Yusuf Demirağ – 100 Yıl Şiiri

  1. Yıl Şiiri

Ne çabuk geçti bütün bir asır
Neler gördük, neler yaşadık…
Nerelisin can vatanımın ferdi?
Nereden aldın bu gözleri?
Nereden aldın sırma saçları?
Kimden geliyorsun?
Bu gayret? Bu olgunluğun kimden?
Benim gözlerim Ege
Kalbim ise Karadeniz
Vatanımın toprağına sahiptir bu naçiz vücudum.
Benim ellerim Anaların dualarıyla payidar kalan Cumhuriyetin elleridir.
Ben Orta Asya’dan göç edip Anadolu’ya gelen Türk’ün ruhuyum!
Ben Anadolu’yum, ben Türkiye’yim!
Ben Kuvayi-Milliyeyim.
Ben Türk oğlu Türk’üm!

Kurban olayım vatanın her köşesine…
Ova ova, bucak bucak köylerinle.
Sen dudaklarımın ucunda söylediğim türküsün.
Asaletim Atam’dandır bana miras kalan.
Kana kana suyundan içtiğim pınarımsın.
Sen dağlarında nefes nefese kaldığım yersin, vatanım.
Vatanım sensin! Nerede olursam olayım hasretine dayanamadığım.
Ben tarlalarında ekilen buğday olayım.
Ateş püskürterek savurduğun kıvılcımım!
Dediğim gibi:

Bu gayret? Bu olgunluğun kimden?
Benim gözlerim Ege
Kalbim ise Karadeniz
Vatanımın toprağına sahiptir bu naçiz vücudum.
Benim ellerim Anaların dualarıyla payidar kalan Cumhuriyetin elleridir.
Ben Orta Asya’dan göç edip Anadolu’ya gelen Türk’ün ruhuyum!

Ben Rumeli’nde, Sakarya’da, İzmir’de, Develi’de çarpışan Ataların torunu.
Etle tırnak gibiyim kopartamazlar benden onları.
Ben 100 yıllık cumhuriyetin ferdi, Atatürk’ün çocuğuyum…
Aynı ruh ile aynı heyecan ile yaşıyorum.
Yaşam nedenim. Tek tutunacak dalım can Cumhuriyetim.
Canlar cananım yurdum…
08/05/2023

Müəllif: Yusuf DEMİRAĞ

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Norveçin paytaxtı Oslo şəhərində bayram tonqalı qurulub 

Norveçin paytaxtı Oslo şəhərində bayram tonqalı qurulub 

Norveçin paytaxtı Oslo şəhərində fəaliyyət göstərən Oslo Azərbaycan Evində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Bayram tədbirində icma üzvləri, Azərbaycan dili həftəsonu məktəbinin şagirdləri və valideynlər iştirak ediblər.

Qeyd edək ki tədbir iştirakçılarına Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərləri, Novruz bayramının tarixi və ənənələri haqqında məlumat verilib. Bildirilib ki, Novruz Azərbaycan xalqının ən qədim və sevilən bayramlarından biri olmaqla baharın gəlişini, yenilənməni və birlik rəmzini ifadə edir.

Eyni zamanda tədbirdə Oslo Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin şagirdləri Novruza həsr olunmuş şeirlər səsləndirib, milli rəqslər və musiqi nömrələri təqdim ediblər. Tədbir iştirakçıları bayramın əsas rəmzləri olan səməni, tonqal və Novruz süfrəsi bəzəyən şirniyyatlar ilə tanış olub və bayram tonqalı ətraflarında yallı rəqsi ediblər.

Bu cür tədbirlərin keçirməkdə əsas məqsədin xaricdə yaşayan azərbaycanlı uşaqlara milli kimliyi, ana dilini, adət-ənənələri və mədəni irsi aşılamaq olduğu vurğulanıb.

Sonda tədbir iştirakçıları Novruz süfrəsini bəzəyən şirniyyatların dadına baxdıb və xatirə şəkilləri çəkdiriliblər. Tədbirdə azərbaycanlılarla yanaşı Türk, Güney Azərbaycanlı və Norveçli valideyinlər və icmamızın fəal və yaxın dostları iştirak edimblər.

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Novruz bayatıları

Novruz bayatıları

Novruz gəlir ellərə,
Həyat verir çöllərə.
Baharın ətri hopur
Çəmənlərə, güllərə.

Gülü qönçə Novruzum,
Ətri incə Novruzum,
Qız-gəlin xonça tutur
Sən gəlincə, Novruzum.

Novruzum, yar Novruzum,
Qönçə, bahar Novruzum,
Həyat ver bağ-bağata
Dadım nübar, Novruzum.

Xonça tutub gəzərəm,
Çəməndən gül üzərəm.
Göy qurşağın çağırıb
Yumurtanı bəzərəm.

Səməni, ay səməni,
Göyər, sevindir məni.
Ətrin baharın rəmzi,
Rəngin çölün, çəmənin.

Halaya bax, halaya,
Qızlar girdi halaya.
Oğul ona deyərəm
Halaydan qız haylaya.

Yasəməni dərən yar,
Çəmən üstə sərən yar,
Tale qismət eləyə
Bir gül də mən dərəm, yar.

Gül əlində gülə bax,
Meh əsdirən telə bax.
Ay ürəyim, partlama,
Incə belə hələ bax.

Bahar qız yenə gəldi,
Əlində xına gəldi.
Igidlər qurşaq tutdu,
Qızlar meydana gəldi.

Quşlar sona gölündə,
Igidlər at belində.
Bəzənib-düzəniblər
Qızlar səhəng əlində.

Yağış çəməni yuyur,
Quşlar şən-şən oxuyur.
Enir çeşmə başına
Dağlardan maral, cüyür.

Novruzum, can Novruzum,
Yaşıl, əlvan Novruzum.
Səni bağrına basır
Azərbaycan, Novruzum!

mart, 2017.

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ələkbər Salahzadə – 85

Ələkbər Salahzadə – 85
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Azərbaycan ədəbiyyatında silinməz iz qoyan Ələkbər Salahzadənin doğum günüdür.

Ələkbər Salahzadə müasir poeziyamızın inkişafında mühüm rol oynamış şair, publisist və tərcüməçi olaraq yaradıcılığı milli düşüncə, vətən sevgisi, insanın mənəvi dünyası və həyatın fəlsəfi mənası kimi mövzularla zəngindir. Şairin 85 illik yubileyi münasibətilə onun ədəbi-bədii fəaliyyətinə nəzər salmaq Azərbaycan ədəbiyyatının inkişaf yolunu da anlamağa kömək edir.

Ələkbər Salahzadə ədəbi fəaliyyətə XX əsrin 60-cı illərindən başlayıb. edib. “Azərbaycan” jurnalının ədəbi işçisi, “Tərcümə saatı” radio jurnalının redaktoru, Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor, “Gənclik” nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini işləyib.

Ələkbər Salahzadə “Ulduz” jurnalında redaktor kimi fəaliyyət göstərdiyi dövrdə jurnalın məzmununun zənginləşməsinə və yeni ədəbi istiqamətlərin təqdim olunmasına böyük töhfə vermişdir. Onun rəhbərliyi ilə jurnal səhifələrində həm tanınmış müəlliflərin əsərləri, həm də gənc qələm sahiblərinin yaradıcılığı dərc olunurdu. Bir çox gənc şair və yazıçı ilk dəfə məhz “Ulduz” jurnalında çap olunaraq oxucu auditoriyasına təqdim edilmişdir. Daha sonra “Qobustan” ədəbi-bədii incəsənət toplusuna rəhbərlik etdiyi dövrlərdə Azərbaycan folklorunun, təsviri sənətinin, musiqisinin, teatrının və digər sənət sahələrinin ən parlaq nümunələrinin, mövcud istiqamətdəki tədqiqat işlərinin, sənətşünasların araşdırmalarının əks olunmasına böyük önəm verir, jurnalın hər nömrəsində dünya incəsənəti nümunələrinə də yer ayırırdı.

Eyni zamanda, bədii tərcümə ilə yaxından məşğul olmuş, dünya və qonşu xalqlar ədəbiyyatından bir sıra qiymətli əsərləri Azərbaycan dilinə çevirmişdir. Meşa Selimoviçin “Dərviş və ölüm” romanının, A.Tarkovskinin “Gözəl Gülayim haqqında povest”inin, Pyatras Svirkanın “Tülkünün kələyi”nin , A.Platonovun “Dörd hekayə”sinin, Lorens Sterin “Fransaya və İtaliyaya sentimental səyahət”inin, A.V.Safronovun “Vida poeması”nın və digər əsərlərin Azərbaycan oxucusuna ana dilimizdə çatdırılmasını böyük müvəffəqiyyətlə həyata keçirib.

Əsərləri müxtəlif dillərə tərcümə olunmuşdur. Dövri mətbuatda onun çox sayda müxtəlif səpkili məqalə və digər yazıları işıq üzü görüb, pyesləri uğurla tamaşaya qoyulub. Ələkbər Salahzadə yaradıcılığının xeyli hissəsi uşaqların bədii-poetik aləminin təsvirinə həsr olunub. Şairin uşaq dünyasına həsr etdiyi çoxlu sayda şeir və nağılları vardır.

Rəsul Rza adına mükafatın laureatı, Əməkdar incəsənət xadimi, həlim insan, bacarıqlı rəhbər, gözəl ailə başçısı Ələkbər Salahzadənin əziz xatirəsi daim ürəklərdə yaşayacaq. Ələkbər Salahzadə öz lirik poeziyası ilə oxucularına daim fərqli mövzular, obrazlar, məzmun və məna özəlliyi ötürən orijinal şair kimi daim onların yaddaşında yaşayacaqdır. Ürəklə, istedadla yazılanlar heç vaxt unudulmur!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SƏMƏD VURĞUN AZƏRBAYCAN XALQININ MİLLİ SƏRVƏTİDİR!

İLYAS İSMAYILOV: “SƏMƏD VURĞUN AZƏRBAYCAN XALQININ MİLLİ SƏRVƏTİDİR!”
Mən Baş Prokuror olarkən Mikayıl Müşfiqin cinayət işinin materialları ilə şəxsən tanış olmuşam.
Səməd Vurğun Azərbaycan xalqının yetişdirdiyi ən böyük şairlərindəndir. Əslində o, bizim milli sərvətimizdir. İlhamı bulaq kimi çağlayan, hətta bir neçə gün ərzində böyük poema yazacaq qədər mahir sənətkar olan bu adamın yeganə bədbəxtçiliyi sovet hakimiyyətinin ən repressiv dövründə yaşamış olmasıdır. Bununla belə, bütün çətinliklərə baxmayaraq o, ədəbiyyat xəzinəmizə misilsiz əsərlər vermiş, ölkəmizin dünyaya tanıdılmasında əvəzsiz xidmət göstərmişdir. Xüsusilə, II Dünya müharibəsi dövründə onun qələmə aldığı əsərlər bütün dünyanın mübarizə apardığı alman faşizminə qarşı mübarizədə sözün həqiqi mənasında ideoloji silaha çevrilmişdir. Təsadüfi deyil ki, onun müharibə illərində yazdığı “Ukrayna partizanlarına” şeirinin mətni dərc edilərək təyyarədən Ukrayna meşələrinə səpələnib partizanlara çatdırılmışdır.
Səməd Vurğunun şan-şöhrəti yalnız keçmiş sovet məkanı sərhədləri daxilində qalmamış, bütün dünyaya yayılmışdır. Hətta o vaxt SSRİ ilə əks qütbdə dayanan qüvvələr belə ideoloji fərqliliklərə baxmayaraq Səməd Vurğun poeziyasının böyüklüyünü etiraf etmək məcburiyyyətində qalmışdılar. Bunun ən bariz nümunəsi kimi1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış dəyərli əsərlərin müsabiqəsini göstərmək olar. Həmin müsabiqədə Səməd Vurğunun “Ananın öyüdü” şeiri 20 ən yaxşı əsərdən biri kimi qiymətləndirilib və Nyu-Yorkda çap olunaraq hərbçilər arasında yayılıb. Bütün bunlar Səməd Vurğunun necə bir şair olduğunu sübut edir. Sovet hakimiyyəti də onun dahi bir şair olduğu qənaətində idi və buna görə də 1954-cü ildə Sovet Yazıçıların İkinci Ümumittifaq Qurultayında “Sovet poeziyası haqqında” məruzəsi ilə çıxış etmək ona tapşırılmışdı.
Kimlərinsə Səməd Vurğunu bu cür qiymətləndirməsi, görünür, onun tarixi şərait və ədəbi yaradıcılıq əlaqələrini nəzərə almamasından irəli gəlir. Ümumiyyətlə, bu zərərli tendensiya yalnız bir nəfərə aid olan məsələ deyil, bir çoxlarında belə yanlış düşüncə var. Bütün cəmiyyətimiz nədənsə, tarixi şəxsiyyətlərə qiymət verərkən məsələlərə bu günün nöqteyi-nəzərindən yanaşırlar. Bu da şəxsiyyətlərin doğru qiymətləndirilməsində yalnış nəticələrə gətirib çıxarır. Məsələn, öz əqidəsi uğrunda nəinki ölümü, hətta dərisi soyula-soyula qətlə yetirilməyi belə gözə alan Nəsimi yazdığı
“Dərdmənd etdin məni, ey dərdə dərman erməni,
Olmuşam eşqin yolunda bəndə-fərman erməni”- şeirinə görə bu gün bizə azərbaycançılığı, müqəddəs dəyərləri bir erməni gözəlinə satan vətən xaini kimi görsənə bilər.
Eynilə, S. Vurğunun “Vaqif” poeması da bu gün bəziləri üçün türkəsilli Qacara qarşı həqarət yağdıran ədəbiyyat nümunəsidir. Yazıldığı dövrdə isə Azərbaycanın İran istilasına, şahlıq üsul-idarəsinə qarşı dirənişin tərənnümü kimi dərk olunurdu. Səməd Vurğun da onu yazanda sözsüz ki, öz millətinin içərisindən çıxmış tarixi qəhrəmanı inkar etmək məqsədi güdmürdü. Məqsədİ fars şovinizminin Azərbaycan xalqını assimilyasiya uğratmaq istəməsinə etiraz etmək idi. Və əsərdə bu tezis olduqca aydın şəkildə öz əksini tapırdı. Vaqifin Qacarla qarşılaşdığı səhnədə İran şahının Azərbaycan dilində şeir yazmağa ironiya ilə yanaşmasına verdiyi cavab bu mənada diqqətə layiqdir. Bu faktın özü də sübut edir ki, Səməd Vurğunun Şah Məhəmməd Qacara düşmən münasibətinin əsası heç də vətənə, millətə barmaqarası baxmağından irəli gəmirdi. Əksinə, Səməd Vurğun dövrün tələblərindən istifadə edərək Azərbaycan ədəbi dilinin formalaşmasında misilsiz xidmətlər göstərməyə çalışır, bunu həm əsərlərində təbliğ edir, həm də yazdığı şeirlərlə nümunələr yaradırdı.
