Seyid Onbaşı (1889-1939)

Seyid Onbaşı (1889-1939)

Bu foto “Çanakkale savaşı”nın simvollarından biridir. Şəkildəki Seyid Onbaşı (1889-1939) əlində təqribən 215 kq çəkisi olan top mərmisi tutub. Fiziki olaraq bir insanın bunu bacarması möcüzədir. Türkiyənin bir sıra bölgələrində Seyid Onbaşının həmin fotosuna uyğun abidə ucaldılıb. Televiziya verilişlərinin birində nəvəsinin danışdığı əhvalat heç vaxt yadımdan çıxmır:
1909-cu ildə ailə qurduqdan sonra savaşa qatılan, sağ qalıb-qalmadığı bilinməyən Seyid Onbaşı 9 il sonra, 1918-ci ildə müharibədən doğulduğu kəndə piyada qayıdır və oraya gecə çatır. Hava işıqlanana qədər evin yaxınlığında gözləyir, amma qapını döymür. Sübh tezdən həyat yoldaşının qapını açdığını görüb ona yaxınlaşır, 9 il ərzində başqası ilə ailə qurmadığına əmin olduqdan sonra evə daxil olur.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

KAMAL CAMALOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“İzimizi itirməyək” layihəsinin növbəti qonağı Səlim Babullaoğlu oldu – Fotolar

“İzimizi itirməyək” layihəsinin növbəti qonağı Səlim Babullaoğlu oldu

Martın 18-də “İçərişəhər” Dövlət Tarix_Memarlıq Qoruğu İdarəsi, idarənin Elmi-Mədəni Mərkəzinin təşkilatçılığı ilə “İzimizi itirməyək” layihəsi çərçivəsində Bakı Fotoqrafiya Evində “Düzgün yazı üslubu, qrafik şeirlər və gənclərə kitab oxumağı necə sevdirək” mövzusunda elmi-praktiki seminar, şair və esseist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə Mərkəzin direktoru, tarix elmləri doktoru Vəfa Quliyeva açıb, qonağı salamladıqdan sonra layihə, bugünkü seminarın mövzusu və qonaq barədə məlumat verib.
Sonra isə Səlim Babullaoğlu Azərbaycan və dünya ədəbiyyatı, xüsusən poeziya, folklor, şifahi və yazılı irs,
yeni poetik tendensiyalar, vizual poeziya ənənələri barədə geniş məruzə edib. Mütaliənin insanın formalaşmasındakı vacib rolu barədə danışıb. Auditoriyanın suallarını cavablandırıb. Sonra isə natiq öz yaradıcılığından – “İlyas Göçmənin şəkil dəftəri” və “Qrafik şeirlər” kimi poetik silsilələrdən nümunələr oxuyub. Şeirlər videomateriallarla müşayiət olunub.
Çıxışının sonunda Səlim Babullaoğlu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə, Elmi-Mədəni Mərkəzinin direktoru Vəfa Quliyeva, mərkəzin elmi işçisi Gülsüm Hüseynovaya və zəhməti keçən bütün əməkdaşlara təşəkkür edib, maraqlı sualları ilə diqqət çəkən dinləyicilərə öz kitablarını hədiyyə edib. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

AXC-nin Tehrana ilk diplomatik missiyası

“Bu hörmətli qonaqlar 100 ildir İranda hökm edən tayfanın nəslindəndirlər.”— AXC-nin Tehrana ilk diplomatik missiyası

Qacar dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında ilk diplomatik münasibətlər 1919-cu ilin yazında yaranıb. AXC höküməti Adil xan Ziyadxanlının qardaşı İsmayıl xan Ziyadxanlı başda olmaqla fövqəladə missiyanı Tehrana göndərib.

İsmayıl xan Ziyadxanlı həmin ilin aprelində Ənzəlidən keçməklə İrana gəlir. Rəsmi “İran” qəzeti bu səfərin şərəfinə “Bizdən olan qonaqlar…” başlığı ilə bu səfər barədə yazı hazırlayır. Yazıda qeyd olunur ki, “qonaqlar Qafqazın İslam millətinin nümayəndələridir”.

Daha sonra qəzet qeyd edir ki, “bu hörmətli qonaqlar 100 ildir İranda hökm edən tayfanın nəslindəndirlər. Cənab İsmayıl xan Ziyadxanlı bizim nəsildəndir (Qacar nəslindən…) O, Gəncədə rus işğalına qədər hakimiyyəti idarə etmiş hörmətli xan nəslindən sayılır”.

