
Naturalizm
Naturalizm XIX əsrin ikinci yarısında Avropa ədəbiyyatında realizmin daxilində formalaşmış və reallığı, xüsusilə insan həyatını və davranışlarını elmi obyektivlik, dəqiq müşahidə və təfərrüatlı təsvir yolu ilə əks etdirməyi qarşısına məqsəd qoyan ədəbi cərəyandır.
Naturalist ədəbiyyatda insan xarakteri və taleyi əsasən irsi (genetik), fizioloji və sosial mühit amillərinin təsiri ilə izah olunur. Müəlliflər hadisə və obrazlara subyektiv qiymət verməkdən daha çox, onları müşahidəçi mövqeyindən təqdim etməyə çalışmışlar. Bu baxımdan naturalist yazıçı bədii yaradıcılıqda tədqiqatçı rolunu yerinə yetirir və insan davranışlarını konkret şərtlər daxilində araşdırır.
Fransız yazıçısı Emil Zolya naturalizmin nəzəri əsaslarını 1880-ci ildə nəşr etdirdiyi “Eksperimental roman” əsərində sistemləşdirmişdir. Onun fikrincə, romanda hadisələr real həyatda mövcud olan faktlara əsaslanmalı və obyektiv şəkildə təsvir edilməlidir.
Naturalist metodun əsasını canlı və sistemli müşahidə təşkil edir. Yazıçı təsvir etdiyi mühiti, sosial təbəqəni və ya peşə sahəsini əvvəlcədən dərindən öyrənməlidir. Məsələn, Zolya “Jerminal” romanını yazmazdan əvvəl mədən fəhlələrinin həyatını müşahidə etmiş, onların əmək şəraitini, sosial münasibətlərini və psixoloji durumlarını araşdırmışdır. Bu əsər naturalist ədəbiyyatın klassik nümunələrindən biri hesab olunur.
Naturalizm yalnız fransız ədəbiyyatı ilə məhdudlaşmamış, digər Avropa ölkələrinə də yayılmışdır. Gi de Mopassan, Henrik İbsen, Gerhart Hauptman, August Strindberq, Frank Norris və Knut Hamsun kimi yazıçıların əsərlərində naturalist təsvir üsurlarının müəyyən cəhətləri müşahidə olunur. Lakin bu müəlliflərin heç biri naturalizmi Emil Zolya qədər ardıcıl və planlı şəkildə ədəbi yaradıcılıqlarında tətbiq etməmişdir.
Naturalizmin realizmdən əsas fərqi ondadır ki, realist ədəbiyyatda bədii ümumiləşdirmə aparıcı rol oynadığı halda, naturalizmdə konkret və fərdi faktın təsviri ön plana çəkilir. Məsələn, Onore de Balzak geniş müşahidələrə əsaslansa da, müşahidə etdiyi faktlardan ümumi tip və xarakterlər yaratmağa çalışırdı. Naturalist yazıçılar isə ümumiləşdirməni minimuma endirərək hadisələri olduğu kimi təqdim etməyə üstünlük verirdilər.
Ədəbiyyat tarixində naturalizm müstəqil və uzunömürlü ədəbi cərəyan kimi möhkəmlənməmişdir. Buna baxmayaraq, naturalist təsvir üsulları sonrakı dövrlərdə realist, neorealist və faktlara əsaslanan bədii əsərlərdə müəyyən dərəcədə istifadə edilmişdir.
Azərbaycan ədəbiyyatında naturalizm müstəqil və sistemli ədəbi cərəyan kimi formalaşmamışdır. Bununla belə, XIX əsrin sonu – XX əsrin əvvəllərində yaranmış realist və tənqidi realist nəsr nümunələrində həyat hadisələrinin obyektiv təsviri, sosial mühitin təsirinin qabardılması və müşahidəyə əsaslanan detallı təsvirlər naturalist metoda yaxın xüsusiyyətlər kimi qiymətləndirilə bilər.
Müəllif və mənbə: Şəhriyar Balabəyov
Şəhriyar Balabəyovun digər yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında