
“Sənsizlik” – Sevgisi bitməyən, qovuşa bilməyən iki taleyin hekayəsi
Bəzən sevgi qovuşmaqla yox, qovuşa bilməməkdən doğur. “Sənsizlik” kitabı da məhz bu yanğının, bu susqunluğun içindən yaranıb. Uşaqlıqdan bir-birini sevən iki qəlbin hekayəsi… lakin toxunmadan,danışmadan, eyni şəhərdə yaşayıb, fərqli talelərdə itən iki insanın dramı.Onların arasına həyat yox, məsafə yox inamsızlıq, qısqanclıq və qürur girdi. Elə üç duyğu ki, iki ürəyi bir-birindən ayırmaq üçün bəzən bütün dünyanın gücü yetməz, amma qürur yetər…Eyni şəhərdə yaşadılar, eyni küçələrdən keçdilər, eyni dənizin qoxusunu içlərinə çəkdilər. Amma bir evdən o biri evə gedən yol, qəribəsi budur ki, dünyanın ən uzun məsafəsinə çevrildi. Onlar yaxın idilər, amma yaxınlaşa bilmədilər; sevdilər, amma etiraf etmədilər; gözlədilər, amma addım atmadılar.
“Sənsizlik” təkcə ayrılığın deyil, söylənməmiş sözlərin ağırlığının kitabıdır. Bu əsərdə oxucu sevginin necə yarandığını deyil, necə susdurulduğunu görür. Bəzən sevgi bitmir,sadəcə danışa bilmir. Bəzən iki insan sevir, amma iki qürur icazə vermir.Və bütün bunlara baxmayaraq… onların bir-birinə sevgisi tükənmədi.Nə illər, nə yollar, nə ayrılıqlar onu öldürə bilmədi. Çünki bəzi sevgilər müqavimət göstərmir sadəcə yaşayır.Bu kitab oxucunu bir cümlənin içində dayandırır:
“Bəzən ayrılıq iki ürəyin yox, iki qürurun yazdığı hekayədir.”
“Sənsizlik” sevməyin əzabını, ayrılığın sükutunu,qovuşmamağın ağrısını yaşadan bir əsərdir. Oxuyanı düşündürən, düşündürdükcə yandıran…
Bu kitabda sevgi məğlub olmur. Sadəcə səssiz qalır.
Müəllif: Gülər Nizamiqızı
“Sənsizlik” kitabının müəllifi