Adil xan Ziyadxanlı bir müddət xarici işlər naziri olub. Nəsib bəy Yusifbəylinin 1919-cu ilin aprelində qurduğu hökumətdə Məhəmməd Yusif Cəfərov xarici işlər naziri, Adil Ziyadxanlı isə onun müavini təyin edilib. Bu postda o, 1919-cu ilin avqustuna qədər işləyib.

16 iyul 1919-cu ildə AXC Nazirlər Kabineti İranda səfirlik açmaq barədə qərar qəbul edir. Tehranda diplomatik nümayəndəliyin rəhbəri Adil xan Ziyadxanlı təsdiq olunur. Çar Rusiyasının Tehrandakı sabiq səfiri Etter ciddi-cəhdlə nümayəndə heyətinin İrana gəlməsinə mane olmağa çalışsa da, bacarmır.

Azərbaycan nümayəndə heyəti böyük hörmətlə İranda qəbul olunur. Əhməd çah Qacar AXC-nin Təbrizdə və digər şəhərlərdə daimi diplomatik nümayəndəliyinin açılmasına əmr verir. Şahın adından Azərbaycan nümayəndə heyətinin şərəfinə təntənəli ziyafət verilir.

23 sentyabr 1919-cu ildə A.Ziyadxanlı AXC-nin səfiri kimi Tehranda fəaliyyətə başlayır.

publika.az

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəzənfər Məsimoğlu – Leyli-Qədir gecəsi (Leylətül-Qədr)

LEYLİ-QƏDİR GECƏSİ

Müqəddəs Qədr gecəsinə Borçalıda “Leyli-qədir gecəsi” (Leylətül-Qədr) deyirlər…

On bir ayın sultanı,
Tanı, bu ayı tanı.
Yetişdi bayram anı,
Leyli-Qədir gecəsi.

Anam deyər:- sac gətir,
Durum bişirim fətir.
Dəhnədən gələr ətir,
Leyli-Qədir gecəsi.

El yığışar bir yerə,
Bir pay gətirər hərə.
Gözəlləşər dağ, dərə,
Leyli-Qədir gecəsi.

Hər ağızda bir dua,
Hər könüldə bir yuva,
Sirdi torpaq, su, hava,
Leyli-Qədir gecəsi.

Samavarlar alışar,
Qız-gəlinlər yarışar,
Küsülülər barışar,
Leyli-Qədir gecəsi.

Qədəhlər şərbət dolu,
Uzanar saqi qolu.
Görünər Tanrı yolu,
Leyli-Qədir gecəsi.

Kimi qurbanlıq kəsər,
Yaxşılığa tələsər,
Küdurətdən yox əsər,
Leyli-Qədir gecəsi.

Qafil olan oyanar,
Haqqa yaxın dayanar.
Göylər nura boyanar,
Leyli-Qədir gecəsi.

Dəli çaylar lal olar,
Bulaq suyu bal olar,
İnsanlar xoş hal olar,
Leyli-Qədir gecəsi.

Saflığa axın olar,
Pay- nəfsi toxun olar.
Mələklər yaxın olar,
Leyli-Qədir gecəsi.

Şeirim qapı döyəndi…
Kim sevdi, kim bəyəndi?
Yazdım bu on bir bəndi,
Leyli-Qədir gecəsi.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Məni darıxdırır Bakı küləyi

Məni darıxdırır Bakı küləyi

Məni darıxdırır Bakı küləyi,
Küçədə gəzəndə dəli oluram.
Gah gülə çiçəyə, çəmənliklərə,
Gah da ki, bilmirəm nəyə qonuram…

Məni darıxdırır Bakı küləyi,
Yadıma nə boyda xatirə düşür…
Silib yaddaşımı yox edim gərək,
Hələ indi indi yaram bitişir.

Yox, yox, yaddaşımla işim olmasın,
Yoxsa, məhəbbətim yadımdan çıxar.
Haçansa, Bakının küçələrində
Rastlaşaq əvvəlki biz olmaz axı…

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Novruz bayramı və kənd uşaqları – bədii təsvir

