Qadın gözəllikdir,qadın vəfadır, İnsanın ömrünə qadın şəfadır. Qadın həyatında olarsa əgər, Varlığı birlikdə dünyaya dəyər.
Qadın bir həyatdır səni yaşadar, Ömrü fəda edər, səni ucaldar. Qadını bir zinət bilsən ömründə, Onunla xoş keçər ömrün, günün də.
Qadınla yaşlanır, çoxalır yaşın, Anadır, bacıdır,həyat yoldaşın. Əgər qızın varsa ev olar cənnət, Onunla sevinib yaşarsan əlbət.
Qadın istilikdir, qadın məlhəmdir, O ,sənə ömürlük bil ki, həmdəmdir. Mənəvi ehtiyac duyarsan ona, Hörmət et qadına, hər duyğusuna.
Olmasa bir evdə qadının səsi, Elə biil kəsilər insan nəfəsi. Qadına ailədə məhəbbət olar, Qadına qəlblərdə sədaqət olar.
QADIN
(Bayramınız mübarək!)
Qadın bir günəşdir, Sübh olunca oyanar. Hər bir tərəf gül qoxar, Qulluqlarda dayanar. Yandırarar ocağını, Ətraf sanki canlanar. Şah damardır bir qadın, Hər yerdə yüksək adın. Müəllimdir , həkimdir, Mühəndisdir, hakimdir. Qadın bədəndə candır, Hər ürəyə dərmandır. Evdə qadın olmasa , Ora artıq zindandır. Qadın ürək isidər, Könülləri güldürər. Evdə qadın olduğu Hər anında bilinər. Qadın evdə anadır, Qadın evdə sonadır. Hər qadın xanım olsun, Göz üstündə tutulsun. Ətraf onu çox sevsin, Gözəl hörmət qoyulsun. İldə bir gün demirəm, Hər gün bayramı olsun. Bunu bilir hər bir kəs, Qadın adı müqəddəs. Hər kəs sevsin qadını, Uca tutsun adını.
Bu günlərdə Azərbaycan Memarlar Universitetinin professoru Adil müəllimlə söhbət edirdik. Söhbətimiz əsnasında Adıl müəllim bildirdi ki, nəvəm Aysel Azərbaycan Slavyan Universitetinin filologiya fakültəsinin ll- ci kurs tələbəsidir. Hərdən şer yazır. Onun şeirlərindən bir neçəsini gətirim baxın. İçindən seçim edib qəzetinizdə dərc etdirin. Biz razılaşdıq. Növbəti gün Adıl müəllim Ayselin şerlərini mənə təqdim edib bildirdi ki, özünüz seçin hansılar münasibdir qəzetdə verərsiniz. Mən şerləri diqqətlə oxudum. Demək olar ki, Aysel balamızın bütün şerləri bir – birindən gözəl idi. Aysel balamıza yeni – yeni yaradıcılıq uğurları arzulayıram!
ATAMIN KÖLGƏSİ Məni atamın kölgəsindən ayırmayın, O,canımdır,nəfəsimdir. Onsuz bu dünya, Bir cəhənnəm,bir zülmətdir. Qışda günəşim, Yayda kölgəmdi o, Onun nəfəsi olmasa, Boğularam dar günümdə. O, qolumdur-kəsməyin,sınaram, O, yolumdur-onsuz getsəm, azaram. Atam varsa,dünyam gözəl, Atam yoxsa,hər şey yalan. Almasın məndən onu Tanrı, Atasız uşaq yarpaq kimidir, Xəzan olub çürüyər. Qoparmayın məni atamdan, Ondan ayrı yaşamaq çətin. O, gözlərimdə parlayan işıq, Ürəyimdə döyünən qəlbdir. O,aldığım nəfəs, Məkkəm, Mədinəm, Bir sözlə, Həccimdir
İLAHİ GÖZƏLLİK Ey Tanrım, bu necə bir gözəllik,necə bir hal Baxışlarım çaşar, sanki zaman dayanar Hər zərrən bir ilahi sənət əsəri, Hər addımın işlənmiş bir naxış. Bu nə duruş, bu nə zərif əndam, Bir baxışınla göylərə yol açdın, Gözəlliyinə tərif necə də çətin, Ay da, günəş də sənə bənzəməkdə aciz, Qaranlıq gecələrdə parlayan bir nursan, Hər yolunu itirənim açarı sənsən. Varlığın bir möcüzədir ay, gözəl Səni görən dünyaya yenidən gələr, Üzərlik fırlansın başına, Bu gözəlliyin yayılsın dünyaya . Hər nəfəsin bir bahar , bir zərif nağıldır, Səni tərif etməyə yetməz sözlərim, Tanrım bu gözəllik qarşısında əriyər canım Sən bu aləmdə bir nağıl ,bir dastansan…
NAZLI,DUZLU YAR Axtarıram gecə-gündüz, Həsrətin çəkirəm o nazlı gülün. Həsrətindən külə dönən mənəm, Dünya səfasını sürən sənsən. De neyləsin bu gözüyaşlı yarın? Ay nazlı,duzlu yarım. Çıxıb hər səhər dağ döşünə, Dərirəm gül-nərgizi, Qoxlayıb sayıqlayıram adını, De neyləsin bu gözüyaşlı yarın? Ay nazlı,duzlu yarım. Dolansın qollarım o incə belinə, Toxunsun əllərim o ay üzünə,, Sığal çəkim o nazlı telinə, De neyləsin bu gözüyaşlı yarın? Ay nazlı,duzlu yarım. Düşünüb dəli oluram, Fikirləşib qərqə batıram, Qara dənizdə gəmilərim batıbdır, De neyləsin bu gözüyaşlı yarın? Ay nazlı, duzlu yarım. Ağlayımmı yoxsa qapanımmı ayaqlarına, Dön gəl desəm gələrsənmi? Yandım töküldüm sevgi atəşindən, De neyləsin bu gözüyaşlı yarın? Ay nazlı,duzlu yarım.
HƏYAT Çox güvənmə aldadarlar, Çox sevmə ağladarlar. İnanma heç kimə bu dünyada, Yoxsa çox incidərlər fani dünyada. Demə ki,səni sevir. Sanma ki,səni səndə saxlayır. Bu varlıq ki, insandır, Yorar səni,ağladar səni İnsandır ki ,insan. Elə bilmə səni anlayır, Elə bilmə səni sevir. Güldürür,ətrafında dolanır, Dünyadır dönən,a bala Heçdir Mars,Yupiter. Günəşi göstərər, Ayı gizlədər, Yerdə gəzər, Göydə uçar. Ulduzları sayıb, Bəxtini bağlar. Paxıllıq edər, Səni gizlədər. Özünü şah sayıb, Səni qul edər. Bir şeyi unutma, ay yazıq Keçibdir dünən, Keçibdir quldarlıq. Yaşar bu günlər, Yaşar gələcək. Bir ayaq saxla, Dinlə bu gənci, Anla bu cavanı. Deməki yoxdur yaşı. Nə anlar həyatı? Görübdür,anlayıbdır həyatı. Budur məsləhətim sənə Hər görməyən deyildir kor, Hər eşitməyən deyildir kar. Çoxdur görüb susanlar, Çoxdur eşidib susanlar. Aldanma hər yoldan keçənə, Ay gözəl insan…
SÖYLƏ MƏNƏ,EY İNSAN Həyata niyə qara baxırsan? Niyə gülmürsən? Sevmirsənmi həyatın gözəlliyini,möcüzəsini? Gözlərin niyə qara görür? Söylə mənə,ey insan. Dərdmi götürüb səni? Söylə mənə ,ey insan. Gözlərin mavi Özün həyata baxırsan qara Niyə sevmirsən həyatı? Pislikmi edib sənə həyat? Söylə mənə ,ey insan. İncidibmi həyat səni? Söylə mənə, ey insan.
GÜNAHKAR Gözlərin ağlımda, Qoxun dodaqlarımda. Unuda bilmirəm sevdiyimi, Unuda bilmirəm sevildiyim günləri. Oturdum düşündüm, Nifrət etdim sevgimdən Oturdum düşündüm, Axan göz yaşlarımdan. Hanı nə oldu? Sevməyəcəkdim səni, Yenə döndü dolaşdı, Sənə çıxdı bu yollar. Söylə kimdir , günahkar? Səni sevən qəlbimmi? Yoxsa sevməyə məcbur edən qarə gözlərinmi? Ya ağlımı başımdan alan, Məni bihuş edən qoxunmu, Söylə kimdir günahkar? Göy çəmənlikdəki gül Bir arzum var ki, gəl görəsən Gəzirəm hər diyarı, Bəlkə tapdım dərmanımı Bəzən deyirəm, Ey könül , varmı ki, dərmanın? Gəzərkən bir gün göy çəmənlikdə, Onu görcək qəlbim çıxdı yerindən. Dedim:Aman tanrım, bu nə gözəllik? Baxdım,baxdım, Hey tamaşa etdim. “Ey könül, budurmu dəvan?” dedim. İzlədim,izlədim getmək istədim. Könlüm dedi: Dayan, budur dəvam, Ruhum dedi: Hara gedirsən , ey aşiq? Düşündüm haqlıdırlar, Getmədim bir an, Günlərlə izlədim, onu uzaqdan Bir gün oyatdılar məni , Şirin yuxumdan Dedilər yaxınlaşma ona sən, Zəhərlidir,öldürər, Dinləmədim getdim,o göy çəmənə Yaxınlaşmaq istədim. Dedi:”Yaxınlaşma , ey cavan, Zəhərlərəm səni mən”. Dedim:”Ey oğru, Qəlbimi çalmağın nədir? Bu sözlərin nədir? Yaraşdırmadım sənə mən. Mən onsuz ölmüşəm eşqindən. O zəhərin şərbətdir mənə, Ver içim o zəhərindən”. Yayıldı ürəyinə bu sözlər Elə o andaca dedi: “Ey cavan, məndə sənin aşiqin”. Sən demə, bu gül deyilmiş zəhərli, O da, axtarırmış məni, O gündən oldu, Gündüzümün günəşi, gecəmin ayı.
ŞƏHİDİM Vətən uğrunda canını fəda edən, Şəhidim yerin rahatmı? Bu gün gəldim qəbrinə, Dinlə məni, şəhidim. Yadındadırmı? Hər zaman deyərdim mən, Sən olmasan atmaz bu ürək. Sən yoxsan artıq yanımda, Bilmirəm niyə dayanmaz bu ürək? Dayan,dayan atma bir daha, Zülüm vermə mənə. Bir zənglə yıxıldı dünyam, Ağlaram dərdimə. Ağlaram halıma. Kaş qulaqlarım kar olaydı, Eşitməzdim şəhid xəbərini. Səni qucaqlamaq, Qoxunu içimə çəkmək istədim, Nəsib olmadı ,şəhidim. Yalnız qucaqladım tabutunu, Vurdum başımı tabutuna, Bəlkə undaram həyatımı. Qəlbimə vurdum-vurdum, Bəlkə dayandı ürək, Xeyri olmadı şəhidim. Tək qaldım dünyada. Hələ də unuda bilmirəm , O gülüşünü,o səsinə, Bəzən dönüb baxıram, Bəlkə səsləyərsən məni, Boş divar görüb , sönür həyatım. Ananı Cavidim deyib ağlatdın, Gözündə sönməyən atəş ucaltdın, Gözüyaşlı körpəni ağlar qoydun, Məni də yar deyib ağlar qoydun. Bu gün sənə söz verirəm, Əlbət bir gün qovuşacayıq biz, Gözlə məni, şəhidim.
YANLIŞ İNSAN Könlümdə coşan, Damarlarımda axan qanım, Gözümün ağı,qarası, Könlümün tək qübarı, Gəl naz etmə belə, Dərdimi dağlama belə. O qara qaşına, O qara gözünə, O qara sıx telinə Sən adlı insana, Mən aşiq olmuşam. O əndama, O duruşa, O boya, o üzə, Mən vurulmuşam, Səni görüb dil açmışam, Əlimə qələm alıb, Bitməyən hisslərimi vərəqə yazmışam. Gəl naz etmə belə, Qəlbimi dağlama belə. Sən şirin-şirin danışdın, Mənə ağ xəyallar qurdurdun, Gözümdə yanan ümidlər ucaltdın, Hardan biləydim yarın olduğunu, Bir gecədə söndürdün işığımı, Bir gecədə məhv etdin xəyalımı, İndi deyə bilmirəm, Gəl naz etmə belə, Qəlbimi dağlama belə. Sən demə başqasına aşiq imiş, Sən demə mənə baxan gözlər yalan imiş, Sən demə başqasının yarı imiş, Bağışla əzizim, deyə bilmərəm sənə Gəl naz etmə belə, Qəlbimi dağlama belə. Ax bu baxan gözlərim kor olsun, Yazan əllərim yox olsun, Döyünən qəlbim dursun, Təki unudum səni. Bağışla məni deyə bilmərəm, Gəl naz etmə belə, Qəlbimi dağlama belə. Ancaq bunu deyə bilərəm, Axan gözyazşları arasında, Elə baxma mənə, Qəlbimi dağlama belə. Müəllif: Əzizova Aysel İlqar qızı Bakı Slavyan Universiteti, filologiya fakültəsinin II-ci kurs tələbəsi
Azərbaycan ədəbiyyatında milli-ideoloji məfkurəmiz hələ Mirzə Ələkbər Sabirə qədər də hər zaman boy vermiş, poeziyamızın simasında ictimai-siyasi xarakter alaraq XX əsrin əvvəllərindən 90-cı illərə qədər uzun bir yol keçmişdir. Nəzərə alsaq ki, XX əsrin əvvəlləri Azərbaycanın ictimai-siyasi mühitində milli-ideoloji yolun rüşeymləri cücərməkdə idi, bu yolun xəlqiliyi satirik və tənqidi realizmin ən görkəmli nümayəndəsi dahi Sabirin şeirlərində boy atmağa başladı. Sabir yaradıcılığını bölmələrə ayırsaq, onu aşağıdakı kimi təsnifatlandıra bilərik;
Cəhalətə qarşı mübarizə,
Ölkəsinin vassal statusunda olması və bundan qurtuluşu elmdə, təhsildə görməsi,
Cənubi Azərbaycan mövzusu,
İctimai gerçəkləri özünü qurban vermək dərəcəsində söyləməsi. Sabirin özünü təkbaşına millət edən onun milli, xəlqi görüşləri ilə yanaşı sadə xalqın sosial problemlər içində yaşamasına biganə qala bilməməsi idi. Onun yaradıcılığının ana xəttini cəhalətlə mübarizə təşkil edirdi. Xalqının elmə, təhsilə biganəliyi onun qəlbinə xəncər kimi saplanmışdı: …Satmaram öz əqlimi siz kimi laməzhəbə, Razıyam оğlum gеdə qəbrə, – nə ki məktəbə! Məktəb adın çəkməyin, – məl’əbədir, məl’əbə!.. Əlhəzər, оndan həzər, оxutmuram, əl çəkin! Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin! Sanki Sabir qəlbini xalqına məktəb eləmişdi. Şeirləri bu məktəbin dərsləri, özü isə müəllimi idi. Bəli, ustad şair şeirlərində xəlqiliyi belə yaşadırdı. M. Ə. Sabirin ruhunu sıxan, ürəyini parçalayan bir məsələ də öz ölkəsinin Rus imperiyasının vassalı olması idi. XIX əsrin sonu XX əsrin əvvəllərində vassal statusunda yaşayan ölkəsinin durumu yaralı bədəndə qan köynəyə çıxan kimi şeirlərinə çıxmışdı. Neyliyim, ey vay! Bu urus başdılar, Bilməyirəm hardan aşıb-daşdılar?! Ölkədə gündən-günə çoxlaşdılar, Hər əmələ hər işə çulğaşdılar.
Qoymayın, ay köhnələr, ay yaşdılar! Heyvərələr hər yerə dırmaşdılar!
Əslində, böyük şair bu şeri ilə müstəmləkəsində olduğumuz Rus İmperiyasına etiraz edirdi. Rusiyada 1905-1907-ci illər inqilabı və İranda 1905-1911-ci illər Məşrutə hərəkatı böyük Sabirin yaradıcılığında dönüş nöqtəsi olmuşdur. O, 1907-1909-cu illərdə İran şahı olmuş Məhəmmədəli şah Qacarın 1905-1911-ci illər Məşrutə İnqilabına qarşı amansız mübarizəsinə etiraz olaraq öz mövqeyini inqilabi-satirik şeirləri ilə ortaya qoymuşdur: Mən şahi-qəvişövkətəm, İran özümündür! İran özümün, Rey, Təbəristan özümündür! Abad ola, ya qalsa da viran, özümündür! Qanuni-əsasi nədi, fərman özümündür! Şövkət özümün, fəxr özümün, şan özümündür! Sabir yaradıcılığının leytmotivi o zaman xalqının cəhalət içində boğulmasının açıq ifadə tərzi ilə yanaşı, əzilən hüquqlarının da sanki ilahi missiya statusunda müdafiəçi rolunu oynayırdı. Böyük Sabirin sadə xalqın yanında dayanması tək şair kimi yox, eyni zamanda xalqını sevən bir insan, bir şəxsiyyət kimi də onun yüksək mənəvi keyfiyyətlərinin parlaq təzahürü idi: …Derlər utan, heç kəsə bir söz demə, -Həq sözü derkən utana bilmirəm!
Neyləməli, göz görür, əqlim kəsir, Mən günəşi göydə dana bilmirəm!
Şiddəti-seylan ilə baran tökür, Bir koma yox, daldalana bilmirəm!
Sabir yaradıcılığı elə dərin ictimai məzmun kəsb edir ki, dövrünün bütün eybəcərlikləri onun satirik şeirlərində bir güzgü misalı açıq-aydın görünür. Bu barədə şairin özü belə deyir: Şairəm, əsrimin ayinəsiyəm, Məndə hər kəs görür öz qaş-gözünü; Necə kim, dün “Birisi” baxdı mənə, Gördü ayinədə ancaq özünü. Onun cəsarəti mürtəce qüvvələrin ürəyinə bir ox kimi saplanmışdı. O həmin mürtəce qüvvələr tərəfindən hədələnsə də, hətta ölüm təhlükəsi ilə üz-üzə qalsa da, əzilən xalqının dərdlərinə, acılarına böyük qəlbi ilə biganə qala bilmirdi, həqiqəti, ictimai eybəcərlikləri olduğu kimi satira atəşinə tuturdu. Saxtə bır xəttı-xam ilə mənə kağız yazıb, Ey məni təhdid edən min dürlü tə’kidat ilə! Böylə: “Xortdan gəldi, dur, qaç!” sözlərin get tiflə de Zatını Sabir tanırkən qorxmaz övhamat ilə!
Ta qədim dövrlərdən böyük şəxsiyyətlərə onların tam obrazını ifadə etmək üçün işıqlı əməllərindən dolayı bir çox ləqəblər, adlar verilmişdir. Dövrümüzdə də böyük Sabirə inqilabi-satirik şair, xəlqi şair kimi bir çox adlar verilmişdir. Mən də deyərdim ki, o, bu uca adlarla yanaşı həm də xalq aşiqi idi. Məhz, ona görə də belə deyirdi; “ Mən vücudumda olan ətimi bu xalqın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqın yolunda qoyardım”. Bu fikrində tək ikiyə bölünmüş bu taylı ölkəsinin dərdləri deyil, o taylı Azərbaycanın da qaysaq götürməyən yaralarını görməmək mümkün deyil. Bəli, Sabir ömrünü xalqın yolunda çürütdü, lakin Sabir ömrü Azərbaycan xalqının ömrü qədər uzandı. Könüllərə köçdü Sabir, Azərbaycan ədəbiyyatında satirik poeziyamızın zirvəsinə döndü, xalqının ürəyində əbədi yer elədi özünə.
XATİRƏ FƏRƏCLİ Şair, Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs.
11 mart 2025-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində Qurban Yaquboğlunun “Mən yoxam” romanının müzakirəsi keçirildi. Müzakirədə şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu; şöbənin əməkdaşları – aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid; böyük elmi işçi, yazıçı Mənzər Niyarlı; kiçik elmi işçi Hənifə Səlifova; doktorant Mirkamil Ağayev; yazıçılar Əli bəy Azəri, Tarverdi Abbasov, Asiman Eyniyev, filoloqlar Qəndab Əliyeva (moderator), İlahə Səfərzadə, oxucular Toğrul Salmanov, Qüdrət Kərimli və müəllif Qurban Yaquboğlu iştirak edirdilər. Tədbirdən fotolar:
Şair, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR Xalq şairi (1960), “Stalin” mükafatı (1950), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970, 1986) Süleyman Rüstəmin anadan olduğu gündür.
Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb. 83 il ömür sürən şairin həyatının 65 ildən çox müddəti əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb.
Süleyman Rüstəm həm də cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. O, cənubda yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. “Təbrizim” adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır. Ədəbi fəaliyyətə “Çimnaz xanım yuxudadır” birpərdəli komediyası ilə başlayan sənətkarın “Qaçaq Nəbi” məzmun dramı, “Durna” komediyası dramaturgiyamızın incilərindəndir.
“Ələmdən nəşəyə” kitabı ilə kifayət qədər sevilən Süleyman Rüstəm mübariz, optimist, düşmənə qarşı barışmaz bir şair kimi tanınıb, yaddaşlarda həmişə yaşayacaq. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. “Xəzər və durnalar”, “Xəzər nəyə bənzəyir”, “Xəzərdə gecə”, “Xəzərdə”, “Xəzərin səhəri”, “Xəzərim olsun” və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb. İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: “Ana ürəyi”, “Durnalar”, “Ana və poçtalyon”, “Gün o gün olsun ki” kimi kitabları məhz o dövrdə çapdan çıxıb.
Gün o gün olsun ki, qurtarsın dava, Dağılsın buludlar, açılsın hava. Alınsın düşməndən ömürlük qisas, Torpaq nəfəs alıb dincəlsin bir az. Silinsin ürəkdən, könüldən ağrı, Bir də tapdanmasın vətənin bağrı.
Bu şeir İkinci Dünya müharibəsi zamanı qələmə alınsa da, bu günün özündə də aktuallığını itirməyib. Müharibə mövzusunda şeir yazan şairlər arasında Süleyman Rüstəmin məhz öz yeri vardı. O, qanlı səngərlərdə və arxa cəbhədə mərdlik nümunəsi göstərən soydaşlarımızın ovqatını poetik portretləşdirib desək, yanılmarıq. Bu qəbildən şairin “Ana və poçtalyon” adlı məşhur əsəri həmişə dillər əzbəri olub. Şair böyük məharət və həssaslıqla cəbhədən – oğlundan məktub gözləyən ananın iztirabını təbii, təsirli qələmə alıb.
Süleyman Rüstəmin böyük məhəbbətlə yaratdığı Ana və poçtalyon obrazları müharibə illərində min bir zillət çəkən Vətən övladlarının unudulmaz surətləridir. Bu surətlərdə çoxunun həyatı var idi. Süleyman Rüstəmin Azərbaycan poeziyasına bəxş etdiyi poetik çələnglərdən ən gözəli və təsirlisi məhz Cənub mövzusunda yazdığı əsərlərdir. Məlumdur ki, İkinci Dünya müharibəsi illərində Süleyman Rüstəm İranda olub, orada yaşamış soydaşlarımızın ağır həyatını gözləri ilə görüb, cənublu şairlərlə görüşüb. Təbii ki, bütün bunlar da sonralar şairin könlündən poetik şəkildə kağızlara naxışlanıb. Süleyman Rüstəm vətən həsrəti ilə dərdi başdan aşan soydaşlarımızın təlaşından, əzablı, cəfalı günlərindən söz açıb. Bir millətin ayrılıq simvoluna çevrilmiş Arazın sularında həsrətin, nisgilin axdığından danışır. Nə vaxtsa bir müjdənin veriləcəyinə – Təbrizlə əbədi görüşəcəyinə ümid bəsləyib. Süleyman Rüstəmin Cənub mövzusunda yazdığı bütün şeirləri gözəl və təsirlidir. Ona görə yox ki, bu şeirlərdə paralanmış torpağımızın harayı eşidilir. Həm də ona görə dəyərlidir ki, şair böyük ustalıqla vətən gözəlliklərinə poetik abidələr yaradıb. Sərabı, Təbrizi, Ərdəbili, Marağanı vəsf edərək vətən torpağı olduğunu misraları ilə, poetik duyumu ilə poeziya tarixinin səhifələrinə möhürləyib.
Ədəbi fəaliyyətə “Çimnaz xanım yuxudadır” adlı bir pərdəli komediyası ilə başlayan Süleyman Rüstəm dramaturq kimi də müəyyən uğurların sahibidir. 1940-cı ildə yazdığı “Qaçaq Nəbi” mənzum dramı, 1948-ci ildə qələmə aldığı “Durna” komediyası teatrlarımızın vaxtilə repertuarından düşməzdi. Bədii yaradıcılıqla, tərcümə ilə müntəzəm məşğul olan Süleyman Rüstəm həm də müxtəlif məsul vəzifələrdə çalışıb. Bir neçə çağırış həm Azərbaycan, həm də keçmiş SSRİ Ali Sovetinin deputatı olub.
Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub. Könlünü vətəninə verən, onun uca dağlarını, gur çaylarını, yaşıl zəmilərini, geniş düzlərini, zəhmətkeş, sədaqətli insanlarını məhəbbətlə tərənnüm edən Süleyman Rüstəm yazırdı: Ey nazlı vətən, mən sənə öz könlümü verdim, Qarşında günahkarsa, Süleymanı bağışla.
Yazını hazırladı, Aynurə Əliyeva, ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.
Xalq yazıçısı Yusif Səmədoğlunun xatirələrindən: “Bizim evdə bir otaq var. Əvvəllər bu otağın axşam səkkizdən yanan işığı bəzən səhərə qədər sönmürdü. İndi isə artıq bir ilə yaxındır ki, o otağın pəncərələrindən işıq gəlmir. Bu otaq – atamın kabinetidir. Burada hər şey, – uzun və enli yazı stolu, stolun üstündəki qələm və kağızlar; divarlar boyu qoyulmuş şkafların rəflərindəki kitablar, hər şey, hər şey bizə son dərəcə əzizdir. Atamın kitabxanası çox zəngindir: Marks, Lenin, Nizami, Puşkin, Sabir, Petefi, Vaqif, Bayron, Tolstoy, Axundov, Çexov, Molla Nəsrəddin, Turgenyev və s. və s. Onlarla müəlliflər, onlarla cildlər… Bu cildlərin hər birini atam dəfələrlə varaqlamış, hər birində atamın qeydləri var. Budur, Aleksandr Puşkinin 1907-ci ildə Sankt – Peterburqda nəşr edilmiş on iki cildliyi. “Yevgeni Onegin” çap olunmuş cildi rəfdən götürüb varaqlayıram. Səhifələr atamın qeydləri ilə doludur. Poemanın qurtaracağında, səhifənin təmiz hissəsində isə atam bu sözləri yazmışdır: “Eşq olsun belə sənətkara”. …Yaxud başqa bir kitab: Sabirin “Hophopnamə”si. Kitabın sonuna atam bu sözləri yazmışdır: “Sənə min rəhmət!” …Bu misalların sayını istənilən qədər artırmaq mümkündür… Atam çox oxuyurdu. Əlbəttə ki onun ən çox sevdiyi şeir kitabları idi. O özü son vaxtlar tez-tez etiraf edirdi ki, onun yaradıcılığının kamilləşməsində kitabların, məhz bədii ədəbiyyatın olduqca böyük rolu olmuşdur. Yaxşı yadımdadır. Mən Moskvada tələbə ikən atam Moskvaya gəlmişdi. Mənim yaşadığım otaqda oturub çay içirdik. Birdən o məndən soruşdu:
-Son vaxtlar bədii ədəbiyyatdan təzə nə oxumusan? Mən cavab verdim ki, başım imtahanlara yaman qarışıb, təzə əsərləri oxumağa vaxtım yoxdur. Atam nəlbəkini stolun üstünə qoydu, külqabıdan sönmüş papirosunu götürüb yandırdı, dərindən bir neçə dəfə sümürdü. O, gözlərini qıydı. Mən başa düşdüm ki, atam əsəbiləşmişdir. Çünki o həmişə əsəbiləşəndə gözlərini qıyırdı. Atam başını buladı.
-İyirmi yaşında bir cavan deyəndə ki, təzə əsərləri oxumağa vaxtım yoxdur, tüklərim ürpəşir, – dedi. – A bala, necə yanı vaxtım yoxdur? İnsanda arzu olsa, həmişə vaxt tapa bilər. Mən sənin yaşında olanda, əlimə nə keçirdisə oxuyurdum. Bəzən səhərə qədər yuxusuz qalırdım…Qəribə sözdür, vaxtım yoxdur…
-Mən üzr istəyib söz verdim ki, bir də belə sözləri deməyəcəm. Sonralar atam hər dəfə Moskvaya gələndə mən ona, necə deyərlər, oxuduğum əsərlər haqqında hesabat verirdim… Bir dəfə yenə də Moskvada mehmanxanada ədəbiyyatdan, kitablardan söhbət edirdik. Atam söhbətin sonunda dedi:
-Eh, deyirəm, adamın imkanı ola, ucqar bir yerə çəkilib səhərdən axşama qədər oxuya. Ömür keçir, amma cild-cild kitablardan insanın xəbəri olmur… İndi mən hər dəfə atamın kabinetinə ayaq basanda onun kitablar və bədii ədəbiyyat haqqında dediyi sözləri qulaqlarımda səslənir: “Oxu, bacardıqca oxu, oxumaqdan hələ heç kəs zərər çəkməyib…”, “Mən dünya ədəbiyyatını varaqlamışam, amma yadıma düşəndə ki, bir kitab var, onu oxuya bilməmişəm, min dəfə heyfsilənirəm…”. “Bu kitablar olmasaydı, mən indiyətən yazdıqlarımın heç yarısını da yaza bilməzdim…”. Bir hadisə ömrüm boyu yadımdan çıxmayacaqdır. Bakıya yay tətillərinə gəlmişdim. Axşam saat on bir radələrində, bilmirəm nə iş üçünsə atamın yanına – kabinetinə girdim. Mənim ayaq səslərimi eşidib o, başını qaldırdı. Mən onun yaşarmış gözlərini gördüm. Sözün düzü, özümü itirdim. Hələ indiyə kimi heç vaxt atamı gözüyaşlı görməmişdim. O məni yanına çağırıb əlində tutduğu “Hophopnamə”ni stolun üstünə qoydu və kövrəlmiş bir səslə dedi:
-Deyirəm görəsən Sabir yüz il yaşasaydı, dünyanın beli qırılardı? Eh, namərd dünya!.. Sən Sabiri oxumusanmı? Cavab verdim ki, oxumuşam.
-Oxu, həmişə oxu. Yoldaşlarına da de ki oxusunlar, – deyə atam bir an susdu, sonra əlilə kitab şkaflarını göstərdi.
-Bax, mən dünyanı tutub durmayacağam…Bu kitabların hamısı sənin olacaq. Əgər bir gün sən bu otağa girib kitablardan birini varaqlamasan, onu bil ki, mən qəbirdə də bundan xəbər tutacağam…
77 ildir ki, yol gedir. Ağır günləri də olub, xoş keçənləri də. Xoş günlərində sevincini dostlarla bölüşsə də, ağır günlərində əlinə qələm götürüb, kədərini kağızlara köçürüb. Bir də görüb ki, kədərləri şeirlərə çevrilib, şeirləşib. Deyir ki;
“Keyfin yaxşı ola, cibin də dolu, Qəşş edib, ürəkdən gülməyə nə var? Çətinmi bölüşmək kimsəylə pulu, Sevinc bəsimizdir, bölməyə nə var?
Ey gözəl, sən gəl ey daha, hardasan? Bircə bildiyim bu, uzaqlardasan… Səninçün, əzizim, asandan asan, Arabir yuxuma gəlməyə nə var?
Yağdırma mənimçün yağışlarını, Gizlətmə zümrüdü baxışlarını, Yanımda olaydın, göz yaşlarını Şirin busələrlə silməyə nə var?
De, kimçün yazılır bu şirin sözlər, Məndən bu sözləri kim var ki, gözlər? Sıxıram köksümə, titrəyir dizlər, Nədəndir? Eh, bunu bilməyə nə var?
Məhəbbət dəryadır, dərindən dərin, Ələmi, bihuşsan, axır gözlərin, Səninçün ölərəm, deyən dilbərin Köksünə baş qoyub ölməyə nə var?”
Haqqında söhbət açdığım Əli Əmirov 1948-ci ildə Hacıqabul rayonunda anadan olub. 1970-ci ildə Azərbaycan Neft və Kimya institutunu bitirib, ixtisasca “avtomatika və telemexanika” üzrə mühəndisdir.
Əmək fəaliyyətinə 1970-ci ildə Sumqayıt şəhərində, tanınmış elm ocağı olan “Neftkimyaavtomat” ETLİ-də (indiki “Neftqazavtomat” EİM) başlayıb. 1983-cü ildə Ukrayna EA “Elektrodinamika” institutunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
Bir müddət “Neftqazavtomat” EİB-in tabeliyində olan Əli-Bayramlı “Cihazlar” zavodunda direktor vəzifəsində işləyib. Sonra isə 25 il “Neftqazavtomat” EİM-ə rəhbərlik edib. 2020-ci ildən Azərbaycan Milli Aerokosmik Agentliyində şöbə rəisi və eyni zamanda, Azərbaycan Texniki Universitetində dossent vəzifələrində çalışır…
Gəncliyindən texniki sahədə, məsul vəzifələrdə işləsə də, şairlik istedadı da var. O, ədəbi aləmdə şair-qəzəlxan kimi Ələmi təxəllüsü ilə tanınır. Əli Ələminin yaratdığı poeziya nüminələrindən bir neçəsi əlimə düşüb, istəyirəm ki, onları sizinlə də bölüşüm:
Misra sənə doğru, necə gör, can atır, ey gül! Can vermədəyəm, yarə bu cür can verirəm mən.
Səssiz oxuyan, yaş axıdan gözlərə qurban, Göz yaşımı, yazdıqca da həm əndərirəm mən.
Bəlkə oxusan sözlərimi, rəhmə gələrsən, Söz baxçasın, ey gül, gəzirəm, söz dərirəm mən.
Qibləm daha sənsən, yazıram mən üzü qarə, Qarə üzümü sən tərəfə döndərirəm mən.
Hey yalvarıram badi-səbaya, səni görsün, Bilməm, sənə yetmişmi, salam göndərirəm mən.
Gəlsən, de, pəyandazın olar bax bu vərəqlər! Yaz, ver, Ələmi, şe’ri yol üstə sərirəm mən.”
Onun rəhbərliyi altında neft, qaz, neftkimya və energetika sənaye sahələri üçün çox sayda avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemləri, cihaz və qurğuları yaradılaraq, respublikamızda və xaricdə geniş surətdə tətbiq edilib. Eyni zamanda, onun rəhbərliyilə müdafiə sənayesi sahəsində bir sıra xüsusi təyinatlı məmulatlar yaradılıb və seriyalı istehsala buraxılaraq silahlı qüvvələrimizin istifadəsinə verilib. O, həm də ölkədə ixtiraçı-alim kimi də tanınır, bir sıra ixtiraların müəllifidir. Əli Əmirov bu xidətlərinə görə “Əməkdar mühəndis” fəxri adına və “Tərəqqi” medalına layiq görülüb.
Yüzlərlə qəzəlin, o cümlədən, şeirlər kitabının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“Ömür bitir, xəbər gəldi axır ki, Dönüb baxdım geriyə mən bir anlıq, Gördüm, elə əyri-əyri baxır ki, Baş götürüb qaçır məndən cavanlıq.
O gəncliklə indi məndən qaçanlar, Hər sözümlə qanad çalıb uçanlar, Nə desəm də gecdi, məni gec anlar, Vəfasıza qalar, dedim, yamanlıq.
Yol öndədir bir addım da geri yox, Canım, nolub, kimin dərdi-səri yox? Vallah, əsib-coşmağın da yeri yox, Quru sözdə qalıbdı pəhlivanlıq.
O xırman ta bitib getdi, yox ardı, Dolanışıq o xırmandan çıxardı, Ələk, xəlbir unu, dəni apardı, Mənə qalan oldu, gördüm, samanlıq.
Dümdüz yolda adam necə aşarmış, Yaddaş itər, özün tapmaz, çaşarmış. Gözüm görmür, bir az həmi yaşarmış, Ətrafımda hökm eyləyir dumanlıq.
Ətrin gözəl, ey güldodaq, gül incə,- Deyəcək hey yazıq şair ölüncə. Ta nə deyim Ələmitək gülüncə, Arzulayaq yalnız əminamanlıq!”
Adətən şairlər yaşa dolduqca onların təbi də qocalır. Bu şeirdə o, gəncliyinin tez ötüb keçdiyindən gileylənsə də, hələ də ruhunun cavan qaldığı hiss olunur. Onun yaradıcılığına yaxından bələd olduqca, bunun təsdiqini tapmaq olar. Sanki o, ikinci gəncliyini yaşayır…
Əzizlərim, bu söhbətimdə məqsədim Ələminin yaradıcılığını təhlil etmək yox, onu bu gün- martın 12-də qeyd etdiyi ad günü münasibətilə təbrik etməkdir. Odur ki, yaradıcılığına səthi toxunub, təhlil etməyi sizin ixtiyarınıza buraxıram…
Hörmətli, Əli Əmirov, ömrünüzün elə bir dövrüdür ki, sizə var-dövlət yox, sağlamlıq daha vacibdir. Mən də sizə can sağlığı, ağrı-acısız günlər arzulayıram.
XX əsrin sonlarında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Xunan yaşayış məskənin və Xunan qalasının yerinin dəqiqləşdirilməsi məqsədi ilə ilkin tədqiqat işləri aparılmışdır: Qazıntılar zamanı qala divarlarının qalıqlarının bir hissəsi üzə çıxarılmışdır. Ərazidən ilkin orta əsrlər dövrünə aid mövcud olmuş təndir yerləri, ilkin istehsal ocaqlarının çuxurları tapılmışdır. Xeyli maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Arxeoloji qazıntılar Xunan şəhərinin III-V əsrlərdə inşa edildiyini göstərir. Sonrakı dövrlərdə də Xunan öz mövqeyini qoruyub saxlamışdır. Buna səbəb qalanın ilk növbədə sərhəd məntəqəsində yerləşməsi idi. Belə iri şəhərlər ilk orta əsrlər dövründə bütün yaşayış məntəqələri kimi hündür təpəliklərin üstündə inşa edilir, eyni zamanda qala funksiyasını yerinə yetirirdi. Şəhərləri sel və daşqınlardan qorumaq, yadelli hücumlar zamanı müdafiəni asanlaşdırmaq, uzaqdan gələn ticarət karvanlarını görmək məqsədi ilə yüksək təpəliklər üzərində tikərdilər. Belə ki, ilk orta əsrlərdə iri feodal şəhərlərinin 150 kilometrlik məsafədə mərkəz olaraq inşa edildiyini nəzərə alsaq, Xunanın digər Azərbaycan torpaqları olan Borçalı, Başkeçid, Basarkeçər, Şəmşəddil, İrəvan, həmçinin Tiflis şəhəri üçün mərkəz olduğu bəlli olur. Orta əsr müəlliflərinin məlumatlarında Xunan qalasının Kür və Xram çaylarının kəsişdiyi ərazidə yerləşdiyi qeyd olunmuşdur. X əsr ərəb coğrafiyaşünası, səyyah Əl-Müqəddəsi əsərlərində Xunanın Arran torpaqlarının tərkibində olduğunu qeyd etmişdir. Digər tərəfdən orta əsr müəlliflərindən Məsud İbn Namidar Xunan qalasını Arran sərhədlərinin dayağı adlandırmışdır. Əl-İstəxri isə Xunan qalasının Kür və Xram çaylarının kəsişdiyi yerdə yerləşdiyini bildirməklə hündür bir təpəliyin üzərində olduğunu izah edirdi. Xunandan Tiflisə gedən yol Kür çayının sağ sahilindədir. Əl-İstəxrinin Xunanı Qala-At-Turab adlandırması təsadüfi deyil. “Turab” sözü ərəb dilində “torpaq” deməkdir. Görünür, Əl-İstəxri Xunan qalası ilə maraqlanarkən onun Xunandan başqa digər adının – Torpaqqala olduğunu müəyyən etmişdir. Onu ərəb dilində Qala-Ət-Turab (böyük təpə üzərində qala) adlandırmışdır. Albaniyalı tarixçi Musa Kalankatlı “Alban tarixi” əsərində Xunan qalasının adını qeyd edərək yazırdı ki, Arran hökmdarı Araz çayından başlayaraq Xunan qalasınadək uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır. Digər tərəfdən Gəncəli Kirokos ( Alban tarixçisi və rahibi) XIII əsrdə gürcülərlə monqollar arasında gedən hərbi əməliyyatların məhz Xunanda aparıldığını qeyd etmişdir. O, öz əsərində yazırdı ki, monqolların Azərbaycana yürüşü zamanı gürcü çarı İvani monqol qoşunlarının indiki Gürcüstan ərazinə keçməsinin qarşısı almaq məqsədilə sərhədi keçdi və Xunan qalasına çatdı. Çar İvaninin Xunan qalasında monqolları qarşılamaqda niyyəti həmin ərazidə monqollarla döyüşüb Gürcüstanı dağıntılardan xilas etmək idi. Amma döyüşlərdə İvaninin ordusu məğlub oldu, monqollar həmin ərazini tutdular və Xunan qalasını tamamilə dağıtdılar.
Mənbə: müxtəlif internet saytları
Qeyd üçün:
İlk dəfə Xunan şəhəri haqqında ibtidai sinifdə oxuduğum illərdə ( təxminən 1984 cü il) rəhmətlik babamdan eşitmişdim. Babam deyirdi ki, əsrlər öncə Xram çayının sahilində , Damğaçı deyilən təpəlikdə qədim alban qalası mövcud olub. Sovet hakimiyyətinin ilk illərinədək kənd sakinləri Xunan şəhərinin xarabalıqlarının şahidi olmuşdular. Xunan şəhərinin İkinci Şıxlı kəndi ərazisindəki sahəsi təxminən 35-40 hektarı əhatə edirdi.
Sonrakı on illiklərdə arxeoloji qazıntılar nəticəsində şəhər haqqında məlumatlar əldə olundu. Son araşdırmalar 2011-ci ildə tamamlandı. Kəndimiz – Qazax rayonunun İkinci Şıxlı kəndi qədim oğuz elidi. Orta əsrlər dövrü Xram çayının üzərində inşa edilmiş Qırmızı körpü bu günümüzədək tarixi əsər kimi qorunub saxlanılır. El arasında bu körpünü Sınıq körpü də adlandırırlar. İkinci Şıxlı kəndi Gürcüstanın Marneuli rayonu ( qədim Borçalı mahalı) və Ermənistanın Noyemberyan rayonu ilə həmsərhəddir. Qeyd etmək istəyirəm ki, Noyemberyan rayonunun bəzi kəndləri sovet hakimiyyətindən əvvəl Qazax qəzasının tərkibində olub. 1937-ci ilin dekabrın 31-də Ermənistan respublikasının tərkibində Noyemberyan rayonu yaradılır. Bu torpaqların əvvəlki adı Barana, İncəsu idi. Kəndimizlə sərhəd olan Qalaça, Aşağı Körpülü, Yuxarı Körpülü, Ləmbəli kəndləri qədim oğuz yurdu olub.
Noyemberyan rayonunun ərazisindəki Körpülü kəndinin təməlini təxminən 300 il əvvəl İkinci Şıxlı kəndindən köçən sakinlər qoyub. Qırmızı körpününün ərazisindən köçdüklərinə görə məskən saldıqları yeni yurd yerinin adını Körpülü adlandırıblar. Körpülü kəndinin təbiəti çox gözəl, səfalı olub. Bizim kənd aran bölgəsi olduğuna görə yay aylarında Körpülü tərəflərə köç edərmişlər.
Məlumat üçün bildirim ki, Sovet İttfaqı Qəhrəmanı Mehdi Hüseynzadənin komandiri olmuş Cavad Həkimli Ləmbəli kəndində (1914-2006) dünyaya göz açmışdır.
Fotolara görə Eloğlumuz Jamal Shikhlinskiyə təşəkkür edirəm..
Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra Mirzə Ələkbər Sabir adına pedaqoji Texnikumda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.
1958-ci ildə «Bakı» axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə «Azərbaycan» ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə «Ədəbiyyat və incəsənət» qəzetinin baş redaktoru vəzifələrində çalışıb. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub. Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.
Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərib. Vətənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olub. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir. Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir. Şairin ədəbi və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, «Əməkdar incəsənət xadimi», «Xalq şairi» fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də, ömrünün 70-ci ilində vəfat edib.
Yazını hazırladı, Aynurə Əliyeva, ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.