Samir Arifoğlu – Qisas

QİSAS

 (hekayə)

Külək səngiyən kimi qonşu həyətdən boğuq bir səs gəldi:

– Bu dəqiqə səni öldürəcəm, itin qızı, neçə dəfə demişəm o donqar adamla danışma?

Ardınca da Çiçəyin səsi ətrafı başına götürdü:

– Kömək edin, ay qonşular, bu vicdansız məni öldürmək istəyir…

Aydın səsi eşidən kimi küçəyə çıxdı. Anası narahat halda dedi:

– Hara gedirsən, ay bala, gecə düşür, hava da soyuyub.

Aydın arxaya baxmadan dedi:

– Ana, geciksəm, bu kopoyoğlu qızı öldürəcək.

– Hansı qızı, ay bala, sən nədən bəhs edirsən? – Səmayə xala indi daha bərk narahatçılıq keçirtdi.

Aydın əlinin işarəsi ilə anlatdı ki, qoy gedim o qızı xilas edim, gəlim, hər şeyi sənə başa salacam.

Aydın sürətlə qonşu həyə qaçdı. Elə getdi ki, deyərdin, yanından sürət qatarı ötdü. Həyətə çatanda gördü ki, Səməd bıçağı bacısının boğazına endirir. Cəld hərəkətlərlə özünü ona çatdırdı, məqsədi bıçağı onun əlindən almaq idi. Səməd dirsəyi ilə onu itələmək istədi, ancaq bıçaq bacısının yanağını cızdı. Aydın güclü bir həmlə ilə Səmədi sanki ağuşuna aldı, sağ əli ilə onun biləyini sıxdı, gücün təsirindən Səməd bıçağı əlindən atdı. Bu dəfə bacısına yalın əllə zərbə endirmək istədi, lakin Aydın bu həmləyə də qarşılıq verdi, Aydını tamamilə tərksilah etdi. Həyətə doluşan digər qonşular yanağından qan axan Çiçəyi küçəyə çıxartdılar. Aydının anası da orada idi, o, Çiçəyi sanki qonşu qadınların əlindən dartıb aldı, qoluna girib evinə apardı. Aydın və digər qonşu kişilər Səmədi sakitləşdirməyə çalışırdılar. O da özünü kimlərəsə göstərirmiş kimi deyirdi:

– Buraxın məni, onu tikə-tikə doğrayacam.

Aydın qəfildən dilləndi:

– Ayıbdı, görən-eşidən bacın haqqında nə düşünər? Utanmırsan?

Başqa bir qonşu kişi soruşdu:

– Axı sən o qızı niyə öldürmək istəyirsən? Axı o, neyləyib ki?

Səmədin ağzı köpük bağlamışdı, ağzını marçıldada-marçıldada dedi:

– Nə edəcək, neçə dəfə dedim ki, o donqar oğraşla danışma, bayaq gəlib görürəm ki, yenə onunla danışır.

Yaşlı qonşu kişi dedi:

– Ay oğul, bəlkə bir-birlərini sevirlər?

Səməd dəli kimi oldu:

– Nə? Nə sevmək? Yüz bacım ola, yüzü də yurdda qala, birini də o itə vermərəm.

Kişi dedi:

– Günahdı, bala, belə eləmə. Özünü qoy o it dediyin adamın yerinə, sənə qarşı belə sözlər deyilsə, xoşun gələr?

Səməd bir az susdu, sonra dedi:

– Mən heç kimin qızına, anasına-bacısına söz demirəm ki, nəsə də desinlər.

Aydın dedi:

– Yaxşı, sakitləş, hirsin soyusun, sonra bir yerə yığışıb məsələyə aydınlıq gətirərik.

Səməd acı baxışlarla Aydını süzdü, ancaq nədənsə bir söz demədi, qəfildən süstləşdi. Qonşular da onu evə apardılar ki, daha dərindən sakitləşdirə bilsinlər. Beləcə, aradan iki saata qədər vaxt ötdü. Aydın hiss etdi ki, Səməd bacısının harda olduğunu bilmək istəyir, dərhal dedi:

– Sən narahat olma, Çiçək bizdədir, onu anam apardı bizə. – Gözlərini Səmədə bərəltdi: – Nə baxırsan, o da mənim bacım. Hara getməli idi, küçədə qalmalı idi, ya da burda qalmalı idi ki, sən də vurub öldürəsən?

Səməd susdu. Ancaq gözlərindəki məna ilə Aydına minnətdarlıq etmək istədi. Aydın bunu hiss etdi, gözlərini qıyıb ona baxdı, dedi ki, narahat olma, bacın bizdə qalacaq anamla, mən də burda qalacam səninlə sabaha qədər.

Vaxt sürətlə ötdü. Gecə necə keçdi, bilən olmadı. Qonşular çoxdan evlərinə dağılışmışdılar. Səmədin yanında təkcə Aydın qalmışdı. Xoruzun ilk banı hər ikisi yuxudan ayıldı. Səməd dedi:

– Aydın, sağ ol, yuxuna  haram qatıb burda mənimlə qaldın. Məni bacı qatili olmaqdan qurtardın. Minnətdaram. İndi get evinizə, Çiçəyə də de ki, gəlsin. Söz verirəm, ona toxunmayacam.

Aydın qəribə tərzdə Səmədi süzdü:

– Sənə necə inanım, Səməd?

Səməd özünə inam qazanmaq üçün dedi:

– Yaxşı, qoy ananla, səninlə birlikdə gəlsin. Ona əlimi də toxundurmayacam.

Aydın dedi:

– Bax, mənə söz verdin. Sonra bir peşimançılıq yaratma.

– Narahat olma, Aydın. Sənə kişi sözü verirəm.

Aydın tam əmin olduqdan sonra evlərinə getdi. Aralarında cəmi iki ev vardı. Evə çatanda gördü ki, anası süfrəyə çay düzür, Çiçək də ufuldaya-ufuldaya yanağının yarasına örtük qoyur. Qapını möhkəm örtdü ki, onun gəldiyini hiss etsinlər. Çatan kimi dedi:

– Sabahınız xeyir. 

Anası salam vermədən soruşdu:

– Neylədiniz, ay bala? O dəlini necə sakitləşdirə bildiniz?

Aydın dedi:

– Birtəhər, ana. Sabaha qədər yanında keşik çəkdim ki, bir dəlilik etməsin.

– Yaxşı etdin, ay oğul, qorxdum, sənə bir xətər toxunar.

– Narahat olma, sənin Aydının o qədər də əfəl deyil.

Anasının gözlərinə təbəssüm qondu. Çiçək də gözləri ilə Aydına minnətdarlıq etdi. Birlikdə çay içdilər. Bir tikə çörək yeyəndən sonra Aydın üzünü Çiçəyə tutub dedi:

– Çiçək, qardaşın dedi ki, evə gəlsin. And içdi ki, əlimi də toxundurmayacam ona.

Çiçəkdən qabaq səmayə xala dilləndi:

– Sən deyirsən, ay oğul, o, dəlinin biridir, ona inanma, çox da söz verib, and içib.

Çiçək də evə getməkdən qorxdu. Ancaq ömrü boyu burada qalmalı deyildi. Dedi:

– Qoy nə edir-etsin, mən evə gedəcəm.

Aydın dedi:

– O, səni nə üçün öldürmək istəyirdi? Nə xətan var axı?

Çiçək başını aşağı salıb dedi:

– Bir-iki dəfə Akif mənə zəng vurub müəyyən məsələlər barədə nəsə soruşmuşdu. Ona görə məni öldürmək istəyir.

– Hə, nə olar, adam adamdan söz soruşar da. Buna görə mütləq bıçağa əl atılmalıdır?

Səmayə xala təlaşla dedi:

– Yox, qızım, mən səni o dəlinin yananı buraxmaram.

Aydın dedi:

– Ana, narahat olma, biz də onunla bərabər gedəcəyik.

Səmayə xala duruxdu, dedi:

– Nə deyirəm, ay bala. Necə məsləhətdir.

Beləliklə, Aydın, anası və Çiçək təxminən bir saatdan sonra Səmədin yanına getdilər. Darvazanın qapısı açıq idi. Aydın içəri keçən kimi möhkəm səslə Səmədi səslədi:

– Səməd, evdəsən? Biz gəlmişik.

Səməddən səs gəlmədi. Aydın bir də soruşdu:

– Səməd, evdəsən? Biz gəlmişik.

Yenə səs gəlmədi. Aydın bu dəfə narahat oldu, düşündü ki, Səməd özünə nəsə edər. Cəld hərəkətlərlə evə qalxdı. Otaqları bir-bir gəzdi. Evdə heç kimi görmədi. Eyvana çıxıb dedi:

– Səməd evdə yoxdur. Görəsən, səhərin bu çağı hara gedə bilər?

Səmayə xala da çiyinlərini çəkdi. Qəfildən Çiçək qışqırdı:

– Akif… O, tam əminəm ki, Akifi döyməyə gedib. – Üzünü Aydına tutdu: – Qurban olum, qardaş, özünü tez Akifgilə yetir, amandır, durma.

Aydın sanki indi ayıldı, Çiçəyin səsi qulaqlarında əks-səda verdi. Anasına dedi:

– Sən qızdan muğayat ol, onu burada tək qoyma. Apar bizə. Mən gedim görüm bu dəli hardadır.

– Yaxşı, ay bala, ancaq ehtiyatlı ol.

Aydın küçəyə çıxan kimi üzüaşağı götürüldü. Beş-on dəqiqədən sonra Akifgilin evinə çatdı. Burada əməlli-başlı sakitlik idi. Küçədə heç it də yox idi. Aydın düşündü: bu axmaq hara gedə bilər axı? Elə bu fikirdə ikən Səmədin yuxarı küçə tərəfdən gəldiyini gördü. Tez onun qarşısına keçdi:

– Hara getmişdin? – Qəfil onun gözlərinə baxdı: – Səndən soruşuram, harada idin?

Səməd arxayın şəkildə, heç nə olmamış kimi dedi:

– Harda olacam, getdim o iti gəbərtdim.

– Sən nə danışırsan, kimi gəbərtdin?

– O donqar oğraşı – Akifi.

– Axı niyə? Onun nə günahı var idi ki?

– Bacıma zəng vururdu tez-tez. Neçə dəfə hər ikisinə xəbərdarlıq etdim, məni adam yerinə qoymadılar. Mən də etməli olduğumu etdim.

– Sən heç bilirsən, nə etmisən? İndi camaat bacın haqqında nə düşünəcək? Nədən onun adına söz çıxartdın?

– Mən lazım olanı etdim, kim nə düşünür düşünsün.

Aydın yuxarı küçəyə sarı boylandı:

– Yaxşı, sən Akifi doğrudan gəbərtmisən?

– Bəs necə, məndə nə vaxt yalan görmüsən?

– Harda?

– Bax o təpənin dalında. Axşamdan demişdim ki, səhər tezdən ora gəlsin. O da gəldi.

Aydın yuxarı küçə tərəfdəki təpəyə sarı qaçmaq istəyəndə qəfildən Səməd dedi:

– Dayan, əvvəlcə məni dinlə.

Aydın dayandı. Səməd cod sifətini ovuşdura-ovuşdura dedi:

– Mən burdan birbaşa polis idarəsinə gedirəm. Könüllü təslim olacam. Anana de ki, Çiçək ona əmanətdir. – Baxışlarına məsum bir acizlik çökdürdü.

– Yaxşı, deyərəm. – Bir anlıq duruxdu, dedi: – Niyə özünü bədbəxt elədin Səməd? Allah bilir, nə qədər iş verəcəklər sənə.

Səməd başını yellədi, dedi:

– Sən məni boş ver, bacımdan muğayat olun.

Aydın hiss etdi ki, Səməd daha nəsə demək istəyir, soruşdu:

– Sözlü adama oxşayırsan. Hiss edirəm ki…

– Hə, Aydın, düz hiss etmisən, mən o donqar oğraşı bacıma görə öldürməmişəm.

Aydını təəccüb götürdü:

– Nəyin üstündə öldürdün onu?  

– Sirac kişinin qızına görə. Mən onu sevirəm. O kopoyoğlu da imenni gedib o qıza eşq oxuyub. Neçə gün idi qız da nə zəngimə cavab verir, nə də görüşə çıxmırdı. Bu, bəs etmirmiş kimi, o donqar oğraş bu yandan da mənim bacıma zənglər vururdu. Neynim, dözə bilmədim, şeytan məni çaşdırdı. – Gözlərini küçənin o ğaşındakı boşluğa zilləyib dedi: – Nə isə. Olan oldu. Səndən son ricam, bacımdan muğayat olun. Onun məndən başqa heç kimi yoxdur. Onu sizə əmanət qoyuram.

Aydın dedi:

– Allah köməyin olsun. Gərək sən bu səhvi etməyədin. Bu boyda kəndə qızmı yox idi?

– Get, gör o itin leşini çaqqal-çuqqal yeməyibsə, ailəsinə xəbər et, aparıb atsınlar çuxura-zada.

Aydın sürətlə təpəyə sarı qalxdı. Aranı zəif duman basdı. Akifin meyitini görəndə tam inandı ki, Səməd dediyini edib. Özünü itirmədi, tez anasına zəng vurdu, dedi ki, təcili Çiçəyi kənddən çıxart, Səməd o donqabel Akifi bıçaqla qətlə yetirib. Bəlli ki, bu dəqiqə onun adamları evi basacaq. Qurban olum, təcili kənddən çıxın. Yoxsa qızın başına oyun açarlar.

Səmayə xala da ötkəm qadın idi, özünü itirmədi, Çiçəyə dedi ki, qardaşın şəhərdə iş tapıb, bir müddət orada qalacaq. Mən də səni burada saxlaya bilmərəm, camaat nə deyər. Gəl səni Bakıya – bacımgilə aparım, bir müddət orada qal. Bacım da təkdir, bir-birinizə həyan olarsız.

Çiçək xoşagəlməz bir hadisənin baş verdiyindən duyuq düşdü, and-aman etdi ki, Səmədə nə olub, ya da o, nə edib? Səmayə xala da dedi ki, bu dəqiqə dialoq qurmağa vaxt yoxdur, biz təcili buranı tərk etməliyik. Yolda sənə nə olduğunu deyərəm.

Çiçək təlaş içində üzüldü. Səmayə xala maşını işə saldı, Çiçəyi də götürüb sürətlə şəhərə doğru şütüdü.

Səməd isə könüllü polisə təslim oldu.

Kəndi ağlaşma səsləri bürüdü. Akifin adamları elə ah-nalə qopartdılar ki, eşidənin bağrı yarılırdı. Qohumlardan bir qismi dərhal Akifin yaşadığı evə cümdü, evi sanki bombardman etdilər, həyətdə-baca bir islahat qalmadı. Fəqət nə Akifi tapdılar, nə də Çiçəyi.

Aydın yol boyu öz-özünə dedi:

– Çox şükür, qızı tapmadılar. Allah bilir, nə edərdilər.

Gizli baxışlarla şəhərə doğru şütüyən maşının arxasınca baxdı…

Müəllif: Samir ARİFOĞLU

SAMİR ARİFOĞLUNUN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Günnur Ağayeva

QAR DƏNƏCİKLƏRİ

>>>>Qarlı günün isti şeirləri<<<<

Günnur AĞAYEVA,

filoloq, ədəbi tənqidçi.

GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

COŞQUN XƏLİLOĞLU – QAR YAĞIB.

QAR YAĞIB

Çölə, düzə qar yağıb,
Dövlət yağıb, var yağıb.
Əkinçilər sevinir,
Zəmilərə bar yağıb.
Bəm bəyazdı, ağdı qar,
El- obaya yağdı, qar,
Bərəkətli zəmidir,
Bol məhsullu bağdı, qar.
Qar sevinc mənbəyidir,
Qüvvət-güc mənbəyidir,
Torpağın can dərmanı,
İnsanın gərəyidir.
Artıq soyuqdu, qışdı,
Qar yağıb, necə xoşdu,
Könlüm qar yağmağına
Sevindi, təbi coşdu.
Göydən töküləndə qar,
Qəlblərə sevinc yağar,
Qar elə gözəllikdir,
Onunla ümid doğar.
Dağa, arana yağdı,
Milə, Muğana yağdı.
Bu qar nur, işıq kimi
Azərbaycana yağdı.

Müəllif: Coşqun XƏLİLOĞLU

COŞQUN XƏLİLOĞLUNUN YAZILARI

QAR DƏNƏCİKLƏRİ

>>>>Qarlı günün isti şeirləri<<<<


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


“Yazarlar” jurnalı tərəfindən təşkil olunmuş müxtəlif tədbirlər zamanı qaliblərə və Azərbaycanı ölkəmizdən kənarda ləyaqətlə təmsil edən ziyalılarımıza təqdim olunur. təqdim olunur. Diplomdan ibarətdir. Azərbaycanın Xalq yazıçısı, dünya şöhrətli yazarımız Çingiz Abdullayevin icazəsi və xeyir-duası ilə ərsəyə gəlmişdir. № 0001 (05.03.2024-cü il, Bakı şəhəri) diplom şəxsən Çingiz Abdullayev tərəfindən Azərbaycan Yazıçılar Birliyində ölkəmizi Norveçdə ləyaqətlə təmsil etdiyinə, Ana dilimizin qorunmasında xüsusi xidmətlərinə görə Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi nin koordinatoru, Yazarlar Jurnalı Norveç təmsilçisi xanım Günay Əliyeva (Gunay Aliyeva) ya təqdim olunmuşdur.

2024 – CÜ İL

GÜNAY ƏLİYEVA № 0001 05.03.2024 – BAKI.

GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yetim Qacar və Turan Novruzlu

YETİM QACARA SAYGILARLA
TURAN NOVRUZLUDAN

Onsuz da bu dünya çoxdan talandı
Mən necə aldadım şair könlünü?!
Nə qədər xoş söz var şirin yalandı
Mən necə aldadım ,Şair, könlünü?!

Necə ovundurum Duman adamı
Bu təmiz adamı, iman adamı
Sonradan göynədər güman adamı
Mən necə aldadım, şair könlünü?

Qadın nə vanildi, nə çiyələkdi
Nə günəş, nə mələk, nə də çiçəkdir
Qəlbini isidən qadın göyçəkdi
Mən necə aldadım, Şair, könlünü?!

Bəzən sevgi bizi ilan tək çalar
Bir – iki xoş kəlmə xatirə qalar
Yadına düşəndə canını alar
Mən necə aldadım, şair könlünü?

Eşqin qor acısı gözdə naxış tək
Keçmişin izləri küskün baxış tək
Ömür yağıb bitər narın yağış tək
(Milyonlar içində şair təkdi tək)
Mən necə aldadım, Şair, könlünü?

YETİM QACARDAN
TURAN NOVRUZLUYA…

Aldadan aldadıb səndə günah yox
Aldanıb dünyaya gələn şairi
Bircə sən aldatma nə dəyişərki
Yalanı həqiqət bilən şairi

Bir az yaşamağa güman var hələ
İmansız önündə iman da belə
Duman yox a dostum bulud zənn elə
Gözünün yaşını silən şairi

Bülbül cəh-cəh edər çiçək vaxtısa
Ürək nece gülsün həsrət baxtısa
Qəlbini isidən qadın yoxdusa
Kimsə görə bilməz gülən şairi

Dərdi deməmişdən dərmanı qoydun
Sən dərdin gözünü söz ilə oydun
Nə yaxşı anladın nə yaxşı duydun
Dərdini səninlə bölən şairi

Anladın dilini könlü lalında
Pozuldu yazılar o an alında
Ölmüşdü təkliyin tənha halında
Diriltdin söz ilə ölən şairi.

Müəlliflər:

YETİM QACAR

TURAN NOVRUZLU

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hüseyn Əkbərli – Balacaboy dovşan

WWW.BİTİK.AZ

BALACABOY DOVŞAN

Dovşanların arasında ən balacaboy dovşandır. O, nə qədər dostlarıyla oynamaq üçün yaxınlaşırdı, onlar onu özlərindən uzaqlaşdırırdı. Balacaboy dovşan axırda yorulub, özü onlardan uzaqlaşdı. Bilirdi ki, dostluq qarşılıqlı olmalıdır. Özünə olan inamı itmişdi, qəlbi incimişdi, özünün özündən də xoşu gəlməməyə başladı. Atasına baxdı, böyüküydü. Anasına baxdı, böyüküydü. Balacaboy olmağından yavaş-yavaş utandı.
Balacaboy dovşan bir az evlərindən uzaq özü kimi balacaboy dovşan axtarmaq qərarına gəldi. Yol kənarında quyunun yanından keçəndə qışqırıq səsləri eşitdi:

– Kömək edin. Kömək edin. Biz bura düşmüşük, kömək edin.
Balacaboy dovşan qorxdu, qaçaraq quyudan uzaqlaşdı. Dayanıb dərindən nəfəs alırdı. sağa-sola baxdı və yavaş-yavaş quyuya yaxınlaşdı. Quyunun içinə baxana qədər əsirdi.
Gözlərini bərəltdi. Çünki onu yaxınına buraxmayan dovşanlar quyuya düşmüşdü.
Onlar dovşana yalvarırdılar:

– Balacaboy, kömək elə. Xahiş edirik, kömək elə.


Balacaboy səssizcə ətrafı gəzməyə başladı. Kənara kəndir atılmışdı. Balacaboy kəndirin bir ucunu quyuya atır, bir ucunun da üstünə çıxır.
Beləcə, iki dovşan quyudan bir-bir çıxır. Onlar balacaboya, balacaboy onlara baxır. Onlar balacaboya “çox sağ ol” deyirlər. Və ona lağ etdikləri üçün üzr istəyirlər.
O gündən anlayırlar ki, əsl dost görünüşünə görə yox, yaxşı xasiyyətinə, mərdliyinı görə seçilməlidir. O gündən balacaboy şən və xoşbəxt olur. Özündən də utanmır.

Müəllif: HÜSEYN ƏKBƏRLİ

HÜSEYN ƏKBƏRLİBİN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR BAYRAMOĞLU – DAŞ ŞABALID

DAŞ ŞABALID

I

Səhər yeməyini yeyib bitirdi. Süfrəni yığışdıran xanımını gözucu izləyə-izləyə dərmanlarını götürüb içdi. Ayağa qalxıb ağır addımlarla yataq otağına keçdi. Şifonerdən götürdüyü şabalıdları otaqda var-gəl edə-edə ovcunda ovuşdurmağa başladı. Barmaqları onların sürtünməkdən nazilib-incələn qabıqlarını oxşadıqca, bədəninə melatonik bir həzz yayılırdı. Şabalıdların bir-birlərinə toxunub çıxardıqları xaotik səslər qulaqlarından keçib beyninə dolur, barmaq uclarından yayılan istiliklə birləşib bioenerjiyə dönür, ruhunu oxşayırdı.

 “Müalicə seansı”nın bitdiyini düşündüyündə ovcunda oxşayıb-əzizlədiyi şabalıdlara baxıb ah çəkdi… İllərin alışqanlığı ilə otağın baş tərəfinə gedərək şifonerin qapısını açıb şabalıdları yerinə qoydu. Geri-geri çəkilib yatağın üstündə oturdu.

Əllərini dizlərinin arasında sıxışdırıb başını aşağı saldı…

Gözlərini boşluğa zilləyərək düşünür, zaman keçdikcə yaşamının bir parçasına çevrilən tünd qəhvəyi rəngli şabalıdların onun otağına haradan, necə gəldiyini xatırlamağa çalışırdı. Nəm çəkmiş köhnə lent kimi orası-burası pozulan yaddaşını qurcalasa da, onları haradan aldığını yadına sala bilmədi… Şabalıdlarla ilgili beyninə həkk olunmuş tək bir şey var idi: onları hər gün ən azı iyirmi dəqiqə ovuclarında ovuşdurmalı idi… Dəqiqəsi-dəqiqəsinə yerinə yetirdiyi göstəriş. Kim demişdi, niyə demişdi? Unudalı çox olmuşdu… Amma hər gün səhər saat doqquz tamamda yayı burulmuş saat kimi yatağı ilə üzbəüz qoyulmuş şifonerə yaxınlaşır, qapısını açaraq ən üst gözdən şabalıdları götürüb barmaqları arasında sıxışdırır, ovuclarında ovuşdururdu. Niyə etdiyi barədə heç bir fikri yox idi, bildiyi tək şey, bir kərə pozulduqdan sonra bir daha düzəlməyən səhhəti ilə şabalıdların arasında nəsə bir əlaqə olduğu idi.

II

Divar boyu bərkidilmiş “əlillər və ahıllar üçün tutacaq”dan tutub ayaqlarını ardınca sürüyə-sürüyə “əmək terapiyası” otağına yaxınlaşdı. Nəfəsini dərib qapını döydü. İçəridən incə, məlahətli səs cavabladı:

  • Gəlin.

Qapını açıb otağa daxil oldu. Tibb bacısı onun qoluna girərək stulda əyləşməsinə kömək etdi, özü də dolabdan ütülü ağ örtüyü götürüb masanın üstünə sərdi. Terapiya üçün istifadə olunacaq alətləri spirtlə dezinfeksiya edib örtüyün üstünə düzə-düzə:

  • Nə olub sizə? – deyə soruşdu.
  • İnsult, – deyib köks ötürdü.
  • Bilmirəm qidadandır, ya həyat tərzindən, xəstəliklər yaman cavanlaşıb.
  • Hə, elədir, ancaq mən pandemiyada peyvənd vurdurmuşdum, ondan sonra səhhətim pozuldu, sonu da belə, – deyib gözlərini endirdi.
  • Çoxdan keçirmisiz?
  • Yox, üç il öncə.
  • Daha öncə bərpada olmusunuzmu?
  • Hə, üç-dörd dəfə olmuşam.
  • Yəqin çox öncə olmusuz, çünki mən sizi daha öncə görməmişəm.
  • Bura ilk dəfədir gəlirəm.
  • Öncələri bizim rayonumuzda olmuşdunuzmu?
  • Əlbəttə, insultdan qabaq bir-iki dəfə olmuşam. Həm şəhəriniz gözəldir, həm də insanlarınız mehriban, qayğıkeş.

Xanım gülümsəyib yanağına tökülən birçəyini qulağının arxasına keçirtdi.

  • Rayonumuzu bəyənməyinizə sevindim.

Tibb bacısı bir tərəfdən onun əllərinin üstünü slikon alətlə masaj edir, digər tərəfdən söhbət edirdilər:

  • Daha öncə “əmək terapiyası” almısınızmı?
  • Xeyr.

Susdular, xanım əllərinin üstünü masaj etdiyi aləti kənara qoydu. Onun sağ əlini ovcuna alıb barmaqlarını başqa bir alətlə masaj etməyə başladı.

Onun hərəkətlərini izləyə-izləyə:

  • Siz ixtisasca fizioterapevtsinizmi? – deyə soruşdu.
  • Bəli, öncə tibb texnikumunu bitirmişəm, sonra da psixologiya və fizioterapiyaya dair əlavə kurslar keçmişəm.
  • Əvvəldən buradamı işləyirsiniz?
  • Öncə xüsusi qeyri-tədris müəssisəsində işləyirdim.
  • Nə əcəb özəldən çıxıb dövlətə gəldiniz? Mən bilən özəl şirkətlərdə əməkhaqqı daha yaxşı olmalıdır axı…
  • Məsələ əməkhaqqı deyil, – deyib ah çəkdi, – bilirsinizmi ora gələnlər hamısı problemli uşaqlardır, onlarla işləməyə ürəyim dözmədi, – deyə cavablayarkən iri qara gözləri kədərlə kölgələndi, əsmər yanaqlarından təbəssüm çəkildi…
  • Yəqin bura təzə gəlmisiz?..
  • Altı aydır, bilirsinizmi, həm iş şəraitinə, həm də əməkhaqqına görə bura mənə daha uyğundur, – deyib əlindəki aləti kənara qoydu, elektrikli titrəşim cihazını götürərək armudvari başlığı taxıb işə saldı. Onun ovcunu, barmaqlarını masaj edərkən əlini yumruq kimi tutmasını rica etdi.
  • Deyəsən sağ əlinizi az istifadə edirsiniz.
  • Hə, onu pensiyaya çıxartmışam, – deyib gülümsədi.

Tibb bacısı da gülümsədi… Dodaqlarının altından sıralanmış incilər göründü.

  • Sağ əlinizdə tonus var, mən sizə xüsusi hərəkətlər öyrədərəm, evinizə getdikdən sonra da davam edərsiniz.
  • Tənbəlliyim tutmasa, məmnuniyyətlə, – deyə cavab verdi.
  • Yox, belə eləməyin, öz üzərinizdə nə qədər çox işləsəniz, o qədər tez sağalacaqsınız.

“Əmək terapiyası” otağından çıxarkən tibb bacısı ona dörd ədəd yabanı şabalıd verib:

  • Bunları sağ cibinizə qoyun, boş vaxtınız olduqca əlinizə alıb ovuşdurun, həm barmaqlarınız açılacaq, həm də sinirləri oyanacaq.
  • Onları sizdən xatirə saxlayacam, – deyib təşəkkür etdi, dönüb otaqdan çıxdı. Yenə divarboyu bərkidilmiş tutacaqdan tuta-tuta fizioterapiya otağına gəldi. Müalicə kartını tibb bacısına təqdim etdi. Onun göstərdiyi çarpayıya yaxınlaşaraq soyunub uzandı…

III

Ertəsi gün səhər yeməyindən sonra dərmanlarını içdi. Müalicə kartını götürüb baxaraq, psixoloqun qəbuluna yollandı. İlk seans psixoloji durumunu öyrənmək üçün keçirilən sual-cavabla başlandı. Sorğu-sualı bitdikdə, dərdləşib içini boşaltdı. Seans bitdiyində xeyli yüngülləşmiş, dərdi dağılmışdı. Psixoloqun otağından çıxdı, iki addım atıb dayandı. Nəfəsini dərmək üçün divara söykəndi. Gülümsəyirdi, illərdir ki, həsrət qaldığı təbəssüm dodaqlarına qonmuşdu. Nə sağ yanağındakı iflic, nə tutmayan əlini, nə də oduna dönmüş ayağı vecinə deyildi… Yaşadığı, nəfəs aldığı üçün xoşbəxt idi. İlk dəfə görürmüş kimi, yanından keçib gedən tibb bacılarına, müalicə otaqlarının önündəki skamyada əyləşib növbələrini gözləyən xəstələrə baxdı. Gözlərini çevirib döşəməni, divarları, tavanı seyr etdi. Buraya gəldikdən sonra heç diqqət etməmişdi. Əla təmir olunmuş bina, avtomatik açılan qapılar və çöldə görünən mənzərə… Ürəyinin sürətlə atdığını hiss etdi. Tutacağın yardımı ilə dəhlizin sonuna qədər gəlib çatdı. Önündə açılan qapıdan keçib həyətə çıxdı. Divardan tuta-tuta gəlib nərdivanın sürahisinə söykənib dayandı. Təmiz havanı acgözlüklə ciyərlərinə çəkir, üfüqə zillənmiş gözləri ilğım görürdü. Xəstəliyin, dərdin, bəlanın olmadığı bir dünya vardı orada… Ölüm də yox idi, ədalətsizlik də… Kimsə kimsəyə haqsızlıq etmir, insanlar rəngarəng çiçəklərlə bəzənmiş yaşıl təbiətin qoynunda dərdsiz-qayğısız yaşayırdılar. Hər kəsin gözləri sevinclə parlayır, dodaqları sevgi sözcükləri pıçıldayırdı.

O da getmək, üfüqdə görünən insanlara qatılmaq, onların arasında yaşamaq istədi. Sürahidən ayrılıb irəlilədi. Qollarını açıb irəli uzatmış, üfüq xətti dünyası insanlarının onu sevinclə aralarına alacağından əmin irəliləyirdi. Üçüncü addımda ayağı boşa getdi.

Yetişən mühafizəçi qolundan tutub saxladığında sarsılıb özünə gəldi. Artıq üfüq xəttində görünən dünyası yox olmuşdu. Gözləri doldu, ağlamamaq üçün alt dodağını dişlərinin arasında sıxıb dayandı.

Mühafizəçi onun gözlərinə baxdıqda üzündəki sərt ifadə silindi, gülümsəməyə çalışaraq:

  • Əyninizin nazik olduğunu görüb gəldim çağıram ki, üşüməyəsiniz. İçəri keçməyinizə kömək edimmi?

Üşüdüyünü hiss etdi. Dişləri-dişlərinə dəyirdi.

  • Sizə zəhmət olmasın, özüm gedərəm, – deyib avtomatik qapıya doğru yönəldi. İçəri keçdiklərində mühafizəçi hansı müalicə otağına gedəcəyini soruşdu. Önündən keçdikləri qapının üstündəki yazıları oxuyub:
  • Fizioterapiya, – deyə cavabladı.

Müalicə otağında tibb bacısının göstərdiyi çarpayıya yaxınlaşdı, soyunub üzüaşağı uzandı. Tibb bacısı kürəyinə “karpazin” tozu səpdi. “Elektrofarez”in metal ucluqlarını kürəyinə düzdü. Üstünü örtərək “stribizator”u işə salıb, – tok varmı, – deyə soruşdu. Başı ilə təsdiqlədiyində “müalicə on dəqiqə davam edəcək, özünüzü yaxşı hiss etməsəniz səslənin”, – deyib yanından ayrıldı, pərdəni çəkib bağlayaraq getdi.

Özü ilə baş-başa qaldığında bayaqdan boğazını yandıran qəhəri qarşısında davam gətirə bilmədi, gözlərindən daşmağa yer axtaran selləri sərbəst buraxdı.

Öncə psixoloqla dərdləşib içini boşaltmanın verdiyi rahatlıqla çölə çıxıb təmiz hava almaq istəmişdi. Amma insult keçirdikdən sonra xarakterindəki dəyişkənlik özünü göstərmiş, keçmiş, sağlam günlərini xatırlayıb kövrəlmişdi. İndi budur, fizioterapiya otağındakı tibbi çarpayının üstündə uzanarkən yalnız qalmanın verdiyi arxayınlıqla səssiz-səssiz ağlayırdı. İllərdir ürəyində qubar bağlayan dərdləri yastığını isladan göz yaşları ilə bərabər çölə axır, cismindən ayrılıb ruhunu sakitləşdirirdi…

Fizioterapiya otağından çıxıb əmək terapiyası otağına yaxınlaşdı. Qapını döydü. Bir neçə saniyəlik gecikmədən sonra dünənki səsi eşitdi:

  • Gəlin.

Ürəyi atlandı. Bu səs məlhəm kimi onun ürəyini sərinlədirdi. Qapını açıb içəri boylandı. Onun yerinə bir başqa xəstə əyləşmişdi. Təlimatçı xanım onu müalicə etməklə məşğul idi. Üzr istəyib qapıdan çəkildi, yaxınlıqdakı skamyada əyləşərək sırasını gözləməyə başladı. Beş dəqiqə keçdikdən sonra içəridəki adamın çıxdığını görüb ayağa qalxdı, qapını açaraq otağa daxil oldu:

  • Sabahınız xeyir.

Tibb bacısı:

  • Sabahınız xeyir, bu gün dünənkindən gümrah görünürsünüz, – deyib stulu çəkərək əyləşməsi üçün ona kömək etdi.
  • Bəli xanım, bu gün daha yaxşıyam.
  • Daha da yaxşı olacaqsınız, – deyib masanın üstündəki alətləri dəyişdirdi, stulunun önünə hesab şotkasına bənzəyən aləti qoyaraq:
  • Seans müddətincə ayağınızı üzərinə qoyub hərəkət etdirin ki, sinirlərinizi oyatsın, – dedi.

Çəkələklərini soyunub ayağını üzərinə qoydu.

  • İstəyirsinizsə corablarınızı soyundurum.

O gülümsəyərək:

  • Yox, yox, lazım deyil, qoy qalıb, – deyə cavabladı.

Əllərini slikon yastıqla masaj etdikdən sonra keçən dəfəkindən fərqli alətlərlə məşq etməyə başladılar. Sakitliyi onun sualı pozdu:

  • Bağışlıyın xanım, adınızı öyrənmək olarmı?

Gülümsəyib onun gözlərinin içinə baxdı, yanağına düşmüş birçəyini qulağnın ardına keçirərək:

  • Əlbəttə olar, – deyə cavabladı, – adım Humaydır.
  • Nə gözəl… Sosial şəbəkədən istifadə edirsinizmi?
  • Facebook-da varam, amma demək olar ki, istifadə etmirəm.
  • Sizi orada tapmağa çalışacağam.

Humay işindən ayrılmadan:

  • Sorun deyil, istək atsanız, qəbul edərəm, – deyib istifadəçi adını, soyadını söylədi.

Müalicə otağından çıxdığında artıq dostlaşmışdılar…

Bərpa mərkəzindən ayrılarkən bir-bir müalicə otaqlarını gəzib tibb heyəti və xəstələrlə sağollaşırdı. “Əmək terapiyası” otağına getdi. Qapını döyüb gözlədi. İçəridən “gəl”, – deyə eşitdiyində otağa daxil oldu. Humay pəncərənin önündə dayanıb çöldə narın-narın yağan qara baxırdı. Onu gördüyündə gülümsədi, dodaqlarını büzərək:

  • Demək bu gün gedirsən hə? – deyə soruşdu.
  • Bəli Humay xanım, gəldim ki, sağollaşaq.
  • Sağ-salamat get. Bax ha, şabalıdları itirməyəsən, – deyib gülümsədi.
  • Yox, itirmərəm, – deyə cavablayıb nəfəsini dərdi, – salamat qalın Humay xanım, sizi unutmayacağam, – deyərək dönüb qapıdan çıxdı.

IV

Bəzən şabalıdları şifonerdən götürərək barmaqlarının arasında oxşayıb-əzizlədiyində yaddaşının get-gəlində onları bağışlayan gülərüz, incə qəlbli xanımı xatırlayırdı. Belə vaxtlarda bərpa mərkəzindən ayrılarkən verdiyi söz yadına düşür, hədiyyəlik şabalıdları itirməkdən qorxaraq yerinə qoyub gizlədirdi…

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Amon-Aamon-Hamman-Amin-Amen adları arasındakı oxşarlıq.

Amon-Aamon-Hamman-Amin-Amen adları arasındakı oxşarlıq.

  Monoteist dinlərdə və miflərdə bəzi onomastik vahidlər(adlar) vardır ki,onlar arasında tarixi sinktetik əlaqənin olub-olmaması dilçi,eləcə də dinşünas alimlərin arasında hələ də mübahisə mövzusudur. Bəhsi gedən mübahisənin köklü səbəbləri:

    1.Həmin sözlərin etimoloji tədqiqatı zamanı köklü mənbələrin tapılmaması.

    2.Alimlərin dünyagörüşlərinin və inanclarının müxtəlifliyi.

    3.Sözlərin orfoepiya sisteminin(səslənməsinin) eyni olması,lakim fərqli dil ailələrinə mənsubluğu

    4.Dinlərin arasında epistemologiyanın III idrakının(superrasional,yəni məntiqüstü iman idrakı) üstün olması və.s

 Bildiyimiz kimi Amon (Amun,Amana,Amoun) Qədim Misir inancının baş tanrısıdır. Adının tərkib hissəsindəki imn sözü görünməz mənasını ifadə edir və adının müxtəlif verdiyada səslənməsi Qədim Misirin ləhcələri ilə əlaqədardır.Bir qisim alimin fikrincə,monoteist dinlərdəki “Amin” ifadəsinin kökü Amondan gəlir. Lakin bu fikiri təkzib edən kifayət qədər Misirşünas tədqiqatçı mövcuddur. Belə ki,Ghilad Zuckermann kimi tədqiqatçılara görə amin sözünün tələffüzü iudaizm,xristianlıq,eləcə də İslam dininə görə fərqidir və “aymen”,”amen”,”amin” kimi səslənir.Bu söz İbranicə İncildə 30 dəfə rast gəlinir. Təkcə Qanunun təkrarında 27:15-dən başlayaraq 12 dəfə. Sabit “Amin, Amin” ifadəsi beş dəfə görünür – Məzmur 41:13; 72:19; 89:52; Saylar 5:22; Nehemya 8:6. Yeşaya 65:16 ayəsində iki dəfə “həqiqət” kimi tərcümə olunur. Sözün əvvəli sait səslə(ibranicə alef,ərəbcə əlif) başlayır. Lakin tanrı Amonun(misircə adı Ja’ma:ne)   adındakı ilkin hərf “yod” hərfidir. Qeyd edək ki, semit dil ailəsi və Qədim Misir dili flektiv dil quruluşuna malik olduğu üçün səsdəyişimi sait səslərin üzərində aparılır,samit səslər isə olduğu kimi yerində qalır. Qeyd etdiyimiz onomastik vahidlərin tərkibindəki səs quruluşuna nəzər yetirdikdə,gördük ki,”yod” səsi ibrani və ərəb dillərindəki amen və amin kəlmələrində mövcud deyil. Bundan əlavə müqayisəli tarixi dilçilik aspektindən məsələyə baxdıqda,bizə məlum olur ki, tanrı Amon göylərin yaradıcısı,məsuldarlıq allahıdır. Amin isə duaların sonunda işlənən kəlmədir ki, əminlik və amanlıq mənasını kəsb edir. Bu iki sözün arasında semantik məna bağlılığı olmadığı üçün tədadüfi səslənmədən dolayı onların arasında sinkretik bağlılıq olduğu fikirini söyləmək çətindir.

  Bundan əlavə məsələyə teoloji və tarixi baxış bucağından baxsaq,görərik ki, Amon və Amondan törəyənlərlə əlaqədar müxtəlif versiyalar mövcuddur. Rasionalistlərə görə Amon tanrıdan çox Misirin ilkin padşahlarındandır ki,sonradan yerli xalq onu bütləşdirmişdirlər. Amonhoteplər sülaləsinin adının da kral Amondan gəldiyinə dair fərziyyələr mövcuddur. Bəzi araşdırmaçılara görə isə tanrı Amon gözəgörünməz bir spiritual varlıqdır ki,onun cismani forması bütləşdirilərəq kahinlər tərəfindən yerli camaatı istismar etmək üçün xalqa təqdim etmişdir.Bir digər versiya da ondan ibradətdir ki, Amon məhsuldarlıq və bərəkət tanrısıdır. Mifologiyaya görə isə baş tanrı Amon sonradan günəş allahı Ra ilə güclərini birləşdirərək Misirə hökmranlıq etmişdirlər.Daha sonradan isə amonun müxtəlif motivləri (Amon-Re,Amon-Min) meydana gəlmişdir.

 Sadalanan versiyaların müxtəlifliyi bizə onu göstərir ki,monoteist dinlərdəki fundamental anlayışlar dəqiq olmayan və fərziyyələrə məruz qalan bir onomastik vahidlə semantik bağlılıq yarada bilməz. Çünki təktanrılı dinlər daim təzyiq və tənqid altında olduqları üçün dəqiq olmayan bir məlumata arxalanaraq inanclarındakı köklü ibadət məfhumlarını təhlükə altında ata bilməzdilər.

Qeyd:

Bibliyada Aminlə yanaşı Amon adı da istifadə edilirdi.

 İsrailin Allahı, Ordular Rəbbi dedi: “Budur, Mən Tebanlı Amonu, Fironu, Misiri, onun allahlarını, padşahlarını, Fironu və ona güvənənləri cəzalandıracağam”.

—  Yeremya 46:25

Sözügedən adların eyni anda istfadəsi bizə onu göstərir ki,həmin onomastik vahidlərin yazısı və mahiyyəti fərqli olduqları üçün xəttatlar onları fərqləndirməyi bacarmışdırlar.

Müxtəlif tarixçilər tanrı Amonun adından törəyənlərə Karfagen allahı Ball Hammonu, demonologiyadakı cəhənnəmin 7-ci ruhu olan Aamonu və Nubiya tanrısı Amounu misal verirlər. Belə ki,bu adların arasında semantik məna bağlılığının olmasını söyləmək mümkündür. Çünki Karfagen tanrısı Ball Hammoun də Misir allahı Amon kimi baş tanrı və bərəkət ilahəsidir. Hər iki tanrı kişi cinsinə məxsusdur və həyat yoldaşları(Amon-Amunet,Hammon-Tanit) vardır. Sadecə,aralarındakı əm böyük fərq səslənmə sistemidir ki, “yod” səsi sinkretik assosiasiyanın qarşısını alaraq tədqiqatçılar arasında çaşqınlıq yaradır.

 Nubiyadakı baş tanrı Amoun isə demək olar ki,tanrı Amonun Nubiya ekvivalentidir. Ona görə ki,bu iki dövlət tarixdə bir-biriləri ilə qonşu olub,hətta əksər hallarda Nubiya Misirin işğallarına məruz qalmışdır. Tanrıları arasında demək olar ki,paralelliklər eynilik kəsb edir yəni,köklü fərq yoxdur.

  Demonologiya elmi cindarlıq və şər qüvvələr haqqında elmdir ki,yəhudilər Misirdə olarkən bu elmlə ciddi şəkildə məşğul olmuşdurlar. Demotik düşüncəyə görə 72 ruh vardır və cəhənnəmin 7-ci ruhu Markiz Aamondur. Sehirbazlığın mötəbər kitablarından sayılan anonim müəllif tərəfindən qələmə alınan “Süleymanın kiçik açarı” adlı kitaba görə Aamonun xarici surəti bu formadadır. “İlan quyruğu olan canavar kimi görünür, ağzından od alovu qusur,lakin sehrbazın əmri ilə o, başı qarğaya bənzər it dişləri olan insan şəklinə də düşə bilir”. Güman edirik ki,yəhudilər Aamonun surətini sfinksdən və ya digər tanrılardan (Apepdən) ilhamlanaraq təsvir etmiş,adını isə tanrı Amondan götürmüşdürlər. Çünki Qədim Misir inancında ilanabənzər bir tanrı vardır ki,adı “Apep” idi. Bu Tanrı Nildə yaşayır və gəmiçiləri öldürdüyü üçün vəhşətin,qorxunun rəmzi mənasını kəsb edirdi.

  Göründüyü kimi təkallahlı dinlərin inancında olan Amin sonluğunun Amonla eyniləşməsini konkret formada söyləmək çətin məsələdir. Çünki adların yazılışı arasındakı fərq,sözlərin mahiyyətinin fərqli olması ciddi maneə doğurur. Fikirimizcə,bu ad plagiat olsaydı səslənməsi ilə bərabər kiçicik mahiyyəti(görünüş,vəzifə və.s) də özlüyündə götürərdi. Eyni ilə demonologiyada və Nubiyadakı Amonun ekvivalentləri kimi.

Qeyd:

Maraqlı bir məlumatı da qeyd edək ki, qədim türk tanrısı “Kaera” ilə Qahirə şəhəri arasındakı semantik bağlılığın olduğunu söyləyən müqayisəli tarixi dilçilər də mövcuddur. Onların fikrincə,hiksoslar şərqdən Afrikaya köç edib,Misiri işğal edərkən özləri ilə birlikdə türk,monqol kimi xalqların adət-ənənələrini və adlarını da özləri ilə aparmış və Misir mədəniyyətinə təsir etmişdirlər.

Mənbələr:

1.Mathers McGregor-Liddell, Samuel. The Goetia: The Lesser Key of Solomon the King,səh. 9-34

2.David Warburton, Architecture, Power, and Religion: Hatshepsut, Amun and Karnak in Context, 2012, səh. 211

3.Harper, Duqlas.Onlayn etimologiya lüğəti .”Amin”sözü

4.Thurston, Herbert (1907) . Herbermann, Çarlz . Katolik Ensiklopediyası . Cild. 1. “Amin” sözü

İnternet resursları:

1.https://en.m.wikipedia.org/wiki/Amen

2.https://ru.m.wikipedia.org/wiki/%D0%90%D0%BC%D0%BE%D0%BD

3.https://en.m.wikipedia.org/wiki/Baal_Hammon

4.https://en.m.wikipedia.org/wiki/Aamon

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Professor Asif Rüstəmlinin doğum günüdür – Təbrik

Bu gün xalqımızın dəyərlisi, əmim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin yubiley doğum günüdür.
Asif Rüstəmli 16 fevral 1954-cü ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində dünyaya göz açmışdır. “Çırpınırdı Qara dəniz”, “Tufanlardan keçən ömür”, “Susmaz duyğuların səltənətində”, “Ədəbi istiqlalımız”, “Cəfər Cabbarlı:: həyatı və mühiti”, “Mütərcim Cəfər Cabbarlı” və s. kitabların müəllifidir.
Asif Rüstəmli böyük alim, Cabbarlışünas, mühitinə dəyər verən, müdrik bir insandır. Onun Cəfər Cabbarlı irsinin tanınmasında, Cabbarlının arxivdə qalmış əsərlərinin tapılmasında əməyi çox böyükdür.Asif Rüstəmlinin diqqəti sayəsində mən bir çox mötəbər tədbirlərdə iştirak etmişəm. Tanınmış, dəyərli, özü kimi müdrik şəxsiyyətlərlə görüşmək imkanı qazanmışam. Hələ çox kiçik yaşlarımdan (4-5 yaş) onun müəllifi olduğu kitablar əlimdən düşmürdü.Demək olar ki, həmin kitabların əhatəsində böyümüşəm.
Asif Rüstəmli Cəfər Cabbarlının natamam pyeslərini, yazılarını ortaya çıxarmışdır. Hətta O, Cabbarlının “Kazım bəy” romanını və neçə-neçə yazılarını tədqiqat yolu ilə aşkar etmişdir. Hesab edirəm ki, bu araşdırma sahəsində qırılması çətin olan bir rekorddur.
Asif Rüstəmli uşaq yaşlarımdan şeir, sənət aləmində çırpınanda mənə dəstək olan, şeirlərimi və yazılarımı oxuyan, məni həm də sosial şəbəkələrdən izləyərək məsuliyyətimi artıran, hər sözü, hər söhbəti mənə bir akademik dərs olan,mühitə dəyər verən müdrik bir alimdir.Onu da qeyd edim ki, əmim mənim məqalələrimi sosial şəbəkələrdən və ya “Kredo” qəzetindən oxuyaraq öz münasibətini bildirəndə mən çox sevinirəm.Həmin gün uçmağa qanadım olmur.Xüsusən də “İtirilmiş cövhər-Maqsud Məmmədov”, “Qələbənin simvolu, Zəfər tağı” , Şəhid Sahil Məmmədova həsr etdiyim “ Savaşlardan alnı açıq, üzü ağ çıxan qəhrəman”, “Böyük ocaq, böyük insan, böyük sevinc”, “Ana Vətənimdə unudulmaz bir gün” və s. məqalələrimi deyə bilərəm.Həmin məqalələrimi publisistik məqalələrimin ən uğurlusu və ya tacı hesab edirəm.
Nəslimizin əzizi, fəxr və qürur yerimiz, xalqımızın dəyərlisi Asif Rüstəmlini yubileyi münasibətilə ürəkdən təbrik edirəm! Can sağlığı, uzun ömür və xoşbəxtliklə 100 yaş yaşamasını uca Allahdan arzu edirəm! Mənə və gənclərə yüksək dəyər verdiyinə, elm və pedaqoji sahədə danılmaz xidmətlərinə və əməyinə görə əmimə sonsuz minnətdarlığımı bildirirəm! XALQIMIZIN DƏYƏRLİSİ, SİZİNLƏ FƏXR EDİRƏM! YUBİLEYİNİZ DOĞUM GÜNÜNÜZ MÜBARƏK OLSUN! ALLAH SİZİ VƏ ƏZİZLƏRİNİZİ QORUSUN! AMİN!

Hörmətlə: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu – Gedirəm

GEDİRƏM

Sənsiz bu yollarda çaşıb qalmışam,
Heç özüm bilmirəm hara gedirəm.
Qismətim beləymiş demək Tanrıdan,
Həsrətlə qol- boyun dara gedirəm.

Bizi addım- addım güdən arzular,
Olub səbrimizi didən arzular.
Üşüyür içimdə fidan arzular,
Elə bil borana, qara gedirəm.

Başın qarışmasın evə- eşiyə,
layla çal sevgimiz yatan beşiyə.
Bələ nəfəsinlə, qoyma üşüyə,
Hövsələn gəlməsin zara, gedirəm.

Zalım ayrılığın hər anı dəhşət,
Yaylağı dəhşətdi, aranı dəhşət.
Bürüyür halımı soranı dəhşət,
Qəlbimdə sağalmaz yara, gedirəm…

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

İBRAHİM RÜSTƏMLİNİN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"