Azərbaycan Milli Kitabxanasının fəxri oxucusu, görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat etmişdir.
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlamış və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olmuşdur. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirmiş, ədəbi mühitin inkişafında müstəsna rol oynamışdır.
Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer almışdır.
Elçin Əfəndiyev Milli Kitabxananın işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına öz şəxsi kitabxanasından 500 nüsxə kitabı, o cümlədən öz kitablarını fonda bağışlayan ilk yazıçı olaraq “Qarabağa kitabla gedək” layihəsinin təşəbbüskarlarından biri olub.
Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmişdir. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Bununla yanaşı, 1980-ci illərin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir.
Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunmuşdur.
Milli Kitabxananın kollektivi Elçin Əfəndiyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Onun zəngin irsi və böyük xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
AYRILIQ İŞGƏNCƏ,SEVMƏK QADAĞA Gözüm su içmədi bu ayrılıqdan, Bulud arxamızca göz yaşı atdı. Oynadım sübhədək Dan ulduzuyla, Səhər açılınca,bəxtim də yatdı.
Dumanı yubanmış dağa bax,dağa, Ayrılıq işgəncə,sevmək qadağa. Durub yer gəzirdim daldalanmağa, Bir çiçək şehiylə başımı qatdı.
Bu eşq nəğməsini bir Qu oxuya, Əlirza Həsrəti verə yuxuya. Sərdim ürəyimi Günəşə,Aya, Nə Ay gözdən itdi,nə Günəş batdı…
Şirdan Azərbaycan mətbəxinin ən özünəməxsus və ləzzətli milli təamlarından biridir. Şirdan Azərbaycanın kənd mətbəxinin, çoban və yaylaq mədəniyyətinin izlərini daşıyır. Bu cür yeməklər milli kimliyimizi qoruyur və yaşadır. Bir sözlə, mlli mətbəximizin mirasıdır. Buna görə də ona belə tərif verə bilərik: Şirdan – təkcə yemək deyil, yaddaşın, kökün, ruhun sığınacağıdır.
Uzun müddət bişirildiyinə görə ətirli və çox zəngin bir dada sahib olur. Ənənəvi ədviyyatlarla birləşəndə ləzzəti unudulmaz olur. Xüsusilə, qış ayları üçün ideal yeməkdir. Bədəni isidir, toxluq hissi verir və soyuq havalarda orqanizmi gücləndirir.
Hər adam şirdan bişirə bilməz, bu yemək zəhmətlə yanaşı, yüksək ustalıq və təmizlik tələb edir ki, bu da onu xüsusi və dəyərli edir.
Şirdanın ən önəmli xüsusiyyətlərindən biri də o süfrəyə gələndə insanlar ətrafında toplanır, zarafatlar edilir, uzun-uzadı söhbətlər başlayır. Yəni bu yemək həm də sosial bir hadisəyə çevrilir.
Hər bir insan Allahın yaratdığı bir əsərdir. Sevgidən doğulub sevgi ilə yaşayır. Bu əsərlərlə yaxından tanış olduqca, onların hər birində Allahın işarəsini görürsən və dərin məna tapırsan. Əmin olursan ki, Yer üzündə təsadüfi insan yoxdur. Sadəcə, hər kəsin öz təyinatı, öz yolu var. Əgər insanlar olmasaydı, dünyanın mahiyyəti də olmazdı. Bəli, dünyanı gözəlləşdirən, mənalandıran məhz elə insandır. Bu dəfə sizə yaxınlıqda olan insanlardan biri- varlığı ilə bu dünyaya rəng qatan, professor Cahangir Məmmədlidən söhbət açmaq istəyirəm. İnsanpərvər, təmiz və müsbət enerji ilə dolu bir insandan. O, ağlı, zəkası və yaxşı ideyaları ilə eyni anda müxtəlif mövzularda bir neçə söhbəti davam etdirə bilir. Enerjisi, həyəcanı və idarəolunmaz həvəsi ilə həyatı çox cəsarətlə yaşayır və insanların çoxunun uzun müddət başa çatdıra bilmədiyi işləri tez bir zamanda tamamlayır. Müstəqil fəaliyyət göstərməyə çox meyllidir. Onu müəyyən qəliblərə salmaq asan deyil, çevik və əzimkardır…
