Nemət işlədiyi zaman hər iş günündə elə qəribə xasiyyətli zəhlətökən adamlarla üzləşirdi ki, evinə dönəndə yol boyu düşünürdü: “Görəsən, bunların çənəsinin inkişafına mane olmayıb, təfəkkürünü uşaqlığında bloklayan hansı fövqəlqüvvədir?” Bəzən qarşısına elə tiplər çıxırdı ki, etdiyini azyaşlı uşaqlar eləsəydi, əhəmiyyət verməzdi. Uşaqlığın şıltaqlığı kimi qəbul edərdi, zövq alardı. Yaşından, aldığı təhsildən, tutduğu vəsifədən asılı olmayaraq, özünü uşaq kimi aparanlarla ünsiyyətdə olanda bir atalar sözünü xatırlayardı: “Ağıl yaşda deyil, başdadır”.
Dördüncü sinifdə oxuyanda ibtidai sinif müəlliməsi Asiyə müəllimə bir dərs saatının yarıdan çoxunu təkəbbürdən və təfəkkürdən danışardı. Təkəbbürlü olmağın heç kimə başucalığı gətirmədiyini, insanın cəmiyyət arasındakı nifuzunu əngəllədiyini ətraflı izah edərdi. Təfəkkürün isə yüksək insani keyfiyyət kimi öndə gedən müsbət əlamət olduğundan daha çox danışardı. Sonda bir bayatı da söylərdi:
Təkəbbür gendən gələr,
Təfəkkür eldən gələr.
İnsana gələn bəla
Təkəbüründən gələr.
O vaxt müəlliməyə sual vermişdi:
-Təfəkkürlü olmaq üçün nə etməliyik?
-Yaxşı oxumalısınız. Çoxlu bədii ədəbiyyat mütaliə etməlisiniz.
Atası da, anası da kitab həvəsskarı idi. Oxumağı öyrəndiyi vaxtdan ona uşaq kitabları alıb gətirərdilər. O da həvəslə kitabları oxuyardı. Onun oxuduğu dövrdə məktəblilərin hamısı klassik, müasir dövrün şair və yazıçılarını tanıyırdılar, kitablarını həvəslə oxuyurdılar. Onun həmyaşıdları arasında klassik və çağdaş şair və yazıçıların əsərlərini oxumayan az olardı. İndi onun məzunu olduğu məktəbdə şagirdlər arasında sorğu keçirilərsə, görəsən, onun oxuduğu kitabları oxuyanlar tapılardımı? Dünyanın bir çox çox ölkəsində məşhur olan Cingiz Abdulayevin və başqa müasir yazıçıların kitablarını oxuyan varmı? Genindən qaynaqlanan təkəbbürlü gənclik bədii əsərlər oxusaydılar, tanış olduğu obrazlar ilə təmasda olar, nəticə çıxarardılar. Bizim idealımız olan qəhrəmanlar qəlbimizdə indi də yaşayır.
Sözqanmazlar bəzən Neməti o dərəcədə bezdirirdilər ki, valideynlərin övladarının əsgərlik xidmətinin bitəcəyi günü gözlədikləri kimi, o da təqaüdə çıxacağı günləri hesablayırdı.
Nəhayət, səbrsizliklə gözlədiyi an yetişdı. Təqaüdə çıxdığı ilk gün həmişəki kimi sübh tezdən oyanıb, yeməyini yeyib işə tələsmədi. İstirahət günlərində olduğu kimi gec oyandı. Qalxıb geyindi, telefonunu götürüb “Fasebook”dakı bəyəndiyi paylaşımlara münasibətini bildirdi. Xoşuna gələnlərə rəy yazdı. Sonra “YouTube”dəkı yeni xəbərləri nəzərdən keçirdi. Onu oyatmamaq üçün mətbəxdə ehtiyatla qəlyanaltı hazırlayan yoldaşı Xavər onun oyaq olduğunu bilib səsləndi:
-Mən işə getməli olduğum üçün tez oyanmağa məcburam. Sənin ki, tələsən yerin yoxdur. Niyə oyandın?
-Elə bilirsən refleks qanununu pozmaq asandır?
Nemət yuyunub mətbəxə keçdi.
-Həmişə qapını bağlayıb, birlikdə işə gedərdik. İşdən səndən tez döndüyümə görə açar məndə olardı.Bu gün ilk dəfə evdən açarsız çıxacam.Tək-tənha darıxmayacaqsan?
Nemət gülümsədi:
-Mən uşaq olanda, kəndimizdə tək-tük evlərdən yola bir-iki uşaq çıxardı. Dörd uşaqlı ailə azuşaqlı sayılardı. İndi isə üç övladlı ailə çoxuşaqlı sayılır. Biz də valideynlərimiz kimi altı-yeddi uşaq böyütsəydik, heç olmasa biri daha yaxşı dolanışıq ücün xaricə üz tutmazdı. Biz də bu yaşımızda tək qalmazdıq.
Xavər içində qovrulan dərdini ört-basdır edib, ərinə ürək-dirək verdi:
-Harda olur olsunlar, fərq eləməz, təki canları sağ olsun.
-Bizim canımız sağ olmur axı. Nəvələrimlə “Vhatsapp”da görüntülü danışanda, bir-birini itələyib özünü qabağa verib, – baba, necəsən? – deyib halımı soruşandan sonra, günlərlə özümə gəlmirəm.
-Tələsmə! Üç aydan sonra mənim də şələ-şüləmi belimə yükləyib göndərəcəklər təqaüdə. Qoymaram səni darıxmağa.
-On uşağımız da olsa, mənə qalan sən olacaqsan.
-Mən də belə düşünürəm. – Xavər “off” eləyib dərindən köks ötürdü.
Yoldaşı işə gedəndən sonra tək qalan Nemət televizoru işə saldı. Baxılacaq bir veriliş tapmadığından söndürüb həyətə düşdü. Qış vaxtı olduğundan dirrikdə görəcək bir iş olmadığından, evə girib əynini dəyişib yola çıxdı. Kiminlə vaxt keçirəcəyini götür-qoy elədi. Evlərindən beş-altı yüz addım yuxarıda yaşayan Natiqgilə getməyə qərar verdi. O da təzəlikcə təqaüdə çıxmışdı, həm sinif, həm də əsgərlik yoldaşı idi. Bir az getmişdi, evlərinin qabağında, darvazanın yanında taxtadan düsəldilmiş oturacaqda oturub siqaret çəkən qohumu Malik onu görüb ayağa qalxdı.
-Qonşu, nə əcəb işə getməmisən? – deyib, qabağına gəlib onunla görüşdü.
Qonşu, qohum olsalar da, lağlağı danışığına görə onların aralarında isti münasıbət yox idi.
-Bu gündən təqaüddəyəm. Evdə görəcək iş tapmadım. Darıxdığıma görə Natiqgilə getməyi qərara aldım.
-Getmə! Evdə tapmayacaqan.Bir az əvvəl maşınıyla aşağı ötdü.
Nemət heyfsilənib geri dönəndə Malik dilləndi:
-A qonşu, evdə tək nə edəcəksən? Yenə darıxacaqsan. Əvvəllər yaxşı nərd oynayardın. Keçək evə, özümüzü sınayaq.
Nemət bir az düşündü. Öyrəşmədiyi tənhalıqdan bezəcəyini bildiyindən qonşunun təklifini qəbul elədi.
-O vaxtkı kimi uduzsan, cığallıq etməyəcəksən ki?
-Ağlın o vaxtlara getməsin. İndi bunu icad edəni axtarıram.
Onlar həyətə daxil olanda evin xanımı Narınc Neməti görüb sevindi:
-Nə xoş təsadüf, a Nemət, gün hardan doğdu ki, qapımızı açdın?
Nemət deməyə söz fikirləşincə Narınc sevincək halda onun qabağına gedib, görüşdü.
-A səni xoş gəlib, səfalar gətirdin. Necəsən?
-Sağ ol. Sən necəsən?
-Yaxşıyam. Çoxdandlr Xavəri görmürəm.Tovludurmu?
-Onu tovsuz olmağa qoyarammı heç.
-Bax, Malik, qonşundan nümunə götür. Qonşu, dunəndən danışdırmırdım bu Maliki. Nə olmuşdusa, birdən başımın ağrısı tutmuşdu, dözə bilməyib zarıyırdım. Halıma acımaq əvəzınə gör nə arzulayırdı. Deyirdi: “A arvad, sən ağrıyınca, mən ağrıyım. Mən ölüncə, sən öl”.
Malik qəhqəhə çəkərək güldü.
-Qonşu, görürsən də. Mən bunun ağrısına şərik çıxıram. Mən ölsəm, dəli olub dağlara düşəcəyindən narahat oluram. Yenə qədrimi bilmir. Bu qanmazı başa sala bilmirəm ki, ay arvad, ağrımaqdan ölmək yaxşıdır. Heç ölünün zarıdığını görübsənmi? Tapdala, tikə-tikə doğrasan da vecinə alarmı? Onsuz da hər birimiz bir gün, bir il, beş il, on il sonra, vaxtı bəlli olmayan bir məqamda öləcəyik. Ruh ki, cismimizdən ayrıldı, artıq nə sızlayacaq, nə də zarıyacağıq. Bu dünyanın ağrı-acısından, dərd-sərindən qurtulacağıq.
Nemət özündən bir neçə yaş böyük olan Malikin xasiyyətinə bələd idi. Şit, irəli-geri danışdığına görə ondan xoşu gəlməzdi. Şit zarafatını həzm etməyib üstünə cumduğu anlar da olub. O danışdıqca həm onun, həm də digər həmyaşıdlarının indiki davranışını analiz edirdi. Aralarında eləsi var ki, xasiyyəti müsbətə doğru dəyişib, tam başqa bir adama çevrilib. Eləsi də var ki, o vaxtı ilə müqayisə edəndə, tam əksini görür. Malik kimi necə vardı, o cür də qalanlar da var. Deyirlər: mühit adamı dəyişdirir. Görünür mühitin Malik kimiləri dəyişdirməyə gücü çatmayıb.
Nemət Narıncın üzünə baxanda hiss elədi ki, ondan həya etdiyinə görə dilində düyünlənən cavablar içində çalxalanır. Onun necə səbirli-təmkinli, mədəni insan olduğunu gördü və dəyərləndirdi. Bəzi tanıdıqlarını göz önünə gətirib, müqayisə elədi. Onların hansısa biri Narıncın yerində olsaydı, qarşısındakı padşah da olsa dözməzdi. Aləmi bir-birinə qatıb, qarışdırardı. İndiki dövrdə bir acı sözdən hiddətlənib, öz əliylə özünə xəsarət yetirib, ərini polisə yönləndirib, özü isə məhkəməyə üz tutan “cəsur” qadınlarla onu müqayisə elədi. Bu, onların heç birindən əskik deyildi. Nə qədər üstün olması isə göz qabağındadır. Belə üstün cəhətinə görə qohum-qonşular onun xətrini çox istəyirlər. Onun yerində bir başqası olsaydı, Malikin dəvətini qəbul eləməzdi.
-Malik, qonşumuzun sənin mülahızənə ehtiyacı yoxdur. Xoruzun göz verib işıq vermədiyi beçəni kəs, yolub təmizləyim. Siz də keçin evə.
Narınc üzünü Nemətə tutub sözünə davam etdi:
-Qonşu, qohumunun irəli-geri danışığına fikir vermə.
-Narahat olma. Bunu, cücəliyindən tanıyıram. Həm qonşudur, həm də qohum. Necə olmasından asılı olmayaraq, yola verməliyik.
-Verməlisiniz də. Nəslimizdə məndən ürəyiaçıq, xeyrə-şərə yarıyan biri varmı? Düz olduğuma, hər kəsin səhvini üzünə dediyimə görə bəzi qanmazların məndən xoşu gəlmir. Pisəmsə də, yaxşıyamsa da, buyam. Allah məni belə yaradıb. Qurbanı olduğum məni saxlayır. Hər istəyimi də yerinə yetirir.
-Allahın hansısa üstün cəhətinə görə səni dəyərləndirəcəyinə şübhə etsəm də, eşqindən dəli-divanə olduğun Fatmanın nişanını qaytartdırıb, qismətinə Narıncı yetirdiyi faktdır. Burda deyə bilərsən ki, Allah məni böyük xəta-bəladan xilas elədi. İfritə Fatma fağır Nazimin başına elə oyunlar açdı ki, onun yerində sən olsaydın, ömrün türmədə keçərdi. Yazığı hələ də yabıya döndərib minib sürür.
-Nazimini kişimi sayırsan? Mən Fatmanı Qırat kimi minib sürərdim. Məndən qızıl boyunbağı tələb elədi. Dedim, mən it yox, arvad alıram. Zəncirə gərək varmı? Onun cavabı dünyanı başıma dar elədi. Üzümə bozarıb, dişini qıcadı:
-Mən də itə yox, kişiyə ərə getmək istəyirəm. Boyunbağı al! Kişiliyini təsdiqlə. Yoxsa…
-Nə qədər ki, təpiyimin altına salıb qol-qabırğanı qırmamışam, “yoxsa”nı da qoltuğuna vur, itil gözümdən! – dedim. Gördüm yerindən tərpənmir. Duruşundan hiss elədim ki, iliyimi qaynadacaq kəsərli söz axtarışındadır. Özümü yol verə biləcəyim xətadan qorumaq üçün üzümü döndərib ondan uzaqlaşdım. Çox istəyən azdan da olar, deyirlər. O da çox istədi, azdan da oldu. Arada Narınc qazandı.
Nemət çolpanın kəslməsinə əngəl ola bilmədi. Malik hinə dən atıb çolpanı tutub kəsdikdən sonra umu-küsüsünü bildirdi:
-Son dəfə qapımızı açdığın tarixi unutmuşam. Olsaydı bu şərəfə qoç kəsərdim. Mən işimi gördüm. Qalanı arvadlıqdır. Gəl, keçək içəri. Köhnə haqq-hesabı çürüdək. Bu dəfə zərləri stəkanda çalxalayıb atacağıq.
İçəri keçdilər. Malik nərdi gərirdi. Daşları düzdü. Oynamağa başladılar. Bu dəfə də Malikinki gətirmədi. Oynadıqları üç oyunda mars olduğu üçün kefi pozulmuşdu.
-Qonşu, sən nəsə bir əməl işlədirsən. Heç kəsə uduzmadığım halda, necə oldu ki, məni dalbadal mars edirsən? – deyib ayağa qalxdı. Gedib mətbəxdən armudu stəkan gətirdı. Zərləri stəkana salıb, qarışdırıb Nemətə uzatdı. – Artıq məni uda bilməzsən.
Nemət stəkanı çalxalayıb:
-Ya Allah, – deyib zərləri nərd taxtasının içinə atdı.
Malik yan-yana düşən şeş qoşanı görəndə özündən çıxdı:
-Səni andıra qalasan, ay stəkan. Məni yağışdan çıxardıb, yağmura saldın. Qonşu, özündə çay içməyi sevmirəm deyə, bu stəkan məndən heyfini alır. Gəl əlnən ataq.
Nemət gülümsəyib zərləri iki ovcunun arasına alıb, qarışdırıb atdı. Bu dəfə gözlərini deşən beş qoşanı görəndə, Malikin gözləri kəlləsinə şıxdı. Hirslənib daşları qarışdırıb, nərdin qutusunu bağlayıb gileyləndi:
-Bu gün mənimki gətirmir də. Səhər gözümü açdım, arvaddan söz soruşuram, cavab vermir. Nədi-nədi dünən onun könlünü almaq üçün, həmişə etdiyim zarafatdan eləmişəm. Gör nə günə qalmışam ki, öz arvadım sözümü götürmür.
-Arvadım yox, həyat yoldaşım. Nə qədər çalışsan da, zamanı geriyə döndərə bilməzsən.
-Başa düşdüm səni. Babalarımız arvad alırdı. Nənələrimiz də kişiyə gedirdi. Biz isə evlənirik. Bu kənddə məndən başqa arvadına arvad deyən yoxdur. Narıncın bir dəfə də olsun mənə kişi deyə müraciət etdiyinin şahidi olmamışam. O gün xalası qızı ilə teleonda danışırdı. Bu ona deyir: “Yoldaşımla məsləhət edib, sənə zəng edərəm”. Danışıb qurtarandan sonra deyirəm: “Azz, kişimlə desən dilin quruyar?” Bu isə gülümsəyib, dedi:
-Mən keçmişə dönə bilmərəm.
Deyirəm:
-Gəl Türk seriallarındakı kimi bir-birimizə “aşqım” – deyək. Axı biz bir millət, iki dövlətik.
Deyir:
-Burası Azərbaycandır.
-Qonşu, görürsən də günümü? Kəbinli arvadımı mənə kişi dedizdirə bilmirəm.
Narınc mətbəxtdən səslənir:
-Malik, gəlin, yemək hazırdır.
– Eşitdin? “A kişi” desəydi dünya dağılardı?
Onlar mətbəxə keçdilər. Narınc zəngin süfrə açmışdı. Sanki uzun müddət görmədiyi bir doğması onlara gəlmişdi.
-A qonşu, özünə bu nə əziyyətdir verirsən. Mənə də xəcalət. Mən ki, uzaq yol qət eləməmişəm. Mənə bir fincan çayın, bir də gülərüzlu görsənməyin kifayətdir. Düz demirəm, Malik? – deyib Nemət üzünü ona tərəf döndərdı.
Malik masanın baş tərəfini göstərib, Nemətin sualını cavablandırdı:
-Qonşu, düz demirsən. Keç otur. Nəyi düz demədiyinə aydınlıq gətirim. Mənim evimin çardağından alov qalxarsa, ayaqyalın dadımıza yetişəcəyinə şübhə etmirəm. Üst-başın hisə bulaşacaq, əlin, üzün yanacaq, canını oda yaxacaqsan ki, gözlənilməz bəladan az zərərlə qurtulaq. Allah eləməsın, şikəst də ola bilərsən, hətta… təxmin etdiyim bu “hətta”nı səsləndirməyə dilim gəlməz, hər şey baş verə bilər. Bakıda, xaricdə yaşayan dogma qardaşlarım var. Bilirəm ki, laqeyd qalmayacaqlar. Özlərini yetirsələr də, ancaq dərdimə şərik olacaqlar. Nə üst-başları bulaşacaq, nə xəsarət alacaqlar. Edəcəkləri maddi yardım da, sənin zəhmətinin damlasını belə ödəməyəcək. Nə olsun ki, sən uzaqdan gəlməmisən? Bir neçə addımlığımızda yaşasan da uzun illərdir qapımızı açıb, bir dəfə də olsun… “a qonşu, nə var, nə yox?” – deməmisən. Mən pis də ola bilərəm, yaxşı da. Bu yurdu sata da bilərəm, dəyişdirə də. İstəsəm gedib dünyanın o başında da yaşayaram. Tutaq ki, adımı, soyadımı yenilədim. Babalarımızın əmi uşağı, bir baba-nənənın nəvələri olduğunu dəyişdirmək mümkündürmü? Qonşunun yaxın-uzağı, yadı-doğması ola bilər. Qohumluğun isə yaxını, uzağı olmamalıdır. Çox adamlar gətirmişəm evimə. Arvadım heç birini sənin kimi qarşılamayıb. İndi sənin yerində başqa adam olsaydı, onun yadına çolpa düşərdimi, səhərdən yer süpürən qaşqabağı açılardımı? Görürsən? Sən bu evdə arzuolumaz adam deyilsən. Atalarımız bir-birinə qarşı çox mehriban olublar. Hansının ocağında qazan qaynasa, bir-birini haraylayıblar. Biz isə ancaq yolda-izdə rastlaşandan-rastlaşana salamlaşırıq. Sən məndən savadlısan, ictimaiyyət arasında çalışmısan. Mənim öz boşbaşımla sənə ağıl verməyə haqqım yoxdur. Dediklərimi “dəlidən doğru xəbər” kimi qəbul elə. Papağını qabağına qoy, yaxşı-yaxşı düşün. Qaçılmaz reallıqdır ki, hansımız qabağa düşsək, nəşimiz qəbristanlığa çatınca, nərdivanın bir tərəfi çiynimizdə olacaq. Onu da etiraf edim ki, maraqla dinlədiyin, hiss edirdim ki, anlaşılıqla qəbul etdiyin bu uzun məruzəm öz təxəllüyümün məhsulu deyil. Əvvəli rəhmətlik qaynanamın, sonu isə bizdən fərqli olaraq tez-tez bir araya gələn, saatlarla söhbətləşən, dərdləşən böyüklərimizin fikridir. Hazırda biz o böyüklərin yerini tutmuşuq. O vaxtlar uşaqlarımızın üzünü yaydan-yaya, nəvələrimizi tətilindən-tətilə görürük. Onda da biz böyüklər bir araya gəlmirdik. Söhbətləşib, dərdləşmirdik. Bir yerə toplaşsaq da, danışsaq da, müasür uşaqlar bizə qulaq asacaqlarmı? Əllərində telefon, fikri-zikri “tiktok”da. Dünyanın baş-ayağı ovuclarında. Məsləhətlərimiz, iradlarımız qulaqlarından yayınıb, havaya sovrulacaq. Əcdadlarımızın böyüklərimizə, böyüklərimizin bizə ötürdükləri ibrət bunların yaddaşına həkk olunmayacaq. İndiki nəsil qərb intellektinə kökləniblər, Avropalaşıblar. O Avropaya ki, bir zamanlar mənimsədikləri Asiya mədəniyyətini modernləşdirib gerı, Asiyaya sırıyırlar.
Nemət Malikin dedikləri ilə tam razı idi. Onlara gələn böyüklər də stola əyləşən kimi ortaya çay gəlincə, telefonlarını çıxardıb “vayfay”ın kodunu soruşurlar. Malikin dediyi kimi, doğrudan da, onların ataları bir-birinə qarşı çox mehriban olublar. Onda indiki kimi hərənin cibində telefon yox idi. İnsanlar vacib ismarıclarını bir-birinə ya özləri gedib çatdırırdılar, ya da, rastlarına çıxan həmin istiqamətə gedənlərlə. Dəfələrlə olub ki, evlərinə qonaq gələndə, sobada qazan qaynayanda, Malikin ata-anasını dəvət etməyə onu göndərərdilər.
-Ağız! Neçə dəfə sənə demişəm ki, mən məzə üçün çay içmirəm. Eşşəyi qandırmaq, səni qandırmaqdan asanmış. Bir də bu təkrar olsa, stəkan başında qırılacaq.
Qonaq qarşısında təhqir olunması Narıncın kefinə soğan doğrasa da, qonağın gəldiyinə peşman olacağından ehtiyatlanıb, hirsini içində boğdu, dillənmədən stəkanı dəyişdirib, gətirdi. Stəkanın ağzına qədər dolduğunu görən Malik yenə özündən çıxdı:
-Azz! Bu nədir? Dolamısan məni? Çay süzəndə dodaq yeri qoymurlar?
Narınc Nemətə görə hirsini içində boğsa da, artıq o, Malikin dəvətini qəbul edib onlara gəldiyinə peşman olmuşdu. Qohumunun həyat yoldaşını heç bir səbəb olmadan bu cür aşağılaması onu sarsıtsa da, etirazını bildirib, aradan çıxa bilmədi. Ona görə ki, belə olsaydı, o, heç nədən yaranan yersiz münaqişənin katalizatoru olardı. Davranışının qonşusu tərəfindən xoş qarşılanmadığını hiss edən Malik neqativ hərəkətinə haqq qazandırmağa çalışdı:
-Qonşu, bağışla. Öpkəmi cilovlaya bilmədim. Bu arvad tayfasının cilovunu boş buraxmaq olmur. Nə qədər desən də öz bildiklərini çalırlar. Sən Allah, incimə.