Novruz bayramı və kənd uşaqları

İsmayıl Şıxlının “Dəli kür” romanından bir parça: “Novruz bayramı idi. Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez xırman yerinə topladıqları ota baxırdılar. Onlar qucaq-qucaq küləş, saman gətirib otun üstünə atırdılar. Bundan başqa əllərinə keçən quru çırpılan, odun qırıntılarını da buraya atırdılar. Onlar şər qarışan kimi tonqal yandıracaqdılar. Oğlanlar bundan başqa, meşədən uzun payalar kəsib gətirmişdilər. İri bir gərməni ortasından deşib həmin ağaca keçirmiş və lopa düzəltmişdilər. Tonqallardan başqa damın üstündə lopa da yanacaqdı.
Qızlar sakit oturmurdular. Özlərinə təzə paltar tikir, axşama qədər hazır edib geyməyə çalışırdılar. Gəlinlər yumurta boyayır, arvadlar tez-tez düyü arıtlayan qızlara göz yetirirdilər. Səmənilər süfrələrə düzülürdü. Hamı bayrama hazırlaşırdı. Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi boş qalmasın. Aylarla yığdıqlarını bir gecə üçün xərcləyənlər də var idi.
Pakizə evdə o yan-bu yana qaçır, anasına və gəlinlərinə əl-ayaq verir, həm də axşamın tez düşməsini gözləyirdi. O, nədənsə, bu il Novruz bayramını daha böyük həvəs və eşqlə qarşılamağa hazırlaşırdı.
Nəhayət, yenicə cücərib yaşıllaşan yamacları, torpaqdan baş qaldıran çiçəkləri isti nəfəsi ilə xumarlandıran günəş qərbə doğru əyildi, üfüqdəki pənbə buludlar çəhrayı rəngə boyandı. Kürün üstünə qanadını gərən axşam kölgəsi sürünə-sürünə kəndə doğru yeridi. Pəncərələrdə solğun işıqlar göründü. Ancaq heç kəs içəri, evə girmək istəmirdi. İlıq bahar havası hamını xumarlandırırdı.
Pakizə təzə paltarını geyindi, qapıda xeyli hərləndi, sonra damın belinə çıxdı. Əlini gözünün üstünə qoyub yasəmən rənginə çalan üfüqə boylandı. Kürə, yenicə yaşıllaşan meşəyə, sahilin göy otlarına baxdı. Hava ilıq idi. Kür tərəfdən əsən meh isti nəfəs kimi adamı məst edirdi”.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

18 mart – qanla yazılmış tarix

18 mart – qanla yazılmış tarix

18 mart – tarixə qanla yazılmış bir şərəf dastanının, millətin iradə və inancının sarsılmaz simvolunun günüdür. Bu gün, Çanaqqala Döyüşü zamanı canlarını Vətən uğrunda fəda edən qəhrəmanların əziz xatirəsinin anım günüdür.
1915-ci ildə dünyanın ən güclü donanmalarına sahib olan qüvvələr Çanaqqala boğazı üzərindən Osmanlı torpaqlarını ələ keçirmək niyyəti ilə hücuma keçdi. Məqsəd yalnız bir şəhəri deyil, bir millətin ruhunu sındırmaq idi. Lakin qarşılarında sadəcə bir ordu deyil, imanla, qeyrətlə və Vətən sevgisi ilə yoğrulmuş bir xalq dayandı.
18 mart günü düşmən donanmasına qarşı göstərilən müqavimət tarixdə dönüş nöqtəsi oldu. Dənizlərdə qazanılan bu şanlı zəfər, torpaqda davam edəcək mübarizənin də başlanğıcı idi. Bu döyüşlərdə adı tarixə qızıl hərflərlə yazılan qəhrəmanlardan biri də Mustafa Kamal Atatürk idi. Onun uzaqgörənliyi, qətiyyəti və “Mən sizə hücum əmri yox, ölməyi əmr edirəm” sözləri, əsgərlərin ruhuna güc verdi və bir millətin taleyini dəyişdi.
Çanaqqala sadəcə bir döyüş deyildi – bu, imanla silahlanmış insanların, texnikadan üstün iradəsinin zəfəri idi. Burada gənc əsgərlər, tələbələr, müəllimlər – bir sözlə, Vətənin hər övladı eyni amal uğrunda birləşdi. Onlar sübut etdilər ki, torpaq uğrunda canından keçən millət heç vaxt məğlub olmaz.
Bu müqəddəs zəfər, yalnız Türkiyə üçün deyil, bütün türk dünyası üçün bir qürur mənbəyidir. Türkiyə torpaqlarında yazılan bu qəhrəmanlıq dastanı, azadlıq uğrunda mübarizə aparan xalqlara ilham verdi.
Bu gün biz 18 martı anarkən yalnız keçmişi xatırlamırıq – eyni zamanda gələcək nəsillərə bir mesaj ötürürük: Vətən sevgisi ən ali dəyərdir və bu sevgi ilə yazılan tarix heç zaman unudulmur. Çanaqqala şəhidlərinin ruhu qarşısında baş əyir, onların əmanətinə sahib çıxacağımıza söz veririk.
Ruhları şad, məkanları cənnət olsun!

Müəllif: Pərvanə Salmanqızı

Jurnalist, şair-publisist

PƏRVANƏ SALMANQIZININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

BEYNƏLXALQ DİLLƏRİ BİLMƏYİN ÜSTÜNLÜKLƏRİ

BEYNƏLXALQ DİLLƏRİ BİLMƏYİN ÜSTÜNLÜKLƏRİ

  1. Şəxsi inkişaf və dünyagörüş:
    İnsan yalnız öz mühitinin yox, dünyanın düşüncə tərzi ilə tanış olur
    Fərqli mədəniyyətləri anlayır, daha tolerant və çevik düşüncəli olur
    Kitablar, məqalələr, videolar, filtrsız, birbaşa mənbədən öyrənir. Tənqidi düşüncə güclənir (çünki müqayisə imkanı yaranır). Sadə desək, dünya sənin üçün “tərcümə olunmuş versiya” yox, orijinal şəkildə açılır.
  2. Təhsil imkanları:
    Xarici universitetlərə qəbul şansı artır. Beynəlxalq proqramlar (təqaüdlər, mübadilə) əlçatan olur
    Elmi mənbələrin 90%-dən çoxu ingiliscədir. Onlayn kurslar (Coursera, edX və s.) rahat istifadə olunur
    Yəni, məlumatın qapısı açılır.
  3. Karyera və gəlir
    Daha yaxşı iş imkanları (yerli + beynəlxalq şirkətlər)
    Maaş fərqi çox vaxt ciddi olur
    Xarici tərəfdaşlarla işləmək imkanı
    Uzaqdan (remote) işləmək şansı
    Dil = əlavə peşə bacarığı yox, birbaşa gəlir aləti.
  4. Siyasi və ictimai fəaliyyət
    Beynəlxalq platformalarda çıxış imkanı. Xarici mediaya çıxış, informasiya müstəqilliyi
    Diplomatiya və siyasətdə aktiv rol
    Ölkəni təmsil etmək imkanları artır. Dil bilməyən siyasətçi “tərcümə ilə düşünür”, bilən isə birbaşa düşünür
  5. Sosial və ünsiyyət üstünlüyü
    Dünyanın istənilən yerində insanlarla ünsiyyət
    Səyahət zamanı sərbəstlik
    Şəbəkə (network) qurmaq imkanı
    Tanış dairən tək şəhər yox, bütün dünya olur
  6. İnformasiya üzərində nəzarət
    Xəbərləri birbaşa mənbədən oxuyursan. Təhrif olunmuş məlumatlardan daha az təsirlənirsən.
    Təbliğatı daha tez ayırd edirsən
    Bu, xüsusilə bugünkü dövrdə çox böyük üstünlükdür
  7. Psixoloji və intellektual fayda
    Beyin daha aktiv işləyir. Yaddaş və diqqət güclənir. Yaşlandıqca zehni geriləmə daha gec olur
    Qısa nəticə (əsas fikir)
    Xarici dil bilmək sadəcə ünsiyyət vasitəsi deyil — bu, insanın dünyaya çıxış bileti, düşüncə azadlığı və imkanlar açarıdır.

Müəlif: Qurban Rzayev

QURBAN RZAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ÖMRÜMDƏN SƏHİFƏLƏR SİLSİLƏSİNDƏNHƏMİŞƏ ÇƏTİNLİKLƏRLƏ RASTLAŞMAQ İSTƏDİM

ÖMRÜMDƏN SƏHİFƏLƏR SİLSİLƏSİNDƏN
HƏMİŞƏ ÇƏTİNLİKLƏRLƏ RASTLAŞMAQ İSTƏDİM

1960-cı ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşam. Hələ məktəbli ikən dünyagörüşümün zəngin olmasını, eləcə də çətinliklərlə rastlaşmaq istəmişəm. M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunun “texniki əmək və rəsmxət” müəllimi ixtisasında təhsil alırdım. Texnikumun 1-ci və 4-cü kurslarında oxuyarkən dərslər saat 8.30-da başlayır, 14.30-da bitirdi. 2-ci və 3-cü kurslarda oxuyan zaman isə dərslər günorta saat 14.30-da başlayır, axşam saat 8 radələrində qurtarırdı. Dünyagörüşümün zəngin olmasına görə bədii kitablar mütaliə edirdim. 2-ci kursda oxuyan zaman artıq düşündüm ki, səhərdən günortaya kimi haradasa işləmək olar. Yenə deyirəm, oxucu düşünməsin ki, yəqin pula görə işləmək istəmişəm. Xeyr, düşünmüşəm ki, işlədiyim sahədə müxtəlif yaxşı və pis insanlarla tanış olum, insan xarakterlərinə bələd olum, çətinliklər görüm. Axı, çətinliklər görən insan həyatda mətinləşir, sonra isə rahat həyatı yaxşı dada bilir.
2-ci kursda təhsil alırdım. Oktyabr ayında Mərdəkan qəsəbəsində fəaliyyət göstərən 4-cü idarənin 2 nömrəli xəstəxanasına bağban işinə düzəldim. Hər gün səhər saat 8-də işə gedir, saat 12-də işdən çıxıb dərsə gedirdim. Evdə ana və atama işlədiyimi deməmişdim. Onlar zənn edirdilər ki, orta məktəbdə olduğu kimi, yenə də müxtəlif dərnəklərə gedirəm. İşdən 35 rubl əmək haqqı alırdım. Mənim üçün çox çətin günlər idi. Təsəvvürünüzə gətirin: hər gün gecə saat 11-də evə çatırdım. O dövrlərdə Mərdəkandan Bakıya elektrik qatarı işləyirdi. Texnikuma gedən zaman və evə qayıdarkən, elə elektrik qatarında dərslərimi öyrənirdim.
İki aydan sonra xəstəxananın baş həkimi Mehdi Rzayev məni yanına çağırdı. Kabinetinə daxil oldum. O, məni görcək ayağa qalxdı, əl verib görüşdü. Hal-əhval tutdu, dərslərimlə maraqlandı. Katibə xanıma göstəriş verdi ki, mənim üçün çay gətirsin. Sonra baş həkim mənə dedi:
-Fərhad, arabir pəncərədən ərazimizdə işləyən işçilərə, eləcə də sənə baxıram. İşinə məsuliyyətlə yanaşırsan. Mən maaşından əlavə, sənə bu ay mükafat olaraq 50 rubl pul yazacağam. Və hər iki aydan bir bunu həyata keçirəcəyəm. Dərslərini yaxşı oxu. Nəbadə dərsdən yayınasan. Səni burada incidən olsa, utanma, mənə de. Yorulsan, məndən icazə al, arabir dincəlmək də lazımdır.
Kövrəldim, təşəkkürümü bildirib kabinetdən çıxdım.
Səkkiz aydan sonra atam mənim işləməyimdən xəbər tutdu və məni işdən çıxartdırdı. Atamın dediklərindən: “Sənin tələbə ikən işləməyini bilənlər, nə düşünərlər? Yəqin düşünərlər ki, səni yaxşı dolandırmıram”. Atama hansı səbəbə görə işləməyimi başa saldım. O, məni başa düşdü və alnımdan öpdü…
Haşiyə: 1997-ci ildə Mehdi Rzayevin evini axtarıb tapdım. Onunla görüşdüm. Artıq qocalmışdı. Məni tanımadı. Tanışlıq verdikdən sonra tanıdı və kövrəldi, hal-əhval tutdu, keçirdiyim həyat yolu haqqında maraqlandı, xeyli söhbət edik. Həmin gün ona müəllifi olduğum 200 səhifədən ibarət olan “Ötən günlər” kitabımdan hədiyyə verdim. Ona dedim ki, “Mehdi müəllim, kaş Sizin beyninizdə olan düşüncələr, saf ürək, insana insan kimi yanaşmaq, insanların ürəyini oxumaq, yaxşılıq etmək başqalarında da olaydı. Nədənsə, bəzən hətta hiyləgər insanlara rast gəlirəm”. Tələbə olarkən mənə göstərdiyi qayğıya görə ona minnətdarlıq etdim, ona can sağlığı, uzun ömür arzuladım. Hələ neçə illər bundan əvvəl o, rəhmətə gedib. Allah rəhmət eləsin…
İkinci kursu bitirdim. Artıq atamdan icazə aldım və iyul, avqust aylarında o dövrlərdə Şüvəlan qəsəbəsində fəaliyyət göstərən “İskra” pioner düşərgəsində tərbiyəçi-müəllim işlədim. İki ay mənim üçün çox maraqlı keçdi. Ayda bir gün işçilərə evə getməyə icazə verirdilər. Pioner düşərgəsinin rəisi Nurəddin (familiyasını unutmuşam) müəllim idi. Ondan heç vaxt incimədim, gözəl insan idi, yaxşı xasiyyəti vardı.
3-cü kursda oxuyan zaman işləmək istədiyimi atama bildirdim. O, icazə verdikdən sonra Mərdəkan qəsəbəsindəkim uşaq xəstəxanasında çilingər işinə düzəldim. Səhər saat 8-dən saat 12-yə kimi işləyir, sonra isə dərsə gedirdim…
…Texnikumun 4-cü kursunda oxuyan zaman dövlət imtahanlarından əvvəl tələbələrə işləmək üçün təyinat verirdilər. Qrupumuzda 30 nəfər idik. Tələbələrin hamısı Azərbaycanın kənd rayonlarından idilər. Maarif nazirliyindən (indiki Elm və Təhsil nazirliyi) texnikuma gələn nümayəndələr tələbələrin hamısına işləmək üçün yaşadıqları rayona təyinat verdilər. Bakıdan olduğuma görə mənə azad təyinat veriləcəkdi. Yəni, Bakının hər hansı bir rayonunda fəaliyyət göstərən məktəbdə işləyə bilərəm. O dövrlərdə Azərbaycanın hər bir rayonunda müəllimə ehtiyac var idi. Mən də yaşadığım Əzizbəyov (indiki Xəzər rayonu) rayonunun məktəblərinin birində işə düzələ bilərdim. Maarif nazirliyindən gələn nümayəndələrə dedim:
-Məni respublikanın ucqar dağ rayonlarından birinə göndərin.
Mənim sözümü eşitcək məətəl qaldılar, təəccüblə üzümə baxdılar. Onlara dedim ki, kənd həyatını görmək istəyirəm, bulaqdan su daşıyıb, evdə peçi qalamaq istəyirəm. (Haşiyə: o dövrlərdə Azərbaycanın kənd rayonlarının əksəriyyətində kəndlərdə qaz yox idi). Həmin gün mənim təyinatımı Kəlbəcər rayonuna verdilər…
…Məni ilk dəfə Kəlbəcər rayonuna atam Ramiz Əsgərov və Elmira bibimin həyat yoldaşı Talıb Əsədov apardı. Talıb müəllimin “Jiquli 06” markalı maşını var idi. Talıb Əsədov Tovuz rayonunun Yanıqlı (dağ kəndi) kəndində anadan olmuşdu, Bakının Binə qəsəbəsində yaşayırdı. Onu hamı yaxşı, hamı ilə mehriban davranan, xeyirxah, gözəl bir insan kimi tanıyırdılar. Onun maşınında rahatca Kəlbəcərə çatdıq. Birlikdə Kəlbəcər rayon Maarif şöbəsinə (indiki Təhsil şöbəsi) getdik. Şöbənin müdiri İslam (familiyasını unutmuşam) müəllim mənimlə tanış olduqdan sonra, məni rayonun Kilsəli kənd orta məktəbinə göndərdi. Atam və Talıb kişi mənə xeyir-dua verib Bakıya qayıtdılar. Allah Elmira bibimə (uzun illər müəllim vəzifəsində çalışıb), atama, Talıb kişiyə qəni-qəni rəhmət eləsin…
…Bəli, dağlar qoynunda idim. Rayondan kolxoza məxsus yük maşınında kəndə yola düşdüm. Məktəbin direktoru Aslan Mirzəyev məni gülərüzlə qarşıladı. İki gün direktorun evində qaldım. Sonra o, kirayə qalmaqdan ötrü mənim üçün ev tapdı. Kilsəli kənd orta məktəbində ibtidai sinifə (2-ci sinifə) dərs deyirdim, eləcə də rəsmxət fənnini tədris edirdim.
Yaşamaq çətin olsa da, maraqlı idi. Həftədə bir dəfə – şənbə günü, işdən sonra kolxozun yük maşınında rayona hamama gedirdim. Süd bidonları ilə dolu olan yük maşınında kənd camaatı da olurdu. Onlar rayona ərzaq məmulatları almaq üçün gedir və bir neçə saatdan sonra yenidən həmin maşınla kəndə qayıdırdılar. Süd bidonlarında olan süd isə rayondakı süd zavoduna təhvil verilirdi. Həmin gün mehmanxanada qalırdım və ertəsi gün yenidən kolxozun yük maşınında kəndə qayıdırdım. Yaşadığım kəndə avtobus işləmirdi. Minik maşınları kəndə qalxa bilmirdi. Nadir hallarda “Vilis” markalı balaca maşın görmək olardı. Oktyabr ayı artıq soyuq idi. Bütün evlərdə odun sobasından istifadə edirdilər. Məktəbin hər sinfində odun sobası vardı. Məktəbin ocaqçısı hər tənəffüs vaxtı sobaların hər birinə 1-2 odun parçası qoyurdu.
Təyinat müddəti üç il idi. Yəni mən üç il həmin kənddə işləməliydim. Lakin ömürlük də qalıb işləmək olardı. O, dövrlərdə kənd məktəblərində işləyən müəllimləri əsgəri xidmətə aparmırdılar. Səbəb isə müəllim çatışmazlığı idi. Lakin əsgəri xidmət də bir məktəbdir – deyə düşündüm. Noyabr ayının ortalarında Kəlbəcər rayon Hərbi Komissarlığında oldum və komissara könüllü surətdə əsgər getmək istədiyimi yazılı surətdə təqdim etdim. O, bu barədə telefonla Kəlbəcər rayon Maarif şöbəsinin müdirinə məlumat verdi. Mən Maarif şöbəsinə çağırıldım. Maarif şöbəsinin müdiri İslam müəllim rayonun kəndlərində müəllim çatışmadığını və heç olmasa may ayına kimi kənddə işləməyimi xahiş etdi. Sözə qulaq asmadım, həqiqi hərbi xidmətə getmək istədiyimi bildirdim. Məktəbin direktoru Aslan Mirzəyev isə dedi:
-Bəzi gənclər müxtəlif yollarla həqiqi hərbi xidmətdən yayınırlar. Sən isə respublikadan uzaqlara hərbi xidmətə getmək istəyirsın. 27 yaşa kimi müəllim işlə və hərbi biletini al. Bundan gözəl nə olar ki. İstəsən 27 yaşda get Bakıya, istəməsən həmişəlik qal kəndimizdə.
Haşiyə: Həmin illərdə belə bir qanun var idi. Kənddə müəllim işləyən şəxsi həqiqi hərbi xidmətə aparmırdılar. 27 yaşa kimi müəllim işləyən şəxsə, artıq 27 yaşın tamamında rayon Hərbi Komissarlıqları tərəfindən hərbi bilet verilirdi…
…Kəlbəcər Hərbi Komissarlığından razılıq aldım və Bakıya evimizə qayıtdım. Mənim üçün xoş xəbər olan xəbəri ailə üzvlərimizə çatdırdım. Atam iş yerimə qayıtmağı bildirdi. Atama dedim:
-Bir neçə ay da olsa kənd həyatında yaşadım. Əsgərlik də bir məktəbdir, kişilik məktəbi, həyat məktəbi. Mən bu məktəbi hökmən “oxumalıyam”.
Başqa çarə yox idi. Atam razılaşdı. İki gündən sonra Biləcəri Hərbi Komissarlığına gəldim. Məni ya Moskva ətrafına, ya da Leninqrad şəhərinə həqiqi hərbi xidmətə göndərəcəkdilər. Orada xahiş etdim ki, məni ən çətin yerə göndərin. Beləliklə, 1980-cı il noyabr ayının son günlərində səhər tezdən eşalonla Qazaxstan Respublikasına yola düşdüm. Eşalon 14 vaqondan ibarət idi. Azərbaycan, Ermənistan və Gürcüstandan olan təxminən 1000 nəfər gənc 14 vaqonda yerləşdirilmişdi.
4 sutkadan sonra Tyura-tam dəmiryol stansiyasına çatdıq və bizi eşalondan düşürdülər. Soyuq qılınc kimi kəsirdi. Mən hələ o vaxta qədər Bakıda, eləcə də Kəlbəcərdə elə soyuq hava görməmişdim. Oraya xeyli sayda rus və qazax millətindən olan zabitlər toplaşmışdı. Zabitlərin hər biri 40-50 nəfər gənci götürüb maşınlarla xidmət etdikləri hərbi hissələrə yola düşürdülər. Mən isə Kızıl-orda vilayətinin Leninsk şəhəri 10 deyilən ünvana, 45-ci ploşadkaya göndərildim. Bura kosmodrom Baykonur idi. Məndə olan məlumata görə hələ neçə illər bundan əvvəl Leninsk şəhərinin adı Baykonur ilə əvəz edilmişdir.
Hərbi hissənin dörd tərəfi də səhralıq idi. Leninsk şəhəri mən olduğum hərbi hissədən təxminən 50-60 kilometr aralıda yerləşirdi. 2 il Baykonurda hərbi xidmətdə olsam da, şəhəri görə bilmədim. Burada qış ayları soyuq, qar, şaxta olurdu. Yayda isə istidən nəfəs almaq olmurdu. Çox çətin şəraitdə həqiqi hərbi xidmətdə oldum…
1982-ci ilin dekabr ayında həqiqi hərbi xidmətdən qayıtdım. Bir neçə gün Bakıda evimizdə qaldım. Sonra yenidən Kəlbəcər rayonuna yola düşdüm. Kəlbəcərdə əvvəlcə Hərbi Komissarlıqda oldum və hərbi xidmətdən qayıtmağım barədə məlumat verdim. Sonra rayon Təhsil şöbəsinə getdim. Bu dəfə məni rayonun Seyidlər kənd orta məktəbinə göndərdilər. Həmin məktəbdə rəsmxət, fizika və 10-cu sinifdə traktor fənnini tədris edirdim. Seyidlər kənd orta məktəbinin direktoru şair Bəhmən Vətənoğlu idi…
…Sonralar Bakı şəhərinin məktəblərində müəllim işlədim. Müəllim işləsəm də, müxtəlif qəzetlərlə əməkdaşlıq etdim. Respublika radiosunda xeyli sayda informasiya və məqalələrim səsləndirildi. 1993-cü ilin yanvar ayından 2011-ci ilin son günlərinə kimi ancaq redaksiyalarda jurnalist kimi çalışdım. Müxbir vəzifəsindən baş redaktor vəzifəsinə kimi pillə-pillə qalxdım. 300 dəfədən çox Azərbaycanın kənd rayonlarında ezamiyyətdə oldum, sənədli povest yazmaqdan ötrü 1997-ci ildə Qazaxstan Respublikasının Taldı-Kurqan vilayətinə ezamiyyətə getdim və sonradan rus dilində “Neslomlennıy repressiyami” adlı kitabım işıq üzü gördü. 1998-ci ildə yenidən Qazaxstana getdim. Taldı-Kurqan vilayətində olarkən “Şağanskiye Zori” qəzeti redaksiyasının qonağı oldum. Qəzetin redaktoru qocaman yazıçı-jurmalist Sağındıq Tenekenovun söhbətləri mənim üçün çox maraqlı oldu. Müəllifi olduğum “Neslomlennıy repressiyami” kitabından redaksiya işçilərinə hədiyyə verdim. Yaşadığım illər ərzində Bakının müxtəlif müəssisələrində oldum və qəzetlər üçün materiallar hazırladım…
…Beləliklə, çətinliklərlə qarşılaşsam da, həyatda daha güclü oldum. Hazırda 65 yaşım var. Güclü, dünyagörüşlü olsam da, böyük həyat təcrübəsinə malik olsam da, enişli-yoxuşlu, mənalı həyat yolu keçsəm də, son illərin yaşayışı mənim üçün çox çətin oldu. Bəzi insanların təfəkküründə yalançılıq, dolayısı yolla istəmədiyi şəxsə iş vurmaq, hiyləgərlik və digər neqativ amilləri görəndə, eşidəndə və yaxud hiss edəndə ürəyim ağrıyır. Dar düşüncəli belə insanların halına acıyıram…

Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Etibar Həsənzadənin kitabları Türkiyədə yüksək səviyyədə təqdim olunub

Etibar Həsənzadənin kitabları Türkiyədə yüksək səviyyədə təqdim olunub

Yazar Etibar Həsənzadənin “Zəfərlərə Doğu” adlı və digər kitabları Türkiyədə Türk Silahlı Qüvvələri Dayanışma Vəqfinin rəhbərliyinə təqdim edilib.

Azərbaycanlı yazar Etibar Həsənzadənin “Zəfərlərə Doğu” adlı və digər kitabları qardaş Türkiyədə rəsmi şəkildə təqdim olunub. Kitablar, yazarın Türkiyədə yaşayan yaxın dostu, Tüm Medya Mensupları Dərnəyinin Ankara İl Başqanı və Tüm İnternet Medya Birliyinin Yenimahalle İlçe təmsilçisi Selçuk İnan tərəfindən Türk Silahlı Qüvvələri Dayanışma Vəqfinin müdiri, ehtiyatda olan tuğgeneral Alper Eserə təqdim edilib.

Bu barədə Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat verib. Yazar paylaşımında bildirib ki, əsərlərinin Türkiyədə belə nüfuzlu bir quruma təqdim olunması onun üçün böyük qürur mənbəyidir.

Etibar Həsənzadə, ona daim dəstək göstərən və yaradıcılığına xüsusi diqqət ayıran Selçuk İnan bəyə, eləcə də göstərilən hörmət və diqqətə görə Alper Eser bəyə təşəkkürünü ifadə edib. Yazar çıxışında onlara uzun ömür və uğurlar arzulayıb.

Qeyd edək ki, təqdim olunan kitablar Türk Silahlı Qüvvələri Dayanışma Vəqfinin kitabxanasına daxil edilərək oxucuların istifadəsinə verilib.

Yazarlar.az olaraq, biz də öz növbəmizdə Etibar Həsənzadəni təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Leyla Mahirqızı

TƏRANƏ DƏMİRİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"