Novruz bayatıları

Novruz bayatıları

Novruz gəlir ellərə,
Həyat verir çöllərə.
Baharın ətri hopur
Çəmənlərə, güllərə.

Gülü qönçə Novruzum,
Ətri incə Novruzum,
Qız-gəlin xonça tutur
Sən gəlincə, Novruzum.

Novruzum, yar Novruzum,
Qönçə, bahar Novruzum,
Həyat ver bağ-bağata
Dadım nübar, Novruzum.

Xonça tutub gəzərəm,
Çəməndən gül üzərəm.
Göy qurşağın çağırıb
Yumurtanı bəzərəm.

Səməni, ay səməni,
Göyər, sevindir məni.
Ətrin baharın rəmzi,
Rəngin çölün, çəmənin.

Halaya bax, halaya,
Qızlar girdi halaya.
Oğul ona deyərəm
Halaydan qız haylaya.

Yasəməni dərən yar,
Çəmən üstə sərən yar,
Tale qismət eləyə
Bir gül də mən dərəm, yar.

Gül əlində gülə bax,
Meh əsdirən telə bax.
Ay ürəyim, partlama,
Incə belə hələ bax.

Bahar qız yenə gəldi,
Əlində xına gəldi.
Igidlər qurşaq tutdu,
Qızlar meydana gəldi.

Quşlar sona gölündə,
Igidlər at belində.
Bəzənib-düzəniblər
Qızlar səhəng əlində.

Yağış çəməni yuyur,
Quşlar şən-şən oxuyur.
Enir çeşmə başına
Dağlardan maral, cüyür.

Novruzum, can Novruzum,
Yaşıl, əlvan Novruzum.
Səni bağrına basır
Azərbaycan, Novruzum!

mart, 2017.

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir