Bu gün milli ruhumuzun mətin keşikçilərindən biri kimi tanıdığımız, dəyərli ziyalımız, yazıçı, alim, dövlət xadimi Akif Əlinin doğum günüdür! Ad günü münasibəti ilə Akif müəllimi təbrik edir, Böyük Allahdan can sağlığı, uzun ömür diləyirik. Uğurlarınız bol olsun, Akif müəllim!
Akif ƏLİ — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). 2-ci dərəcə Dövlət müşaviri.
Həyatı Akif Əli 1952-ci il fevralın 22-də Şuşada anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib (Bakı Slavyan Universiteti) (1974).
Yaradıcılıq fəaliyyəti Azərbaycanfilm, Tacikfilm, Lenfilm kinostudiyalarında filmlərə çəkilib (1974-1978). “Uzun müharibədə qısa görüşlər” (Tacikfilm) filmində Rüstəm, “Tütək səsi” filmində (Azərbaycanfilm) Tapdıq və başqa obrazları yaradıb. 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri vəzifələrində işləyərkən bir neçə populyar radio verilişinin (“Sabahınız xeyir”, “Molla Nəsrəddin”, “Gülüş axşamı” (1981-1983)), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışarkən isə televiziya proqramlarının (“Zəriflik”, “Aygün”, “7 sual, 7 cavab” televiktorinası, “İdrak”, “Tələbə dünyası”, “Teleteatrda gənclər gecəsi”, “Çay, çay, çay!”, “Mənəvi dünyamız”) yaradıcısı, müəllifi, yaxud redaktoru olub. Çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, kitabların, “Mozalan” kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifidir.
Filologiya elmləri üzrə fəlsəfə doktoru (1988), dosent, Qızıl qələm mükafatı laureatıdır.
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim.
Siyasi fəaliyyəti 1989-cu ildə Bakı Ali Partiya Məktəbinin əyani kursunu bitirib. 1990-cı ildə “Vətən səsi” qəzetinin yaradılmasında iştirak edib və 1991-1993-cü illərdə həmin qəzetin baş redaktoru vəzifəsində çalışıb. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri işləyib (1992-1994).
1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. 2-ci dərəcə Dövlət müşaviridir.
Əsərləri “Gözəlliyin qədrini bilək” (1984), “Azərbaycanın müasir kinoaktyorları” (1984), “Unudulmaz yollar” (1985), “Məhəbbət təranələri” (1989), “Qaragöz oyunu” (1999), “M.Ə.Sabirin satira sənətkarlığı” (1999), “Öncə – vətəndir” (2003), “Böyük ömrün anları” (2004), “İdrak” (2007), “Azman” (2013) kitabları çap olunub. Bunlardan başqa tərcümələri var (A.Hertsen “Olmuşlar, düşüncələr”, V.Mayakovski “Taxtabiti”, M.Zoşşenko “Nəhs günü”, J.B.Molyer “Meşşanın zadəganlığı”, A.Soljenitsin “Matryonanın ocağı”, A. Çexov “Hekayələr”, Qrimm qardaşları “Bremen musiqiçiləri”).
Vəzifələri 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri (1978-83), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru (1983-87) olub.
1991-1993-cü illərdə “Vətən səsi” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-1994) işləyib.
Bu gün dünya miqyasında tanınmış jurnalist məşhur Vəkilovlar nəslinin nümayəndəsi Leyla Vəkillinin ad günüdür. Bu münasibətlə həmin nəslin digər tanınmış nümayəndəsi hüquqşünas-vəkil Səməd Vəkilovun maraqlı paylaşımını təqdim edirik:
“Bu gün dünya şöhrətli jurnalist Leyla Vəkilinin ad günüdür! Babam Əhməd bəy Vəkilovun əmisi oğlu Azərbaycanın ilk hüquqşünaslarından olan Həsənalısultan Vəkilovun qızı Leyla Vəkilli 1932-ci ildə Parisdə anadan olub, İstanbulda böyüyub, Sarbona Universitetini bitirərək sonrada dünyanın nəhəng media orqanlarından olan Sipa Press agentliyində çalışib. Həmcinin Sarbona Üniversitetində dərs deyib. Fransada türk filim festivalının qurucularindan olub. Fransada 20 min traj çap olunan ,,Defi,, (Caqri) jurnalının baş redaktoru olub. 2017-ci ildə Türkiyədə dünyasını dəyişib. Fotonun müəllifi professor Ədalət Tahirzadəyə təşəkkür lər. Nur içində yat Bibi!”
Səməd müəllimə can sağlığı, Leyla xanıma Böyük Allahdan rəhmət diləyirik. Ruhu şad olsun. Amin.
AZƏRTAC>>> Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Bu gün münasibəti ilə tanınmış söz adamlarından ən məşhur ana dilimiz haqqında olan dörd şeiri sizlərə təqdim edirik:
Xəlil Rza Ulutürk
Ana dilim
-Lay- lay dedim, yatasan, Qızılgülə batasan… Hardan gəlir bu səs- səda? Bəlkə, illər arxasında Layla çalır gəlin ana? Dörd qulac ip Bir yüyrüyü bənd eləmiş kəhkəşana. Layla çalır gəlin ana. Yelləndikcə kiçik yüyrük Gedib dəyir bu ulduzdan o ulduza. Layla axır… cocuq baxır. Bəs nə üçün mürgüləmir? Bayaq ana südü əmib, İndi ana ruhu əmir. İllər ötdü, yaşa doldum. Anladım ki, ana dilim Ürəyimdən çıxmaz mənim, doğransam da dilim- dilim. Anladım ki, sinəmdəki sözlər deyil, babaların nəfəsidir. Dizlərimə taqət, qüvvət, gözlərimə işıq verən, Çənlibeldə at oynadıb şimşəklərlə qoşa gedən igidlərin nərəsidir. Bu dildədir yüz abidə, min abidə, Xilafəti parçalayan Babəkimin qəzəbi də! Məhv olarsa bir gün bu dil, Göy Göl onda Göy Göl deyil. Qoşqar onda Qoşqar deyil. Qız qalası qala deyil. Öz dilini sən qala bil! Qərbə, şərqə işıq salan Füzulini sən qala bil! Sağdır dilim, demək, sağdır şərafətim, ləyaqətim. Sağdır, demək, milyard yaşlı məmləkətim. Yüz hədəfə tuş etmişəm Sabirin hər sətrini mən. Salxım- salxım nuş etmişəm şəhdini mən, ətrini mən. Külək deyil, güllə açdı Təbrizimin yaxasını. Boğazından çıxartdılar loxmasını. Lakin yenə o yaşadı, qoruyaraq Möcüzün hər misrasını. Mənim dilim məğrur baxmış üzərindən gəlib keçmiş, ürəyini dəlib keçmiş oxların qanlı ucuna. Baş əyməmiş fatehlərin qol zoruna, dil zoruna, qılıncına, qırmancına! Baş əyməmiş! Baş əyməyir!.. Əyməyəcək! Cabbarların türbəsinə bahar özü qoyur çələng. Ürəyimdə od qalamış min- min arzum, əhdim mənim. Bax, bu dildə «Hücum!» deyib İtaliya dağlarında dağ çəkmişdir faşistlərə Mehdim mənim! Bax, bu dildə şer dedi Səməd Vurğun hər obada. Qucaq- qucaq gül gətirdi gözəl qızlar o ustada. Qəlbim- bahar şəlaləsi, sevinc yığır, ah dağıdır. Mənim dilim Göy Göl, Xəzər, mənim dilim Şahdağımdır! Qoy dilçilər öcəşsinlər, yoxdur bəhsə meylim mənim. Heç bir dildən əskik deyil bəşərin dil ağacının şah budağı dilim mənim! Təkcə cümlə deyil, təkcə səs deyil, Xalqımın gözünün odu- ziyası, canı, şah damarı, arteriyası, ən böyük mirası sabahkı nəslə! Zamandan zamana, əsrdən əsrə vuruşla yol gələn davalı dilim! Babək qılıncının davamı dilim! Kim qoruya bilməyirsə öz yurdunu, yuvasını, udmasın yurd havasını. Kim qorumur öz dilini, itsin mənim gözlərimdən ilim- ilim, O sahili bu sahillə birləşdirən polad körpüm, qılıncımdır, günəşimdir mənim dilim!
Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin.
Tofiq Bayram
Ana dilim
Qalxıb Şahdağına söz istəyirəm, Çatsın hay-harayım dinləyənlərə, Mən nankor deyirəm, nacins deyirəm – Öz ana dilini bilməyənlərə!
Bu dil şirinlikdə şərbət kimidir, Saflığı qorunan sərhəd kimidir, Anamız Vətən də qürbət kimidir – Öz ana dilini bilməyənlərə!
İtsin gözlərimdən qoy ilim-ilim, Qəzəb ümmanıyam, yoxdur sahilim. İlan zəhərindən acıdır dilim – Öz ana dilini bilməyənlərə!
Döyüşdə bərkiyib el polad olur, Zirvəyə uçmağa dil qanad olur. Torpağın sevinci, dərdi yad olur – Öz ana dilini bilməyənlərə!
Mən qədim “Qarabağ şikəstəsi”yəm, Üzeyir nəfəsli gül dəstəsiyəm. Vaqifin, Vurğunun nifrət səsiyəm – Öz ana dilini bilməyənlərə!
Yad dildən pay umub kişi dilənməz, Bu ləkə üstündən heç vaxt silinməz. Füzuli şeirdə kimdir bilinməz – Öz ana dilini bilməyənlərə!
Beyninə girmədi, ana öyüdü, Əsilsiz yaşayıb o küt böyüdü, Görüm haram olsun ananın südü – Öz ana dilini bilməyənlərə!
Yad əllə bir çiçək, gül dərilməsin, Canlı meyit olsun, o dirilməsin. Bu ana torpaqda yer verilməsin – Öz ana dilini bilməyənlərə!
Nankorun qızıldan olsa dirəyi, Dar gündə millətin olmaz gərəyi. Haramdır Vətənin halal çörəyi – Öz ana dilini bilməyənlərə!
Bu dildə bir qızmış pələngəm, şirəm, Aslanlar döşündən mən süd əmirəm. Yeddi oğul doğsun, ana demirəm – Öz ana dilini bilməyənlərə.
Yüz dili öyrənsən, alqışlayıram, Hər dili üzüyə bir qaş sayıram. Güllədən kəsərli söz tuşlayıram Öz ana dilini bilməyənlərə.
Birinə əslini danıb desələr, Bu nifrət ölüncə ona bəs edər, Bir gün öz övladı qənim kəsilər – Öz ana dilini bilməyənlərə.
Qədrini bilməsə kamanın, neyin, Saman çuvalıdır o baş, o beyin Bu ana torpaqda fərari deyin – Öz ana dilini bilməyənlərə!
Övlad ki, yadlaşdı, dərd böyük olur, Çəkdiyi xəcalət ömürlük olur. Vicdan da, qeyrət də artıq yük olur – Öz ana dilini bilməyənlərə!
Bu gün azad dilli Azərbaycanam, O taylı, bu taylı vahid bir canam, Baxır ögey kimi ağbirçək anam – Öz ana dilini bilməyənlərə!
Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin.
Məhəmmədhüseyn Şəhriyar
TÜRKÜN DİLİ ! Türkün dili tək sevgili, istəkli dil olmaz, Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.
Öz şerini farsa, ərəbə qatmasa şair, Şeri eşidənlər, oxuyanlar kəsil olmaz.
Pişmiş kimi, şerin də gərək dad-duzu olsun, Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.
Sözlər də cəvahir kimidir, əsli bədəldən Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.
Şair ola bilməzsən, anan doğmasa şair, Missən, a balam, hər sarı köynək qızıl olmaz.
İnsan odu tutsun bu zəlil xalqın əlindən, Allahı sevərsən, belə insan zəlil olmaz.
Hərçənd Sərabın südü çox, yağ-balı çoxdur Baş ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.
Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz, Ərbablarımızdan da qarınlar təbil olmaz.
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı, Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.
Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə, Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.
Fars şairi çox sözlərini bizdən aparmış, Sabir kimi bir süfrəli şair pəxil olmaz.
Türkün məsəli, folkloru dünyada təkdir, Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.
Azər qoşunu qeysəri-Rumi əsir etmiş, Kəsra sözüdü, bir belə tarix nağıl olmaz.
Bu Şəhriyarın təbi kimi çimməli çeşmə, Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.
Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin.
Bəxtiyar Vahabzadə
Ana dili
Dil açanda ilk dəfə «ana» söyləyirik biz, «Ana dili» adlanır bizim ilk dərsliyimiz. İlk mahnımız laylanı anamız öz südüylə İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır, Bu dil bir-birimizlə əhdi-peymanımız dır. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi, Bu dil əcdadımızın bizə miras verdiyi Qiymətli xəzinədir…onu gözlərimiz tək Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Bizim uca dağların sonsuz əzəmətindən, Yatağına sığmayan çayların hiddətindən, Bu torpaqdan, bu yerdən, Elin bağrından qopan yanıqlı nəğmələrdən Güllərin rənglərindən, çiçəklərin iyindən, Mil düzünün, Muğanın sonsuz genişliyindən, Ağsaçlı babaların əqlindən, kamalından, Düşmən üstünə cuman o Qıratın nalından Qopan səsdən yarandın. Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.
Ana dilim, səndədir xalqın əqli, hikməti, Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. Ürəklərə yol açan Füzulinin sənəti, Ey dilim, qüdrətinlə dünyalara yol açmış. Səndə mənim xalqımın qəhrəmanlıqla doluTarixi varaqlanır, Səndə neçə min illik mənim mədəniyyətim, Şan- şöhrətim saxlanır. Mənim adım-sanımsan, Namusum, vicdanımsan!
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi, Bu dil əcdadımızın bizə qoyub getdiyi Ən qiymətli mirasdır, onu gözlərimiz tək Qoruyub, nəsillərə biz də hədiyyə verək! Ey öz doğma dilində danışmağı ar bilənfasonlu ədabazlar, Qəlbinizi oxşamır qoşmalar, telli sazlar. Bunlar qoy mənim olsun, Ancaq Vətən çörəyi, Sizlərə qənim olsun!
Dəyərli dostumuz həkim, yazar, şair, bəstəkar “İGİD ƏSGƏR MÖHKƏM DAYAN”, “CƏNƏB LEYTENANT” kimi məşhur mahnı və marşları ilə qəlbimizdə taxt qurmuş Şahin Musaoğlunun Azərbaycan sevdalısı Dünya şöhrətli alim Mehmet Haberal haqqında çox vacib əsər olan “СВЕТИТЬ ВСЕГДА, СВЕТИТ ВЕЗДЕ!”adlı sənədli povesti işıq qzü görmüşdür. Bu münasibətlə Şahin Musaoğlunu (Шахин Мусаоглу) təbrik edir və yeni – yeni yaradıcılıq uğurları arzu edirik!
Шахин Мусаоглу “СВЕТИТЬ ВСЕГДА, СВЕТИТ ВЕЗДЕ!”-Mehmet Haberal haqqında kitab.
YAZARLAR.AZ həmişəki kimi adət-ənənəyə sadiq qalaraq Şahin Musaoğluunu (Шахин Мусаоглу) “СВЕТИТЬ ВСЕГДА, СВЕТИТ ВЕЗДЕ!” adlı yeni kitabını işıq üzü görməsi münasibəti ilə “Ziyadar” Mükafatı ilə təltif edilib.
“Ziyadar” Mükafatı – ŞAHİN MUSAOĞLU N: 058 21.02.2021. – BAKI.
Biz də Şahin müəllimi həm yeni kitabının nəşr olunması, həm də “Ziyadar”la mükafatlandırılması münasibəti ilə təbrik edirik! Uğurlarınız bol olsun, Şahin müəllim!
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev haqqında kitab
Ermənistanla sərhəddə, Tovuz istiqamətində baş verən döyüşlərdə şəhid olan polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev haqqında “Qanun” Nəşrlər Evində dərc olunmuş kitab bu gün 2 saylı Fəxri və Şəhidlər Xiyabanında qəhrəman şəhidimizin məzarı başında təqdim olunub.
YAZARLAR.AZ xəbər verir ki, tədbir 21 fevral 2021 – ci ildə 12:30 da “2 saylı Fəxri və Şəhidlər Xiyabanı”nda baş tutub. QHT və İB – in də dəstəyi ilə İlqar Mirzəyevin əvvəl kursant yaldaşı olmuş, sonralar isə zabit kimi çiyin – çiyinə xidmət etmiş Azərbaycan Ordusunun zabiti Babayev Mürşüd tərəfindən təşkil olunmuş tədbirdə QHT və İB sədrləri, şəhidimizin yaxınları, zabit yaldaşları, kursantları, dəyərli qazilərimiz iştirak etmişlər. Ermənistanla sərhəddə, Tovuz istiqamətində baş verən döyüşlərdə şəhid olan polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev haqqında “Qanun” Nəşrlər Evində dərc olunmuş kitab elə şəhidimizin məzarı başında təqdim olunub. “İlqar Mirzəyev” adlandırılan kitab tədbirin və kitabın nəşrinin təşkilatçısı Mürşüd Babayev tərəfindən iştirakçılara təqdim olunub. Tədbiri iştirakçılardan əlavə bu gün fəxri xiyabanda olan digər ziyarətçilər də maraqla izləyiblər. Təqdimatdan sonra digər şəhidlərimiz Polad Həşimovun, Şükür Həmidovun, Həmdəm Ağayevin və Qərib Baxşəliyevin də məzarları ziyarət olunub, dualar oxunub, qəbirləri üstünə qərənfillər düzülüb.
Türk dünyasını böyük şairi, tanınmış söz adamı Eldar İsmayıl BÖYÜKTÜRK vəfat edib. Böyük Allahdan şairə rəhmət, doğmalarına, yaxınlarına, onu sevib, bu qəfil xəbərə üzülən hər kəsə səbir diləyirik. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
İsmayılov Eldar Ələsgər oğlu – şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” və “Araz” ali ədəbi mükafatı laureatı, “Əməkdar jurnalist” (20.09.2010)
İsmayılov Eldar Ələsgər oğlu – şair, publisist.
Həyatı
Eldar İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb.
Uzun müddət Azərbaycan Tibb Universitetinin nəşri olan “Təbib” qəzetinin baş redaktoru işləyib.
İlk mətbu əsəri Eldar Ağbulaqlı imzası ilə “Lenin yolu” qəzetində 1961-ci ildə “Kəndimiz” adlı şeiri ilə başlayıb. 2003-cü ildən AYB-nin üzvüdür.
“Ulu Göyçə”, “Mən kiməm”, “Türkün xilaskarı”, “Ulu Turan yolunda” adlı poemalarında odlu vətənpərvərlik duyğusu ilə tamamlanmış silsilə şeirləri verilmişdir.
Eldar İsmayıl “Xüsusi mükafat”a layiq görülmüş “Göyçənin qisası qalır” və “Səttar oğlu” tarixi romanlarının, “Məndən ötrü Ermənistan yoxdu, yox”, “Ağrı dağı qədər ağrılarım var”, “Ermənistan türklərinin 1988-ci il soyqırımı” publisistik əsərlərinin müəllifidir.
“Türkün xilaskarı” (2005) poeması Türk xalqına, Türkiyə Cümhuriyyətinin banisi Atatürkə həsr olunmuşdur. Bu şairin türk dünyasına sevgisinin, məhəbbətinin təcəssümü deyilmi? Onun bu zəhməti də Türkiyədə yüksək qiymətləndirilmiş, Türk Dünyası Araşdırmaları Uluslararası Elmar Akademiyası Yüksək Yönetim Kurulunun qərarı ilə Türk ədəbiyyatının inkişafında xidmətinə görə “Türk Ədəbiyyatına Hizmət” beynəlxalq ödülü ilə mükafatlandırılmışdır.
Şairin zəhmətinin növbəti dəyərləndirilməsi “Heyrət” ədəbi dərgisinin dövlət və cəmiyyətin təməl prinsiplərinin qorunmasını, inkişafını özündə ehtiva edən səmərəli ədəbi fəaliyyətinə, ictimai vətəndaşlıq mövqeyinə görə “Məslək Şərəf Diplomu” ilə təltif edilməsidir.
Eldar İsmayıl sevərlərini, pərəstişkarlarını daha bir xoş xəbər sevindirdi.O, Beynəlxalq Təltiflər İttifaqı Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən ədəbiyyatda böyük xidmətlərinə görə ” Vəzifə və Şərəf” Ordeni ilə təltif edilmişdir.
Professor Hüseyn İsmayılovun qardaşıdır.
Fəxri adı 20 sentyabr 2010-cu il tarixdə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin “Təbib” qəzetinin baş redaktoru İsmayılov Eldar Ələsgər oğluna (Eldar İsmayıla) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adı verilmişdir.
Haqqında Halal olsun dərdini bu qüdrətdə, bu tutumda deyə bilən qələm sahibinə. (Xalq şairi Bəxtiyar Vahabzadə)
O harada, hansı vəzifəsində işləməsindən asılı olmayaraq yazıb-yaratmaq eşqi ilə çağlayır, şeirdən-şeirə yüksəlir. (Xalq şairi Hüseyn Arif)
“Eldar İsmayıl” biblioqrafiyası Azərbaycanədəbi mühitində şair-publisist, yazıçı-jurnalist, ədib-tənqidçi kimi tanınmış bir şəxsiyyətin ədəbi irsinin güzgüsüdür. (Professor Abuzər Xələfov)
Bu gün Eldar İsmayıl poeziyasının imtahanına yüksək qiymət vermək olar. (AMEA müxbir üzvü, professor Yaşar Qarayev)
Eldar İsmayıl müasir ədəbiyyatımızda ciddi qəbul olunan şairdir. (AMEA müxbir üzvü, professor Nizami Cəfərov)
Eldar İsmayıl vətənpərvər şairdir. Layiqli jurnalist kimi də fəaliyyəti çox təqdirəlayiqdir. (Akademik Əhliman Əmiraslanov)
Əzizim Eldar, sən hələ öz haqqını almamısan. Darıxma, Allah qoysa fəxri adlar da alarsan, prezident təqaüdü də, xalq şairi də. (Akademik Teymur Bünyadov)
Kitabları
“Ulu Göyçə”, Bakı, “Yazıçı”, 1990. 120 səh. 4500 tiraj
“Allah amanatı”, Bakı, “Səda”, 1994. 112 səh. 1500 tiraj.
“Vətən dedi İbrahim”, Bakı, “Sabah”, 1995. 52 səh. 300 tiraj.
“Ermənistan türklərinin 1988-ci il soyqırımı”, Bakı, “Qızıl Şərq”, 1995. 112 səh. 1500 tiraj.
“Göyçənin qisası qalır”, Bakı, “Zaman”, 1997, 384 səh. 2000 tiraj.(Hüseyn İsmayılov ilə ortaqlı)
“Səttar oğlu”, Bakı, “Azərbaycan Ensiklopediyası”, 1997, 400 səh. şəkilli. 1500 tiraj.
“Şəhid yurdun şəhid övladları”, Bakı, “Ağrıdağ”, 1997. 184 səh. 700 tiraj.
“Hikmət dünyası”, Bakı, “Ağrıdağ”, 1997. 40 səh. 500 tiraj.
“Mən burda qəribəm, yurd orda qərib”, Bakı, “Səda”, 1998. 268 səh. 1000 tiraj.
“Oğuz yurdun övladları”, I kitab, Bakı, “Təbib”, 1999. 376 səh. 1000 tiraj. ISBN 5-8035-0191-3
“Ağrı dağı qədər ağrılarım var…”, Bakı, “Ağrıdağ”, 1999. 370 səh. 1000 tiraj.
“Allah amanatı”, Türkiyə, “Ərzurum”, 2000. 68 səh. 1000 tiraj.
“Yaxşı ad”, Bakı, “Nurlan”, 2001, 100 səh. 500 tiraj.
“Oğuz yurdun övladları”, II kitab, Bakı, “Nurlan”, 2001. 398 səh. 1000 tiraj.
“Eldar İsmayıl və seçilmiş şeirləri”, Türkiyə, “Ərzurum”, 2001. 72 səh. 1000 tiraj.
“Sabaha məktub”, Bakı, “Səda”, 2001. 270 səh. 1000 tiraj.
“İçimdə bitən bənövşə”, Bakı, “Nurlan”, 2002, 142 səh. 1000 tiraj.
“Məndən ötrü Ermənistan yoxdu, yox…” Bakı, “Nurlan”, 2002, 300 səh. 700 tiraj.
“Yaxşılıq, müdriklik, gözəllik”, Bakı, “Nurlan”, 2003, 240 səh. 1000 tiraj.
“Ömür itiririk yaş qazanınca”, Bakı, “Nurlan”, 2004, 116 səh. 500 tiraj.
“Sənsizlik nə yaman çətinmiş Sərdar”, Bakı, “Nurlan”, 2004, 288 səh. 1000 tiraj.
“Böyük öndər”, Bakı, “Nurlan”, 2004, 408 səh. 500 tiraj.
“Bütöv Azərbaycan olmalıyam mən”, Bakı, “Nurlan”, 2004, 270 səh. 500 tiraj.
“Səttar oğlu”, (əlavələrlə təkrar nəşr), Bakı, “Nurlan”, 2005, 508 səh. şəkilli. 1000 tiraj.
“Xatırla məni”, Bakı, “Nurlan”, 2005, 120 səh. 500 tiraj.
“Türkün xilaskarı”, Bakı, “AZATaM”, 2005, 152 səh. 300 tiraj.
“Sən məni aldada bilməzsən dünya” Bakı, “Nurlan”, 2006, 300 səh. 500 tiraj.
“Mən kiməm…” Bakı, “Nurlan”, 2007, 164 səh. 1000 tiraj.]
“Ulu tanrı yolunda” Bakı, “Nurlan”, 2007, 430 səh. 500 tiraj.
“Hacansız dünya” Bakı, “Gənclik”, 2008, 272 səh. 500 tiraj.
“Zaman məni anlamadı” Bakı, “Səda”, 2008, 352 səh. 500 tiraj.
“Cahan ömrü” Bakı, “Səda”, 2008, 440 səh. 300 tiraj.
Almanı atdım xarala Qaldı sarala sarala Dağlarda döndüm marala Ay tirmə köynək ay sarı çəpkən Gəlin haralısan ? Özü göyçək sözü göyçək Hara maralısan?
Nəqarət: Yarın bağında üzüm əsgəri Bağın dalında həzin səs gəlir Sağ ol gəl var ol gəl Bir bizə mehman ol gəl…
Gəlin gedək bizim bağa Hərə çıxaq bir budağa Vuruldum bir gül yanağa Ay gül yanaqlı ay ağ buxaqlı Gəlin haralısan? Özü göyçək sözü göyçək Hara maralısan?
Bu gün onların günü. Bu gün onların sınağa çəkildiyi, yoxlanıldığı gündür. Hər il bugünkü gündə onlar ya “Müəllim” adlı qala divarına bir qızıl kərpic qoyub bu adı bir basamaq da yüksəldir, ya da yazıq, günahsız uşaqların müəllimlərinə söydürürlər.
Nədənsə, “Müəllim” sözü eşidəndə ilk ağlıma gələn şəxs Üzeyir Hacıbəyov olur. Bu haqda söhbətə başlamazdan əvvəl dünyasını dəyişmiş müəllimlərimi rəhmətlə anmaq, sağ olanlara isə uzun ömür, cansağlığı diləmək istəyirəm. Allah Bayramov Əbdüləli, Qasımov Həsən (Ağdam rayon, Yusifcanlı kənd orta məktəbi), Orucəliyev Malik (BABKM) kimi müəllimlərə qəni-qəni rəhmət eləsin. Əmirəliyev Füzuli (BABKM), Süleymanov Rasim (BDU) kimi müəllimlərə uzun ömür, cansağlığı versin. Bir müəllim də var, hansı ki, bu yazımı ona həsr edirəm və onun haqqında geniş söhbət açacam. Ancaq onun haqqında danışmazdan əvvəl hal-hazırda müəllimlik fəaliyyəti ilə məşğul olub, hər gün 20-30 şagird və ya tələbənin olduğu sinif otaqlarına – auditoriyalara baş çəkən müəllimlərə xatırlatma olsun deyə qısa bir haşiyəyə çıxmaq istəyirəm.
HAŞİYƏ
BABKM-da oxuyanda bir “müəllim” var idi, bizə zenit silahlarının istismarı fənnindən dərs deyirdi. Dərs vaxtı orda-burda avaralanar, dərsləri boş keçərdi. İmtahan vaxtı TKM-i çağırıb deyərdi ki, bütün qrupdan filan məbləğdən yığmalısan. Ya hamı, ya heç kim. Siyahıda nə qədər kursant var, hamısı verməlidir. Mənim pul verməyəcəyimi bildikdə isə deyərdi: “Onda Mustafayev, uzağı ondan başqa da bir nəfər – Rüstəmov Elnuru nəzərdə tutardı – qiymət alacaq, qalanları kəsildi”. Uşaqları salardı üstümə: – “Sənə görə biz də kəsiləcəyik” – qəribə olsa da, reallıq belə idi. Mən də onlara yeganə çıxış yolunu göstərərdim (nə yaxşı ki, uşaq vaxtı rəhmətlik Sükeydə nənəm mənə “Cırtdanın nağılı”-nı çox danışıbmış): “Mənim üçün fərqi yoxdur, kəsilmək istəmirsinizsə, mənim də əvəzimə yığın” və onlar məcbur olub, bunu edirdilər. Bir neçə dəfə belə hal olub.
90-cı illərdə BDU-nun tələbələri Qrabağda şəhid olanda, Bakıda bir torba alçaya, almaya qiymət yazan, hətta “üçlük”, mobil telefonlar çıxandan sonra “kontur” ləqəbi qazanmış müəllimlər də var idi. Şamaxı Humanitar Kollecində isə Tədris hissə müdiri vəzifəsindən sui-istifadə edərək, bəzən fənn müəllimlərinin razılığı və xəbəri olmadan yalançı imtahanlar düzənləyib, tələbələri “kəsər”, sonra düzəltmək üçün pul yığardı. Zənn edərdi ki, heç kim bunu anlamır…
Biz orta məktəbdə oxuyanda belə söhbətlər yox idi. Əksinə, müəllimlər dəftər-qələmi olmayana evdən gətirədi, ya da anındaca şkafdan çıxarıb verərdi… Ta indikilər kimi çığırıb-bağırmaz, kiminsə, nəyinsə xatirinə bəzi həkimlərdən öyrəndikləri metodlarla lazımlı-lazımsız əlavə vəsaitləri uşaqlara bəlkə də valideyinin sonuncu 5-6 manat çörək pulu, yol pulu üçün saxladığı vəsaitə aldırıb, sonra ilboyu arasın açmadan bir küncdə yatırtmazdılar… Bunlar həqiqət olsa da, necə deyərlər, dünya təkcə bunlardan ibarət deyil. Sadəcə, sözüm bəzi müəllimlərədir ki, diqqətli olsunlar. Allah bilir bu gün onların qarşısında oturan şagird və tələbələr sabah nələr danışıb, nələr yazacaqlar. Bu qədər geniş və təfsilatlı girişin yalnız bir məqsədi var, dünya təkcə bu gündən ibarət deyil, bunun sabahı da var… Və həmişəki kimi bizim pislərlə işimiz yoxdur – pis elə pisdir, onlar həmişə olub, və olacaqlar. Sadəcə, tək-tək fərdlər yaxşılardan nümunə götürüb yaxşı olsunlar deyə, bilməzlikdən bu girdaba yuvarlanmasınlar deyə nümunəvi, nəsə öyrənilə biləcək şəxslərdən, nümunələrdən yazmaq, təbliğ etmək lazımdır. Bugünkü qəhrəmanım, haqqında söhbət açacağım şəxs Şamaxı Dövlət Regional Kollecinin direktoru iqtisad elmləri namizədi, dosent İlham Vəliyevdir.
QISA ARAYIŞ
Vəliyev İlham Əli oğlu – 7 oktyabr 1959-cu ildə Tovuzu rayonunun Əlibəyi kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.
İlham müəllimi 2017-ci ildən – Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik etməyə başladığı ilk günlərdən tanıyıram. O vaxt diqqətimi çəkən onun kollecə rəhbərlik etməyə başladıqdan sonra təhsil müəssisəsində ab-havanın dəyişməsi və yerli camaatın onun haqqında müsbət fikirləri olmuşdur. Həmin vaxt İlham müəllimlə görüşüb ətraflı söhbət etmiş, nəticədə mətbuatda “STEREOTİPLƏRİ YOX EDƏN ADAM” adlı yazı ilə çıxış etmişdim. Bu yazı mənim 23 yazımdan 12-cisi olub, elm və təhsillə bağlı, eləcə də digər kütləvi elekton vasitələrdə yayımlanmaqla bərabər, “YARADANLA BAŞ-BAŞA” kitabıma on ikinci yazı kimi daxil edilib. Bu il (2019) sentyabrın 9-u, ya 10-u idi. Mobil telefonuma zəng gəldi – İlham müəllim idi. Salamlaşdıq, hal-əhval tutduq. İlham müəllim məni kollecdə 16 sentyabr Bilik Günü münasibəti ilə təşkil olunmuş tədbirdə bir məzun kimi çıxış etməyə dəvət etdi. Məmnuniyyətlə qəbul etdim, vədələşdik. Ayın 16-sı, səhər saat 9:00-da Şamaxıda olmalı idim. Əvvəlcədən şair-publisist “Həftə içi” qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı da mənimlə getməyi planlaşdırsa da, son anda vacib iş çıxdığına görə gedə bilməyəcəyini söylədi. Və mən ehtiyat əməkdaş, şəxsi fotoqrafım Tuncay bəylə gedəsi oldum. Vədə günü səhər saat 9-a 15 dəqiqə qalanda biz artıq hadisə yerində idik. Olduqca maraqlı tədbir keçdi. Mən də gənclərə, xüsusi ilə birinci kurs tələbələrinə bir məzun kimi tövsiyə xarakterli çıxış etdim. Eyni zamanda, onlara iştirak edə biləcəkləri davam edən “Kərəmli – 700” layihəsi barədə məlumat verdim. Ustac.az və Yazarlar.az adından İlham müəllimə layiq görüldüyü digər məşhur bir müəllimin adına olan “Vintsas” Mükafatını təqdim etdim. Tuncay bəy də çəkdi. Sonra onun kabinetində bir-neçə il əvvəl qaldığımız yerdən söhbətimizə davam etdik. İlham müəllim böyük şövqlə bu il kollecin 35 məzununun imtahansız – subbakalavr diplomu ilə ali məktəblərə qəbul olunduğunu bildirdi. (Səmimiyyətimə inanın, İlham müəllim bu nəticəyə elə sevinirdi ki, elə bil öz doğmaca övladları ali məktəbə daxil olub. Halbuki elə valideyinlər var, övladı ali məktəbə daxil olanda nəinki, sevinmir, hətta onlara mane olmağa çalışır. Örnəyi ilə elə bu ilki qəbulda da rastlaşdıq…). Sonra ümumi mənimsəmədə ən aşağı nəticənin 53%-ə çatdırıldığını bu yöndə fəaliyyətin davam etdiyini bildirdi. Söhbət zamanı hiss edirdim ki, İlham müəllim məni boş-boşuna dəvət etməyib. Əvvəlki dövrlərdən xəbərdar olan və nə olur-olsun səmimi olacaq bir şəxs kimi mənim fikrimi bilmək istəyir ki, görsün nə qədər fərq, dəyişiklik var. İlham müəllim, buradan tam səmimi olaraq demək istəyirəm ki, çox fərq var. Bu fərq artıq Şamaxıya daxil olan kimi əhalinin, tələbələrin söhbətindən, kollecdəki ab-havadan, müəllimlərin və tələbələrin davranışından hiss olunur. Rəqəmlər və nəticələr də göz qabağında. Sağollaşıb çıxanda İlham müəllim yenə ilk görüşümüzün sonundakı kimi hələ nöqsanların olduğunu və onların səylə aradan qaldırmağa çalışdıqlarını bildirdi. Haqlı olaraq qeyd etdi ki, bu iş çox vaxt rəhbərlik və müəllimlərdən asılı olmur, bəzi valideynlər, tələbələr dəfələrlə onlara “yalnız oturub oxumaq lazımdır” – deyilməsinə rəğmən yenə digər yollar axtarırlar və aldanırlar, səhv edirlər, əsassız söz-söhbətlərə səbəb olurlar. Bu yerdə lap indi dəbdə olan məktəblərdə sinif valideynlərinin “vatsap” qrupları yadıma düşdü. Təhsil naziri əmr verir, məktəb direktorları hər dəfə iclas edib az qala bir-bir hər valideynə şəxsən çatdırır. Hər küncə-divara məlumat-bildiriş yapışdırır… Bir də görürsən bir valideyn düşdü ortaya, bəs ayıbdı, “Müəllimlər günü” gəlir pul yığmaq lazımdır. Özü də nə az, nə çox, filan qədər… Nəsə mətləbdən uzaqlaşmayaq. Necə deyərlər, pislər qalsın, pis yerində…
Zaur Ustac İlham Vəliyevə “Vintsas” mükafatın təqdim edərkən
Bəli, sevinirəm ki, belə bir müəllim tanıyıram və bu gün onun da günüdür. Gününüz mübarək, İlham müəllim! Sizə uzun ömür, cansağlığı və başladığınız bütün işlərdə müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun! Heç narahat olmayın, nəticələr əladır və kənardan olduqca gözəl görünür. Xüsusi ilə qeyd etmək istəyirəm ki, fərq çox böyükdür. Ümumi mənafeyi düşünən bütün vətənpərvər vətəndaşlarımız adından sizə çox sağ olun deyirik. Başladığınız işdə Uca Yaradan yar və yardımçınız olsun. Var ol
Məqalə müxtəlif saytlarda yayımlanmaqla bərabər aşağıdakı mətbu orqanlarda ənənəvi qaydada dərc olunmuşdur:
1.“Bir müəllim tanıyıram”, “Təzadlar”,01.10.2019, say: 45 (2230), s,13, 2.“Bir Müəllim tanıyıram”, “Ədalət”,03.10.2019, say: 158 (5622), s,8,
Vəliyev İlham Əli oğlu – İqtisad elmləri namizədi, dosentdir.
STEREOTİPLƏRİ YOX EDƏN ADAM
(Vəliyev İlham Əli oğlu haqqında)
Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu çox ciddi və yaşam boyu həmişə aktual olmuş və belə görünür ki, hələ bizi, bizdən sonrakıları da narahat edəcək bir məsələdir. Yəqin ki, hamımız bu sözü ya çox işlədirik, ya da heç olmasa eşidirik: – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…” və s. buna oxşar kəlmələr demək olar ki, addımbaşı; işıq idarəsində, su idarəsində, qaz idarəsində, təhsil və uşaq müəssisələrində, nəqliyyat vasitələrində bir sözlə hələlik ASAN xidmət ofislərindən başqa hər yerdə istər dövlət, istərsə də, özəl təşkilatlarda qulağımızı deşir… Belə məqamlarda kimi haqq qazandırır, kimi qınayır. Adətən bu cür hallarda hansısa bir yarıtmaz fərdə görə bütün bir kollektivi – özümüzü – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…”- deyib qınayırıq. Sözsüz ki, məsələn, bütün sürücülər və ya satıcılar kobud deyil… Biz isə birinə görə hamımızı qınayırıq. Şübhəsiz ki, məntiqi olaraq vəzifəsinin öhdəsindən bacarıqla gələn xidmətçilər, qulluqçular, operatorlar, tərbiyəçilər, müəllimlər çoxdur. Lap əvvəldən ənənəvi mətbuatı (1987- ci ildən üzü bəri), son zamanlar isə texnologiyanın sürətli inkişafından bəhrələnərək elektron kütləvi informasiya vasitələrini müntəzəm izləyən bir şəxs kimi onu da xüsusi qeyd etmək istəyirəm ki, xırda bir nöqsanı böyütməkdə, – qarışqa fil məsələsi – yaymaqda peşəkar olub, canfəşanlıq göstərsək də, yaxşı hallara, müsbət keyfiyyətlərə qarşı belə həssaslıq göstərmirik. Əksinə görməzdən gəlirik. Halbuki, tam tərsi olmalı, yaxşıları nümunə üçün yazmaq, yaymaq lazımdır. İndi gələk əsas məsələyə hər hansı bir kollektivdə vicdanlı işçilər olsa da, rəhbərlikdə bacarıqlı, peşəkar, qətiyyətli, iradəli, tələbkar şəxs olmadıqda istər-istəməz biz yuxarıda sadalanan hallarla rastlaşırıq. Yəni, bir təşkilatda istər on müdir və ya menecer dəyişsin hər gələn öz iradəsini, qətiyyətini ortaya qoymayıb, “belə gəlib belə də gedəcək…” prinsipinə əsasən sadəcə işə gəlib – getsə, əlbətdə, hər şey olduğu kimi köhnə qayda ilə davam edəcək. Ancaq, həmişə belə olmur. Ellə hallar var ki, onunla rastlaşan kimi mütləq yazmaq və yaymaq lazımdır. Belə halların biri ilə mən may, iyun ayları Şamaxıda olarkən rastlaşdım. Söhbətin məğzinə birbaşa səksən üç yaşlı Qulu babadan sitat gətirməklə keçmək istəyirəm: – “A kişi, 58 – dən (1958-ci il nəzərdə tutulur) bu məktəb bura köçüb, hələ belə şey olmamışdı. Mən özüm də burda aqranomluğu (1963 -1968) oxumuşam, dövlət imtahanında direktor Mayis (Səfərov) müəllim dedi ki, Fərəqə müəllim danış Qulu eşitsin… Oxumaq nə gəzirdi, dəftər idi pulla alıb, uşaqlara yazdırıb aparıb verirdik… İndi belə deyil, hamı təzə direktoru tərifləyir. Camaat başına and içir… “ Onu qeyd edim ki, Qulu babanın evi mənim üçün də doğma olan Şamaxı Dövlət Regional Kolleci ilə düz üzbəüz yerləşir. Qulu baba da yay – qış həmişə küçədə görərsən. Soruşanda da deyir ki, məni belə gümrah saxlayan havadır. Mənə məlum olanlardan əlavə, Qulu baba və bir neçə tələbə ilə söhbətdən sonra məlum oldu ki, bu ilin yanvar ayından sonra kollecə yeni təyin olunan direktor – İlham müəllim ilk gündən öz iradə və qətiyyətini ortaya qoyaraq, Qulu baba demişkən 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənəni bir kəlmə – “OLMAZ “ ilə aradan qaldırmışdır. Onu qeyd edim ki, Qulu baba ilə, tələbələrlə hər söhbətdə yazı beynimdə formalaşır, İlham müəllim haqqında, axına qarşı üzən, illərdən bəri formalaşmış stereotipləri qırıb, məhv edən adam obrazı gözüm önündə canlanırdı. Odur ki, mütləq İlham müəllimlə şəxsən görüşmək, kəlmə kəsmək qərarına gəldim. Ancaq, görüşdən əvvəl bu il məzun olacaq əyani şöbənin tələbələrindən Nofəllə, Nemətlə, qiyabiçilərdən Elgün, Sədayə, Fariz, Fəridə, Nərmin, Paşa, Fatimə, İbrahimxəlil, Zöhrə və başqaları ilə maraqlı söhbətlərim oldu. Tələbələr də, Qulu baba deyənləri təsdiqləyirdi. Əyani şöbədən məzun olacaq Nofəl deyir ki, İlham müəllim özü şəxsən dəfələrlə siniflərə girib, akt zalına iclaslara toplayıb bildirib ki, heç kim oxumaqdan başqa yol fikirləşməsin. Qiymət almağın bir yolu var, o da oxuyub cavab vermək. Biz sonuncu dəfə söhbət edəndə Nofəl artıq dövlət imtahanların da verib qurtarmışdı. O, imtahanlardan, yaradılmış şəraitdən ağızdolusu, böyük razılıqla danışırdı. Qiyabiçi Paşa bildirdi ki, yay sessiyasına gələn kimi İlham müəllim onları da şəxsən akt zalında iclasa toplayıb, vaxtdan səmərəli istifadə etməyi, fənn müəllimləri ilə əlavə məşğul olmağı tövsiyə edib və müəllimlərə tapşırıqlar verib. Nəticə göz qabağındadır. İndi onlar sessiya və dövlət imtahanlarını müvəffəqiyyətlə verib, məzun olacaqları günü gözləyirlər. Bütün bu xoş, sevindirici xəbərlərdən sonra 22 iyun 2017-ci il tarixində İlham müəllimlə görüşdüm.
Qısa arayış:
Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.
İlham Vəliyev və Zaur Ustac.
Görüş və söhbətimiz çox səmimi alındı. İlham müəllim olduqca xoşxasiyyət və mehriban bir şəxsdir. Eyni zamanda olduqca təvazökardır. Söhbəti əsasən Qulu babadan eşitdiklərim, tələbələrin razılıqları, ümumilikdə camaatın fikri üzərində qurdum. Xüsusi ilə Qulu babanın 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənə məsələsinin üstünə gələndə xəfifcə gülümsəməklə kifayətləndi. Bunula belə İlham müəllim xüsusi heç nə qeyd etmədi. Söz hər dəfə görülən işlərdən düşəndə sadəcə onu deməklə kifayətlənirdi ki, biz öz vəzifəmizi yerinə yetiririk. Narazılıqla onu da qeyd etdi ki, siz camaat danışana çox da fikir verməyin hələ görüləsi o qədər iş var ki… Biz yalnız vəzifəmizi yerinə yetiririk, xalqa xidmət edirik… Məncə hamı dayandığı mövqedə öz işinin öhdəsindən layiqincə gəlməyə çalışsa nəticələrimiz daha ürəkaçan olar… İlham müəllim danışdıqca öz-özümə deyirdim, nə yaxşı ki, Sizin kimi ziyalılarımız var. Nə yaxşı Sizi tanıdım. Nə yaxşı Sizinlə həmsöhbət oldum. Sonda İlham müəllimə bütün bunlar barədə kiçik bir yazı yazmaq fikrim olduğunu bildirdim və materiala əlavə kimi bir foto çəkmək üçün icazə istədim. Sağ olsun təklifimi isti qarşıladı, etiraz etmədi. Bir-neçə sual verib, fotonu çəkib, sağollaşıb ayrıldıq. Qəbul etməyindən, yola salana qədər, bütün söhbətimiz boyu İlham müəllim o qədər xoş təsir bağışladı ki, istər-istəməz deyilənlərin çox az olduğu qənaətinə gəldim. Ani olaraq söhbətimizin əvvəlindəki müxtəlif təşkilat, xidmət sahələrindəki problemlər yadıma düşdü və onların hamısına sidqi – ürəkdən uca Yaradandan İlham müəllim kimi bacarıqlı, qətiyyətli, iradəli ortaya iş qoymağı bacaran bir təşkilatçı, rəhbər arzu etdim. Yolboyu Bakıya qədər düşünmüşəm, bir yandan asandır, bir yandan çətin. Zarafat deyil dayanmadan hərəkətdə olmalı axına qarşı üzməlisən. Qətiyyət və iradə rəhbər işçi üçün vacib şərtdir. Özün də bilirsən ki, bu, illərdir belədir, necə deyərlər hamının canına-qanına hopub. Bilirsən ki, belə olmaz, desən ya sənə inanmayacaqlar, ya inanmaq istəməyəcəklər, ya inana bilməyəcəklər… Ancaq, sən bu gündən “bu”, “belə olacaq” deyirsən və irdə, qətiyyət göstərərək sübut edirsən ki, bəli “belə eləmək” olur… BU HƏQİQƏTƏN DƏ BELƏDİR.
QEYD:
Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.
Bundan əlavə “TƏZADLAR” qəzetinin N: 23 (2119) 4 iyul 2017 – ci il sayında dərc olunmuşdur.