Kateqoriya arxivləri: AĞDAM HAQQINDA ŞEİRLƏR

ZAUR USTACIN “45” ŞEİRLƏR KİTABI SATIŞDA

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

ZAUR USTACIN “45” ŞEİRLƏR KİTABI SATIŞDA

BURADAN SİFARİŞ EDİN: >>>> kitabal.az

Arxiv: archive.vn

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – YENİ ŞEİRLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

YAZ  SEVDASI  VAR
Bu payız bir başqa gəlir ömrümə,
Güzün gümanında yaz sevdası var.
Xəzana bürünüb bütün bağ, bağça
Güzün gümanında yaz sevdası var.
* * *
Bu xəzan yelimi, ya bahar mehi?
Bivaxt tumurcuqda, tər zəfər zehi,
Qızılı yarpaqda zər qəhər şehi,
Güzün gümanında yaz sevdası var.
* * *
Ustac, tac almısan Haqqın özündən,
Gözəllər xoşhaldır şirin sözündən,
Görməz, qəm süzülür qəmgin gözündən,
Güzün gümanında yaz sevdası var.
29.08.2021. Bakı.

MƏN BABƏKƏM
(“Uşaq boğçası”ndan bir şeir)
Babəkdir mənim adım,
Sırğa et qulağında!
Bir ömür xərcləmişəm,
Hürriyyət sorağında.
***
Bu yurd sənə əmanət,
Bəzz yanan ocağımdır.
Mayası qan lalələr,
İstiqlal sancağımdır!

AZƏRBAYCAN
(“Uşaq boğçası”ndan bir şeir)
Odlar yurdu deyir hamı,
Azərbaycan mənim adım!
Sağım, solum, dörd bir yanım,
Öz canımdan,  qol-qanadım!
***
Nazlı Araz kəmərimdir,
Xudafərin onun qaşı!
Birləşdirir ayrı düşmüş,
Dost-tanış, bacı-qardaşı!

HÜSNÜ PÜNHANA
(birinci şeir)
İsmipünhan deyib, yazıb şairlər,
Mənim müsahibim hüsnü pünhandı.
Səmimi, mehriban, həm zarafatcıl,
Mənim müsahibim hüsnü pünhandı.
* * *
Ürəyi yuxadı, xasiyyəti xoş,
Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”!
Camalın gizlədib, deyir:- “Nəğmə qoş”!
Mənim müsahibim hüsnü pünhandı.
* * *
İsmin bağışlayıb; “Nurlu ləçəkdi”,
Cənnət bağçasında şehli çiçəkdi,
Ustacam, bu iş də bir görəcəkdi,
Mənim müsahibim hüsnü pünhandı.
07.10.2021. Bakı.

BAYRAQ  BİZİM  BAYRAĞIMIZ!!!
Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!
11.10.2021.Bakı.

ŞAHİ-CAHAN
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!
* * *
Taclı şair şeir yazdı dodaqsız,
Canın xanı yaranışdan qonaqsız,
Şahi-cahan, yaşar səssiz, soraqsız,
Hərgah coşsa, o çağını yaza yaz!

YARADAN YARATDI
(Dodaqdəyməz)
Tala tala, meşə meşə, dağı dağ,
Yaradan yaratdı yer naxış-naxış.
Sısqa sısqa, dərya dərya, arxı arx,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Aqil alar dərsi iki alandan,
Haqq ayrılar, çıxar yağtək yalandan,
Həyat keçər, əyri-əyri dalandan,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Taclı Şair, taxtın, tacın sirdi sirr,
Sənə çatan baxtın, bacın sirdi sirr,
Qarşı yatan ağrın, acın sirdi sirr,
Yaradan yaratdı yer naxış-naxış.
07.11.2021. Bakı.

