Murad Məmmədovun yeni şeirləri

APARIR
Baxıram ki, ömür gedir, canımızı an aparır,
Mən kiməm, nəkarəyəm, geri dönüm, can aparır.

Dözəmmirik çətinliyə, qana düşüb yalvarırıq,
Əl açırıq Yaradana, qoyma bizi qan aparır.

Saat-saat qocalırıq, aşıb daşan ruhumuzu,
Üzümüzə xeyrə gələn, hər açılan dan aparır.

Zaman köhnə bir qatildi, aldığını geri vermir,
Qınamayın yaşlı nəsli, əqlini zaman aparır.

Arı yazıq neyləsin ki, ömrü elə uzun deyil,
Allah verən o qisməti çalışdığı şan aparır.

Yaxşı sözün, nəsihətin xiridarı artıq olmaz,
Unutmayın bu söhbəti Murad adlı xan aparır.

GƏRAYLI
Nə verdinsə, borca verdin,
Zalım dünya, danmadım ki!
Biləmmədim nədi dərdin?
Ömür getdi, qanmadım ki!

Korluğunu, karlığını,
Xoş günümdə darlığını,
Bircə gün də varlığını
Müvəqqəti sanmadım ki!

Bu gün varam, sabah yoxam,
Bir qoydun ki, gendən baxam.
Uşaqlıqdan gözü toxam,
Səndən nəsə ummadım ki?!

Hey çalışdın qandırasan,
Nə verdinsə andırasan.
Çox aldatdın yandırasan,
Mən odunda yanmadım ki?!

Demə, niyə rəngin solub?
Murad bilir, yaşa dolub.
Töhmətindən cızdağ olub,
Sərt qışında donmadım ki?!

SABAH – MÜƏMMA
Artıq yorulmuşam, lövbər salıram,
Bezirəm həyatın keşməkeşindən.
Gün keçir, ay keçir, geri qalıram,
Dünən üç-dördündən, bu gün beşindən.

Dili yox danışa, soruşam, soram,
Bu canın mənimlə öhdəliyi yox.
Bilmirəm doğrusu nə qədər varam,
Mən də köçməyəcəm gözü könlü tox.

Səbrim dara çəkib, kömək etməyib,
Öhdəmə düşəni eləməmişəm.
İstəyim nəfsimlə yola getməyib,
Mən çox şey ummuşam, diləməmişəm.

Bütün günahların səbəbi özüm,
Boynuma alıram, niyə gizlədim ?
Məni incidəni görmədi gözüm,
Qaranlıq tuneldə işıq gözlədim.

Sonu bilinməyən yoldu gedirik,
Bu günə ümid var, sabah müəmma.
Hər şeydən mənfəət, qazanc güdürük,
Sabah nə olacaq bilmirik amma.

ÖLDÜRÜR
Dözümsüzəm səsə-küyə,
Daş səbrimi səs öldürür.
Ruhum öləziyib deyə,
Məni zil yox, pəs öldürür.

Arzu, istək hələ çoxdu,
Ayrılmağa həvəs yoxdu.
Vallah-billah gözüm toxdu,
Çoxumuzu nəfs öldürür.

Hər an düşün sabahını,
Alma kasıbın ahını.
Malalama günahını,
Demə filankəs öldürür.

İnsan kordu, doymur gözü,
Nə nəfs durur, nə də özü.
Murad, budur sözün düzü,
Canı bəhsə-bəhs öldürür.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

YUSUF DEMİRAĞIN ŞEİRLƏRİ

YUSUF DEMİRAĞ – Türkoloq, Şair, Azərbaycan sevdalısı Türk soydaşımızdır. Şeirlərini Türk, Azərbaycan və Fransız dilində yazan şairin əsərlərində humanist ruhun zərif poetikası öz əksini tapır.
15 avqust Şairin doğum günüdür, bu münasibətlə onu təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Müqəddəs torpaq

Lalələrin qurban getdi yolunda,
Dalğalandı bayrağın
Azad səmalarında…
Şəhid qanı ilə vətən oldu
Hər qarış torpağın, can Azərbaycan!
Sən bizimdin, bizimsən
Qəlbim Səninlə döyünür,
Sən Xəzərdən Gəncəyə,
Göyəzənə uzanan Odlar Diyarı…
Qoynunda adı bilinməyən şəhidlərin də yatır,
Qucaq açdın, Ana oldun onlara…
İndi körpə fidanların oynayır
Çiçəkli çöllərində…
Sən, lalə ləçəklərinə
Xəfif küləklərin sığal çəkdiyi
Gözəl Gəncəsən,
Mehriban, doğma diyar,
Daim var ol, şad- xürrəm, bəxtiyar!
Sən Cıdır düzündə azad qartal,
Sən Laçında Həkərisən,
Sahilində boy- boy yaşıl ağaçları…
Sən Şuşada Xurşidbanu
Nətəvanım, Üzeyirim, Bülbülüm, Vaqifimsən!
Ürəyimdəsən daim, igid övladların məğrur Anası!
Xəzəri yara- yara gedən
Coşqun, nərə çəkən dalğalarımsan!
Anamın duasısan…
Sən, səssiz qalan uşağın
Ruhuna güc verdin, həmdəm oldun
Səni düşünməkdən yorulmayan
O uşağın ürəyinə muğamınla məlhəm oldun…
Musiqinlə böyüyüb
Arzusuna çatan bir uşaq kimi,
Xatirələrim yada düşür..
Uca Tanrımın güc verdiyi ulu torpaq,
Röyamsan, hər gecə gördüyüm…
Şeirimsən,
Çanaqqaladan Bakıya
Ağrıdağından Qarabağa
Səs-səda salan qardaşlıq dastanımsan…
Könlü bayatılı Nənələrin göz yaşlarısan…
Anamın kəlağayısısan
Rüzgarda çərpələng kimi qanad çırpan
Natəvanımın qəzəlisən…
Qarlı dağların igidlik zirvəsisən, can Azərbaycan!

Könül

Gözəl diyar, bir il keçdi
Sənlə ilk görüşümüzdən…
Xəzərin sahilindəki
Nazlı qağayılarla
Göz- gözə gəlişimizdən…
İllər öncə torpağına ayaq basmaq istəyən
O körpə uşaq böyüdü, arzusu gerçək oldu,
Qucaq açdın, getdi, gördü can yurdu…
Adını eşidən kimi gözü dolan həmin o uşaq
Ürəyində yeni xəyallar qurdu…
Nələri qurban verməzdim ki
Səni yenidən görmək üçün….
O uşaq ki,
Hava limanına çatar- çatmaz
Buludların arasından Ağrı Dağını görən
Təyyarə yerə enəndə torpağına sarılan
O uşaq ki, Xəzərə baxanda ruhu dincələn…
Asandırmı Sənli xatirələri unutmaq?!
Başımın üstünd məğrur – məğrur
Dalğalanan bayrağına baxanda,
Ürəyim dağa dönmüşdü…
Bir insan uşaqlıq arzusuna
Bu qədərmi gözəl çatar?!
Göy üzündə qaranquşlar qatar- qatar
Müjdələdi xoş günləri…
Əlbəttə, biz yenidən görüşəcəyik
Gələn kimi, ruhumla
qucaqlayacam varlığını,
Can Laçından yadigar
Bir ovuc torpağını
saxladığım kimi
Qəlbimdə yaşadıram
Sənli, həzin xatirələrimi
Yenə qovuşacağıq sənlə
Can Azərbaycanım,
Qədim, doğma diyarım…

Ağ göyərçinlər

(Milli Qəhrəman Hökumə Əliyevanın
əziz xatirəsinə ithaf
)

Üfüqdə qanad çırpıb yorulan quş
Yuvasına çatanda necə şad olursa
Eləcə sevinir evinə qayıdan insan…
Bir də varlığını bu dünyaya ərmağan edən,
Vətən üçün canından keçən
Humanist qəhrəmanlar var…
İsti ocağın,
Doğma yurdun ətri üçün darıxsalar da
Getməyi seçən qəhrəmanlar,
Vətənin səmasında
Boz buludlar görünəndə dünyası dar…

Gözəl yurdumuzun xəfif təbəssümünü,
Qonaqpərvərliyini,
Ana məhəbbətini yaşadan qəhrəmanlar
Bir gün evlərinə qayıtmadılar…
Ağ göyərçinlər kimi
Qanad çaldı göy üzündə ruhları.
Hər təyyarə enişindəki o alqışlar,
Vətənə qovuşmağın sevinci,
Evimizə dönməyin hüzurudur.
Və əlbəttə,
görmədiyimiz qəhrəmanlara olan minnətdarlıqdır.
Buludların arasından gələn o səs onların səsidir…
Bu səs “Hər şey yaxşı olacaq” söyləyənlərin səsidir…

Gözəl Laçın

Yamyaşıl dağlarında
Küləklərə yoldaş olub
Həzin nəğmə deyirəm
Havasına, suyuna
Canım qurban, gözəl Laçın!
Yollar ruhuma məlhəm,
Qarış- qarış cığırlarda gəzirəm…
Qarabağın nəfəsi,
Sevimli, doğma Laçın!
Nazlı- nazlı rəqs edir
Həkərinin buzlu suları,
İllər sonra qürurla
Salamlayır qonaqları…
Həkəri Arazın kiçik qardaşı,
Sanki can Laçının dostu, sirdaşı…
Qartallı dağlarına,
Gül- çiçəkli bağlarına
Zəfər dolu çağlarına
Canım qurban, gözəl Laçın!
Addım- addım seyrə çıxdıq düzləri,
O azad səması çox şad etdi bizləri,
Yoxdur yer üzündə tayı, bənzəri…
Canım qurban, gözəl Laçın!

Müəllif: Yusuf DEMİRAĞ

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Fərhad Əsgərov (Ramizoğlu) – AXIRINCI KİMDİR?

AXIRINCI KİMDİR?
(hekayə)
Müəllimlərin məzuniyyət vaxtı idi. Kimisi evdə, kimisi isə istirahət mərkəzlərində, sanatoriyalarda dincəlirdi. İki-üç gündən sonra onlar bir-biri ilə tanış olur, söhbət edir, fikir mübadiləsi aparırdılar. Budur, ərazisi yaşıl ağaclara, gül kollarına bürünmüş istirahət mərkəzində ölkənin müxtəlif məktəblərində müxtəlif ixtisasları tədris edən qadın müəllimlər söhbət edirlər. Kişilər isə nərd atır, domino oynayır, arabir fikir mübadiləsi aparırlar.
Ümumiyyətlə, müəllimlər əsasən nədən danışırlar: aldıqları əməkhaqqından, məktəb direktorlarının hegemonluğundan, müəllimlərlə davranışından, bəzi şagirdlərin etik qaydalara riayət etməməsindən, pedaqoji kollektivin nailiyyətlərindən, bəzi valideynlərin müəllimi şantaj etməsindən. Məktəb direktorunun alicənablığından, kollektivlə xoş rəftarından danışanlar da var. Söhbətlər müxtəlifdir.
Artıq dörd gün idi ki, müəllimlər istirahət edirdi. Axşam yeməyindən sonra bir-biri ilə dostlaşan müəllimlər söhbət edirlər. Məleykə, Məsumə və Natəvan müəllimi hər gün bir yerdə görmək olardı. Onlar ölkənin müxtəlif məktəblərində işləyirdilər. İstirahət mərkəzində istirahət edənlər artıq onların yaxın rəfiqə olmalarından xəbərdar idilər.
Məsumə müəllimin bu günkü söhbəti müəllimlər üçün daha maraqlı oldu: “Artıq 60 yaşım var. 40 ildir ki, yalnız bir məktəbdə işləyirəm. Bu illərdə üç məktəb direktoru olub. Məktəbimizdə 70 nəfər müəllim çalışır. Sonuncu məktəb direktoruna bütün müəllimlər nifrət edir. Belə ki, məktəbimizdə savadlı, təcrübəli müəllimlər olsa da, 45 yaşlı bir xanım direktor təyin olundu. Direktor öz danışığı, hərəkətləri, işi ilə müəllimlərə nümunə olmalıdır. Onun rəhbərliyi altında birinci pedaqoji iclas keçirilirdi. İlk söz təlim-tərbiyə işləri üzrə direktor müavininə verildi. O, təxminən on dəqiqə çıxış etdikdən sonra sözü direktora verdi. İnanın mənə, direktorun ilk sözü bu oldu: “Məktəb direktorları haqqında cəmiyyətdə müxtəlif sözlər eşidilir, güya onlar rüşvətxordurlar, işlərini lazımınca qura bilmirlər, yerlıbazlıq edirlər. Mənim üstümə baxın, hələ direktor təyin olunana qədər bunları mənim üçün ərim alıb. Həyat yoldaşım bir idarənin rəisidir. Hər ay maaşından əlavə 50-60 min dollar qazanır”. Bunu dedikdən sonra, o, boynundakı çəkisi təxminən 300-500 qram olan qızıl sepini, hər iki əlindəki yoğun qızıl qolbağı, hər iki əlində bir neçə barmağına taxdığı bahalı qızıl üzükləri müəllimlərə göstərdi. Və dedi ki, mən varlı insanam, mənim haqqımda müxtəlif sözlərin deyilməsini istəmirəm. Biz müəllimlər düşündük ki, yəqin yeni direktor bəzi direktorlar kimi fırıldaq yollarla pul qazanmaz. Lakin əksinə oldu: indiyədək məktəbdə min oyunlardan çıxır. Müəllimlər isə susmağı vacib bilirlər. Yazıqlar nə etsinlər, işdən çıxarılacaqlarından qorxurlar”.
Məsumə müəllim bir neçə saniyə susdu, dərindən bir ah çəkdi:
-Direktor işlədikcə iç üzünü, iç dünyasını yavaş-yavaş göstərməyə başladı. Vallah, mən çox xəcalət çəkirəm ki, işlədiyim məktəbin direktoru haqqında danışıram. Özü savadsız olduğundan, onun savadlı müəllimlərdən xoşu gəlmir. Həftədə 9 saat ibtidai siniflərə ingilis dili dərsi keçir. Amma hələ indiyədək onun dərs keçdiyini heç kəs görməyib. Onun dərslərini başqa bir müəllim keçir. Yazıq həm öz dərsini, həm də direktorun dərsini tədris edir. 9 saata görə olan maaşı direktor alır. Mən bir müəllim kimi düşünürəm ki, direktor yuxarı siniflərə dərs keçməlidir. Hələ bu harasıdır? Bir-biri ilə dostluq edən dostların, rəfiqələrin arasını vurmağı da bacarır. Adi bir misal deyim: Nurlanə müəllimlə Tofiq müəllim eyni fənni tədris ediyindən tənəffüs vaxtı məktəbin dəhlizində söhbət edirdilər. Məktəbin dəhlizlərində videokamera olduğuna görə, direktor bunu dəfələrlə