda güyüm səs edər, Ürək güyüm deyil səs sala, gülüm. Odu söndürməyə suyun bəs edər, Qorxmursan, ürəyin boşala, gülüm?
Soyuq ilan kimi sarılar sənə, Qalan təpərin də candan tez çıxar… Mən eşq atəşiyəm,- Sönsəm də, yenə Külümün altından təzə köz çıxar.
deyən şair, artıq bütün çətinliklərin, ağrı-acının arxada qaldığına inanır və bunu oxucusuna çatdırmağa, onu da inandırmağa çalışır.
Bu kitabda toplanmış şeirlər də Hacı Vahid Çəmənli yaradıcılığına xas olan hər yerdən, hər şeydən söhbət açmaq xüsusiyyəti ilə yükümlü olsa da, artıq hiss olunr ki, söhbətin mövzusunun nə olmasından asılı olmayaraq şair hər dəfə keçənə şükür edir, gələcəyə isə ümidlə baxır. Ürəyində sönməyən eşq atəşi olan şair yazıb-yaratmaq eşqi ilə yanıb, tutuşur. Dilinə gətirmək istəmədiyi kiçicik bir incikliyi, narazılığı qəlbinin dərinliklərinə gömərək, sanki belə bir şey yoxmuş tək davranır. Uğurdan, xoş gələcəkdən söhbət açır.
Söhbətimin əvvəlində qeyd etdiyim kimi, Hacı Vahid Çəmənli özü də, sözü də mənə yaxın, doğma olan bir şəxsdir. Yəni sözün əsl mənasında bu kişini filan vaxtdan tanıyıram demək mümmkün deyil. Biz elə bir-birimizi söz yaranandan tanımışq ki, bunu da hər hansı bir zaman, məkan çərçivəsində məhdudlaşdırmaq mümkün deyil.
Qələm dostum, söz sirdaşım Hacı Vahid Çəmənliyə özünün arzuladığı, şeirlərində vəsf edib oxucusuna təlqin etdiyi o xoş günləri görməyi arzu edirəm. Hacı, yuxarıda qeyd etdiyim məlum yazının sonunda “… Sənin bu söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşəAllah…” deyə arzu etdik, niyyət tutduq çin çıxdı. İnşəAllah bu çiçəklər bar tutar, barın dərərsən, bizlərlə bölüşərsən! İnşəAllah. Uğurlarınız bol olsun!!!
Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edir və sizləri əsl söz ziyafətinə dəvət edirəm. Hacı Vahid Çəmənlinin “Mən eşq atəşiyəm” deyə adlandırığı ziyafətə.
Təqvimin bu günü Hacı Vahid Çəmənli günü kimi zinətlənmişdir. Bu gün gözəl insan, əsl ziyalı, AYBnin üzvü, Qarabağ elinin mərd oğlu Hacı Vahid Çəmənlinin doğum günüdür. Ad günü münasibəti ilə şairi təbrik edir, yaradıcılığından nümunələr təqdim edirik:
Bahar Gəldin, yenə gördük gülər üzünü, Əlləri xonçalı, gözü nəm Bahar. Qocaman yurdumun övladlarını Tonqalın başında etdin cəm Bahar. * * * Zaman öz yolundan çəkilməz bir an, Hər gün təzə libas geyinər cahan… Üç ay da bizimlə sürərsən dövran, Verərik küləyə neçə qəm, Bahar. * * * Gəlişin çox ağır zamana düşdü, Ömrümüz naqafil dumana düşdü. Vahidin ürəyi gümana düşdü, Sevinci bir azca oldu kəm, Bahar!.. 22.03.2020.
Həyat yerinə
Ürəyim əlimdə, əlim cibimdə, Bərk-bərk saxlamışam manat yerinə. Bəlkə bir acgözə peşkəş eyləyim, Təpsin gözlərinə inad yerinə. * * * Bayramda bazarı yandıran kəslər, İndi dükanlarda kəsir nəfəslər… Bu qara yaranı kim belə bəslər? Düşər qədəminə fanat yerinə. * * * Ay Vahid, biz niyə belə edirik? Elin dar günündən xeyir güdürük. Bilmirəm, bu yolla hara gedirik? Od-alov tökürük həyat yerinə… 04.04.2020.
Bu şəhərdə
(Karantin günlərində yazılan şeir)
Şəhər sükut içində, Şəhər sakit, Şəhər lal, Ulduzlar nur çiləyir Göylərin qübbəsinə. Arabir şimşək kimi Parıldayır bir xəyal, Səs gəlmir… diksinirəm Səssizliyin səsinə. * * * Pəncərədən baxıram, Nə gələn var, nə gedən. Yollar da yol gözləyir, Səhərəcən dincəlmir. Həzin dəniz mehindən Azca üşüyür bədən, Yuxulu duyğularım Saatımla düz gəlmir. * * * Dan yeri zil qaradır, Hələ çox var səhərə, Ağappaq örpək kimi Yerə sallanır bulud. Boğazım kilidlənib, Qərq olmuşam qəhərə, Mənmi səni istədim, Ya özün gəldin, sükut? * * * Üfüqdən üfüqəcən, Küçə kimi uzanır, Kainat ən nizamlı, Sonsuz zaman yeridir. Bu şəhərdə qaçqınlar Halal çörək qazanır, Bu şəhər kasıbların Uman, güman yeridir… 06.04.2020.
Bitməz bu savaş
Tərs keçilər kimi qaşınır canı, Göz dağı çəkdirir bizə bir əyyaş. Yüz il də gözləsək, döyüşdür sonu, Qiyamətə qədər bitməz bu savaş. * * * Qurur Qarabağda işrət məclisi, Anlamır, axacaq gözlərindən yaş. Meydanı boş görüb qıcıdır dişi, Qiyamətə qədər bitməz bu savaş. * * * Vətənim dardadı, yurdum dardadı, Elə bil sinəmdən daş asılıb, daş. Şəhid məzarları intizardadı, Qiyamətə qədər bitməz bu savaş. * * * Ey qəddar, qaniçən, – oyanıb türküm, Əcəl köhləninə min yavaş-yavaş. Aç kinli gözünü, yaxşı bax, gör ki, Qiyamətə qədər bitməz bu savaş. * * * Uzat dost əlini, ey Turan eli, Nə gündə gərəkdir qardaşa qardaş? Sənə kəc baxann kəsilsin dili, Qiyamətə qədər bitməz bu savaş!
15.09.2020.
Sözünə söz yazım
Sözünə söz yazım, cavabı olsun, Ürəyin istəsə sən də götür yaz. Söz nəzir deyil ki, savabı olsun? Amma atəşinə su səpər bir az! * * * Deyirlər, bahardır illərin şahı, Hər günə cavanlıq nəfəsi gəlir. Amma…çox gözəldir payız sabahı, Adamın sevməyə həvəsi gəlir. * * * Axır puçur-puçur alnımın təri, Əllərim ipəktək narın üz gəzir. Əzilir cibimdə şagird dəftəri, Saralan vərəqlər təzə söz gəzir.
17.09.2020.
Ordum gəlir
Ordum qovur, düşmən qaçır, tamam olub təng kimi. Xəritəmiz təzələndi, hər yer yaşıl rəng kimi. İki ildi danışırdı Paşinyan zəvzəng kimi. Makrona da ilac gərək badə dolu bəng kimi… * * * Orda döyüş, burda döyüş, çaş qalmışam, ay dədə, Zəfər çalan Ordumuzu alqışlayır ölkə də… O savaşdan qalib çıxmaq asan idi bəlkə də, Çingiz gəlsə neyləyərəm üstümə pələng kimi? * * * Hərə bir cür çəkir yükün, kimin yükü ağırdı? Kimlər kimə dayaq oldu, kimlər kimi çağırdı?.. Sən üstümü unlu görüb, mənə demə fağırdı, İşim çoxdur, ona görə görünürəm ləng kimi. * * * Dastan yazdın ğör nə boyda, bəlkə çoxdur zamanın? Oxu qoydum, elə dartdım, elə çəkdim kamanın… Yaydan çıxsa sağ qalmağa olmayacaq gümanın, Sözlərimi sırğa elə qulağına zəng kimi. * * * Qələminə qurban kəsim, nə dəsgahdı açmısan? Elə bil ki söz mülkündən ipi qırıb qaçmısan. Bəlkə… dostum, İrəvana gedib bayraq sancmısan? Hər sətirin üstümüzə açılır tüfəng kimi. * * * Sakit yazır, Vahid yazır, hardadır Eldar, Qulu? İş yoxdursa, toy yoxdursa göndərərəm yol pulu. Beş-on sadə misra ilə sudan çıxardım çulu, Amma hələ bilən yoxdur, udacaq bu cəng kimi?..
Şəhidlərimizin xtirəsinə
İki min yeddi yüz səksən üç canın, Önündə diz üstə çöküb ağlaram. Başını uca tut, Azərbaycanım, Səsimi içimə çəkib ağlaram. * * * Bir səhər getdiniz, minib ağ ata, Bizi bağladınız şanlı həyata. Azad torpağıma dən qata-qata, Gözümün yaşını töküb, ağlaram * * * Dünya şahid oldu qüdrətinizə, Vahid alqış dedi qeyrətinizə. Sizdən Vətən qaldı əmanət bizə, Hər yanda bir qala tikib, ağlaram.
(Zaur Ustac şanlı zəfərdən sonra Dağlara) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
TORPAQ DİVARLAR (… o günləri mənimlə birgə yаşаmış keçmiş zаbit dоstlаrımа…) Mən, çırаq, bir də bilindаj, nimdаş bir yаtаq, bоz səhrаyа zəif işıq sаlаn bаlаcа pəncərə, vаhiməli bir gecə. Аrzulаr, хəyаllаr içində sən, sənsiz dünyаnın yuхulu vаrlıqlаrı, bir də növbəsi dəyişiləsi əsgər. Eni uzununа bərаbər sаnki yаrıyаcаn yerə bаsdırılmış mənimlə sübhədək keşik çəkən аçılаcаğı səngər yоlunа аçılаn- оlаcаğım. Bir ömür yаşаdın sən də mənimlə. Qоrхulu, fərəhli, həsrətli ömür. Neçə əsgərin mülki хаtirələri, sevgi məktublаrı, gələcək аrzulаrı, səndə аçıb dərdini, diləyini. Kürəyi-güllə yаğışlı, içi rütubətdən аğаrmış tоrpаq divаrlаr. Ömrümüz kimi yаnаcаğı qurtаrаn çırаğındа məktubа ürək-dirək verən sоn cümlələr tаmаmlаnаr gecə sааt üçün yаrısındа, qəfil ölüm аyаqyаlın dоlаşаr səngərlər аrаsındа gecə sааt üçün yаrısındа, qızıl lаlə аlışаr bir şəhidin yаrаsındа gecə sааt üçün yаrısındа və hаrаdаsа sevənlərin ulduzlаrı bаrışаr gecə sааt üçün yаrısındа. Pоstlаrı gəzərəm. Növbəti ахşаmdа təzədən bаşlаr mənimtək dаrıхаn хаtirə məktublаr. Yenə о yаtаq, mən, sən, о dоğmа- аrхeоlоqlаr tаpmış kimi yаrısı yerin аltındа torpaq divarlar. …mənim uzаq хаtirələrim, və üfüqdə dоğаn səhərim, ən аğır, ən dоğmа günlərim… 1995. Müəllif: Rəfail TAĞIZADƏ
ƏSGƏR MARŞI Məmləkət uğrunda fani dünyadan vaz keçmişik, Diz çöküb, bayraq öpüb sadiqliyə and içmişik, Ən müqəddəs, ən şərəfli, ən uca yol seçmişik. Dönmərik haqqın yolundan, zirvələr ünvanımız, Qoy fəda olsun Vətən, torpaq yolunda canımız. * * * Birləşək yumruq kimi can dərdinə düşsün yağı, Görməsə bizdən təpər, verməz alınmış torpağı, Qoymayaq düşmənlərə bir qönçəni, bir yarpağı, Bəxş edək azadlığı xalqa, ucalsın şanımız, Qoy fəda olsun Vətən, torpaq yolunda canımız. * * * Verdi Ali Baş komandan əmri, hazır ərlərik, Xalqın arzu-istəyindən güc alan ləşgərlərik, “Öldü vardır, döndü yoxdur” -söyləyən əsgərlərik, Biz şəhadət badəsin içdik, halaldır qanımız, Qoy fəda olsun Vətən, torpaq yolunda canımız. * * * Dalğalansın daima göylərlə tən bayrağımız, Qoymarıq ensin bir an biz var ikən bayrağımız, Sağ ikən paltar, şəhid olsaq kəfən bayrağımız, Sayəmizdə qoy bütöv olsun Azərbaycanımız, Qurban olsun bu Vətən, torpaq yolunda canımız. Müəllif: Müzəffər MƏZAHİM
AZƏRBAYCAN BAYRAĞI Namusumun örpəyi, qürurumun baş tacı, Yaralarım saranım, bütövlüyün ilacı, İstiqlalın simvolu, müstəqillik əlacı, Ölkəmə nurun saçan, azadlığın çırağı, Zirvələri fəth edən, Azərbaycan Bayrağı! * * * Rənglərində özgürlük, rənglərində din, iman, Rənginə hopub tarix, rənginə hopub zaman, Rəngində şəhid qanı, rəngindən qeyrət daman, Cismim tutan dirəyi, başım üstü durağı, Varsan, sənə can fəda, Azərbaycan Bayrağı! * * * Günəşdən min rəng alan, küləklə nəğmə ötən, Savalana, Kazbekə, hətta Everestə tən, Səninlə onurludur bu el – oba, bu Vətən, Bəzəyirsən səmamı, bəzəyirsən növrağı, Əbədi dalğalan sən, Azərbaycan Bayrağı! * * * Ulduzundu, ayındı üzərində sayrışan, Sənə həsəd aparır gecələrdə kahkəşan, Şəninə qibtə edir müxtəlif sancaq, nişan, Üxüvvətin harayı, istiqbalın sorağı, Əsrə meydan oxuyan, Azərbaycan Bayrağı! * * * Əsgər şücaətiylə Şuşaya çatacaqsan, Zəngəzuru, Göyçəni kölgənə qatacaqsan, İrəvandan yağını xırs ilə atacaqsan, Qisasın ilhamçısı, İntiqamın yarağı, İşğala sinə gərən Azərbaycan Bayrağı! Müəllif: Təvəkkül GORUSLU
Qalib bir ölkənin vətəndaşı kimi bu günü qeyd etmək izaholunmaz dərəcədə möhtəşəm duyğudur… Bunu bütün varlığınla hiss etmək hətta qışın oğlan çağı olsa belə bahar kimi səadət gətirir adamın ömrünə… Bu duyğudan ən çox pay alan yəqin ki, yaradıcı adam, yaradıcı təxəyyül olur…
Zəfərin bəxş etdiyi əzəmət və ilahi bir hüzur hissi ilə yaşadığımız ötən günlərə boylanmaq, həmin günləri səhifələmək isə bir ayrı qürurdur…
Həmin günlərdə Ali baş komandanın azad Qarabağa ilk səfəri zamanı bir hadisə heç unutmayacağım anılarla yaddaşımda iz qoydu.. Füzulidə bir çay evində adamlar oturub çay içdiyi vaxtda cənab prezident idarə etdiyi maşını saxlayır və orda oturan adamlara tərəf gedir. Çox təsirli bir mənzərə idi. Hamı ayağa qalxıb ona sarı yüyürür və “Qarabağ! Qarabağ!” deyirdi. Bu kadrları izləyəndə göz yaşlarımı saxlaya bilmədim… Necə ki, övladımız bizə adımızı yox “ana”, “ata” deyə müraciət edir, həmin an anladım ki, Ali baş komandan bu xalqdan ötrü “Qarabağ” imiş, lap övladın “ata” deyə doğma səslənişi kimi…
Biz O Atanın dəmir yumruğu, yolgöstərənliyi, əzmi və yenilməz iradəsi ilə 45 günlük… böyük, şərəfli bir yol yürüdük…
Sözün həqiqi mənasında əfsanə kimi günlər yaşadıq. Lap Çingiz Aytmatov demişkən, “Əsrə bərabər gün”lər… Həmin günlərdə yeganə təsəllimiz Söz, yeganə pənah yerimiz sözündəki işığa sığındığımız milli düşüncəli aydınlarımız idi… Səngərdə kürəyindəki qrantamyotu, əlində kalaşnikovunu bir an belə yerə qoymadan əzmlə irəliləyən əsgərə, orduya mənəvi güc verən, ideoloji cəbhədə qaldırdığı savaşdan bircə addım belə çəkilməyən, sözüylə, ilahi səsiylə bir ordunun gücü bərabərində fatehlik edən bir ər qeyrətli Azərbaycan qadının sözündəki, ürəyindəki işığa sığınmışdım mən savaş günlərində…
Arslan misalı həmin türk xatunu Mahirə xanım Nağıqızı idi… O xanımın üstləndiyi mənəvi missiyanı müşahidə etdikcə düşünürdüm ki, təkcə ordu yox, bütövlükdə məmləkətimiz dəmir yumruğa çevrilib və ziyalısı əsgərinə dayaq olan belə bir məğrur xalqı isə heç bir şər məğlub edə bilməz…
*****
“Qadın gülərsə, şu ıssız bəşəriyyət güləcək. Sürüklənən bəşəriyyət qadınla yüksələcək” – deyərək “Peyğəmbər” əsərində qadını “bəşəriyyətin xilaskarı” adlandırırdı Hüseyn Cavid. Bəli, qadın olmaq sözün bütün mənalarında ən ali səadətdir. Bu səadət o zaman daha da ülviləşir və bütövləşir ki, dünyaya fərqli özünəməxsus baxışı olan, bütün mənəvi-əxlaqi, ruhani, irfani gözəllikləri özündə hifz edən uca qadın olasan. İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü nəsillərin həyatında bənzərsiz bir təcrübə, əvəzsiz bir nümunə olur – insanlıq, fədakarlıq, saflıq, səmimilik və ləyaqət nümunəsi… Mahirə xanım Nağıqızı məhz o insanlardandır… *** Adamı çətin gündə tanıyarlar… Ölkəmizin həyatındakı ən həlledici məqamlarda müzəffər ordunun ön cəbhədə gördüyü işə mənəvi dayaq kimi ideoloji savaşda əlindən gələni böyük ürəklə, milli qürur və təəssübkeşlik hissi ilə həyata keçirməsi, bir ordunun görə biləcəyi işi mənəvi-ideoloji cəbhədə mətinliklə üstlənməsi və o şərəfli missiyanın öhdəsindən layiqincə gəlməsi Mahirə xanımın fədakar xarakterindən, ləyaqətli vətəndaşlığından və ən əsası İnsanlığından xəbər verir.
Bu günün pəncərəsindən baxanda – azadlığın, bütövlüyün verdiyi qürur hissi ilə Mahirə xanımın yaşadıqlarını kitab kimi vərəqlədikcə bu şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə cəmiyyətimiz üçün dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, saflıq, sadəlik, səmimilik, təvazökarlıq, ziyalılıq, müdriklik və ən əsası İNSANLIQ nümunəsi…
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur…
Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Mahirə xanım məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının – millətinin, məmləkətinin Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla vətəninin rifahına həsr edən vətəndaş ziyalı…
“TRT Belgesel”də hər bazar ertəsi “Su savaşları” verilişinə baxıram, Hakan Girginer və Çağlar Taner adlı iki türk mütəxəssis su izinə rastlamaq üçün Afrikanın boz səhralarını qarış-qarış dolanır, böyük səbir, ağır zəhmət və fədakarlıq hesabına həmin ərazilərə su kəmərləri çəkməklə suya həsrət insanlara bayramdan da ötə bir səadət yaşadırlar. Su yerdən fontan vuranda körpələr sevinclə atlanıb – düşür, əl – ələ verib Hakan və Çağlar bəyləri dövrəyə alır, əllərini suya vurub dodaqlarına sürür, şükür edə – edə şənlənirlər. Verilişin sonuna sakit baxmaq mümkün deyil – insanların üzündəki o sevinci izləyəndə göz yaşlarım dinmək bilmir…
Qəribədir… heç özüm də bilmədən nədənsə “Su savaşları”nın son kadrlarını izləyəndə Mahirə xanım gəlib gözlərimin önündə dayanır. Beynimdə belə assosasiya yaranır ki, o suyu tapdığına dünyanın ən xoşbəxti olan körpələr kimi Mahirə xanım mənim bu dünyadakı ən böyük tapıntımdı…
Dərindən düşünəndə əslində bizim içində bulunduğumuz mühitin Afrikanın cadar bağlamış bozqırlarından elə də fərqi yoxdu, gözünə sel kimi görünən insan dənizinin içində ruhun elə tənhalaşır ki, bu səhrada Mahirə xanım kimi sözündə ilahi hüzur bulduğun insanı tapmaq körpələrin dodaqlarına su sürməyi kimi izaholunmaz duyğu, əvəzsiz səadət olur.
Müharibə ilə, terrorla, pandemiya ilə bizi sınağa çəkən çətin günləri səmimi etiraf edim ki, mən Mahirə xanımın insanların ruhuna məlhəm olan, hüzur dolu səsi, sakitləşdirici intonasiyası, təskinliyi, təmkini – sözün həqiqi mənasında bu böyük ürəkli Qadının – mənəvi Anamızın varlığı ilə unuda bildim. Ruhumuza, mənəvi ağrılarımıza varlığı ilə məlhəm olan Adam… Böyük hərflərlə ADAM…
Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi, ən müqəddəsi insanların qəlbinə gedən yoldur. Mahirə xanım öz işığı – ziyası, dərin düşüncəsi, səmimiyyəti ilə ürəklərə gedən o yolu çoxdan fəth edib və peşəsinə sədaqəti, insanlığı, dürüstlüyü, sevgisi, vicdanı, fədakarlığı, böyük ürəyi ilə bizim mənəvi dünyamızda Min İlin Doğmasına çevrilib…
Yazıçı Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” – deyir.
Nədənsə, Mahirə xanım haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Onun özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, “kişiliyim çatmasa da”, peşə vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və dövlətimiz, dövlətçiliyimiz və cəmiyyətimiz üçün yorulmadan çalışan, istənilən məqamda, situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıq İnsanın ünvanına kiçicik bir təşəkkür kimi bunu yazmağın vacib olduğunu düşünürəm…
Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Mahirə xanım şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Mahirə xanim Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir və insanların və insanlığın xidmətində son dərəcə vicdanla, ləyaqətlə dayanır.
Yaxşı ki varsınız, Mənəvi Anam kimi, Bilgə bir ziyalı kimi işığını hiss etdiyim Doğma Adam! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı…
Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır… İnsanların sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə ən böyük ucalıqdasınız, Mahirə xanım!
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Mənəvi dəyərləri getdikcə aşınan bir dünyanın tən ortasında Sizin kimi öz təmiz dünyasını, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan, düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın…) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu xalq Mahirə Nağıqızı ləyaqətdə qutsal və uca İnsan yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…
Həqiqətləri deyən diliniz, yaxşılıqlara ünvan olan ürəyiniz, işıqlı əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun, dəyərli Mahirə xanım! Ulu Tanrı Sizin işığınızı bütün Türk dünyasına doyunca versin!
Savaş bitsə də hələ də ideoloji savaşda qələmiylə külüng çalan və hər daim Özünü, İlahidən gələn Sözünü şərə qarşı mübarizədə sipər edən Arslan misallı Türk xatunu!… Bundan sonrakı yorulmaz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram… Diləyirəm ki, təqvimimizin bundan sonrakı bayramları azad Qarabağımızda, Şuşa, Kəlbəcərdə, Ağdamda… kitablarınızın imza gününə toplaşaq və Sizi ömrünüzün unudulmaz yağmuruna – xarıbülbül yağışına qərq edək!…
Yaxın TARİXimizdə 9 OKTYABR (1991) ORDU YARANMA günü kimiydi. Hətta bir neçə il tarixin həmin günündə PARAD da keçirildi. Sonra RƏSMƏN QƏRARA ALINDI Kİ, 26 İYUN SİLAHLI QÜVVƏLƏR GÜNÜ kimi qeyd olunsun! Odur ki, 26 İYUN – SİLAHLI QÜVVƏLƏR GÜNÜ münasibətilə hərbi mundir əynində olan hər kəsi TƏBRİK EDİRƏM! Bu münasibətlə bir hekayə (çoxdan yazmışam) ərməğan edirəm. Ümidvaram ki, TÜRKİYƏ – AZƏRBAYCAN hərbi əməkdaşlıq motivi üzərində köklənmiş hekayə oxumayanlar üçün maraqlı olacaq. Oxuyanlar oxuyub nə vaxtsa…
ALIŞ-VERİŞ YARDIMÇISI (hekayə) Hərbiyyə nazirinin qərarı ilə Bədheybət poliqonunda təlim-tədris mərkəzi yaradılmışdı. Cəbhə bölgəsindən çağrılan zabitlər mərkəzdə təkmilləşdirmə kursu keçəcəkdi, daha doğrusu türk subayları onlara NATO taktiki təlim üsullarını öyrədəcəkdilər. Guya ki, Rusiyada ali hərbi təhsil almış zabitlərin biliyi erməni dığaları ilə döyüş aparmaq üçün yetərli deyildi. Başbilənlər belə məsləhət görmüşdülər. Bu münasibətlə Türkiyədən mütəxəssislər dəvət olunmuşdu. Onlar yeni sistemin öyrənilməsində yaxından köməklik göstərəcəkdilər. Mərkəzin rəhbəri polkovnik Axundov idi. Ehtiyac ucbatından yetmiş yaşlı kişini yenidən hərbi xidmətə çağırmışdılar, daha etibarlısını tapa bilməmişdilər. Onun əsil adını əhatəsində olanlardan, bəlkə də, heç kim bilmirdi. Çox gənc yaşlarından “baba” ləqəbini qazanmışdı. Aram-aram, bir az da eyhamla danışırdı, bəziləri bunu astagəllik, bəziləri isə müdriklik əlaməti hesab edirdi. Elə zabit yoldaşları, tabeçiliyində olanlar da xəlvətdə “baba”, üzdə “baba dayı” deyə müraciət edirdilər. Zabit təkmilləşdirmə kursuna gələnlər elə bilirdilər ki, mərkəz rəhbərinin adı elə Babadır. Baba adı Türkiyədən gələnlərin də xoşuna gəlmişdi. Türkiyədən beş nəfər gəlmişdi. Yarbay Mətin Çətin qərargah işlərinə rəhbərlik edəcəkdi. O, tabeçiliyində olan iki uzman çavuşu ilə mərkəzin bütün hərəkətlərini nəzarətdə saxlayacaqdı. Uzman çavuşu Fikri Ocaqçı bilgisayarda zabitlərin dərsə davamiyyətini, məşğələlərdə qazandıqları puanlarını (ballarını, xallarını) toplayacaqdı ki, xüsusi şifrə altında saxlanılan məlumatlara heç kim müdaxilə edib dəyişdirə bilməsin. Digər uzman çavuşu onbaşı İsmayıl