Əgər sizə heç bir medal verməyiblərsə, demək, bütün yaxşı şeylərə layiqsiniz.
Maarifçilər öz zamanlarında qiymətləndirilmirlər. Bu cür insanları ya ruhdan salıb mənən öldürdükdən, ya da cismən itirdikdən sonra anlayırlar. Onlara qoşulan olmaz, daş atanlarınsa sayı hesaba gəlməz. İdeyaları həmin vaxt qəbul edilməz, açdıqları izlə sonralar addımlayarlar. Özlərini yox edib sözlərini yaşadarlar. Əslində, onları yaşadan xalqın qədirbilənliyi deyil, cəmiyyətə məxsus olan əbədi əyrilikdir.
Gözlərinizin qarşısında dincliyini insanların problemi ilə pozan, özünü özgələrin dərdi ilə yükləyənləri görmürsünüz. Görənləriniz də dəyərləndirmirsiniz. Başqası üçün zəhmət çəkənə, təmənnasız işləyənlərə “əfəl” deyirsiniz. Onlar isə buna əhəmiyyət vermədən çalışırlar.
Böyük ideyalar eşqinə hər çətinliyə dözməyə güc tapmaq, yaşamaq olur.
Onlar yaşayırlar… amma necə?
Xoşbəxtliklərindən özgələrə pay verməyə hazır olaraq, bacardıqlarını edib, bacarmadıqları üçün üzülərək. Əli-qolu bağlı…
Çabaları – bu millətə nəyimi qurban versəm, o var olacaq?
Qayələri də bu!
Görməzdən gəlin, məhv etməyə çalışın, nə edirsiniz edin. Onlardan nəsə qalacaq!
Onlar bir günlük sevinci, bir günlük dincliyi qəbul etmirlər. İstəyirlər, bir gündə duyulan bütün xoş hisslər əbədilik olsun!
Darmadağın dünyada tamlığını qoruyan, parçalanıb yan-yörəyə “tökülmüş” ölkədə bütöv Vətən eşqiylə yaşayan, problemi çox olan millətin içində özünün dərdini gizlədib canını dişinə tutub, cəmiyyətin yükünü çiyinlərinə götürən, öz dincliyindən çox gələcək nəsillərin rifahını düşünən, abır-həyasından keçməyib istəklərini ürəyində öldürüb arzusuna çatmayan, başqalarının uğurundan şadlanan xoşniyyətli adam, (lar) millət sizlə millət olur.
Gül-çiçəyin, yaşıllığın mövsümü yaz-yay fəsilləri olduğundan dekabr ayında açan qızılgül diqqət çəkməyə, xoşa gəlməyə bilməz. Ən qalın geyimlərə “sığındığımız” vaxtda üzə gülümsəyən ləçəklər çətin anlarda ümidini itirməyən, hər şeyə rəğmən pozitivliyini qoruyan, ruhu cavan, həyat eşqi güclü olan insanları xatırladır. Mühit nə qədər sıxsa da ətrafındakılara kin bəsləməyən, heç kəsə nifrət püskürməyən insanlara eşq olsun. Onlar da həyatın çiçəkləridirlər. Qoxuları, gözəllikləri ilə ruhumuz dincəlir.
SERGEY JİTOMİRSKİNİN “SİRAKUZLU ALİM” TARİXİ ROMANI YAYINLANIB
Bu günlərdə tanınmış rus yazıçısı Sergey Jitomirskinin tarixi mövzuda yazdığı “Sirakuzlu alim” romanı nəşr olunub. Qədim yunan mütəfəkkiri Arximedin həyat yolundan bəhs edən romanı Azərbaycan türkcəsinə yazıçı VAQİF SULTANLI çevririb.
Qeyd edək ki, “Srakuzlu alim” romanı Azərbaycan oxucularına ilk dəfə ötən əsrin səksəninci illərinin sonlarında təqdim edilib. “Kritika” yayın evinin illər sonar romanı təkrar nəşr etməsi əsərin mövzu-problem baxımından aktuallığından qaynaqlanır.
Əsərlərini daha çox sənədli-bioqrafik və elmi-fantastik üslubda yazmış Sergey Jitomirskinin (1929-2004) “Yaradılmış maşınlar” (1977), “Monqolustan və Tibet tədqiqatçısı P.K.Kozlov” (1989), “Lənətlənmiş Atlantida” (1992), “Qədim astronomiya və orfizm”, “Epikur” (2001), “Romul və Rem” (2003), “Misir hökmdarı” (2005) kimi roman və povestləri geniş oxucu kütləsinin marağını çəkmiş, ədəbi tənqid tərəfindən yüksək dəyərləndirilmiş və müxtəlif dillərə çevrilmişdir.
Sergey Jitomirskinin ilk dəfə 1982-ci ilə yayınlanan “Sirakuzlu alim” tarixi romanı onun yaradıcılığında önəmli yerlərdən birini tutur. Arximedin həyat yoluna işıq tutan əsər sadə, çəkici bir dillə yazılmış, alimin riyasiyyat və fizika sahəsində qazandığı elmi uğurlar bədii səpkidə canlandırılmışdır. Romanın mühüm özəlliklərindən biri burada yalnız baş qəhrəman kimi seçilmiş Arximedin həyat yolunun deyil, bütövlükdə antik dönəmin əfsanə örtüyünə bürünmüş tarixi mənzərəsinin yaradılmasıdır.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, əsl tədqiqatçı-tarixçi, tarix üzrə fəlsəfə doktoru Musa Rəhim oğlu Quliyev in “İrəvan xanlarının məktublar külliyyatı (XVIII əsrin sonları)” (rus dilində) adlı kitabı artıq işıq üzü gördü. Rəyçiləri hörmətli alimlərimiz akademik İsmayıl Hacıyev və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa olan 336 səhifəlik bu dəyərli “xəzinə” Naxçıvanda “Əcəmi” nəşriyyatında (2024) çap olunub. Kitabın ön sözü və əlavənin müəllifi də hörmətli Musa müəllimdir.