Tarixi şəxsiyyətləri qiymətləndirərkən tarixi şəraitin nəzərə alınmaması hər şeydən əvvəl demokratik dünyagörüşə də zidd hadisədir və keçmişi inkar fəlsəfəsinə əsaslanır. Keçmişin inkarı cəmiyyətlərin dəyişilməsi üçün ən vacib şərtlərdən sayılsa da bunun həddən ziyadə olması nəticə etibarilə vulqarizmə aparır ki, bu gün bir çoxlarının haqlı olaraq bəyənmədiyi sovet nəzəriyyəsi belə vulqarizmdən qaçmağa çalışırdı. Xüsusilə ədəbiyyat və mədəniyyət nümunələrinə münasibətdə bunu aydın şəkildə sezə bilərik. Sovet dövründə bizlərə öyrədilən Füzulinin, Nizaminin poemaları mətləbə keçməzdən əvvəl Allahın, peyğəmbərin tərifiylə başlayır, dövrün hökmdarlarının mədhiyyəsiylə davam edirdi. İdeoloji dünyagörüşünə görə ateist olan SSRİ bütün bu əks fikirlərə baxmayaraq onları anti-sovet şair adlandırıb məktəblilərdən uzaq tutmağa çalışmırdı. Əksinə təbliğ edir, elm ocaqlarında həmin tarixi şəxsiyyətləri tədqiq edən mərkəzlər yaradırdı. Çünki bu şairlərin dövrün tələbinə görə yaşayıb yaratdıqlarını qəbul edirdi.
Səməd Vurğun da öz dövrünün şairi idi. Bəzi məqamlarda öz fikirlərini dövrün tələblərindən irəli gələn prinsiplərin əsasında çatdırır, oxucularda milli-mənəvi ruhun formalaşdırmağa çalışırdı. Hətta bu xüsusiyyətinə görə onun az qala repressiyaya uğraması təhlükəsi belə yaranmışdı. Xüsusilə, 1953-cü ildə şairin üzərinə hücumların artığı bilinən həqiqətlərdəndir. Həmin ildə şairin yazdığı “Aygün” poeması ciddi tənqid olunur, Azərbaycan Yazıçılar İttifaqı onu millətçilikdə günahlandıraraq haqqında Moskvaya məktublar göndərirdi. Moskvada çap edilmiş “Şairin hüquqları” məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirmişdi. Hətta bir ara kitabları kitabxanalardan, dramlar əsərləri səhnədən uzaqlaşdırılmışdı. Müasirlərinin bildirdiyinə görə şairə şəhərdən çıxmaq belə qadağan edilmişdi. Hər kəs repressiyanın növbəti qurbanının qətlə yetiriləcəyini gözlərkən şairi xoşbəxt bir təsadüf xilas etdi. Bu təsadüf Stalinin ölümü və yerli rəhbərliyin dəyişilməsi idi. Yəni, qələmə aldığı “Vaqif” əsərində Vaqifi qurtaran eyni tale Səməd Vurğunun da üzünə gülmüşdü.
1954-cü ildən sonra Səməd Vurğunun yenidən yüksəlişinin ikinci dövrü başlasa da bu intibah da uzun sürmədi. O dövrün repressiyasından sağ qurtulmasına baxmayaraq, bu repressiya təhlükəsinin gətirdiyi mənəvi gərginliklər onun çox yaşamasına imkan vermədi. 1956-cı ildə dünyasını dəyişən Səməd Vurğunu da bu mənada repressiya qurbanı saymaq olar.
Mən əslində cəmiyyətimizdə bəzən dəyərli tarixi şəxsiyyətlərə qarşı bu cür mövqe sərgilənməsini, hardasa, başa düşürəm. Böyük şəxsiyyətlər haqqında hansısa qüvvələr tərəfindən cəmiyyətə təlqin olunan dezinformasiyalar istər-istəməz vətəndaşlarımızı bu cür düşünməyə yönləndirir. Səməd Vurğun haqqında belə məqsədli dezinformasiyalar isə daha çox yayılıb. Hələ Azərbaycanın Respublika Prokroru işlədiyim zaman Səməd Vurğunun guya Mikayıl Müşfiqə qarşı ifadə verdiyi haqqında şaiyələr yayılmışdı. Mən arxivdən Mikayıl Müşfiqin cinayət işini tələb etdim. Cinayət işiylə tanış olduqda deyilənlərin tam əksinə, Səməd Vurğunun onu bacardığı qədər müdafiə etdiyini gördüm. Yazıçılar İttifaqının sədri Anarı çağırıb işlə onu da tanış etdim. Bu gün də Anar müəllim mənim dediklərimi təsdiq edə bilər.
Səməd Vurğun dahi şair olmaqla bərabər həm də böyük vətəndaş idi. O, bir çox kimsəsiz insanlara bacardığı qədər kömək etmiş, hətta qardaşaına yazdığı məktublardan birində özünü əzilənlərin hamisi olduğunu və bunu əsrin bəbəyinə sancacağına and içmişdi. Müasirləri onda həqiqətən də bu xüsusiyyətlərin mövcud olduğunu bildirirlər.
Qısacası, ölkəmizin görkəmli şəxsiyyətləri haqqında cəmiyyətimizdə yayılan bu cür informasiyaların heç bir əsası yoxdur və onların qəsdən yayıldığını, tarixi şüurumuza zərbə vurmaq məqsədilə daşıdığını, əsli olmayan bir millət olduğumuza bizi inandırmaq məqsədi güddüyünü düşünürəm. Belə zərərli fikirləri ifadə edərkən hər kəsi ehtiyatlı olmağa çağırıram”.