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustdan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

YEL
Kim üçünsə mələkdi,
Kim üçünsə fələkdi,
Nə mələkdi, nə fələk…
Küləkdi bu, küləkdi!
* * *
Arada küsər belə,
Hirs ilə əsər belə,
Ümidi kəsər belə,
Ələkdi bu, ələkdi!
* * *
Yenə əsdi, ələdi,
Acı fikrə bələdi,
Toxu dilək dilədi,
Diləkdi, bu diləkdi!
11.11.2021. Bakı.

NAZLI BALA
Alagözdür, verib Xuda,
Gözəl, göyçək Nazlı bala!
Maşallah olsun, namxuda,
Gözəl, göyçək Nazlı bala!
* * *
Gözü Göyçədən su içib,
Kökdən gəlib, çox yol keçib,
“Donun” Xaliq özü biçib,
Gözəl, göyçək Nazlı bala!
* * *
Ustac bağlı soya, kökə,
Nazlı balam bəyim, bikə,
Züryət hardan hara çəkə!?
Gözəl, Göyçək, Nazlı bala!
11.01.2022. Bakı.

USTACLIYAM
Gözlərimin alalığı,
Ulu Göycəmdən ərmağan.
Ərdəbilin naləsidir,
Ruhum həp eylədi fəğan.
* * *
Yarı Qarqar, yarı Əfkər,
Şəhriliyəm; şaham, tacam!
Şah İsmayıl silahdaşı,
Ustaclı oğlu, Ustacam!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ustaclı oğlu, Ustacam!

ZAUR USTACIN YAZILARI

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Ustaclı oğlu, Ustacam!
Gözlərimin alalığı,
Ulu Göycəmdən ərmağan.
Ərdəbilin naləsidir,
Ruhum həp eylədi fəğan.
* * *
Yarı Qarqar, yarı Əfkər,
Şəhriliyəm; şaham, tacam!
Şah İsmayıl silahdaşı,
Ustaclı oğlu, Ustacam!

19.12.2021. Bakı ş.

  Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

İldırım Əkbəroğlu – (Füzuli) – şairin həyatı fotolarda.

ALLAH RƏHMƏT ELƏSİN…

HƏYAT VƏ YARADICILIĞI

İldırım Əkbəroğlu – Füzuli (Məmmədov İldırım Əkbər oğlu) 13 sentyab 1950-də anadan olub. Beyləqan rayonu Kəbirli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmət keçib. Bu ərəfələrdə artıq şeriləri rayonun çoxtirajlı qəzetində müntəzəm şəkildə çap olunması səbəbi ilə bölgədə hamı onu şair kimi tanıyırdı. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutuna, indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunur və 1979-cu ildə təhsilini başa vurur. Bu müddətdə radioda, televiziyada şeriləri səslənir, 1978-ci ildə B.Vahabzadə və İ.Şıxlının redaktorları olduğu “Çinar pöhrələri” toplusunda şeriləri geniş oxucu kütləsinə təqdim olunur. Dost – tanış və eyni zamanda yazıları ilə tanış olan hər kəs onu bir şair kimi qəbul edir, gələcəyini bu istiqamətdə təsəvvür edirdi. Müntəzəm olaraq şerləri qəzetlərdə çap olunurdu. Təhsili başa vurub Rayonda işə başlamaqla sanki, yaradıcılıq arxa plana keçir… RTTB –ndə 1998–ci ilə kimi baş mühasibin müavini, 2015-ci ilin sonuna kimi İH-nin Kəbirli kənd ərazi nümayəndəliyində baş məsləhətçi kimi fəaliyyət göstərir. Təqaüdə çıxdıqdan sonra sirli söz aləmi yenidən onu öz sehrinə salır.. Şerləri dəfələrlə almanaxlarda, qəzetlərdə çap olunur. İldırm Əkbəroğlu 22 yanvar 2019 – cu ildə MYK -ın ömürlük fəxri sədri seçilmişdir. İldırım Əkbəroğlu 22 dekabr 2019 -cu ildə vəfat emiş və Beyləqan rayonu, Kəbirli kəndində dəfn olunmuşdur.

