Əzizağa Elsevərin hekayəsi


İt qohumluğunun aqibəti

(hekayə)

Muxtar müəllim yaşadığı evin həyətinə təzəcə girmişdi ki, cardağın altında oturub söhbətləşən qonşulardan biri, düzlüyü, təmizliyi və halallığı ilə tanınan Nəcəf kişi yerindən qalxıb onun qabağına gəldi: – Salam, ay Muxtar müəllim! -deyib, əlini sıxdı. Qoluna girib azman çinarın kölgəliyinə tərəf çəkdi. -Necəsiniz, yaxşısınızmı? Bir binada oluruq, iş-güc o qədər çoxdur ki, düzü, macal tapıb bir görüşə, dərdləşə də bilmirik. Bağışla ey, sən Allah, işdən gəlirsən, yorğunsan, yəqin ki, acsan, bir tərəfdən də mən söhbətə tutub vaxtını alıram.
-Xoşdur, Nəcəf kişi, səninlə danışmaq mənə də xoşdur. Sən pərdəli danışan, mətləbin içində gizlənib kiminsə haqqına girən qonşu deyilsən. İndi sənin kimi kişilər çox azdır. Buqəlamunluq edənlər, mühitdən-mühitə düşənlər, rəngdən-rəngə girənlər çoxalıb. Elə bil ki, kişiliyin adı qalıb, gedənlər də ata minib kişi sözünü, kişi mənliyini də özləri ilə aparıb. Fikirlər cılızlaşıb, duyğular korşalıb, sanki pis əməllər insanların üzünə çıxıb. Yalanlar içində üzülür insan. Bu qədər yalanmı olar, ay qardaş?! Gözümüz görə-görə hamı üzü aşağı gedir, hamı da özünü aldadır, dünya onun evinin kəndarına qədərdir deyib, qapılarını bərk-bərk bağlayır. Daha demir ki, dünya elə ağrı-acılarıyla sənin evinin içindədir. Sən gözlərini bərk-bərk yumub etinasız ola bilərsən, ancaq susqunluğun, biganəliyin ağır bir yük olub çiyinlərindən asılanda, qara bir daş olub qabağını kəsəndə qaçıb qurtara bilməzsən. Bax, Nəcəf kişi, buna görə sənin kimi kişilərə həmişə hörmətim var. Neçə ildir, bina, həyət qonşusuyuq, hələ bir dəfə də olsun Nəcəf kişinin kiminsə haqqına girdiyini, kiməsə yalan satdığını eşitməmişəm. Bunu bilirsən, niyə belədir? Çünki kişilik zaatdan, kökdən gələr! Qırdım-qaçdım ailənin törəməsi, gələcəyi də elə özü kimi olar.

-Çox sağ ol, Muxtar müəllim! Üzə demək olmasın, mən də Sizi elə beləcə gördüyüm kimi tanımışam. Müəllim adı indi ucuzlaşıb, hər yoldan ötənə də, oğruya, əyriyə, rüşvətxora da müəllim deyirlər. Bir balaca vəzifəsi, imkanı olanı qabaqda otuzdururlar. Müəllim el ağsaqqalıdır. Onun oturuşunda, duruşunda bir ağayanalıq, ağırlıq olmalıdır. Bəzən oturub fikirləşəndə, qınamıram da onları. Müəllim də insandır, onun da ailəsi, xeyiri, şəri var. Dilənçi, sədəqə payı qədər məvacib verəndə, müəllim neyləməlidir görəsən?! Ailədə üzü kölgəli olanın cəmiyyətdə qürurumu olar? Yalançı ümid ilğım kimidir, bir gün olar, beş gün olar sonra çəkilib gedər. Küçədə bakuş, siqaret, corab satan, bazarda onun-bunun yükünü daşıyan müəllim görmüşəm. Balıq, tərəvəz satan, daha nə bilim hansı hoqqalardan çıxan müəllim görəndə ürəyimdə ağrılarım dil olub danışıb. Desəm ki, için-için ağlamışam, bəlkə də, inanmayacaqsınız. Əsgər torpağımızı, sərhəddimizi necə qoruyursa, müəllim də əxlaqımızı, qürurumuzu, lap elə insanlığımızı da eləcə qoruyur. Bu gün üzü aşağı getməyimizin kökündə də bunlar dayanır.
Muxtar müəllim, neçə müddətdir Sizi görə bilmirəm. İçimdə məni yeyən bir dərd də rahatlığımı əlimdən alıb. Ürəyimi boşaltmağa, bir təsəlli payı ummağa fürsət də tapmamışam. Nə gizlədim, bəlkə də, utandığımdan, xəcalətimdəmdən çəkinmişəm. Evimizdə həmişə uşaqlarıma Sizi nümunə göstərmişəm. Həmişə də demişəm, oxuyun, Muxtar müəllim kimi alim olun, adam olun. Nə qədər ki, uşaq idilər, dediklərim beyinlərinə batır, oxuyur, hətta bir-biriləri ilə də höcətləşib, cəhl edib:” Yox, mən Muxtar müəllim olacam! Mən Muxtar müəllim olacam!..”-deyib, yaxalarını dartışdırır, itələşir, didişirdilər də. Mən onları güclə sakitləşdirir, boyunlarını qucaqlayır, başlarını sığallayıb qürurla dönə-dönə üzlərindən öpürdüm. Zaman yel kimi ötüb keçir, illər-illərə calanıb gedirdi. Uşaqlar hər gün, hər saat bir buğda boyu böyüyürdü, boy atırdı. Məktəbi də bitirdilər. Heç dərsdən sonra əlavə müəllim yanına da getmədilər. Sağ olsunlar, əziyyət çəkdilər. Məni heç əlavə xərcə də salmadılar. İnsafən, oğlanlarımdır deyə tərifləmirəm, gedənlərdən də az bilmədilər. Çox bildilər ki, az bilmədilər. O, DİM-dir, DAM-dır, nə bilim nədir, nəmənədir, onun sınaqlarına da getdilər. O, yastı-yastı danışan xanım var ey, dilimizin qolun-qıçını da qıran, onun sınaqlarından da yüksək balla çıxdılar. Ancaq ortada nə oldu, niyə belə oldu bilmirəm. Ali təhsil dalıyca getmədilər. Böyük oğluma çox dedim, az eşitdi. Dedim, ay oğul, get oxu, təhsilini artır, ali təhsil al, getməsən çox peşiman olacaqsan. Gedən vaxt səndən gedir, Bir də ömür təkrarlanmayacaq ki, itirdiyin illərin sənə verəcəyi fürsəti qaytara biləsən. Hanı, hanı, bəs deyirdiniz ki, oxuyub Muxtar müəllim olacaqdınız, böyük, lap böyük alim olacaqdınız?! Axı, o günləri nə tez unutdunuz, o dediklərinizi nə tez yaddan çıxartınız?! Axı niyə, niyə boyunuza baxıb fərəhlənən bir ataya bu sevinci çox gördünüz? Bəs mənə nə qayıdıb desə yaxşıdır, Muxtar müəllim. Təkrarlamağa dilim də gəlmir, elə bil üzümə söydülər, günahsız dədəmi gözüm görə-görə yandırdılar. Utanmadan, çəkinmədən dedi ki, məni dolandırmağa gücü çatmayan savad mənim nəyimə lazımdır, ay dədə, oxuyub, savadlanıb Muxtar müəllim olmaqdansa, elə savadsız qalıb Roko saxlamaq hamısından yaxşıdır. Yazıq Muxtar hər gün qaça-qaçdadır. Bu universitetdən çıxıb o birisinə, o birisindən də çıxıb bu birisinə qaçır. Aldığı nədir, qəpik-quruş. Heç onu almağa, dalısıyca düşüb qaçmağa dəyərmi?! Ondansa, metro qabağında papağını qabağına qoyub dilənsə, bilər ki, aldığı dilənçinin qazancı qədər də deyil. Onun ağlı, düşüncəsi bir ailəni də dolandırmağa bəs etmirsə, onda neynirəm ki, o alimliyi, ağlı, ya düşüncəsi işıqlı olsun!
-Sağ ol, Nəcəf kişi!-Muxtar müəllim qımışa-qımışa onun sözünü kəsdi.- Səndə söz var imiş ki… ay qonşu, ay rəhmətliyin oğlu!..
-Neyləyim, ay Muxtar müəllim! Deyir, aşıq gördüyünü çağırar. Siz allah, oxumuş adamsınız, alimsiniz, bir məni başa salın görüm, bu xaraba, başı bəlalı məmləkətdə alim hörmətlidir, yoxsa itə baxan?!
-O, nə sözdür, ay Nəcəf kişi?! Ayıbdır, sən imanın, bir də belə demə. Məgər dünya, elə bir qarın çörəkdən ibarətdir? Dünya düşüncə üstə fırlanır. Sağlam düşüncə olmasa, kainat da məhv olub gedər. Həyat həmişə belə ədalətsizliklərlə doludur. Ona işıq verib, yol göstərəni kor qoyub, payi-piyada getməyə, cırmaqlaya-cırmaqlaya yaşamağa, sürünməyə vadər edir. Ancaq insanın inamı özündən qabaq ölmür. İnsan inama sığınanda dünya da onun qabağında diz çökür. Əqidəsin, inamın itirməsin gərək insan. O mahnıda deyildiyi kimi: dünya beş günlükdür, deyənə yazıq. Nə yazıq ki, indi qarın başdan yuxarı olub. Çoxları başı ilə yox, qarnıyla düşünür. Tarixdə qarın otaranlar çox gəlib-gedib.. O gedənlərdən bir iz, bir nişanə də qalmayıb. O, qədri-qiyməti sağlığında bilinməyən söz, işıq adamları dünyanı öz dünyası ilə bəzəyib, şəkilləndirib bu dünyada da qoyub gediblər. Onların yaratdıqları olmasaydı, görən nə üzdə, nə görkəmdə olardı bu dünya?!
-Əslinə baxanda, Muxtar müəllim, vallah, Siz deyəni mən də deyirdim. Ancaq hiss edirdim ki, onlara nə isə çatmır.
-Ola bilməz ki, ay Nəcəf kişi, birdən-birə dəyişələr. Görünür, nəyisə gözünüzdən qaçırmısınız. Kiminlə oturub-durduqlarını unutmusunuz. Cavanlıq yüyənsiz at kimidir, ram olana qədər hara çapdığını, niyə çapdığını heç özü də bilmir. Ağıl onun çılğınlığı ucbatından düşüncəsiz addımlarını nizamlamaqda çox zaman çətinlik çəkir.
-Nə deyim, ay Muxtar müəllim! Mən də iş adamıyam, tezdən çıxıb, axşam işdən qayıdıram. Hərdən elə yorğun oluram ki, danışmağa da heyim-hərəkətim qalmır. O ki, qaldı onların dərsləri… anaları həkimdir, arxayın olub evdən çıxıram.
Məktəbdə oğlumla bir sinifdə oxuyan Səlim adlı yaxın dostu var idi. Var idi deyəndə, elə indi də var. Bayramlarda, ad günlərində bizim evə gəldiyi kimi, oğlum da onlara gedərdi. Atası nazir olandan sonra Səlimin ayağı bizim evdən kəsildi. Bizim evi, görünür, öz dəbdəbəli həyatlarına yaraşdırmadı. Ancaq oğlumla dostluğunu da kəsmədi. Qısa bir vaxtda çox şöhrətləndilər. Zənginlik ayaqlarına gəldi. Gəzmədiyi ölkələr qoymadılar, görmədiyi günlər gördülər. Dövlət babanın cibinə girdilər, xalqın qismətinə əl uzatdılar. Səlim məktəbi bitirər-bitirməz gömrükdə tez- tələsik bir idarə yaratdılar. Ağzından süd iyi gələn bu uşağa rəislik tapşırdılar. Bəs nə bilmişdiniz, nazir oğludur axı. Başqalarının əzilə-əzilə, sürünə-sürünə keçə biləcək yolları, qalxa biləcək mərtəbələri o, gözüyumulu keçdi. Sayələr sayəsində! Tez Dərbənddən o tərəfə adını da bir universitetə yazdırdılar. Bədbəxt oğlu heç özü də bilmədi oxuduğu hansı universitet, hansı fakültədir, sabah hansı ixtisas yiyəsi olacaq. Ona nə lazımdır, heç nə, bir qırıq kağız parçası. Zarafat deyil, kişi xaricdə oxuyub. Onsuz da dərinə gedən, fərqinə varan yoxdur. Pulun, arxanda durası adamın varsa, hər şey ayağına gəlir.
Qiyabi oxumaqla, illəri yola salmaq qərarına gəldi. Utanıb çəkinmədən də, bir aylıq dərs, sessiya vaxtı işçilərindən birini öz yerinə göndərdi. Dərsdə oturdu, imtahan vedi. Onun cibinə ürəyi istədiyi qədər pul qoydu. Hətta qulağına pıçıldayıb: “ Ye, iç, müəllimləri, dekanı, daha nə bilim kimləri, kimləri tanıdığın qədər qonaq elə, şirəyə çək!..”-dedi. Bu xaraba, bimürvət dünyanın bir ucu yeməyə bağlıdır. İnsan nəfsin qulu, sahib dura bilmədiyi iradəsinin nökəridir. Səlimi kim başa saldısa, zirəng tərpəndi. Bu bir ayda üç-dörd dəfə sərhəddi keçdi, “ kişinin oğlu, dərs oxuyur axı ?!” Qızılyarda təmiz zoğal arağı, yaxşı da balıq kababı verirlər…” deyib, yolunu da ordan saldı. Oranın təmiz havası da sinəsinə yatırmış. Nə gizlədim, bir dəfə də oğlumu özüylə aparmışdı. İşə düzəldəcəm, əli-ayağı təmiz, yaxşı da qazancın olacaq, söyləmişdi. Bura qədər heç onları, sən demə, yaxşı tanımırmışıq. Anası uşaqlıqdan qoca nənəsi Anuşu, babası Arakeli, Qreta xalası və dayısı Arturu o qədər sevdirib ki, bir-birilərini görəndə sevincdən heç bilmirlərmiş ki, neyləsinlər. Süfrə başında Bakını, keçmiş Vorovckidəki geniş həyətli ikimərtəbəli evlərini xatırlayıblar. Anuş ağlayıb da. Qreta Nərimanov kino-teatrında kassir işləyirmiş. Akif adında oğlanla təzəcə tanış olmuşmuş. Ara qarışanda Qretanı taksiylə evlərinə gətirirmiş. Evlənəcəkmişlər. Onlar Bakıdan ayrılanda Akif onun alnından, gözlərindən öpüb: “Darıxma, bunlar keçib gedəcək, hər şey yaxşı olacaq. Arxanca gələcəm, mütləq gələcəm!”-deyib. Ancaq gələ bilməyib. Daşaltıda həlak olub. Könüllü cəbhəyə gedibmiş. Qreta bunları təmiz bizim dildə danışıb, ara qarışdıranları söyüb, yamanlayıb da hələ. Səlimin atası tələbə olan vaxtı bunların həyətində kirayənişin qalırmış. Qretanın böyük bacısı Nellini də elə həmin həyətdə sevib evləniblər. Neft mədənində mühəndis işləyirmiş. Arakel tanışlarının əliylə onun vəzifəsini də böyütdürüb, evlərinin bir hissəsini də qalmaları üçün onlara bağışlayıbmış. Ümidli olublar ki, ara sakitləşən kimi yenə qayıdacaqlar. Ancaq evini satıb gedən qonşu erməni Aşot qaranlığa salıb, gecəylə öz evini, ona bitişik Arakelin də evini yandırmışdı. “ Nəyimiz çatışmırdı? Axı niyə, niyə bizi bu günə saldılar?..”- Arakel içkinin təsirindən, xatırladıqları ötən günlərin həsrətindən, ağrı-acısından kövrəlibmiş kimi öz-özünə sualı sual dalınca verirmiş. Cavabsız suallar, açılmamış mətləblər sanki hamının dilini, ağzını bağlayıbmış. Oğlum bunları mənə danışanda elə bil yer də ayağımın altından qaçdı. Arakel deyirmiş ki, ermənilərin yalançı başbilənləri şimal ayısının felinə uydular. Axırda da aldandılar, çox aldandılar, bu aldanışla da boş düzəngahda qaldılar. Nə bilim, durna, ya qarğa fondu yaratmışdılar. Qapı-qapı gəzib məcbur edirdilər o fonda pul keçirməyi. Hünərin nə idi onların sözünü yerə salasan, yox deyəsən. Allah şahiddir, çox yox, bir həftə gecikdirmişdim. Artur onda Moskvada oxuyurdu, tələbəydi. Gecəylə otağına girib oradan xəbərdarlıq etdilər. Üç günə pul keçirilməsə, oğlunu yeddinci mərtəbədən atarıq. Artur bunları telefonda deyəndə, heç bilirsən necə qorxmuşdu?! Ağlayırdı, zülüm-zülüm ağlayırdı, həyəcandan, qorxudan dili topuq çalırdı. Nə dediyini, bəlkə də, heç özü də anlamırdı. Çox, çox böyük yanlış addımlar atdıq. Gəmidə oturub, gəmiçiylə dava edirdik. Bizim ağılsız, başdan xarab rəhbərlər hamımızı uçuruma apardılar, isti aşımıza su qatdılar. Hanı, hanı bəs, dövlət quracaqdılar?! Dənizdən dənizə Böyük Ermənistan yaradacaqdılar?! Başınıza dəysin yaratdıqlarınız! Qonşuluqda haqqı-sayı itirib, münasibətlərimizə sağalmaz yara vurdunuz. Mən evimi itirdim, əzizlərimin qəbrini qoyub gəldim, qızımın, nəvələrimin üzünə həsrətəm. Mən məgər ikinci bir ömür yaşayacağam ki, yaraları sağaldım, ağrılara məlhəm qoyum?! İki cavan ailə, on beş tələbə də evimdə kirayənişin saxlayırdım. Hərəsindən də filan qədər ayda alırdım. Hər idarədə də adamımız oturmuşdu. Bunlar bizə ağırlıqmı etdi, allah ağlımızı başımızdanmı aldı? Görən niyə, niyə belə oldu?!
Sən demə, ay Muxtar müəllim, Qızılyar Səlimgilin həm də görüş yeri, apardıqları çirkli, oğurluq pulların yuyulma, saxlanc yeri imiş. İmanımı yandıra bilmərəm, hələ ki, deyilənlər düzdürsə, o yaxasını cırıb, yalandan “ Vətən!..Vətən!..”-deyən nazirimizin orda mehmanxanası, böyük bir supermarketi var. Tikinti şirkəti də təzəcə açıb fəaliyyətə də başlayıblar. Gedəndə oğluma iş də təklif edib. Şirkətdə, ofisdə yüksək maaşlı iş. Nəsə evdə razı olmadıq. Bu qarışıq-bulaşıq zəmanədə gözdən-könüldən uzağa uşaq buraxmaqmı olar?! Qərib yerdi, ermənilərin də at oynatdığı məkan. Onlara necə etibar edəsən?! Çörəkləri dizlərinin üstündədir bu köpək uşağının. Fürsət düşən kimi pisliklərindən əl çəkmirlər. Düşmənçilik qanlarına yeriyib. Bədbəxt uşaqları, axırda öz murdar qanlarında da boğulacaqlar.
-Bəs o it məsələsi nədir, ay Nəcəf kişi? -Muxtar müəllim onun sözünü kəsdi: -Bu hardan ağlınıza gəldi, qardaş?