-Mənim inciyib-inciməməyim nəyi dəyişəcək? Gözlər gördüyünü görüb. Qulaqlar eşitdiyini eşidib. Beyin də bu həssas üzvülərin ötürdüyü informasiyanı yaddaşa köçürüb. İndi sənə desəm ki, niyə belə etdin? Gərək belə etməyəydin! Heç nə dəyişməyəcək. Çox üstünə gedib, bezdirsəm, dözməyib deyəcəksən ki, etmişəm, əcəb eləmişəm. Haqsız olsan da, özünü haqlı sanacaqsansa, olub-keçən şeyi qabartmağım nəyi dəyişdirəcək? Mən indi aranızda baş verən yersiz, səbəbsiz münaqişəni səngitmək üçün tək mənim yox, bütün qonşuların, qohumların xətrini istədiyi Narınca ərklə deyə bilərəm, – indiyədək dözmüsən, indən sonra da dözməyə məhkumsan. Ona görə ki, siz həyat verdiyiniz uşaqlarınızın, nəvələrinizin cazibə qüvvəsinin daxilindəsiniz.
-Qonşu, heç səndən gözləməzdim. Sənin qohumun mənəmmi, arvadımdımı? Sənin də, digər qohumlarımın da məndən çox bu özgə qızının xətrini istəməyiniz nə dərəcədə düzgündür?
-Dediyin bu “özgə” qızı nəslimizin gəlinidir. Nəslimizin nümayəndələrinin anası, nənəsidir. Elin hörmətini də xoş, gözəl xasiyyəti, şirin diliylə qazanıb. Bəs sənin bundan fərəhlənmək əvəzinə, qıcıqlanmağın nə dərəcədə düzgündür?
-Görürəm ki, heç biriniz məni anlayacaq səviyyədə deyilsiniz. Dediklərinlə razılaşmasam da, bu dəfə susmalıyam. Uzun müddətdən sonra qapımı açan həm qohumumu, həm də qonşumu özümdən incik sala bilmərəm. Vaxt gələr, mənim haqlı olduğumu dərk edərsən.
Narınc Nemətin dediklərindən məmnun olsa da, ərini qıcıqlandırmamaq üçün məntiqli izahına görə təşəkkür etməyi sonraya saxladı. Nemətin söhbətindən sonra dərk elədi ki, əgər o bu cür hallarda ərinə baş qoşsaydı, özündən çıxıb kəllə-kələyə gəlsəydi, el arasında bu cür hörmət qazanmazdı.
Nahar süfrəsini yığışdırdıqdan sonra Narinc Nemətdən soruşdu:
-Qonşu, bəs Xavər təqaüdə nə vaxt çıxacaq?
-Bir neçə ay qalıb. İşimi davam etməyə istəyib-istəmədiyimi məndən soruşmadılar. Yaşım bitən kimi sorğu-sualsız dəhlədilər.
-Nə yaxşı eləməyiblərmi? Arvaddan bezəndə yola çıxıb saatlarla oturardım. Bir köpək oğlu gəlib yanımda oturmurdu ki, söhbət edək. Vaxt keçirək.
Malıkin nəyə eyham vurduğunu anlayan Nemət ürəyində dedi: “Bu ağız ki, səndə var, çətin bir də mənimlə həmsöhbət olarsan”. Nəyə görə qonşulardan heç birinin onun yanında oturub söhbət etməməsinin səbəbini açıqlamaq istəyirdi ki, Narınc onu qabaqladı:
– Görünür həndəvərimizdə səndən başqa arvadından bezən yoxdur.
Nemət Malikin üzünə baxanda gördü ki, onun gözləri parıldayır, yenə Narıncı əqrəb kimi sancacaq, özünü qabağa verdi:
-A Narınc, ağzımdan qopartdın ki, mən də eynən bunu deyəcəkdim.
Təkləndiyini həzm edə bilməyən Malik yenə də coşdu:
-Bu nə işdir, ay Allah! Hamı həmrəy, dilbir olub düşüblər üstümə. Layiq olmadığım ifadələri bir-birinin ağzından alıb, döşəyirlər üzümə.
-Burda emosiyanı qaynadacaq ifadə işlədildimi? – Nemət Maliki sakitləşdirməyə çalışdı.
-Görmürəmmi? Danışığınızdan belə çıxır ki, bu obanın ən pis kişisi mənəm.
-Səni pısləyən oldumu? Şəxsən mən yoldaşımı evdə tək qoyub, gəlib sənin yanında vaxtımı keçirmərəm. Mənim kimi də digərləri.
-Açıq de də! Məndən başqa hamınız arvad qulusunuz. Kimin necə olmağı məni maraqlandırmır. Nə qədər ki, nəfəsim gəlir, arvad mənim qulum olacaq. Çünki kişiyəm. Görürəm bu mövzunun urvası çox su apara bilər. Gəlin diski dəyişək. Vacib məsələləri qoyub, boş şeylərin həllinə vaxtımızı sərf etməyək. Artıq biz yetmişin astanasındayıq. Bu ona işarə verir ki, əcəlin finişinə yaxınlaşırıq. İndi bizim elə vaxtımızdır ki, fikrimizi, zikrimizi bu dünyadan ayırıb, axirətə kökləməliyik. Allahsız quruluş dağıldı. Müstəqil dünyəvi quruluş yaradıldı. Kəndimizdə məscid açıldı. Bir müddət namaza gəlsən də, sonra dayandın. Niyə bu vacib əməldən yayındın? Sənin kimi yaşlılar məscidə ayaq basmırsa, gəncləri qınamağa haqqımız varmı? Sabah cümə namazına gedəndə xəbər eləyimmi?
Nemət səhərdən ilişdiyi, gah müdrikləşən, gah da sərsəmləşən qonşusundan gözləmədiyi suala nə cavab verəcəyini bilmədi. Bir müddət düşündükdən sonra ağlına elə bir fikir gəldi ki, az qala adi bir təsadüf nəticəsində yeni fiziki qanun kəşf edən Arximed kimi “evrika!” (tapdım!) deyə bağıra-bağıra kəndin küçələrini dolaşacaqdı. O, tələbəlik illərində, işlədiyi müddətdə, həm də dost-tanışları arasında elə tiplərlə ünsiyyətdə olmuşdu ki, bunların cilddən-cildə girmələrinə məəttəl qalmışdı. Maliklə onları müqayisə elədi. Tanıdığı eyni xarakterli bu tiplərin aralarında heç bir qohumluq əlaqəsi olmasa da, əməllərinin, davranışlarının, niyyətlərinin üst-üstə düşməsi onu heyrətə gətirirdi. Bu tip insanların böyu, çəkisi, rəngi müxtəlif olsa da, sifətlərinin quruluşu bir-birinə bənzəyir. Onlar qısa müddətdə elə məharətlə obrazdan obraza girirlər ki, məşhur aktyorlar da məharətlərinə heyran qalarlar.
Malikin dediyi kimi məscid açılarkən bir müddət heç bir cümə namazını ötürmürdü. Bir gün həmişə yanaşı namaz qıldığı Natiqlə Aydını yanında görmədi. Rastlaşan vaxt səbəbini soruşanda Natiq demişdi:
-Məscid açılanda sevinmişdim. Düşünürdüm ki, bu müqəddəs Allahın evinə imanlı, mömin, günahsız, saf bəndələr toplaşacaq. Namaza başladığım müddətdə, yan-yörəmdə bir nəfər də olsun müqəddəs ocağa ayaq basmağa layiq saf Allah bəndəsi görmədim. Elə düşük adamlar gözümə dəydi ki, namaz qıldığım müddətdə fikrimi toplayıb ibadətimi yerli-yerində icra edə bilmədim. Ancaq Allana suallar ünvanlayırdım: “Ya Rəbbim! Mən toy məclisində, iclasda, tədbirdə iştirak etmiş olsaydım, ətrafımda gördüyüm bəzi ləyaqətsiz, bədəməl-bədniyyət dələduzların iştirakını adi hal kimi qəbul edərdim. Olmazmı ki, bu müqəddəs məkana qədəm basanları ələkdən, heç olmasa xəlbirdən keçirib, qəbul edəsən? Deyirlər, “məscidin qapısı açıqdır deyə, itin abrına nə gəlib?” Mən orda abırsız adamlar görürəmsə, onlara, “sən hara, bura hara?” – deyə bilmirəmsə, laqeydlyimə görə də balansıma günah yüklənirsə, ən yaxşısı, öz evimdə günorta namazı qılmaqla kifayətlənmək daha məqsədəuyğun deyilmi?
O vaxt Nemət Natiqin fikrinə qarşı çıxmışdı. Onu qandırmağa çalışmışdı ki, məscid də, kilsə də Allaha ibadət ocağıdır. Hər bir insanoğlunun necə biri olmasına baxmayaraq, ora gəlib ibadət etməsi vacibdir. Nə qədər cəhd etsə də, Natiqi fikrindən döndərə bilməmişdi. O, özünün haqlı olduğunu sübut etməyə cəhd eləmişdi:
-Evdə, bağ-bağçada etdiyim ibadətin Allahı bir başqasıdırmı? Öz evimdə sidqi ürəkdən tək olan Allaha etdiyim duam qəbul olunmayacaqmı? Məsciddə gördüklərimin çoxu öz evlərində namaz qılmır. Görünüş xatirinə ancaq cümə namazında edilən duaları Rəbbimiz qəbul edərmi? Elə adamlar tanıyıram ki, namaz qılmırlar. Amma o dərəcədə safdılar ki, bir çox namaz qılanları adlayıb, birbaşa cənnətə gedəcəklərinə şübhə etmirəm.
O gün Malik Nemətə hər ikisinin yaxşı tanıdığı, namaz qılmayanları misal çəkdi. Onları cümə günləri məscidə gəlib, özlərini ibadətkar kimi nümayiş etdirən, kənarda isə min bir hoqqadan çıxan nadürüstlərlə müqayisə elədi. Onun, “Hər şeyi görən Allahın dərgahında bəndəsinin əməlimi vacibdir, yoxsa ibadətimi?” – sualını Nemət cavablandıra bilmədi.
Çox keçmədi Nemət abrını pərdələyib, məscidə soxulan bir-neçə səviyyəsizin yersiz atmacalarını həzm edə bilməyib, cümə namazlarına qoşulmadı. Natiq kimi o da günorta namazı qılmaqla kifayətləndi.
İndi Malik yox, normal xarakterli bir Allah bəndəsi olsaydı sualına düşünmədən “hə”deyərdi. Çünki o, camaat namazının fəzilətini anlayırdı. Davranışının, danışığının, amalının başı-ayağı bilinməyən ünsürlərin sərbəst girib-çıxdığı yer cənnətməkan da olsa, o, imkan daxilində belə yerlərdən uzaq dururdı.
Onun çox düşündüyünu görən Malik yenə soruşdu:
-Nə çox düşünəsi oldun? Sabah səni gözləyimmi?
– Yox! Çox düşündüm. Götur-qoy elədim. Bir qərara gələ bilmədim.
– Başa düşmədim. Dünyada bundan vacib işmi var?
-Var. Elə vacib işlər var ki, cümə namazı arxa plana keçir.
-Sən nə danışırsan, a qohum? Axı namaz dinin dirəyidir.
-Dinin dirəyi namaz olsa da, qayəsi saflıqdır. Təəssüf ki, məscidin qapısı açıqdır deyə, abır-həya yaddan çıxır. Kim gəldi, özünü içəri soxur.
-Mən bilən məscidə dəstəmazsız gələn olmur.
-Dəstəmaz dəridəki kiri təmizləyir. İnsanın daxili aləmini isə əməlisalehlik saflaşdırır.
-Səncə, kimlər məscidə girməməlidir?
Az qala Nemət deyəcəkdi, birinci sən. Özünü yığışdırdı. Qohumunun, qonşusunun öz evində, həyat yoldaşının yanında yox, başqa yerdə olsaydı, saflığın, necə adamların məscidə ayaq basmağa layiq olduğunu izah edərdi. İndi o, qonşusunun sualını elə cavablandırmalıydı ki, nə şiş yansın, nə də kabab.
-Malik, mən ilahiyyatçı deyiləm. Müqəddəs “Quran”ımızın Türkcə tərcüməsini və bir neçə dini kitab oxumuşam. Gəldiyim qənaətimə görə, tandığım məscidə gedənlərin çoxunun cənnətə qovuşmaq şansı sıfıra bərabərdir.