Müsahibələrinin birində deyir ki:- “Mən kənd adamıyam, 50 ildən çoxdur Bakıda yaşasam da, heç vaxt şəhər adamı ola bilmədim. Şəhər adamları inciməsinlər, Azərbaycanın milli-mənəvi dəyərləri kənddədir. Həm də inciməsinlər ona görə ki, kənd şəhərdən əvvəl meydana gəlib. Biz hamımız əslində kənddə doğulmuşuq. Mənim ən çox qorxduğum odur ki, artıq kəndlər şəhərə çevrilməyə başlayıb. Mənim kəndim Novruzlu həm də mənim idealımdır. Mənim üçün vətən oradan başlayır. Orada orta məktəbi bitirmişəm. O məktəbi bilirsiniz kimlər bitirib? Azərbaycan elmini dünyada tanıdan şəxslər, Xudu Məmmədov, professor, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, usta yazıçılardan, dramaturqlardan olan Əli Əmirli və s.. Bax, Novruzlu kəndinin belə ziyalıları var. Mən o məktəbi heç vaxt unuda bilmərəm. Novruzlu işğalda qalan dövrdə mənə o qədər pis təsir edirdi ki, etiraf edirəm, ümidsizliyə qapılmışdım. Ancaq mənim Prezidentim necə ayağa qalxdı və Azərbaycanı ayağa qaldırdı. Mənim kəndim azad edildi. Artıq Novruzlu yavaş-yavaş dirçəlir, əvvəlkindən də dəfələrlə gözəl olacaq. Mən bunu təsəvvür edirəm. Biz işğal dövründə yaşamadıq ki…”
Haqqında söhbət açdığım Cahangir Əbdüləli oğlu Məmmədli 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində dünyaya gəlib. 1968-ci ildə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Elə həmin ildən də adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda bu fakültənin Milli mətbuat tarixi kafedrasının müdiridir. Filologiya elmləri doktoru, professordur. Eyni zamanda, həmin universitetin Elmi Şurasının üzvüdür. İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir. Xidmətlərinə görə bir sıra mükafatlarla yanaşı “Şöhrət” ordeninə layiq görülüb. Prezidentin fərdi təqaüdünü alır…
BDU-nun professoru, folologiya elmləri doktoru Allahverdi Məmmədli onun haqqında deyir: “Cahangir müəllim mənim təkcə müəllimim olmayıb, həm də əqidə dostumdur, əməl dostumdur. Bu dostluq ona görə baş verib ki, ölkəmizdə və dünyada baş verən hadisələrə münasibətdə, Vətən, millət, adət- ənənələrimizlə bağlı fikirlərimizdə üst-üstə düşən məqamlar çoxdur. Bir sözlə, estetik idealımız, insanlığa baxışımız çox yaxındır. Həm də soydımız eynidir, hər ikimiz də Məmmədliyik. Bəzən bizi oxşadıb qardaş bilirlər. Düz 49 il bundan əvvəl tanış olmuşuq. Bir şəxsiyyəti ki, 49 il bundan əvvəl tanıyasan, onun haqqında nə yazsan, nə qədər danışsan az olacaq. Qısaca deyə bilərəm ki, Cahangir müəllim nəinki Jurnalistika fakültəsinin, elə universitetimizin sonuncu magikanlarındandır. Təhsil fədaisidir, elm xadimidir. 80-dən artıq yaşı var. Bu yaşda yorulmaq bilmədən çalışır. Yazır, yaradır. Mən onun işgüzarlığına həmişə qibtə etmişəm. Örnəkdir. Müəllim kimi, elm adamı kimi, şəxsiyyət kimi örnəkdir. Azərbaycanda əli qələm tutan hər kəs onu tanıyır və təqdir edir…”
İlk baxışdan sərt və narahat bir şəxsiyyət təəssüratı yaratsa da, yaxından tanıyan hər kəs onun sehrinə düşür, onu qəbul edir və sevir. Əslində, buna səbəb onun daxili dünyasının zənginliyi, qiymətli müdrik fikirləri olur. Gözəl rəftarı var, olduqca mehribandır. Ən çox dəyər verdiyi şey isə azadlığıdır. Necə deyərlər, şirin olmaqdan əlavə, sirli gücünün köməyi ilə düzgün nəticə tapmaqda və şəxsi müqavimətini göstərməkdə çox bacarıqlıdır…
“Universitetə qəbul olunduğum zaman Jurnalistika Filologiya fakültəsində şöbə idi. Atam 1942-ci ildə müharibədə həlak olub. O zaman fakültənin dekanı Əlövsət Abdullayev mənə ata münasibəti bəsləyirdi, elə hiss edirdim ki, atam yanımdadır. Birinci kursun ilk dərsini bizə Nəsir İmanquliyev keçdi. O, özünün yaratdığı “Bakı” və “Baku” qəzetlərinin redaktoru idi. Gördü ki, mənim müəyyən dərəcədə yazı qabiliyyətim var, dedi “həftədə bir dəfə yazı yaz”. Mənim bir yazıma 40 manat qonorar verirdi. O vaxt aldığım əlaçı təqaüdü 45 manat idi. Daha sonra mənə həftədə 3-4 dəfə 40 manat qonorar yazdı ki, həm həvəslənim, həm də dolanışığa imkanım olsun. Azərbaycan jurnalistikasının müəllimi Şirməmməd Hüseynov mənim Bakıda qalmağıma səbəb oldu. Dövlət imtahanı verəndə protokola yazdırdı ki, bu tələbəni fakültədə saxlayaq. Jurnalistikanın peşəkarlığını, dəqiqliyini Şirməmməd Hüseynov məktəbindən öyrənmişəm.”- söyləyir.
