Miniatür əfsanə Hər tərəfdən sıx pöhrəliklərlə əhatələnən kiçik tala onların görüş yeri idi. Çoban hər gün günortaya yaxın sürüsünü yaxınlığdakı dərəyə ötürüb sevgilisinin görüşünə məhz bu talaya gəlirdi. Onun tütək çalmağı qulağı səsdə olan Günəşi görüş yerinə, talaya çağırmağı idi. Öz oymaqlarından dağ döşü cığıra düşüb gizlincə talaya gələn Günəş min bir həyacanla həm onu kimsə görəcəyindən ehtiyat edirdi, həm də görüşə gecikəcəyindən qorxurdu. Bir gün Günəş sevgilisinə deyir: -Eşitmişəm anan səni öz bacısı qızına adaxlamaq istəyir. Çoban cavabında gülümsəyib -Günəş, sən ki yaxşı bilirsən dünya ha dağıla mən səndən dönmərəm. -Onu da eşitmişəm ki, sənin otardığın sürü xalanın ərinə məxsusdur. -Nə olsun ki… bir parça çörəyimizi hardansa qazanmalıyıq ya yox? -Bax, ha məndən dönsən… -Niyə belə deyirsən? Əgər bir gün görüşünə gələ bilməsəm, bil ki başıma nə isə iş gəlib. Ürəyinə başqa heç nə gətirmə! Mütləq gəlib səni tapacam. Qəfil yağan yaz yağışından daldalanmaq üçün sevgililər böyük qarağac ağacının altına sığındılar. Çoban Günəşin əllərindən bərk-bərk tutmuşdu. Dəhşətli göy gurultusu, şimşəklərin göylərdə oynatdığı qılıclardan qopan od qəlpələri hər ikisini üşəndirirdi. Günəş titrəyir, sanki qorxudan möhkəmcə sarıldığı sevgilisinin odlu nəfəsindən qızınmaq istəyirdi. Tut ucundan göyə çıx yağan leysan dərə boyu sellərin şaqqıltısını keçən hər an artırırdı. Qapqara buludlar səmanı büsbütün tutmuşdu. Cəmi bir saat əvvəlki aydın göylərdən, parlayan günəşdən əsər əlamət qalmamışdı. Lap yaxınlıqda kiçik yasamallığın arxasında tükürpərdən ildırım çaxdı. Elə bil ildırımın hayqırtısından qorxan buludlar ərköyünlüklə ağlamalarına dərhal son qoydular. “Ağıllanıb” sakitləşərək dağların başına qalxdılar. Qara buludları əvəz edən ucsuz-bucaqsız maviliklərə hansısa qüdərtli əl əlvan rənglərdən qövs çəkdi. Göyqurşağının əsrarəngizliyi hər ikisini valeh etmişdi. -Günəş sən qaç, göyqurşağı sizin oymağın üstədir. Çat, onun altında rəqs et! -sonra gülümsəyərək əlavə etdi: -Bizim xoşbəxtliyimiz üçün. Mən də dərəyə düşüm. Görüm sürünün taleyi necə oldu. -Sən nə danışırsan! Eşitmirsən selin səsini? Ora düşmək olar? -Yox getməliyəm. Bəlkə qoyunlardan salamat qalanları var.
Həmin leysanlı, tufanlı yaz günündən aylar keçdi. Sonra illər bir-birini əvəz etdi. Çobandan bir soraq çıxmadı. Dağlar, meşə, meşənin qoynundakı tala çobanın tütəkdə çaldığı musiqiyə həsrət qaldı. Hər gün talaya gələn Günəş çobanı orda görməyib, məyus-məyus evə dönürdü. Qapılarını döyən bütün elçilərə yox cavabı verdiyindən bütün oymaq ona qəribə baxırdı. Hətta orda-burda xısın-xısın söhbət gəzirdi ki, Günəş havalanıb. Hər gün meşə içi harasa gedib, geri qayıdanda özbaşına gəlmədi, gəlmədi, yenə gəlmədi dediyini eşidənlər təəccüblərini yozacaq yer tapmırdılar. Ona tənə ilə baxanlar da az deyildi. Günəş isə qəlbində min cür yozmalar edir, sevgilisinin onu atdığına qınayır, sonra da özünü qınayır. Bəlkə məni mən onu sevdiyimdən çox sevir. Yazığı dərədə sel aparıb. Belə hallarda yenə də özünü məzəmmət edirdi. Dilim, ağzım qurusun! Təki heç nə olmamış olsun. Lap öz xalası qızı ilə xoşbəxt yaşasın. Və yenə də dərhal, yox-yox! Bəlkə yaralıdı, sel onu daşlara, qayalara çırpıb. Kaş mən güllücə yastıq olaydım onun başı altında. Doğrudan ay allahım bilmirəm o məni sevir, sevmir. Qoy yaşılca yastıq olum, əgər sellər onu qayalara vurub yaralayıbsa… Bəlkə O, sürünü sel apardığından qeyb olub. Bəlkə sevir… bəlkə…
Həmin gündən Günəşin oymağında hamı, hər yerdə onu axtarsa da heç yerdə tapa bilmədilər. Bütün obada söz düşdü ki, Günəş qayadan yıxııb ölüb. Amma heç kəs bilmirdi ki, hər yaz meşənin içindəki o talada tacı günəşi, ləçəkləri günəşin şölələrini xatırladan çiçəklər, camaatın çobanyastığı dediyi Günəşdir. Gənc qızların sınamalarında yaşayan Günəş-Çobanyastığı sonu sevir ləçəyində sevinib, xoşbəxtcəsinə gülümsəyir.
Ruhunu oda at, qəlbini közlə, Süd kimi üzə qoy, zamanı üzlə. Ayıq ol, ovunu bərədə gözlə, Oxunu ağılla tuşla hədəfə, Bir dəfə verilir, ömür bir dəfə.
Əgər dalmadınsa bu düşüncəyə, Nəyə arxayınsan, axı sən nəyə?! Onu sərf eləmə yersiz qüssəyə, Artıq əyləncəyə, nəşəyə, kefə, Bir dəfə verilir, ömür bir dəfə.
Yollar qədəminə yandı, yansıdı Bilmədin əyrisi, düzü hansıdı?! Bir də ayıldın ki, köç havasıdı Durnalar göylərdə düzülüb səfə, Bir dəfə verilir, ömür bir dəfə.
Dünyadan arzunu, kamını al sən, Ağzının dadını, tamını al sən, Zövqün bütövünü, tamını al sən, Uyma hər çalınan zurnaya, dəfə Bir dəfə verilir, ömür bir dəfə.
Deşdi ürəyimi çəkdiyin bu ah, Bizi dərd sarıdan yarıdıb Allah. Ən böyük sərvətin ömürdü vallah Onu girov qoyma qazanca, nəfə, Bir dəfə verilir, ömür bir dəfə.
Sən də qonağısan beş gün dünyanın, Bu həris dünyanın, düşgün dünyanın. Min bir oyununa düşdün dünyanın Axır məruz qaldın yanlışa, səhvə Bir dəfə verilir, ömür bir dəfə.
Niyə öz işini bilmədin mağıl, Başından haraya uçmuşdu ağıl?! Bir də bu dünyaya gəlməyin nağıl, Daha yer qalmadı qorxuya, xofa Bir dəfə verilir, ömür bir dəfə.
OLJAS SÜLEYMENOV- Məşhur qazax şairi, Qazaxıstanın Xalq yazıçısı, türk dünyasının böyük oğlu, geoloq, türkoloq, etimoloq, mifoloq, linqvist-alim, ictimai xadim.
Tarixə tanıq-Oljas Süleymenov (esse-hekayə)
(Bu rubrikanı sözü qutsal sayan şairlərə ithaf edirəm.Essenin təhkiyəsini orijinal şəkildə, yazıçının daxili monoloqu kimi verirəm)
Geoloqam… Təbiəti öyrənirəm, təbiətin dilini bilmək milyardların dilini bilməyə bərabərdir.Eşitmişəm ki, V.Hüqonun həyatını “le destin” -“tale” sözü tamam dəyişibmiş.Bir söz də mənim həyatımı dəyişəcək: “Şumer”-necə də doğmadır bu söz.Bunu yaşlı bir kişidən eşidəndə elə bil xəncər saplandı ürəyimə, sanki neştər dəlmə-deşik etdi beynimdəki əndişələri, qovdu bütün şübhələrimi.Yerinə gerçəklik gəldi.Şumer, türk həqiqəti.Şumer: bu, mədəniyyətdir.Bu qos-qoca mədəniyyəti çantama yığıb əsrlər boyu “koşşi” lik-“köçəri” lik edə bilərəmmi? -Bilərəm… -Bəs harada eşitmişdim bu sözü? Deyəsən, xatırladım: -“Koşşi” sözünü diplomqabağı praktika zamanı Şimal-şərqi Prikaspidə sinəsində “şərəf nişanı” ordenini gəzdirən bir qocadan duymuşdum.
Oljas Süleymenovam… Ömərxan kişinin oğluyam.Atamı cəmi 4 gün görmüşəm, daha doğrusu, o, məni 4 gün görüb.Qıyıq gözlərimi hələ aça bilmirdimsə, necə görəcəkdim atamı.Qıpçaq övladı olmağım, gözlərimin qıyıq olması hürkütməsin sizi, məsafəcə uzağı sonralar daha yaxşı görəcəkdim. Uzaqgörən olmaq üçün arabir qanrılıb keçmişə baxmaqda fayda var.Axı keçmiş əsla keçməmiş ulusum üçün, keçmişi olmayanlar utansın, hə, bir də adlmızı “vəhşi” qoyub tariximizi eramızın 4-cü əsrinə aparan qondarma sovet akademikləri.Onlara kimliyimizi sübut edəcəm.Əvvəl “Az” deyəcəm, sonra “Ya”, daha sonra hər ikisini birgə: “Az i Ya”
Türkəm… 40 professor və akademikə Şumer mədəniyyətinin varisi olduğumuzu söyləyəcəm.Ehhhh, daha nələr deyəcəm, nələr! 60 sözlə şumer və türk ortağı olduğunu isbat edəndə mənə- “bu, kifayət etməz”- deyən qərəzli alimə tutarlı cavabım da olacaq. Nə kimi? -Belə desəm necə olar? -“Dadını bilmək üçün heç də Sakit okeanının suyunu dibinəcən içməyə dəyməz, küləyin uzaqlardan qovub gətirdiyi bir damla şor su da kifayətdir” Bənizi solacaq alimin, gətirdiyim dəlillər onun üzündəki cizgilərin avazımalı olduğuna nişanədir. Ehhh, hələ neçə “malı”, “məli” ni qarşımdakı akademiklərin üzünə hörəcəm.
Linqvistəm… Geoloq kimi yerin inkişaf tarixini öyrənə-öyrənə gəlib çıxdım sözlərin quruluşuna, nitq hissələrinə, dilçiliyin hər sahəsinə, əsasən də etimologiyaya meylim artmış oldu.Tariximizin sözlərimizdə gizləndiyinə əminəm.Saxlancımız sözlərimizdir.Sözün dəyişməyi insanın dəyişməsinin xəbərçisidir, həm də xalqların. Şumerdə-ada, türkdə-ata; Şumerdə-tir-həyat, türkdə-tiri, diri, turu yaşamaq. Şumerdə-Dinqir-tanrı, bizdə tenqri, tanrı, teqri.
Tələbəyəm… İkinci ali təhsil alıram.Moskvada Ədəbiyyat İnstitutunda 1-ci kursda oxuyanda verilən kurs işi “İqor polku dastanında Şərq elementləri” idi.Həmin dastanın müəllifinin slavyan ya türk olması mənim üçün önəmsizdir.Əsas odur ki, müəllif ikidilli olub.Türkizmləri tapıb çıxarmaq gərək.Nasixlərin türk sözlərini sonrakı əsrlərdə necə dəyişib, yerinə rus-şimal dialektlərindən sözlər pərçim etdiyini üzə çıxaracam. -Bu nədir? Nəyin əndişəsidir? -Zirzəmimdə şumerlə bağlı əlyazmalar nə üçün yağmalanıb? -Narahat olanlar var! “Az i Ya” nın ilk oxucusu Konstantin Simonovun məktubunu aldım.Yazısında mənə qarşı “necə bir savaşın başladığını indidən təxmin edirəm”- deyir.Haqlı çıxır Konstantin Mixayloviç…
Təqvimin 1975-ci iliyəm… Mənim üçün uğurlu gəlib yeni il, bir qədər də qalmaqallı.Kipriyimlə od götürdüm sanki.Yaxşı ki, kitabım çıxanda “qalmaqalçı” adı ilə məni damğalamaqları bəs elədi.Sağ olsun, Dinməhəmmədi-Kunayevi nəzərdə tuturam.M.Suslovun ağzına atsaydılar “hooop edib” udmuşdu məni.Qursağında qalacaqdım ya yox, orasını bilmirəm, ancaq məni yeməyə hazır idi. “Antisovet”, “Pantürkist” adı ilə bəribaşdan damğasını qoymuşdu.Kunayevin Brejnevlə dostluğu işə yaradı.Dimaş məni qorudu, kitabı verdi Leonid İliçə, o da oxudu.Bəlkə də oxutdurdu neçə yan-yörəsinə.Kitab oxumaq həvəsi harada idi Leonyanın, amma xokkey olsaydı yaxşıca izləyərdi. Baş katib dedi:
“Burada antisovet heç nə yoxdu”.Əla cavab idi, həm də yerində deyilmiş.Kunayev biraz da ürəkləndi: -“Yoldaş Brejnev, olar bu “qalmaqalçı” nı Mərkəzi Komitənin tərkibinə seçək?” -“Layiqdirsə, seç!”
“Az i Ya” kitabıyam… Bütün İttifaqda səs-küylə qarşılanıram..”Az i Ya” -qədim Slavyan əlifbasının ilk hərfi və rus əlifbasının son hərfi. “Mən və Mən”-şərti olaraq “Sən və Mən” Okeanın o tayında da maraqlanlrlar.Sovetin sütununu laxladacaq kitab çıxıb, sevinməyə macal tapanlar nə çoxdur! ABŞ-də sonralar eşitdim bu haqda.Hə, birdə qulağım çaldı ki, Respublikamızda kitabım qara bazarda rekord qiymətə satılır.Öz avtomobilini – “Jiquli” sini kitabıma dəyişənlər var.Azərbaycanda da sevilərək oxunur, dostum Məmmədə (şair Məmməd İsmayıla) 10 nüsxə pay vermişəm.Yaxşı ülfətimiz var onunla.Bir dəfə səhərə kimi Məmmədin zoğal arağını, mənim də fransız konyakımı “bala-bala” vurmuşuq.Bəxtiyarla, Anarla, Elçinlə, Şahmarla, Seyranla, Sabirlə də dostuq.
Azərbaycanın böyük dostuyam… “20 Yanvar” dəhşətini mənə gecənin ənginliyində, saat 03:00-da Bəxtiyar verdi.Səsi titrək, kədərli idi.39 dərəcə qızdırmada yanırdım, amma bu xəbər daha da yandırdı məni.Hər şeyə rəğmən gecə ilə uçdum Bakıya.Bakı mənim iki doğma şəhərimdın biridir.Bakıda mənə Azərbaycanın böyük dostu deyirlər.2021-ci il avqustun 12-də cənab İlham Əliyev sinəmə “Şərəf” ordenini taxanda Prezidentlə bir saat söhbət elədik.Sağ olsun, mənə qarşı hər zaman diqqətli davranıb.Bir kitab hədiyyə etdi.Qarabağ işğaldan əvvəl və azad olandan sonrakı dönəmi əks etdirirdi.Avtoqraf istədim.Adətən yazıçılar avtoqraf verər, lakin mən də cənab İlham Əliyevin avtoqrafını aldım. Axı o da yazıçıdır – tarix yazan yazıçı!
Yazıçıyam… Gənclərdən narazıyam.Mütaliəni sevmirlər. “Dayanmadan, durmadan yazmaq!” şüarımı qulaqardına vurublar.Oxumağı sevməyənlər yazmağı da sevməzlər. Diplomatam, partiya rəhbəriyəm, səfir də işləmişəm. “1001 söz”, “Türklər tarixdən əvvəl” kitablarım maraqla qarşılandı.Əvvəllər balaca ofisdə işləyirdim, dalandarlar bezdirdilər məni, işləməyə qoymurdular.Bir təhər onları çıxartdım.Bir axşam evə qayıdanda, üstümə bir neçə nəfər hücum çəkdi, özümü qorudum.Əllərində küt alət vardı.Demək ki, Tanrı türkü qorumaq istəmiş, əks-halda indi sağ qalmazdım.Azərbaycan türklərinə deyəcəklərim çoxdur.Öncə onlara gözaydınlığı yaraşır, sonra şeirlərim.Qarabağdakı zəfərimizə uşaq təki sevindim.Sanki “Dədə Qorqud” və “Manas” dastanları canlandı gözümdə. Bu esseni yazarkən sanki canavar ulartısını eşidirəm…Yeri gəlmişkən, qədim Şumerdə muncuqları sapa düzürmüşlər ki, ulduzları əcdadlarımızın bədənində saxlayaq. Birazdan göy qübbəsində parlaq ulduzlar peyda olacaq.O ulduzları hər bir türk şəxsiyyətinin adına ad edəcəm.Birinə Oljas ismini verəcəm.Gecə şəmsin ölümü olsa da, səhər günəş yenidən yatağından qalxacaq, göydə yarıqövs cızacaq.Mərhaba, ey göyün ulduzları, yerdə muncuqlarım, göydə ulduzlarımız var.Tanrımız və Türkümüz var! Sayğıdəyər oxucu, muncuq düzülüşü odur ki, ölümüz də dirimiz kimi dəyərlidir. Bir də axı türkün ölüsü yox, yalnız dirisi olur!
( Esse-hekayədə şair Məmməd İsmayılın, yazıçı Seyran Səxavətin və yazıçı-dramaturq Firuz Mustafanın xatirələrinə, habelə şəxsi məlumatlarıma istinad etmişəm)
Dekart, kitabında elmi və ya intellektual metodların işlənib hazırlanmasında istifadə oluna biləcək mülahizə qaydalarını qaydanın ümumi tərifi, sonrasında təfərrüat və misallarla, izahatları ilə təqdim etmişdir. “İnsan şüurunun heç bir məhdudiyyətə ehtiyacı yoxdur” deyən Dekartın fikrincə, ağlımızı idarə etməyin ən vacib yolu özümüzü idarə etməkdir. İnsan şüuru sonsuz bir düşüncə quruluşuna malikdir, ağıl da düşüncələrimizin ardınca öyrənməyi də önəmsəyir. Məlumatın dəqiqliyi üçün öyrəndiyimiz hər bir məlumata intuisiya ilə yanaşmalıyıq.
Dekart əsərində yazırdı ki, “Tədqiqatın sonu zehni qarşısında duran bütün məsələlərdə sağlam və düzgün mühakimələr söyləməyə yönəltmək olmalıdır”.Bəs bu nə dərəcədə düzgündür? Fikrimcə, bu məsələyə daha prozaik yanaşsaq, bir uşaq kimi həyata ehtiyatla, sağlam düşüncə və bacarıqla yanaşmağı və ya diqqətsizlik, axmaqlıq və səriştəsizliyin nəticələri ilə üzləşməyi, bir müddət sonra, yetkinləşdikcə, bu siyahıya xeyirxahlığı əlavə edərək qəddarlığın nəticələrini mənimsəməyi öyrənməliyik. Nəhayət öyrənməli olduğu isə odur ki, başqalarına və dünyaya etdiyimiz hər şeyi özümüzə aiddir. Əsərdə ağıldan istifadədə doğru yola çatmaq üçün Dekartın təklif etdiyi 21 qayda yer alır. Hər bir insan təbiətcə düşünür, lakin bu düşüncə hər dəfə heç bir yerə aparmır. Bu, bəzən fikrin çatacaq yerinin olmamasından, bəzən də təfəkkür tərzlərindəki xəta və nöqsanlardan qaynaqlanır. Dekart izah edir ki, hansı mövzular haqqında düşünmək olmaz və əgər belədirsə, hansı düşüncə yolu ilə getmək lazımdır. Bəzi qaydalar bir-birini tamamlayır və dəstəkləyir. Buraya qeyd olunan bütün qaydalar haqqında ətraflı və izahlı izahatlar daxildir. Dekart, bir çox anlayışları riyazi üsullarla izah etmişdir. Kitabda o, ağıl və intuisiyaya üstünlük verərək digər başqa üsulları, hətta məntiq prinsiplərini də tənqid etmişdir. Dekart qeyri-ziddiyyət prinsipinə riayət edir ki, kitabı oxuduğumuz zaman bunun “Cogito ergo sum” devizinə görə olduğunu görürük. Dekartın qarşımıza qoyduğu tələb isə belədir : Aydın ifadələri, baş verən hadisələri götürüb onları parçalara ayırın və ya alma ilə dolu bir səbət götürüb tamamilə boşaltdığınız kimi onları bir-bir araşdırın. Bənzətmədə olduğu kimi, “Çürükləri çeşidləyin və qalanlarını səbətə diqqətlə qoyun.”
Murdar haramzadələr nəfslərinə quldurlar, Halal-hümmət evləri çapıblar, talayıblar. Atıb abır-həyanı bu oğrular, quldurlar Şəhərləri, kəndləri odlara qalayıblar.
Yaralı ürəyimdə nifrət seli çağlayır, Xəbis ömrü uzunu qılınclayıb kölgəmi. Baxıram evimizə ürəyim qan ağlayır, Gör nə günə salıblar topdağıtmaz mülkümü?
Namərd əllər uçurub neçə isti yuvanı, Cənnəti talayanı cəhənnəmə qovarlar. Sökülüb daşınsa da, pəncərəsi, tavanı, Düşmənlərin önündə diz çökməyib divarlar…
Bütün sinə dağları əvvəl axır sağalır, Nəfəsim dolur evə açıq pəncərələrdən. Hər daşında atamın əllərinin sığalı, Uşaqlığım boylanır uçuq pəncərələrdən…
Qan ağlayan gözümdə nifrət selləri daşır, Köksümdə bir saralmış yarpağa dönür ürək. Divarlara hörülən hər qara çaylaq daşı Nəfəsimiz dəyəndə kömür tək közərəcək…
Nələr keçirdiyimi bilər qəlbi incələr, Çətin ki, geri dönə, o günlərim, o çağım. Bu həyətə gələndə nəvələr, nəticələr Yenidən isinəcək mənim ata ocağım… 01.12.2020
Müəllif: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
“Bir fikir unudulan zaman hara gedir?” Ziqmund Freydə görə, düşüncə şüurlu fərqindəlikdən çıxdığı zaman varlığının yalnız qeyri-müəyyən izlərini buraxaraq yox olur. Ancaq unudulmuş düşüncənin səyahəti onun şüurlu düşüncədən itməsi ilə bitməyə bilər. Bunun əvəzinə o, zehnin labirintə bənzər dəhlizləri ilə gizli bir səyahətə çıxır.Ola bilsin ki, unudulmuş düşüncələr şüuraltına çəkilib bizim qavrayışlarımıza, duyğularımıza və davranışlarımıza təsir edir. Onlar bizim şüuraltı mənzərəmizi incə hiss olunmayan şəkildə formalaşdırmaq üçün yaddaşın digər fraqmentləri ilə qarışaraq morflaşa və inkişaf edə bilər. Alternativ olaraq, unudulmuş düşüncələr fərdi şüuru bütövlükdə aşaraq kollektiv şüursuzluqla – ortaq insan təcrübələri, arxetiplər və simvollar yığını ilə birləşə bilər. Burada həmin düşüncələr insan düşüncəsinin böyük bir yığınının bir hissəsinə çevrilirlər.Ancaq unudulmuş düşüncələr zehnimizin qavraması çətin hissələrini gəzərkən belə qeyri-müəyyən və mücərrəd olaraq qala, onları qavramaq və parçalamaq səylərimizə meydan oxuya bilirlər. Həmin düşüncələrin əlçatmaz təbiəti yaddaşın təbiəti, şəxsiyyət və insan şüurunun hüdudları haqqında dərin suallar yaradır : — Unudulmuş fikirlər həqiqətən də unudulur, yoxsa fərdi şüurun hüdudlarından kənarda hansısa formada davam edir? — Onlar yenidən üzə çıxmağı gözləyən yatmış toxumlardır, yoxsa təhtəlşüurun sonsuz genişliyinə dağılırlar?
Hansı ölkədə baş verməsindən asılı olmayaraq, amansız müharibə səhnələrindən birbaşa dinc həyata keçmək mümkün deyil. Müharibə nə qədər ədalətli olursa-olsun, bütün hallarda döyüşlərdə iştirak edən insanın psixologiyasına təsir göstərir, onun faktlara və hadisələrə münasibətini dəyişir. Müharibə insanı fiziki və psixoloji cəhətdən yorur. Hətta ən qısa zaman kəsiyində yaşanan həyacanlı anlar, sözlə ifadə edilməsi mümkün olmayan dəhşətli döyüş səhnələri belə uzun illər boyu unudulmur, yaddaşlarda iz buraxır. Məhz bu baxımdan, 30 ilə yaxın davam edən işğala son qoyan, bizə tariximizin şanlı qələbəsini yaşadan, qürur duyduğumuz qəhrəmanların dinc həyata reinteqrasiyasına yardım göstərmək təkcə dövlətin yox, hər birimizin müqəddəs borcudur. Postmüharibə sindromu haqqında bu günə qədər çoxsaylı əsərlər yazılıb, filmlər çəkilib və bundan sonra da yazılacaq, çəkiləcək. Müharibə və postmüharibə sondromu ilə bağlı yazılan bədii əsərlərin ən yaxşılarından olan Kevin Saytsın “Müharibə sindromu. Əsgərlərin danışmadıqları”, Anna Toddun “Ən parlaq ulduzlar”, Erik Remarkın “Üç yoldaş” əsərlərinin süjet xətti real həyatdan götürülüb və hər üç əsərdə müharibənin dəhşətlərindən keçən insanların gündəlik sarsıntıları, öz doğma ailələri, yaxınları ilə bağlı yaşadıqları problemlər reallığa daha uyğun şəkildə əks olunub. Amma müəlliflərin özlərinin də etiraf etdikləri kimi, qəhrəmanlarının bədiiləşdirə bildikləri yaşantıları reallığın cüzi bir hissəsini təşkil edir. Gerçəklik daha amansızdır və onu bədiiləşdirmək mümkün deyil. Və bu amansız gerçəklik mahiyyət etibarilə humanist olan yaradıcı insanın təxəyyülünün sərhədlərinə sığmır. Eyni fikirləri çox sevdiyim rejissorlar – Klint İstvudun “Qran Torino”, Cim Şeridanın “Qardaşlar”, Ketrin Biqelounun “Fırtınalar hökmdarı” filmləri haqqında da demək olar. Heç bir film amansız döyüş səhnələrinin real qəhrəmanlarının daxili yaşantılarını olduğu kimi, bütün incəliklərinədək əks etdirmək gücündə deyil. Səbəbini bilmirəm, amma Devid Morellin əsərləri əsasında çəkilmiş “Rembo” döyüş filmləri silsiləsi, daha dəqiq desəm, filmin qəhrəmanının öz komandirinə verdiyi sual yaddaşımda daha çox iz buraxıb: “Bizə hər zaman deyirdilər ki, Vətəni sevmək lazımdır… Bəs Vətən bizi nə vaxt sevəcək?” Ola bilsin ki, iqtibas gətirdiyib sözlər kimlərəsə ritorik sual təsiri bağışlasın… Amma öncədən deyim ki, Vyetnam müharibəsinin qəhrəmanı Con Rembo yaşadıqlarına görə, kimsəni ittiham etmir, dövləti qınamır, sadəcə Vətən və qəhrəmanın sevgisinin qarşılıqlı olmasının vacibliyinə toxunur. Vətən isə bizik! Yəni hər birimiz…
Xudbin xislətin aynası
…Arabir özünün mövcudluğunu uğursuz bir şəkildə gözə soxmağa çalışsa da, düşmən darmadağın edilib. O indi, sadəcə çırpınır, bir vaxtlar uşaq və qadınları, ahılları, silahsız insanları alçaqcasına qətlə yetirən və bütün bu rəzilliklərdən özlərinə mifik “məğlubedilməzlik” donu biçən müharibə cinayətkarları və onların törəmələri Azərbaycan əsgərinin qarşısından tülkü kimi qaçmasının izahını verə bilmir, öz gerçək siması, obrazı, xarakteri, bütövlükdə kimliyi ilə qarşı-qarşıya gəlməkdən qorxur. Azərbaycan Ordusunun şərəfli əsgər və zabitləri erməniliyin saxta tarix kitablarının, oğurluq mədəniyyətlərin içərisindən çıxarılan obrazını alt-üst edib və onun separatçı, işğalçı mahiyyətinin hansı natamamlıq komplekslərindən qaynaqlandığına aydınlıq gətirib. Birinci və ikinci Qarabağ müharələri, işğaldan azad edilmiş ərazilərimizdəki xarabalıqlar xəstə ultramillətçi ideyalarla zəhərlənmiş erməniliyin xudbin xislətinin aynasıdır. O, hələlik bu aynaya baxmaqdan, gerçək kimliyi ilə qarşı-qarşı gəlməkdən qaçır. Amma haraya qədər… Qaçacaq, qovacağıq. Ta ki öz real obrazını qəbul edənə və bu rəzalətdən xilas yolu tapmaq haqqında düşünməyə qadir olanadək…
İnsan amili
Bizim isə haqqında düşünəcəyimiz məsələlərin sayı yetərincədir. Ən önəmliləri isə işğaldan azad edilmiş yurd yerlərimizin yenidən qurulması və bərpası, qazilərin, müharibə iştirakçılarının cəmiyyətə reinteqrasiyası… Hər ikisi önəmlidir. Çünki hər iksində insan amili var! İşğaldan azad edilən yurd yerlərimizdə yenidənqurma və bərpa sürətlə işləri gedir. Amma uzunmüddətli, obyektiv və subyektiv səbəblərdən vaxt tələb edən bir prosesdir. Məhz bu baxımdan da, Vətən müharibəsi qaziləri və iştirakçılarının cəmiyyətə reinteqrasiyası, onların sosial qayğılarının öz həllini tapması daha öncül məsələdir və dövlətin də yanaşmasında bu məqam özünü büruzə verir. Şübhəsiz ki, çatışmazlıqlar var və media mənsubu kimi mən də bəzən subyektiv amillərdən, məhdud düşüncəli, problemlərin mahiyyətinə varmağı bacarmayan, həssaslıqdan uzaq, başqasının ağrısını öz ağrısı kimi qəbul edə bilməyən kiçik çaplı korafəhimlərin günahından qaynaqlanan narazılıqlar barədə müraciətlər alıram. Və təbii ki, belə hallara qarşı, problemin mahiyyətinin obyektiv şəkildə araşdırılması, təhlil edilməsi şərti ilə mübarizə aparmaq hər birimizin vətəndaşlıq borcudur. Lakin təəssüf ki, bir çox hallarda araşdırılmamış, yaxud mənbəyi bəlli olmayan, bəzən isə xeyli öncə öz həllini tapmış problemləri əhatə edən məlumatlar əsasında, dövlətin gözdən salınmasına xidmət edən kampaniya xarakterli fəaliyyətin şahidi oluruq. Adətən belə “məlumatlar” daha çox sosial şəbəkələr üzərindən yayılır. Prosesin önündə isə hər zaman olduğu kimi sosial şəbəkələrin Azərbaycan seqmentinə soxulmuş erməni trolları və erməniliyin nüfuz müvəkkilləri dayanır. Məqsəd isə milli birliyimizə, həmrəyliyimizə zərbə vurmaqdan, cəmiyyətimizi parçalamaqdan, Ermənistan cəmiyyətini depressiyanın dibinə yuvarladan postmüharibə sindromunu ölkəmizə tranfer etməkdən, Vətən müharibəsindəki böyük Zəfərin cəmiyyətimizə bəxş etdiyi yaradıcı, qurucu enerjini məhv etməkdən ibarətdir.
P S. Qazilərimizin, Vətən savaşında iştirak bütün əziz həmvətənlərimizin döyüş meydanında olduğu kimi, mülki həyatda da numunə olacaqlarına inanıram! Onlar bütün sahələrdə cəmiyyətimizin lokomativlərinə çevriləcək, Azərbaycanımızın inkişafına böyük töhfələr verəcəklər.
Bir insan və şəxsiyyət, AYB-nin və AJB-nin üzvü, özü kimi əməli də bütöv olan, təvazökar və aristokrat xasiyyəti ilə seçilən Hüseyn İsaoğlu (Məmmədov) ilə tanışlığımızdan çox vaxt ötməyib. Çörək kəsmişik, ədəbi mülahizələr söyləmişik, bizi bürüyən çətinliklərdən söz açmışıq. Qısası, fikirlərimizin üst-üstə düşməsi bizi dostluqda daha da möhkəmləndirib. Aprel ayı idi. “Azərbaycan” Nəşriyyatının 2-ci mərtəbəsinə qalxan kimi ilk növbədə “Bütöv Azərbaycan” qəzetinin redaksiyasının qapısını döyüb içəri keçdim. Təzə dəmlənmiş kəkotu çayının ətri məni bihuş etdi. Hüseyn müəllim təcrübəli jurnalist, yazıçı-publisist Sabir Hüseynovla yanaşı əyləşmişdi. Onlarla görüşüb hal-əhval tutdum. Söhbətimiz müxtəlif sahələrə yönəlsə də daha çox kitab və yazıçı məsələsinin üzərində gəzişirdi. Mən bir qədər kitaba və yazılara fərqli yanaşaraq dedim:
– Düşünürəm ki, kitabın kəşfi bəşəriyyətin, insanın ən kamil kəşfidir. Necə ki, riyaziyyatda, kimyada, fizikada, mikrobiologiyada, təbabətdə zaman ötdükcə belə əvəzolunmaz kəşflər edilir. Məncə, bu kəşflər içərisində kitabın özünəməxsus yeri var. Kitab bütöv halda müəllifin əsrlərə, nəsillərə vəsiyyətidir. Ümumən isə, əgər bir xalqı tanımaq istəyirsənsə onun ədəbiyyatını, tarixini, etnoqrafiyyasını, adət-ənənələrini bilməlisən… Bayaqdan məni sakitcə dinləyən yazıçı-jurnalist dostum Sabir Hüseynov sanki kitab barədə fikirlərimin davamı olaraq dedi:
– Kitaba, yeniliklərdən xəbər tutmağa gəncliyimizdə necə həvəs göstərirdik. Ürəyimdən keçirdi ki, görəsən, mən də kitab yaza bilərəm? Yazıçılara möcüzəli sənət adamları kimi baxırdıq. On illər ötdü, yeni texnologiyalar, ritual aləm kitabı əvəz edə bilmədi. Necə ki, yüz illərdir xarici ölkələrdə qəzet, kitab və s. dərgilər nəşr olunur, kitab yenə də qiymətini, məna yükünü itirmir, indi də elədir… Hüseyn İsaoğlu da söhbətə qoşularaq dedi:
– Dediklərinizlə həmfikirəm. Həyatda nəyə nail olmuşuqsa kitaba borcluyuq. Kitab rəfləri bəzəmək üçün deyil, onun tozunu silib oxumaq lazımdır. Gərək hamı vəzifəsindən, tutduğu mövqeyindən, kimliyindən, varlı-kasıb olmasından asılı olmayaraq kitab oxusun. Gündəlik həyat tərzimizə çevrilmiş kitab sabaha, gələcəyə, tərəqqiyyə açardır…
– Hə, dostum, – dedim. Peşəkarların kitabları əsrlərlə yaşamalıdır. Kitab yaddaşdır, elm və tarixdir, mədəniyyətdir, etika və estetikadır, bəşəri sevgidir, məntiqdir, fəlsəfədir, ədəbi dünyadır, dilimizin inkişafı, cəmiyyətdə baş verən qanunauyğunluqları öyrədən elmdir, siyasi baxışdır. Kitab əvəzi olmayan vasitədir, o, puldan da qiymətlidir. Satış qiyməti ucuz olsa da, ariflər üçün çox bahadır… Mən çap etdirdiyim “Hər yazılan kitabdırmı?” adlı məqaləmdə kitabın mahiyyətinə, onun indiki durumuna toxunmuşam. Bəli, bu qeydlərim dünyanın dərki mövzusunda bizə bilgi verən kitab və onun sahibləri barədə idi. Məlumat üçün deyim ki, yeni doğulan kitabların zəhmətkeş müəlliflərindən biri də Hüseyn İsaoğludur. Hüseyn müəllim Gədəbəyin Hacılar kəndində dünyanı tanıyıb. Təhsil aldıqdan sonra orada müəllimlik edib. 2012-ci ildən isə “Bütöv Azərbaycan” qəzetində şöbə müdiri işləyir. İstedadlı qələm ustası, peşəkar jurnalist Tamxıl Ziyəddinoğlu redaktoru olduğu qəzetdə Hüseyn İsaoğlu ilə çiyin-çiyinə işləməkdən, qəzetin yükünü birgə daşımaqdan məmnunluq duyur. Söz vaxtı yüyrək olar, deyiblər. Söhbətimizin sonunda Hüseyn müəllim təbəssümlə mənə qara cildli bir kitab uzatdı:
– Bu da sənə kiçik hədiyyəm, – dedi. – Vaxtın olanda oxuyarsan. İrad və təkliflərini, tənqidi qeydlərini bildirərsən. Kitabı ondan aldım, məmnunluq ifadə etdim. Axı, bizim dəyərli sözə, sözün gücünü, qiymətini bilənlərə həmişə ehtiyacımız var… Həmin an Hüseyn müəllim yəqin ki, hansı hisslər keçirdiyimin fərqinə vardı… “Anam yuxuma gəlmişdi”. Hüseyn müəllim yeni kitabına belə ad qoymuşdu. “İmza” Nəşrlər Evi həmin kitabı yüksək səviyyədə nəşr edib oxucuların ixtiyarına vermişdi. Qeyd üçün deyim ki, müasir dövrdə kitabın məzmunu ilə yanaşı tərtibatı, xüsusən, üz qabığı da oxucuya estetik zövq verməlidir.
Həmin kitab “Kədər tablosunda sevinc işığı” adlı povestlə açılır. Bu əsər barədə 2023-cü ilin martında “Kredo” qəzetində “Söz taxtında mülk sahibi” adlı məqalə çap etdirmişdim. O məqaləm də adıçəkilən kitabda yer alıb. Nəşrdə həmçinin, Hüseyn İsaoğlunun müxtəlif janrlı məqalələri, hakayələri oxucuya təqdim edilib. “Kədər tablosunda sevinc işığı” adı çox uğurlu seçimdir. Hüseyn müəllim əsərin qəhrəmanı Vəfanın səsini eşitmiş, duyğularını hiss etmişdir. Vəfanın ətrafında baş vermiş hadisələrin kədəri, dramatikliyi, həssas insan qəlbinin çəkdiyi iztirablar və bir insan taleyinin kədərdən sonrakı aqibəti povestin əsas leytmotivini təşkil edir. Deməli, Vəfa kiçik yaşlarında ikən bir qəza baş verir. O, hər iki ayağını itirir. Sonra yaxşı insanlar onu ümidsizliyin əlindən alır, tale Vəfanın üzünə gülür, böyüyüb, ayaqda qalır, ali təhsil alır, ailə həyatı qurur. Hər bir çətinlikdən, ağrı-acıdan mətanətlə çıxır, Tanrı onu səadətə qovuşdurur. Türkiyədə yaşayır, özünü tənhalıqdan qurtarır, adamların sevgisini qazanır. Fəlsəfə doktoru, alim-tədqiqatçı Şakir Əlifoğlu adını çəkdiyimiz kitabda “Mərdliyə və mübarizəyə səsləyən əsər” adlı məqaləsində yazır: “Hüseyn İsaoğlu əsərin adındakı məntiqi əsərin məzmununda da açıb göstərə bilib: “Kədər tablosu”ndakı “Sevinc işığının” nədən ibarət olduğunu Vəfa xanımın şəxsi həyatı fonunda təqdim edib. Tibb bacısı Mariya xanımın, ağır xəstə olanda Vəfaya verdiyi tövsiyə ona əslində “Sevinc işığı”nın yolunu göstərib… Bu tövsiyə sonrakı illərdə Vəfa xanıma həyatda sevinc işığı göstərən bir mayak olur… “Anam yuxuma gəlmişdi…” kitabının 111-ci səhifəsində dərc olunmuş hekayə duyğularımı tərpətdi. Hekayənin əvvəlində paytaxtdan xeyli aralıda yaşayan ağbirçək ananın son durumu haqqında oğluna telefonla xəbər verilir. Bundan sonra anasını son dəfə görmək ümidi ilə yola çıxan oğulun ürəyi titrəyir, gözlərindən yaş gilələnir. Son anda ana lal baxışları ilə oğlunu süzür, ruhu uzaqlara uçur… Əzablar içində ürəyi döyünən oğulun gözləri önündən analı günləri kino lenti kimi ötüb keçir, dünyanın etibarsızlığından gileylənir, gücü göz yaşlarına çatır, kədərlənir, anaya möhtac olduğunu hiss edir. Heyhat, alın yazısından qaçmaq olmur… Hekayə psixoloji sonluqla bitir: oğul anasını yuxuda görür. Yuxuda anasının qeybə çəkilməsi, oğulun nigarançılığı, anaya əlinin çatmaması hekayənin ən kəsərli ədəbi notlarıdır. Yazının əvvəlində kitabdan, onun insan həyatına təsir gücündən söz açmışdım. Əlbəttə, tanınmış yazıçı Hüseyn İsaoğlunun qələmindən süzülüb çıxan, oxucunun ixtiyarına verilən “Anam yuxuma gəlmişdi” kitabı da maraqlıdır, oxunaqlıdır, oxucuya ibrətamiz duyğular bəxş edir, onu yaşamağa sövq edir.
Hüseyn müəllimə uğurlar diləmək arzusu ilə… İdris Şükürlü, Əməkdar jurnalist
ƏMİRƏLİ LAHRUDİ – Fədai, 1979-2014-cü illərdə Azərbaycan Demokratik Firqəsinin (ADF) sədri, tərcüməçi, yazıçı, redaktor.
(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün həmşərilərimə həsr edirəm)
1924-cü ildə Meşkin mahalının Lari kəndində doğulan, 1943-cü ildə Hizbi Tudeyi İran təşkilatına üzv olan Əmirəli Lahrudidən yazmağa bir borc kimi baxmıram.Əsla! Çünki “borc” kəlməsində bir təmənna var: Sən mənə, mən sənə…Bir də boyun məsələsi, minnət məsələsi.O isə məhrəm, doğma insanlar üçün nə minnət, nə sünnət?! Ancaq sünnətdən yan keçib, vacibata baxsaq, lap yaxşı olar. 1944-cü ildə partiyanın Şərqi Meşkin mahal komitəsinin sədri kimi çalışan Lahrudi, artıq 1945-ci ildə ADF-nin üzvü və Meşkin mahal komitəsinin sədr müavini idi. -Nə tez? deyə sual edəcəksiz? Vəzifə yollarında bu sıçrayış nə? -Heç Əmirəli “nə tez?!” deyə sual vermirdi çərxi-fələyə.Doğru-dürüst anasının üzünü də görməmişdi.Xatirə kimi anasından bir yadigar şəkil də (güneylilərin təbiri ilə desək əksi) qalmamışdı.Vur-tut bir sənəd üçün anasının şəkli varmış, o da qaçaqaçda harda yox olmuşdu Allah bilir! 22 yaşında atasından da ayrı düşür Əmirəli. Fədai dostlarının ömrünün son çağlarına kimi yuxuda görərdi.Elə doğulduğu kəndi də görmək murazı yuxusunu tez-tez qaçırardı.Evin tək övladı, ailənin madarı olan Əmirəlini oxutmaq atasının ən böyük istəyi idi. Gənclik illərindən böyük dövlət xadimlərilə təmasda olacaq, Güney Azərbaycanın, bütün İranın səfalət çəkdiyi çağlarda sovet Bakısının “gözəl-göyçək” beynəlmiləlçilik sədalarına qol götürüb oynayacaqdı…
Haşiyə: Elə İsmayıl babam da atama danışarmış ki, biz o tayda eşidərdik ki, Şurəvidə krandan da süd axır, biz məşəqqət içində olanda bu taya gəlmək üçün tamahlanardıq.
Elə hamı orada bu cür düşünürmüş.İnsafən, Şurəvidəki dolanışıq güneydəkidən xeyli yaxşı idi.
Qeyd: Söhbət sırf dolanışıqdan gedir.Buradakı repressiya dalğası, təzyiqlər, təqiblər, hökumət xofu, mənəvi keyfiyyətlərimizin aşınması, milli dəyərlərimizin qamçılanması, məscidlərin söküntü yarışlarını tərəziyə qoysaq, “hansı tərəf daha ağır gələr?” sualına geniş üfüqlər açılar.
Bütün hallarda, şimalda zavod-fabrik işləyir, sahələrdə texnikalar görünür, stabil məvaciblər yaşam üçün kafi sayılırdı. Təbrizdə fədailərə qoşulmaq isə kafi gəlmirdi gənc Əmirəli üçün. S.C.Pişəvəri ilə görüşə zərurət yaranır. Təbrizdə Firdovsi xiyabanının qurtaracağında mehmanxanaların birində otaqlardan biri Seyid Cəfərin idi.Orada həm yaşayır, həm də işləyirdi. Ə.Lahrudi Pişəvərini ilk dəfə elə orada görür və söhbətləşir. Milli Hökumət devrilən zaman, Əmirəli gecə yatıb səhər qalxarkən gördü ki, hər şey viranədir. Meşkində çalışdığı üçün Təbrizdə onun simasını çox tanımırdılar.Mehmanxanadan bayıra çıxanda bir nəfər onu tanıyır.Lahrudini təqib edirmiş, sən demə. -Ağayi-Əmirəli, sənsən? Bu qəfil sual fədaimizi şaşırır, ancaq özünü çox itirmir.İkinci sual, ikinci zərbə: -Meşkin şəhərində sədr müavini olmusan? -Sabah danışarıq. Cəld 500 tüməni ona uzadır, ona yanlış bir ünvan verir. Dabanqırma həmin yerdən uzaqlaşır. Silahdaşları deyir ki, tez qaç buralardan.Bu xəna o xənadan deyil. Qəhrəmanımız Təbriz bələdiyyəsinin qabağından şütüyən maşınlardan birinə minir. Astaralı bir yoldaş tapıb onunla sərhədə gəlirlər.
-Yolda baxdım ki, onun da bənizi qaçıb. Sən demə, o da gizlənirmiş.Şeytan körpüsündən özünü çaya atan yoldaşına Əmirəli də qoşulur.Sərhədi keçməyə müvəffəq olurlar. Əsgərlər bu tayda onlara pal-paltar verirlər.Gəlirlər Ləmkərana, iki ay orada qalıb, Gəncəyə yollanırlar. Bu tayda təhsil də alır, ev-eşikli də olur, amma böyük mənada götürəndə Vətənsiz olur Lahrudi.
Haşiyə: Əlbəttə, bura da vətəndir güneylilər üçün.Ancaq oradan bura pənah gətirənlər iki arada, bir dərədə qalmışdılar.”Bu gün gedirəm, sabah dönürəm” hissi ilə yaşamaq elə “vətənsizlik tərifi” -nin bir göstəricisi deyil, bəs nədir?!
İllər ötdükcə Lahrudinin də arzuları öləziyir, ülvi istəkləri şampun köpüyü kimi göyə sovrulurdu.Quzeydı ilk siyasi fəaliyyətini ADF-nin Ağdam və Quba təşkilatında davam etdirir.
46 yaşında ailə qurur ki, “daha dönəsi olmadıq” Lahrudi 1960-68-ci illərdə Almaniyanın Leypsiq şəhərində yerləşən partiyanın mərkəzində işləyib.Artıq Hizbi Tudeyi İran ilə Demokratik Firqə birləşmişdi. Lahrudi “Azərbaycan” jurnalının redaktoru kimi də fəaliyyət göstərib. Biz uşaq ikən onun “Mühacir” qəzetində silsilə yazılarının çıxdığını xatırlayıram. “21 Azər Hərəkatı” – nın bütün incəliklərini, təfərrüatını ən çox Lahrudidən öyrənmişik.
Lahrudi 1979-cu il İslam inqilabına kimi də bənzərsiz, qənirsiz fəaliyyət göstərib.Ərdəbildə, Sərabda, Miyanədə, Zəncanda, Əhərdə kitab mağazalarında Demokratik Firqənin işini aparan, guya alış-verişlə məşğul olan satıcı dəstələri vardı.Onlara koordinatları verir, himayədarlığını edirdi.Çünki Bakıda oturub xariclə əlaqələr quran, bir neçə il Almaniyada yaşayan Əmirəlinin bu mənada imkanları böyük idi. Ancaq 1979- cu il inqilabından sonra bu əlaqələri itdi. Bu münasibətlər itdi, əvəzində başqa imkanlar yarandı. Artıq İrana qayıtmaq yasağı aradan götürüldü, bir çox fədailər üçün Təbrizi görmək həsrəti gerçəyə çevrildi.Bu münasibətlə Ə. Lahrudinin rəhmətlik Heydər Əliyevə məktubu da var: ADF MK sədri Əmirəli Lahrudinin Azərbaycan Sovet MK-nin Birinci katibi Heydər Əliyev yoldaşa:
“İndi Vətənə qayıtmaq ərəfəsində 30 illik mühacirət dövrünə nəzər salarkən görürük ki, qan qardaşlarımız Sovet Azərbaycanının bizə bəslədiyi məhəbbət və göstərdikləri qayğı sayəsində yüksək ixtisaslı neft ustaları, mühəndislər, həkimlər, aqronomlar, müəllimlər və alimlərimiz var. Hörmətli Əliyev yoldaş, biz uzun müddət ərzində Sizinlə kəsdiyimiz duz-çörək kəsmək deyimini unutmayacağıq!…
Mərhum Heydər Əliyev ADF- nin fəaliyyətini davam etdirməsində misilsiz rol oynayıb. O, fədailəri tək-tək tanıyır, bircə-bircə qayğıları ilə maraqlanırdı. Qulam Yəhya, M.Muciri, L.Ərdəbilian, Q.Rəhmani, S.Əfmiyyət, Q.Xəyyami və başqa siyasilər Heydər Əliyevin qəbulunda olub, dönə-dönə ADF-nin fəaliyyəti haqda məlumatlar veriblər. Hətta 1974-cü ildə İsgəndəri qəti surətdə ADF-nin ləğv olunmasını istəyəndə Heydər Əliyev ona etiraz edib, Komitənin fəaliyyətini saxlamaq üçün əlindən gələni əsirgəməyib.
Haşiyə: Atam danışardı ki, Nizami metrosu tərəfdə bizim komitənin ofisi vardı.70-ci illərdə nənəmlə atam da orada olurdular.Uşaq ikən eşitmişdim ki, deyəsən, İntizar xalagil tez-tez gedərdilər. İntizar Bamizər-rəhmətlik Məmili dayının (Göyçaydakı ailə dostumuz, həmşəri Məhəmmədəli Bamizərin qızı) olumuşdu həmin məclisdə. Atam deyirdi ki, xanəndə Rübabə Muradova (İşraqi) da bizimlə idi.Hamı bir-birini tanıyır, cənub ləhcəsində məhrəm ab-havada şairanə, dostanə söhbətlər edilirdi. Atamın dilindən: “Rübabənin xətrini bütün həmşərilər çox istəyirdi.Mənim 23-24 yaşım olardı. (Çox güman 1974-75-ci illər) Məclisdə Rübabə də bizimlə araq vururdu, bu, bizə çox qəribə gəlmişdi”
Daha sonra böyük bibimin oğlu Aydın qızına Rübabə adını verdi, könlümüzün rübabı kimidir Rübabə Muradova (İşraqi)
Qəhrəmanımızın isə rübabla işi yox idi.Qələmi əlində idi, yazırdı, redaktorluq edirdi.Əlindəki qıllnc çoxdan yerini qələmə vermişdi. Vaxt çatdl, vədə yetişdi…Əmirəli Lahrudi ömrünün 90-cı qışında vida dedi bu həyata- 2014-cü ilin dekabrın-5 də Bakıda dünyasını dəyişən fədaimizin ruhuna sayğılarımı çatdırarkən, onu da deyim ki: Lahrudinin həyat və fədailiyi həmişə dəyər görüb. Professor Solmaz Tohidi-Rüstəmova onu Azərbaycan tarixi üçün fenomenal hadisə sayıb. Biz də sayaq, sonda fədainin özündən sitat gətirək:
“21 Azər Hərəkatı” bizim üçün dərs və dadlı-tamlı bir nemətdir.Hərəkatımız az da olsa niyyətinə çatdı, bizə şanlı tarix, həm də acılı-şirinli xatirəlır qoyub getdi”
(Məqaləmdə Akademik Rafael Hüseynovun, Professor Solmaz Tohidi-Rüstəmovanın və yazıçı Elmira Axundovanın faktlarına, habelə atam Asif İsmayılzadədən eşitdiyim söhbətlərə istinad etmişəm) 25 may 2024