Xeyirxahlıq təkcə maddi yardımla ölçülmür ki… İnsanlara diqqət ayırmaq, onların əhvalına sevinc qatmaq, sayğı göstərmək özü də bir xeyirxahlıqdır. Xeyirxahlığın gücü insan ruhunun gözəlliyindən, səmimiyyətdən qaynaqlanır və ən böyük mənəvi dəyərlərdən biridir…
…Onunla “Facebook” sosial şəbəkəsindən tanışıq. Həyatda da bir neçə dəfə görüşmüşük. Müxtəlif yazılarla yanaşı, təbrik mətnlərilə dostlarını sevindirməyə çalışır. Onların hər birinə təbəssüm bəxş etməkdən usanmır, ruhdan düşmür. Axı, təbrik olunanların arasında elələri də olur ki, bu diqqəti, bu sayğını dəyərləndirməyə qadir deyil, qarşılığını verməyə nə nəzakəti, nə də insanlığı çatmır. Amma atalar yaxşı deyib ki, “heç bir xeyirxahlıq boşa getməz”, “yaxşılığı at dəryaya, balıq bilməsə də Xaliq bilər…”
Müsahibələrinin birində deyir ki:- “Mən 1-ci sinifdən 11-ci sinifə qədər təhsilimi Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almışam. Yəqin ki, Ağdamın suyu, havası mənim tərbiyyəmdə rol oynayıb. Əslində fərqi yoxdur, Bakıda da yaşasaydım, eynisi olacaqdım. Axı, xasiyyət dəyişməzdir…”
Söhbət Zaur Ustac kimi tanıdığımız Mustafayev Zaur Mustafa oğlundan gedir. İstedadlı qələm adamı, şair-publisistdir. O, 8 yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində alaraq Bakı Dövlət Universitetində,sonradan Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirib. Birinci Qarabağ müharibəsinin iştirakçısıdır və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. “Yazarlar” jurnalının təsisçisi və baş redaktorudur. Onun “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz…”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Zimistan”, “Ülyahəzrət”, “45”, “Qədimliyə bürünmüş yenilik”, yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm” kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə aldığı “Əliş və Anna” poemasının, “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” adlı məqalə topluların, o cümlədən Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Oriyentir ulduzu” (povest) kitabının müəllifidir…
“5-ci sinifdə oxuyarkən ilk dəfə əlimə qələm alıb “Sülh göyərçini” şeirini yazdım və bu şeirlə də ədəbiyyata gəldim. Elə həmin illərdən də “Azərbaycan pioneri”, “Odlar yurdu” qəzetində, “Pioner” jurnalında çap olunmağa başladım. 2010-cu ildə “Günaydın” (“Ağ çiçəyim”) şeirlər kitabım işıq üzü gördü. 15-dən çox kitabın müəllifiyəm. Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazdığım “Oriyentir ulduzu” adlı 4 hissədən ibarət povestim 3500 tirajla 5 dəfə nəşr olunaraq hərbi hissələrə, respublikanın bütün bölgələrində fəaliyyət göstərən kitabxanalara və eləcə də ümumtəhsil məktəblərinin kitabxanalarına paylanılıb. Bu kitab mənə uğur gətirdi. Xeyli oxucu qazandırdı. Eyni zamanda, adıçəkilən kitabın elektron variantı kitabxanalarda saxlanılır. Bədii əsərlərlə yanaşı, təhsil sahəsində bir sıra kitablarım işıq üzü görüb. Belə ki, 1-ci sinif şagirdləri üçün “Əlifba”mızdakı bütün rəqəmlərə aid şeir və tapmacalardan ibarət “Gülünün şeirləri” kitabının müəllifiyəm. Sözügedən kitab 3 dəfə nəşr olunub və bütün məktəblərdə sinifdənxaric oxu kimi istifadə edilir. Statistik məlumata görə, gündə, ən azı, 500-600 nəfər bu kitabdan istifadə edir. 2016-2018-ci tədris illərində “İlin ən çox oxunan kitabı” adına layiq görülüb…”- söyləyir.
…Davranışından, ifadə tərzindən, yazı üslubundan hiss olunur ki münasibətlərdə etibarlı, həssas və sabitdir. Hər şeydə sabitliyin olmasını sevir. Onun üçün gündəlik həyatda rahatlıq və başqaları üçün qayğının təzahürü vacibdir. Və yalnız sədiq insanlara etibar etməyə çalışmır, həm də başqasının kədərinə həssasdır, dostlarının köməyinə həvəslə getməyi bacarır. Hərəkətləri nadir hallarda kobud və ya aqressiv olur. O, öz natiqliyi sayəsində konkret fərdlərə və bütövlükdə böyük sosial qruplara təsir edə bilir. Və həmişə zərif və nəzakətli olmağa çalışır. Rahat yaşamaq üçün faydalı əlaqələr qurmaq, əlaqələr əldə etmək onun üçün çətin deyil. Kobud və həyasızların qarşısında gücsüzdür. Onun fitri zəkası və nəcibliyi kobud hərəkətlər etməyə imkan vermir…
Bəli, yanvarın 8-i Zaur Uctacın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
Bu gün şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü hörmətli Zaur Ustacın doğum günüdür. Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk və orta təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almışdır.Ali təhsilini Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində almışdır. Birinci Qarabağ müharibəsinin iştirakçısı və ehtiyatda olan zabitdir. ”Günaydın “, “Mum kimi yumşalanda”, ”Məhdud həyatın məchul düşüncələri”, ”İstəməzdim şair olum hələ mən”, ”Gülzar”, ”Şehçiçəyim”, “Gülünün şeirləri”, ”Balçiçəyim”, ”Bayatılar”, “Qələmdar”, “Yaradanla baş-başa”, “Zimistan”, “45” (şeirlər), “Ülyahəzrət”, “Qədimliyə bürünmüş yenilik”, “Gülüzənin şeirləri” və s. kitabların, çoxlu sayda məqalələrin müəllifidir. Zaur müəllim biz gənclərin tanınmasına daima dəstək olmuş, məqalələrimi dəfələrlə “Yazarlar” jurnalında və eyniadlı saytda dərc etdirmişdir. Həmçinin “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabıma görə məni “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim olunan “ZİYADAR” Mükafatına layiq görmüşdür. 2023-cü ildə Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə və “Heydər Əliyev ili”nə həsr etdiyim “Ulu Öndərin işığında” adlı kitabımın Yasamal rayon Heydər Əliyev Mərkəzində və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilən təqdimatında iştirak etmiş və gözəl nitq söyləmişdir. Həmçinin məni İsa Muğanna mükafatı və 2023-cü ilin yekunlarına əsasən “İlin gənc şairi” nominasiyası üzrə İldırım Əkbəroğlu adına diplomla təltif etmişdir. Zaur müəllim əsl ədəbiyyat fədaisidir! Ədəbiyyatımızın inkişafı yolunda yorulmadan fəaliyyət göstərir. Yazıçılarımızın, şairlərimizin həyat və fəaliyyətini işıqlandırır, onları unudulmağa qoymur. Hörmətli Zaur müəllimi doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edir və onunla fəxr edirəm!
Tanrı sizə hər şeyi ürəyinizin gözəlliyinə görə versin
Məncə, o, facebook dostlarımın ən xeyirxahıdır. “Sağlığında qiymət verin insanlara” şüarı ilə çox vaxt heç ağına-bozuna baxmadan elə hey hamıya dəstək olmağa çalışır. İnsan hamının könlünü xoş edə bilməz, buna can atanda daha çox öz qəlbi qırılar. Amma balıq üçün yox, xaliq üçün edirsə, əlbəttə, seçiminə sayğı duyulmalıdır… Doğum gününüzdə sizə bircə arzum var, Zaur bəy qardaşım: Tanrı sizə hər şeyi ürəyinizin gözəlliyinə görə versin. Elə öz şeirinizdəki kimi, dünyamızı çiçək görməyə, işığın qaranlıqdan daha güclü olduğuna inanmağa davam edin. Sağlıqla, hüzurla neçə gözəl yaşlara…
Dünyamızı çiçək görən Gözlər nə gözəl, nə gözəl… Ruhumuza şəfa verən, Sözlər nə gözəl, nə gözəl…
Gül əkənlər gül dərəcək, Qəlb deyəni dil deyəcək, Düz əyrini, düz görəcək, Düzlər nə gözəl, nə gözəl…
Ustac olub sözə məftun, Daim gülən üzə məftun, Qəlbdə qalan izə məftun, İzlər nə gözəl, nə gözəl…
Müəllif: Mətanət VAHİD, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın aparıcı elmi işçisi.
“ALL TOGETHER 9” adlı beynəlxalq antologiya “HAPPY VALENTINE’S DAY” adı altında Amazon platformasında nəşr olunub
Tanınmış alban şairi, tərcüməçi, jurnalist və naşir Kujtim Hajdarinin təşəbbüsü ilə “ALL TOGETHER 9” adlı beynəlxalq antologiya “HAPPY VALENTINE’S DAY” adı altında Amazon platformasında nəşr olunmuşdur. Kitabda dünyanın otuzdan artıq ölkəsindən olan şairlər sevgi və məhəbbəti tərənnüm edən şeirləri ilə iştirak etmişlər. Antologiyada Azərbaycanlı şairlər — Rəfail Tağızadə, Namiq Dəlidağlı, Nazilə Gültac və Zaur Ustacın şeirləri də yer almışdır.
ALL TOGETHER 9 – HAPPY VALENTINE’S DAY
Published on Amazon and you will find it in the following link. We thank all the participants for their engagement and great interest in exchanging experiences and creating bridges of intercultural connection. We wish you all endless success in their creativity.
ALL TOGETHER 9 – HAPPY VALENTINE’S DAY It was published on Amazon and you will find it in the links below. We thank all the participants for their commitment and great interest in exchanging experiences and creating bridges of intercultural connection. We wish you all endless success in your creativity.
Əziz dostlar! Yeni At iliniz bir daha mübarək , düşərli və uğurlu olsun. Bu il bütün dövrılərin ən böyük söz adamlarından biri, Böyük Səməd Vurğunun 120 illik yubiley ilidir. Əminəm ki, Səməd Vurğun ocağına böyük sevgisi, məhəbbəti və hörməti olan Prezidentimiz, Cənab İlham Əliyev bu mühüm ədəbi, mədəni və ictimai hadisəni öz Sərəncamı ilə rəsmiləşdirəcək. Bununla belə hesab edirəm ki, bütün Vurğunsevərlər üçün 2026-cı il “Səməd Vurğun ili” kimi tarixə düşəcək və bu il böyük ədəbiyyat adamı və ictimai xadimin 120 illik yubileyi həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd ediləcəkdir. Qeyd etməyi zəruri hesab edirəm ki, bu ilə öz dəyərli töhvəsini görkəmli rəssamımız Nəvai Metin təqdim edərək sosial şəbəkədə öz profilində paylaşıb. Düşünürəm ki, əgər Vurğunsevərlər tərəfindən dəstəklənərsə bu portret həm də “Səməd Vurğun ili”nin loqosu ola bilər. “Səməd Vurğun yaradıcılığı küll halında dünya görmüş, sinəsi xəzinə ağsaçlı müdrik bir qocaya bənzəyir. Bu qocanın sinəsindəxalqın nağıl və dastanları, atalar sözləri. məsəlləri, muğamı. aşıq mahnıları, üzərində iztirablı günlərin kədəri, xoşbəxt günlərin sevinci, fərəhi naxış bağlamışdır. Bu Qoca ağsaçlı Azərbaycan xalqının simvoludur, bəlkə də şairin qəhrəmanlarından Azər babanın özüdür. Azərbaycan xalqının “Avesta” dövründən bu günə qədərki tarixi-Nizami qüruru, Xaqani mübarizliyi, Füzuli kədəri, Nəsimi hikməti, Vaqif səmimiyyəti, Koroğlu qəhrəmanlığı, Sabir gülüşü bu böyük yaradıcılıqda öz əksini tapmışdır. Bu böyük yaradıcılığın epiqrafı şairin “Azərbaycan” şeiridir.”(Bəxtiyar Vahabzadə) Həmin şeiri və dostumuz Nəvai Metinin yeni çəkdiyi portreti Sizlər üçün təqdim edirəm. Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan; Eşitmişəm uzaqlardan Sakit axan arazları; Sınamışam dostu, yarı…
El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana: Hankı səmtə, hankı yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə, Ayrılıq məndən düşəndə, Saçlarıma dən düşəndə Boğar aylar, illər məni, Qınamasın ellər məni.
Dağlarının başı qardır, Ağ örpəyın buludlardır. Böyük bir keçmişin vardır; Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə, Nəhs aylara, nəhs illərə. Nəsillərdən nəslərə Keçən bir şöhrətin vardır; Oğlun, qızın bəxtiyardır…
Hey baxıram bu düzlərə, Ala gözlü gündüzlərə; Qara xallı ağ üzlərə Könül istər şeir yaza; Gəncləşirəm yaza-yaza…
Bir tərəfin bəhri-Xəzər, Yaşılbaş? sonalar gəzər; Xəyalım dolanar gəzər Gah Muğanı, gah Eldarı, Mənzil uzaq, ömür yarı!
Sıra dağlar, gen dərələr, Ürək açan mənzərələr… Ceyran qaçar, cüyür mələr, Nə çoxdur oylağın sənin! Aranın, yaylağın sənin.
Keç bu dağdan, bu arandan, Astaradan, Lənkərandan. Afrikadan, Hindistandan Qonaq gəlir bizə quşlar, Zülm əlindən qurtulmuşlar…
Bu yerlərdə limon sarı, Əyir, salır budaqları; Dağlaraının dümağ qarı Yaranmışdır qarlı qışdan, Bir səngərdir yaranışdan.
Lənkəranın gülü rəng-rəng, Yurdumuzun qızları tək. Dəmlə çayı, tök ver görək, Anamın dilbər gəlini! Yadlara açma əlini.
Sarı sünbül bizim çörək, Pambığımız çiçək-çiçək, Hər üzümdən bir şirə çək Səhər-səhər acqarına, Qüvvət olsun qollarına.
Min Qazaxda köhlən ata, Yalmanına yata-yata, At qan tərə bata-bata, Göy yaylaqlar belinə qalx, Kəpəz dağdan Göy gölə bax!..
Ey azad gün, azad insan, Doyunca iç bu bahardan! Bizim xalı-xalçalardan Sar çinarlar kölgəsinə, Alqış günəş ölkəsinə!
Könlüm keçir Qarabağdan, Gah bu dağdan, gah o dağdan; Axşam üstü qoy uzaqdan Havalansın Xanın səsi, Qarabağın şikəstəsi.
Gözəl Vətən! Mənan dərin, Beşiyisən gözəllərin Aşıq deyər sərin-sərin, Son günəşin qucağısan Şeir, sənət ocağısan.
Ölməz könül, ölməz əsər Nizamilər, Füzulilər! Əlin qələm, sinən dəftər, De gəlsin hər nəyin vardır, Deyilən söz yadigardır.
Bir dön bizım Bakıya bax, Sahilləri çıraq-çıraq, Buruqları hayqıraraq Nərə salır boz çollərə, İşıqlanır hər dağ, dərə.
Nazlandıqca sərin külək Sahillərə sinə gərək, Bizim Bakı – bizim ürək! İşıqdadır qüvvət sözü, Səhərlərin ülkər gözü.
Gözəl Vətən! O gün ki, sən Al bayraqlı bir səhərdən İlham aldın…yarandım mən. Gülür torpaq, gülür insan Qoca Şərqin qapısısan.
El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrilarmı könül candan? Azərbaycan, Azərbaycan!
1933-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm edib. “Bu şeir Vurğunun ideyasına görə həm də “Azərbaycan” epopeyasının proloqudur.”
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Dilbər Vətən qızı Camalinin “Türk dillərində köməkçi nitq hissələri” adlı kitabı işıq üzü görüb
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk Dilləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Dilbər Vətən qızı Camalinin “Türk dillərində köməkçi nitq hissələri” adlı kitabı çapdan çıxmışdır. Yeni nəşr türk dillərinin qrammatik sistemində mühüm yer tutan köməkçi nitq hissələrinin nəzəri və müqayisəli aspektdə araşdırılmasına həsr olunmuşdur. Əsərdə köməkçi nitq hissələri müxtəlif türk dilləri materialları əsasında təhlil edilir, zəngin faktoloji bazaya söykənən elmi ümumiləşdirmələr aparılır. Monoqrafiyada köməkçi nitq hissələrinin funksional-semantik xüsusiyyətləri, struktur-morfoloji göstəriciləri və dil sistemində tutduğu yer ardıcıl şəkildə şərh olunur. Tədqiqat türkoloji dilçilikdə nitq hissələri probleminin öyrənilməsi baxımından aktual elmi nəticələrlə diqqət çəkir. Kitabın baş redaktoru professor Nadir Məmmədli, rəyçiləri professor Sevil Mehdiyeva, professor İsmayıl Kazımov və filologiya elmləri doktoru, dosent Aynel Məşədiyevadır. “Türk dillərində köməkçi nitq hissələri” əsəri türkoloji dilçilik, ümumi dilçilik və qrammatika problemləri ilə maraqlanan tədqiqatçılar, ali məktəb müəllimləri və tələbələr üçün dəyərli elmi mənbə kimi nəzərdə tutulmuşdur.
Elboy QULMONOV 1992-ci il 29 may tarixindəÖzbəkistan RespublikasıQəşqədərya vilayətinin Koson rayonunda anadan olmuşdur. Qarşı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir.
Yaradıcılıq nümunələri respublika və bir sıra xarici ölkələrin dövri mətbuat orqanlarında dərc olunmuşdur. Onun özbək–qırğız dillərində nəşr edilən “Duyğular şəhəri” (2019), “Könül sarayı” (2021), “Qəlbimin Kəbəsi – anam” (2022) adlı şeir kitabları, eləcə də “Eldə əziz tutulanlar”, “Maarifət işıqları” adlı publisistik kitabları çapdan çıxmışdır.
2023-cü ildə Rusiya “Qızıl Qələm” Milli Ədəbiyyat Mükafatı beynəlxalq müsabiqəsində iştirak etmişdir.
2025-ci ildə TÜRKSOY beynəlxalq təşkilatının “Ahmet Baytursunov” adına ədəbi mükafatı ilə təltif olunmuşdur.
Hazırda Asiya Texnologiyaları Universitetində tarix ixtisası üzrə magistratura pilləsinin I kurs tələbəsidir.
Eyni zamanda Özbəkistan Yazıçılar Birliyinin Qəşqədərya vilayət bölməsində baş mütəxəssis vəzifəsində fəaliyyət göstərir.
Özbəkistan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.