görüb. Bir gün direktor Nurlanə müəllimi yanına çağırıb və deyib: “Tofiq müəllim mənə dedi ki, mən Nurlanə müəllimlə danışmaq istəmirəm, utanıram ona deməyə, bəlkə, siz ona deyəsiniz ki, mənimlə söhbət etməsin”. Sonra isə Tofiq müəllimi yanına çağırıb və deyib: “Nurlanə müəllim mənə dedi ki, mən Tofiq müəllimlə danışmaq istəmirəm. Amma o, məndən əl çəkmir. Xahiş edirəm ona deyin ki, mənimlə danışmasın”. Nə başınızı ağradım, müəllimlər, Nurlanə müəllimlə Tofiq müəllim bir müddət danışmırlar. Təxminən iki aydan sonra Nurlanə müəllim Tofiq müəllimə deyir: “Tofiq müəllim, sözünüzü mənə deməliydiz. Mənimlə danışmaq istəmirsinizsə, niyə, direktora şikayətlənmisiniz?” Nə isə, söhbətə aydınlıq gətirilir. Aydın olur ki, direktor onların arasını vurub.
Söhbətə Məleykə müəllim qoşulur: “Məktəbimiz üç mərtəbədən ibarətdir. 120 müəllim çalışır. 15 il pedaqoji təcrübəsi olan bir kişi məktəbimizə direktor təyin olundu. Müəllimlər çox sevinirdilər ki, yəqin yeni direktor əvvəlki direktordan fərqlənər. Ancaq belə olmadı. 5 Oktyabr Müəllimlər günü yaxınlaşırdı. Direktor müavini Elnarə xanım müəllimlərə tapşırdı ki, hər biriniz Müəllimlər günü münasibətilə direktora 100 AZN verin. Əgər verməsəniz, sizi incidəcək, hər gün dərsinizi dinləyəcək, zəhlənizi tökəcək. Mən üçüncü mərtəbədə dərs keçirəm. Direktorun kabineti birinci mərtəbədədir. 5 Oktyabr tarixində birinci dərsdən sonra aşağı düşdüm. Direktorun kabinetinin qabağında on nəfər müəllim dayanmışdı. Hamı onunla görüşüb “təbrik etmək” istəyirdi. Direktor isə hər bir müəllimlə təxminən bir dəqiqə söhbət edirdi. Soruşdum – axırıncı kimdir? Müəllimlər gülüşdülər. Nə başınızı ağradım, zəng vuruldu, tez sinfə getdim. İkinci dərsdən sonra yenidən birinci mərtəbəyə düşdüm. Direktorun kabinetinin qabağında 14 müəllim dayanmışdı. Yenidən soruşdum – axırıcı kimdir? Nə isə, həmin gün beş dəfə birinci mərtəbəyə düşdüm, hər dəfə kabinetinin qabağında 7-8 müəllim olduğuna görə, onunla görüşə bilmədim. Ertəsi gün, ikinci dərsdən sonra direktorla görüşdüm, 100 AZN verdim. Bir-birimizə xeyir-dua verdik. Belə-belə işlər…”
Natəvan müəllimi gülmək tutdu: “Vallah bizim məktəbdə də elədir. Məktəbimizə 60 yaşlı bir kişi rəhbərlik edir. İldə üç dəfə – ad günündə, Müəllimlər günündə və 8 Mart Qadınlar bayramı günündə onu bütün müəllimlər təbrik edirlər”.
Müəllimlər gülüşürlər. Məleykə müəllim:
-Başa düşmədim, bəs 8 Mart Qadınlar bayramında kişi müəllimi niyə təbrik edirsiniz?
-Qayda belədir, direktorun xəstəxanada həkim işləyən həyat yoldaşını da təbrik edirik. Hansısa müəllim direktorun qayda-qanununu pozsa, gözümçıxdıya salınır. Hər ay bütün müəllimlər ona müəyyən məbləğdə pul verirlər. Belə ki, əgər mən həftədə 30 saat dərs keçirəmsə, keçdiyim dərsin üç saatının pulunu direktor müavini vasitəsilə ona göndərirəm. Eləcə də, digər müəllimlər də hər biri keçdiyi 3-4 saatının pulunu direktor üçün göndərir. Yazıq müəllimlər neyləsinlər, faktı sübut etmək çətin olduğundan şikayət etmirlər. Şikayətə baxan var ki. Arabir yuxarıdan yoxlama gəlir, məktəbin hər işindən razı qalır, rüşvətini alıb gedir. Bəzi rəhbər işçilərdə təfəkkür nə vaxt dəyişəcək? Məktəbimizin direktoru özündən savadlı, bilik və bacarıqları şagirdlərə vicdanla aşıladan müəllimlərdən xoşu gəlmir. Nə isə, müəllimlər, biz istirahətdəyik, bəlkə, başqa mövzu haqqında danışaq. Hamımız günahkar axtarışındayıq. Bəs onda günahkar kimdir? Elə özümüz. Nə qədər susmağı vacib biləcəyiksə, özümüzü karlığa, korluğa qoyacağıqsa, belə də davam edəcək. Ancaq ümidvar olaq ki, tədricən belə direktorlar vəzifədən uzaqlaşacaq, onların yerinə saf, şərəfini, ləyaqətini qoruyan əsl pedaqoqlar təyin olunacaq…

Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I