-Bu da bir əhvalatdır, Muxtar müəllim! -Nəcəf kişi qəribə bir təbəssümlə dilləndi: -Özü də, maraqlı və gülməli bir əhvalat.
Yayda ailəlikcə İtaliyanın Lombardiya vilayətindəki səfalı mənzərəsi olan Komo gölünün sahilində dincəlirmişlər. Qaldıqları dördulduzlu “Barchetta Exselsior” otelində Səlim onlardan bir mərtəbə aşağıda olan Lukas adlı gənc turistlə tanış olur. Lukas da İtaliya it cinsindən olan Napoli mastifi ilə gəzməyi çox sevirmiş. İt də, nə it: Qara, sallaqdodağ, gözləri batıq və bədheybətdən də bədheybət. Ancaq deyilənə görə, sahibini tək qoymaz, yeri gələndə özünü ortaya atıb onu kənar təsirdən, təhlükədən qorumağı da bacaran itdir. Buna görə də, nə qədər bədheybət olsa da, sədaqətliliyi ilə özünü sevdirməyi bacaran itdir. Günortadan sonra mehmanxananın önündəki qoşa çinarların çətirləri altında sıra ilə düzülmüş stollardan birinin arxasında əyləşib şirin söhbət edə-edə meyvə kokteyli içirmişlər. İt də yanlarındaymış. Bir az aralıdakı stolun böyründə şöngüyüb ağzının suyunu, selikini axıda-axıda Lukasa baxırmış. İtin qəfildən yerindən qalxıb qabağa sıçramasından hər ikisi təəccüblənib həyəcanla ayağa dururlar. Sarışın saçlı oğlan qabağda yeriyən orta yaşlı qadının çantasını zorla əlindən alaraq, qaça-qaça adamlar arasında itmək fikrinə düşür. Mastif oğlana çataraq boynuna tullanır, bir göz qırpımında onu yerə yıxıb, sinəsi üstündə oturaraq qabaq ayaqları ilə çantanı özünə tərəf sıxır. Bu, elə cəld və bir anın içində olur ki, bayaqdan qollarını yana açıb: “ Kömək edin!.. Çantamı apardılar, kömək edin!..”- deyə, haray-həşir salan qadın da quruyub yerində qalır. Aləm bir-birinə dəyir. Sən demə, kino çəkirmişlər. Neçə dəfəymiş həmin səhnə təbii alınmadığından təkrar-təkrar çəkməli və vaxt itirməli olubmuşlar. Qəzet köşkünün böyründə dayanmış operatorlardan biri:” Yox, belə olmaz, iş tamam pozuldu, ssenaridə heç belə şey yoxdu… təkrar çəkmək lazımdır!..”-deyirsə, o birisi bir az da irəli gedib: “ Əksinə, bu o qədər təbii alındı ki, elə belə də, ssenariyə əlavə etməklə saxlamaq lazımdır!..” söyləyir. Lukas irəli yeriyib mastifini sakitləşdirir, çantanı xanıma qaytarır. Amma yazıq oğlan o qədər vahimələnib, qorxub ki, şalvarını da islatmalı olub. Bunları gözləri ilə görən Səlim əlləri ağzında Lukasa və onun itinə bir anlıq heyranlıqla baxdıqdan sonra onun qoluna girib: “ Bu iti sat da mənə , Lukas!..”- söyləyir. Lukas özünü eşitməməzliyə qoyur. Səlim dediklərini bir də ucadan təkrarlayır. Lukas bunu əvvəlcə zarafat kimi başa düşsə də, indi ciddi qəbul edib, dostu inciməsin deyə, “ Sən onu ala bilməzsən, Selik! Neçə ildir, bizimlədir. Üzümüz-gözümüz də öyrəşib. Bizdən kənarda darıxar, sıxılar, xiffət çəkər yazıq. İt olanda nə olar, onun da ürəyi, etibarı, sədaqəti var axı.”-bildirir. Səlimin ondan əl çəkmədiyini görüb: – Dedim axı, Selik, onu almağa pulun çatmaz!..-deyir. Lukas bilərəkdən elə qiymət deyir ki, bəlkə bundan sonra Səlim ondan əl çəkə.
-De, Lukas, qiymətini de!..
-İki milyon dollar… Həə, bu sənin gördüyün itlərdən deyil, haa! İnsan kimi ağlı, kamalı var. Hələ bir az da güzəşt edirəm, dostluğumuz xatirinə, güzəşt…
Bu söhbətdən sonra Səlim elə həmin andaca bank hesabından qəbz yazıb Lukasdan iti alır. İki gün iti sakitləşdirmək, ram etməkdə çətinlik çəkiblər. Sonra keyləşdirib başına ip salıblar. Lukas Səlimin dediyinə görə, hələ beş gün də mehmanxanada qalmalı idi. Ancaq Səlimin sözündən dönəcəyindən qorxub, “Anam xəstədir, getməliyəm!” -söyləyib həmin gün də mehmanxanadan çıxır. Verilən pul yox, itin şıltaqlığı yox, Lukasın sağollaşmadan getməsi Səlimə pis təsir etmişdi.
-Əlbəttə, o qədər pul, nazir oğluna niyə təsir etməlidir ki?! -Muxtar müəllim əlini yelləyə-yelləyə gileyləndi. – Bu, dəryada bir damladır. Bu, mənim, sənin haqqındır ki, talanıb yeyilir!..
-Muxtar müəllim, iti alıb evə gətirdikdən sonra fikirləşirlər ki, bəs ona kim baxacaq, kim onun nazı ilə oynayacaq? Onda oğlum yadlarına düşür. Çünki Səlimin atası hələ nazir olmamışdan qabaq İzmir parkı tərəfdə yaşlı qonşu arvad yeriyə bilmədiyindən itini birgə gəzintiyə çıxardardılar. Görünür, itə sevgi də o mürdəşir rus qadını Marusyadan bu uşaqlara keçmişdi. Neçə aydır ki, oğlumun düz-axıllı üzünü də görə bilmirik. Nə gecəsi, nə də gündüzü bilinir. Çox zaman itlə bir otaqda yatıb qalır. İtin yeməyi, deyir, Almaniyadan, ətri, şampunu Firəngistandan, o içməli suyu nədir, bizim suları da bəyənmirlər, İtaliyadan – Lombardiya vilayətindən gətizdirirlər. İti yaxşıca gəzdirir, yuyundurur, gülməli də olsa, neçə saat ona klassik musiqi dinlətdirirlər. Necə olsa, axı Avropa itidir, bizim itlərdən deyil ki, zibillikdə eşələnə. Zarafat deyil, nazir itidir. Həə, Muxtar müəllim, oğlum beş ay bundan öncə olardı ilk qazancını gətirib qabağıma qoymuşdu. Bizim pulnan deyil, o xarici göy əskinaslarla idi. Hamısı da yüzlüklər, sayı da otuz olardı, bəlkə də bir az çox. İnanın, heç əlimi də vurmadım. Oğlumun bircə diliynən dediyini eşitdim. Susdum, içimi kəsən hirsimi, hikkəmi boğmağa çalışırdım. Haçandan-haçana: -Mən itdən, itin qohumlarından gələn o çörəyi yeyə bilmərəm, oğul!-deyib narazı-narazı eyvana çıxdım. Nədə səhvə yol vermişdim, hansı qəbahətli addımı atmışdım ki, oğlumun günahlarını vaxtında görüb, dur deməmişdim?! Axı pula şirniklənib gələcək ömrünü, taleyini çirkaba atırdı. Oxuması, təhsil alması hələ qabaqdaydı. Bəs niyə, niyə ucuz yaşamaq yolunu tutmuşdu? Məgər mən beləmi yol arzulamışdım ona?!

-İncimə, Nəcəf kişi, belə olmaz, səhvə yol verirsən! – Muxtar müəllim onun sözünü kəsdi. – Bir qədər hövsələli, səbrli olmaq lazımdır. Hirsnən, hikkəynən yox, ağılnan, düşüncəynən yanaşmaq lazımdır. Cavandır, hələ həyatın nə olduğunu başa düşmür. Bir də, burda oğlun nə qəbahət edib ki?! Atasısan, böyüklüyünə hörmətlə yanaşır, ilk qazancını gətirib sənə verir. Məgər içkiyəmi, kef məclisinəmi xərcləyir, ya əyri-əyri yollaramı qurşanır?! Cavandır başa salsan, payını götürər, nə demək istədiyini bir gün o da anlar. Qəzəbə söykənmə, qəzəb hər iki tərəfi yandırır. Əvvəli vulkan kimi püskürsə də, sonrası xəcalətdən, peşimançılıqdan gizlənməyə yer axtarır!..
-Muxtar müəllim, Səlim oğluma deyirmiş ki, qoy Rokonun toyu olsun, sənə üçotaqlı mənzil bağışlayacam. Özü də şəhərin düz göbəyində, axar-baxarlı yerdə. Dəniz lap ayağının altında. Pəncərəni açsan, mavi, ağ köpüklü suların nəfəsi ciyərlərinə axacaq, sahilə çırpılıb çiliklənən dalğaların əsrarəngiz nəğməsi ruhunu oxşayacaq, şükür ki, Rokonun da toyu oldu, indi görək neyləyəcək?
-Roko kimdir, ay qonşu?
-Oğlumun baxdığı itin adıdır də! Bizi bəlaya salan, başı batmış itin adı. İnanırsan, Muxtar müəllim, bu yaşa çatmışam, hələ belə həngamə, belə toy görməmişdim. Oğlum toyun video lentini evə gətirmişdi, baxdıq, imkan olsa, sizə də göstərərəm. Rəngbərəng, dünyanın ən bahalı maşınlarının karvanı, ucu-bucağı görünmür. Siqnallar bir-birinə qarışır. Lap qabaqda, bəzədilmiş maşında qırmızı, ağ gəlinlik geymiş itlər, ortada oturmuş oğlum qolları ilə hər ikisinin boynunu qucaqlamış formada… Allah, allah, sən özün bu ağılsız, dağılmış dünyamıza ağıl ver!
-“Vağzalı” da çalınırdı?
-Yox, müəllim, yox! Allah tərəfi, nə yaxşı ki, “Vağzalı” çalınmırdı.
-“Vağzalı” elə pak, müqəddəsdir ki, onu murdarlamaq, itlərin ayaqları altına atıb ləkələmək olmaz. O, anaların sevinc, kövrəklik dolu göz yaşlarına, ataların öyüd, nəsihət dolu baxışlarına, uca yaradanın böyük qüdrətinə bürünmüş süruddur, nəğmədir. Neçə-neçə qərinələrin, əsrlərin ürəyindən qopub gəlir, odundan, atəşindən elə bir ocaq çatır ki, nəsillər o ocağın istisindən öz payını götürüb gedir. İstiliksə azalmır, paylaşdıqca çoxalır.
-Səlimin atasının doğulduğu bölgədən bir nazir də var. Əslinə baxanda qohumdurlar. Biri-birilərinə o qədər yaxın, o qədər bağlıdırlar ki, deyilənə görə, aralarından heç su da keçmir. Bayramlarda, ad günlərində bir yerə yığışır, sevinclərini, kədərlərini də birgə bölüşürlər. Ancaq hərdən sanki talelərindən gileylənirmişlər kimi: “Neyləyək, hər ikimizin oğlan övladlarımız var, qız övladımız da olsaydı, evləndirib, daha yaxın, elə bir evli kimi olardıq!” -deyirmişlər. Sonra hardansa ağıllarına girib, it qohumluğu yaratmaqla, bu bağlılığı, daha da möhkəmləndirmək fikrinə düşürlər. Elə ədəblə, ərkanla elçi də gedirlər. Deyirlər, it olanda nə olar, adətimiz var, ənənəmiz var, onu da pozmayacağıq haa!.. Nə olar, toy ediriksə, onda itə də övlad gözü ilə baxmalıyıq. Elə o nazirlərdən birinin şadlıq sarayında da toy çalınır. İnanırsan, Muxtar müəllim, toy bir təmtəraqlı, bir çal-çağırlıdır ki, gəl görəsən. Müğənnilər hardan gəlməyib ki?! Amerikadan, Firəngistandan, İngiltərədən, Polşadan, hətta Afrikanın lap cənubundan, qara zəncilərdən. Deyirdilər, itin qohumlarıdır, gəlməsəydilər, itlər də xəcalətli olardı, əhvalları korlanardı. Yeməklər də növbənöv, içkilər də su yerində, hamısı da xaricdən gətirilmə. Bir dənə yerli mal yoxdur. Hətta mədəni görünsünlər deyə, xidmətçiləri də xaricdən çağırıblar. İçkilər Burqundiya şərabı, İtaliya çaxırı, Firəngistan arağı, daha nə bilim, haranın, haranın içkisi. Hamısı da od qiymətinə, az qalır bir maşın, bir ev qiymətinə çata. Bunlar bizlik deyil, bizim üçün əlçatmaz, bahalıdır. Nazirlər, gələn qonaqlar üçün heç bir şeydir. Özü də bizim pulnan yox, o, xarici əskinaslarla. Bizim pul da yazıq-yazıq boynunu büküb qapının dalında durmuşdu. İçəri buraxan, çağıran da yox idi. Elə bil şadlıq evi hansısa qərib, yad, büsbütün xarici ölkə idi. Doğmalar içində özgəlik, manqurtluq, buz soyuqluğu dolaşırdı. Sanki qapıdan, pəncərədən payız küləyi içəri dolmuşdu. Elə bil pul yox, saralmış, qızılı-çəhrayı yarpaqlar kimi yüzlüklər də xəzəllənib tökülürdü. Şax-şax, qatı açılmamış kimi. Gələn qonaqlar da, yalan olmasın, hələ bir sanasan, heç olmasa, iki yüz olardı. Bəlkə də, çox!
-Nadir kişi, bunları gerçəkdənmi söyləyirsən, ya sən allah, baxdığın hansısa bir Avropa filmindən danışırsan? -deyə, Muxtar müəllim çaşqınlıq, təəccüb içində soruşdu. -Düzü, inana bilmirəm! Əgər belədirsə, onda bəs bu millətin işsizi, acı- yalavacı yoxdur? Niyə bunlara dur deyən, yerini göstərən tapılmır? Axı nankorluğun, qudurğanlığın, harınlığın da bir həddi var?!

-O, toyda ürəyimi ağrıdan, Muxtar müəllim, heç bilirsiniz nədir? Mahnıları dil-dil dolaşan, hamının sevimlisi, böyük bəstəkar Kərim Günəşlinin orda olması idi. Onun o toyda nə işi var, niyə gəlmişdi? İnana bilmirəm, bilmirəm ki, o kövrək, duyğusal insan ikrah hissi yaradan bu məclisə necə düşüb. Bir az şən, bir az da sərxoş görünürdü. Təzəcə bəstələdiyi “ Roko-Çiko gecələri” mahnısını ilk dəfə idi səsləndirirdi. İtlərə bəstələnsə də, nə deyim, gözəl idi. Qonaqlar da mahnının ritminə, ahənginə uyğun qol götürüb oynayır, arada ayaqlarını bərk-bərk yerə döyüb, “Bravo!.. Bravo!!!” – deyib qışqırışırdılar. Görün, istedad necə boğulur, qürur, ləyaqət necə alçaldılır, sındırılırdı. Bir tərəfdən, qınamıram da Kərim Günəşlini. O da insandır, onun da ailəsi var. Qeybdən çörək onun evinə tökülmür ki?! Bəlkə də, bu bir qəzəb, nifrət idi musiqinin qanadında onun daxili aləmindən süzülüb gəlirdi. Nazir mahnı bitən kimi qopan alqışların səngiməsini gözləmədən Kərimi qucaqlayıb, sağ əliylə asta-asta kürəyinə toxundu. Mikrafonu ondan alıb: “ Öpürəm, öpürəm səni, Kərim Günəşli!” -dedi. – Çox sağ ol ki, sən bu bəstənlə mənim məclisimə bir özgə rəng qatdın!” Nazirin böyründə dayanmış cangüdəni iri gül buketinin arasına göy əskinaslarla dolu konverti qoyub Kərimə uzatdı. Nazir Kərimi bir də təkrar qucaqlayıb, asta səslə: “ Əlli min!.. Halal, halal xoşun olsun!..” -dedi. Mikrafonu söndürməmişdilər. Bir az aralıda sintezatorun böyrünə qoymuşdular. Səslərini zəif və xırıltılı halda olsa da, çəkib salona ötürürdü. Aləm qarışmışdı bir-birinə. Kimi qışqırır, kimi əl çalır, kimi də heç nəyə baxmadan barmaqlarını dodaqları arasında sıxıb fit verirdi. Kərim alqışlardan, eşitdiyi “əlli min” kəlməsindən, içdiyi bahalı içkilərdən sanki məst olmuşdu. Yuxarı başda, bəy-xanım taxtında oturmuş itlərin boynunu qucaqlayıb öpür, sonra harda olduğunu sanki unudubmuş kimi meydan boyu süzürdü. Hamı əl çalır, kimsə də özünü saxlaya bilməyərək ayağa qalxıb onu meydanda tək qoymaq istəmirdi. “Roko-Çiko gecələri” çalınır…çalınırdı!
Nadir kişi danışdıqca çılğınlaşır, həyəcandan bədəni əsir, dili-dodağı topuq çalırdı. Xalqın min illik, milyon illik daşlaşmış adət-ənənəsinin tapdanması, ələ salınması ilə barışa bilmirdi. Hərdən gözlərini yumur, bərk-bərk ovuşdurur və gördüklərini yuxu sanıb özünü aldatmağa, ovundurmağa çalışırdı. Amma bu yuxu deyildi, acı, çox acı olsa da, həqiqət idi.
Nadir kişinin telefonunun zəngi onun söhbətini yarımçıq kəsdi. Sanki bir özgə dünyada, xəyal aləmində idi, qopub gəldi. Muxtar müəllimdən üzr istəyib: – Bəli, eşidirəm! -dedi. -Evimizin həkimi, loğmanı. İşdən təzəcə gəlmişəm. Həyətdəyəm, qonşularla söhbətləşirdik… Muxtar müəllimlə…
-Nadir, Savalan indicə zəng etmişdi. Nəsə bir az narahat idi, deyəsən.Dedi, bəlkə bir az gec gəldim, ya ola bilsin axşam burda qaldım, evə çörəyi atam alar.
-Nə olub, xeyir ola, niyə evə gec gəlir?!
-Deyir, o günkü haylı-küylü, gurultulu toyun sədası yuxarılara da gedib çıxıb. İndi gəlib itin qohumlarını axtarırlar.

-Kimdir axtaran… Xoşqədəmmi gəlib axtarır?! Xoşqədəmin də işi-gücü qurtarıb ki, haa, indi də itin qohumlarını axtarır?

-Ay canım, ay Allah köməyi olmuş…Xoşqədəm yox ey, bu, Xoşqədəmlik deyil, yuxarıdan, lap yuxarı idarədən imişlər. Bizim oğlanın iti saxladığı yerə də baxıblar. Hələ üstəlik ona da bir-iki suallar veriblər.
Muxtar müəllim də, Nadir kişi də quruyub qalmışdılar. Bayaq ürəklərini sıxan, gileyə-güzara bürünən suallara telefonun o başından sanki cavab gəlmişdi. Bu gec də olsa, ancaq güc gələn haqqın, ədalətin səsi idi.
Handan-hana Muxtar müəllimin qırışığı açıldı. Sifətində təbəssüm oynadı. Nadir kişiyə üzünü tutub: -Həə, Nadir kişi, mənə elə gəlir ki, sualınızın cavabını da izah etməyə daha ehtiyac qalmadı. Sağ olsun, “ evinizin həkimi, loğmanı” dediyiniz xanım çox gözəl izah etdi. Daha burda başa düşülməyəsi nəsə bir şey qalmadı!..-deyib, gülə-gülə evlərinin giriş qapısına tərəf uzaqlaşdı. Bakı şəhəri, 28.01. – 05.03.2025.

MÜƏLLİF: ƏZİZAĞA ELSEVƏR

ƏZİZAĞA ELSEVƏRİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hz. isa Məsihin 12 həvvarisindən biri olan Apostol Varfolomeyin məzarı

1964-cü ildə Sovet kəşfiyyatı tərəfindən Bakıda arxeoloji qazıntılar aparıldı. Qazıntılar zamanı Qız qalasının yanında Hz. isa Məsihin 12 həvvarisindən biri olan Apostol Varfolomeyin məzarı tapıldı.

Müqəddas Varfolomey 24 avqust 71- ci ildə atəşpərəstlər şəhəri olan Bakıda xristian dinini yaydığına görə çarmıxa çəkildi. Onu çarmıxa çəkildiyi yerdə dəfn etdilər.

Dəfn olunduğu yerdə Alban kilisəsi tikildi. Daha sonra isə Müqəddəs Varfolomey kilsəsi ucaldıldı. SSRİ zamanı Bakıya gizli yollarla buranı ziyarət etmək üçün Fransadan, irandan, Türkiyədən, Britaniyadan insanlar gəlirdi.

Tapılan məzarın eni yarım metr, uzunluğu isə 2 metr idi. 1892-ci ildə həvarinin șəhid olduğu ərazidə (Qız qalası yaxınlığında) “Həvari Varfolomey” Kilsəsi inșa etdirildi.(9-cu
şəkil) 1936-cr ilə qədər fəaliyyətini davam etdirən kilsə, daha sonra dinlə mübarizə kompaniyası çərçivəsində söküldü.Hal hazırda kilsənin qalıqları müqəddəs abidə olaraq dövlət tərəfindən qorunur.

Hər il 24 iyun səhər saatlarında burada xüsusi dua mərasimi icra edilir. (Keçirilən ayinlərdən şəkillər yerləşdirəcəm rəylərə)

Məzarın üstündə Alban dilində “Rəbbə sadiq Varfolomey” yazılırdı. Məzarı qutuya qoyub Moskvaya apardılar. Həmin kilisəni isə dağıtdılar.

Varfolomeyin məzarı olduğu kilisə dinlərlə mübarizə adı altında sökülmüşdür. Həmçinin Qız qalasının altından albanlara məxsus əlyazmalar, isa Məsihə aid olan əşyalar və qədim incil kitabi tapılib Sovet Rusiyası tərəfindən yox edilmişdir.

Mənbə və müəllif: Aynura Allahverdiyeva

AYNURA ALLAHVERDİYEVANIN YAZILARI

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

XEYİRXAHLIQ HAQQINDA ÜÇ EPİZOD

XEYİRXAHLIQ HAQQINDA ÜÇ EPİZOD

Bu gün onun doğum günüdür. Xalq yazıçısı, AYB-nin sədri Anarın.

Onun haqqında düşüncələrimi bu doğum günündə bölüşmək istədim.

Onu ilk öncə əsərlərindən tanıdım. Dəyər verdiyim yazıçılardandır.

Bu gün onun nə əsərlərindən yazacam, nə də şəxsiyyətindən. Yazacaqlarım onun bir rəhbər, bir insan kimi şahidi olduğum keyfiyyətlərindən və bizim ailə üçün etdiklərindən olacaq.

İl 1989. Atam, yazıçı İsmayıl Qarayev ağır xəstə idi, son aylarını, günlərini yaşayırdı. Onun dostu, jurnalist Əhməd İsayev məni baş verəcək hadisələrə hazırlamışdı (çünki uşaqların böyüyü mən idim və demək olar ki, ata bir çox məsələlərdə mənim fikrimi alırdı. Əhməd əmi də bunu bilirdi). Atanın son vaxtlarında onun nəşriyyat, kinostudiya, ədəbi qəzet və jurnallarda olan əlyazmalarının siyahısını tutdurmuşdu, telefon kitabçasını götürməyimi istəmişdi.

Mən də atanın qəlbinə dəymədən, “Əhməd əmi sənin yazılarınla maraqlanmaq üçün bunları istəyir” demişdim. O da istənilən hər şeyi çətinliklə də olsa deyə bilmişdi (çünki son vaxtlar nitqində qüsur yaranmış, həmişə ona xidmət etmiş, qələm tutan sağ əli iflic olmuşdu).

Həmin il atam dünyasını dəyişdi. Anam Leyla xanım ondan 3 il əvvəl haqqın rəhmətinə qovuşmuşdu. 4 uşağın böyüyü mən idim, universitetin 3-cü kursunda oxuyurdum. Ailəmizdə baş verən itkilərdən sanki başımı itirdim, bir boşluğa düşdüm, kimsəsiz, köməksiz olduğumuzu anladım… Bir müddət sonra toparlandım.

Mən özümdən kiçik bacı-qardaşlarımı bir tərəfə çıxarmalı idim. Rayonda yaşamaq çətin olduğu üçün uşaqları Bakıya çıxarmağı qərara aldım. Bunun üçün Bakı qeydiyyatı olmalı idi.

Bu zaman atanın telefon kitabçası, tutduğumuz siyahı, atanın son iş yeri, qeydiyyatda olduğu ünvan, 3 uşağın qeyd olunduğu orderi xatırladım.

Kimdən kömək istəyim?

Telefon kitabçasını vərəqlədim. Adlara baxdım. AYB sədri Anarın nömrəsini götürdüm. Gəncədəki telefon danışıq məntəqəsindən zəng etdim. Dəstəkdən Anarın səsi eşidildi. Mən, yazıçı İsmayıl Qarayevin qızı olduğumu, atamın rəhmətə getdiyini, problemimiz olduğunu dedim və kömək istədim. Anar müəllim məni diqqətlə dinlədi, bir gün sonra zəng etməyimi tapşırdı.

Zəng etdim. Problemin həllinə AYB-nin katibi Çingiz Abdullayev də qoşuldu. Uşaqlar order əsasında həmin ünvana qeydiyyata götürüldü. Qardaşım Qoşqar atanın son iş yerinə işə düzəldildi, atanın ev növbəsinə salındı.

Bu, Anarın bizim ailə üçün etdiyi birinci dəstək oldu.

İl 1993. Anar yenə AYB-nin sədri idi. İsmayıl Qarayevin tapdanmış haqqını bərpa etmək biz övladların ən böyük arzusu idi.

Ailə adından məktubu hazırladım, hərəkəti qardaşım Qoşqar etdi.

İsmayıl Qarayev AYB üzvlüyünə bərpa olundu (10.06.1993. Ədəbiyyat və İncəsənət Arxivində araşdırma apararkən AYB-nin fonduna da baxdım və həmin protokolun aidiyyəti səhifələrinin fotosunu da buraya əlavə edirəm).

Bu, Anarın bizim ailə üçün etdiyi ikiinci dəstək oldu.

İl 2024. 4 dekabr. İsmayıl Qarayevin doğum günündən bir gün öncə, AYB-nin Natəvan klubunda onun “Ömürdən sonra…” adlı xatirə gecəsi və 70 kitabının təqdimatı keçirildi. Bu tədbir bu müqəddəs ocaqda yazıçının ilk tədbiri və ilk kitab təqdimatı idi.

Tədbiri xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayev açdı. Yuxarıda yazdığım xatirəni də danışdı.

Çox böyük coşqu ilə keçən tədbirlə sanki İsmayıl Qarayev yenidən AYB-yə qayıtdı.

Bu, Anarın bizim üçün etdiyi üçüncü dəstək oldu.

Mən doğum günündə Anar müəllimə ailəmizə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirir və deyirəm:

Dəyərlimiz Anar müəllim!

İsmayıl Qarayevin ailəsi adından, şəxsən öz adımdan Sizi təbrik edir, sağlam can, uzun ömür, yaradıcılıq uğurları arzulayıram.
Var olun! Varımız olun!

Bəlkə də bu kiçik təbrik 88 yaşınızın ilk təbriki oldu.

Qədəmləri uğurlu, ömrünüzdə qoşa rəqəmlərin sayı isə çox olsun!

Təbrikə İsmayıl Qarayevin AYB üzvlüyünə bərpasından sonra üzvlük vəsiqəsini qardaşım Qoşqara təqdim etdiyiniz bir videogörüntünü də əlavə edirəm:

Dərin hörmətlə,

Vəsimə İsmayılqızı

yazıçı, publisist

AYB və AJB üzvü

MURAD MƏMMƏDOVUN YENİ-ŞEİRLƏRİ

ÖLÜM PAYLANANDA BİRCƏ POZULMUR

Hava tutqun, əhvalım yox, kefim az,

Boylanıram bir kasıbın halına.

Yandan ötən bir dərdini soruşmaz,

İnanmıram mənim cəhdim alına.

***

Hey bezdirər bu dünyanın gərdişi,

Yoxsuldusa, o da Allah bəndəsi!

Dərdə bax ki, düzəlməyir bir işi,

Görən yenə kütmü gedib kündəsi?!

***

Üz-gözündən kədər yağır, qəm yağır,

Neyləsin ki, bu da adam sayıla?!

Yenə, Tanrım, sən harayla, sən çağır,

Bəlkə dura, addım ata ayıla.

***

Deyirlər Allahın ədaləti var,

Xəbəri yoxdumu behsiz bazardan?!

Biri yatar, durar, bol ruzi tapar,

Biri qan ağlayar dərddən-azardan.

***

Ədalət gəzmirəm dünyada daha,

Nəyə göz qoyasan, nə izləyəsən?!

İti, küçüyü də atından baha,

Satılan bazardan nə gözləyəsən?!

***

Murad çox ciddidi, bir söz dedisə,

Onun söylədiyi heçə yozılmır!

Ədalət dediyin o söz nədisə,

Ölüm paylananda bircə pozulmur!

QOŞMA

Baharda ilk işim şum eyləməkdi,

Kəsəyi, kəltəni qum eyləməkdi.

İnadım torpağı mum eyləməkdi,

Dən səpib əkirəm tutana qədər.

***

Köhnəni, köşkülü atmaq istəsəm,

Arzuya, niyyətə çatmaq istəsəm,

Beynimdə bir şeyi satmaq istəsəm,

Mən söküb tikirəm satana qədər.

***

Gah açıq havada yeriyirəm mən,

Gah dağı arana sürüyürəm mən.

Beynimdə olanı kürüyürəm mən,

Min zülüm çəkirəm yatana qədər.

***

İçim buz bağlayır məni dondurmur,

Əriyir, yox olur nəsə don durmur,

Ay Murad, Gün olsam, qorxma yandırmır,

Çən olub çökürəm batana qədər.

OD ÇƏRŞƏNBƏSİNDƏKİ ARZULARIM

Çarəsizlik bir insanın ölümü,

Əl-ayağın yerdən tamam üzülər.

Nə çəkər bir insan çəkən zülümü,

Dərd tükənməz, dərd dalınca düzülər.

***

Köməyi Allahdı tək olan kəsin,

Heç kəs ağrımasın, azar görməsin!

İnsanın işini Tanrı əyməsin,

Kimsənin qəlbinə şeytan girməsin!

***

İlahi nur saçsın qaranlıqlara,

İnsan pirə dönsün, mələyə dönsün.

Ay Allah, kömək ol, düşərsə dara,

Qoyma dərd öldürsün, çırağı sönsün!

***

Bu bahar axşamı xoş niyyət tutaq,

Dərdimiz, qəmimiz odda qalansın!

Ya Allah söyləyib gecəni yataq,

Yuxumuz çin olsun, xeyrə calansın!

AYLARIN SULTANI

Bir kasıb toxdusa, evində toydur,

Allah da sevinər, gül açar göylər.

Ramazan ayında bir acı doydur,

O acın savabı sənə bəs eylər.

***

Ayların sultanı sayılar bu ay,

Bu ayda ağlayan könüllər gülər.

Nəfsə qul olanlar salmaz hay-haray,

İnsan oruc tutar, imana gələr.

***

Hər evdə hüzur var bu gözəl ayda,

Pak olan bu ayın barını dərər.

Tanrının qoyduğu bu qanun-qayda,

Ruhu təmizləyər, səbrə güc verər.

***

Şükr elə sağlamsan, azı min kərə,

Toxunma, zülm etmə, gülmə heç kəsə.

Dua et açılan sabaha görə,

Aldığın nəfəsə, duyduğun səsə.

***

Dilinə yiyə dur, nəfsinə dur de!

İlahi qəlbinə hidayət versin!

Çalış ağlınla gör, gözünə kor de,

Doğru ol, qəlbinə nə şeytan girsin!

***

Tanrıya təslim ol, ona yaxın ol!

Ramazan ayında fəzilət budur.

İslama hörmətdir tutduğun bu yol,

Şərdən uzaq dolan, haqqa dayaq dur!

O GƏLƏNƏ QOŞA KEÇƏ

Əlin yerdən üzüləndə,

Dağ ələnə, daşa keçə!

Dərd sıraya düzüləndə,

Can bələnə, boşa keçə!

***

Arzuların sona çata,

Başını söz-söhbət qata.

Vay o gündən sağlam yata,

Kor dilənə, başa keçə!

***

Üzdə səni saymayanlar,

Bir salamı qıymayanlar,

Dil boğaza qoymayanlar,

Ütələnə, çaşa, keçə!

***

Təklik səni çox üzməyə,

Murad, yarın tək bezməyə,

Ölüm haqdı, tez gəzməyə,

O gələnə qoşa keçə!

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zeynalabdin Novruzoğlu

İNSAN DOĞULMALISAN

Başı qorumaq üçün,

Dili qorumalısan.

Dili qorumaq üçün,

Bəzən lal olmalısan.

Abrı qorumaq üçün,

Nəfsi qorumalısan.

Nəfsi qormaq üçün,

İnsan doğulmalısan.

QORXAQ

Qorxaq qorxaqlığından.

Əl çəkərmi görəsən?

Əlbəttə ki, əl çəkər.

Amma gərək ona sən,

Ayrı ürək verəsən.

XIRDALANAN XIRDALAR

Özündən müştəbehdi,

Nə naşı, nə səfehdi.

Alqı–satqıda behdi,

Xırdalanan xırdalar.

Hər biri xırda kündə,

Böyüklərin əlində,

Böyüyürlər bir gündə,

Xırdalanan xırdalar.

Toyun, yasın “ağa”sı,

Min bir dərdin “dəva”sı,

Allahın bir bəlası,

Xırdalanan xırdalar.

Üzə gülmək adətdi,

Gözə girmək sənətdi,

Saxta bir məhəbbətdi,

Xırdalanan xırdalar.

Göyəribdi hər yanda,

Döşəmədə, tavanda,

At çapırlar ekranda 

Xırdalanan xırdalar.

Zəmanənin xətası,

Xətalıdı ədası,

Xırdaların xırdası- 

Xırdalanan xırdalar.

EŞŞƏYİN FƏRASƏTİ

Eşşəyin balasına,

Canavar diş qıcadı.

Eşşək gülüb dedi ki,

Dayım oğlu Muraddı.

Get yanına, bəlkə o,

Sovqat gətirib sənə.

Beləcə yazıq qoduq,

Düşdü qurdun əlinə.

Bunu görüncə eşşək,

Var səsiylə bağırdı.

O biri qurdları da,

Öz yanına çağırdı.

ETİBARSIZ ÇIXINCA

Yuxarı zarıldadı,

Aşağı mırıldadı.

Sevimli tula oldu,

Xaltası parıldadı.

Yedi, yedi pıxınca,

Günəş batıb çıxınca.

Bir gün qulağı çıxdı,

Etibarsız çıxınca.

AY GÜLƏYƏNİM

Dəvənin boynuna,

Baxıb gülürsən.

Özün öz eybini,

Niyə görmürsən?

Onun boynu əyri,

Sənin ürəyin.

Hansı gülməlidi,

Ay güləyənim..?

VALLAHİ BACARARSAN

Nə qədər lovğalansan,

Bunca xırdalanarsan.

Nə qədər sadə olsan,

O qədər ucalarsan.

Sadə olmağa çalış,

Vallahi bacararsan.

ZIYALININ YERİNDƏ

Alimi öz yerində,

Şairi öz yerində.

Nədən tacir əyləşir,

Ziyalının yerində.

SƏN İLAN OYNADANSAN

Mükəmməl ağlın olsa,

İlanla dil taparsan.

Tütək boyda ağılla,

Sən ilan oynadarsan.

TİKAN ÇIXARIR

Deyirsən uzunqulaq,

Bədheybət səs çıxarır.

Ac qurdun ürəyindən,

Bu səs tikan çıxarır.

PİSLƏRİN DƏ YAXŞISI VAR

Yaxşı qurd var,

pis görürsə.

Yaxşı it var,

az hürürsə.

Yalançının yaxşısı var,

yanan evi söndürürsə.

Oğrunun da yaxşısı var,

ələ keçib döyülürsə.

ÇABALAYIRSAN

Gah tələ qurursan,

gah tor atırsan.

“Balıq” tutmaq üçün,

çox çalışırsan.

Onu bilmirsən ki,

özün balıqsan.

Zamanın torunda

çabalayırsan.

SƏKSƏNMƏSİN

Düşmən ola, mərd ola,

Elə at ki, dəyməsin.

Dost ola, namərd ola,

Elə vur, səksənməsin.

YALAN OLSUN

Yalançının dilindən,

Arı vursa, sağ olsun!

Eşşək arısı olsa,

Yazıqdı, yalan olsun.

TƏRƏZİ

(Tərəzi düz çəkəndə)

İki qara göz olar,

Açıq alın, üz olar,

Bu dünya dümdüz olar,

Tərəzi düz çəkəndə.

Ölən torpaq dirilər,

Ölü, diri bitirər,

Hər arzuya yetirər,

Tərəzi düz çəkəndə.

Qurdun ağzı bağlanar,

Qoyun yeyər, yağlanar.

Nehrədə yağ çalxanar.

Tərəzi düz çəkəndə.

Qara qum çiçək açar,

Balıqlar quş tək uçar.

Qapılar neynir açar?

Tərəzi düz çəkəndə.

Hamı olar ağ atlı,

Hər səfəri muradlı.

Hər tikə olar dadlı,

Tərəzi düz çəkəndə.

(Tərəzi səhv çəkəndə)

Çaş biri iki görər,

Tərəzini daş döyər,

Alan satanı söyər,

Tərəzi səhv çəkəndə.

Torpaq ölər, dirilməz,

Dirilməsə, bitirməz.

Əkən-biçən bilinməz,

Tərəzi səhv çəkəndə.

Qoyunlar vəhşiləşər,

Ortalığa qan düşər.

Bu qanı yumaz bəşər,

Tərəzi səhv çəkəndə.

Balıqlar ilan olar,

Kürzələr yalan olar.

Qara qum gözə dolar,

Tərəzi səhv çəkəndə.

Ağ at qara boyanar,

Atlı tənha dayanar.

Divlər çalıb oynayar,

Tərəzi səhv çəkəndə.

İKİLİKLƏR

Bu torpaq son səngər, sonuncu qala,

Kaş ki, şəhid kimi sarılam ona.

***

Sözün ayağına baş qoyan gündən,

İmtahan edirəm özüm-özümdən.

***

Yaxşı ki, dünyanı dərk etmir bəşər,

Dərk etsə, bu dünya qiymətdən düşər.

***

Ölüm son çarədi, dərmandı vallah,

Onunçün yaradıb ölümü Allah.

***

Kaş ki, insan əcdadına oxşaya,

İnsan olan, insan kimi yaşaya.

***

Günəş qürub edir, görəsən, neyçün?

Ölmək lazım imiş doğulmaq üçün.

***

Dağlar seyrələndə bitər dərələr,

Dağ dağa söykənsə, itər dərələr.

***

Namusla yaşamaq çətindir, fəqət,

Ondadır xoşbəxtlik, əsl səadət.

***

Qara kül içində od necə parlar,

Eləcə parlayır yaxşı insanlar.

***

Bütün günahların başı – xəyanət!

İnsan günahının yaşı – xəyanət!

***

Yerə qan düşməsə, lalə göyərməz.

Göyərməsə, torpaq dərdə dözəmməz.

Qoşa misra – qoşa yol…

Göyərçinlər, yaxşı yol!

***

Həyatın sonunu düşünməyən kəs,

Mənalı bir ömür yaşaya bilməz.

***

Qartalı görməsə, zirvə qəm çəkər,

Qartal da öləndə ondan əl çəkər!

***

Baş əymək böyükük, niyyət xoşdusa,

Yersiz əyiləcək – içi boşdusa…

***

Söz-söhbətə inanmıram, nə danım,

Əməli qoy ortalığa, inanım.

***

Öz-özünə qalib gəlmək hünərdi,

Bu qələbə çətindi, möhtəşəmdi.

***

Dünyanın əşrəfi insandır, insan!

Yaşamağı bacarmırsa, nə insan?..

***

Min-bir dona bürünsə də gədələr,

Görən kimi tanıyacaq dədələr.

Qabağından keçəndən o borc alıb yeyirdi,

Mən öləndə həriflər ağlayacaq – deyirdi.

***

Siyasətin ticarətlə qohumluğu var,

İkisi də alıb-satır, dəllaldır onlar.

***

Xalqı qəlbən sevənlər,

Bunu ona demirlər.

***

Kim ki, tək özünü güdür həyatda,

Axırda qalacaq şələnin altda.

***

Sözü əməlindən çox olan kəsin,

Dilinin ucundan azacıq kəsin!

***

İstedadlı olanlar heç vaxt paxıl olmurlar,

Nə yaxşı ki, paxıllar istedadsız olurlar.

***

Balta yaranıb ki, kötüyü kəssin,

Yaranmayıb gülü, çiçəyi əzsin.

***

Hamıya qara yaxdı,

Özü qır olub axdı…

***

Şairlər qartalı sevir nə üçün?

Qartallar zirvəni sevdiyi üçün.

***

Nə gəldi-gedərdi, nə fani dünya!..

Yaddaşına yazır hər anı dünya.

***

Ac qalmaq toxluğa minnət borcudur,

Yerində susmaqsa dil orucudur.

***

Dahilər dünyaya gəlməsə əgər,

Dünyaya əbədi qaranlıq çökər.

***

Sözün qiymətini ağıldan soruş,

O, ağlın zəhməti ilə yoğrulmuş.

***

Şeytan mələkdirsə, bəs mələk nədir?

İnsana qurulan bu kələk nədir?

***

Özü piyadadır, tamahı atda,

Qovduqca qovacaq, amma nə fayda?!

***

Dahilər zamana meydan oxuyur,

Dağ öz dağlığını özü qoruyur.

***

Bulaq suyu kimi təmiz adamlar,

Selə qarışsalar, murdarlanarlar.

Sanmayın şöhrət üçün günəş görünür gözə,

Şöhrətin zirvəsindən günəş baş əyir bizə…

***

Bu dünyanı çərxi fələk oynadır,

Oynamaq özü də dəngə yaradır.

***

Paxılın qazancı nədir görəsən?

Bunu paxıl bilir, deməz, öləsən…

***

Ağlım çoxaldıqca, ömrüm tükəndi,

Ağıl ki var, ömrə qələm çəkəndi.

***

Kimi görsə, “qardaşımsan” deyirdi,

Özü isə əmioğlu da deyildi.

***

Görəsən, qaçanlar dəlidən qaçır,

Ya dəli ceyranın dalınca qaçır?!

***

Böyük ağıl sahibi gərək böyük sayılsın!

Yerdə qalan nə varsa, onlar çöpə atılsın.

***

Demə ki, var mənim hər cür imkanım,

Vaxt olar, tapılmaz sənin dərmanın!

***

Dahiləri öldürən ölümlərə ar olsun!

Ölümdən qisas alıb yaşayanlar var olsun!

***

Düşmənin yoxdursa, özün də yoxsan,

Şərlə vuruşmaqdan, demək, qorxursan.

***

Deyirsən, inansan aldanacaqsan,

İnanmasan, necə yaşayacaqsan?

Əl açan, əl tutan əllər birləşə,

İnsanlıq nur saçar, qalxar günəşə…

***

Hörmət hamıya gərəkdi,

Arifə həm də çörəkdi.

İstər aldadan ol, istər aldanan,

Bunların yerini dəyişir zaman.

***

İnsafı itirsən, haqqı itirsən,

Sən bədbəxtsən, zavallısan, yetimsən.

Hər kəs öz imzasıyla qiymət yazır özünə,

Biri qanına yazır, biri yazır üzünə…

***

Xalqın oğlu çoxdur, fəqət,

Hər oğulda olmur qeyrət.

***

Torpaq çiçək düzüb çayın yoluna,

Çay da qolun salıb onun boynuna.

Günəşdə ləkələr axtarma ki, sən,

Gözlərin kor olar, heç nə görməzsən.

***

Bu günün hökmünə cavabdeh zaman,

Hələ yoldadırsa, onda əlaman!

***

Əgər mənimdirsə bölünən Vətən,

Demək, günahkar da mənim özüməm.

***

Astarı üzündən baha gətirir,

Üzü hərdən-hərdən həya gətirir…

***

Həyatın son hökmü, dərmanı ölüm,

İcranı yubatma, ölüm, mən ölüm!

***

Payıza qız calamasan,

Qışdan bahar alammazsan.

***

Dərddən qaçsan, sən təzə dərd taparsan,

Dərdlə sirdaş olsan, ağıllanarsan.

***

Xalqın inamını içdi su kimi,

Xalq da onu atdı çirkli su kimi.

***

Nəvə nənəsini yaman aldadır,

Zaman öz-özünü belə oynadır.

İstəyirsən dırmaşasan başa sən,

Tərifi de, çəpiyi vur, yaşa sən.

Ziyanlı ziyalı ikiqat ziyan,

Belə ziyalıdan yaxşıdır ilan.

***

Yaltaq tərif dedi, qarnı tox oldu,

Tərif deyə-deyə özü yox oldu.

“Bozqurd” olmağına bozqurddur, amma,

Qurdun qurdla boğuşmağı olmaya…

***

“Beşgünlük dünya”da kef çəkdi beş gün,

Beşcə gün yaşadı, öldü büsbütün.

***

Hər köynəkdən çıxan məgər sazmıdı?

Hürə-hürə it olanlar azmıdı?

***

“Gecə qara – cücə qara”,

Projektor olmaya.

Ayının kütlüyünə tülkü güldü o ki var,

Gülə-gülə də seçdi o, ayını tamada.

***

Nadanı qandırmaq çox savab işdi,

Savab qazanınca iş-işdən keçdi…

***

“Mərifətsiz” – söylədilər eşşəyə,

Dedi, bu söz nəmənədi, ay gədə?

Ağlıkəmin bir dərdi var – ağlı kəmdi,

Ağıllının min dərdi var, osa təkdi.

***

Maymaqlar, kim gəldi dostluq edərlər,

Elə bu yolda da qurban gedərlər.

Əslində hamını ölüm axtarır,

Bəzi axmaqlar da ölüm axtarır.

***

Gülmək xeyirdi, xeyir,

Hırıltı gülüş deyil.

İstərəm dünyanın dərdlərini mən,

Alam öz çiynimə, baş alıb gedəm…

***

Nadanı kəndxuda qoydular bir gün,

Nə qədər qan düşdü kənddə həmin gün.

Yalquzaq tək gəzib, tək dolaşmasa,

Hökmü məhdudlaşar onun hardasa…

***

Ata arpa verib satın aldılar,

Ağatlı oğlanı atdan saldılar.

***

Dünyada nə varsa insan üçündür,

Bəs insanlıq özü hara köçübdür?

***

Məni bəyənmirsən, bəyənmə, neynək…

Bunun səbəbini izah et görək.

***

Boyuna baxma ki, əməlinə bax,

Əməli-salehin ayağına qalx!

***

Dünyanı özünə borclu bilənlər,

Dünyadan köçəndə borcu verirlər.

***

Anlamaq həm dərddi, həm də ki, dərman,

Dərdi dərd sağaldar, nəinki dərman.

***

Nə zalımam, nə məzlum,

Sərbəstlik – mənim arzum.

***

Abrı qorumağa çatsa hünərin,

Üstündə durmusan sən xəzinənin.

***

İnsanlıqdan üz döndərən bir tula,

Ya zora baş əyər, ya da ki, pula.

***

Cırtdan olub filə minmək nəmənə?

Qurban olum fil yükünü çəkənə!

***

Dahilər sadəlövh olmasa əgər,

Böyük düşüncəni şikəst eyləyər.

***

Məhək daşı – qızıldan daş,

Başyaran daş, başına daş!..

***

Satılmayan insan – alınmaz qala!

Müqəddəs məbəddir, baş əydim ona.

***

Kim ki, özgə dərdinə biganəlik göstərir,

Nadanlığı bir yana, vəhşilik də öyrənir.

***

Altını çəkməyə varsa hünərin,

Bildiyini elə, haqqın var sənin.

***

Axtarmayın ümumi dil,

Lalın dili beynəlxalq dil.

***

Dünyanın dərdini çəkənlər ki, var,

Dünya vətəndaşı onlardır, onlar!

Müəllif: Zeynalabdin Novruzoğlu

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Naxçıvan MR

“YÜZ ON İKİNCİ GÜN”dən sonra

“YÜZ ON İKİNCİ GÜN”dən sonra

Naibə Yusifin romanı haqqında düşüncələr

Əgər özüm şəhid baş leytenant Həsənağa Abdullazadəyə həsr olunmuş “Yüz on ikinci gün” kitabını bir gecəyə oxuyub başa vurmasaydım, bu münasibətlə keçirilən tədbirdə Milli Məclisin deputatı Fariz İsmayılovun, Gömrük Akademiyasının rəisi general-mayor Qulu Novruzovun romanı birnəfəsə oxumaları haqqında geniş ictimaiyyətə bəyan etmələrinə bəlkə də, sözgəlişi deyim kimi qəbul edərdim. AMEA Elmi Kitabxanasındakı tədbir əslində dəyərli söz adamı, şeirləri, qəzəlləri, hekayələri ilə çoxdan tanıdığım şirvanlı yazar Naibə Yusifin yeni kitabının təqdimatından daha çox 9 mart 1993-cü il təvəllüdlü Vətən Müharibəsi Qəhrəmanının anım mərasimi kimi yadda qaldı. Təbii ki, tədbirin əsas səbəbində və mərkəzində yazıçının ciddi axtarışları, faktları bədii təfəkkürünün süzgəcindən keçirərək, yüksək sənətkarlıqla qələmə aldığı “Yüz on ikinci gün” romanı dururdu.

El arasında deyildiyi kimi, ağzınacan dolu olan zalda əlavə stulların düzülməsinə ehtiyac bir tərəfdən şəhid ruhuna ehtiramdan doğurdusa, digər tərəfdən yüksək təşkilatçılığın (millət vəkili Fariz İsmayılov, ev sahibləri)  nəticəsi olaraq üç saata qədər davam edən tədbirin sonunda belə dağılmaq istəməyənlərin maraqlarından və duyğulanmalarından irəli gəlirdi. 

Millət vəkillərinin, elm və sənət adamlarının, şəhid ailələrinin və cəbhədaşların iştirakı ilə keçirilən tədbir haqqında müxtəlif mənbələrdə məlumat yayıldığını nəzərə alaraq, diqqəti maraqla oxuduğum romanın məziyyətlərinə yönəltmək istəyirəm. Xüsusən şəhidlər haqqında bədii ədəbiyyata, film və tamaşalara daha çox marağım daxilində xeyli yaradıcılıq nümunələri ilə tanış olduğumdan bu mövzunu az-çox qavradığımı, təvazökarlıqdan uzaq olsa da, bildirməliyəm.

“Yüz on ikinci gün” romanı bir tərəfdən yazıçı təxəyyülünün məhsulu kimi yüksək bədii keyfiyyətləri ilə seçilirsə, digər tərəfdən axtarışlar, araşdırmalar, faktların dəqiqləşdirilməsi və yerli-yerində, səmərəli istifadə olunması nöqteyi-nəzərindən maraqlı və cəlbedicidir. Döyüş səhnələrinin təsviri, vətən yolunda canını qurban verməyə hazır olan igid oğullarımızın hər bir hərəkətini, danışığını, hiss və həyəcanını təbii və canlı çalarlarla ifadə etmək bacarığı yazıçının ağır məsuliyyətə vicdanla yanaşmasının təzahürüdür. Ancaq oxucu belə bir dolğun əsərin ərsəyə gəlməsində təkcə məsuliyyətin kifayət etmədiyini, qələm sahibinin mənəvi aləminin, torpaq, yurd sevgisinin buraya qatıldığını da elə ilk sətirlərdən hiss edir və sonadək bu təsir altında qalır. Yazıçı sanki özü də bu döyüşlərin iştirakçına çevrilir, igid oğullarla nəfəs alır, dediklərinin, düşündüklərinin səlnaməçisinə çevrilir. Və sözsüz ki, belə ürəklə və ürəkdən yazılan bu bədii əsər əbədiləşən qəhrəman obrazları kimi yaddaşlardan silinməyəcək, oxunacaq və ədəbiyyatımızın ən yaxşı nümunələri sırasında dayanacaq.

Çox yaxşı haldır ki, müəllif Həsənağa Abdullazadənin qəhrəmanlığını dar çərçivədə qələmə almır. Romanda general-mayor Polad Həşimovun, şəhid mayor Vüsal Vəliyevin və digərlərinin obrazları ən çətin məqamlarda rəşadət, dəyanət rəmzi kimi oxucuya təqdim olunur.      

Əsərin süjet xətti qəhrəmanlıq, vətən sevgisi üzərində qurulub. Həm də bu sevginin ailə münasibətlərindən, halal ana südündən, zəhmətkeş ata qayğısından qaynaqlandığı bütün əsər boyu oxucunu duyğulandırır. Qadın yazarın qələmində çağdaş ədəbiyyatımızda Səmilə ana və Şakir ata obrazları yaranır. Onlar, xüsusən Səmilə ana yeganə ciyərparasının atdığı hər addımda himayəçi olmaq istəyir, elə bir oğul böyüdürlər ki, elin-obanın yaraşığı, fəxri, qüruru kimi ana-ataya başucalığı gətirir. Ana oğluna “Həsənim” deyə onu oxşayıb əzizləyir. “Anam” xitabı dilindən düşməyən Həsənağa da nəinki ana-atasının, bütün qohumların, qonşuların, müəllimlərin sevimlisinə çevrilir. Onu böyüdən valideynlərin bir sözünü iki eləmir, ev işlərində onlara köməklik göstərir. Baxıb qürurlanan valideynlər ocaqlarına sahib çıxacaq belə bir övlad üçün fərəh hissi keçirirlər. Ancaq!..

…Hər şey də elə bu ancaqdan başlanır. Vətənin dar günündə onun müdafiəsinə qalxmaq, mənfurları torpaqlarımızdan qovmaq missiyasını amalına çevirən Həsənağa Abdullayev ilk dəfə böyük sözündən çıxmağa cürət edir, fikrində qəti olduğunu bildirir. O vaxtdan ananın dərdləri də böyüyür. Seçim qarşısında qalan Səmilə ana övlad sevgisini vətən sevgisinə qurban verməkdən başqa çıxış yolu

qalmadığını başa düşür. Yazıçının bədii təxəyyülü bu sevgiləri bir-birinə qarşı qoymur, əksinə doğmalaşdırır, qovuşdurur, daha güclü, daha duyğulu bir məcraya yönəldir. Nəyinsə baş verəcəyini hiss edən ana oğlunun qeyrətdən doğan vətən sevgisinə təslim olur, bunun Allahın dərgahında haqq, ədalət işi olduğuna inanır. Sənsiz yaşaya bilməyəcəm deyən valideynlər şəhid övladlarını tanıtmaq, yaşatmaq üçün canlarına qəsd etməkdən vaz keçirlər, bu yolda son anacan gedəcəklərinə and içirlər. “Yüz on ikinci gün” kitabının ərsəyə gəlməsi, keçirilən möhtəşəm tədbir da bu istəkdən doğan reallıqdır.   

SÖZARDI: Yeddinci sinifdə oxuyarkən o vaxt Kənd Zəngilandakı məscidə sığınmış kitabxanadan tapıb oxuduğum Viktor Hüqonun “Səfillər” kitabında Jan Valjan obrazının 3-4 səhifədə bədii boyalarla təsviri diqqətimi cəlb etmişdi. Qəhrəmanını güclü göstərmək üçün yazıçı elə ştrixlərdən istifadə edib ki, oxuyanda Jan Valjan sanki canlı kimi əzələlərinə qədər göz önündə canlanır və belə birisinin aşmış at arabasını çiyinləri ilə qaldıracağına şübhə etmirsən. Sonra yazıçı Bayram Bayramovun, Əli Vəliyevin, Süleyman Rəhimovun… əsərlərində çoxlarına uzun-uzadı gələ biləcək ana yurdumuzun füsunkarlığının bədii təsvirini sevməyə başladım və məhz bu təsvirləri dəfələrlə təkrarlamaqdan doymadım.

Hər bir müqayisə qüsurludur prinsipinə yox deyərək, “Yüz on ikinci gün” romanında ana dərdindən və vətən sevgisindən doğan hiss və duyğuların bu qədər canlı və inandırcı təsvirinə görə xanım yazarımız Naibə Yusifin söz dünyasına heyranlığımı ifadə etməyə bilmərəm.  İnanıram ki, roman bundan sonra da oxuna-oxuna seviləcək və sevilə-sevilə oxunacaq!

Mahir CAVADLI

Şair-jurnalist,

Azərbaycan Yazıçılar və Jurnalistlər

Birliklərinin üzvü  

KİTAB — RUHİYYƏTİN İNKIŞAFININ ƏSASIDIR

KİTAB — RUHİYYƏTİN İNKIŞAFININ ƏSASIDIR

Kitab toplamaq yalnız ağıl, həm də ruhani inkişafın əsas vasitəsidir. Kitablar, elm və mədəniyyətin ən uca və qiymətsiz sərvətlərindən biri kimi, insan həyatına hədsiz əhəmiyyət qatır. Onlar yalnız məlumat almaq üçün deyil, həm də insanın düşüncə tərzini inkişaf etdirmək, dünyagörüşünü genişləndirmək və cəmiyyətin intellektual səviyyəsini yüksəltmək üçün vacibdir. Kitab – bu aləmi, insanı, onun daxili dünyasını və xarici həyatını daha dərindən anlamaq üçün açılmış bir qapıdır. O yalnız bilik vermir, həm də düşüncəni inkişaf etdirir, ruhaniyyəti zənginləşdirir.
Kitabın tarixi min illər əvvələ gedib çıxır. Qədim Misirdə daş və papirus üzərində yazılmış mənbələr, qədim Çində ipək vərəqlərə yazılmış əsərlər, Avropada isə əl yazma kitablar elm əldə etmək vasitəsi kimi böyük əhəmiyyət kəsb etmişdir. Bu gün kitablara yalnız çap formatında deyil, həm də elektron şəkildə də rast gəlmək mümkündür ki, bu da onu daha geniş auditoriyaya çatdırmaq imkanı verir. Gutenbergin (XV əsr) çap texnologiyasını kəşf etməsi kitabların geniş kütləyə yayılmasına səbəb oldu. Bu kəşf, kitabların daha çox yayılmasına və elm, maarifçilik inkişafına təkan verdi. Cəmiyyətlərdə çap olunmuş kitablarla məlumat əldə etmə imkanları genişlənərək elm inkişaf etdi. Bu günlərdə isə kitablar yalnız bədii deyil, elmi və praktiki əhəmiyyətə malikdir. Kitabların müxtəlif növləri mövcuddur ki, hər kəs istənilən yerdə və istənilən vaxtda oxuyaraq bilik əldə edə bilər. Bu, öz növbəsində, dünyagörüşünü dəyişir və insanın dünyaya dair məlumatlarını genişləndirir.
Kitab insanın düşüncəsini formalaşdıran ən mühüm amillərdən biridir. Onun oxunması, ilk növbədə, insanı şüurlu və ruhani cəhətdən tərbiyə edir. Kitab oxuma prosesində insan yalnız məlumat əldə etmir, həm də onun hissi, ağıl və ruhi dünyası zənginləşir. Kitab oxuyan insan yalnız öz biliklərini artırmır, həm də onun xarici aləmlə münasibətini, əmək, insanlar, ətraf mühitlə əlaqələrini yenidən nəzərdən keçirir. Oxuyan insanlar daha çox səmimi, ardıcıl və tədqiqatçı düşüncəli olurlar. Onların düşünmə qabiliyyəti artır, dünyagörüşləri genişlənir. Kitab oxumaq, xüsusilə gənclər arasında yalnız elmi deyil, həm də əxlaqi tərbiyəverici vasitə kimi mühüm əhəmiyyət kəsb edir. Kitablar müxtəlif dünyagörüşlərini, mədəniyyətləri və fikirləri öyrənmək imkanı verir. Bu proses gənclərdə ədalət, mərhəmət, sevgi və səbrin inkişafına səbəb olur.
Kitab insanı yalnız bilikli deyil, həm də mədəniyyətli və hikmətli edir. Kitab oxumaq insanı yalnız bilikli etmir, həm də onu sosial və ruhani cəhətdən zənginləşdirir. Kitab vasitəsilə insan öz daxili dünyasını kəşf edir, onun hissləri, narahatlıqları, kədər və narahatlıqları ilə üzləşir. Kitab oxumaq vasitəsilə insan öz həyatına olan münasibətini yenidən formalaşdırır. O, hətta ən çətin vəziyyətlərdə də kitablar vasitəsilə sakitlik və qərar tapır. Oxuyan insan heç vaxt tək olmayacaq, çünki onun yanında həmişə hikmətli dostu – kitab var. Kitab oxumaq – bu ağıl və ruhani yüksəlişin qaynağıdır, dünyagörüşünü genişləndirmək və insanı hərtərəfli inkişaf etdirmək üçün xidmət edir.
Kitab oxumaq mədəniyyətini inkişaf etdirmək, xüsusilə bu günlərdə aktual məsələdir. Rəqəmsal texnologiyaların inkişafı ilə kitablara elektron formatda da rast gəlinir, amma bu, ənənəvi kitab oxuma mədəniyyətinə təhdid yaratmamalıdır. Kitab oxuma mədəniyyətini qorumaq üçün kitab yarmarkaları, müzakirələr, yaradıcı gecələr kimi tədbirlər təşkil etmək, gənclər arasında kitab oxuma yarışları təşkil etmək və onları mükafatlarla stimullaşdırmaq vacibdir. Bu şəkildə cəmiyyətdə kitaba olan marağı artırmaq mümkündür. Kitabların əhəmiyyətini təbliğ etmək, kitab oxumağın faydalarını izah etmək və gəncləri oxumağa təşviq etməklə kitab oxuma mədəniyyətini inkişaf etdirmək mümkündür.
Beləliklə, hər birimiz kitab oxumağı həyatımızın ayrılmaz bir hissəsinə çevirməliyik. Kitablar yalnız bir obyekt kimi mövcud deyil, onlar bizi yaşamağı öyrədir, bizə yaxşı insan olmağı təşviq edir. Kitabların əhəmiyyəti heç vaxt azalmamalıdır. Toplamaq və oxumaq – bu insanın özünü və dünyanı anlama yolundakı ən mühüm addımlardır. Kitab – bu ağıl və ruhani inkişafın əlifbasıdır.
Nodira AZIZOVA,
İs’hoqxon İbrat adına Namangan Dövlət Xarici Dillər İnstitutu İnformasiya-Resurs Mərkəzi işçisi

Albert Einstein və onun dilini çıxardığı məşhur fotosu

Albert Einstein və onun dilini çıxardığı məşhur fotosu. Bu şəkli görməyən, bilməyən çox az adam var. Ancaq onun tarixçəsini bilən azdır…
14 Mart dahi alimin doğum günüdür. 1951-ci ildə görkəmli fizik ad günü axşamı restorandan çıxarkən onu bezdirən mətbuat nümayəndələrindən qaçaraq arvadı və dostu ilə özünü avtomobilin içinə atır. Foto-müxbirlərin zəli kimi qır-saqqız olmalarına “That’s enough” (Yetər artıq) deyərək dilini var gücü ilə eşiyə çıxarır.
Və Arthur Sasse adlı bir foto-müxbir o anı ölümsüzləşdirir. Bu kadr Arthura dünya şöhrəti gətirir…

Martın 14-ü Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın doğum günüdür

Martın 14-ü Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın doğum günüdür.

Anar Rzayev 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olub.

Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.

Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib.

1991-ci ilin martında Yazıçıların IX Qurultayında Anar Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.

1991-ci ildə müstəqil Azərbaycanın Milli Məclisinin ilk iclasını açmaq Anara həvalə olunub.

O, 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı olub.

Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Azərbaycan Prezidenti Anarı 60 yaşı münasibətilə ölkəmizin ən yüksək mükafatı, İstiqlal ordeni ilə təltif edib. Azərbaycanın Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1980), Azərbaycanın Xalq yazıçısıdır (1998).

Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlayıb. 1960-cı ildə “Azərbaycan” jurnalının dekabr nömrəsində çap olunmuş “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” ilk mətbu hekayələridir.

Onun müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır.

“Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Əlaqə”, “Dantenin yubileyi”, “Dədə Qorqud” əsərləri müxtəlif dillərdə çap olunub.

Azərbaycanın bütün teatrlarında Anarın pyesləri tamaşaya qoyulub. Rusiyanın “Mosfilm” kinostudiyasında “Mən, sən, o və telefon” hekayəsinin motivləri üzrə “Hər axşam 11-də” bədii filmi çəkilib.

Anar 11 bədii filmin (“Torpaq. Dəniz. Od. Səma”, “Gün keçdi”, “Dədə Qoqud”- ilk iki hissəli Azərbaycan filmi, “Dantenin yubileyi”, “Üzeyir ömrü”, “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “İmtahan”, “Əlaqə”, “Təhminə”, “Otel otağı”), bir neçə sənədli və televiziya filminin (“Dəniz”, “Qobustan”, “Daş saatın səsi”, “Qədim Gəncə-Yeni Gəncə”, “Bu-Səttar Bəhlulzadədir”, “Bu-Javaddır”, “Dindirir əsr bizi”, “Evləri köndələn yar”) ssenari müəllifidir. “Dantenin yubileyi” filminin habelə iki hissəli “Üzeyir ömrü”, və “Qəm pəncərəsi” filmlərinin quruluşçu rejissoru Anar özüdür.

Anarın şeirlərinə bəstəkarlardan E.Sabitoğlu, X.Mirzəzadə, Cavanşir Quliyev mahnılar bəstələyib.

Şekspirin “Fırtına”, B.Brextin “Qalileo Qaliley” pyeslərini, R.Taqorun “Bağban” mənsur şerlərini, A.Blokun, V.Mayakovskinin, S.Yeseninin, B.Pasternakın şerlərini dilimizə çevirib.

O, 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türkdilli Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.

Qeyd edək ki, yazıçı 26 oktyabr 2022-ci ildə AYB-nin 13-cü Qurultayında yenidən sədr seçilib.

Anar müəllim,

Sizi təbrik edirik. Sizə uzun ömür, cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!

Azərbaycan Yazıçılar Birliyi

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əsma Vəkiloğlu doğum gününüz mübarək!

Təbrik edirik!

Azərbaycanın qələbələr dövrünü yaşadığı bir zamanda dünyaya göz açan qızım Əsma doğum günün mübarək! 18 mart Türk dünyası üçün müstəsna hadisə olan Çanaqqala zəfəri günü doğulan Əsma Vəkiloğlu bizə həmişə qələbə sevinci yaşatsın! 2 yaşın mübarək Qızım!

Atan, SƏMƏD VƏKİLOV
“YAZARLAR” jurnalının kollektivi də təbriklərə qoşulur. Səməd müəllimin övladına ən xoş arzularını bildirir. Arzu edir ki, Əsma bala dinc dünyada, əmin-amanlıq şəraitində böyüsün! Açıq səma altında arzularına doğru gülərüzlə boy atsın!

İlkin mənbə:   butov.az

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"