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN BACI

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN BACI

(Fərqanə bacımın ad günü münasibətilə)

Bu gün gözəl bir günündür,
Doğum günün mübarək olsun bacı,
Şeyda bülbülün ünündür,
Doğum günün mübarək olsun bacı.

“Qədir”, “Novruz” sevincidir,
Mücövhərdir, bir incidir,
İnsanlıqda birincidir,
Doğum günün mübarək olsun bacı.

Nur övladın şah əsərin,
Sanki qılınctək kəsərin,
Zəhmətin versin səmərin,
Doğum günün mübarək olsun bacı.

Könlün iftixarla dolsun,
Arzuların çin-çin olsun,
Dualarım gerçək olsun,
Doğum günün mübarək olsun bacı.

Camalın yer günəşidir,
Son Çərşəmbə atəşidir,
Əbədiyyət təşnəsidir,
Doğum günün mübarək olsun bacı.

Çöhrəndə Quran ayəsi,
Mübarək zəkat, fitrəsi,
Ruhunda Peyğəmbər səsi,
Doğum günün mübarək olsun bacı.

Tanrımın nəzərindəsən,
Önündə, əzəlindəsən,
İlahi gözəlindəsən,
Doğum günün mübarək olsun bacı.

Müqəddəslik nişanısan,
Əsl qanısan, canısan,
Xalqımın şərəf-şanısan,
Doğum günün mübarək olsun bacı,

Sonaların sonasısan,
Haqqa baxan aynasısan,
Anaların əlasısan,
Doğum günün mübarək olsun bacı,

İlqaram, xoş xəbər verdim,
Gül ətirli ənbər verdim,
Bu şeirimlə nəmər verdim,
Doğum günün mübarək olsun bacı.

17.03.2026

Hörmətlə: İlqar Cəmiloğlu

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Alabalıq (forel) — qızılbalıq

Alabalıq (forel) — qızılbalıqlar fəsiləsinə aid olan balıq cinsidir.
Alabalıq bulaq mənşəli dağ çaylarının və göllərinin daimi sakinləridir. Onlara şəffaf suyu və dibi daşlı olan bütün dağətəyi çaylarda da rast gəlmək olur. Azərbaycan ərazisində forellər Böyük və Kiçik Qafqaz sıra dağlarından, eləcə də Talış dağlarından süzülən bulaq mənşəli çaylarda yayılmışdır. Hər bir çayda yaşayan balıq öz rənginə, biololi və həmçinin bəzi morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Lakin bütün çaylarda yaşayan alabalıqlar üçün bədəndə əlvan xalların olması xarakterikdir. Çayların dibinin vəziyyətindən asılı olaraq balıqların rəngi də dəyişə bilir. Əgər çayın dibi açıq rəngli daşlardan təşkil olunmuşdursa, onda balığın da rəngi açıq olur, əgər daşlar tutqun rəngdədirsə balığın rəngi də tünd rəngdə olur.
Bütün alabalıqlar üçün ən xarakter xüsusiyyət onların soyuq suya və oksigenə hədsiz tələbkar olmalarıdır. Belə ki, suda istilik 15-18°C, oksigenin miqdarı isə 1 litr suda 7-8 sm3 olduqda alabalıqlar özlərini yaxşı hiss edir, yaxşı qidalanır və böyüyürlər. Suda temperatur yüksəldikdə (25° C-dən artıq) və oksigenin miqdarı azaldıqda (1 litrdə 4 sm3-ə endikdə) alabalıqlar özünü pis hiss edir, böyümədən qalırlar.
Cinsi yetginliyə 2 (erkəklər)-3 (dişilər) yaşında çatırlar. Bu zaman balıqlar çayların yuxarı hissələrinə qalxaraq, onların qollarına daxil olur, orada öz kürülərini tökürlər. Hər bir balıq orta hesabla bir minə qədər kürü verir. Lakin balığın böyüklüyündən asılı olaraq kürünün miqdarı 2,5 minə qədər ola bilir.
1966-1969-cu illər ərzində Azərbaycanın müxtəlif dağ çaylarından, o cümlədən Daşkəsənin yaxınlığından axan Qoşqarçaydan və eləcə də Göy-göldən xeyli balıq tutulub tədqiq edilmişdir. Həmin balıqların çayda yaşayanlarının ən böyüyünün uzunluğu 37 sm, çəkisi isə 760 q. Əksər balıqların isə uzunluğu 15-25 sm arasında olmuşdur. Göy-göldə tutulan balıqların isə ən böyüyünün uzunluğu 40 sm, çəkisi 950 q olmuşdur, əksəriyyəti isə 25-35 sm uzunluğunda olmuşlar.

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ŞƏFƏQ SAHİBLİ – YAZ GƏLƏNDƏ

YAZ GƏLƏNDƏ
Qar əriyər, şimşək çaxar,
Sular çağlar yaz gələndə .
Torpaq gülər körpə kimi,
Göylər ağlar yaz gələndə.

Dalğalanar dəriya, ümman,
Tülə bənzər yerdə duman.
Uca dağlar buludlardan
Çalma bağlar yaz gələndə.

Köksümüzə sığmaz ürək,
Güllərə qonar kəpənək,
İldırım odlu qılınctək
Göyü dağlar yaz gələndə.

Müəllif: Şəfəq SAHİBLİ

ŞƏFƏQ SAHİBLİN DİGƏR YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qoşqar Aslanoğlunun şeirləri

Təqdim edir: İradə Aytel

Yusifov Qoşqar Aslan oğlu 22 mart 1942-ci ildə Tovuz rayonunun Səfərli kəndində anadan olub. Orta təhsilini Böyük Qışlaq kənd məktəbində aldıqdan sonra Bakı şəhərində Rabitə texnikumunu (indiki Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecini) bitirib. Təhsilini başa vurduqdan sonra uzun illər Tovuz rayonunun Böyük Qışlaq kəndində rabitə qovşağının rəhbəri vəzifəsində çalışıb.

Qoşqar Aslanoğlu gənc yaşlarından şeir yazmağa başlayıb. Onun şeirləri el arasında sevilərək dillər əzbərinə çevrilib.

Yusifov Qoşqar Aslan oğlu 20 iyun 2017-ci ildə vəfat edib.

YANDIRIR

Bir gözəl görmüşəm ahıl çağımda,

Gözünə baxanda gözü yandırır.

Hurimi, pərimi, yoxsa mələkmi,

Yeriyəndə yeri-izi yandırır.

Bir Yer övladıdı, haqqın payıdı,

Bir zülmət gecənin təzə ayıdı,

Bir saf məhəbbətin hay-harayıdı,

Ay Allah, özünü özü yandırır.

Bir səhər mehidi səsi-nəfəsi,

Dalğalı saçları dağ şəlaləsi,

Yaxadan açılıb bircə düyməsi,

Biri də açılsa, bizi yandırır.

Gözəldi qoşması şeir-təcnisi,

Yerindən oynadır ağır məclisi,

Bayatı deyəndə titrəyən səsi,

Aşığın əlində sazı yandırır.

DEDİM-DEDİM

Çal vədəmdə çox danlama üzümü,

Bir gödək tumana “can” dedim-dedim.

Canım ha almadı, yerində qaldı,

Salma ortalığa qan, dedim-dedim.

İnsaf eylə, hər kim olsa xoflanar,

Tuman gödək, zülf pərişan, kofta dar.

Az qalır ki, yırta çıxa qoşa nar,

Kərəməm, Əsliyə yan dedim-dedim.

Bəyaz sinə, durna boğaz, qara xal,

Tez anlayar dediyimi əhli-hal,

Dolaşmasa ayağıma əhlayal,

Taxardım barmağa şan[1] dedim-dedim.

Bir əl atdım, güldü dedi naşısan,

Ağartdıqca itirirsən başı sən.

Çox yalvardım tök ətəkdən daşı sən,

Sultansan söylədin, xan dedim-dedim.

Dərdə saldı, sığal çəkdi telimə,

Qoşqar qurban inciyərmi dilinə,

Əcəl üstə əlim dəysə əlinə,

Artar ömrümdə san dedim-dedim.

            AĞRIN ALIM

Deyirsən, ağarıb saçın-saqqalın,

Ötübdü yetmişi yaş, ağrın alım.

Yaman sərt gəlibdir qocalıq qışı,

Hələ ağaracaq qaş, ağrın alım.

Qismətini cavanlıqda gəz, ara,

Vaxt keçdimi, tapılan döy, yüz ara.

Asqırığa, öskürəyə, azara,

Yaman tez oluruq tuş, ağrın alım.

İllər dərdi hey üst-üstə yığıldı,

Neçə arzu öz içimdə boğuldu,

Dözəmməyib yavaş-yavaş dağıldı,

Ürəyimdə deyil daş, ağrın alım.

Yaş ötdükcə əlin əldən üzülür,

Gedənlərin sıralanıb düzülür,

Göz yaşların öz içinə süzülür,

Onunçün quruyur yaş, ağrın alım.

Bir ömür yaşadım, dedim nə dərdim,

Nə əkmişdim, nə biçmişdim, nə dərdim,

Bilsəydim ki, bu dünyada hədərdim,

İnan, ağartmazdım baş, ağrın alım.

Ömür nə qədər də olsa da uzun,

Nə günü olacaq təkin, yalqızın,

Öləndə də yenə oğulun, qızın,

Çiynində gedəydim kaş, ağrın alım.

YOLA SAL MƏNİ

Ay mənim soltanım, ay mənim şahım,

Saymırsan qapında qula sən məni.

Küsmüşəm özümdən, küsmüşəm səndən,

Alıqlayıb gətir yola sən məni.

Bu qırx ildə əridibsən yağımı,

Soldurubsan bostanımın tağını,

Daha bəsdir, çıxarmaynan ağını,

Salmayinən qalmağala sən məni.

Sağ-solunda oğula bax, qıza bax,

Yediyimiz çörəyə bax, duza bax,

Altmışında elədiyin naza bax,

Gətiribsən gör nə hala sən məni.

Hara qoyum bu ağaran telimi,

Əyməyinən bu Qoşqarın belini,

Bircə dəfə şirin eylə dilini,

Bələynən qaymağa, bala sən məni.

[1] Şan – bəzi bölgələrdə işlənən ləhcə sözüdür, “nişan” mənasını ifadə edir.

İlkin mənbə: Qoşqar Aslanoğlunun şeirləri

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Murad Məmmədov – Yeni şeirlər – Aprel 2026

GEDİŞİM UDUZUB BARIŞMAĞIMDI
Ömür kitabımı varaqlayıram,
Qaranlıq, işıqlı günlərə bölüb.
Beynimdə dünəni soraqlayıram,
Şahidim azalır, çoxusu ölüb.

Səsimə çox zaman hay verən yoxdu,
Xəyala dalıram əlim üzümdə.
Sanmayın tənhayam, ətrafım çoxdu,
Nə olsun uzaqdı, yaddı gözümdə.

Arxaya baxıram, qaralan yoldu,
Nə bir qaraltı var, nə səs-səmir var.
Bu qədər yol gəldim, görən nə oldu,
Axı ad, soyad var, keçən ömür var.