Kitabda İrəvan xanlıığının qonşu xaqlarla və Kartli-Kaxetiya çarlığı ilə apardığı diplomatik münasibətlərin təsvir edildiyi məktublardan bəhs olunur.
Axtarışlar Gürcüstan Respublikasının Milli Əlyazmalar Mərkəzində, rus qafqazşünası K.N.Smirnovun şəxsi fondunda aparılmış və XVIII yüzillikdə İrəvan xanlarından Hüseynəli xana və onun oğlanları Qulaməli xana, həmçinin Məhəmməd xana məxsus 268 məktublar külliyyatı və İrəvan xanlarının qonşu xalqlarla yazışmalarına aid 116 məktub da tapılmış və Naxçıvana gətirilmişdir. Bu tapılan sənədlər İrəvan xanlığının tarixi, eləcə də qonşu xanlıqların tarixi və digər Azərbaycan xanlıqlarının tarixi haqqında əsaslı materiallar verir. Tapılan məktublar nəinki İrəvan xanlığının Türkiyə ilə, hətta digər Azərbaycan xanlıqlarının da Türkiyə ilə diplomatik münasibətlərinin öyrənilməsində əhəmiyyətli rol oynayır.
Kitab İrəvan xanlığının tədqiqi ilə məşğul olan tədqiqatçılar, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Mən tarixçi olmasam da, düşünürəm ki, Musa müəllimin gərgin əməyi sayəsində ərsəyə gələn bu kitab elmi araşdırıcılar üçün əvəzolunmaz bir qaynaqdır.
Tarixin qaranlıq səhifələrinin işıq üzünə çıxarılmasında çox qiymətli mənbə sayıla biləcək bu kitabın hazırda ölkəmiz üçün həssas siyasi proseslərin yaşanıldığı bir dövrdə tədqiqatçı alimlərin tezliklə diqqət mərkəzinə düşəcəyinə əminəm.
Elmimizə verdiyiniz bu qiymətli töhfə üçün sağ olun, var olun, Musa müəllim.
Azərbaycan Dillər Universitetinin əməkdaşı, Fəlsəfə araşdırmaçısı, tərcüməçi, tanınmış yazar Tural Cəfərlinin “Dahilərin həyatı və aforizmləri” adlı yeni kitabı işıq üzü görüb. Kitabda dahi şəxsiyyətlərin həyatları, yaşam fəlsəfələri, müdrik kəlamları yer alıb. Məşhur filosofların, yazıçı və rəssamların bir-birindən fərqli, düşündürücü və ibrətamiz düşüncələri önə çəkilib. “Mücrü” nəşriyyatında çap olunan kitab müəllifin sayca üçüncü kitabıdır.
Kənddə yaşadığı zaman Camaldan ötrü ilin payızdan, qışdan gözəl fəsli yox idi. Ona görə yox ki, bu fəsildə gecələr uzanır, günlər gödəlir, işlər azalır bolluq olur. Onu payıza bağlayan başqa səbəb vardı. O uşaqkən yaşadığı bölgədə televizor yox idi. Ancaq evlərində patefon vardı. Bunun da iynəsi korşalanda valın səs cızığını korlayardı, oxunan mahnıların ahəngini pozardı. Bu aparatdan kənddə Camalgildən başqa heç kəsdə olmadığından, axşamlar qonşular onlara toplaşardı. Maraqla Xanın, Bülbülün, Rəşidin, Gülağanın, Saranın, Şövkətin, Zeynəbin və başqa xanəndələrimizin, müğənnilərimizin mahnılarını dinləyərdilər. Kənddə ancaq bir evdə radioqəbuledicı vardı. Elektirik enerjisi olmadığından, radioqəbuledicini iri batareyalarla işlədirdilər. Kənddə radio qovşaq yaradıldı, evlərə kabel çəkildi, radio aparatı yerləşdirildi. Sübh tezdən aparat işə düşərdi. Aparıcı gümrah səsiylə: – Danışır Bakı, – deyib, xəbərləri, sonra da hava haqqında məlumatı elan edərdi. Dizel mühərriki ilə kəndə elektirik enerjisi verilən vaxtı yaxşı xarırlayırdı o. Ancaq qaş qaralandan axşam saat on ikiyədək evlərə paylanan elektirik işığını möcüzə kimi qəbul etdən kənd camaatı heyrətə gəlmişdi. Bunu axır zamanın əlaməti kimi qəbul edənlər də vardı. Çox çəkmədi bölgə Mingəçevir Su Elektitik Stansiyasından ötürülən elektirik enerjisi ilə fasiləsiz təmin olundu. Babat imkanı olanlar radioqəbuledici aldılar. Onun atasının “Rekord” markalı radioqəbuledici alıb, evə gətirib işə saldığı gün onlarda toy-bayram əhval-ruhiyyəsi yaranmışdı. Onun uşaqlıq dövründə indiki kimi hər evdə televizor, hər adamda telefon yox idi. Kolxoz dövrünün gərgin işindən yorulmuş adamlar axşam yeməyini yeyəndən sonra vaxtlarını xoş keçirmək üçün demək olar ki, hər gecə bir-birlərinə qonaq gedərdilər. Bəzən axşamlar onlara o qədər adamlar söhbətə toplaşardılar ki, döşəməyə sərilmış döşəklərdə uşaqlara oturmağa yer olmazdı. Deyib-gülər, zarafat edərdilər. Hamı zarafat götürən idi, bir-birindən inciməzdilər, heç kəs heç kəsin sözünü kəsməzdi. Küsülülər də az olardı o zaman. Çox nadir hallarda kəndin naqis adamlarının adları hallanardı o söhbətlərdə. Yaxşı adamların yaxşı əməllərindən çox danışardılar. Bildikləri nağıllardan, dastanlardan parçalar söyləyənlər də olurdu. Onda evlərdə dini ədəbiyyat olmazdı. Quran ayələrini, Peyğəmbərimizin hədislərini dini məclislərdə mollalardan, cümə namazına məscidə gedənlər imamdan öyrənərdilər. Yadlarında qalan ibratəmız, müdrik kəlamları bu cür axşam söhbətlərdə paylaşardılar. O vaxtlar indiki kimi evlərdə ayrıca mətbəx olmazdı. Odun sobası bir otaqda yanardı. Biş-düş orda hazırlanardı. Həmişə evlərində söhbətə yığılanlar üçün yüksək kolorili xörəklər hazırlanardı. Xolestrini, zülalı, kreatini heç kəs vecinə almazdı. Beləcə kənd zəhmətkeşləri payız, qış aylarının necə gəlib keçdiyini hiss eləməzdilər. Orta məktəbi bitirdi. Təhsil almaq üçün Bakıya gələrkən burda qalıb yaşayacağını planlaşdırmamışdı. Heç bu barədə düşünməmişdi də. Gözləmədiyi halda elə oldu ki, o göz açdığı, ilk havasını udduğu, ilk addımını atdığı dogma yurduna ildə bir aylıq məzuniyyət vaxtında, yaxud yaxınlarının xeyir-şərində gedib-gələsi oldu. Nə qədər ki, ata-anası sağ idilər, ata yurdunda özünü tam sərbəst aparırdı, özünü öz evində kimi hiss edirdi. Uşaqları heç bir sıxıntısız yay tətilini nənələriylə keçirərdilər. Anası dünyasını dəyişdikdən sonra bir neçə il belə davam elədi. Sonralar evin xanımlıq estafetini ələ alan kiçik qardaşının həyat yoldaşı içində gizlətdiyi soyuq münasibətini tədricən nəzərə çarpdırdı. Bu da ona “ulu sözünə baxmayan uluya-uluya qalar” atalar sözünü xatırlatdı. Hər dəfə məzuniyyətə gələndə atası, anası ona torpaq sahəsi götürüb ev tikməyi məsləhət görərdilər. O isə onların təklifinə razılıq vermirdi. Bir dəfə anası onlara gələrkən işdən dönəndə soruşmuşdu: – Ana, günün necə keçdi? – Yaxşı keçdi deyib, səni inandıra bilərəm. Özümü isə yox. – Niyə? Yoxsa naxoşlamısan? – Naxoşlamadım. Daha betərini yaşadım. – Nə oldu ki? – Heç nə baş verməyib. Bezdim sənin bu “qutu” kimi evinin icində. Ay oğul, indi işə gedib-gəlirsən, başın qarışır. Qocalanda bu qutulara sığmayacaqsan. Gəl daşı ətəyindən tök, məsləhətimi qulaq ardına vurma! Nə qədər ki, biz sağıq, yurdda yer göstərək, özünə ev tik. – Ay ana, düşəydin həyətə, çıxaydın şəhərə gəzişəydin. Həm vaxtın keçərdi, həm də darıxmazdın. – Şəhərin küçələrində veyillənməkləmi rahatlıq tapacaqdım? Mənim rahatlıq yerim dirriyimiz, bağ-bağatımızdı. Mən səni qandıra bilmirəm ki, bu dünyanın özünə də etibar yoxdur, adamlarına da. Elə düşünmə ki, çox oxuduğuna görə həyatı məndən çox öyrənmisən. Oxuduğun orta məktəbi mən də bitirmişəm. Sən dörd il ali peşə təhsili almısan, mən isə bir il oxuyub orta təhsil. Məndən üç il artıq oxuduğun məktəb sənə peşə dərsi verib. Ali dərəcəli mütəxxəsis yetişdirib. Sənin ali təhsil haqqında diplomunu ali məktəbə gedib-gəlib, oxumadan, rüşvətlə alanlar olub, var, olacaq da. İnsana son nəfəsinədək dərs keçən həyat akademiyasında isə rüşvət işə keçmir. Öyrənmək istəməyənlər, görüb-götürməyənlər bu dünyadan key kimi köçüb gedəcək. Yaş fərqimizin iyirmi beş il olduğunu nəzərə alsaq, hansımız həyatı daha yaxşı dərk edərik? Niyə adam deyəni eləmirsən? Camal ata-anasının özündən qat-qat yüksək təfəkkürlü, müdrik olduğunu görürdü. Və bundan qürur hissi keçirirdi. Anasının canıyananlığını da dəyərləndirirdi. O, anasının təklifini ona görə qəbul eləmirdi ki, şəhərdə doğulub böyüyən övladlarının heç biri atası öləndən sonra gedib kənddə yaşamayacaq. Nə vaxtsa boş qalacaq mənzilin tikintisinə sərf edəcək vəsaiti, daha vacib dərd-sərinə yönəltməyi məqsədəuyğun sayırdı. – Ay ana, ildə bir aylığa dogma kəndimə gəlirəm. Allaha şükür olsun ki, nə qədər istəsəm qalacaq yerim var. Xətrimi istəyənlərim də kıfayət qədərdir. Tikiləndən sonra il boyu qıfıllı qalacaq evin inşasına maya qoymağına dəyərmi? – Bu gün ərklə açdığın qapılar bir gün üzünə bağlana bilər. Səni qandırmaq istəyirəm ki, bu gündən sabaha etibar yoxdur. Anası onu qandırmaq istəyirdi, o isə qanmırdı. Onun qanmamazlıqda ittiham edən anası hirslənib demişdi: – Baxt gələcək qanmamazlığının acısını dadacaqsan. Camalın anası təxmininində yanılmamışdı. Düşündüyü vaxt yetişdi. Doğrudan da anasını qanmamasının acısını yaşadı. Bu məqamda o, anasının özünü qandırmağa cəhd etdiyi yaşında olardı. Onun üçün bu gecikmiş qanmağın bir qəpiklik də dəyəri yox idi…
*
Camal uşaqlarının yay tətili vaxtında, iş yerində yaranan vəziyyətə görə həmişəki kimi ailəsi ilə kəndə gedə bilməmişdi. Tətildən qayıdandan sonra Camal yoldaşı Sənubərdən soruşdu: – İstirahətiniz necə keçdi? Sənubər qısa sükutdan sonra ərinin üzünə baxdı: – Pis keçmədi. Camal yoldaşının cavabından hiss elədi ki, bu tətilin istirahəti yoldaşını qane etməyib. Özünü də aldığı cavab qane etmədiyindən dedi: – Elə cavab verdin ki, görürəm yaxşı keçməyib. – Dediyimə inanmadın? – Axı cavabın inanılası kimi səslənmədi. Sənubər bilirdi ki, əri ondan dəqiq cavab almamış əl çəkməyəcək. Cavab gözləyən ərinə baş verəni açıqlamalı idi. Amma necə? Bu necənin yumşaq yoluna düşməkdə çətinlik çəkirdi.
*
Həmişə olduğu kimi yenə də Camalın ona evlilik təklifi etdiyi günü xatırladı. İnstitutu bitirdikdən sonra təyinat üzrə eyni zavodda işləyirdilər. İşə gəldikləri vaxtlar ara-sıra olsa da, çıxdıqları vaxt həmişə avtobus dayanacağına kimi yol yoldaşı olurdular. Bir gün Camal minəcəyi avtobusu ötürdü. Sənubər səbəbini soruşdu: – Niyə minmədin? – Səbəbini bilmək istərdinmi? Sənubər təəccüblə onun üzünə baxdı: – Sənin avtobusu ötürməyinin mənimlə bir əlaqəsi varmı ki? – Əlbəttə, var. Sənubər Camalın dərin həyəcan keçirdiyini hiss elədi. Bunun özü ilə nə əlaqəsi ola biləcəyi ilə maraqlandı: – Camal, örtülü danışırsan. Heç nə başa düşə bilmirəm. – Açıq danışmağa cürət etsəydim örtülü danışmazdım. Artıq onun məqsədini anlayan Sənubər gülümsündü: – Ay Camal, elə danışırsan ki, elə bil ilk dəfə üz-üzə gəlirik. Səni açıq danışmaqdan məhrum edən bu cürətsizlik hardan çıxdı? – Yadındadırmı oxuduğumuz vaxtlar tez-tez sənə baxardım? – Onda kimə baxmırdın ki? Gözünü qızlardan çəkirdin ki? – Nə bilirdin? Həmişə mən baxanda üzünü döndərərdin. – Nə eləməliydim ki? Gözünü başqa qızlardan çəkmədiyini görmürdüm? Camal bir anlığa o vaxtları xatırladı. Tələbə yoldaşı olan qızların hamısı gözəl idi. Əgər ondan soruşsaydılar ki, ən gözəli hansıdır? Hansısa birinə barmağını uzadıb, budur, deməkdə çətinlik çəkərdi. Həmişə onları nəzərdən keçirib, hansının daha gözəl olduğunu ayrıd etməyə çalışardı. Kimin daha ağıllı olduğunu soruşsaydılar, düşünmədən Sənubəri göstərərdi. Desəydilər ki, hansına elçi düşərdin? Sənubərə barmağını uzadardı. Dəfələrlə ona ürəyini açmaq istəsə də, rədd cavabı alıb üzüləcəyindən qorxub heç nə demədi. İndi öz dilindən eşidəndə ki, Sənubər də ona göz qoyurmuş, gec də olsa təəssüfləndi. Cəsarərsizliyinə görə özünü qınadı. İndi o, tam əminliklə qəlbini ona aça bilərdi. – Sənubər, o zaman mənim niyyətimi düz başa düşməmisən. – Necə başa düşməliydim ki, görmürdüm? – Ay insafsız! Mən onlara heyran olduğum üçün baxmırdım. Aranızdakı fərqı ölçüb-biçirdim. Bircə dəfə mən baxanda üzünü yana çevirməyib gözümün içinə baxsaydın, cəsarətə gəlib ürəyimi sənə açardım. Gör neçə ilimi qəlbimdə sənə qarşı cücərən hissimi boğa-boğa keçirmişəm. – Məni ittihammı edirsən? – Sənubər gülümsündü. – Özümü ittiham edirəm. – Bəlkə belə olmağı yaxşıdır. – Gəl bu “bəlkə”ni qoyaq bir kənara, keçək mətləbə. Bir-birimizi yaxşı tanıdığımıza görə sənə birbaşa evlilik təklifi eləsəm, yenə üzünü döndərməzsən ki? Bu günə qədər ağlından keçməyən təklif Sənubəri çaşdırdı: – Bəlkə yaxşı-yaxşı düşünək? – Demək istəyirsən ki, bir müddət də, yaxşı-yaxşı ürəyim üzülsün? – Bu iş mal alış-verişi deyil ki, baxdın, gördün, bəyəndinsə o saat əl tutub sövdələşəsən. – Kifayət qədər görmüşəm, baxmışam, bəyənmişəm. Məncə vaxt uzatmağın mənası yoxdur. Atam, anam tələsdirməsəydi, mənə qalsa nə qədər desən gözləyərdim. Sənubər dünən anasının onu sorğu-sual edib fikrində kiminsə olub-olmadığını öyrənməyə cəhd edərkən, yalan uydurmaq zorunda qalmışdı. Çünki qohumlarından biri oğluna görə ona elçi gəlmək üçün anası ilə danışıq apardığını bilirdi. Anası ona bəyənmədiyi qonşusunun oğlunu tərifləyəndə demişdi: – Bir də mənə bu barədə söz açma. – Səbəbini bilmək olarmı? – Yaxın günlərdə biləcəksən. – İndi bilsəm dünya dağılmaz ki? – Ay ana, bu günədək səndən məsləhətsiz bir iş görmüşəm? Sözündən çıxmışam? Adınıza zərər, utanc gətirəcək yanlışlığa yol vermişəm? Xahiş edirəm sənin narahat olduğun bu məsələdə məni sərbəst burax. Çünki bu, mənim həyatımdır. Bu həyatımı özüm davam etdirəcəyəm. Bu həyatımda sən kənarda qalacaqsan. Bilirəm nəzərin həmişə üstümdə olacaq. Şad günümdə sevinəcəksən, pis günümdə üzüləcəksən. Məni bu yerə çatdırınca çəkdiyin zəhmətinin üstünə, dərdimin də yüklənməsini istəmirəm. Sənubər anasının narahatlığının səbəbini başa düşürdü. Onun həmyaşıdlarının hamısı ərə gedib. Evdə qalan təkcə özü idi. Bilirdi ki, əksər vayideynlər kimi ata-anası da qızlarının evdə qalıb, qarıyacaqlarından narahat idilər. O, dünən anasının narahatlığını səngitmək üçün “yaxın günlərdə biləcəksən” cavabına qarşı anasının səsləndirdiyi “indi bilsəm dünya dağılmaz ki?” sualına bu gün cavab verə biləcəyini planlaşdırmamışdı. Camalın dediyi “…ata-anam tələsdirməsəydi…” ifadəsi anasının səsləndirdiyi “indi bilsəm dünya dağılmaz ki?” sualı hər ikisinə vaxt uzadıb düşünməyə möhlət vermirdi. Xasiyyətinə bələd olduğu, güvəndiyi, həyatından silinməsi mümkünsüz tələbə yoldaşı kimi yer tutan bəyəndiyi həmyaşıdının təklifini qəbul etdi. – Camal, biz indiki öz-özümüzü dolandıra biləcək məqama özbaşına gəlib çatmamışıq. Atamızın, anamızın dəstəyi, yardımından bəhrələnib istəyimizə nail olmuşuq. Artıq biz əvvəlki kimi onların dəstəyinə, yardımına yox, xeyir-duasına möhtacıq. Var-dövlətimiz başımızdan aşsa da, özləri ac-yalavac qalsalar da, bizdən elədiklərinin əvəzini ummazlar. Allah eləməsin, üz döndərsək də, bizə laqeyd qalmazlar. Dünən anamla təkbətək söhbətimiz oldu. Məndən ötrü necə narahat olduğunu görəndə özümü qınadım. Çünki hələ tələbə ikən bəyənilməsində əngəl olmayan bir neçə oğlanın mənə evlənmək təklifi etmələrinə peşman eləmişdim. Bu gün səndən bu təklifi alanda ilk ağlıma gələn bu oldu: “nə yaxşı ki, onlardan imtina eləmişdim”. – Sənə qulaq asdıqca, mən də özümü qınayıram. Zənnimdə yanılmıramsa, o vaxtlar sənə ürəyimi açsaydım, məni peşman eləməzdin. – Bəlkə də etməzdim. – Sənubər gülümsündü. – Ax… axmaq baş. Kaş ki, indiki ağlım o vaxt olaydı, – Camal sağ əlini düyünləyib yumruğunu başına vurdu. Yenə Sənubərin üzündə təbbəssüm göründü: – Ağlım yox, cəsarətim – desəydin, daha düzgün olardı. – Nə fərqi var ki, cəsarəti də ağıl idarə etmirmi? Nə isə. Olan olub, keçən keçib. Keçmiş gecikmiş ah-zarı qəbul eləmir. Allaha şükürlər olsun ki, heyfslənəcək itirdiyimiz bir şey yoxdur. Sən nə vaxt ailənlə danışıb atamla anamın səbirsizliklə gözlədikləri elçilik günümüzü mənə bildirəcəksən? Sənubər anasının bu təklifə sorğu-sualsız razılıq verəcəyinə şübhə etmirdi. Atasının isə etiraz etməyəcəyinə əmin olsa da, qarşı tərəfi tam araşdırmayıb, tez bir zamanda razılıq verəcəyini gözləmirdi. – Camal, səni yetərincə tanıyıram. Oxşar cəhətlərimiz də kifayət qədərdir. Bu da ondan xəbər verir ki, xoşbəxt ailə həyatı qura bilərik. Şərti şumda kəsək, sənə bircə təklifim olacaq. – Cəmi bircə şərt? – Camal Sənubərin sözünü kəsdi. – Bəli, ikinciyə gərək yoxdur. Əgər söz versən ki, aramızda heç bir qapalı sirrimiz olmayacaq, təklifini canla-başla qəbul edərəm. – İnandıqlarının, müqəddəs saydıqlarının hamısına and içirəm, hətta gördüyüm yuxumu da oyanan kimi səninlə bölüşərəm…
*
Birgə yaşadıqları xoşbəxt ailə həyatının təməli qoyulan o günü illər keçməsinə baxmayaraq, bir an belə unutmamışdı Sənubər. Evə çatan kimi bildirəndə ki, tələbə yoldaşı ona evlilik təklifi edib, anası sevindiyindən doluxsunub ağlamışdı. Cəmi bircə şərtlə qəbul edilib reallaşan ailə həyatında onun ərindən gizlətdiyi heç bir sirri olmamışdı. İndi isə o, ərinin atasının evində üzləşdiyi xoşagəlməz münasibəti gizlətməyə məcbur idi. İstəmirdi ki, iki qardaş arasında soyuqluq yaransın. – Sənubər, mən adamın gözünə baxanda ürəyini oxuyuram. Sənin də məndən nəyisə gizlətdiyini görürəm. Gəl öz xoşunla açıqla! Bil ki, ört-basdır etdiyin sirrin yerinə çatmamış əl çəkən deyiləm. Birgəyaşayış dövründə Sənubər ilk dəfə ərinə yalan danışmalıydı. Bəyənilməz olsa da, bu yalan bir ailədə baş verəcək qalmaqalın qarşısını alacaqdı. – Bu dəfə deyəsən kəndinizin havası mənə düşməmişdi. Tez-tez başım ağrıyırdı, təzyiqim qalxırdı, enirdi. – Uydurmana mənim inandığımı zənn edirsənsə, yanılırsan. Niyə yad adamlar kimi üzümə yox, yerə baxıb danışırsan? Adam bacarmadığı işə girişməz. Axı səndə yalan uydurmaq alınmır. Evlənməyə qərar verdiyimiz gün səsləndirdiyin şərti unutdunmu? Gözümün içinə bax, gerçəyi danış. Onsuz da nə baş verdyini təxmin etmişəm. Sənubər gördü ki, gerçəyi açıqlamaqdan başqa çarəsi qalmayıb, o gecəni xatırladı…
*
Camalın əmisi oğlu onu şam yeməyinə dəvət eləmişdi. Qonşuların da iştirak etdiyi məclis maraqlı keçdi. Qonağı olduğu qaynıgilə dönəndə gec idi. Uşaqlar yatmışdı. Pilləkənləri qalxanda, içəridən qaynının yoldaşına acıqlandığını eşitdi: – Nə qədər ki, əlimdən xəta çıxmayıb, ağzını yum! Bu evdə mənimlə bərabər qardaşımın da haqqı var. Eşitsəm ki, onun külfətinin xətrinə dəymisən, məndən incimə! Eşitdiyindən kefi pozulan Sənubər həyətə düşdü. Gəldiyini bildirmək üçün pilləkənin yanındakı boş vedrəyə toxundu. Səsi eşidib bayıra çıxan Kamal dilləndi: – Deyəsən əmioğlu yaxşı qonaqlıq verib? Evə tez dönsəydim mən də gələrdim.
Özünü heç nə eşitməmiş kimi göstərməyə çalışan Sənubər üzrxahlıq elədi: – Bağışla. Gecikib istirahətinizi pozdum. Əmioğlunun bəxti gətirib. Elə gözəl xasiyyətli, şirin dilli yoldaşı var ki, adam söhbətindən doymur. – Bəxti gətirib yox, başı yaxşı işləyib desən, daha düzgün olardı. Nənəm onu qəbul eləmək istəmirdi. Qardaşı qızını ona sırımaqdan ötrü dəridən-qabıqdan çıxsa da, istəyinə nail ola bilmədi. Üstünə nə qədər adam salsa da, əmioğlu fikrindən dönmədi. Əmioğlu görür ki, təklənib. Hamı nənəsini dəstəkləyir. Babama deyib: – Ay baba, arvadı hegomonluq edən kişilərə necə baxırsan? – Babam cavab verib: – Mən belələrini kişi saymıram. Kişinin evində kişinin sözü keçməlidir. – Bəs bizdə niyə arvad hökmünü yeridir? – Bu nə deməkdir? – babam hirslənəndə əmioğlu tez sözünü deyib: – Baba, seçib bəyəndiyim qızdan ötrü sizi elçiliyə göndərə bilmirəm. Qızın eybinə görə yox, nənəmin hökmünə görə bəyəndiyim qızı qəbul etmirsiniz. Nənəmin məqsədi aydındır. İstəyir ki, qardaşı qızını yanına çəksin. Sizdən baş aça bilmirəm. Niyə xoşbəxtliyimə əngəl olursunuz? Babam bir az düşündükdən sonra soruşub: – Bəyəndiyin kimin qızıdır? – Əmioğlu Sonanın atasının, anasının adını çəkən kimi babamın üzü gülüb. Nənəmlə əmimi yaxşıca töhmətləyib, vaxtı uzatmadan elçiliyə getmələrini tələb edib. Əmioğlunun başından elədiyi çanaq nənəmin istəyilə mənim başımda sındı. Sənubər Kamalın dərindən köks ötürdüyünü görəndə, sözə baxanlığının azarını çəkdiyini hiss elədi, onun halına acıdı. Sənubər o gecəni yuxusuz keçirmişdi. Qayınının yoldaşına qandırdığı: “bu evdə mənimlə bərabər qardaşımın da haqqı var” ifadəsi ara vermədən qulaqlarında təkrarlanırdı, onu düşündürürdü. Camalın təbii haqqından övladlarının yararlana bilməməsi ona qəribə gəlirdi. Ertəsi gün səhər Ulduz Sənubəri səhər yeməyinə dəvət etsə də, iştahasının olmadığını bəhanə edib, səhər yeməyindən imtina elədi. O, gedib bir neçə dəqiqədən sonra Kamal gəldi. Sənubərin pal-paltarını yığışdırdığını görəndə təəccüblə soruşdu: – Gəlin bacı, sən nə edirsən? – Kamal, Camaldan narahatam. Axşam qarışıq yuxular görmüşəm. Getsəm yaxşıdır. Kamal bu günə qədər gedəcəyi barədə fikrini bildirməyən gəlinlərinin birdən-birə getməyə qərar verməsinin arxasında nəyinsə gizləndiyini hiss elədi. Və bu şübhəsi həyat yoldaşı Ulduza istiqamətləndi. Gözləmədiyi qərarın dəqiq səbəbini ondan soruşarsa, dəqiq cavab ala biləcəyinə ümidi yox idi. Özü bu müəmmalı səbəbin axtarışına çıxdı. İlk növbədə ağlına gələn keçən axşamkı yoldaşı ilə aralarında olan mübahisə oldu. İşdən evə qayıdarkən, dördyolda rastlaşdığı köhnə dostlarıyla başı söhbətə qarışdığından evə gec gəlmişdi. Gəlinlərini evdə görmədikdə yoldaşından soruşdu: – Sənubər hanı? – Harda olacaq. Əmioğlun qonaq çağırıb. Ulduzun açıq-aşkar gözə çarpan aqressiyasına təəccüblənən Kamal qəzəbləndi: – Çağıran yerə gedərlər də. Burda hiddətlənəsi nə var ki? – Çox şey var. Onun kimi mən də bu nəslin gəliniyəm. Ona edilən hörməti heç kimdən görmürəm. O göydən yerə qızıl səbətləmi endirilib ki, hamı başına and içir? Səhər Sona gəlib onu nahara dəvət edib. Aradan yarım saat keçməmiş əmioğlun da gəlib təkrarlayır. Səhər evdən çıxandır. Görünür əmioğlun onun şərəfinə böyük ziyafət təşkil edib. – Hörmət tələb edilmir, qazanılır. Özü də zor gücünə yox, şirin dillə, xoş rəftarla, xoş niyyətlə qazanılır. Kin-küdurət, eqoistlik adamı elin rəğbətindən məhrum edər. Hörmət adama adam olduğuna görə yox, necə insan olduğuna görə qoyulur. – Deyirsən mən hörmətə layiq deyiləm? Hamınızın pərəstişkarlıq etdiyi gəlinbacı dediyin o şeydən nəyim əskikdir? – Əskikliyini özün öz dilinlə təsdiqlədin. Elə təsdiqlədin ki, şərhə yer qalmadı, – Kamal ona ağzını açmağa imkan vermədən bütün əskik cəhətlərini açıqladı. Bu açıqlamadan nəticə çıxardacaq səviyyədə sağlam düşüncədən məhrum olan Ulduz ərinin nəsil-kökünü qatıb-qarışdırıb elə yoğurdu ki, Sənubər eşitsəydi bir daha onun olduğu yurda ayaq basmazdı.
Çıxılmaz durunda qalan Sənubər gerçəyi ərinə danışmağa məcbur idi. Elə danışmalıydı ki, qardaşlar arasında nifaq yaranmasın: – Camal, mənim kənddən tez dönməyimin Kamalla heç bir əlaqəsi yoxdur. Onu həmişə öz qardaşım gözündə görmüşəm. İndidən sonra da münasibətim dəyişməyəcək. – Bunu bilirəm. Çünki onun xasiyyətinə bələdəm. Səndən nə baş verdiyini soruşuram. Bil ki, gizlətdiyin bir “heç nə” məndə min “heç nə”nin şübhəsini yaradır. Sənubər nə baş verdiyini ərinə danışdı. Kamalın halına acıdığını bildirdi. – Qardaşımın evini nənəm yıxdı. Əmioğlunu sındıra bilmədi. O olmasın, bu olsun deyib, çox çətinliklə qardaşı qızını Kamala yüklədi. – Bəs bunun axırı necə olacaq? Kamalın danışığından hiss elədim ki, onda yoldaşına qarşı sevgidən əsər-əlamət yoxdur. – Əvvəldən də olmamışdı. Onun istədiyi qız vardı. Atamgil bir dəfə elçiliyə getdi. Qızın anasını anam razı saldı. Atasının isə razılığını ala bilmədilər. Kişi onu varlı bir qohumunun oğluna nişanladı. Kamal qaçırmaq istədi. Qız atasına bağlı olduğunu, onu üzəcək addım ata bilməyəcəyini bildirdi. Onun acığına nənəmin çoxdan cəhd etdiyi təklifini qəbul elədi. – Ay Camal, Ulduzun nə dediyini eşitmədim. Nə demişdisə, Kamala bərk toxunmuşdu. Yoxsa, onun üstünə elə sərt qışqırmazdı. Doğma qardaşının təsdiq etdiyi kimi doğrudan da sənin doğulub boya-başa çatdığın ata yurdunda onunla bərabər haqqın var. Ulduza görə, sən dogma ata yurduna ancaq qonaq kimi gəlib-gedə bilərsən. Qonaq da düşdüyü yerdə aynan qala bilməz. Misalgəlişi deyirəm, Allah eləməsin, evziz-eşiksiz qalası olsan, orda sənə yer yoxdur. Mənim yanımda atan da, anan da sənə dəfələrlə dedilər ki, gəl köməkləşək bu yurdda ev tikək. Yay tətilinə gələndə öz evinizə düşün. Sən razılıq vermədin. Böyüklərin məsləhətini qulaqardına vurduq. Elə bildik savadlıyıq, onlardan çox bilirik. Dərk eləmədik ki, elmi çox bilsək də, həyatı onlardan çox görməmişik. O vaxt Sənubərin qaynatasının onlar üçün ayırdığı sahədə ev tikmək təklifini Camal qəbul eləməmişdi. Nə biləydi ki, vaxt gələcək, təqaüdə çıxacaq, anasının dediyi kimi, şəhərə çıxıb veyillənməyə dizlərində taqət qalmayacaq. Bütün günü evində oturub televizora baxmaqdan başqa məşğuliyyət tapmayacaq. Anasının dediyi kimi “qutu”nun içində darıxacaq. Atası vəfatından bir il qabaq yurddan onun üçün ayırdığı sahəni göstərib dedi: – İndi sən ömrünün gözünün ayağının altını görməyən, göydən gedən mərhələsini yaşayırsan. Qolundakı saata bax, saniyəölçən əqrəbin necə sürətlə addımladığını