Yorğançı isə maliyyə, ərzaq, sursat məsrəfləri; bir sözlə lojistik hesablamalarını aparacaqdı. Beləliklə, mərkəzdə ağızdan içəri ötürüləndən kanalizasiya borusuna axıdılanadək hər şey nəzarətdə saxlanılacaqdı. Tədris taborunun şərti komandiri minbaşı Fəhmin bəyin tabeçiliyində cəmi bir nəfər vardı, yüzbaşı Yıldırım Haqsız ki, o, kursa gələn zabitlərin bölüyünə rəhbərlik edəcək, onların sıra hazırlığını, NATO ordu nizamnaməsinin öyrənişini, günün rejiminə necə əməl olunmasını öyrədəcək və nəzarətdə saxlayacaqdı. -Zabitlər qüvvətli və kalorili qidalanmalıdırlar. – deyə ilk görüşdə Fəhmin bəy mərkəz rəhbərinə təklif verdi. – Bəzi ərzaqları bazardan almalıyıq. Onları aslan kimi, qaplan kimi bəsləməliyik ki, Qarabağa, ermənilərin üstünə, quzu kimi mələyə-mələyə getməsinlər. Elə getsinlər ki, onların hayqırtısından ermənilər Zəngəzuru da, Göyçəni də buraxıb İrəvanadək qaçıb getsinlər. Heç bir problem yox idi, əlavə ərzaq məhsulları almaq üçün pul da ayrılmışdı. Polkovnik Axundov dünyagörmüş adamdı, pulla, ərzaq məhsulları ilə davranmağın necə məlhəm, həm də çətin olduğunu yaxşı bilirdi. Minbaşı Fəhmin bəyə alış-veriş yardımçısı təyin etməyə seçimdə çətinlik çəkmədi, çünki bir nəfərdən başqa adamı da yox idi. Bu iş çox incə işdi, kimə tapşırsaydı, yarıtmayacaqdı, yəni becərəmməyəcəkdi. Burda təkcə intizamlı olmaq azdı, həm də riyazi hesablamaları barmaq üsulu ilə öyrənmək gecdi, bunları, yəni bazarı beş barmağın kimi bilməliydin. Odur ki, qəbuluna çağırdığı gizir Dibirovu bir də başdan ayağadək müştəri gözü ilə süzüb son tapşırıqlarını verdi: -Bax ha, Dibirov, bu iş sənə asand gəlməsin. -Ağlım kəsəndən evin bazarlığını eləmişəm, bazar alverçilərini yaxşı tanıyıram. – Dibirov imkan vermədi ki, polkovnik sözünü bitirsin. -Ola bilər ki, bazar dəllallarının dilini biləsən, amma türklərlə çətin bacarasan. Onlar tutduqlarına Nuh deyər, peyğəmbər deməzlər. -Heç bir problem yoxdur, yoldaş polkovnik. Ölkədə qarmaqarışıqlıq düşən kimi qaçıb getdim İstanbula. Üç il Laləlidə alver elədim. Abiləri, ablaları pis tanımıram. Onlarla lap tez dil tapacam. -Bir də onlar sənə toplan, alabaş, erkək-filan desələr, incimə. Bu söyüş deyil, onların danışıq tərzi belədir. -Mən bunlara öyrəncəliyəm. Bir də qazandığımız çörəyin xətrinə toplan, alabaş yox, lap it oğlu it də desələr, gərək dözək. -Ay maşallah, di onda nə durmusan? Tez qoş-qoş Fəhmin bəyin hüzuruna. De ki, alış-veriş yardımçısı təyin olunmusan. Gizir Dibirov “baş üstə” deyəcəyindən sevincəyə düşüb “əmr et, komutanım” dedi. Tələsdiyindən sol əvəzinə sağ çiyni üstə geri döndü, amma dönməyi ilə də tez özünü düzəltdi, sol ayağı ilə hərəkətə başlayıb otaqdan çıxdı. Əvvəlcə dəhlizdə dayanıb bir siqaret yandırdı. Həyəcandan lap ciyəri yanırdı, dalbadal beş-altı qüllab vurub tüstünü qarnına sümürdü. Sonra burnundan tüstünü parovoz kimi buraxaraq əlindəki siqaret kötüyünü zibil qabına tulladı və dəhlizin baş tərəfindəki otağın qapısına yaxınlaşdı. Qapını döydü və heç bir icazə gözləmədən otağa daxil oldu. Olduqca gur səslə: -Komutanım! – dedi və əlini gicgahına aparıb məruzə etməyə başladı. – Assubay Dibirov sizə alış-veriş yardımçısı təyin olunub. Əmr et, komutanım! Minbaşı Fəhmin bəy dərhal hiss etdi ki, gizir Dibirov elə onun arzuladığı adamdır. -Gəl, qoçum, gəl! – Oturmaq üçün ona yer göstərdi. – Mən bir kərə söyləyəcəm, sən alıb sırğatək qulağından asacaqsan. Bu işdə yalan yox, tamam? -Anladım, tamam. -Yarın tezdən parayı məndən alacaqsan, mənim arabamla bazara yollanacaqsan. Alış-veriş yapıb dərhal geri qayıdacaqsan. Gözünün ucu ilə də sağa-sola baxmaq yox, anladınmı? -Tamam, tamam, anladım. Ertəsi gün gizir Dibirov minbaşı Fəhmin bəydən pulu götürüb onun üçün ayrılmış xidməti maşında bazara yollandı. Siyahıda göstərilən ərzaqların ən yaxşılarından alıb yeşiklərə doldurdu və maşının yük yerinə qoydu. -Sən maşından düşmə. – Sürücüyə qəti tapşırdı. – Maşını sahibsiz görüb evakuatorla apara bilərlər. Sonra da gəl, düş Bakının cərimə meydançalarını axtarmağa. Təlim mərkəzinə qayıdan kimi ərzağı yeməkxanaya boşaltdırdı, baş aşbaza təhvil verib minbaşı Fəhmin bəyin yanına yollandı. Fəhmin bəy diqqətlə qiymətlər yazılmış siyahıya baxdı, qeyd dəftərçəsinə nə isə yazdı və bundan sonra ərzaq alınmış siyahının üstünə imza atdı. -Apar karargaha, ver İsmayıl Yorğançıya. Qoy, onbaşı kaytları bilgisayara işlasın. -Oldu, komutanım! -Haydı get, aslanım. – Minbaşı Fəhmin bəy arxadan onun boyunu oxşadı. Növbəti gün gizir Dibirov bazardan aldığı ərzağın siyahısını minbaşı Fəhmin bəyə təqdim edəndə onun qaşları çatıldı. -Ya bu nə? Gecə infilyasiyamı baş vermiş? Dünən apelsin yetmiş qruş olmuş, bu gün bir manat yetmiş qruş. Olurmu ya? -Olur, komutanım, olur. Lap üç manata da olur. Burası bazar, dəllallar nə istəyər, neçəyə istəyər, o qiymətə də satarlar. “Alırsan al, almırsan, onda xoş getdin”, deyərlər. Fəhmin bəy başını bulaya-bulaya qeydlərini apardı. Beləliklə, günlər gəlib keçdi, həftələr ötdü və ay tamam oldu. Gizir Dibirov sonuncu siyahısını uzman çavuşu onbaşı İsmayıl Yorğançıya verib minbaşı Fəhmin bəyin yanına qayıtdı. -Bir istəyin varmı? – Minbaşı sordu. -Minbaşım, alın, qoyun cibinizə. Bu, sizə çatasıdır. Halal xoşunuz olsun. – Gizir Dibirov cibindən bir topa pul çıxardıb ona uzatdı. -Bu nə ya? – Pulları görcək minbaşının gözləri bərəldi. – Qoçum, sən qurd ürəyimi yemisən, mənə rüşvət təklif edirsən? Heç qorxmuyorsanmı ki, səni savçıya verərəm? -Komutanım, nə iş yapırıq ki, buna rüşvət deyirsiniz? Bir də burada savçıya nə gərək? Buranın savçısı da, ədaləti də Baba dayıdır. -Olsun! Baba dayın bilsə ikimizi də cəzalandırar. Məni hörmətsiz edər, sənin də rütbəni söküb ordudan qovar. -Qovmaz. Baba dayı ağıllı adamdır. O, çörəyinin düşməni deyil. -Onda onun da payını böl. -Heç narahat olmayın. Ona da Baba deyərlər. O, adamı vəzifəyə təyin edəndə parasını konvertin içində alır. -Deməli, sən onu görmüsən? -Elə ona görə də arxayın hərəkət edirəm. – Gizir Dibirov qımışdı. – Alın, utanmayın, bu sizin halal qazancınızdır. -Aslanım, nasıl olur bu halal qazanc? – Minbaşı ürəyində bir az rahatlansa da özünü o yerə qoymadı, əriyini azdırmağa başladı. -Mən hər gün bazara gedirəm. Dəllallarla çənə döyüb sizin siyahıda yazdırdığınız ərzaq məhsullarını alıram. -Təbi, subaylar toplanlar kimi bəslənməlidir, sonda qaplanlar kimi Qarabağa yollanmalıdır. -Siz bazarı tanımırsınız. Bazarda qiymətlər hər gün dəyişir, təbii ki, qalxır. Mən də nə qiymətə desələr, almağa məcburam. Soruşuram, neçəyə satırsan? Deyir, bu qiymətə. Deyirəm, ucuz elə, alım. Dil tapıb, bir az ucuz qiymətə alıram. Ortada dəllalın dediyindən endirdiyim qiyməti qoyuram qırağa. Elə bilin, dəllalın dediyi qiymətə almışam. Hərgah, dəllallarla danışıb, çənə döyüb qiymət endirməyə də bilərəm. Onlar dediyi qiyməti ödəyib gələrəm. Ancaq bunun nə sizə, nə mənə bir qara quruş qədər faydası olmaz. Mən özümdən çox sizi düşünürəm. Axı siz ailənizi uzaqlarda qoyub bizə yardım etməyə gəlmisiniz. Biz də hər hansı formada sizə təşəkkür etməliyik, ya yox? Alın, alın, utanmayın, bu sizin halalınızdır, lap alın təri ilə qazanılmış halal pul kimi. -Gəl bir öpüyüm səni, aslanım. – Minbaşı pulu alıb cibinə dürtüşdürdü və ayağa qalxdı. – Sən əsl mənim arzuladığım yardımçısan. Bundan sonra səni əsla buraxmam. Kıprıza, Güney Doğuya, Orta Asiyaya, lap Madaqasqara; məni hara göndərsələr səni də özümlə aparacam. Sən dünyanın ən iyi, qosqoca “alış-veriş yardımçısı”san. Səni doğan ananın əllərindən öpürəm.
Zaman-zaman belə hallarla rastlaşsaq da bu hadisənin qeyri-adiliyi ondadır ki, bu dəfə Vikipediyanın Azərbaycan seqmentində baş verib.
Belə ki, tanınmış şair Zaur Ustac haqqında Azərbaycan dilində olan məqalə silinib. Zaur Ustac “Fedai.az” a bu barədə açıqlamasında belə dedi: – “İlk öncə onu bildirim ki, mən özüm də elə “Zaur Ustac” adı ilə vikipediya istifadəçisiyəm. Adətən oxuduğum mətnlərdə rastlaşdığım kobud səhvləri redaktə edirəm. Hardasa 2015-ci ildən ənənəvi olaraq Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun doğum və anım günlərində mənim haqqımda olan “Zaur Ustac” məqaləsinə və Mübariz İbrahimov haqqında olan kitabın – “Oriyentir Ulduzu” məqaləsinə kiçik müdaxilələr olurdu. Bu müdaxilələrin qarşısı vaxtında Vikipediyanın Azərbaycan seqmentində fəaliyyət göstərən idarəçilər tərəfindən alınırdı. Bu dəfə vəziyyət bir az fərqli oldu. Mübariz İbrahimovun anım günlərində (17-18 iyun) müxtəlif sosial şəbəkələrdə onunla bağlı, “Oriyentir Ulduzu” kitabından müəyyən parçalar paylaşdıqdan sonra artıq ötən illərdən öyrəşdiyimiz ənənəvi hücumlar başladı. Üstəgəl mediada gündəm olmuş “Səringül və Təyyarə bacıları” (bu qəbirlər mənim doğma xalalarıma məxsusdur) haqqında məlumatları da sürəkli paylaşmağım yəqin bu məsələni bir az da körükləmiş olmalı ki, ya ermənilər, ya da onların təəssübkeşləri qəti hücuma keçərək “Zaur Ustac” məqaləsi ilə bağlılığı olan “Yusifcanlı kənd orta məktəbi”, “Yusifcanlı kəndi” məqaləsindən tarix (işğalla bağlı) bölümünü, Yusifcanlı kəndindən olan əfsanəvi döyüşçü – Səringül və Təyyarə bacılarının doğma əmisioğlu Qəhrəmanov Eldarın qızı Kəmalə Qəhrəmanova haqqında olan “Kəmalə Qəhrəmanova” məqaləsini heç bir əsas göstərilmədən sildilər. Bu azmış kimi digər bağlılığı olan “Oriyentir Ulduzu” , “Ziyadar Mükafatı” və “Səringül və Təyyarə bacıları” adlı məqalələri silinməyə namizəd məqalələr kateqoriyasına aid etdilər. Hansı məsələ bunlara necə od qoyubsa, bütün bunlarla ürəkləri soymayıb uzun illərdir (2015 –ci ildən belə mövsümü müdaxilələri nəzərə almasaq, kiçik redaktələrlə stabil) mövcudluğunu sürdürən, hər cümləsi mötəbər mənbələrə istinad edən, müddətsiz mühafizə altında olan “Zaur Ustac” məqaləsini də siliblər. Bu məsələ bax belə baş verib. Qeyd edim ki, Vikipediyanın Azərbaycan seqmentində fəaliyyət göstərən idarəçilər tərəfindən məsələ araşdırılır. Yəqin ki, tezliklə öz həllini tapacaq.”
Xatırladaq ki, AJB üzvü, tanınmış şair-publisist Zaur Ustac ədəbi yaradıcılığının 30 illiyi münasibəti ilə ”Qızıl Qələm” media mükafatı (2018), il ərzində hərbivətənpərvərlik mövzularında şeirləri ilə müxtəlif KİVdə müntəzəm çıxışına görə “İlin Vətənpərvər Şairi” media mükafatı (2019), AVMVİB-nin üzvü kimi isə “Müharibə veteranı”, “Milli Ordu -100” və “AVMVİB-25 il” medalları ilə təltif olunmuşdur.
Hər kəsin həyatında az-çox əlamətdar və acı hadisələr olur. Mənimsə həyatımda baş verən bir hadisə olduqca utancverici və unudulmazdır. 1985-ci ildə müəllim işlədiyim kollektivdə “oğru” kimi tanınmağımı hec vaxt unutmuram…
Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Pedaqoji İnstitutunu (indiki Xankəndi) bitirdikdən sonra təyinatımı Laçın rayonuna aldım və Daşlı kənd orta məktəbində müəllimlik fəaliyyətinə başladım. Daşlı kənd orta məktəbinin direktoru Zəlimxan müəllim ailə dostumuz olduğü üçün birinci ili onların evində ailənin bir üzvü kimi yaşadım. Böyük külfət sahibi olan Zəlimxan müəllimlə Səmərqə müəllimə mənə valideyn qayğısı ilə yanaşırdılar (Allah hər ikisinə rəhmət eləsin!). Ailədə böyüyən uşaqlarla qardaş-bacı kimi qaynayıb-qarışdım… Beləcə, ilk tədris ilini başa vurdum.
Daşlı kəndi rayon mərkəzindən 55 km. şimal qərbdə, Çalbayır silsiləsinin ətəyində, Həkəri çayının qolu olan Şəlvə çayının sahilində yerləşir. Rayonun Hətəmlər, Vəlibəyli, Şəlvə, Narışlar və Kaha kəndləri ilə həmsərhəddir…
Növbəti dərs ilində məktəbimizə təyinatla Qərbi Azərbaycandan Musa adlı (soyadını unutmuşam) kimya müəllimi gəldi. Qərara gəldik ki, kənddəki boş evlərin birində Musa müəllimlə birlikdə qalaq.
Çayın sahilində geniş həyətli bir boş ev vardı. Bir günün içərisində evdə səliqə-sahman işi aparıb Musa müəllimlə oraya yığışdıq. Onu da deyim ki, Musa müəllimlə birlikdə qalmaq üçün Zəlimxan müəllimdən və ailəsindən bir həftə çəkən söhbətdən sonra çətinliklə razılıq ala bilmişdim.
Təbii ki, yaşamaq üçün ucqar dağ kəndinin bəzi problemləri vardı. İşıqların tez-tez sönməsi, təbii qazın olmaması, yanacaq üçün yalnız odundan istifadə edilməsi və s. ehtiyaclar müəyyən çətinliklər yaradırdı. Televizorumuz olmadığı üçün dərsdən sonra boş vaxtlarımızda mənim “Vesna” maqnitofonum köməyimizə çatırdı. Azərbaycan müğənnilərinin mahnılarından ibarət çoxlu kasetim vardı. Demək olar ki, musiqidən korluq çəkmirdik. Hətta tətil günlərində Ermənistandakı evlərinə gedən Musa müəllim sovet estradasının ulduzu Alla Puqaçovanın, məşhur rus müğənnisi Vladimir Vısotskinin kasetlərini də gətirmişdi.
Doğma el-obamızdan, ailələrimizdən aralı düşdüyümüz üçün Daşlı və qonşu kəndlərin camaatı bizə çox mehriban yanaşırdılar. Hətta tez-tez bizi evlərinə qonaq dəvət edirdilər. Bir sözlə, qəribçilik çəkməyə imkan vermirdilər. Beləcə, günlər bir-birini əvəz edirdi…
Daşlıdan olan Xosrov İsmayılov Hətəmlər kənd məktəbinin direktoru idi. Hər səhər onu at belində Hətəmlər kəndinə gedən görərdik. Məkəbimiz yolun kənarında olduğu üçün Xosrov müəllim bizi həyətdə görəndə atı saxlayıb hal-əhval tutardı. Çox mehriban və səmimi insan idi. Bir gün onunla söhbət zamanı öyrəndik ki, rəhbərlik etdiyi Hətəmlər məktəbində təyinatla gəlmiş əslən Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndindən olan Kamandar Eyvazlı (Sonralar “Azəriqaz” QSC-nin mətbuat xidmətinin rəhbəri işlədi – şair-jurnalist kimi tanınan Kamandar Eyvazlı) və Ermənistandan Kərim adlı (soyadını unutmuşam) müəllimlər işləyir. Bir müddətdən sonra onlarla da tanış olduq. Tez bir zamanda aramızda münasibət yarandı. Dəfələrlə Kamandar Eyvazlı ilə Kərim müəllimi yaşadığımız evə dəvət etdik. Süfrə açdıq, çörək kəsdik, saatlarla söhbət edib, musiqi dinlədik…
Bir gün Musa müəllim mənə dedi ki, diplomat çantasını aça bilmir. Həm də bildirdi ki, diplomatın açarı yoxdur, neçə ildir itirib. Dedim ki, ver mən də bir baxım görüm nə olub, niyə açılmır? Diplomatın “zamok”una diqqətlə baxdım. Çox götür-qoydan sonra mətbəx bıçağı ilə zədə yetirmədən diplomatı açdım…
…Vacib işim olanda həftənin 5-ci günləri direktordan icazə alıb ya Xankəndinə, ya da Ağdama gəlib, bazar günü yenidən Laçına qayıdardım. Belə gediş-gəlişlərimin birinin səhəri günü dərsə gedəndə məktəbin tədris işləri üzrə direktor müavini Lətif Həsənov müəmmalı tərzdə müəllim kollektivinin içərisində məndən soruşdu ki, rayona kasetləri gətirməyə getmişdin?
Düzü, Lətif müəllimin bu sözlərindən bir şey başa düşmədim. Dərhal soruşdum ki, nə kaset? Dedi ki, Musa müəllimin kasetlərini… Yenə də onun nə dediyini anlamadım. Qayıtdı ki, guya Musa müəllimin oğurlanmış kasetlərindən xəbərin yoxdur?! Gözləmədiyim bu xəbərdən yerimdə donub qaldım. Yalnız onu deyə bildim ki, mənim heç nədən xəbərim yoxdur…
Bu zaman Musa müəllim sərt bir baxışla səsini ucaldaraq içindəki neçə gündür saxladığı zəhərini ortaya tökdü:
– Əgər diplomatın içindəki kasetləri və qolbağımı sən götürməmisənsə, o gün onun necə açdın?!
Hamının maraq dolu baxışları üzərimə tuşlanmışdı. Doğrusu, aldığım bu qəfil zərbədən sarsılmışdım. Cavab verməyə söz tapa bilmirdim. Sonradan anladım ki, rayondan qayıdanda Musa müəllim niyə mənimlə soyuq görüşüb, sonra da heç söhbət etməmişdi…
Sən demə, bağlı diplomatı açmağımdan sonra yoxa çıxan kasetlərin və həbsxanada məhkumlar tərəfindən hazırlanmış rəngli şüşədən olan qolbağının mən tərəfindən oğurlandığı qənaətinə gələn Musa müəllim bütün olanları və məndən şübhələndiyini mən rayonda olarkən müəllim kollektivinə danışıb. Ona görə də hamı mənim bu vəziyyətdən necə çıxacağımı maraqla izləyirdilər. Mənimsə əlimdə bir sübut və ya şahidim olmadlığı üçün kimsəni inandıra bilmədim ki, bu olanlardan mənim xəbərim yoxdur. Bu məsələ ilə bağlı mübahisələr həftələrlə davam etdi. Məsələ artıq kənd camaatının qulağına da çatmışdı. Hamının gözündə əməlli-başlı bir oğruya çevrilmişdim. Özümü təmizə çıxarmaq üçün isə heç bir iş görə bilmirdim. Günlərlə bir il ailəsində övladları kimi yaşadığım Səmərqə müəllimənin qarşısında uşaq kim ağlayıb göz yaşı tökdüm, mənim bu oğurluq məsələsindən xəbərim olmadığını söylədim. Təbii ki, o və ailə üzvləri mənə inanırdı. Amma çox təəssüf ki, ortada oğurluq faktı və bir günahkar vardı. Əcəba kim?!