Yaxşı yumor hissi var, ünsiyyətcilliyi və dostluğu ilə hər mühitdə sevilən və axtarılan bir dostdur. Təzyiqə və şiddətə nifrət edir. Ömrünün sonuna qədər azad yaşamaq üçün əlindən gələni əsirgəmir. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmağını xoşlamır. Onun emosional tərəfi çox güclüdür. Emosional tərəfi xəyali tərəfinə üstün gəldiyi üçün də, heç vaxt nəzarəti itirmir. O, kənardan adət-ənənələrə bağlı görünsə də, ifrata yol vermir. Təvazökardır, çox çalışqandır. Yalanı sevmir, necə deyərlər, alnının təri ilə halal çörəyini qazanır. Kifayət qədər dürüstdür və müxtəlif mədəniyyətlərdən olan insanları başa düşə, onlarla asanlıqla ünsiyyət qura bilir. İctimai həyata isə böyük əhəmiyyət verir…
Deyir ki:- “Tələbələrim çox olub. Onları bir-birindən fərqləndirmək istəmirəm. Zaman-zaman Azərbaycana yararlı kadrlar yetişdirmişik. 1980-ci illərin sonunda tələbəmiz olmuş Mirşahin Ağayev bu gün Azərbaycanda ən görkəmli, peşəkar jurnalistlərdən biridir. O, jurnalistikanı hətta sənətə çevirib. Onun rəhbəri olduğu televiziya bu gün Azərbaycançılıq ideologiyasını birbaşa ortaya qoyur. Bundan əlavə mənim şəxsi fikrimcə, Rəşad Məcidin rəhbərliyi ilə çap olunan “525-ci qəzet” ümumrespublika qəzeti statusundadır. Bu qəzet öz tematikasına görə o qədər zəngindir ki, ona bu adı vermək olar. Qəzetdə redaktor müavini kimi işləyən Yusif Rzayev Azərbaycan jurnalistikasında çox tanınmış, qəzetçiliyi sonuna qədər bilən jurnalistlərdəndir. Bu şəxslər həmçinin ədəbiyyatı da çox yaxşı bilirlər. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bizim fakültədə magistraturanı bitirib. O, bizim fakültəmizdə müəllim kimi də fəaliyyət göstərib…”
…Bəli, hər bir insan Allahın yaratdığı bir əsərdir. Sevgidən doğulub sevgi ilə yaşayır. Bu əsərlərlə yaxından tanış olduqca, onların hər birində Allahın işarəsini görürsən və dərin məna tapırsan. Əmin olursan ki, Yer üzündə təsadüfi insan yoxdur…
Sən qəlbimə saldığın o təlatümdən söylə Necə baş çıxararam, necə xilas olaram Uzun-uzun baxmağın, dərin-dərin düşünmən Sənsizlikdən heçnəyəm , haçan yenə dolaram?
Unutdum əlifbada adından başqa bütün Hərfin mövcudluğunu, sözlərin varlığını Gedişinlə göstərdin dünyanın neçə küncdə Neçə bucaqda olan o kiçik darlığını
Mən niyə Tanrı bildim..niyə tapındım sənə Axı bütpərəst olmaq mənlik deyildi heçvaxt Qüdrətinin ,gücünün həddi yoxdur gözümdə Qəlbimdəki yerini əvəz etmir heç bir taxt
Baş qoyaram önündə ömrün son gününədək Dodağından ,dilindən çıxan hər bir kəlmənə Mən hansı dildə dua edim, sənə yalvarım Sən insafa gələsən , qayıt ömrümə yenə.
2 avqust – Azərbaycan Kinosu Günüdür Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Milli Kitabxanada bu münasibətlə “2 avqust – Azərbaycan Kinosu Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_kino_gunu/index.html linkindən istifadə edə bilərlər.
Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/azerbaycan-kinosu-gunu
“Ulduz” jurnalının iyul-avqust sayı dərc edilib. “Yeni nəsil: tənqid+” adlı yeni layihə “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib. Jurnal Qismət Rüstəmovun tərcüməsində Adam Kirşin “Qlobal roman: XXI əsrdə dünyanı yazmaq” məqaləsi ilə açılır. “Tənqid” bölümü Ramil Əhmədin “Xatırlamanın və unutmağın səsi”, Ülvi Babasoyun “Ədəbi tənqidin susmaq formaları”, Qismət Rüstəmovun “Qar Tanrısının qeydiyyatı haradır?”, Tomas Eliotun “Tənqidin hədləri” yazılarını təqdim edir. “Şeir vaxtı”nda Alik Əlioğlu, Feyziyyə, Rəbiqə Nazimqızı, Şəhriyar Del Gerani, Günel Şamilqızı, Anar Amin, Elçin Səlimlidir. “Nəsr”də “Həmin işıqlı günlər” hekayəsi ilə Cavid Zeynallı, “Pələng” hekayəsi ilə Ülviyyə Heydərovadır. “Tərcümə saatı”nda Seyfəddin Hüseynli Andrey Volosun “Çulışman” əsərini təqdim edir. “Dərgidə kitab”da “Bir daha himnimiz haqqında” (1-ci yazı) yazısıyla Kamil Şahverdidir. “Dərgidə sərgi”nin qonağı Naqiyə Rzayevadır.
Milli Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilib
Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonaqları salamlayıb. Dərin tarixi kökləri olan ana dilimizin dövlət səviyyəsində qeyd olunduğu bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edib. Azərbaycan əlifbası və Azərbaycan dili gününün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirib. Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən ətraflı bəhs edib. Bu ənənənin Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirildiyini, dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən birinin 2004- cü ildə Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqındakı sərəncam olduğunu bildirib. Cənab Prezident İlham Əliyevin Azərbaycan dilinin tətbiqinə və təbliği işinin həyata keçirlməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması istiqamətində yeni fərman imzaladığını əlavə edib. Bu istiqamətdə son 2 ildə Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə təşkilatçılığı ilə dünyanın 6 ölkəsində “Azərbaycan ədəbiyyatı guşəsi” açıldığını vurğulayıb.
Tədbir çərçivəsində şəhid Məhərrəm Əlioğlu İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün ədəbiyyət nəğməsi” adlı kitabın təqdimat mərasimi keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Direktor bu əlamətdar gündə şəhid-jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün ədəbiyyət nəğməsi” adlı kitabın təqdimatının önəmli olduğunu vurğuluyaraq bildirib ki, bu cür kitabları ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərmizin xatirəsinin əbədi yaşadılmasında, gələcək nəsillərə xalqın igid övladlarının qəhramanlığının çatdırılmasında və təbliğində mühüm rol oynayır. Milli Kitabxananın saytı vastəsilə kitabın 3 dildə bütün dünyada çatdılılacağını və təbliğ olunacağını qeyd edib.
Milli Məclisin deputatı, diplomat Rizvan Nəbiyev çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının həm beynəlxalq diplomatik müstəvidə, həm də səngərdə mübarizə apardığını söyləyib. Diplomatik müstəvidə aparılan mübarizədə öndə kütləvi informasiya vastələrinin iştirak etdiyini və bunun çox böyük önəm kəsb etdiyini vurğulayıb. Bu istiqamətdə AZƏRTAC-ın müxbiri Məhərrəm Əlioğlu və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun xidmətlərindən ətraflı bəhs edib. Hər iki şəhidin mina terorunun qurbanı olduğunu vurğulayıb. Bu gün şəhidlərimizin qanının yerdə qalmadığını, qalib ölkənin qalib vətəndaşları olduğumuzu deyib. Bu işin təşəbüskarlarına minnətdarlığını çatdırıb.
Tədbirdə çıxış edən kitabın müəllifi, şəhid-jurnalistin qardaşı Əsgər İbrahimov şəhidin ömür yolundan, qəhrəmanlığından bəhs edərək Milli Kitabxananın rəhbərliyinə və kitabın ərsəyə gəlməsində dəstəyi və əməyi olan hər kəsə təşəkkür edib. Bu kompaniyanın davam etdiriləcəyini və kitabın Milli Kitabxana vastəsilə bütün kitabxalarara çatdırılacağını vurğulayıb.
