www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Müasir nəsrimizin Yunus Oğuz yolu

Müasir nəsrimizin Yunus Oğuz yolu

Yunus Oğuzu mənə doğmalaşdıran ən ümdə amillərdən biri müasir və mürəkkəb ədəbi məkanda bizim ruhdaş olmağımız, düşüncədaş olmağımız, sözdaş olmağımız, başlıcası isə vətənpərvər və əbədi tarixdaş olmağımızdır. Bu bağlılığın başında təbii ki, Yunus Oğuzun tarix fəlsəfəsinin türkçülük şüurundan, türk kimliyindən yol alan tarixi reallıqların, yazıçı təxəyyülündən doğan və bu reallıqların içindən boylanan ciddi hadisələrin və olayların, dramatik səhnələrin və baş obrazların kamil bədii təsvirini ustalıqla yarada bilmək bacarığı xüsusi yer tutur.

Bu ədəbi xəzinənin təməl daşlarını Yunus Oğuzun fəlsəfə fakultəsini bitirərək filosof ixtisasına yiyələnmasi, baş redaktor kimi milli mətbuatımızın inkişafındakı müstəsna xidmətləri, yüzlərlə elmi və publisistik məqalənin müəllifi olması və çoxşaxəli yaradıcılıq fəaliyyəti təşkil edir, eyni zamanda ədibin Böyük türk dünyası naminə göstərdiyi əməli işlər və əldə etdiyi uğurlar da bu xəzinəni bir az da  zənginləşdirir.

Bu baxımdan onun Azərbaycan və Özbəkistan  arasındakı ədəbi əlaqələrin inkişaf etdirilməsinə, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsinə verdiyi töhfələr təqdirəlayiqdir.

Elmi-tarixi qatlara baş vurmadan və hər dövrün özünəməxsus tarixi proseslərinə dərindən bələd olmadan müasir tarixi əsər yazmaq müşkül məsələ olduğunu dəqiq bilən Yunus Oğuzun tarixin qaranlıq hücrələrini qəlbinin və əqidəsinin işığıyla işiqlandırıb tarixi roman ənənəsinin yeni mərhələsinə qədəm qoymasını çox bəyənirəm. Türkiyə türkcəsinə çevrilib İstanbulda və İngilis dilinə çevrilib Londonda işıq üzü görən “Qızıl kəlmə” mükafatlı “Nadir şah” romanı mənim də ruhumun əsəridir. Üzərində beş ilə yaxın bir zaman sərf etdiyim  “Vətən” poemasında mən də Nadir Şah Əfşarı Yunus Oğuz kimi müasir bədii təfəkkürün həqiqət süzgəcindən keçirməyə çalışmışam. Bu süzgəcin təxəyyül mərkəzi tarixi əsər ənənələrinin yeni formada inkişaf istiqamətlərini müəyyən edir ki, əsas istiqamət yönü də Azərbaycan, Azərbaycançılıq və Azərbaycanşünaslıq səmti olur. Bu səmtin elmi-tarixi fəlsəfəsi və ictimai-siyasi mahiyyətli türkçülük və azərbaycançılıq ideyalarının monolit birliyində bərqərar olur.

Yunus Oğuzun “Nadir şah” tarixi romanı ilə yanaşı bir-birindən mükəmməl və müasir bədii təfəkkürün məhsulu olan,- iki cildlik “Əmir Teymur-zirvəyə doğru” və “Əmir Teymur-dünyanın hakimi”, “Təhmasib şah”, “Atabəy Eldəniz”, “Attila”, “Ovçu”, “Səfəvi Şeyxi”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan” kimi tarixi romanları da nəsr tariximizin yeni və özünə məxsus mərhələsini müəyyənləşdirməyə yönəlib və bu missiyanı uğurla həyata keçirir. Yunus Oğuzun Zəfər savaşımızdan bəhs edən “Cığır” romanı, bir-birindən marağlı və məzmunlı pyesləri və digər əsərləri də müasir nəsr məkanımızın ayrılmaz hissəsi kimi əbədi yaşam dövrünə qədəm basmaqdadır.

Mən qüdrətli qələmdaşıma yeni və bənzərsiz ədəbi uğurlar diləyirəm.

Ramiz QUSARÇAYLI,

şair

RAMİZ QUSARÇAYLININ YAZILARI

Tanrının verdiyi istedad sahibi- YUNUS OĞUZ -65

Tanrının verdiyi istedad sahibi

Yunus Oğuzu 1993-cü ildən tanıyıram. Bu tanışlığa ümumi dostumuz, Yunuz Oğuzun tələbə yoldaşı, onunla birlikdə Rostov Dövlət Universitetində təhsil almış, mənim də 30 illik dostum Zahir Abdullayev vəsilə olmuşdu. O vaxtlar Yunus Oğuz gənc olmasına baxmayaraq, dövlət qulluğunda yüksək vəzifə sahibi idi- dövlət müşaviri. Bir az sonra biz Yunus Oğuzla ailəvi  görüşdük. Bu görüş mənim Yunus Oğuzla ən yaxın təmasım idi…      Sonralar müxtəlif dost məclislərində, ədəbi, ictimai-siyasi tədbirlərdə vaxtaşırı görüşür, ünsiyyətimiz daha da intensivləşirdi…Əlaqələrimiz sıxlaşdıqca  bir-birimizi daha yaxşı başa düşür, fikirlərimizin üst-üstə düşməsi bizi daha da yaxınlaşdırırdı. İndi əvvəlki dövrlərdən daha çox ünsiyyətdəyik və mən bu ünsiyyətdən bir yaxınlıq, doğmalıq,  səmimiyyət duyuram….
    …   Ümumiyyətlə götürdükdə ömrünə-gününə bir dövlət adamı, siyasətçi, publisist və yazıçı qisməti yazılmış, keşməkeşlər və mübarizələrlə dolu bir ömür yaşayan Yunus Oğuz bir vücudda üç əsas fəaliyyəti birləşdirmişdir. Bu xüsusiyyətlərin hər üçü də paralel olaraq yaşanır və ideal formada bir- birini tamamlayır. Sözsüz ki, onun bütün fəaliyyətini bu kiçik yazıya sığışdırmaq mümkün deyil. Yunus Oğuzun həyat və fəaliyyətinin hər bir istiqaməti böyük bir mövzudur və onların hər biri haqqında ayrıca tədqiqatlar, monoqrafiyalar yazmaq lazımdır və bu monoqrafiyalar yazılır. 
      Yunus Oğuz siyasi fəaliyyətə gənc yaşlarından başlamışdır. 1988-ci ildə Rostov Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirərək mükəmməl fəlsəfə ixtisasına yiyələnən Yunus Oğuz təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq İnstitutuna göndərilir və burada kiçik elmi işçi vəzifəsində çalışır. Bu həmin dövr idi ki, Azərbaycanın da tərkibində olduğu SSR İttifaqının mənəvi  və siyasi, həm də sosial səbəblərdən aşınmış divarları yavaş-yavaş sökülür və çökürdü…Bu çökmələr fonunda müttəfiq respublikalarda xalqların milli oyanışı özünü qabarıq şəkildə göstərir, SSRİ  hökuməti və hakimiyyətdə olan Kommunist Partiyası bu oyanışların qarşısını zorla almağa çalışsa da buna müvəffəq ola bilmirdi. Qatar tərpənmişdi və tarixin təkərini geri döndərmək mümkün deyildi.
     SSRi-nin o zamankı  rəhbəri satqın Mixail Qorbaçovun dəstəyi, Moskvada yaşayan və Qorbaçovun ətrafında yuva salmış erməni ideoloqlarının birbaşa çağırışı ilə keçmiş Dağlıq Qarabağda separatçıların törətdiyi ixtişaşlar nəticəsində Bakıda və bölgələrdə Milli Azadlıq Hərəkatı daha aktiv fazaya keçirdi və bu hərəkata qoşulanların böyük əksəriyyəti gənclər idi. Həmin gənclərin önündə gedən, onlara ideoloji istiqamət verən, yol göstərən gənclərdən biri də Yunus Oğuz idi…
     Dövlət müstəqilliyimizin bərpası, müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın azadlığının və firavan yaşamasının, ərazi bütövlüyümüzün təmin edilməsi, Azərbaycan dövlətinin beynəlxalq səviyyədə nüfuz sahibinə çevrilməsi, türkçülük, turançılıq Yunus Oğuzun həyat amalı və mübarizəsinin əsas qayəsi idi və o, həyatının sonrakı dövrlərində bütün fəaliyyətini bu müqəddəs işə həsr etdi. Bu mübarizədə o iki taktiki yol seçdi. Publisistika və yaradıcılıq. 
        Yunus Oğuz hələ Fəlsəfə və Hüquq İnstitutunda işləyərkən 1989- 1991-ci illərdə “Azad söz” qəzetinin, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib və 1991-1992-ci illərdə “Ordu”qəzetinin baş redaktoru vəzifəsində çalışırıb. 1995-ci ildən  isə “Olaylar” İnformasiya Agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru vəzifəsində çalışır. 
        Mətbuat, publisistika həm də Yunus Oğuzun tale yazısı imiş. Bu il ölkəmiz Azərbaycan mətbuatının yaranmasının 150 illiyini qeyd edir. Həm də ölkəmizin mətbu ictimaiyyəti “Olaylar”ın 30 illik yubileyini qeyd edir. 22 iyul Azərbaycan mətbuatının yaranma günüdür, eyni zamanda Yunus Oğuz 22 iyulda dünyaya gəlib. Üstəlik həmin gün Yunus Oğuz həm də 65 illik yubileyini qeyd edəcək. Sadaladığım bu qədər əlamətdar tarixi günlərin Yunus Oğuzun tale göstəricisi olduğu təsadüfdür, yoxsa zərurət?  Bunu hər halda bir filosof kim Yunus Oğuz daha aydın izah edə bilər. Ancaq görünür bu tarixi rəqəmlərdə də bir mistika var.
       Bu yaxınlarda Azərbaycan Mətbuat Şurasında “Olaylar”n 30 illik tədbirinə mən də dəvət almışdım. Tədbirdə ölkəmizin görkəmli elm, mətbuat və ədəbiyyat adamları iştirak edirdi. Tədbir boyu iştirakçılar çıxış etdikcə məni sevinc qarışıq təəccüb bürüyürdü. Çağdaş mətbuatımızın öncül nümayəndələri, media kapitanları, mətbuatımızın aparıcı simalarının, görkəmli jurnalistlərin böyük bir dəstəsi sən demə öz fəaliyyətlərini Yunus Oğuzun yaratdığı və 30 il rəhbərlik etdiyi “Olaylar”dan başlamışlar. Deməli Yunus Oğuz təkcə qəzet yaratmayıb, həm də məktəb yaradıb və ölkəmizin jurnalistlər ordusunun xeyli hissəsi “Olaylar” məktəbini keçib. Yunus Oğuzun nüfuzlu bir informasiya agentliyinin rəhbəri olaraq haqqında çox dəyərli sözlər deyilib, lakin mənim ən xoşuma gələn fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini hörmətli Natiq Məmmədlinin ifadəsindən eşitdim : “Olaylar”ın ənənə yaratmış başqa qəzetlərdən fərqli xüsusiyyəti ondan ibarətdir ki, “Olaylar” bir fikir məktəbidir. “Olaylar” həm də bir ədəbi məktəbdir. Onun başında dayanan, rəhbərlik edən şəxsiyyətin öz keyfiyyəti, xarakteri, yaradıcılıq tərzi yaratdığı qəzetdə özünü ifadə edib. Bir yazıçı kimi Yunus Oğuzun məqsədi Azərbaycan türk kimlik yaddaşını diri saxlamaqdan ibarətdir. “Olaylar” da bizim mətbu yaddaşımızdır”. Məncə şərhə ehtiyac yoxdur.
 Yunus Oğuzun fəaliyyətinin 3-cü hissəsini,  vaxtının və düşüncəsinin əhəmiyyətli hissəsini bədii yaradıcılıq təşkil edir. Ümumiyyətlə, yaradıcılıq Yunus Oğuzun stixiyasıdır. O, publisistikasında da, nəsrində də, dramaturgiyasında da yaradıcı bir şəxs olaraq çıxış edir. Nə qədər mübahisəli də olsa mən jurnalistikanı da yaradıcılıq hesab edirəm. Və bu mənada Yunus Oğuzu həm jurnalist, həm də yazıçı və nasir kimi hərtərəfli yaradıcı bir şəxs hesab edirəm. Belə düşünürəm ki, onun publisistikasında bir bədiilik, nəsr əsərlərində və pyeslərində publisistika var. Bəlkə də dediyim bu fikir mübahisə doğurar. Ancaq mənim qənaətim belədir.
      Heç şübhəsiz ədəbiyyat tariximizdə Yunus Oğuz cox ciddi və maraqlı publisistikası,  dramaturgiyası ilə yanaşı  məşhur bir romançı- tarixi romanlar müəllifi kimi qalacaq. Azərbaycan ədəbiyyatı tarixində tarixi roman yazan müəlliflərimiz kifayət qədər olmuşdur və bu gün də bu ədəbi proses davam edir. Bununla belə Yunus Oğuz qədər məhsuldar tarixi roman yazan ikinci bir müəllif yadıma gəlmir. Hər kəs bilir ki, bu səpkili əsər yazmaq müəllifdən istedad qarışıq, həm də müraciət etdiyi tarixi dövr və hadisələr barədə zəngin bilik və informasiya tələb edir. Onun tariximizi dərindən bilməsi, ictimai özünüdərk, vətənpərvərlik, vətəndaşlıq mövqeyi, Azərbaycan dövlətçiliyinin müxtəlif mərhələlərində keçdiyimiz çətin və şərəfli yolu, həm də səhvlərimizi öz əsərlərində əks etdirən və tarixdən ibrət götürmək üçün bir çağırış edən Yunus Oğuzun tarixi mövzulara müraciət etməsinin əsas səbəbləridir, Bu istək həm də onun vətəndaşlıq, dövlətçilik, milliyyətçilik mövqeyindən irəli gəlr.  Qeyd etdiyim kimi Yunus Oğuz çox məhsuldar bir yazıçıdır. Onun tarixi roman və pyeslərinin adları saymaqla bitmir və bu əsərlər oxunur, sevilir, təkrar-təkrar nəşr edilir, dərsliklərə salınır, dərsdənkənar oxu ədəbiyyatı kimi istifadə olunur, tərcümə edilir, xarici ölkələrdə təqdimatı keçirilir, haqqında araşdırmalar aparılır, tamaşaya qoyulur, həmin əsərlər əsasında ssenarilər yazılır, istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda müxtəlif çoxsaylı mükafatlar, ödüllər alır. Əsərləri Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatıda, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib. Bütövlükdə 30 -a yaxın ölkədə 50-dən çox kitabı nəşr edilib. Kitabları haqqında üç monoqrafiya yazılıb. Əsərlərinin xarici dillərə tərcümə olunaraq nəşr edilməsi dövlətimizin və xalqımızın tarixinin və dəyərlərinin dünyada tanıdılmasında, təbliğində mühüm rol oynayır və bütün bunlar Yunus Oğuzun xalqına vətəninə, dövlətinə xidmət nümunəsidir.
       Yunus Oğuzun 44 günlük Vətən müharibəsi və   qələbəmizə həsr olunmuş “Cığır” romanı bu mövzuda son illər yaradılmış ən dəyərli əsərlər sırasındadır. O, “Cığır”ı qibtə ediləcək bir sürətlə yazdı. Ümumiyyətlə, sürətli yazı Yunus Oğuz yaradıcılığı üçün xasdır ki, bu da onun yaradıcılıq stixiyasından irəli gəlir.  Sanki, mövzu onun içində illərlə yuva salır və kiçicik bir qığılcım lazımdır ki, mövzu müəlifin içindən vulkan kimi püskürsün. Yunus Oğuz əsərlərində tarixi paralellər apramaqla, həm də bu prosesləri bir-biri ilə sıx bağlayır. Əsər boyu tarixi dərinliklərə vararaq oxucuya haşiyələrlə daha maraqlı məlumatlar verir. Onun tarixi romanlarının adlarına, əsərdə nəql olunan hadisələrə və bu əsərlərin baş qəhrəmanlarına diqqət yetirsək görərik ki, bu əsərlər tarixin müxtəlif dönəmlərində fəaliyyət göstərmiş türk dünyasının hökmdarlarına, sərkərdələrinə, dövlət xadimlərinə və onların iştirakı ilə cərəyan edən hadisələrə həsr olunmuşdur ki, burda da müəllifin əsas məqsədi “Azərbaycan türk kimlik yaddaşını diri saxlamaqdan”və tarixdən ibrət götürməkdən ibarətdir
      Son vaxtlar “Olaylar” qəzetinin səhfələrində dərc olunan parçalardan aydın olur ki, Yunus Öğuz “Türk etnonimləri və törələri” adlanan daha bir qiymətli əsər üzərində işləyir və  hiss olunur ki, bu əsər türklük və türkçülük elminə daha bir qiymətli və sanballı töhvə olmaqla onu daha da zənginləşirəcək. 
      Yunus Oğuzun şəxsiyyəti də yaradıcılığıl və fəaliyyəti kimi bütövdür.Tanrının verdiyi istedad, zəngin tarixi bilgi, fəlsəfi düşüncə, zəhmətsevərlik, sürətli və məhsuldar yaradıcılıq, təvazökarlıq və sadəlik, dövlətçilik, milliyətçilik, türklük və türkçülük, turançılıq onun yaradıcılığı üçün xarakterikdirsə, peşəkarlıq, operativlik, yenilik, qərəzsizlik, vətənpərvərlik, vətəndaşlıq onun publisistikası üçün xarakterikdir və o, şəxsi keyfiyyətləri ilə də yaradıcılığını tamamlayır. Bütün istedadı və möhtəşəm yaradıcılığı ilə həm də son dərəcə təvazökar, təkəbbürdən uzaq, sadə, səmimi, hay-küydən kənar, dövlətinə, xalqına, vətəninə, dostluğa sədaqət nümunəsi, mövqeyinə görə həm özünə, həm də qarşı tərəfə münasibətini dəyişməyən bir şəxsiyyətdir.
       Yunus bəy bu günlər 65 illik yubileyini qeyd edərək yaşının müdriklik çağına qədəm qoyur. Onsuz da müdrik olan Yunus bəyi səmimiyyətlə təbrik edir, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırm. 
 Ramiz GÖYÜŞ,                                                                                    
                                                                                                                                 

Ulusal yaddaşın gözətçisi- Dr. Yunus Oğuz – 65

Ulusal yaddaşın gözətçisi

Zaman öz hökmünü yürüdür: unudulacaq olanı silir, qalacaq olanı yazır. Tarix isə o zamandır ki, unudulacaq olanı unutmaz, qalacaq olanı isə bəzən görməz. Bu paradoksun içində  insan çıxır ortaya – həm zamana, həm tarixə səslənir. Həm dünəni qoruyur, həm bugünü yazır, həm də sabaha söz ismarlayır. Türk dünyasının, Qafqazların, can  Azərbaycanın belə miqyas, səciyyə və səviyyə nümayiş etdirən aydınları olub, bugün də var, gələcəkdə də olacağına inamımız sabitdir. Bu gün həmin kateqoridən olan çağdaş aydınlarımızdan biri haqqında söz açmaq istəyirəm. Jurnalistikamızın, tarixi romançılığımızın, ümumən ictimai fikrimizin (necə deyərlər) çağdaş yaddaş mühəndislərindən biri, (belə demək mümkünsə) kulturoloji keçidlərdə keşik çəkən ruhi güc ustalarından olan Dr. Yunus Oğuzu nəzərdə tuturam. Yunus bəy ömrünün 65-ci addamacından keçmək ərəfəsindədir. Yunus bəy builki yubileyini respublikamızın ərazi bütövlüyü və suverenliyinin təmini yolunda tarixi Zəfərimizin 5-ci ildönümünün qeyd olunacağı, “Konstitusiya və Suverenlik İli”ndə keçirmək bəxtəvərliyini yaşayır. Onun 65 illik yubileyi milli mətbuatımızın 150 illik əlamətdar yubileyi ilə üst-üstə düşür. Nə gözəl təvafüqlüklərdir! Qutlu olsun!

Yunus Oğuz – publisist kimi indiki zamanın üzərinə işıq salır, roman müəllifi kimi oxucunu keçmişin labirintlərində uhulət-suhulətlə gəzdirir. Bu iki görəvin yükümlüsü olmaq – sanki iki qütbdə ulusal varlığın sözlə qorunması aktı, faktıdır.

Sözün arxasında fikir, fikrin arxasında sorumluluq duranda bir başqa cür olur.
Yunus Oğuz adının yanıbaşında bir brend də var: “Olaylar”!
“Olaylar” təkcə bir agentlik, yaxud qəzet deyil; o, vaxtın ürək döyüntülərini duyan, duyduran və onu toplumla bölüşən bir ulusal platforumdur. “Olaylar”ın qurucu-Baş redaktoru Dr. Yunus Oğuz – mətbuatı yalnız informasiya ötürücüsü kimi deyil, ulusun düşüncə ehtiyacını qarşılayan bir institut kimi görür. Mənə elə gəlir, o, mətbuatı öz varlığı qədər ciddiyə alıb. Bu, təsadüfi deyil. Çünki onun mətbuatdakı varlığı, bir növ ümumtürk yaddaşının informasiya ilə təmas xəttinə çevrilib.

Ustadlar ustadı Əhməd bəy Ağaoğlu ulusu maarifləndirməyin əsas yolunu qəzet və jurnallarda görür və milli mətbuatı milli varlığın əksi sayırdısa, XX yüzil sonu-XXl yüzil başlarında Yunus Oğuz kimi aydınlarımız o fikri irsi davam və inkişaf etdirmə yolunu izləyirdi. – “Olaylar” həmin izlənimin, duyğu, düşüncə və fikrin təcallalarından biriydi. “Olaylar”, ümumən Yunus bəyin yazıb-yaratdıqlarının toplusu müstəqillik illərimizin vicdanı kimi yorumu haqq edir deyənləri haqqlı sayıram.

Yaddaşla təkbətək

Yunus Oğuzun romanları – özəlliklə “Çingiz Xan”,
“Sultan Alparslan”, “Atabəy Eldəniz”, “Əmir Teymur. Zirvəyə doğru”, “Əmir Teymur. Dünyanın hakimi”,
“Təhmasib Şah”, “Səfəvi Şeyxi”, “Nadir Şah” və digərləri – sadəcə tarixi hadisələri bədii dillə yorumlamır. – Onlar itirilmiş yaddaşı geri qaytarmaq üçün ideoloji xəritə dəyərindədir. Hər bir obraz, hər bir süjet xətti bir ismarıc daşıyır: “Unutma! Xatırla! Özün ol”! 
Əlbəttə, “Ovçu”, “Cığır” kimi əsərlərlə – günümüzün  hadisələrini tarixi roman fəzasına qaldıran da Yunus Oğuz oldu. Necə ki  “Qədim Anadolu və Azərbaycan türkləri” (2002), “Türkün tarixinə yeni bir baxış” (2006), “Türkün gizli tarixi” (2010), “Qədim Türklər və passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatlarında” (2011) və b. elmi-publisistik əsərlərdə də Yunus Oğuz imzası vardır. Turançı ruh – onda ülkü ilə yanaşı, möhkəm mövqe məsələsidir.
“Keçmişdən gələcəyə nə daşıyırıq? – Tarix ibrətdir” fəlsəfi-tarixi-publisist düşüncələr, “Deyirəm oyan, gözünü aç, ayağa dur! İstəmir” felyetonlar, “Mən Şuşada yazıram” esselər toplanmış kitablar da haqq etdikləri masada, rəfdə və internet resurslarında…

Onun tarixi romanları, əslində, bir ulusun psixoloji zədələrinə və kimlik parçalanmalarına qarşı dirəniş manifestidir. Bu romanlarda qəhrəmanlarla yanaşı, yaddaşın özü qəhrəmana çevrilir. Belə bir fikir var ki,  Yunus Oğuz tarixə ideoloji bərpaçı kimi deyil, mənəvi xilaskar kimi yanaşır – keçmişə qayıdaraq gələcəyi qoruyur… – Bu qənaətə şərikəm.
Bəli, 
Yunus Oğuz üçün Turan ideyası romantik duyğu deyil. O, Turanı tarixi gerçəkliklərlə, mədəni yaddaşa və siyasi sorumluluğa dayanan bir çağırış kimi ortaya qoyur. Əgər Turan onun romanlarında daha çox irs kimi görünürsə, publisistikasında bu, geosiyasi mövqe kimi formalaşır.

Biz bəzən “aydın” sözünü çox asan işlədirik. Dr. Yunus Oğuzun timsalında bu söz yeni anlam qazanır. O, aydınlığı kabinetdən küçəyə, tribunadan roman səhifələrinə, qəzet başlıqlarından ulusal ruha daşımağı bacaran insandır. Onun çalışmaları – fikrin etirazla, sorumluluğun isə göstərişsiz qürurla müşayiət edildiyi bir ömürdür.
Bəs yubiley necə? – Yubiley – aydınlar üçün yaşın yuvarlaq tamamlanması ilə birgə, bir yolun bəşəriləşməsi, ruhi gücün topluma nüfuzetməsidir (ictimai şüura hopmasıdır). Yunus Oğuz – bu ruhi gücün daşıyıcısı, ulu sözün gözətçisidir.

Biz də bu yazı üzrə, sözümüzün sonuna yetişmişkən, 
65 yaşı, sadəcə bir təqvim göstəricisi kimi görmədiyimizi deməliyəm. Bu yaş – ulusun düşüncə və yaddaş tarixinin çağdaş dönəmində bir iz, bir cığır, bir yol, bir imza dəyərində səciyyəlidir. Bu gün bu yazıda bu Yunus Oğuz imzasıdır. Həm ulusal, həm mədəni, həm ictimai xadim imzası!
Qutlu olsun!

Əkbər QOŞALI,

şair

Tarixin söz elçisi – Yunus Oğuz -65


Tarixin söz elçisi

    Yunus Oğuz türk tarixində iz qoymuş şəxsiyyətlər və hadisələr vasitəsilə milli kimliyimizi, mədəniyyətimizi, dəyərlərimizi incə, fəlsəfi  mesajlarla dünyaya çatdırmağı qarşısına məqsəd qoyan bir yazıçı kimi müasir ədəbiyyatımızda müstəsna yerə sahibdir. Yazıçı bütün əsərlərində türk xalqlarının min illik tarixi ilə bağlılığı qoruyub saxlayaraq, bir millət olaraq kim olduğumuzu, haradan gəldiyimizi və hara getdiyimizi anladır. O, əsərlərində tarixin gələcəyimizə təsir edə biləcək dərslərini ön planda tutaraq böyük türk tarixinin necə formalaşdığını etap-etap təsvir edir, gənclərimizi öz tarixi kimliklərini kəşf etməyə dəvət edir.
    Yunus Oğuzun əsərlərində hər bir sözün, cümlənin və hadisənin strukturda özünəməxsus yeri vardır. Mətnin hər bir elementi  fəlsəfi, tarixi, mədəni  filtrdən keçirilərək, həmin  tarixi dövrün ruhunu zərgər dəqiqliyi ilə  çatdırmağa xidmət edir. Yazıçı, bəzən bir cümlə ilə bir insanın bütün həyatını, onun mübarizələrini,
arzularını və xəyallarını ifadə edə bilir. Bu, onun yazı üslubunun ən güclü cəhətlərindən biridir; çünki bir cümlə, bəzən bir romanın dərinliyini, bir insanın həyatının bütün çalarlarını özündə cəmləyə bilir. 
Yazıçının yazı üslubu, bədii dili zənginliyi ilə yanaşı, sadə və anlaşılan olması ilə də seçilir. O, mürəkkəb tarixi konsepsiyaları sadə, lakin bədii cəhətdən təsirli bir şəkildə geniş oxucu kütləsinə çatdırmağı bacarır. Yunus Oğuz, bədii dilin imkanlarından istifadə edərək, tarixi şəxsiyyətlərin və hadisələrin sosiokultural kontekstini açır, oxucunu həmin dövrün atmosferinə daxil edir. 
Yunus Oğuz oxucuya təqdim etdiyi tarixi-bədii fakturalarda  təsvir etdiyi dövrün sosiopolitik kontekstinə xüsusi diqqət yetirir, millətin tarixin labirintlərində necə formalaşdığını bədii müstəvidə məharətlə əks etdirir. Yazıçı tarixi hadisələri yalnız faktlar silsiləsi kimi təqdim etmir, eyni zamanda bu hadisələrin arxasında duran insan duyğularını, cəmiyyətin ruhunu və sosial dinamikaları da ön plana çıxarır.Onun əsərlərindəki dərin fəlsəfi qatlar bir tərəfdən milli özünüdərkin, digər tərəfdən isə insanın daxili mübarizələrinin geniş bir panoramasını təqdim edir. 
    65 yaşına qədəm qoyan Yunus Oğuz, ədəbiyyat sahəsindəki zəngin yaradıcılığı ilə yalnız milli kimliyin formalaşmasında tarixin rolunu vurğulamaqla kifayətlənmir, eyni zamanda gənclərə də öz köklərini unutmamağı, mədəniyyətlərini yaşatmağı və gələcək nəsillərə ötürməyi öyrədir. Onun əsərləri, dərin tarixi və mədəni konteksti ilə gənc nəslə öz kimliklərini tapmaqda və bu kimliyi qorumaqda kömək edir. Yunus Oğuzun yaradıcılığı, bütün aspektləri ilə ümumtürk gəncliyinə bir çağırışdır: “Tarixinizi bilin, mədəniyyətinizi yaşadın, gələcəyinizi formalaşdırın!” Bu mesaj, gənclərin öz köklərinə bağlı qalmasının və mədəni irsi yaşatmalarının nə qədər vacib olduğunu önə çıxarır. Yunus Oğuz bütün yaradıcılığını ifadə edən bu mesajla gəncləri yalnız keçmişlə bağlı olmağa deyil, eyni zamanda bu keçmişi gələcəyə daşımağa da təşviq edir.

Elnarə QARAGÖZOVA ,

Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi

YUNUS OĞUZUN YAZILARI

QARAGÖZOVA ELNARƏNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elxas Comərd yazır

ŞEİRİN RUHUNDAKI RİTM QƏLBİN POETİK FƏHMİDİR
Təranə Dəmir şeirini mənə yaşatdıqları

Ölkənin tanınmış, ondan yuxarı akademikinin, onlarla xalq şairi və yazıçısının, eləcədə dövlətin müxtəlif mükafatlarına layiq görülmüş hörmətli jurnalist və mədəniyyət işçilərinin dəyərləndirdiyi, haqqında yüksək fikirlər söylədiyi, gözəl şairimiz, hüquq elmi üzrə elmlər namizədi Raqif Nazimoğlunun, bu yaxınlarda, dostyana mənim haqqımda yazdığı təhlil yazısında belə bir cümlə vardı.

  • “Poeziya da axıcı musiqi kimi olmalıdır – əslində, isə belədir. Biz şeir deyərkən və ya dinləyərkən bunu hiss edirik…
    Şeirin ruhundakı ritm qəlbin poetik fəhmidir; fikri oxucuya gərək elə çatdırasan ki, onun duyğu qatarında həm sakitlik hökm sürsün, həm də təlatüm…”
    Bu gün səhər fb səhifəsinə baxanda, dəyərli şairimiz Təranə Dəmirin “TANIMADI GÜZGÜ MƏNİ” şeiri qarşıma çıxdı. Şeiri oxuduqca Raqif Nazimoğlunun söylədiyi, istinad etdiyim yuxarıdakı fikir düşüncəmə hakim kəsildi. Başa düşdüm ki, Raqif müəllim çox doğru deyirmiş ;- “şeirdəki ritim, şair qəlbinin poetik fəhmidir”. Şeir, məni öz ovsununa elə saldı ki, ani düşündüm ki, yəqin Raqif müəllim bu fikirləri gözəl şairimiz Təranə Dəmir yaradıcılığında məhz bu şeir üçün söyləyib. Şair duyğusunun qatında sakitliklə təlatümü gördüm. Bəndi yenidən təkrar bir də oxudum. Nə qədər gözəl, gözəl olduğu qədər də, təlatümlü poetik bir duyğu hissi.
    Şair Təranə Dəmir, hər bir insanın güzgü qarşısında öz hiss duyğusunun əsrinə necə çevrildiyini obrazlı şəkildə oxucusuna ritmik, özüdə poetik dillə möhtəşəm çatdırıb.

Baxıb saçımın ağına
Məni qoymadı yaxına,
Keçdim soluna ,sağına,
Tanımadı güzgü məni.

Bir insan hissin poetik çalarlarını bu qədər gözəl və orjinal çatdırılması, həmin insan duyğusundan süzülüb gələn sözlər güzgü qarşısında necədə gözəl cilallanırmış İlahi…

Güldü üstümə , başıma ,
Gəlmədim deyən xoşuna ,
Tutdu tənə yağışına ,
Tanımadı güzgü məni.

Doğurdanda dəyişən görkəm, cansız güzgünün tənə ilə “dodaq büzüb” hər gün onu seyr edəni tanımaması, şair duyğusunun güzgü qarşısında fikir qənaətidir, amma süprüz qənaətdir.

Düşmədi üzüm yadına ,
Söhbətim, sözüm yadına ,
Oxşatdı hansı qadına ?
Tanımadı güzgü məni.

Güzgü qarşısında dayanan insanın özünü necə süzməsini, xəyalında canlandırdığı keçmiş və gələcəyi xatirəsinə qapılıb qaldı.

Məni sual -sual süzdü ,
Məni xəyal -xəyal süzdü ,
Mən danışdım , güzgü susdu ,
Tanımadı güzgü məni .

Şeirin hər sözündə, sətrində görünən məna yükü çox düşündürücüdür. Sanki insan xəyalının göz önünə gətirdiyi xatirələrdın süzülüb gələn poetik fikirləri şair öz rənglərinə uyğun düzür. Öz fikirini şair poetik çalarlara belə çevirir.

Yatmışdı, gəldim oyatdım ,
Ağladım, güldüm, oyatdım ,
Yaz getdim, payız qayıtdım ,
Tanımadı güzgü məni.

Güzgü, insan fizalojiyasında yaranan bir ehtiyacdır. O ehtiyacı hər bir məqam, səhər, axşam, gecə, gündüz evdən çıxanda, evə gələndə bu ehtiyacından asılılığın insan özündən aslı olmayaraq büruzə verir. Amma, gözəl şairimiz bu hissi, duyğunu elə gözəl obrazlı şəkildə çatdırır ki, doğrusu bunu bir şeir parçası kimi oxuyub yanından keçə bilmədim. Nə dərəcə hissimi, duyğumu bu şeir üzərindəki hiss və duyğuya kökləyə bilmişəm, bilmirəm, sadəcə, şeir məni öz ovqatında bu cür düşündürdü…
Bu həyatın xəyali aksiomudur. – “Tanımadı güzgü məni…”
P. S. Gözəl şairimiz Təranə Dəmir yaradıcılığı bir oxucu kimi hər dəfə məni düşündürür. Bir-birindən gözəl şeirlər müəllifi olan şairimizə, kiçicik bu yazım ilə, sağlam can sağlığı, uzun ömür, sevincli günlər və yaradıcılıq uğurları arzulayıram. Allah qorusun sizi gözəl şairimiz…

Müəllif: Elxas Comərd
AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü

Təranə Arifqızı – Əkinçi

ƏKİNÇİ

(Sabirsayağı)
                          
Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyinə həsr olunur

Inci, sədəf tək nur saçırsan dəryadə, Əkinçi!
Hey xatırlaram səni, salaram yadə, Əkinçi”.

Qələmin gücünə bax, məhv elədi qaranlığı,
Cahillərə dərs verdi, yetdi fəryadə Əkinçi.

Cəsarət, işıq oldu mətbuatın addımına
Özündən sonra iz, ad qoydu dünyadə Əkinçi.

Zərdabinin fəhminə, ağlına əhsən deyirəm,
Ömrünü hürr yaşadı,vermədi badə, Əkinçi.

Yüz əlli il öncə tapdı qələmlə sözün yolunu,
Qələm əhli oldu hər əziyyətə amadə, Əkinçi.

Nə qədər  internet ola, süni zəka at oynada,
Yenə çatmaz sənin tək yüksək bir adə, Əkinçi!

Qələmin məqsədi yazmaq, ağılın qulu olmaq,
Sadiqəm Həsən bəy Zərdabi tək ustadə, Əkinçi

Ey qələm əhli, çalış, yazdığın hədəfə dəysin,
Xalqını xoşbəxt eləsin, qalmasın havadə, Əkinçi!

Təranə təbrik edir sözə ömür verənləri,
Yazıram sənin kimi həqiqəti sadə, Əkinçi.

Müəllif: TƏRANƏ ARİFQIZI

TƏRANƏ ARİFQIZININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Çin Xalq Respublikasından gələn qonaq redaktor Shen Jing Milli Kitabxanada olub

Çin Xalq Respublikasından gələn qonaq redaktor Shen Jing Milli Kitabxanada olub

Çin Xalq Respublikasından gələn qonaq redaktor Shen Jing Milli Kitabxanada olub, kitabxananın “Nadir kitablar və kitabxana muzeyi” şöbəsində mühafizə olunan albomla tanış olub. Alboma Xiang Zijing tərəfindən toplanmış Sonq sülaləsinin (960-1279) Çin rəssamlığının 15 görkəmli əsərinin reproduksiyaları daxil edilib. Reproduksiyalar orijinalların rənglərində çap olunub. Bu rəsmlər seçilmiş sənət əsərləridir və böyük dəyərə malikdir. Albom çin, rus, ingilis, fransız və alman dillərindədir. Hər illüstrasiyadan əvvəl qısa giriş verilib. Reproduksiyalar ayrıca vərəqlərdə çap olunub və ornamental çərçivə ilə bəzədilmiş albomun səhifələrinə yapışdırılıb.

Albomun cildliyi saplarla tikilmiş ipək parça ilə bəzədilib. Qovluq parça ilə örtülüb, qapaqlar sümükdən hazırlanıb.

Azərbaycan Milli Kitabxanası

Zaur Ustac

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BƏXTİYAR VAHABZADƏ – 100

                                                    BƏXTİYAR VAHABZADƏ – 100

BƏXTİYAR VAHABZADƏ YARADICILIĞINDA ANA MÖVZUSU ŞAGİRDLƏRİN TƏRBİYƏSİ VASİTƏSİ KİMİ

Bəxtiyar Vahabzadə xalqımızın Azərbaycana, dünya mədəniyyətinə, türk aləminə bəxş etdiyi çox qüdrətli şəxslərdən, şəxsiyyətlərdəndir. O,  görkəmli ədəbiyyatşünas alim (AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor) olmaqla yanaşı misli bərabəri olmayan söz ustası, şairdir. İstedadlı alim olsa da,  şeirə çox bağlı idi. Şairlyini hətta alimliyindən üstün tutardı. Bu barədə yazıb da: “Qoyar dizinin altına, alim Bəxtiyarı şair Bəxtiyar”.

Şeirə, şeiriyyətə vurğunluğun dərəcəsinə bir baxın! Hamamıza məlumdur ki, Bəxtiyar Vahabzadə çox yaxşı alim idi, 1947-ci ildən müəllim kimi fəaliyyət göstərirdi. Başqa işlə məşğul olmanmışdı. Ömrünün sonuna kimi Bakı Dövlət Universitetinin professoru idi. Gözəl nitqə sahiblənmişdi, mühazirılərindən doymaq olmurdu. Amma  şairliyə böyük dəyər verirdi.

Bəxtiyar Vahabzadə sözün qüdrətindən çox  faydalanmağı, nəzərdən keçirdiyi məsələləri ustalıqla, böyük sənətkarlıqla mənalandırmağı çox yaxşı bacarırdı.

Şair çox möhtəşəm uğurlara ona görə nail olurdu ki, onda məsuliyyət hissi son dərəcə qüvvətli idi, özünə qarşı olduqca tələbkar idi, əlinə qələım alanda məntiqə söykənirdi. Odur ki, qəlbləri fəth edir, oxucunu düşündürürdü,   ona yol göstərirdi. Bəxtiyarın qənaətlərindən çoxları yararlanırdı. Yazıb yaradır, sözlə dünyanı fəth edirdi. Dünya ondan razı idi, oxucular da onu sevirdi, o isə özündən  razı deyildi:

          Narahatam, narazıyam,

Ömrüm boyu özümdən.

          Bizim sənət dünyasının,

Qırıq telli sazıyam.

Bircə ondab razıyam ki,

Özümdən narazıyam.

Dahi şairdəki təvazökarlığa bax! Belə etirafı Bəxtiyar qayəli, Bəxtiyar hünərli şəxsiyyətlər edə bilərlər.

Bəxtiyar Vahabzadənin bədii yaradıcılığı son dərəcə çoxşaxəlidir. Çoxsaylı poemaları, pyesləri,  saysız-hesabsız şeirləri var. Hamısı uğurlu, bitkin, heyratamiz, tərbiyələndirici, təhsilləndirici, düşündürücü. Əsərləri müxtəlif mövzulara həsr olunub. Hər biri xüsusi tədqiqatın, araşdırmanın mövzusudur.

Biz bu məqalədə qürdətli şairin öz anasına, ümumiyyətlə,  analara həsr etdiyi şeirləri üzərində dayanmaq istəyirik. Ana mövzusu ananın özü kimi müqəddəsdir. Ana bizə həyat, döşündən süd verib. Bizi böyüdüb, boya-başa çatdırıb, çinar boy edib. Təhsilimiz, sağlamlığımız, təhlükəsizliyimiz  qayğısına qalıb.

Anaların fədakarlığı tükənməz və əvəzedilməzdir. Hər birimiz anaya səcdə qılmağa borcluyuq. Bəxtiyar Vahabzadə demişkən, “Ana həyat verir, öz övladına, Həm də öz ömründən ömür bağışlayır”. Şairin “Ana hədiyyəsi” şeirində ana namaz qılan vəziyyətdə təsvir olunub.  O, əlini göylərə qaldırır Allaha yalvararaq xahiş edir:

“Ya rəbbim! – deyə:

 -Sənsən xəlq eliyən göyləri, yeri,

Candan şirin olur bala, ay Allah.

Sən mənim ömrümdən kəsib illəri,

Balamın ömrünə cala, ay Allah!

               Ana öz ömrünü balasına hədiyyə verir.  Şair ananın sözlərini, arzularını  yüksək sənətkarlıqla mənalandırır. Onun istəyinin, diləyinin nə qədər önəmli olduğunu diqqətə çatdırır. Bildirir ki:

                  ”Çoxdur bu dünyada hədiyyə… ancaq

                   Ömürdən hədiyyə görməmişəm mən.

                  İstərəm, bir ana, bir bala sözü

                   Lüğətdə sözlərin önündə gedə.

                   Uca olduğundan ananın özü

                   Ucadır, böyükdür hədiyyəsi də.

           Bəxtiyar Vahabzadənin  başqa şeiri “Məmin anam” adlanır. Şair anansının savadsız olduğunu,  lakin mənəviyyatca çox zəngin, nümunəvi olduğunu bildirir. Şeirlə ntanışlıqdan görünür ki (bu, təbii ki, Bəxtiyarın öz qənaətidir) savadsız olmaq hələ heç nə demək deyildir. Əsas  cəhət yüksək insani keyfiyyətlərə sahiblənmək, namusli, ismətli, sədaqətli, qayğıkeş, mehriban,  doğruçul, humanist, vəfalı, nümunəvi davranışlı olmaqdır.

        Ana təhsil gtörməyib, heç adını da yaza bilmir. Nə olsun? Elə savadlılar var ki, başabəladırlar. Əsas odur ki, insan öz hərəkəti, duruşu, davranışı, qarşılıqlı münasibətləri, ünsiyyət tərzi ilə nümunə göstərsin, hörmət və nüfuz qazansın.

 Bəxtiyar Vahabzadı demişkən:

          Savadsızdır,

Adını da yaza bilmir

Mənim anam…

Ancaq mənə,

Say öyrədib,

Ay öyrədib,

İl öyrədib;

          Ən vacibi:

Dil öyrədib

Mənim anam…

 Bu dil ilə tanımışam

Həm sevinci,

Həm də qəmi…

 Bu dil ilə yaratmışam 

 Hər şeirimi,

Hər nəğməmi.

 Yox, mən heçəm,

Mən yalanam,

Kitab-kitab sözlərimin

Müəllifi – mənim anam!..

Bizim hər birimiz ömrümüz boyu anamızı yanımızda görmək istəyirik (anaya, ataya vəfasız çıxan, xəyanətkar mövqe tutan şəxslərdə var). Vaxtlı-vaxtsız ananı itirmək insan üçün böyük itki, böyük dərd olur.  Belə deyim var: “İnsan atadan deyil, anadan yetim qalır”. Həmin sözlərdə dərin həqiqət vardır.  Hər bir şəxsin həyatında hər iki valideynin böyükm rolu var. İnsan neçə müəyyən yaşda olmasına baxmayaraq həmişə yaşında olmasından asılı olmayaraq onun ataya da, anaya da eyni dərəcədə ehtiyacı var. Fəqət, gəlin etiraf edək,  övlada münasibətdə ananın fədakarlığı ölçüyəgəlməzdir. 

          Odur ki, anasının dünyadan köçməsi şairi yandırıb-yaxır.  Hisslərini, dərdini şeirin dililə bildirir:

                    Anam öldü!

Bizə dedi əlvida! 

bir duyan, hiss eləyən insan

Yatağında daş oldu.

Heçliyə doğru axan

Bir axına qoşuldu.

Anamın əvəzi başdaşı oldu,

Kölgəsi özüylə yanaşı oldu…

          Bir ay tamam oldu,

         düz bir ay, bir gün

         Gəldim qəbiristana… anamla deyil,

         Onun başdaşıyla görüşmək üçün.

Yuxun şirin olsun” – deyərd”in mənə,

“Yuxun şirin olsun” – deyimmi sənə?

Dünən nəfəsiylə səni isidən

Bu gün buza dönüb, daşa dönübdür.

Dünən nəfəsiylə səni isidən

Bu gün buza dönüb, daşa dönübdür.

        İllər keçsə də ana unudulmur, ana yaddan çıxmır. Həmişə hörmətlə, məhəbbətlə yad olunur, xatirələrdə canlandırılır, yaddaşlarda qalır.

Bəxtiyar Vahabzadənin “Atılmışlae” poeması da diqqətəlayiqdir.   Qız isməti, qadın namusu, şəxsi ləyaqət və şərəf hissi ön plana çıxır.  Sevgidə aldanılan, ailə qurmadan ismətini ləkələyəın qız hamilə qalır.  Oğlan onu atır. Doğduğu körpə ilə qalan qızın (qadının) ağlı başına gəlir. Nə qədər böyük səhvə yoil verdiyini anlayır, xəcalətindən yerə girməyə hazırdır. Təhsil almaq üçün şəhərə gəlib. Valideynlərinin gümanı ondadır.  Qızlarının yaxşı mütəxəssis olub el-obasına qayıtmağını səbirsizliklə gözləyirlər. Qız isə onların ümidlərini mdoğrultmayıb. Nikah münasibətinə girməmiş, ailə qurmamış artıq uşaq sahibidir. Düşdüyü vəziyyəti nata-anasına necə başa salacaq. Qonşular, qohumlar nonun bgarəsində nə düşünəcək, onu ismətsiz sanacaqlar. Şair bütün bunları fikirləçən qızın hiss-həyəcanlarını,  düşüncələrini, planlarını aşağıdakı şəkildə nəzmə çəkir:

Körpəni aramla bükdü qundağa,

Basdı sinəsinə qalxdı ayağa…

Ümidə yas tutub, ağlayır güman, 

Xeyiri şərləyir, şərə “dost” deyir.

 Sevilib, sonra da atıldığından 

O da balasını atmaq istəyir.

 Ancaq… durdu yenə, duruxdu yenə,

 Körpəni astaca qoydu yatağa.

 Sıxdı döşlərini süd şüşəsinə, 

Əmziklə bir yerdə bükdü qundağa.

 O, qalxmaq istədi, yenə döyükdü. 

O, bir də düşündü son niyyətini.

 Bildi ki, şüşəylə birgə o, bükdü 

Sonuncu analıq məhəbbətini. 

Poemada təsvir olunan qız ana olub. Lakin övladından yaxa qurtarmaq istəyir. İstəməsə də, buna borcludur.  Vəziyyət bunu tələb edir (“Sevilib, sonra da atıldığından o da balasını atmaq istəyir”).

Qız  övladı üçün qida tədarükü görür, döşündən süd sağır və şüşəni qundağa, körpənin yanına qoyur. Başa düşür ki, (şair demişkən,) “şüşəylə birgə o, sonuncu analıq məhəbbətini də  bükür”.

Müxtəlif sinif şagirdləri ilə ümumtəhsil məktəblərində tərbiyəvi işlərin həyata keçirilir. Həm təlim prosesində, həm də sinifdənxaric tədbirlər zamanı. Təlim prosesində ayrı-ayrı fənlərin tədrisi prosesində, sinifdənxaric tədbirlərdə  – söhbətlər, müzakirə və disputlar,  tematik axşamlar gedişində.

Sinifdənxaric tədbirlərdə Səməd Vurğunun, Cəfər Cabbarlının “Ana” şeirləri ilə  yanaşı Bəxtiyar Vahabzadənin anaya həsr edilmiş şeirləri də nəzərdən keçirilir.  Bəxtiyar Vahabzadənin   ana şeiri ilə Səməd Vurğunun “Ana” şeiri həmahəng səslənir. Səməd Vurğun da  Bəxtiyar kimi anasına yas turur:

Sən bir günəş idin, doğdum da, batdın, 

Yazıq evladını qəmlərə atdın. 

Bir cavab ver, hanki murada çatdın 

Torpaqlarda neçə zamandır, ana!

Bir ah çəksəm sənsiz, qopmazmı tufan? 

Əzizim anacan, gözüm anacan! 

Yumuq gözlərini aç da bir oyan, 

Şimdi zaman başqa zamandır, ana!

Yıxılıb payinə öpmək istərəm, 

Analıq mehrini görmək istərəm, 

Səni görmək üçün ölmək istərəm, 

Təsəlim ah ilə fəğandır, ana!

          “Atılmışlar” poeması isə ayrıca müzakirə mövzusudur.  Bu mövzu gənc nəslin ailə həyatına və gələcək övladlarının tərbiyəsi işinə  hazırlanması problem ilə sıx surətdə bağlıdır.

 Aparılmış sistemli, məqsədyönlü iş nəticəsində şagirdlərdə anaya, analığa dərin hörmət və məhəbbət hissləri qüvvətlənir.

Akif Nurağa oğlu Abbasov

Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim

Əkbər QOŞALI – Məstan Günər – 90

Əsl şairin imzası: kök, kimlik və…

(Məstan Günər – 90)

Ədəbiyyatda zamanla yoxa çıxmayan, zamanın içində yaşayıb onu məna ilə dolduran, məzmunca zənginləşdirən sənətkarlar olur. Tovuzda doğulub, yaşayıb-yaratmış görkəmli şair-publisist, Azərbaycanın Dövlət mükafatı laureatı Məstan Günər (Məstan Rəsul oğlu Əliyev; 25.07.1935, Əsrik Cırdaxan – 2010, Tovuz), Azərbaycan miqyasında bu səviyyədə tanınan sənətkarlardandır. O, elin göz yaşının tərcümanı, uğurlarının tərənnümçüsü – ulusun söz adamı kimi çıxış edib. Günərin poeziyası etnokulturoloji kodlarla zəngin olub, gələnəksəl aşıq və dastan təfəkkürünü yansıdır, həm də azərbaycanlı kimliyinin mənəvi-mədəni sütunlarını şeirə çevirir.

Məstan Günərin şeirlərində ulusun arxaik yaddaşı – yaylaqla qışlaq arasında köç edən obaların dili, sazın ahəngi, gah sevinc, gah kədər ilə yoğrulan çağrımlar görünür. Bu, həm “Aran gözəlləməsi”, həm də dağla dərdləşən ruh halıdır. Dağ-aran varsa, gözəlləmə varsa, əlbəttə, bir gözəl də vardır oralarda:

“Çiçəyin iliksən, gülün nübəri,
Yazın xəbərisən, a yaylaq qızı.
Elə bilirdim ki, söz deyəndə mən,
Sən yönü bərisən, a yaylaq qızı.

Qurbanam dolanıb gəzdiyin çölə,
Yatdığın çəmənə, batdığın gülə.
Ürəkdə mən səndən, uşağam hələ,
Yaşda sən gerisən, a yaylaq qızı”.

Bu misralarda doğal gözəlliklərlə yanaşı, mədəni iqlimin qadına və gözəlliyə verdiyi mənəvi mövqe, doğa ilə insan arasındakı simvolik vəhdət var. Onu da vurğulayaq, Günər poeziyasında şifahi xalq ədəbiyyatının təməl obrazları – bülbül, yaylaq, dağ, qızılgül… – kimi obrazlar həm də poetik identiklik daşıyır.

Məstan Günərin poeziyası klassik aşıq şeiri və ümumən epos təfəkküründən irəli gələn ritmik, semantik və etik kodları yaşadır – həm barınıb, həm də barındırır. Hər misrada ritmin daşıdığı ürək döyüntüsü, kədərin təkcə şəxsi yox, milli olma hadisəsi, ağrının yalnız sevgi yox, həm də zamanla bağlılığı hiss olunur:

“Səni düşündükcə dönür əhvalım,
Çalxanır dərdlərin dəryası məndə.
Sinəmə xəncəri elə çaxıbsan,
Getdi ölənəcən yarası məndə.

Dünya gözlərimdə nə vaxtdan bəri,
Divanə mülküdür, qopub məhvəri.
Fikrimə gəldikcə boyun ləngəri,
Pozulur dağların sırası məndə.

Zər, səni itirdi sənin zərgərin,
Üzünə çıxmıram gül-çiçəklərin.
Edam sərgisidir biçənəklərin
İpəyi, atlası, xarası məndə.

Bir aləm Məstanə min aləm baxır,
Ahım bulud-bulud göylərə qalxır.
Sağımdan doğub da, solumdan yaxır,
Dövr edir gözlərin qarası məndə”…

Şeirdə həm qədim türkün kosmik təfəkkürü (“sağ” – Gündoğar, “sol” – Günbatar), həm də şəxsi sevdanın universal ruhaniyyətlə iç-içə olması görünür.

Şeirdə ulusun etnokimliyindən qaynaqlanan fərdi keyfiyyətlərin sevda dünyasında təcallası və doğa ilə iç-içəliyin fəlsəfi etüdləri öz poetik ifadəsini alıb.
Şairin sözü ilə həm də ulusun sevda yaddaşı çiçəkləyir…

Tovuz ədəbi mühiti səs, nəfəs, ruh olaraq ümumazərbaycan, Qafqaz miqyası alaraq Günər poeziyasında boy göstərib…
Bəli, Məstan Günərin poeziyasının kökü Tovuz aşıq məktəbinin ruhundan gəlir. Aşıq Hüseyn Bozalqanlı, Əlimardanlı Aşıq Nəcəf, Xəyyat Mirzə kimi ustadların poetik kodları onun misralarında da yaşayır. Dağlar, çaylar, sərt iqlim – bu doğa coğrafiyası eyni zamanda bir içdünyasını – dünyagörüşü, rəngarəng hisslərin kəskin ifadə dili olub:

“Yarpağı nəmlənən bağlar içində
Durub seyr edəsən gecə dağları.
Orda-burda sərin-seyrək dindirdə
Bülbülün köksünü qönçə dağları.

Bilirsənmi yarın hardan danışa,
Fikrə gedib uzaqlardan danışa.
İçdiyimiz bulaqlardan danışa,
Bir tərəfdən seçə-seçə dağları.

Ay nurunda durna dəsi qızılı;
Ağ buludlar sinəsindən yazılı –
Bağdad uzaq, qərib quşlar arzulu,
Təsbeh ola keçə-keçə dağları.

Mən niyə yarandım sevdalı canan,
Minnəti, möhləti eşitmir zaman.
Bilmirəm dünyadan gedəndə Məstan
Tərk edib gedəcək necə dağları”?..

Buradakı “qönçə dağları” fon olmaqdan ziyadə, poetik məkan, mədəni mənzərədir.

Məstan Günərin poeziyasında Azərbaycan insanının mənəvi dayaqları – sədaqət, vəfa, kişilik, ağsaqqallıq, dostluq – ardıcıl şəkildə vurğulanır:

“Bizim dost itirən vaxtımız deyil,
Artıq günortanı addaıyıb ömür”.

Bu misralarda həm vaxtın qiyməti, həm dəyərlərin itkisinə qarşı dirəniş, həm də insanlıq borcu poetik formada təqdim olunur. Özəlliklə, şeirin hər sətrindən keçən kişilik, mərdlik vurğuları – ulusal etikanın qısa, lakin sanballı formulu kimi meydana çıxır.

Məstan Günərin şair kimliyi, sözün sorumluluğunu yaşamaqla ölçülür. O, nə qədər sevgi, kədər və gözəllik haqqında yazırsa da, bu poeziya sadəcə estetika yox, mənəvi etiraz, zamana adil münasibət, ulusun içindən gələn xalis ün kimidir.

“Ağıl alar, cahil satar Məstanı,
Sevdəgərdən geri qaytar Məstanı”. –
Şair öz taleyini, şairliyin missiyasını və eyni zamanda ulus içində sözün nə qədər qiymətli olduğunu göstərir.

Beləliklə,
Məstan Günərin poeziyası:
Azərbaycan xalqının mənəvi kodlarını yaşadır;
şifahi xalq ədəbiyyatına bağlıdır, amma onu çağdaşlaşdırır;
milli identiklik, kişi əxlaqı, dostluq və sədaqət fəlsəfəsini qoruyur;
Tovuz ədəbi mühitini, aşıq dünyagörüşünü və köyün ilkinlik poetikasını daşıyır;
ən başlıcası – sözə məsuliyyətlə yanaşan əsl şair obrazı yaradır.

Ruhuna alqış!

Ehtiramla, ƏKBƏR QOŞALI