…Bir otaqda qaldığım, bir süfrədə çörək kəsdiyim Musa müəllimi inandıra bilmirdim ki, onun kasetlərini və qolbağısını mən götürməmişəm. Hətta oracan deyirdim ki, Musa müəllim, hər şeyi bir kənara qoyaq, axı o rus mahnılarını dinləməyi xoşlamadığımı bilirdin, o kasetləri neynirəm ki, hələ bir oğurlayım da?! Sonra da dedim, dəfələrlə Kamandarla Kərim bizdə olublar, yeyib-içmisiniz, hətta üçünüz keflənmisiniz də, bəlkə onlar götürüb. Musa müəllim qayıtdı ki, yox, sən nə danışırsan, ola bilməz, onlar götürməz…
***
Bu məsələnin sədası Hətəmlər kəndinə də gedib çatmışdı. Kamandar Eyvazlı və Kərimlə də bu məsələni müzakirə etmişdik. Ancaq suçlu ortada yox idi. Hadisənin hədəfində yalnız mən vardım. Mənsə çıxış yolu tapa bilmirdim. Bu arada hətta Kamandar Eyvazlı məni vəziyyətdən çıxarmaq üçün məsləhət bildi ki, mən kasetləri və qolbağını gətirib ona verim, o da bir yolla məsələni yoluna qoyacaq. Beləliklə də, mən bu oğurluq ittihamından qurtulmuş olacam. Fədakarlığa bax eee!!! Əhsən!!!
…Daşlı kəndində bir ağır seyid ocağı vardı. Qərara gəldik ki, mən, Kamandar Eyvazlı və Kərim həmin ocağa gedib orada and içək ki, bu oğurluqdan xəbərimiz yoxdur. Bir gün səhər tezdən Kamandar Eyvazlı ilə Kərim məktəbə gəldi. Musa müəllimlə mənim səhər novbəsində dərsimiz olduğu üçün o, mənə dedi ki, evin açarını Kamandargilə verim, onlar bizim evə getsinlər, məktəbdə gözləməsinlər. Dedim, eybi yoxdu, qoy, gözələsinlər, dərsi qurtarıb birlikdə gedərik. Mənim bu etirazıma Musa müəllimin acığı tutduğunu hiss etdim. Amma yenə də evin açarını vermədim. Dərsimizi deyib dördümüz də evə getdik. Onu da deyim ki, bizim and içəcəyimizdən məktəb kollektivinin də xəbəri vardı. Hamı maraqla işin sonunu gözləyirdi. Evə çatıb içəri keçdik. Onlar evin ortasındakı masanın ətrafında əyləşdilər. Mən isə öz dəmir çarpayımın üstündə oturdum. Birdən Kamandar Eyvazlı mənə dedi ki, gəl, ikimiz bayıra çıxaq, deyəsən, Kərimlə Musanın şəxsi söhbəti var. Yenə də etirazımı bildirdim ki, heç yerə getmirəm, burada nə şəxsi söhbət ola bilər, məsələ oğurluq hadisəsidirsə, hər şey ortada olmalıdır. Uzun söhbətdən sonra yenə də hər kəs suçsuz olduğunu söylədi. Belə olan halda, hazırlaşıb seyid ocağına and içməyə yollandıq. Kədin ortasından keçən Şəlvə çayının üstündəki körpüyə çatanda Müsa müəllim dedi ki, gəlin, geri qayıdaq, mən sizə inandım…
…Səhəri gün Musa müəllim məktəb kollektivinə bildirdi ki, bir anlaşılmazlıq olub, məsələ həll olundu. Buna baxmayaraq, yenə mənim narahatlığım davam edirdi. Çünki oğurlanan əşyalar ortada yox idi, oğru da tapılmadı. Çoxlarının nəzərində suç yenə də mənim üzərimdə qalırdı. Bu minvalla məktəblilərin yay tətili gəlib çatdı. Biz də məktəbdəki işlərimizi yekunlaşdırıb rayona yollandıq…
***
…Növbəti yeni dərs ili başlayanda Daşlıya qayıdıb başqa bir evdə tək qalamaq qərarına gəldim. Məktəbin qonşuluğunda yaşayan Arif dayının ikimərtəbəli evinin birinci mərtbəsindəki otaqlardan birində qalmalı oldum. Kəndin insanlarını bir-birindən fərqləndirmək istəmirəm, hamısı səmimi, gözəl insanlar idi, Arif dayı da həmçinin…
Sonralar eşitdim ki, Arif dayının vaxtilə şagirdim olan oğlu Sulduz Tağıyev və Lətif müəllimin oğlu Elşad Həsənov Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıblar. Onlara və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm!
…Yay tətili müddətində Musa müəllim ailə qurduğu üçün Daşlıya həyat yoldaşı ilə birlikdə gəlmişdi. Onlar Musa müəllimlə qaldığım evdə yaşamalı oldular…
Və… Və Musa müəllim budəfəki gəlişi ilə nə vaxtdan bəri daşlıların və məktəb kollektivinin ağlını dolaşdıran oğurluq hadisəsinə aydınlıq gətirən bir açıqlama verdi… Dedi ki, yay tətilində Yerevanda olarkən diplomatının içərisindən yoxa çıxan qolbağını Kərim müəllimin bir dostunun qolunda görüb. Sonra da araşdırıb öyrənib ki, qolbağını həmin adama Kərim verib…
Musa müəllim bütün bu olanlara görə məndən üzr istəsə də, artıq gec idi…
P.S. Yuxarıda qeyd etdim ki, mən evin açarını Kamandar Eyvazlıgilə vermədim və birlikdə evə gedəndən sonra onun dəfələrlə təkidinə baxmayraq, otaqdan bayıra çıxmadım. Səbəbini heç kimə deməsəm də, sanki içimdə mənə qarşı oynanılan oyunu, oğurlanan əşyaları yatağımın altına qoyub məndən «oğru» yaratmaq niyyətlərini hiss etmişdim. Bu səbəbdən də nə açarı verdim, nə də otaqdan bayıra çıxdım…
Bax belə…
Heç vaxt unutmayacağım bu hadisəni oxucularımızla bölüşmək istədim…
Tanınmış şair Musa ƏLƏKBƏRLİ “Sən elə bir sevdasan ki…” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb. Şairi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Musa müəllim!!!