Tədbirdə çıxış edən kitabın rəyçisi texnika elmləri üzrə fəlsəfə doktoru Hümbət Hüseynov, Real televiziyasının əməkdaşı Kamran Qasımov, əməkdar jurnalist Tahir Aydınoğlu, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Məmmədova və başqaları Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə hər kəsi təbrik edərək bu əlamətdar günün önəmindən Ulu Öndər Heydər Əliyevin Azərbaycan diliniə diqqət və qayğısından danışıblar. Belə bir gündə şəhid Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitabın təqdimatının gözəl bir təşəbbüs olduğunu vurğulayıblar. 44 günlük Vətən müharibəsi zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi fəaliyyətindən bəhs ediblər. Bu işdə dəstəyi olan hər kəsə Real televiziyasına, Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təşəkkürü bildiriblər.
Sonda tədbir iştirakçıları bu əlamətdar gün münasibətilə təşkil edilmiş “1 avqust- Azərbaycan əlifbası və Azərbaycan dili günü” adlı kitab sərgisi ilə yaxından tanış olublar.
Kitab sərgisində Azərbaycan dilinin tarixindən, inkişaf mərhələlərindən, dövlətimiz tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən Azərbaycan və digər dillərdə ədəbiyyatlar nümayiş olunur.
ELƏYİM İstərəm ki, keçmişimi yada salım, yad eləyim, Bir balaca məclis qurum, şərəfimə ad eləyim.
Çox ağıllı atam olub, elm, təhsil görməsə də, Bir baş çəkim məzarına, ruhunu həm şad eləyim.
Bir kişiyə atasından yaxın kimsə ola bilməz, Mən bu gündə istəmərəm, kədərlənim, dad eləyim.
Yeri deyil qan qaraldım, yamanları yada salım, Bu məclisdə olanların kefini bərbad eləyim.
Bircə günlük istirahət də, başı, beyni tamam açar, Dərddən, qəmdən uzaq olum, ruhumu abad eləyim.
Ay Murad, köhnələrik, biz görmüşük, götürmüşük, O pir olmuş Vahid demiş, mən nəyi icad eləyim?!
****
RUHUM DİL AÇANDA ŞEİR YAZIRAM Ağ varağa köçürürəm özümü, Gizlətmirəm yalanımı, düzümü, Sapa düzüb söhbətimi, sözümü, Gündə neçə dəfə yazıb pozuram Ruhum dil açanda şeir yazıram.
Təkcə qismətdimi Allahdan gələn, Bəlkə də bəxdimdi üzümə gülən, Bəzən eşidirəm tanıyan, bilən Deyirlər hazıra guya nazirəm Ruhum dil açanda şeir yazıram.
İlahi bir sirr var, könül doymayır, Yalançı vərdişə qəti uymayır. Özüm istəsəm də ruhum qoymayır, Sözün ağuşuna düşüb azıram, Ruhum dil açanda şeir yazıram.
Vaxt olub tərslikdən sifəti çönüb, Bir zay ocaq kimi alışıb, sönüb. Sözlər daşa dönüb, kəsəyə dönüb, Su töküb yumşaldıb elə qazıram, Ruhum dil açanda şeir yazıram.
Qorxunc bir yuxunun əlacı sudu, Durub danışırsan, yozumu budu. Sanmışam bəlkə də səhvini yudu- İnsandı , pisi də xeyrə yozuram, Ruhum dil açanda şeir yazıram.
Oxucum, söz ilə oynamaq çətin, Dilini yaşadan sözdü millətin. Yerində bazıyam sozün- söhbətin, Sözə can verməyə hər an hazıram Ruhum dil açanda şeir yazıram.
****
QOŞMA Yazığa, kasıba, dil bilməyənə, Sadəlövh insana naşı demirəm. O qədər insan var barsız, bəhərsiz, Ağıldan zəifi, çaşı demirəm.
Gözüm gözlər görüb, çox yorulmuşam, Bulaq tək süzülüb hey durulmuşam. Ruhən əzilmişəm, gah vurulmuşam, Arxamdan atılan daşı demirəm.
Dağ dağa söykənər, hey sıralanar, Dərələr kölgədə ondan güc alar. Dərəylə dağın da qohumluğu var, Xırda təpələri, qaşı demirəm.
Meyl etmə bərq vuran şeytan donuna, Nə olsun yaraşır görsən onuna. Ay Murad, bir sağlam ömrün sonuna, Zirvəsi deyirəm, başı demirəm.