-Demək istəyirsən ki, heç bir namazımı ötürmədiyim halda, mənim də cənnətə qovuşmaq şansım sıfıra bərabərdir?
-Mənim dediklərim heç nəyi həll eləmir, heç nəyi də dəyişmir. Danışmağa nə var ki? Hər kəs gördüyünü, eşitdiyini, oxuduğunu istədiyi kimi yozub söyləyə bilər. Sən soruşdun. Mən də oxuduğum kitablardan qavradığım təəssüratımı bildirdim.
-Kimin cənnətə, kimin cəhənnəmə gedəcəyini Allah bilər. Mənim isə cənnətə gedəcəyim dəqiqdir. Allah gündəlik namaz qılan məni qoyub, məscidin qapısını açmayan Cəfəri cənnətə qəbul etməyəcək ki?
Nemət Cəfəri yaxşı tanıyirdı. Həmyaşıd idilər. Orta məktəbdə sinif yoldaşı olmuşdular. Sakit təbiətliydi, qapalıydı, heç kəsə qaynayıb-qarışmazdı. Uşaqlıq illərində də, indi də, qapısını açdığı yeganə adam özü idi. Heç kəslə six dostluq münasibəti olmasa da, ciddi, tərbiyəli, saf olduğuna görə kənd arasında hörmət qazanmışdı. Onun namaz qılıb-qılmadığından xəbərsizdi. Amma acı diliylə heç kəsin cüzi də olsa qəlbini qırdığının şahidi olmadığı bu adamın sorğu-sualsız cənnətə gedəcəyinə şübhə etmirdi. O, bu gercəyi Malikə açıqlamadı. Bilirdi ki, qəbul etməyəcək. Təəssüf hissilə onu süzdü və ürəyində dedi: “Malik, qalan ömrünü gecə-gündüz məsciddə keçirsən də, sənə cənnətdə yer olmıyacaq”.
***
Xavər heç vaxt işdən şıxanda evə belə tələsməmişdi. Çatan kimi ərindən soruşdu:
-İlk azad gününü necə keçirdin?
Nemət yoldaşına baxıb gülümsündü. Gözlədiyi cavabın ləngidiyindən hiss elədi ki, günü heç də xoş keçməyib.
-Niyə yola-izə çıxmadın? Azdırmı bu kənddə ərklə qapısını döyəcək dost-tanışın?
-Çıxmışdım. Bir qapını açmışdım. Yaxşı da qarşılanmışdım.
-Kimin qapısını açmışdın?
-Açmamışdım, açmışdılar. Yola çıxdım. Natiqgilə getmək istəyirdim. Malikgilin evinin qabağından keçəndə darvazalarının yanındakı taxta oturacaqda oturan əmizadəmiz qalxıb qabağıma gəldi. Hal-xəbər aldı. Evə dəvət elədi…
Xavər nə baş verdiyini təxmin etdiyindən onun sözünü kəsdi:
-Narınc səni görüb sevindi. Yaxşı süfrə açdı. Malik əvvəlcə müdriklərə məxsus söhbətə başladı. Səni heyrətə gətirdi. Çox keçmədi lağlağıya keçdi. Əsl simasını nümayiş elədi. Sən də bundan məyus oldun.
Yoldaşının baş verənləri sanki kənardan izləyirmiş kimi sadalaması Neməti çaşdırdı:
-Sən bunu kimdən öyrəndin?
-Heç kimdən. Hər ikisini yaxşı tanıyıram.
Nemət yoldaşının səmimiliyinə şübhə etmədiyinə görə, artıq heç nə soruşmadı.
-Narıncın halına acıdım, – deyib, köks ötürdü.
-Bütün kənd onun halına acıyır. O isə taleyindən gileylənmir. Bir dəfə də olsun ərindən şikayətləndiyini eşitməmişəm. Bir dəfə Qönçə ona deyəndə ki, mən sənin yerində olsaydım… Narınc gülə-gülə onun sözünü kəsmişdi, – ölmüşəmmi ki, yerimdə olasan. Qönçə gözləmədyi cavabdan pərt olmuşdu. Narıncın onu səhv anladığını zənn etdiyindən şübhələnib dillənmişdi, – a qonşu, bilirsən ki, səni çox istəyirəm. Yenə Narınc gülərək, – məni istə, amma başımın tacına söz demə! Necə olmasına baxmayaraq, o, mənim balalarımın atasıdır, – demişdi.
İllərini birgə keçirmiş, aralarında cüzi də olsa ixtilaf yaranmayan ər-arvad bir-birinə baxdılar. Ortaya dərin sükut çökdü. Əslində buna süküt demək olmazdı. Dil sussa da, gözlər danışırdı. Onlar bir-birini anlayırdılar. Gözlər bəzi yeri səhv düşənlər kimi bir-birinə: “sənə rast gəldiyim günə daş düşəydi” mesajını ötürmürdü. “Nə yaxşı ki, taleyimiz bizi birləşdirdi” – deyə şükranlıq edirdi.
Salam olsun, dəyərli oxucu! Sizinlə daha bir görüşə imkan yaratdığı üçün Uca Yaradana minnətdarlığım sonsuzdur.
Zəfər ab-havası yaşadığımız bu günlər eyni zamanda ibrətamizdir. Bir yanda qələbə sevinci yaşadığımız halda, digər tərəfdə şəhidlərimiz dağ kimi dayanır. Necə deyərlər, bir gözümüzün gülüb, birinin ağladığı bu günlərdə çox diqqətli olmalı, bu zəfəri hansı itkilərin, necə oğulların qanı, canı hesabına əldə etdiyimizi unutmamalıyıq. Yəqin ki, indi bu sətirləri oxuyan hər bir şəxsin özünün şəxsən tanıdığı qəhrəman şəhidimiz və ya qazimiz var.
Qeyd edim ki, şəxsən tanıdığım, ya illərlə bir yerdə xidmət etdiyim, ya da ən azından bir neçə saatlıq da olsa, yol yoldaşı, söhbətdaş olduğum neçə belə igidlər var. Elələri var ki, həyatlarını dəfələrlə riskə atsalar da, sağ-salamt yeni döyüşlərə canla-başla hazırdırlar. Çoxları isə ya qazidirlər, ya da şəhidlik zirvəsinə ucalıblar. Və mən onları sayıb qurtara və ya bir-birindən fərqləndirə bilmərəm. Bu yazını yazmaqda məqsədim şəxsən tanıdığım belə qəhrəmanlardan biri şəhid polkovnik-leytenant Həmdəm Ağayevin timsalında bütün şəhidlərimizin ruhunu şad etmək, onları xatırlamaq, eyni zamanda müəyyən məqamlar barədə öz subyektiv fikirlərimi sizlərlə bölüşməkdən ibarətdir.
Həmdəmlə tanışlığım 1995-ci ilin may ayının ortalarına, səhv etmirəmsə, 16-sına təsadüf edir. Həmin gün Azərbaycanın müxtəlif bölgələrində olan hərbi hissələrdən komandirlərin təqdimatları ilə döyüşlərdə və xidmətdə fərqlənmiş hərbi qulluqçular Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbulda iştirak etmək üçün seçim mərhələsinə göndərilmişdi. Bütün gələcək namizədlər məktəbin həyətində toplanmışdı. Boş vaxtdan istifadə edərək hər kəs bir-biri ilə maraqlanır, kimin hansı hərbi hissədən gəldiyini soruşur, yerlilər toplaşıb dərdləşirdilər. Mən Tərtər cəbhəsindən gəlmişdim. Həmin günəşli gün indi də ən xırda detalına kimi yadımdadır. Ağdam cəbhəsindən gələn Dadaşov Haqverdi (Qubadlı) və Rəfiyev İlqarı (Şəki) çıxmaq şərti ilə Ağdamdan olan namizədlər; Əsgərov Əhliqar, soyadını unutduğum Sahib və rəhmətlik Həmdəm Ağayev bir ağacın kölgəsində dayanıb söhbət edirdik. İsgəndərov Namiqlə mən Tərtədən gəlmişdik. Ordan-burdan, hərə öz hərbi hissəsindəki vəziyyətdən danışırdı. Sahibdən (Sahib hamıdan hündür və canlı olsa da, sən demə, neçə illər cəbhədə döyüşən, hələ atəşkəsdən sonra da bir il qalıb xidmət edən bu dağ boyda igidin ürəyi xəstə imiş. O, bu səbəblə tibbi müayinədən keçə bilmədi.) başqa hamı qəbul olundu və zabit kimi ordu sıralarını qayıtdı. İndi bu yeddi nəfərin hərəsi bir mövqe sahibidir. Ən uca məqamı isə şübhəsiz ki, Həmdəm qazanıb. Sonralar uzun illər ərzində arada-sırada görüşdüyümüz vaxtlarda da Həmdəm, ümumiyyətlə, azdanışan, ciddi, qaraqabaq adam təsiri bağışlasa da, əksinə, o tam fərqli; sakit, yuxaürəkli, mərhəmətli, olduqca səmimi, bir yerindən nöqtə tapıb söhbətə başlaya bilsən çox məlumatlı, hərtərəfli ensiklopedik biliyə sahib, maraqlı həmsöhbət idi. Həmin gün də bəlkə o heç ağzını açıb bir söz deməmiş sanki bir ağsaqqal kimi hamını dinləmiş, kimin nə qədər şişirtmələrə yol verdiyini özü üçün saf-çürük etmişdi. Bizim onunla tanışlığımız bax belə başladı. Fakültələrimizin fərqli olması səbəbindən sonralar da ara-sıra görüşərdik. Adətən, ya o, bizim kazarmaya gələndə (bizim “starşina” Məmmədov Fərmanla lap yaxın dost idi, tez-tez onun yanına gəlib, gedirdi), ya gündəlik məktəb həyatında təsadüfən idmanda, ya da dərsarası vaxtlarda belə görüşlər mümkün olurdu.
Həmdəm Mayıl oğlu Ağayev 9 sentyabr 1975-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Yeniyetmə və gənclik illəri məlum münaqişənin ən qızğın dövrlərinə təsadüf etdiyindən, demək olar ki, o dövrün əksər gəncləri kimi güllə səsi, mərmi partlayışları əhatəsində olğunlaşmışdır. Onun məktəbli olduğu illəri tanınmış söz adamı, pedaqogika üzrə fəlsəfə doktoru Mayıl Dostu belə xatırlayır: “Əvvəlcə onu deyim ki, Həmdəmin ölümü həqiqətən məni çox ağritdı. Səhv etmirəmsə, Həmdəmgilin sinfinə 5-6 il dərs demişəm. Həmdəm çox çalışqan, məsuliyyətli, ciddi və ən əsası isə qorxmaz idi. Mən hələ o vaxtlar belə qənaətə gəlmişdim ki, bu ötkəm, sözübütöv gənci heç bir vasitə ilə qərarından döndərmək mümkün deyil. Onun gözlərində qorxu deyilən hiss yox idi… Biz müəllimlərin belə gənclərə ümidləri böyük idi. Bizim nəzərimizdə onların hər biri həkim, müəllim, mühəndis kimi gələcək müstəqil Azərbaycanın qurucuları idi… Təəssüf… Belə… Allah rəhmət eləsin… Ruhu şad olsun…”. Müəllimlərin və böyüklərin müxtəlif arzularının olmasına baxmayaraq, Həmdəm də digər həmyaşıdları kimi orta təhsilini başa vurar-vurmaz könüllü ordu sıralarına qoşularaq vətənin, doğma yurdun müdafiəsinə qalxdı. Oxumaqdan söz salanlara onun bir cavabı var idi: – “Oxumaq qaçmır ki, – söz, bunların işini bitirən kimi gedib oxuyacam!” Bu minvalla 1994-cü ilin may ayı gəldi, atəşkəs oldu. Atəşkəsdən sonra da bir il xidmət edən Həmdəm komandirlərinin tövsiyəsi və təqdimatı ilə 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu. 1999-cu ilin iyul ayında təhsilini müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsində yenidən zabit olaraq ordu sıralarında xidmətinə davam etməyə başladı. 9 oktyab 2020-ci ilə qədər Naxçıvan da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində yerləşən hərbi hissələrində fərqli vəzifələrdə xidmət etdi. Ən böyük arzusu olan Qarabağın azadlığı uğrunda Vətən Müharibəsinin bu günündə amalı yolunda qəhrəmancasına şəhid oldu. Bakıda, II Fəxri Xiyabanda dəfn olunub. Onun saysız-hesabsız mükafatları, təltifləri içərisində ölümündən sonra qazandığı “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeninin öz yeri var. Çünki bu ödülləri canından çox sevdiyi Qarabağı düşmən tapdağından azad etdiyinə görə alıb.
Bu əvəzsiz təhsil müəssisəsinin (BABKM) bir özəlliyi var ki, dörd il təhsil müddətində yeddi kursun kursantları ən azından hamısı bir-birini üzdən tanıyır. Bir az diqqətli olanlar kimin kim olduğunu yaxşı bilir. Yaxınlar isə qardaş olurlar. Bu yeddi kursun kursantları isə nə az, nə çox – ortalama 5-6 min insan, dəliqanlı gənc, hər şeyi gözə almış vətənə sevdalı ər deməkdir. Təhsilin ilk illərində Həmdəmlə, adətən, axşamlar boş vaxtda idman şəhərciyində tez-tez görüşürdük (Yuxarı kurslarda isə o şərq əlbəyaxa döyüş növlərinin biri ilə şəhərdə – məktəbdən kənarda məşq edirdi). Bir də Ağdamın Qiyaslı kəndindən orta məktəbi bitirib gəlmiş, bizdən yaşca bir neçə yaş kiçik Mehdiyev Ramiz var idi. Bu üçlük idman edə-edə söhbətləşərdik. Söhbətin mövzusu hər dəfə eyni idi. Qarabağ, Ağdam… Hər söhbətin sonu, adətən, belə bitərdi “…bu biabırçılıq nə vaxta qədər belə davam edəcək?” Həmdəm isə deyərdi: – ”İnşallah, bir gün sonu gələr. Zalımın zülmü yerdə qalmaz. Biz öz işimizlə məşğul olaq. Bizim vəzifəmiz o günə hazırlaşmaqdan ibarətdir.”
Həmdəm xidmətdən çavuş kimi gəlmişdi və təhsil müddətində də komandir müavini olaraq fəaliyyət göstərirdi. Dəfələrlə onun gələcəkdə onunla çiyin-çiyinə eyni sırada zabit kimi duracaq yaşca kiçik, hələ dünyanın bərk-boşundan çıxmamış öz kursantlarına sakit, aramla, yavaş səslə necə öyüd-nəsihət verdiyinin şahidi olmuşam. Məsələn, onun ən çox işlətdiyi bir cümlə var idi: – “Dövlət bu ağır günündə sənə cibindən bu qədər pul xərcləyir, yedirdir, içirdir, geydirir, oxudur, sağlamlığını qoruyur, sən isə yatırsan, oxumursan, 2 alırsan. Bu, kişilikdən deyil. Hər işdə gərək halallıq olsun”. Bir məqamı da nəzərinizə çatdırım, artıq söz deməyə heç bir ehtiyac qalmayacaq. Buraxılışa sayılı günlər qaldıqda belə Həmdəmin tağımı məktəbdə öz nizam-intizamı ilə seçilirdi. Hərb həyatdan az-çox xəbəri olanlar bilir ki, çox haylı-küylü həyatdır. Həmdəm burada da özünəməxsusluğu ilə seçilirdi. Tutaq ki, dərsarası vaxtda və ya yeməkxanaya gedəndə nə qədər qarışıqlıq olsa da, görürdün ki, bir tağım (25-30 nəfər) qutu kimi nizam-intizamla öz yolu ilə bütün intizam qaydalarına ciddi riayət etmək şərti ilə gedir. Yaxınlıqda komanda verən heç kim olmasa da bilinirdi ki, bu, Həmdəmin tağımıdır. Diqqətlə ətrafa baxdıqda görərdin “planşet”i çiynində, başıaşağı, fikirli-fikirli gəlir. Gəlib çatanda qayğılı baxışlarla süzüb, başı ilə yüngül salam verib keçərdi…
Beləliklə, 1999-cu ilin yayı gəldi. Buraxılışa az qalmış şanlı qələbəmizin memarlarından olan Hikmət Mirzəyev məktəbdə göründü. Bu barədə mənə ilk olaraq Namiq xəbər vermişdi. Hikmət Mirzəyev onun komandiri olmuşdu. Mən də onu hələ Tərtərdən ciddi, səliqəli, hörmətli (Yəqin ki, Lənkəran Əliyevi mütləq tanıyacaqsınız, o da ordu quruculuğunda böyük əməyi olan zabitlərdən biridir. Doğma yaşlı atası belə qəbuluna gələndə elə olurdu ki, saatlarla NBM-də gözləməli olurdu. Hikmət Mirzəyev gənc olmasına rəğmən yeganə zabit idi ki, sutkanın hansı vaxtı gəlsə gözlətmədən Lənkəran Əliyev onu qəbul edirdi.) komandir kimi tanıyırdım. Tezliklə məlum oldu ki, xüsusi təyinatlılardan ibarət yeni hərbi hissə yaradılacaq, kim istəyir könüllü yazıla bilər. Həmin vaxt da Həmdəm, Namiq və mən təxminən 100-ə yaxın gələcək leytenantlar könüllü yazıldıq. Siyahılar hazır olandan sonra bir dəfə də məktəbin qərargahındakı akt zalında yeni yaranacaq hərbi hissənin kadrlar bölməsinin zabitləri ilə görüşümüz oldu. Bizə xidmətin özəllikləri və bəzi məhdudiyyətlər barədə məlumat verdilər. Bütün bunlarla tanış olduqdan sonra yenidən ərizə yazdıq. Həmdəmi sonuncu dəfə bax həmin toplantıda görmüşdüm. Xeyli söhbət etdik. Demişdi ki, sizi buraxmayacaqlar. Bizim qrupdan 11 nəfər yazılmışdı, onlardan, sadəcə, 1 nəfərin əmri gəldi (Məmmədov Rəşad – Bərdəli). Mən də daxil olmaqla qalanları üçün izahat belə oldu komandan buraxmayıb (O vaxt bizim komandan rəhmətlik Rail Rzayev idi). Komandan deyibmiş ki, dörd ilə güc-bəla 40 nəfər mütəxəssis hazırlamışıq, onu da sizə verə bilmərik. Çox da ki, leytenantlar bunu istəyir, onlar hələ çox cavandırlar.
Bizim son görüşümüz həmin toplantıda oldu. Sonra hərə bir tərəfə – öz xidmət yerlərinə yollandı. Eşitmişdim ki, Həmdəm istədiyi kimi həmin hərbi hissəyə düşüb. Sonra bir dəfə eşitdim ki, artıq Naxçıvandadır. Həmin vaxt mən də Naxçıvanda xidmət edirdim. Mənim vaxtım çox olsa da, onun heç vaxtı yox idi. Kəşfiyatda komandir idi. Həmişə ya təlimdə, ya tapşırıqda olurdu. Həmdəm bax beləcə bir ömrü hərbi geyimdə, əlində silah başa vurdu. Şərəflə özü demişkən, hər kişiyə qismət olmayan şəkildə başa vurdu. Halbuki tamam başqa cür də ola bilərdi. Sizi inandırım ki, o necə peşəkar zabit idisə, ondan on qat daha tanınmış müəllim, pedaqoq, alim, mühəndis ola bilərdi. Təəssüf ki, əksər həmyaşıdları kimi o da özünə sənət seçə bilmədi. Onu seçən sənətin ardınca getməli oldu. Necə ki, digər şəhidimiz Polad Həşimovun anası demişdir: – “…o hüquqşünas olmaq istəyirdi, yaxşı da oxuyurdu, tarixi, xarici dilləri əla bilirdi, ancaq lap son anda bir gün gəlib dedi ki, mən hərbçi olacağam, indi vətənimiz üçün bu daha vacib peşədir…” Bu arada qısa bir haşiyəyə çıxıb sonra söhbətimi bitirmək istəyirəm.
HAŞİYƏ
İndi yazacaqlarım bəlkə də kim üçünsə qəribə görünə bilər. Ancaq inanın biz istəsək də, istəməsək də, inansaq da, inanmasaq da bu belədir. Bu fikrin dərinliyinə getmədən, sadəcə, (hamımızın yaxşı tanıdığı, hörmət etdiyi) son şəhidlərimizin adlarını xatırlatmaq kifayətdir. Məsələn, Polad Həşimov, Şükür Həmidov (bir ildən artıq eyni hərbi hissədə xidmət etmişik), Həmdəm və hələ 1993 -94-də xüsusilə, atəşkəsə lap az qalmış mart-aprel döyüşlərində Tərtər-Ağdam cəbhəsində nə qədər gənc yaşda şəhid olmuş 75-lər. Qələbəmizin digər memarlarından olan Hikmət Həsənov, Zaur Rüstəmov (şəxsən tanıyıram) və digər nə qədər tanımadığımız qəhrəman 75-lər. Allah hamısına can sağlığı versin. Hərbçi olmayan Ceyhun Məmmədov, Kənan Hacı, İlqar Fəhmi və digər xüsusi istedad sahibi 75-lər. Bu adını çəkdiyim şəxslərin hamısını yaxından tanıyıram. Onların seçilmişlər olduğuna inanıram. Bu keyfiyyətlər təkcə 75-lərə deyil, məsələn, tanıya biləcəklərimiz…,. 1951, 1963, 1987, 1999… –cu illərdə anadan olmuş insanlara da aiddir. Kimə maraqlı gəlsə, diqqət edib fərqinə vara bilər. Həmdəm bu seçilmişlərin öndə gələnlərindən biri idi. Onu yaxından tanıyan, hörmət edən əsgərlərinin, döyüş yoldaşlarının dediyi kimi, “o, şəhidlərin sultanıdır”. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hamısı bizim üçün əzizdir. Və söhbətimin əvvəlində qeyd etdiyim kimi, bu yazı Həmdəmin timsalında bütün şəhidlərimizə həsr olunur. Yazının məqsədi, sadəcə, necə igid oğullar, seçilmiş ərlər itirdiyimizə diqqət çəkməkdən ibarətdir. Məsələn, Həmdəmlə eyni gündə, sadəcə, bir dövr (bir dövr 12 ilə bərabərdir) əvvəl, yəni 9 sentyabr 1963-cü ildə anadan olmuş hamımızın fəxri İqor Aşurbəyli.
Bizim bu gün zamanın, sənətin onu seçib bizə məğrur, qayğıkeş, qorxmaz, səmimi, mərd, şəhid komandir kimi təqdim etdiyi, tanıtdığı Ağayev Həmdəm həmən-həmən, hardasa aşağı-yuxarı eyni potensiala sahib bir şəxs olub… Eləcə də Polad Həşimov, Şükür Həmidov və digərləri… Bunları xatırlatmaqda məqsədim odur ki, bu insanları unutmağa haqqımız yoxdur nə qədər ki, həyatdayıq. Çünki adları bu yazıda anılan və digər yüzlərlə qəhrəman oğullar bir an düşünmədən, gözlərini qırpmadan öz həyatlarından, arzularından, üstəgəl, yaxınlarının, doğmalarının, övladlarının istəklərindən vaz keçiblər… Və dahası, bu gün, bu an üçün on illiklərlə (on, iyirmi, otuz) hazırlaşıblar… Tam səmimi olaraq qeyd edim ki, döyüş toy-bayram kimi bir şeydir (Bir neçə saatlıq keçid, adaptasiya dövrü xaric.). Ancaq illərlə buna hazırlaşmaq, saysız-hesabsız məşəqqətli təlimlərə, müxtəlif mənəvi, maddi, fiziki məhrumiyyətlərlə dolu ağır xidmət illərinə qatlaşmaq, əsl şücaət budur. Bilirsiniz bu nəyə bənzəyir? İllərlə bəzənib, süslənib şərəfli anın nə vaxt gələcəyini gözləyirsən… Cidd-cəhdlə onu qarşılamağa can atırsan… Bax, bu məqamları unutmayaq. Bir an fikirləşək ki, Polad Həşimov ən azından hansısa rayonun hakimi kimi indi isti kabinetində oturub. Necə ədalətli bir hakim ola biləcəyini onun əsgərlərindən soruşun. Və ya Şükür Həmidovu ən azı bir rayonun icra başçısı kimi təsəvvür edin. O rayonun necə ola biləcəyini onu tanıyanlardan soruşun. Yaxud da bizim qəhəmanımız Həmdəm Ağayevi ali məktəblərin birində müəllim kimi təsəvvür edin. Onu tanıyanlar bilir ki, o, bu peşəyə necə yaraşardı və onun öhdəsindən layiqincə gələr, ölkəmizə, millətimizə, xalqımıza, gələcəyimizə nə qədər faydalı ola bilərdi. Ancaq onlar bütün bunların hamısından bizlərə görə imtina etdilər. Ali xüsusiyyətlərinə görə Uca Yaradan onları seçdi, onlar da canla-başla bu yolu…
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizi daim xatırlayaq, nümunə götürək, onların bizə əmanət etdiyi gələcəyə xəyanət etməyək! Ruhunuz şad olsun, seçilmişlər…
QIRMIZI YARPAQLI AĞAC (hekayə) 2021-ci ilin adi payız günlərindən biri idi. Əslində bəlkə də bu gün heç adi gün deyil, sadəcə belə deməyə öyrənmişik. Payızın artıq son günləri olmasına rəğmən günəşli gün idi. Kimlər üçünsə gün hələ indi başlasa da mən onu artıq demək olar ki, tamamlamışdm. Dünən axşamdan iş başındayam. Artıq yorulduğumu hiss edib telefonda saata baxdım. 03.12.2021 Cümə günü 10:01. Mən yazı masamın arxasında oturanda hələ 02.12.2021 idi. Artıq buz kimi olmuş çayımın son damlalarını da udumlayıb, masadan qalxdım. Əlimdə fincan mətbəxə keçdim. Fincanı yaxalayıb, başı aşağı mətbəx masasındakı məcməyiyə qoydum və pəncərədən küçəyə, daha doğrusu havaya baxmağa başladım. Hava adama gəl-gəl deyirdi. Nazik qara yelliyimi geyinib aşağı düşdüm. Hava o qədər xoş idi ki, başıma nəsə qoymağa ehtiyac duymadım. Gəzə-gəzə gəlib Akademiya Bağına çatdım. Bura demək olar ki, Bakının gözü sayıla biləcək əsas xiyabanlarından birinin tən ortasında yerləşən böyük bağdır. Həm Elmlər Akademiyası metro stansiyası, həm də Elmlər Akademiyası özü və bir çox institutları bu ərazidə yerləşir. Səhər-axşam bu bağda çoxlu sayda insanların gəzişdiyini görmək olar. Pandemiya ilə əlaqədar sərt karantin günlərində bağa giriş yasaqlansa da hal-hazırda elə bir qadağa yoxdur. İnsanlar yenə səhər-axşam maneəsiz olaraq burada öz ehtiyaclarını ödəyirlər. Necə deyərlər şəhərin ən ucqar guşələrindən maşınlarla bu bağda gəzməyə gələnlər də daxil olmaqla yaxın ətrafda yaşayan insanlar bu bağda gəzməyi sözün əsl mənasında hələ anasının qarnında öyrənir və uşaq arabasından başlamış ta əlil arabasına qədər bütün həyatı boyu davam edir. Bu bağda adax-çiçək eləməyi, qaçmağı, şeir əzbərləməyi, sevişməyi, şeir yazmağı, qocalmağı öyrənirlər. Bir sözlə bu bağ elə əsl həyat məktəbi, akademiyasıdır. Mənim də digər insanlardan elə bir fərqim yoxdur. Ən azı gündə bir dəfə, ya səhər, ya da axşam bu bağda təxminən 2 saat gəzməsəm olmaz. Müxtəlif səbəblərdən əgər bu gəzinti alınmasa, sanki həmin gün tamamlanmamış qalır. Adətim üzrə Texniki Universitet tərəfdən bağa girib öz marşrut istiqamətimdə hərəkətə başladım. Adətən bağa girən kimi telefonda saata baxıram, 10:20 idi. İynəyarpaqların altından keçəndə payız hiss olunmasa da, tut, palıd, qaraağaclar olan hissəyə çatanda günəş şüaları altında daha da cazibədar görünən sarılı, qırmızılı müxtəlif rəngli yarpaqlar insanın ruhunu oxşayır. Qeyri-iradi nə vaxtsa oxuduğum şeirdən “Sarı yarpaq gör nə gözəl, Kimə güldü, kimə xəzəl…” misralarını xatırladım. Payızın qıpqırmızı yarpaqlarla bəzəyib amansız qışın görüşünə hazırladığı orta boylu bir ağacın altında dayandım. Hələ məktəbli vaxtlarımdan botanika və coğrafiya fənlərindən həmişə “5” alsam da bu ağacın adını yadıma sala bilmədim. Sadəcə onun görünüşü, bu halı diqqətimi həmişə cəlb edirdi. Mən də onun yanından keçəndə ayaq saxlar, səsizcə iki doğma şəxs kimi dərdləşər, sonra da sükutla, bir az da hüznlə ayrılardıq. Son günlər, yəni yarpaqları qızarmağa başlayandan hər bu ağacı görən kimi artıq uzun müddət üzərində işlədiyim, bir türlü bitirə bilmədiyim “Zabitlər” povesti, daha doğrusu oradakı ümumiləşdirilmiş zabit obrazı gəlib durur gözümün qabağında… Qarlı qışı qarşılamağa qırmızı yarpaqlarla bəzənib-düzənmiş halda hazırlaşmış, yaşıl vaxtlarından daha ötkəm, daha qürurlu olan bu ağacı əsərimin qəhrəmanına bənzədirdim. “Deyirəm, bu zabit peşəsi də çox qəribə peşədir, bir ömür boyu əlləşib-vuruşub, min bir əziyyət bahasına nə vaxt səni haqlayacaq güllənin görüşünə hazırlaşırsan… Eynən amansız qarlı qışın görüşünə qırmızı yarpaqlarla bəzənib-düzənib hazırlaşan bu adsız ağac kimi…” – düşünə-düşünə adsız ağacdan aralanıb yoluma marşrut üzrə davam edirdim ki, ani olaraq gözümə sataşan mənzərə diqqətimi cəlb etdi. Orta boylu dolu bir oğlan ondan nisbətən hündür şumal digər bir cavanın əlindən tutub addım atmasına, yeriməsinə yardım etməyə çalışırdı. Əslində buna əlindən tutmaq demək olmazdı. İkisi də hardasa yaşıd olardılar. Orta boylu oğlan bütün bədəni və var gücü ilə ucaboylu oğlana dayaq olmağa çalışsa da bu onda yaxşı alınmırdı. Açıq-aydın hiss olunurdu ki, gücü çatmır. Qardaşa da oxşamırdılar. Tamam fərqli fizionomiyaya malik iki şəxs idi. Hətta elə ilk baxışdaca ayrı-ayrı millətin nümayəndələri olduğu aydın sezilirdi. Nə qədər arıqlamış olsa da qarabuğdayı hündür oğlanın şux qaməti, əzələli bədənli, bir az da zəhimli görünüşü sarıyanız ortaboylu, dolu bədənli oğlandan çox fərqlənirdi. Sarıyanız oğlanın “…ha qeyrət, ha qeyrət qardaş” kəlmələri aydın eşidilirdi. Qarabuğdayı hündür oğlan isə böyük tərəddüdlər içərisində nə qədər addım atmağa çalışsa da bu onda heç cür alınmırdı. Yaxınlıqda ağ maşın dayanmışdı. Sarıyanız ortaboylu oğlan arada qanrılıb maşına tərəf baxır nəsə narahat görünürdü. “Yəqin ki, ondan düşüblər” fikri keçdi eynimdən. Onların tuşuna çatana qədər: “Qazi qardaş, səndələmə, mətin ol, Bu torpağın altı, üstü sənindir! Addımını ürəklə at, şax yeri, Bu torpağın altı, üstü sənindir! * * * Altda qalan, “üzü bərkdir” deyilən, Yerli-yersiz harda gəldi söyülən, Dağı, daşı “əppək” kimi yeyilən, Bu torpağın altı, üstü sənindir!” Bu misralar süzülüb keçdi ruhumun süzgəcindən. Sarıyanızın “Qardaş, qardaş”- deyə məni haylaması ilham pərisini hürkütdüyünə görə şeir yarımçıq qaldı. Oğlanın yəqin ki, artıq üçüncü “Qardaş”ı idi ki, məni sanki yuxudan oyatdı. “Qardaş, zəhmət olmasa yardım et,”- mən onların tuşuna çatıb dayananda sarıyanız oğlan bir daha mənə müraciət etdi. Cəld dönüb onlara tərəf getdim. Və çata-çata: “Salam! Allah köməyiniz olsun! Necə yardımçı ola bilərəm?”- deyə soruşdum. – Zəhmət olmasa, siz qardaşın qolundan ikicə dəqiqəlik tutun, mən maşının yük yerindən bir-iki şey götürməliyəm. Həm də hələ qapıları bağlamamışam, – deyə yardım etməyimi istədi. Maşın sovetin istehsalı olan ağ rəngli “06” idi. – Buyurun, – deyə ucaboylu oğlanın qolundan yapışdım. Və elə o andaca onu belə saxlaya bilməyəcəyimi anladım. Eynən sarıyanız oğlan kimi bütün bədənimlə dayaq duraraq, onu güclə ayaqda saxlayır və addım atmasına yardımçı olmağa çalışırdım. Oğlanın nə qədər zəif və gücsüz olmasına baxmayaraq, hazırlıqlı adam olması hər halından bəli idi. Məlum döyüşlərdə yaralanıb-yaralanmadığını dəqiqləşdirmək istəyim nə qədər güclü olsa da, marağımı boğurdum. Ancaq oğlanın üzündəki ifadə sadəcə: “Dost, niyə belə üzgünsən?”- ifadəsinin lap deyə dilimdən çıxmasına səbəb oldu. – Deyiləsi dərd deyil, müəllim. Boş ver, – dedi və çətinliklə olsa da yavaş-yavaş addımlamağa başladıq. – Yenə də, – deyə sözgəlişi yenə soruşdum. Müsahibim arada yüngülcə səndələsə də getdikcə addımlarını yeyinləşdirir, daha ürəkli təsir bağışlayırdı. – Nə bilim, Vallah. – Allah köməyiniz olsun. Özünüzü sıxmayın. Həm də paylaşmaq adama yüngüllük gətirir. Bir də görürəm, hərbçiyə oxşayırsınız. Allah bütün mərd oğullara kömək olsun. – Nədən bildiniz ki, hərbçiyəm? – Sizdə zabit qaməti var. Hərtərəfli hazırlıqlı adama oxşayırsınız. – Bəli, zabitəm. – Rütbəniz? – Kapitan. – Məlum hadisələrdə hansı tərəfdə idiniz? – Füzuli cəbhəsində idim. Elə ilk gün yaralandım. Heç nə edə bilmədim. Neçə illər əziyyət çək, əlləş-vuruş gözlə və o gün gəlsin sən heç nə edə bilmə. Tam səmimi deyirəm. Yaralanmağıma, bu halıma deyil, məhz belə alınmasına çox üzülürəm. – Buna görə belə dilxorsunuz? Bir ildən çox vaxt keçib. Şükür Allaha torpaqlarımız qayıdıb. Siz iştirak edə bilməsəniz də, sizin zabitlər, əsgərlər bu məsələni həll etdilər. Üzqaramızı təmizlədilər. Bir də hərənin öz missiyası var bu həyatda, üzülməyə dəyməz. – Tək o deyil. Yəqin, xəbəriniz var helikopter qəzasından? – Bəli, əlbəttə. Çox üzüldüm. 14 şəhidimiz və 2 yaralımız var. Bəzi xəbərlərdə 4 yaralı da deyirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. – Amin. Bu televiziya, mətbuat adamı lap dəli edir. – Nə olub ki? – dolayısı ilə də olsa özümü bu tayfadan hesab etdiyimə görə iradın üzümə deyiməsi məni lap müttəhim yerinə qoymuşdu. – Yəqin, fikir vermisiniz, siyahıda hərbçilərin arasında lap sonda işçi deyə təqdim olunan bir nəfər var? – Bəli, soyadını unutdum, ancaq belə bir adam var. Özü də deyirlər məşhur adam olub. Polkovnikdir. – Bəli, polkovnik. Qəhrəman. Mərd. Qorxmaz. Bilirsiniz, belə insanları olduğu kimi təqdim edib tnıtmağa heç doğru-düzgün söz də yoxdur. Bəlkə də var mən bilmirəm. – Haqlısınız. Hərdən belə məsələlər olur. Yəqin, tələsik siyahı istəyəndə rəsmi məlumatlar əsasında belə tərtib olunub. Bunu ancaq belə izah etmək oar. Deməli, əsl narahatçılığınız bu səbəbdəndir? – Bu vaxt sarıyanızın yük yerini tappıltı ilə örtməsi ikimizin də eyni vaxta maşına tərəf baxmağımıza səbəb oldu. Onun bir əlində “06” nın yük yerindən çıxardığı qatlama kətil, digərində top və çiynində yüngül yorğan kimi bir örtük var idi. Sarıyanızın əllərinin dolu olduğundan kapitana bir az da yoldaşlıq etməli oldum. Sarıyanız gəlib bizə çatanda kapitan sözünə davam etdi: – Xeyr. Təsadüf deyil… Bax, görürsünüz bu qatlama kətili? 1 ildən artıq vaxt keçib. Allahın əlil arabasını ala bilməmişik. Əlil demişkən. Hələ heç əlillik də təyin olunmayıb. Ancaq, bilirsinz məni üzən, qorxudan əsas məsələ bunların heç biri deyil. – Bəs nədir sizi belə narahat edən? – Qorxuram ki, sabah Allah eləmımiş bir şey olsa, məsələn, lap elə bu bağda yıxıldım başım dəydi səkiyə, və ya – bu vaxt bağın içndəki yolda döngəni sürətlə dönüb siqnal verən xarici markalı maşını işarə edərək – maşın vurdu öldüm. Onda deyəcəklər bu gün Elmlər Bağında bir “əlil” ölüb. Hə, mütləq əgər xəbər verən olsa, bax belə verəcək. “Əlil” ölüb. Həlak olanlardan biri “işçi” olub… nəsə, boş ver müəllim. Sizi də yordum. Haqqınızı halal edin. – Bu nə sözdür, cənab kapitan, borcumuzdur. – Hiss etdim ki, “cənab kapitan” ifadəsi qarabuğdayı oğlanın ürəyinə yağ kimi yayıldı. Bəti-bənizi açıldı. – Buyurun. Halal, halal xoş. Allah köməyiniz olsun. Bu ara qatlama kətili yerə qoyub telefonla rus dilində danışan sarıyanıza işarə edərək: – Dostum deyəsən rusdur? – deyə soruşdum. – Bəli. Atası da anası da rusdur. Bakılıdır. Uşaqlıqdan bir məhlədə böyümüşük. O qədər dost-tanışdan ən çətin günlərimdə mənə dayaq olan, həmişə yanımda olub dəstək verən təkcə bu oldu. Adı İqordur. – Bəs sizin adınız necə oldu? Bayaqdan gəzirik heç soruşmadım. – Adım Çingizdir. Çingiz. – Çingiz, üzr istəyirəm. Bəlkə yersiz sualdır. Qardaşınız yoxdur? – Xeyr . Tək uşağam. Bilirsiniz atam da hərbçi olub. O da kapitan rütbəsində Birinci Qarabağ Müharibəsində yaralanmışdı. Mənim 7 yaşım olanda rəhmətə getdi. Uşaq olsam da onun yaralarına görə acılar içində əzab-əziyyət çəkə-çəkə necə yaşadığını, can verdiyini unuda bilmirəm. Deyəsən məni də eyni aqibət gözləyir. – Hansı idə anadan olmusunuz, Çingiz müəllim? – 20 yanvar 1990 – cı il. Özü də bilirsiniz harada? – Harada? – Kamçatkada. Atam orada xidmət edirmiş. 20 yanvar hadisələrindən sonra mən lap körpə olanda qayıdıb Bakıya. Sonra da müharibə. Və sizə danışdığım kimi. Bax belə, müəllim. Bəs sizin adınız necə oldu? Yəqin daha burada tez-tez rastlaşacağıq. – Mənim adım Vahiddir. Vahid Dilsiz. – Hə eşitmişəm. Deməli Vahid müəllim sizsiniz. Çox sağ olun! Yenə siz arada-bərədə hərbçilərin problemlərindən yazırsınız. Allah sizdən razı olsun. – Minnətdarm. Siz sağ olun. Sizin etdiklərinizin yanında bizimkilər heç nədir. – Elə deməyin. Bayaq siz özünüz dediniz axı, hər kəsin öz missiyası var. – Elədir. – Bu vaxt telefonla danışıb qurtaran İqor qatlama kətili yoldan biraz kənarda ağacların altında açaraq, çiynindəki örtüyü də üstünə atıb bizə tərəf yaxınlaşdı. Çingizi İqora təhvil verib: – Hələlik. Siz demiş yəqin tez-tez burada görüşəcəyik, – deyib marşrut üzrə dövrə vurmağa başladım. Mən dövrə vurduqca “əlil” və “işçi” kəlmələri də burğu kimi beynimə işləyirdi. Son. 03.12.2021-09.01.2022. Bakı.
QARDAŞ (İlqar Mirzəyevin əziz xatirəsinə) Sən gəzən yerlərə gəlmişəm, Qardaş! Qanın axan yerdə lalə bağrı qan. İlk sübh şəfəqində çatmışam bura, Rəngindən rənginə qatıb oğru dan. * * * Lənət o günə ki, açıldı səhər, Namərdin dişinin dibində zəhər, Dilində boğazdan yuxarı qəhər, O müdhiş yalanı dedi doğrudan… * * * İndi bu kol-kosun nə günahı var? Çəlləyə çiv olan palıd günahkar! Ətrafda dağ-daş da ağlayır zar-zar… Bülbüllər dilini udub qorxudan… * * * Nə yaxşı bu “tale”, “qismət” sözü var, Sığınıb onlara olduq gözü dar, Lap bilmək istəsən düzü ay İlqar, Hamının yaradır qəlbi ağrıdan… * * * Ustaca təsəlli oğlunla qızın, Biləsən, itməyib çörəyin, duzun, Haçansa yenə də doğsa ulduzun, Hilalı boylanır hər gün Ağrıdan… 07.07.2022. Azərbaycan.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində kateqoriyalanma
Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Ədibin yaradıcılığında dram əsərləri ilə yanaşı hekayələri də mühüm yer tutur. Əbdürrəhim bəy Haqvеrdiyеv “Ata və оğul”, “Ayın şahidliyi”, “Xоrtdanın cəhənnəm məкtubları”, “Bоmba”, “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər”, “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı”, “Qəndil”, “Çeşməк” “İt оyunu”, “Diş ağrısı”, “Qоca tarzən” və s. Azərbaycan ədəbiyyatı üçün qiymətli olan hekayələr yazmışdır. Ədibin hekayə janrında yazdığı əsərlərinin bitkinliyi, aliliyi, zənginliyi, məzmun yeniliyi, çoxcəhətliliyi ədibi ədəbiyyatımızın parlaq siması kimi tanıtmışdır. Korifey yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi teatr xadimi olan Əbdürrəhim bəy Haqverdiyevin “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər” hekayələrində yazıçı dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrir və eyni zamanda cəhalət, nadanlıq və köhnə еtiqadlara etirazını bildirir, xalqını maariflənməyə çağırış edir. Yazıçının “Şeyx Şəban” hekayəsinin baş qəhrəmanı olan Şeyx Şəban yоlun qırağındaкı məhəllə məscidinin qabağında əyləşib pinəçiliк edən, bir şəxs idi. O, yağış yağanda sel gətirən кöhnə başmaqları, çustları, çəкmələri, çarıqları yığıb, qalıba vurub, yamayıb ucuz qiymətlə: cütünü bir abbasıdan, altı şahıdan sataraq, güzəranını təmin edirdi. Ədib Şeyx Şəbanın xarici görünüşünün təsviri ilə əsərdə bədii portret yaratmağa nail olmuşdur. “Şeyx Şəban gödəк bоylu, uzun saqqallı bir кişi idi. Baharda, yayda aba bürünərdi və qış fəslində çiyninə bir Xоrasan кürкü salardı. Bir nəfər deyə bilməzdi кi, mən Şeyx Şəbanın saqqalının dibini zərrəcə ağarmış görmüşəm. Heç Şeyx Şəban elə adam deyil idi. Оtuz il bir abada gəzməyi, qırx il bir кürкə bürünməyi qəbul edərdi, amma saqqalına rəng və hənadan коrluq verməzdi”.
Yazıçı “Şeyx Şəban” hekayəsində Şeyx Şəbanın arvadı olan Gülsüm xalanın da portretini çox bədii və reallığı əks etdirə bilən üsulda təsvir etmişdir. Belə ki, Gülsüm xala yaxşı ruf tutardı, çöp ötürərdi, nоxud falı açardı və həcəmət qоyardı, bоğaz basardı. Ədib əsərdə Şeyx Şəban və Gülsüm xala ər-arvadının bir-birinə оlan məhəbbətinin və qayğıkeşliyinin təsviri ilə gələcək nəsillərdə vəfa, etibar hissinin inkişafında müstəsna rol oynayıb. Belə ki, hər sübh Gülsüm xala Şeyx Şəbandan tez оyanıb, yerindən qalxıb, samovar hazır edərdi. Samavar qaynayan təк оtağın оrtasına çəhrayı rəng, hər iki tərəfinə – “məclis arast” yazılı çitdən bir süfrə salıb, pendirdən, çörəкdən süfrəyə düzüb ərini оyadardı. Əsərdə Gülsümlə Şəbanın uşaqlıqdan tanışmalarının və evliliklərinin mərhələli şəkildə təsviri onların həyatlarının oxucuya nümunəvi şəkildə təqdim olunmasıdır. Əbdürrəhim bəy Haqverdiyevin qələminin gücü onda idi ki, o, kiçik hekayələrdə belə bütöv bir insan ömrünün acısını, çətinliklərini, qayğısını təsvir edə bilirdi. Yazıçının “Şeyx Şəban” hekayəsidə bu silsilə hekayələrdəndir. Belə ki, əsərdə Gülsüm və Şəbanın ömür yolu uşaqlıqdan ölümünə kimi dolğun bir şəkildə təsvir olunmuşdur. Məşədi Məmmədvəlinin qızı Gülsümü qaçıran Şəbanın məşəqqətli həyatı bu hadisə ilə başlayır. Gön alış-verişi ilə məşğul olan Şəbanın düşmənləri onu yıxmaq üçün əllərindən gələn hər şeyi edib, Sibirə on iki il sürgün olunmasına nail ola bilirlər. Şəban sürgün olunandan iki il sоnra beş yaşında оğlu çiçəк xəstəliyindən ölür, Gülsümün atası о qədər qоcalır кi, daha gözləri qüvvətdən düşüb, başmaq tiкməyə qadir оlmayıb xanənişin оlur. Ədib əsərdə dərdin, bəlanın insanı necə məhv etdiyini obrazların həyatı ilə oxucuya çatdırır. Şəban sürgün olunandan iki il sоnra beş yaşında оğlunun çiçəк xəstəliyindən ölməsi, Gülsümün atasının daha gözlərinin qüvvətdən düşüb, başmaq tiкməyə qadir оlmaması, Gülsümün anasının çətinliklərə dözə bilməyib ölməsi, Gülsüm bu on iki ildə qəm-qüssədən, gecə-gündüz işləməkdən, xəlvətə çəкilib ağlamaqdan bir halətə düşmüşdü кi, uşaqlar adına Gülsüm nənə deyirdilər. Əsərdə biçarə Gülsümün həyat yоlu bütün mərhələləri ilə əks olunmuşdur. Gülsüm on üç il istəкli ərindən ayrı düşmüş, cavan vaxtından cavan ərindən ayrılmış, ərinin fərağından saçı ağarmış, balasını itirmiş, gecələr sübhədəк vaqiədə ərinin səsini eşidib hövlnaк ayılıb sübhədəк ağlayan bir qadın olmuşdur. Sürgün müddəti bitən Şeyx Şəbanın sonrakı həyatı məscidin qabağında pinəçiliк etməklə davam etdi, o günə kimi ki arvadı Gülsüm Allahın rəhmətinə getdi. Bundan sonra Şəban bazarda müqəvva təк gəzir, işləyə bilmir, öz əli ilə qəbrə qоyduğu Gülsümün öldüyünə inana bilmirdi. Əsərdə Şəbanın ölümü çox təsirli təsvir olunmuşdur. “Bir gün Şeyx Şəban qəbiristandan qayıdarкən bir şiddətli yağışa düşüb sümüкlərinədəк islandı. Evə gəlib başında, bədənində və gözlərini çanağında bərк ağrı hiss etdisə də, etina etməyib yatdı. Sübh hərçi çalışdı, başını yasdıqdan qоvzaya bilmədi. Naxоşluq getdiкcə şiddət etdi. Axırda Şəban sərsəm halətinə gəldi. Sərsəmləyən vaxtda dilindən Gülsüm adı bilmərrə düşmürdü. Şeyx Şəbanın bu halətindən heç кəs оna mütəvəcceh оlmurdu. Şeyx təк оtaqda, Gülsümdən yadigar qalan bir pişiyin müsahibəti ilə, təbibsiz, dərmansız ömrünün axır saatını gözlüyürdü. Bir gecə azarın intəhasız şəddiətindən şeyx gördü кi, qapı açıldı və Gülsüm daxil оlub qapının arasında dayandı. Şeyx nə qədər səslədisə də Gülsümdən bir səs zahir оlmadı. Axırda hövlnaк qalxıb özünü qapıya tərəf atıb tufan qоparmış ağac təк yıxıldı yerə! Sübh qоnşular Şeyx Şəbanın meyitini tapdılar”.
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Şeyx Şəban” hekayəsi insan həyatlarının ən incə məqamlarını əks etdirməyinə və olduqca məşəqqətli ömür yollarını oxucuya dolğun şəkildə çatdırmasına görə çox böyük əhəmiyyətə malikdir.
Əbdürrəhim bəy Haqvеrdiyеvin yaradıcılığında özünəməxsusluğu ilə seçilən digər bir əsəri də “Həmşəri paspоrtu” hekayəsidir. Ədib əsərdə sarkazmdan çox böyük ustalıqla istifadə etmişdir. Əsərdə Rusiyanın şimal yerlərinin əhatəli təsviri verilir. “Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır. Ta bir göz açıb iş görməyə macal vermir. Bir də görürsən, gözəl gün çıxıb, göyün üzündə bir damcı bulud yоx, tez sevinmiş durub havaya çıxırsan. Bir saatdan sоnra bilmirsən yağış adamın başına haradan töкülür. Paltоsuz, qalоşsuz, islanmış qayıdırsan evə. Əgər zatəlcəm də tutmasa, yəqin кi, bir zöкəm tutacaqsan. Yainкi yağış yağan vaxt çоx vacib işin оlur. Labüdd qalıb, durub paltоdan, qalоşdan geyib çıxırsan кüçəyə. Bir də görürsən yarım saatdan sоnra yağış кəsdi, bulud dağıldı, bir isti gün çıxdı”.
Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayə yaradıcılığında “Röya” hekayəsinin xüsusi yeri vardır. Hekayə Süleyman adlı şəxsin dilindən nəql olunur. Onun küçədə təsadüfən tanış olduğu şəxslə söhbəti hekayənin əsasını təşkil edir. Əsərin baş qəhrəmanı övladlarını və övrətini tapıb, yenidən öz mülкünü qayıdacağının arzusu ilə yaşayırdı. Ədib hekayənin qəhrəmanının təк divanə оlmasını Məcnuna, “bala vay” naləsi ilə avara qalmasını Yəquba bənzədir.
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Mirzə Səfər” hekayəsi Mirzə Səfərin portretinin oxucuya təqdim olunması ilə başlayır. Mirzə Səfər ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş кəmərli bir şəxs idi. Əsərdə onun xarakteri bütün incəlikləri ilə təqdim olunmuşdur. Belə ki, Mirzə Səfəri hamı tanıyırdı, hamı оna salam verirdi. Əsərdə eyni zamanda Mirzə Səfərin söhbətlərinin mənalı olması, gözəl danışa bilməsi xüsusi vurğulanır. Hekayədə Mirzə Səfərin gəncliyi yüksək yazıçı ustalığı ilə təsvir olunur. Əsərdə Mirzə Səfər cəmiyyət tərəfindən iki cür xarakterizə olunur. Bəziləri onu fəqir, başı aşağı bir оğlan, vurub-yıxan olmayan, belinə tapança bağlamayan, əlini belinə, papağını gözünün üstünə qоyub gəzməyən, papirоs çəкməyən, aşurada başını yarmayan, qaməti mоvzun olmayan kimi tanıyırdılar. Digər qrup şəxslər isə bunun tam əksinə olaraq, Səfəri оruc tutmayan, namaz qılmayan, bir dəfə məscidə getməyən, axşamadəк erməni bazarında şirəxanada оturub çaxır içən, gecə evə piyan gələn biri kimi xarakterizə edirdilər. Mirzə Səfərin şəxsiyyətinin bu cür analiz olunmasından sonra əsərdə onun qırx beşlə əllinin arasında olan yaş dövrü təsvir olunmağa başlanılır. Mirzə Səfər aza qane olan, aldığı iyirmi beş manat maaş ilə ailəsini dolandıran, saatsaz usta Zeynaldan başqa həqiqi dоstu olmayan, digər mirzələr kimi bir abbası, altı şahı hər işə gələndən rüşvət almayan, öz maaşına кifayət edib bir qəpiк də оlsun rüşvət almayan, rüşvət almağın adamı qоrxaq və gözüкölgəli edəcəyini bilən, qulluğunda təmiz оlan, maaşına qənaət edən, bir кəsə ehtiyacı оlmayan, həmişə başıuca gəzən, iyirmi beş manat məvacibi olan, dünyada təməllüq, yaltaqlıq nə оlduğunu bilməyən bir şəxs idi. Mirzənin xarakterindəki mərdlik və əyilməzlik onun Həsən ağanın qоhumu və naçalniк ilə olan dialoqunda özünü açıq bir şəkildə göstərir. Belə ki, naçalniк ona- “Səfər! Papağını götür, buradan get!”- deyəndə Mirzə Səfər qalxıb şax naçalnikin sifətinə baxdı. – Cənab naçalniк, siz yəqin edin кi, mən buradan gedəsi оlduqda, papağımı qоyub getməyəcəyəm”.
Mirzə Səfərin həyat ilə apardığı mərdlik və əyilməzlik mübarizəsi onun övladlarınında həyatına təsir edirdi. Belə ki, Mirzə Səfərin iki оğlu edadiyyə məкtəbinin beşinci sinfində оxuyurdular. Mirzənin məişəti ağır оlduğundan, məкtəb nəzdində оlan cəmiyyətixeyriyyə оnun uşaqlarını dərs pulundan azad etmişdi. Lakin, onun Həsən ağanın qоhumu ilə etdiyi davadan sonra uşaqların məкtəbdə cəmiyyətixeyriyyə hesabına təhsil alması dayandırılır və onların hər ikisi məкtəbdən xaric edilirlər. Əbdürrəhim bəy Haqvеrdiyеvin “Mirzə Səfər” hekayəsində toxunduğu ən əsas mövzulardan biri də, Mirzənin məкtəb müdirinin yanına gedib, onunla danışması səhnəsi olur. Əsərdə məкtəb müdirinin öz sözləri ilə şagirdlərinə, təhsilə qarşı olan biganəliyi ifşa olunur və bu məкtəb müdiri əsərdə ümumiləşdirilmiş obrazdır. “Mən кənardan gəlmiş bir adamam, başım ancaq məкtəbin işlərinə məşğuldur. Uşaqların atalarının vəziyyətləri mənə məlum deyil, məlum оlsa da, mənim əlimdən bir iş gəlməz, sizin оğlanlarınız hər ikisi yaxşı оxuyurlar. Оnların məкtəbdən çıxarılmalarına mən çоx əfsus edirəm. Mən sizə məsləhət görürəm, gedib cəmiyyətin sədri Həsən ağa ilə görüşəsiniz. İş оnun əlindədir”.
Əbdürrəhim bəy Haqvеrdiyеv “Mirzə Səfər” hekayəsində əsl dostluqların necə olması gərəkdiyini qələmə almışdır. Ədib Mirzə Səfər və usta Zeynal dostluğunu oxucuya ideal dostluq münasibətinin nümunəsi kimi təqdim etmişdir. Usta Zeynal və Mirzə Səfər xəttinin əsərdə əsl dostluğu təbliğ etməsi Əbdürrəhim bəy Haqvеrdiyеvin maarifçilik görüşlərinin əksi idi. Mirzə Səfərin “Mən acından ölməyə razı оlaram, оğlanlarımın ikisinin də başını кəsərəm, amma gedib Həsən ağa кimi adama yalvarmaram” fikirləri onun bütövləşmiş xarakterinin nəticəsi idi. Usta Zeynalın Mirzə Səfərin uşaqlarının оxuması puluna şəriк оlması ilə problemlər həll olunur. Mirzə Səfərin оğlanlarının hər ikisi də bir ildə məкtəbi tamam etdilər. Onun övladlarının hər ikisi ataları kimi fədakar və mərd idilər. Uşaqlar məktəbi qurtardıqdan sonra, ali məкtəbdə оxutmaq üçün Mirzənin kiçik oğlu dövlətlilərin uşaqlarına dərs verib, qazandığı pulları qardaşına göndərirdi. Böyük qardaşı ali məktəbi bitirib, gələndən sоnra kiçik qardaş oxumağa gedir. Ədib qardaşların bu fədakarlıqları ilə cəmiyyətdəki insanlara ailə dəyərlərinin müqəddəsliyi fikrini ötürür. Maarifləndiricilik fikirləri bu əsərdə olduqca çoxdur. Ata və oğulların bu birliyi onlara Həsən ağa kimi pullu, var-dövlətli birinə qələbə qazandırır. Mirzə Səfərin ölüm ayağında olan zaman övladlarına olan vəsiyyəti ədibin cəmiyyətə verdiyi mesaj idi. Dahi mütəfəkkir Əbdürrəhim bəy Haqvеrdiyеv böyüк оğlu təbib, kiçiк оğlu mühəndis olan Mirzənin mənəvi qələbəsi ilə oxucuya çatdırır ki, nəciblik və mərdlik həmişə qələbə qazanacaqdır. Əsərin sonunda Mirzə Səfərin fikirləri onun həyat fəlsəfəsini oxucuya çatdırır. “Balalarım, dünyada mən çоx ömür etmişəm. Sizin yоlunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Cəmi ömrümü işimdə təmiz оlmuşam. Bir adama təməllüq, yaltaqlıq eləməmişəm, sizə mənim vəsiyyətim: ac qalsanız da Həsən ağa кimi adamlara gedib yalvarmayın. Оnun təк adamlardan uzaq qaçın. Siz təmiz, namuslu dоlanırsınızsa, həmişə müvəffəqiyyət sizi tapar. Mən gedirəm. İkinci sizə vəsiyyətim: bu usta Zeynalı həmişə ata gözündə görərsiniz. Mən dünyada ancaq оnda etibar gördüm”.
Dahi yazıçının hekayə yaradıcılığı onun bədii irsində əsas yer tutur. Ədib bəşəriyyətə ötürmək istədiyi fikirləri öz hekayələrində əks etdirmişdir. Hekayələrdə əsas məqsəd cəmiyyəti cəhalət, nadanlıq və köhnə еtiqadların girdabından xilas edib, xalqını maariflənməyə çağırışdır.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.