Bircə şey bəllidi mənə həyatda,
Sağlamsan, sağsansa qədrin bilinir.
Beyində, şüurda, dərin alt qatda,
Köçən sıfırlanır, tezcə silinir.

Yaşa, qədrini bil, var olan canın,
Geridə qalanı Yaradan bilir.
Çıxar ləzzətini bu günkü anın,
Çünki sabah gəlir, ayrı gün gəlir.

Demə ki mələyəm, yoxdu günahım,
Təqsirim hər şeyə qarışmağımdı.
Dünyaya gəldim ki, sizlərə baxım
Gedişim uduzub barışmağımdı.

OIMASIN
İstəmərəm gözüm dolsun,
Məni görən kəs olmasın.
Tanrım işdən halı olsun,
Bəndə filankəs olmasın.

Zaman cəllad, vaxtımız dar,
Yıxılanı həmən udar.
İçinizdə bir qərib var,
Qıymayın, o, pis olmasın.

Oxu, bülbül, borcun durur,
Hər gün könlüm səni sorur.
Məni səsin bəmi yorur,
Qoy zil olsun, pəs olmasın.

Bəzən yatıb gec qalıram,
Dolaşmaqdan həzz alıram.
Cəhətləri səhv salıram,
Qatı duman, sis olmasın.

Səhv böyüksə, yadda qalar,
Yaddaş hər an yada salar.
Astarı üz bilsən olar,
Ağlın dəlintərs olmasın.

1lə 3ün cəmi dörddü,
Nə bir bərkdi, nə üç sərtdi.
On üç sözü kimə dərddi?!
13 sayda nəhs olmasın.

Murad, bəlli yaşın çatıb,
Baş ağrıtma ara qatıb.
Mən biləni hamı yatıb,
Biz də yataq, səs olmasın.

DEMƏSƏ DƏ
Səhər durub şükür eylə, canda təpər deməsə də,
Keçmə ədəb sərhəddini, baxma, çəpər deməsə də.

Başın, beynin tədavüsü hərdən azca dincəlməkdi,
Can da ətdən, sümükdəndi, ağrı kəsər, deməsə də.

Sazın, sözün aşiqi ol, gözün bundan zərər görməz,
Ürək coşar, sağ ol deyər, qara ciyər deməsə də.

Hərdən tək ol, zümzümə et, köklə səsi lazım olar,
Kimsə duyar xoşu gələr, buna əsər deməsə də.

Puldu şəxsi var eləyən, boş-boşuna gedib gəlməz,
Bezər pulsuz ticarətdən, yoxdu səmər deməsə də.

Hamı səni sevə bilməz, Yaradana asi olma,
Zəlil edər həyatını, səsin kəsər, deməsə də.

Yüz ölç, bir biç, ağıllı ol, hər yetənə qulaq asma,
Ağlın səni lağa qoyar, səndən küsər deməsə də.

Kimlər gəldi, kimlər getdi, bu həyatdan bil, ay Murad
Dünya sənə biganədi, xeyrinə şər deməsə də.

NECƏ GƏLDİM, NECƏ ÇATDIM BU YAŞA
Necə gəldim, necə çatdım bu yaşa,
Heç bilmədim necə keçdi bu ömür.
Ürək istər yalan ola, dil çaşa,
Niyyətimi dümağ olan saç demir.

Nə dünəndi, nə bu gündü olanlar,
Belə olub, belə olur, olacaq.
Növbəlidi boşalanlar, dolanlar,
Dolu başı yandıranmaz olacaq.

Zaman gedir, tutanmırıq ipini,
Alışırsan, qaynayırsan, daşırsan.
Hərdən şeytan göz ağardır, təpinir,
Birdən birə əlifini çaşırsan.

Şükr edirəm məndən sonra qalana,
Təki Allah sıxıntıya salmaya.
Vay o gündən dirənəsən dalana,
Tərpənməyə çıxış yolun olmaya.

Vaxtım çoxdu olanları çözməyə,
Səbir istər yada salım birbəbir.
Qorxuram ki, ürək buna dözməyə,
Bu yaşımda bəs eləmir tək səbir.

Necə gəldim, necə çatdım bu yaşa,
Yaradana bir ömürlük borcum var.
Yol gedirəm son mənzilə birbaşa,
Bu enerjim nəyə çatar, qurtarar.

DÜŞÜNƏK
Bu dünya xali deyil,
Geridə qalanı var.
İnsanı yığvalı deyil,
Pis günə salanı var.

Yaşadığın silinmir,
Yaddaş var ortalıqda.
Yaxşılığın bilinmir,
Nə xaliqdə, balıqda.

Həyat nehrənin tayı,
Doldurur çalxalayır.
Yaxşıya yaxşı payı,
Pisi pisə calayır.

Bir nahaq söz deyilir,
Susursan, can çəkilir.
Hərdən haqqın yeyilir,
Təpəndə turp əkilir.

Dəlidən dolu olmur,
Hər kəs tayını tapır.
Oğrunun yolu olmur,
Girir, talayır, çapır.

Uzaq ol, yanan oddan,
Bir addım çəkil dala.
Görmüsənmi heç yaddan,
Adama yanan ola.

Oxu məni, ay insan,
Qəribliyə salma gəl.
Nəsihəti heç zaman,
Vermək olmur əlbəəl.

Sözlə adam sağalır,
Çalış ürək sındırma.
Əməlin yadda qalır,
Unut, heç vaxt andırma.

Bu dünya xali deyil,
Hər sifətdə adam var.
Hamı ziyalı deyil,
Cahil olan aldanar.

EVİMƏ
Gəl qulaq as ürəyimə, bir qonaq ol can evimə,
Pişvazın ruh gətirər, şöhrət ilə şan evimə.

Sənin yerin bir ayrıdır, bilirsən ki, ürəyimdə,
İstəmərəm yad toxuna, güllü-gülüstan evimə.

Ay üzündən, gözəlim, ruhlanaram, zövq alaram,
Həll edərəm qəliz olan müşkülü asan evimə.

Bir arzum var ürəyimdə, gəlsən demək istəyərəm,
Qibləsi məlum olan Kəbəyə baxan evimə.

Ay Murad, tövbə elə, zamanın var, gəl yoluna,
Yaradana ağır gedər, salsan əgər qan evimə.

QOŞMA
Səbirli ol, bu dünyada düz yaşa,
Düzsənsə, qəti qorxma sorğudan.
Ağız açma nadürüstə, əyyaşa,
Pənah umma fırıldaqdan, oğrudan.

Çaylar çıxıb yatağından, düz axmır,
Qismətdi, neyləyək, sözünə baxmır,
Kor dünyadı tutduğunu buraxmır,
Nədi səni dinc qoymayan, ağrıdan?!

Murad dinməz, dünya gözəl dolansa,
Sevinc, fərəh üst-üstündən qalansa.
Üzdə gülüş, gözdə nifrət yalansa,
Nə gözləyim ağıllıdan, doğrudan.

ÜRƏYİM
Gül açır, sevindikcə, cuşa gəldikcə ürəyim,
Baxıram xeyrimədir, çox olacaqdır gərəyim.

Nə desə can deyirəm, neyləməli, bəsləyirəm,
Odur mənim sütunum, çölü qızıldan dirəyim.

Hələ ki, incimirəm, şükr edirəm varlığına,
Qorxuram məni sata, hər ağrıdıqca kürəyim.

Odu mənə nəfəs verən, vücuduma yiyə duran,
Gecə-gündüz qanım içən, içimdəki bər-bəzəyim.

Hərdən olur ərköyündü, xətirinə dəyəmmirəm,
Ondan çıxır, ay Murad, hələ ki suyum, çörəyim.

ÖMRÜ BELƏ BİTİRİRİK
Mən kiməm ki?! Hamı kimi,
Allaha qul bir bəndəyəm.
Ruhumdakı sarı simi,
Tərpətdinsə, mən səndəyəm.

Nə ağlımda ayım, ilim,
Nə beynimdə bir sayım var.
Daha yoxdu uzun dilim,
Gözüm kordu, qulağım kar.

Ətrafımda olanların,
Hər sözünü əyəmmirəm.
Bir qayğıma qalanların,
Xətirinə dəyəmmirəm.

Gur çıxmayır daha səsim,
Allah, düz işimi əymə!
Oynamağa yox həvəsim,
Bircə bu canıma dəymə!

Qulağımda ölüm səsi,
Yorub məni zar olmuşam.
Əstəğfurullah kəlməsi,
Söyləməkdən yorulmuşam.

Ölüm görkdü bu dünyanı,
Başa düşüb dərk edənə.
Bu gün sağsan, dünən hanı?!
Dərs olmayır mənə, sənə.

Həyat hər gün axtarışdı,
Nə tapırıq, itiririk.
Bu gün yazdı, sabah qışdı,
Ömrü belə bitiririk.

TƏCNİS
Gözəllikdə buxaq nədi, sinə nə?
Bilmirsənsə tezcə döymə sinənə.
Yoldaş olma hər səs-küydən sinənə,
Tanrı kimə bilər culasın, getsin.

Kasıb dilər yatan bəxti oyana,
Azar-bezar düşə ondan o yana.
Ayrılıqdan nə mən, nə də o yana,
Yağış gəlsin bizi sulasın, getsin.

Daş düşər, bəxtindən Murada dəyər,
Gözündə arzuya, murada dəyər.
Kim ki, verməyəcək Murada dəyər,
Oxusun, başını bulasın, getsin.

BU DA ÖMÜR… ŞİRİN NAĞIL
Darlıq nədi bilməmişəm,
Dara düşsə, bilir adam.
Şükür sağam, ölməmişəm,
O dünyaya hələ yadam.

Həyat nədi, məzar nədi?!
Yuxulayan bəndə bilmir.
Gor evinə güzar nədi?!
Anladılmır, öyrədilmir.

Öyrənməyə can çəkirik,
Elə hazıra nazirik.
Dar ayaqda dil tökürük,
Yalvarırıq, yön gəzirik.

Nə tapırıq, tez təpirik,
Günü günə calayırıq.
Nə əkirik, nə səpirik,
Var olanı talayırıq.

Həyat şirin, yaşam acı,
Mat qalırsan, seçmək olmur.
Hər ikisi qardaş-bacı,
Heç birindən keçmək olmur.

Ömrün-günün ayazından,
Qar ələnir, qara saça.
Dərd-azarın dayazından,
Kim ötüşə, kimi qaça.

Bu da ömür…şirin nağıl,
Vaxtın çatdı, düş atından.
Dağıl, a dünya, eyy, dağıl,
Kim doydu ki, həyatından?!

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"