KİTABLARI:

İldırım Əkbəroğlunun bu günə qədər iki kitabı nəşr olunub. “İldırım Əkbəroğlu” adlı ilk kitabı sağlığında, demək olar ki, ömrünün son günlərində (2019), “70” adlı ikinci kitabı isə ölümündən sonra (2020) nəşr olunmuşdur. Son olaraq “Yazarlar” jurnalının tərtib etdiyi “Ana şeirləri” almanaxında yer alıb.

QEYD:

“Bayram Bayramov – 100” layihəsi çərçivəsində İldırım Əkbəroğlu 2019 -2020 ci il üçün “İLİN YAZARI” seçilib və “Bayram Bayramov ” diplomu ilə təltif olunub (ölümündən sonra). Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.


İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AĞDAMIM, SALAM! – ƏJDƏR ƏLİZADƏ

Əjdər ƏLİZADƏ – şair.

AĞDAMIM, SALAM!
(Bu gün Ağdamımızın düşmən işğalından qurtulduğu gündür)
Çin oldu millətin dilək, arzusu,
Qələbə – xalqımın alın yazısı.
Şəhidi qəhrəman, igid qazisi,
Müzəffər Ordumun qadasın alam,
Salam Qarabağım, Ağdamım, salam!
* * *
Otuz il yolunda qalmışdı gözüm,
Titrəyir ağzımda Qarabağ sözüm.
İnanın, cismimdə yox idi dözüm,
Nə qədər həsrətlə qürbətdə qalam,
Salam Qarabağım, Ağdamım, salam!
* * *
Bilməzdim o yerə dönəcəm bir də,
Yurdsuz yaşayırdım sanki, sibirdə…
Cismim rahət olar indi qəbirdə,
Torpağım anamdır, öz evim balam,
Salam Qarabağım, Ağdamım, salam!
* * *
Əjdərəm, mən köçkün deyiləm daha,
Ümid bağlamışıq gələn sabaha.
Şükürlər dilərik Uca Allaha,
Alındı illərlə alınmaz qalam,
Salam qarabağım, Ağdamım, salam!
20.11.2021.
Müəllif:Əjdər ƏLİZADƏ

ƏJDƏR ƏLİZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AĞDAM HAQQINDA ŞEİRLƏR

Ağdam haqqında şeirlər

AĞAM!.. ADAM!.. AĞDAM!..
“Sən öl”ü, “sağ ol”u bəlli,
yaranandan üzü bəri
yasında Yasin oxunan,
toyunda tüfəng atılan –
şəhərim!
Dünyanı bazara çıxaran,
dünya bazarında satılan –
şəhərim!
Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun…
Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir “Uzundərə” havası çal,
çıx Bərdə yoluna –
Uzundərəynən gəlirik!..
15.11.2020.
Müəllif: Qulu AĞSƏS

QULU AĞSƏSİN YAZILARI

AĞDAM
Ağdam – sehirli bir səs,
Ağdam – muğam məktəbi.
Burda doğulanların
Başqa cür olur təbi.
* * *
Qədirin, Səxavətin,
O Arifin səsidir.
Ağdam Şahmarın sözü,
Familin nəfəsidir.
* * *
Xudu Məmmədov ondan
Aldı könül odunu.
Elmi, ədəbi ilə
Hey ucaltdı adını.
* * *
Şahmalının şux səsi
Yenə Ağdamı öyür.
O şəhid xanəndənin
Səsi də “Vətən” – deyir!
* * *
Səs qalası qalmadı
Əlində yağıların.
Var olsun Allahverdi,
Şirintək oğulların!
Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN DİGƏR YAZILARI

Qələbə günlərində Ağdamlı dostum Afəridə xanımın arzusu ilə yazdığım şeiri diqqətinizə çatdırıram.


MƏNİM DOĞMA, GÖZƏL YURDUM, AĞDAMIM!
Qaçqın düşdqük, əzab çəkdik aramsız,
Nə zalımmış bu erməni, bu qansız!
Düz iyrimi yeddi ili Ağdamsız,
Bu dünyaya sanki kordum Ağdamım,
Mənim doğma, gözəl yurdum Ağdamım!
* * *
Ayrı düşdün bu illər ki, elindən,
Düşməmisən bir ağdamlı dilindən.
Aldı səni yağıların əlindən,
Baş komandan, şanlı ordum, Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Ürəksizmiş harda olsa vətənsiz,
Baş neyləsin, dil neyləsin bədənsiz?
Anlamıram, bu illəri mən sənsiz,
Necə dözdüm, necə durdum Ağdamım?
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Şükür, dönüb qucağına gəlmişəm,
Sevincimdən ağlamışam, gülmüşəm.
Qiblə sanıb, səni Məkkə bilmişəm.
Yenə səndə binə qurdum Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Uca olsun onun adı, həm şanı,
Min yaşasın Ali Baş komandanı.—*
O bəxş etdi bu payızda xoş anı,
Bu həsrəti başa vurdum Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
Yaşa mənim əzəl yurdum Ağdamım!

*Ali Baş Komandan İlham Əliyev.
21.11.2020.

Müəllif:Aqşin HACIZADƏ

AQŞİN HACIZADƏNİN YAZILARI

Kabus qatar“Ağdam qatarı”

2011-ci ildə yazdığım bu şeirin qəhrəmanlarının arzularının bir addımlığında ola biləcəyini təsəvvür belə edə bilməzdim.
Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasının 20 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün, Gəncəyə getmişdik. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qatarla gəlməli olmuşdular. Onlar qaldığımız otelə çatanda Rəşadı heç vaxt görmədiyim ovqatda gördüm. Rəngi qaralmışdı. Hiss olunurdu ki, bütün gecəni yatmayıb. Mən adətən onun zarafatlarına alışmışam. Harda olursa, ora pozitiv enerji ötürür. Bu dəfə isə fərqli mənzərə ilə qarşılaşmışdım. Soruşdum ki, nə olub? Dedi, sonuncu dəfə qatarla 25 il öncə Ağdama getmişdim. İndi qatarla gəlmək məni o illərə apardı, yenidən o hisləri yaşadım. Bura çatana qədər əzab çəkdim. 25 ildir Ağdama gedə bilmirəm. Hər dəfə qatar görəndə bu hala düşürəm. Sonra da dedi ki, istəyirəm, sən bu barədə şeir yazasan. Qəribə də olsa, mən özümü Rəşad Məcidin yerinə qoydum və “Ağdam qatarı” (Kabus qatar) adlı şeir yazdım. Şeir populyarlaşdı, Rəşad şeiri oxuyandan sonra dedi ki, elə bil, qatarda mənimlə birlikdə olmusan. O hisləri olduğu kimi, ən xırda detallarına qədər yazmısan.
Beləliklə, “Kabus qatar” şeiri belə yarandı və mən ilk dəfə idi ki, başqa bir adamın təəssuratlarını, yaşantılarını öz təəssuratlarım, yaşantım kimi qələmə alırdım. Özümü o qatarın içində hiss edirdim…

I hissə

Nisgil var gecənin qaranlığında,
Sükuta bürünüb Bakı vağzalı…
Gözlərim yol çəkir yol ayrıcında…
İçim başdan-başa gözləmə zalı…
* * *
Uyuyur saçımda izi illərin –
Bir kövrək baxışa, sığala möhtac.
Dolaşıb kələfi xatirələrin –
Üfiqlər dolanbac, yollar dolanbac…
* * *
Dünənə aparan yollar uzaqda,
Qapısı bağlıdır hələ yolların…
Dayanıb sakitcə dayanacaqda
Yolunu pusuram ayrılıqların…
* * *
Sükuta bürünüb vağzal,
Sükuta…
Bir dil istəyirəm dindirə məni…
Bir əl istəyirəm əlimdən tuta
Ağdam qatarına mindirə məni…
* * *
…Saata baxıram:
«Hələ vaxta var…»,
Bələdçi perronda kölgə tək susur…
Gözümdə yol gəlir bir kabus-qatar
İçimdə yol gəlir həsrət kabusu…
* * *
«Bələdçi, bələdçi!
Niyə donmusan?
Danış!
Din!
Cavab ver!
Açılsın səsin!
De, «qatar Ağdama gedir…»
De, qardaş…
De, «yanlış yazılıb «Gəncə» lövhəsi».
* * *
…Bələdçi biletə baxır sakitcə,
…Bələdçi nə bilsin içimdə nə var?
Lövhədə «Gəncə»di,
biletdə «Gəncə»,
Gözümdə…
«Ağdama gedir bu qatar».
* * *
…Bu qatar Gəncəyə gedir…
Gəncəyə…
Bəlkə də Ağdama gedib nə vaxtsa.
Bəlkə bir iz tapdım, «təsəlli», – deyə
Dəhlizə boylansam, kupeyə baxsam…
* * *
…Kupe də bənzəyir həmin kupeyə,
Dəhliz də bənzəyir, pəncərələr də…
Elə bu qatarla, elə bu yolla…
Qaçmaq istəyərdim xatirələrdən.
* * *
Kupedə sükut var…
Bu dəli sükut
Bir yetim təsəlli yoğura bilmir…
Kirpiyim altında titrəyən bulud
Bir damla göz yaşı doğura bilmir.
* * *
Xatirə qoxuyur aldığım nəfəs…
Hayqırır geri dön, geri dön, Rəşad!
Mənə divan tutur içimdəki səs:
“Bu qatar Ağdama getmir, en, Rəşad!”.
* * *
…Siqaret tüstüsü dolur gözümə
Dumana bürünür xatirələrim.
Hardasan, ey mənim itkin qatarım?!
Hardasan, ey mənim qərib şəhərim?!
* * *
…Hər gecə Ağdama bir qatar gedir
Ayrılıq daşıyır…
Qayıtmır geri…
Hər gecə Ağdamdan bir qatar gəlir –
Didərgin ruhlardı sərnişinləri…
Didərgin ruhlardı sərnişinləri….
Gəncə-Bakı, 2011.

II hissə
Ümid var gecənin qaranlığında,
İşıq var…
Seçilmir gecə səhərdən.
Tanrının ən gözəl çılçırağından
Nur yağır…
süslənir minarələr də…
* * *
Bu payız geriyə qayıdıb bahar –
Qürub da görünür bizə dan kimi.
Yurda addım-addım dönür dualar –
Tanrı dərgahına qayıdan kimi…
* * *
Səhər də açılır azan səsiylə –
Hopur yurd yerinə əsgər nəfəsi.
Ağdama xalqımın iradəsiylə
Dəmirdən yol çəkir əsgər çəkməsi…
* *
*
Qarabağ…
Qara bax Murov dağında…
Elə bir zirvədə qar çiçəkləyir –
Min şaxə ayrılır hər budağından
Kəlbəcər yolunda nar çiçəkləyir.
* * *
İndi bütöv elim – bütöv taleyim,
Dünyanın ən gözəl ölkəsindəyəm.
Ən uca zirvəyə könül bağlayan
Üçrəngli bayrağın kölgəsindəyəm.
* * *
Gəlir azan səsi minarələrdən,
Kimsə ahəngini pozmasın, Vətən!
Bayraq pıçıltısı, azan sədası
Başımın üstündə…
Susmasın, Vətən!
* *
*
Sən bizi ümidsiz qoymadın, Allah,
Bilirdik…
Ayrılıq bitəcək bir gün.
Didərgin ruhların keşik çəkdiyi
Ağdama qatar da gedəcək bir gün…

Bakı, 25.11.2020.

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru