İki bayramın görüşü Bəzən zaman sadəcə axmır danışır. Elə anlar olur ki, təqvim susur, amma mənalar dillənir. Bu il Novruzla Ramazanın bir araya gəlməsi də məhz belə bir səssiz, amma dərin söhbətdir: torpağın nəfəsi ilə ruhun səsi eyni anda eşidilir. Novruz gələndə torpaq danışır. Quru budaqlarda həyatın pıçıltısı eşidilir, külək belə ümid qoxuyur. Bu, sadəcə baharın gəlişi deyil bu, yaddaşın oyanışıdır. İnsan öz kökünə, öz mənəvi başlanğıcına qayıdır. Ocaqlar yanır, amma əslində isinənsə ürəklər olur. Torpaq oyananda insan da oyanır; bahar təkcə fəsil deyil, ruhun özünü xatırlamasıdır. Ramazan isə səssiz bir dərinlikdir. O, səs-küylə gəlmir qəlbə enir. Gün ərzində aclıqla sınanan bədən deyil, əslində insanın nəfsidir. Bu ayda insan öz içində gizlənən həqiqətlə üz-üzə qalır. Paylaşmaq, bağışlamaq, səbr etmək bunlar sadəcə əməllər deyil, ruhun təmizlənmə yoludur. İnsan ac qalanda bədən zəifləyir, amma ruh güclənir; çünki doymaq yalnız süfrə ilə deyil, vicdanladır. Bu iki bayramın qovuşması bir rəmzdir. Novruz bizə deyir: Yenidən başla. Ramazan isə pıçıldayır: Özünü tap. Biri torpağı dirildir, digəri qəlbi. Biri həyatın başlanğıcıdır, digəri mənanın dərinliyi.Bəlkə də həyatın ən böyük sirri məhz buradadır insan həm torpaq kimi yenilənməli, həm də ruh kimi saflaşmalıdır.Bu günlərdə yanan tonqallar təkcə qışın soyuğunu yox, içimizdə qalan köhnə ağrıları da yandırmalıdır. Açılan süfrələr isə təkcə qarnı deyil, ürəyi doyurmalıdır. Çünki insanın ən böyük ehtiyacı yemək deyil anlaşılmaq, paylaşmaq və sevilməkdir. Bayram süfrəsi bolluqla deyil, bölüşməklə zəngin olur. Novruzun alovu ilə Ramazanın nuru birləşəndə, insan öz içində yeni bir işıq tapır. Bu işıq nə gözlə görünür, nə də sözlə tam anlatmaq olur o, sadəcə hiss edilir. Və bəlkə də bayramın ən böyük möcüzəsi budur: insan bir anlıq özünü xatırlayır… kim olduğunu, niyə yaşadığını və nə üçün sevməli olduğunu. Çünki bayram zamanın içində bir fasilə deyil, insanın içində bir başlanğıcdır.
21 mart yalnız təbiətin oyanışı, torpağın nəfəs alması, baharın gəlişi ilə yadda qalan bir tarix deyil. Bu gün həm də insan ruhunun ən incə, ən saf və ən dərin ifadə forması olan poeziyanın bayramıdır. Təbiətdə baş verən dirçəliş necə ki, həyatın yenilənməsini simvolizə edirsə, poeziya da insanın daxili aləminin yenidən doğuluşunu, hisslərin oyanışını ifadə edir. Bu gün söz sadəcə ünsiyyət vasitəsi olmur — söz nəfəsə çevrilir, yaddaşa çevrilir, zamanın içindən keçərək gələcəyə uzanan bir körpü olur.
Poeziya insanın danışa bilmədiyi anlarda danışan, susa bilmədiyi anlarda isə sükuta çevrilən bir həqiqətdir. Bu baxımdan poeziya nə qədər ifadəli olsa da, bir o qədər də izahı çətin olan bir fenomendir. “Poeziya nədir?” sualı əsrlər boyu verilmiş, lakin heç vaxt tam və qəti cavablandırılmamışdır. Çünki poeziya tərifə sığmayan bir hissdir. O, nə yalnız ədəbiyyatdır, nə də sadəcə sənət. Poeziya insanın daxili aləminin ritmi, varlığın görünməyən tərəfinin səsidir.
Tarixi baxımdan poeziya insanla yaşıddır. İlk duyğu ilə, ilk qorxu ilə, ilk sevgi ilə birlikdə yaranmışdır. İnsan hiss etməyə başladığı andan poeziya doğulmuşdur. Hələ yazı mövcud olmamışdan əvvəl poeziya var idi — çünki o, kağızda deyil, qəlbdə başlayır. Bu səbəbdən poeziya yalnız yazılı mətn deyil, həm də insanın varlığının ayrılmaz bir hissəsidir.
Ədəbiyyat tarixində poeziya həmişə aparıcı mövqedə dayanmışdır. Bunun əsas səbəbi onun insanın ən saf halını ifadə etməsidir. Poeziya yalan danışmır, maska taxmır. O, olduğu kimidir və insanı da olduğu kimi göstərir. Bu, poeziyanın ən böyük gücüdür: səmimiyyət. Şeir oxuyan insan təkcə sözləri deyil, həm də o sözlərin arxasındakı hissləri yaşayır, onları öz daxilində yenidən yaradır.
Elmi baxımdan poeziya yalnız bədii ifadə vasitəsi deyil. O, insan beyninin və duyğularının harmoniyasını təşkil edən mürəkkəb bir sistemdir. Ritm, söz və məna birləşərək insan psixologiyasına təsir göstərir. Poeziya yaddaşı gücləndirir, hissləri dərinləşdirir və düşüncə üfüqlərini genişləndirir. Bu baxımdan poeziya yalnız estetik zövq mənbəyi deyil, həm də idrak vasitəsidir. O, insanın həm emosional, həm də intellektual inkişafına xidmət edir.
Din və mənəviyyat baxımından da sözün xüsusi yeri vardır. Yaradılışın başlanğıcı sözlə əlaqələndirilir, vəhy sözlə gəlir, dua sözlə edilir. Poeziya isə bu sözün ən incə, ən saf formasıdır. O, insanı Yaradanla yaxınlaşdıran bir körpüyə çevrilir. Çünki poeziyada səmimiyyət, daxili təmizlik və ruhun səsi var. Bu xüsusiyyətlər poeziyanı yalnız estetik deyil, həm də mənəvi dəyərə çevirir.
Poeziya eyni zamanda insanın özünü tanıma yoludur. O, insanı öz iç dünyasına aparır, orada gizlənən suallarla üzləşdirir və cavabları hiss etdirməklə göstərir. Bəzən bir misra bir ömrü izah edir, bəzən isə bir ömür bir misraya sığır. Bu, poeziyanın möcüzəsidir — az sözlə çox şey demək, görünməyəni hiss etdirmək.
Poeziya zamanı dayandırmaq gücünə malikdir. O, keçmişi bu günə gətirir, bu günü isə gələcəyə ötürür. Şairlər sadəcə yazmır — onlar zamanı qoruyur, yaddaşı yaşadır, hissləri gələcəyə çatdırır. Hər bir şeir bir dövrün izidir, hər bir misra bir taleyin səsidir. Bu baxımdan poeziya həm də cəmiyyətin güzgüsüdür. O, dövrün ağrılarını, sevincini, ümidini və arzularını özündə əks etdirir.
21 mart – Poeziya Günü bizə bir həqiqəti xatırladır: insan sözlə yaşayır, sözlə iz qoyur və sözlə yadda qalır. Poeziya isə bu sözün ən uca formasıdır. İnsan danışanda söz yaranır, insan hiss edəndə isə poeziya doğulur. Bu gün poeziyanı qeyd etmək sadəcə şeir oxumaq deyil. Bu gün insanın öz ruhuna qayıtması, hiss etməyi yenidən xatırlamasıdır.
Müasir dünyada texnologiyanın sürətlə inkişaf etdiyi, informasiyanın artdığı bir dövrdə poeziyanın rolu daha da önəmli olur. Çünki poeziya insanı mexanikləşməkdən qoruyur, onu hiss edən varlıq kimi saxlayır. O, insanı öz daxilinə yönəldir, sükutun içində danışmağı öyrədir. Poeziya insanın ruhunu qoruyan bir sığınacaqdır.
Nəticə etibarilə demək olar ki, poeziya yazılan bir şey deyil — poeziya yaşanan bir həqiqətdir. O, insanın içindən gəlir, hisslərdən doğulur və yenidən insanın içində yaşayır. 21 mart yalnız təbiətin deyil, həm də insan ruhunun oyanış günüdür. Bu gün poeziyanın bayramıdır — sözün nəfəsə, hissin sənətə, insanın isə özünə çevrildiyi gündür.
Ana dili millətin ruhu, yaddaşı və vicdanıdır Ana dili sadəcə ünsiyyət vasitəsi deyil; o, insanın dünyanı necə hiss etdiyini, necə düşündüyünü, necə sevdiyini müəyyən edən mənəvi xəritədir. Ana dilində deyilən söz ürəkdən çıxar, ana dilində edilən dua ruhu qoruyar, ana dilində yazılan misra isə bir xalqın tarixini gələcəyə daşıyar.Biz ilk nəfəsimizi ana dilində alırıq. Ananın laylası ilə başlayır həyat, ilk sevinc də, ilk qorxu da ana dilində adlanır. İnsan ana dilində ağlayanda daha dərindən sarsılır, ana dilində sevinəndə isə daha səmimi gülür. Çünki ana dili insanın ruhuna ən yaxın olan dildir.Ana dilini qorumaq yalnız sözləri qorumaq deyil, kimliyimizi qorumaqdır. Dilini itirən xalq zamanla yaddaşını, sonra da özünü itirir.Tarix boyu dillər qadağan edilib,sıxışdırılıb, susdurulmaq istənib, amma ana dili hər zaman xalqın içində yaşayıb. Çünki ana dili qanla yox, ruhla ötürülür. Bu gün ana dilində yazmaq, danışmaq, düşünmək bir seçim deyil məsuliyyətdir. Dilimizə sevgi ilə yanaşmaq, onu düzgün işlətmək, onu gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin borcudur. Ana dilini sevmək pafoslu şüarlar demək deyil; onu gündəlik həyatda yaşatmaq, sözün qiymətini bilmək, dilin ruhunu incitməməkdir. Ana dili həm də bir sığınacaqdır. İnsan yorulanda, sınanda, tükənəndə ana dilinə qayıdır. Çünki ana dili insanı mühakimə etmir anlayır. Ana dili insanı yarımçıq cümlələrlə də başa düşür.
Ana dili insanın doğulduğu ev kimidir uzaqlaşa bilərsən, amma qayıdanda yenə səni tanıyandır.Bu gün Ana dili gününü qeyd edərkən bir daha anlayırıq ki, dilimiz bizim ən böyük sərvətimizdir. Onu sevmək, qorumaq və yaşatmaq özümüzü sevmək deməkdir.
Bəzi tarixlər var təqvimdə yox, millətin yaddaşında yaşayır. 20 Yanvar da elə gündür. O gün təkcə insanlar ölmədi… O gün bir imperiyanın iç üzü, bir xalqın isə necə məğrur və necə əyilməz olduğu bütün dünyaya göstərildi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakı tankların, güllələrin, qanın və fəryadın səsi ilə oyandı. Sovet ordusu və erməni daşnak dəstələrinin iştirakı ilə dinc əhaliyə qarşı görünməmiş vəhşilik törədildi. Silahsız insanlar güllələndi. Qadınlar, uşaqlar, qocalar kim oldu-olmadı demədən qırıldı.O gecə küçəyə çıxanlar üsyan etmirdi. Onlar sadəcə öz torpaqlarının, öz haqlarının, öz ləyaqətlərinin yanında dururdular. Amma tank mərmiləri insanlıqdan daha ağır imiş… Uşaqlar güllə yağışı altında atasını axtarırdı. Analara övladlarının cansız bədəni qucaqladıldı. Qadınların fəryadı Bakının daşına, divarına hopdu.Yaralıların üstünə belə atəş açıldı. Xilas etmək istəyənlər də vuruldu. Xəstəxanalar belə gülləbaran edildi.Bu, sadəcə qırğın deyildi. Bu, planlı terror idi. Bu, bir xalqın iradəsini sındırmaq cəhdi idi. Amma bilmədikləri bir şey var idi: Azərbaycan xalqı diz çökən xalq deyil.20 Yanvar şəhidlərinin qanı müstəqilliyimizin möhürü oldu. O gecə şəhid olan hər bir insan bu torpağın azadlıq tarixini öz canı ilə yazdı. Bu gün biz rahat küçələrdə gəzə biliriksə, bu gün bayrağımız dalğalanırsa, bu gün “mən azərbaycanlıyam” deyə bilirikdirsə bu, o gecə canını verənlərin hesabınadır.Unutmadıq. Unutmuruq. Unutdurmayacağıq. Çünki:Unudulan şəhid ikinci dəfə öldürülür. Xatırlanan şəhid isə bir milləti ayaqda saxlayır. 20 Yanvar – kədərimizdir. 20Yanvar–qürurumuzdur. 20 Yanvar – həm matəmimiz, həm də dirənişimizin adıdır. Ruhunuz şad olsun, şəhidlər… Siz bu torpağın vicdanısınız.
Bu gün 25 dekabrdır. Təyyarə qəzasından düz bir il keçir. Bir il rəqəm olaraq kiçik görünür, amma bəzi hadisələr var ki, onların çəkisi zamanla ölçülmür. Onlar insanın yaddaşında, vicdanında və cəmiyyətin kollektiv şüurunda yaşayır. Bu qəzanın adı tarixə yalnız bir faciə kimi yox, Hökumə Əliyevanın adı ilə birlikdə yazıldı. Hökumə Əliyeva bir qadın, bir insan, bir seçim. Qəza anı psixoloji baxımdan insan şüurunun ən sərhəd nöqtəsidir. Beyin təhlükəni hiss edəndə ilk refleks “özünü qoru” əmri verir. Bu, biologiyanın diktəsidir. Amma bəzən insan biologiyanı aşır. Bəzən bir saniyəlik qərar yüzlərlə həyatın istiqamətini dəyişir. Hökumə Əliyeva məhz bu anda özünü yox, başqalarını seçdi. Qadın cəsarəti çox vaxt yanlış anlaşılır. Onu emosional dözüm, səbir və susmaqla eyniləşdirirlər. Halbuki qadın cəsarəti bəzən ölümü görüb geri çəkilməməkdir. Öz canından keçməyi düşünmək deyil başqasının yaşamasını öz həyatından üstün tutmaqdır. Psixoloji tədqiqatlar göstərir ki, ekstremal vəziyyətlərdə insanlar iki qrupa bölünür: qorxuya tabe olanlar və dəyərə tabe olanlar. Hökumə Əliyeva ikinci qrupun insanı idi. Onun davranışı panikadan yox, daxili etikadan qaynaqlanırdı. Bu hadisə bir daha sübut etdi ki, qəhrəmanlıq planlaşdırılmır. Qəhrəmanlıq xarakterdir. Pilotlar isə bu faciənin görünməyən, amma ən ağır yükünü daşıyan tərəfidir. Onlar göydə yalnız texniki qərarlar vermirlər onlar eyni anda psixoloji təzyiq, məsuliyyət və zamanla yarışırlar. Hər saniyə həm ölümə, həm ümidə eyni məsafədə olmaq pilotun peşə reallığıdır. Bu qəza zamanı pilotların verdiyi qərarlar, qazandıqları saniyələr və son ana qədər aparılan mübarizə bir daha göstərdi ki, pilotluq sadəcə peşə deyil etik missiyadır. Sükanı buraxmamaq bəzən yaşamaq instinktinə qarşı çıxmaq deməkdir. Hökumə Əliyeva və pilotlar bu missiyanı yerinə yetirdilər. Onlar son ana qədər mübarizə apardılar. Bəlkə də bu mübarizə kimlərinsə sağ qalmasına, kimlərinsə yenidən həyata tutunmasına səbəb oldu. Bir il keçdi. Amma bu hadisə unudulmamalıdır. Çünki bu, yalnız faciə deyil. Bu, insanın hansı anda kim olduğunu göstərən güzgüdür. Hökumə Əliyeva bizə göstərdi ki, qadın olmaq zəiflik deyil. Qadın olmaq bəzən ən ağır anda ən güclü dayanmaqdır. Öz həyatını yox, başqasının ümidini seçməkdir. Bu gün 25 dekabrdır. Bir il tamam olur. Göy susur. Amma o səsizliyin içində bir ad var Hökumə Əliyeva. Və bu ad insanlığın yaddaşında qalmalıdır.
Narsistlər və Qadınlar: Görünməyən Psixoloji Zorakılığın Anatomiyası
Narsist şəxsiyyət tipi psixologiyada uzun illərdir araşdırılan, lakin cəmiyyətdə hələ də tam tanınmayan ən təhlükəli davranış modellərindən biridir. Çünki narsist zorakılığı səs-küylü deyil, qansızdır, amma dərin və dağıdıcıdır. Onun izi bədəndə yox, ruhdadır.Elmi baxımdan narsizm empati çatışmazlığı, həddindən artıq özünümərkəzçilik, təsdiqə patoloji ehtiyac və başqalarını alət kimi görmə ilə xarakterizə olunur. Narsist insan üçün münasibət emosional bağ deyil idarəetmə mexanizmidir.
Niyə ən çox qadınlar?
Narsistlərin əsas hədəfi çox zaman qadınlar olur. Xüsusilə:
empatik,
mərhəmətli,
anlayışlı,
bağışlamağa meyilli,“mən düzəldərəm” düşüncəsi ilə böyüdülmüş qadınlar.Cəmiyyət qadınlara susmağı, dözməyi, qorumağı, “ailəni saxlamağı” öyrədir. Narsist isə bu sosial kodlardan ustalıqla istifadə edir. O, qadının mərhəmətini zəiflik kimi oxuyur, sədaqətini idarə alətinə çevirir. Mərhəmət yanlış əllərdə silaha çevrilir.
Narsist Münasibətin Psixoloji Mexanizmi
Narsist münasibət üç mərhələdən ibarətdir:
İdealizasiya Əvvəlcə qadını yüksəldir: “sən fərqlisən”, “səni heç kim anlamayıb”, “sən mənim yarımsan”. Bu mərhələdə qadın ilk dəfə dərin dəyərli hiss edir.
Dəyərsizləşdirmə Sonra tədricən tənqid, susqunluq, müqayisə başlayır. Qadın özünü itirir, səhvi özündə axtarır.
Atılma və ya asılı saxlanma Ya tam tərk edilir, ya da emosional olaraq asılı vəziyyətdə saxlanılır. Bu proses qadında:özünə inamsızlıq,təşviş pozuntuları,depressiya,post-travmatik stres əlamətləri yaradır.Bu artıq psixoloji zorakılıqdır. Görünməyən, amma dağıdan.
Cəmiyyət Niyə Narsisti Görmür?
Çünki narsist:ictimai yerlərdə nümunəvidir,ağıllı danışır,özünü “qurban” kimi təqdim edir,qadını emosional, problemli kimi göstərir.Qadın danışanda ona deyilir: “Şişirdirsən”, “Həddən artıq həssassan”, “O elə adam deyil”. Beləcə qadın ikinci dəfə susdurulur bu dəfə cəmiyyət tərəfindən. Bir qadını ən çox yaralayan şey yaşadığı deyil, ona inanılmamasıdır. Narsist Dəyişirmi?
Elmi araşdırmalar göstərir ki, narsist şəxsiyyət tipi dərin və davamlıdır. Narsist:üzr istəmir,məsuliyyət almır,empati qurmağı bacarmır.O dəyişmək istəmir, çünki problem olduğunu qəbul etmir.Qadın üçün Çıxış Yolu Narsistdən xilas olmaq sevgi ilə deyil, şüurla mümkündür: sərhəd qoymaq, özünü günahlandırmamaq, “mən xilas edərəm” düşüncəsindən çıxmaq, psixoloji dəstək almaq. Unutmayaq: Sevgi insanı kiçiltmirsə, böyüdür. Əgər səni özündən azaldırsa, o sevgi deyil.Qadın susduqca narsist güclənir. Qadın danışdıqca sağalma başlayır. Bu yazı ittiham deyil oyandırmaqdır. Çünki narsistlərdən qorunmağın ilk yolu onları tanımaqdır.Və hər qadın bilməlidir: Səni incitdiyin yerdə qalmaq sədaqət deyil, özünə xəyanətdir.
Bir Ömürdən Böyük İrs: Ulu Öndər Heydər Əliyevin Anım Günü
Tarix bəzi insanları zaman üçün deyil, gələcək üçün yetişdirir. Elə bu üzdən Heydər Əliyevin adı deyiləndə hər birimizdə yalnız bir xatirə deyil, bütöv bir dövr dirçəlir. Bu gün Ulu Öndəri anmaq sadəcə bir şəxsiyyəti xatırlamaq deyil, bir millətin taleyini dəyişən iradəni, qətiyyəti və dərin zəkani yada salmaqdır.Heydər Əliyev Azərbaycan üçün yalnız lider deyildi. O, dövlətçilik məktəbi idi düşüncəsi ilə yol açan, cəsarəti ilə qoruyan, uzaqgörənliyi ilə qurub-yaradan bir məktəb. Onun dahili təkcə idarəçiliyində deyil, xalqına göstərdiyi sevgidə, millətinin gələcəyinə olan sonsuz inamında idi. Bu gün ölkəmizin hər nailiyyətində, hər sabit addımında, hər qurulan dəyərdə onun imzası, onun nəfəsi var. Bəzən tarixdə iz qoyurlar. Heydər Əliyev isə tarixə yön verənlərdən oldu. Bu gün onun olmadığı hər gün, onun qoyduğu irsin nə qədər böyük olduğunu bir daha göstərir.Anım günü kədər deyil, minnətdarlıq günüdür. Çünki bir millətin taleyinə nur salan belə şəxsiyyətlər dünyaya çox gec-gec gəlir və heç vaxt əvəz olunmur. Biz bu gün Ulu Öndəri yad etməklə yanaşı, onun yaratdığı sabahlara sahib çıxırıq. Onun düşüncəsi bu gün də yaşayır, yol göstərir, ümid verir və hər bir azərbaycanlının qəlbində “Vətən” adlanan müqəddəs hissi daha da ucaldır. Heydər Əliyev bir ömür yox, bir mirasdır. Bu miras isə hər gün, hər addımda yaşamağa davam edir.
İnsanı öldürən də, dirildən də elə sevgidir. Bəzən bir insanın bütün həyatı bir şəkilin kölgəsində keçir. Firuzə illərlə sevginin qapısında dayanmış, qapı açılmadıqca öz içində susmuş, susduqca xəstələnmiş bir qadındır. Onu ağır edən taleyi deyil eşidilməyən sevgisi, görülməyən dəyəridir. “Sevilməyən qadın yorulur, amma sevməkdən vaz keçmir.” Firuzə illərlə bir arzuya çevrilir… Bir şəklin kölgəsinə ilişib qalan, amma ruhunda günəş daşıyan qadın. İnsanlar onu görmür, o isə yenə də hamını sevməkdən vaz keçmir. “Bəzən bir qadının dərmanı nə həkimdə, nə zamanın içindədir bircə sevginin toxunuşundadır.” Kitabın saysız dərin qatlarından biri də Ömərin taleyidir. O, sevdiyini itirməyin nə olduğunu anlayan, anasının istəyi ilə girdiyi yanlış ailə içində özünü tükədən bir kişidir. Ömür bəzən insanı iki yolun arasına qoyur: Sevdiyin üçün döyüşmək və ya susub taleyə təslim olmaq. Ömər bu susqunluğun içində illərini itirir… Amma sevgi yenidən yol tapır. Taleyin qırılan yerlərini bəzən bir toxunuş, bəzən bir baxış düzəldir. Bir gün o geri qayıdır bu dəfə gecikərək yox, yetərək. Firuzənin xəstəliyi yalnız bədənində deyildi o ruhunda yaralıydı. Ömərin sevgisi isə o yaraya çəkilən sonuncu məlhəm olur. “Sevdiyin adam səni sağaldırsa, demək sənin taleyin düz yazılıb.” “Əsl sevgi ölümə təslim olmur xəstəni də, ruhu da, taleyi də sağaldır.” Kitabın hər sətrində bir həqiqət gizlidir: İnsan bəzən illərlə yanlış adamların sevgisinə möhtac qalır, amma bir gün doğru adam gəlir və bütün keçmişi tək baxışla silir. Firuzə Ömərin sevgisi ilə təkcə sağalmır yenidən doğulur. Çünki insanı sağaldan dərmanlar deyil doğru insanın dəyəridir. Kitabın bütün fəlsəfəsi bir cümlədə cəmlənir: “Sevgi sağlıqdır çünki sevgi olmadan ruh yaşaya bilmir.” Firuzənin bu hekayəsi oxucunu bir daha düşündürür: Görmədiyimiz qadınların içində nə ağrılar yatır? Çata bilmədiyimiz sevgilər bizi neçə dəfə öldürür? Sevmək insanı necə sağalda bilir? Və ən əsası: Heç bir xəstəlik sevginin gücü qədər möcüzə yaratmır.
“Sənsizlik” – Sevgisi bitməyən, qovuşa bilməyən iki taleyin hekayəsi
Bəzən sevgi qovuşmaqla yox, qovuşa bilməməkdən doğur. “Sənsizlik” kitabı da məhz bu yanğının, bu susqunluğun içindən yaranıb. Uşaqlıqdan bir-birini sevən iki qəlbin hekayəsi… lakin toxunmadan,danışmadan, eyni şəhərdə yaşayıb, fərqli talelərdə itən iki insanın dramı.Onların arasına həyat yox, məsafə yox inamsızlıq, qısqanclıq və qürur girdi. Elə üç duyğu ki, iki ürəyi bir-birindən ayırmaq üçün bəzən bütün dünyanın gücü yetməz, amma qürur yetər…Eyni şəhərdə yaşadılar, eyni küçələrdən keçdilər, eyni dənizin qoxusunu içlərinə çəkdilər. Amma bir evdən o biri evə gedən yol, qəribəsi budur ki, dünyanın ən uzun məsafəsinə çevrildi. Onlar yaxın idilər, amma yaxınlaşa bilmədilər; sevdilər, amma etiraf etmədilər; gözlədilər, amma addım atmadılar. “Sənsizlik” təkcə ayrılığın deyil, söylənməmiş sözlərin ağırlığının kitabıdır. Bu əsərdə oxucu sevginin necə yarandığını deyil, necə susdurulduğunu görür. Bəzən sevgi bitmir,sadəcə danışa bilmir. Bəzən iki insan sevir, amma iki qürur icazə vermir.Və bütün bunlara baxmayaraq… onların bir-birinə sevgisi tükənmədi.Nə illər, nə yollar, nə ayrılıqlar onu öldürə bilmədi. Çünki bəzi sevgilər müqavimət göstərmir sadəcə yaşayır.Bu kitab oxucunu bir cümlənin içində dayandırır: “Bəzən ayrılıq iki ürəyin yox, iki qürurun yazdığı hekayədir.” “Sənsizlik” sevməyin əzabını, ayrılığın sükutunu,qovuşmamağın ağrısını yaşadan bir əsərdir. Oxuyanı düşündürən, düşündürdükcə yandıran… Bu kitabda sevgi məğlub olmur. Sadəcə səssiz qalır.