görəcəksən. Dəqiqəölçən əqrəb də dayanmır. Fasiləsiz hərəkətdə olsa da, saniyəölçən əqrəb altmış addım atmamış, dəqiqəölçənin hərəkət etdiyini görmürük. Saniyənin altmış addımını qəbul edən bir dəqiqə də, tam dəqiqliklə altmış addımını atır, zamanın bir saatı tamamlanır. Saatın iyirmi dörd addımı ömür kitabımızın bir vərəqini qatlayır, yenisini açır. Bu ardıcılıqla ömür kitabımızın vərəqləri qatlana-qatlana, yenilənə-yenilənə yaşımızdan silinən altmış ilimiz arxada qalır. Gücümüzün, taqətimizin, potensıalımızın zəifləmiş enerjisi ilə həyatımız davam edir. Yaş üstə yaş artdıqca, insanoğlunun həyat eşqi, istəyi isə zəifləmir, daha da zənginləşir. Amma uzaqlaşdığı cavanlığında görə biləcəyi işləri görməyə nə fiziki gücü, nə də maddı imkanı yetərli olmur. Gördüyün bu yurdda bir vaxt vardı atam olmayıb, babam olub. İndi mən varam, atam yoxdur. Bir gün görəsəksən, mən də yoxam, Kamal var. Nə qədər ki, biz varıq, sən bu evə öz evin kimi gəlib-gedəcəksən. Ananla mən olmayandan sonra necə olacağını nə mən, nə də anan görməyəcəyik. Öncəgörən olmasam da, təxmin edirəm ki, vaxt gələcək sözümə baxmamağının azarını çəkəcəksən. Gəl daşı ətəyindən tök, sözümə bax. Köməkləşək, sənə bu yurdda ev tikək. Atası bu təklifi edəndə, indiki kimi kəndin hər həyətinə su xətti çəkilməmişdi. Camaat suyu kəndin mərkəzində qazılmış artezian quyusundan daşıyırdı. İndiki kimi hər evdə hamam yox idi. Yuyunmaq üçün rayon mərkəzinə gedərdilər. Ağlına da gəlməzdi ki, nə vaxtsa kəndlərinə qaz xətti çəkilər, evlərdə suqızdırıcı olacaq. Mətbəxdə qadınlar qab-qacağı boruyla gələn isti suda yuyacaqlar. İndi o təqaüdə çıxıb, qızını köçürüb, oğlunu evləndirib. Oğlunun da işi var, gəlininin də. Onlar bir-birindən asılı olmadan özlərini dolandıra bilərlər. Əgər ata-anasının məsləhəti ilə kənddə ev tiksəydi, ər-avad öz evlərinə köçərdilər. Aldıqları təqaüdlə, şəxsi təsərrüfatlarını dirçəltməklə, bazardan asılılıqqlarını minumuma endirməklə, yaşayış səviyyəsini maksimuma yüksəldərək, səs-küysüz, bol oksigenli, dogma kəndində doğmaları arasında firavan həyat tərzi keçirərdilər. Baxdığı Türk serialının reklam vaxtında Sənubər eyvanda tək-tənha şəhəri seyr edən ərinə yaxınlaşdı. Onun dərin fikrə getdiyini görüb, dərdinə şərik olmağa cəhd elədi: – Camal, təqaüdə çıxandan sonra sənin elə bir günün olmayıb ki, gecənin yarısını eyvanda keçirməyəsən. Yay vaxtı başa düşüləndir. Otaq isti olur. Havalar sərinləşəndə də vərdişindən əl çəkmirsən. Kənardan göz qoyuram. Hiss edirəm ki, nəyinsə xiffətini çəkirsən. – Sənubər, kəndimizə gedəndə elə bir gecəmiz olmurdu ki, tək qalıb darıxaq. – Tək qalmağa imkan verirdilərmi? Hər gecə qonaq çağırırdılar. Vaxtın-vədənin necə keçdiyini hiss eləməzdik. Ulduzdan başqa hamının bizə xüsusi rəğbəti vardı. Bu da onu qıcıqlandırırdı. – Sağlığında atam da, anam da, onların yoxluğunda sən də kəndimizdə ev tikməyə məni razı sala bilmədiniz. Onda tikinti məhsulları ucuz idi, imkanımız da vardı. – O vaxt ucuzluq idi, kredit yoxuydu. Gəl büküb saxladığım, istifadə etmədiyim qızılları sataq, kredit götürək. Kamalla danışaq, atanın sənə ayırdığı sahədə ev tikək. Həm ömrümüzün qalan hissəsini səs-küysüz, təmiz havalı dogma kəndində, öz adamlarının əhatəsində olarıq, həm də yay tətilini uşaqlarımız, nəvələrimiz öz evlərində keçirərlər. – Kamalla hər gün danışırıq. Bu gün də zəng eləmişdi. Dedi ki, atamızın ayırdığı sahədə ev tikmək istəsəniz özü də kömək edəcək. – Mənə də zəng eləmişdi. Dedi ki, köçüb gəlin kəndə. Birləşib evinizi tikərik, ata-anamızın ruhunu şad edərik. Son vaxtlar elə bir gecəm olmur ki, yuxuma girməsinlər. Camal indi anladı ki, qardaşı nəyə görə ona zəng edibmiş. Hansı vacib məsələni həll eləmək üçün sabah yanına gələcəyini bildiribmiş… 26.02.2024