Sosial medianın psixoloji manipulyasiyası: görünənlər, gizlənənlər və “bəyənilmək” aclığı
(aktual mövzu)
Müasir dövrdə sosial media təkcə bir platforma deyil o, artıq həyat tərzinə çevrilib. İnsanlar yatmazdan əvvəl son baxışlarını ora salır, səhər oyananda ilk baxışı yenə ora yönəlir. Artıq xəbər, dost, sevgi, kədər hamısı bir ekranın içindədir. Amma sosial media sadəcə bir “ünsiyyət vasitəsi” deyil. O, hissləri, düşüncələri və davranışları yönləndirən bir psixoloji manipulyasiya mexanizmidir. Virtual təsdiqin cazibəsi: Bəyənilmək aclığı Bu günlərdə bir çox insan sosial mediada “bəyənilmək” üçün yaşayır. Bir paylaşım, bir video, bir şəkil hər biri sanki “Məni görün, məni bəyənin, məni təsdiq edin!” deməyin fərqli formasıdır. Artıq bəzi insanlar real xoşbəxtliyi yaşamaqdan çox, xoşbəxt görünməyə çalışır. Onlar sanki həyatlarını yaşamaq üçün deyil, paylaşmaq üçün yaşayırlar. Bir anlıq düşünək: İnsan bir videonu paylaşır, bir şəkli yerləşdirir, sonra saatlarla ekranı izləyir neçə nəfər baxdı, kim bəyəndi, kim şərh yazdı? Əgər baxış sayı çoxdursa sevinc, əgər azdırsa məyusluq. Beləcə, insan öz dəyərini “bəyənmə” sayında axtarmağa başlayır. Bu, sosial medianın ən təhlükəli manipulyasiyasıdır: o, insanı öz dəyərindən uzaqlaşdırır və başqalarının fikrindən asılı hala salır. Süni xoşbəxtlik: Reallığın saxta versiyası Sosial mediada hər şey parlaq, gözəl və qüsursuz görünür. Amma bu parıltının arxasında çox vaxt tənha ruhlar, yorğun zehinlər və gizli kədərlər gizlənir. Kamera qarşısında gülən insan, bəzən ekran sönəndə ağlayır. Çünki sosial medianın “görünən xoşbəxtlikləri” çox vaxt “görünməyən ağrıları” gizlədir. Biz artıq “yaşadıqlarımızla” deyil, “paylaşdıqlarımızla” qiymətləndirilirik. Kimin həyatı daha rənglidir, kim daha çox gəzib, kim daha çox gülür… Bu, sanki bir yarışa çevrilib xoşbəxtlik yarışı, amma qalibi olmayan bir yarış.
Psixoloji tələlər: Beynin manipulyasiyası Sosial media insan beyninin dopamin sisteminə birbaşa təsir edir. Hər “like”, hər “baxış” beyində kiçik bir sevinc siqnalı yaradır. Bu siqnal isə insanı daha çox paylaşmağa, daha çox baxmağa, daha çox qarşılıq gözləməyə vadar edir. Beləcə, asılılıq səssizcə formalaşır. Artıq bir çox insan sosial mediaya girmədiyi zaman özünü “boşluqda” hiss edir. Halbuki bu, real boşluq deyil bu, virtual dünyanın psixoloji tələsidir. Sosial əlaqələrin itməsi: yaxın, amma uzaq Sosial media paradoksu budur: insanlara yaxınlaşdırmaq üçün yaradıldı, amma nəticədə bizi bir-birimizdən uzaqlaşdırdı. Artıq biz dostlarımızla baxışaraq yox, “story”lərdə danışırıq. Valideynlər övladlarını “like”lar vasitəsilə tanıyır, sevgililər bir-birinə baxmaq yerinə mesaj yazır. Ünsiyyət sanki ruhunu itirib, “emosiya” yerini “emoji”yə verib.
Xeyirli tərəflər: Düzgün istifadə balansın açarı Bütün bunlara baxmayaraq, sosial media düzgün istiqamətdə istifadə edildikdə çox güclü bir maarifləndirmə vasitəsinə çevrilə bilər. O, istedadları üzə çıxarır, gəncləri birləşdirir, fərqli düşüncələri paylaşmaq imkanı yaradır. Ancaq əsas məsələ odur ki, sosial media səni idarə etməsin sən onu idarə et.Sosial medianın köləliyindən azad olmağın yeganə yolu şüurlu istifadədir. Paylaş, amma özünü itirmə. İzlə, amma dəyərlərindən uzaqlaşma. Xoşbəxt ol, amma süni şəkildə yox, səmimi şəkildə. Nəticə: Reallığı unutma Sosial media həyatın güzgüsü deyil, yalnız əksidir.Orada hər şey var, amma “sən” yoxsan, əgər özünü itirmisənsə.Unutma ki, bəyənilmək bir anlıqdı, amma dəyərli olmaq bir ömürlük. Əsl xoşbəxtlik “nə qədər bəyəni aldığın”da deyil, nə qədər insanın qəlbinə toxunduğundadır.