Sumqayıt Regional İdarəsinə tabeli Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı Mehdiabad Kitabxana Filialında Azərbaycan Milli Ordusunun ehtiyyatda olan mayoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Bəy Azəri ilə oxucuların görüşü olub. Görüşdə Mehdiabad qəsəbə 4 saylı tam orta məktəbin IX-X sinif şagirdləri və ədəbiyyat müəllimi Səbinə Süleymanova iştirak ediblər. Filialın müdiri Aytən Təhmasib yazıçının Birinci Qarabağ müharibəsindən bəhs edən “Qəmlibel müsibəti”, “Hərbi Zəngilan”, “ArazGERSdən keçən köç” və digər bədii və publisistik kitablarından bəhs etmiş, orda toplanmış bədii və publisistik yazılarının içərisində yetkin oxucuların sevə-sevə oxuyacağı əsərlərlə yanaşı, yeniyetmələrin, gənclərin də həm şəxsiyyət, həm də vətənini, xalqını sevən dəyərli vətəndaş kimi yetişməsinə xidmət edən çox sayda nümunələr olduğunu bildirdikdən sonra sözü Əli bəy Azəriyə verib. Xarkov Ali Hərbi Tank Komandirliyi məktəbini bitirmiş, Türkiyədə zabit təkmilləşdirmə kursu keçmiş, birinci Qarabağ müharibəsi zamanı doyüşlərdə iştirak etmiş, mayor hərbi rütbəsində ehtiyata buraxılmış Əli bəy Azəri (Əli Rzaquliyev) yaradıcılığında hərb mövzusunun üstünlük təşkil etdiyini, Birinci Qarabağ müharibəsində baş verənlərin, canlı şahidi olduğu hadisələrin “Hərbi Zəngilan” romanı, “Arazgersdən keçən köç” və “Qəmlibel müsibəti” povestlərində öz əksini dolğun şəkildə tapması haqda məktəblilərə məlumat verib. İkinci Qarabağ döyüşlərində qazandıgımız qələbə sevincini bölüşüb, həm hərbiçi, həm də yazıçı mövqeyindən çıxış edərək qəhrəman xalqımızın yaxın və uzaq tarixi keçmişi haqda tarixi qaynaqlara istinad edərək dəyərli bilgilərlə oxucuları məlumatlandırıb. Dövrün müasir ədəbi mənzərəsini əks etdirən, paytaxtda yazıb-yaradan yazıçı və şairlərlə yanaşı, bölgələrdəki ədəbiyyat adamlarının da geniş yer verildiyi “Xəzan” jurnalında gördüyü işlərdən, redaktorluq fəaliyyətindən, bu sahədə yaşanan çətinliklər, boşluqlarla yanaşı, xeyli ürəkaçan məqamların da olması barədə danışıb. Tədbir boyunca yazıçı, oxucuların internet Resurslarından əldə etdikləri və kitablarından oxuduqları hekayə, povest və romanları, yaradıcılığı və həyatıyla bağlı onları maraqlandıran çoxsaylı sualları cavablandırıb, dünyagörüşlü, mənəviyyatlı şəxs kimi formalaşıb, yetişməsində kitabın, ədəbiyyatın əvəzsiz təsirini vurğulayıb. Həmçinin məktəbin Azərbaycan dili – ədəbiyyat müəllimi Səbinə Süleymanova da çıxışı zamanı bədii ədəbiyyat oxuyan şagirdlərin davranışlarının, həyata baxışlarının digərlərindən fərqləndiyini, şagirdlərin yazıçılarla olan görüşlərə böyük maraq göstərdiklərini deyib. Görüşdə Əli bəy Azərinin təşəbbüsü ilə yenicə işıq üzü görmüş 22 yazıçının hekayələrinin yer aldığı “Bayraq Hekayələr Toplusu” oxuculara təqdim olunub. Maraqlı ədəbi müzakirələr və söhbətlərlə keçən tədbiri Yazıçı hər kəsin ayaq üstə dayanaraq dinləməsini xahiş edərək, Məmməd Arazın “Azərbaycan-yurdum mənim” adlı şeirinin: Azərbaycan mayası nur, qayəsi nur ki… Hər daşından alov dilli ox ola bilər. “Azərbaycan!” deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər. – bəndiylə bitirib. Tədbirdən sonra aktiv iştirak edən bir neçə oxucuya yazıçı tərəfindən imzalanmış kitablar hədiyyə olunub, “Xəzan” jurnalının müxtəlif saylarının toplandıği sərgi nümayiş etdirilib.
Əzizağa Bəhram oğlu Ələkbərov 10 sentyabr 1952-ci ildə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
DAĞILAN DÜNYA
Şəhidlərimizin ölməz ruhuna və qazilərimizin hünərinə ithaf
Haqqın, ədalətin pozulduğu yerdə dünya özü öz içindən dağılır.
Fəxri cəbhədən geri qayıdanda gördüklərinə inanmadı. Bu bir yuxu, ya xoşbəxt sonluqlu kino idimi, bilmirdi. Qolunu bərk-bərk çimdiklədi, gözlərini ovuşdurdu, yox, heç nə dəyişmədi. Nə yuxu idi, nə də kino. “Görəsən, necə olacaq?!” – deyə fikrə getdi. İki ay bundan qabaq qorxu, təlaş içində çırpnan kənd, elə bil, həmin kənd deyildi. Adamlar tamam dəyişmişdilər. Sanki bir az böyümüş, bir az da ürəkli olmuşdular. Uşaqlı-böyüklü hamının gözü onda idi. Asfaltı orda-burda uçulub-dağılmış, yağış sularından yığılıb kiçik-kiçik gölməçələnmiş yol boyu düzülənlər onu gözləyirdilər. Bu adi bir iş deyildi, cəbhədən qalib ordunun qazisi gəlirdi. Hər dəqiqəsi, hətta hər saniyəsi belə ölüm olan, qaşla-göz arasındakı məsafə yaxınlığındakı ölümü min kərə görmüş qazi. Qürurlu, vüqarlı adi əsgər. Fərəhindən yerə-göyə sığmırdı. Az qala uçmaq, uçmaq istəyirdi…
Bələdiyyə sədri Şişman Məlik özü kimi köhnəlmiş qara “Mersedes”indən düşüb dayananları ruhlandırır, Murtuz müəllimə uşaqların bayraqları tez-tez oynatmalarını, “Ən böyük əsgər – bizim əsgər!” lövhələrini götürənlərin daha ucadan çığırmalarını tapşırırdı. Fotoqraflar şıqqıltıyla müxtəlif profillərdən şəkillər çəkir, yerli televiziya və qəzetlərin müxbirləri müsahibələr götürür, unudulmaz anları orda-burda dilə gətirirdilər.
Günortadan sonra rayonun başbiləni də kəndə gəlmişdi. Rayona gəldiyi beş il ərzində ilk dəfəydi ki, ayağı bu kəndə dəyirdi. Onu da qazinin yastı-yapalaq daxmasının önündəki tut ağacının altında düz on dəqiqə durmaqla, “Tələsirəm, gərək bağışlayasınız!..” – deyib getmişdi. Yox, tələsmirdi, bəlkə də görünüşündən kasıb, köhnəlmiş daxmaya girməkdən utanıb-çəkinirdi. Həyətdən çıxanda bələdiyyə sədrinin qulağına nəsə pıçıldayıb çıxmışdı. Həmin gün bələdiyyə sədri nədənsə, ürəklənib: “Gəlib-gedəniniz var!” – söyləyib iri bir cöngə kəsdirmişdi. Kənd, həqiqətən aşağı-yuxarı, uşaqlı-böyüklü göz aydınlığına gəlmişdi. Hər gələn də əlində bir bağlamayla, dolu səbətlə. Kimi qənd, çay, noğul-nabat, kimi yumurta, yağ, pendir, kimi… bir sözlə, imkanı, əli catan qədər hər kəs bu qapıdan ürəklə girirdi. Bəlkə də, bugünkü kimi, bu kasıb, sadə daxmanın heç belə sevinci olmamışdı.
Fəxri universitetin jurnalistika fakültəsini bitirmişdi. Hara əl atmışdısa, ixtisasına, istəyinə uyğun iş tapa bilmirdi. Qəzetlər güclə özünü dolandırırdı. Qəzetçilik gözdən düşmüşdü. Təzə işçi götürmək istəyəndə şərt kəsirdilər: “Vəsiqə veririk, gör neynirsən, yaxşı bacarığın varsa, zirəng tərpən, bizi də, özünü də dolandır!..” Bəli, o qədər “zirəng tərpənən”lər var idi ki, idarələrə qənim kəsilmişdilər, qaşınmayan yerdən qan çıxarırdılar. Əlləri bala batanların gözləri doymur, qan görmüş qurd kimi hər gün artan hərisliklərinin ağırlığı altında əzilirdilər. Bu iyrənc hərislik çoxlarını bədbəxtliyə sürükləmiş, nə qədər jurnalisti “quş damına”, barmaqlıqlar arasına saldırmışdı. Söz urvatdan düşmüş, yazan da, yazmayan da çırmalanıb meydana atılmışdı. Meydanda çox adam olsa da, meydan boş idi, qələminin gücü ilə tanınası, barmaqla sananılası qədər az idi, çox az. Fəxri bu meydana girmədi, daha doğrusu, girməyi özünə sığışdırmadı.
Uzaq bir qohumu var idi rayonda. Müstəntiq işləyirdi. Necə olsa, sözü keçirdi. Çox yerə baş vurandan sonra əli hər yerdən üzülən Fəxri axırı qohumuna üz tutdu. Bircə telefon zənginə yanğınsöndürmə idarəsində işə düzəldi. İş deyəndə, nə iş idi ki, şlanq tutan. Yoxa min lənət, yenə bilirdi ki, daimi iş yeridir, hər ay alası məvacib yeri var idi. Daha bu az idi, çox idi, fərq etməzdi. Allah kərimdir, az olsa da, işlərəm, sonra yavaş-yavaş artar. Ancaq Fəxrinin sevinci çox çəkmədi. Qohumunu başqa rayona dəyişdirdilər. İdarədə müdir gələn qonaqları, yoxlamanı qarşılayırıq adıyla pulun üstünə əlini qoydu. Hər ay öz payını götüzdürdü. Fəxri dillənsə də, xeyiri olmadı. Kim idi onu eşidən, dinləyən. İki-üç ay keçəndən sonra bəhanə də tapıldı, ştatı ixtisara düşdü. Sonra bəlli oldu ki, sən demə, öz qohumu üçün o yeri boşaldırmış.
Fəxri çox idarələrə baş vurdu. Hamısından eşitdiyi bircə kəlmə söz oldu: “İş yoxdur… olanda gələrsən!..” Ümidini də tam qırmadılar, yalandan da olsa, vəd verib yola saldılar.
Günortadan xeyli keçmişdi, acından mədəsi sıyrılırdı. Cibində elə də pulu yox idi ki, gedib yeməkxanada oturub, allah verəndən bir tikə yesin. Qonşudan borc aldığı o beş manatın üstündəydi, onu da üç gün idi ki, xərcləyirdi.İş dalıyca rayon mərkəzinə gedib-gəlirdi. Hər yerdən əli üzülmüşdü. İşıq ucu görünəsi bir yer yox idi. Ona ağır gələn o idi ki, Allahın verdiyi sap-sağlam canı, əli-ayağı, ağlı-düşüncəsi yerindəydi, ancaq ailəyə çörək gətirəsi bir iş tapa bilmirdi. İçəridən min kərə sınır, oturub zülüm-zülüm ağlamaq, ürəyi boşalıncaya qədər göz yaşlarını tökmək istəyirdi. Düşünürdü, axı niyə, niyə belə ədalətsizlik olsun?! Biri bir tikə quru çörəyə möhtacdır, o birisi sayı-hesabını itirdiyi pulunu, sərvətini yığmağa yer tapmır. Biri yaşamaqdan bezib, intihar ipini boğazına keçirib, cavan ömrünə qəsd edir, o birisi xüsusu yeməyini də xaricdən gətirdiyi itinə, pişiyinə xidmətçi axtarır. Dünya nə qədər etibarsız imiş, Allah?! Yaşarmış gözlərini silmək üçün cib dəsmalını çıxarmaq istərkən, əli kağıza bükülü çörəyə toxundu. Quru, yavan çörəyə! Özündə deyildi, tamam yadından çıxmışdı. İndi yadına düşdü ki, səhər evdən çıxarkən arvadı Gülsabah bir tikə təndir çörəyini kağıza büküb: “Yavan da olsa, ürəyinə güc verər!” – demişdi.
Fəxri parkın dalda yerində stol kimi düzəldilmiş iri bir ağac kötüyünün üstündə oturub Gülsabahın bükdüyü çörəyi çox iştahla yedi. Saata baxdı. İş vaxtının qurtarmasına hələ bir-iki saat qalırdı. Qonşuları Məlik müəllimin məsləhət gördüyü kommunal təsərrüfatı idarəsinə də baş vuracağını unutmamışdı. “Ümidsiz olma, necə olsa, orada, bəlkə bir iş tapılar. Allah kərimdir, bəndəsini damanda qoymaz… yaradıbsa, ruzusunu da əsirgəməz!..” – demişdi Məlik müəllim.
İdarədə müdiri soruşdu Fəxri. Katibə iş üçün gəldiyini biləndə: “Müdirin vaxtı yoxdur, yuxarıdan qonaqları gəlib… yaxşı olar ki, Güləhməd müəllimə dəyəsiniz… kadrlar şöbəsinə baxan Güləhmədə… Məmiş müəllim bu işi, onsuz da ona tapşırıb…” – dedi.
Fəxri qapını döyüb, otağa girdi. Çox da böyük olmayan, işıqlı otağın baş tərəfində, jalüzlü pəncərənin böyründə oturmuşdu Güləhməd. Pərdələri yarıya qədər çəkildiyindən pəncərənin ağzındakı qovaq ağacı aydın görünürdü. Havadan payızın qoxusu gəldiyindən qollu-budaqlı qovağın yarpaqlarına sarı-sarı zər düşmüşdü. Budağından qopan yarpaqlar ara-sıra xəfif küləyin ağzında uçuşur, bəzən pəncərəyə dəyib, yaralı quş kimi yerə tökülürdü. Bir az o yanda Mişarçay sakit-sakit axıb gedir, uzaqda qəlbilənib, bir-birinə dirsəklənə-dirsəklənə uzanıb gedən bənövşəyi rəngli Burovar dağları payız günəşinin solğun şəfəqləri altında həzin, kövrək bir ovqat yaradırdı. Otaqda divar boyu şkaflar düzülmüş, göy, sarı cildli qalın tikiş qovluqları əlifba sırası ilə cərgələnmişdi. Sağ küncdə iri bir dibçəkdə əkilmiş fikus ağacı qoyulmuşdu. Sol küncdəki limon ağacından sapsarı limonlar sallanırdı. Rəngbərəng açılmış güllər arasında təkcə çatışmayan bülbül idi. Sinəsi, boyun-boğazı bəzəkli, dil-dil ötən bülbül. İlk görünüş, düzü, adamda nikbinlik yaradır, ümid doğururdu. Güləhmədin yaşı o qədər də çox görünmürdü. Otuz beş-qırx yaş arası həmin olardı. O yazdığı vərəqi kənara qoyub, qapı ağzında dayanan Fəxriyə mənalı-mənalı baxdı. Handan-hana:
-Buyurun, eşidirəm sizi! – dedi.
-İş üçün gəlmişəm!.. İşləmək istəyirəm… İstəyirəm halal-haqqına bir iş yerim olsun, hər ayın sonunda ailəmə bir tikə çörək, ruzu aparım!..
-Sən də iki universitet bitirmisən?
-Başa düşmədim. O nə deməkdir?! Niyə elə soruşursunuz?! Məgər burada işləmək üçün iki universitet bitirmək lazımdır?!
-Əstəxfürullah! Mən elə demədim, bir hövsələniz olsun də, sözümü tamamlamağa da imkan vermirsiniz. Bu gün siz iş dalıyca qapını döyənlərin beşincisisiniz. Hamısı da universitet təhsilli olduğunu, hələ üstəlik iki diplomlu olduğunu gözə soxur. Mən neyləməliyəm, onlara nazir, prokuror, ya polis rəisi yerinimi verməliyəm?! Oxumuş adamlarsınız, idarəmizin qapısını açanda divardakı lövhəyə baxmaq günahmı olar? Orda nə yazılıb, yazılıbmı ki, rayon kommunal idarəsi?! Yazılıb… Yazılıbsa, daha burda düşünməli nə var ki?!.. Bu dəqiqə qırx boş iş yerimiz var. Süpürgəçi, zibil daşıyan… Heç kəs bəyənmir, gələn də iki ay duruş tutmamış qaçır. Məgər burda ancaq qızlar, gəlinlər işləməlidir?! Bəs hardadır o kişilər ki, avara-avara veyllənib, çayxanaların yolunu yağır da edirlər, bir o qalır ki, çərçivəsini də yerindən çıxardalar. Hamısı da danışanda ağzı köpüklənə-köpüklənə qeyrətdən, ləyaqətdən, qürurdan danışır. Hələ bir üstəlik başqalarını borclu da çıxarmaq istəyirlər. İş axtarırsansa, qardaşım, istənilən işin qulpundan yapış, qorxma! Lazım gələr, yaxşı iş rastına çıxar, çıxıb gedərsən. Nə diplom bazlıqdır, guya diplomu olanlar hansı təpəni daşıyıb dağa çeviriblər, ya hansı uçuq-sökük damın dirəyinə dönüblər. Əsas odur ki, işi yarıt, rəhbərliyin ağzını açmamış nə deyəcəyini gözlərindən oxu! Mənim heç ali təhsilim, sizlər demişkən, heç universitet təhsilim də yoxdur. Göytəpə peşə məktəbini bitirmişəm. Bir müəllimim vardı. Vardı, deyəndə, elə indi də sağdır. Məndən zara gəlmişdi. Tez-tez sual verərdim. Heç məni görməyə gözü də yox idi. Oturub-durub elə hey kəlməbaşı: “Ədiş, səndən adam olmayacaq!” –deyərdi. Düzəliş verib, ay müəllim, adım Ədiş deyil, Güləhməddir… Güləhməd! – desəm də, fərqinə varmaz, bir az da acığa düşüb, “Yoox, sənin adın Ədişdir!.. Ədişdir, vəssalam!..” – deyib hirsini boğmağa, sakitləşməyə çalışardı. Düzü, niyə mənə Ədiş deyirdi, bu söz onun ağlına hardan girmişdi, onu da bilmirdim. Heç sonra da maraqlanıb soruşmadım. Hər şey qaldı arxada, xoş xatirə, şirin bir nağıl kimi. Bax, görürsən, adam da oldum, müdir də az qalır başıma and içə. Bu böyüklükdə şöbəni, düz on ildən çoxdur ki, idarə edirəm. Bir qüsurum da olmayıb. Hələ kimsə məndən narazı qalmayıb. Həə, yeri gəlmişkən deyim, o gün həmin müəllimim gəlmişdi. Nəvəsi texniki universiteti bitirib. Mühəndisdir. Ona bir iş istəyirdi.
-Verdinizmi? – deyə, Fəxri soruşdu.
-Verdim, niyə də axı verməyim! – Güləhməd gülə-gülə, özü də hərəkətindən çox məmnun bir formada dedi. – Bax, hələ üstəlik o limonumdan dərib, yaxşı bir limonlu, mixəkli çay da verdim!.. Sağ olsun ki, o məni tez-tez tənqid edib. Tənqid etməsəydi, heç bəlkə də belə ciddi-cəhdli ola bilməyəcəkdim. Müəllim əməyi danılmazdır. Hər sözü, bəlkə də, bir hikmətdir. Gözümüz onda bağlı olur, hər şeyin yaxşısını vaxtında görə bilmirik. Sonra anlayanda da başa düşürsən ki, nə deyirmişlər. Gərək hər sözün vaxtını biləsən, ömrünün vaxt saatını da ona uyğun qura biləsən.
-Bəlkə, müəllimin nəvəsi kimi, mənə də abırlı, ürəyimə yatan bir iş verəsən, həə?! – Fəxri Güləhmədin əhvalının xoş vaxtından istifadə etmək istədi.
-Xoşuma gəlirsən, iş bacarana oxşayırsan. Bu gün ovqatımın xoş vaxtıdır. Oğlumun ad günüdür. – Güləhməd dedi: – Bu işi sənə verməmiş, bəs kimə verəcəm. Özümə ki, saxlamayacam. Sənin vəzifən nəzarətçi-tabelçi olacaq. Əllidən çox işçiyə gündəlik nəzarət edəcəksən. İşə çıxıb- çıxmayıb, çıxmayıbsa, bəs hardadır, niyə çıxmayıb suallarını dəqiq bilməlisən. Rayonun ərazisi böyükdür, görüləsi işlər də hər gün dəyişir. Amma iş üçün əsas şərtlər var, onu da bilməyin vacibdir. Əvvəla, maaş kartın düz bir il bizdə qalacaq. İlin tamamında gəlib götürərsən. Elə bilmə ki, bu pul bizim cibimizə axacaq. “Yuxarıdan” bir tük belə əskik olmaz, nə gəlir, nə gedir hamısını yaxşı bilirlər. Bizi burda elə belə, xala xətrin xatirinə otuzdurmurlar. Hər şeyin haqq-hesabı var. Hər şey aşağıdan yığıla-yığıla yuxarıya gedir. Allah atalara min rəhmət eləsin, “balıq başdan iylənir”, – deyiblər. Kənardan baxan da deyir ki, aşağılar cib kəsir, yumurtadan yun qırxır. Vallah, nə gizlədim, bu sökə-sök, ötür-ötür oyununda qəpik-quruş da bizə qalmır.
-Deyirsiniz, məni işə götürsəniz, düz bir il maaş kartım sizdə qalacaq? Bəs bu bir ildə mən nə yeyib, nə içəcəm, ailəmə nə aparacam? Boş ümidlə, quru vədlə ailəni nə qədər aldatmaq olar axı?! Yazıq deyillərmi?..
-Yazıq niyə olurlar. Əlinin altında o qədər işçilərin olacaq, elə hərəsi bir görüm-baxım eləsə, gör qazancın nə qədər olar. Hələ bir az zirəng tərpənsən bizi də sevindirmiş olarsan…
-O yazıqlar nə alırlar ki, hələ üstəlik ona gözümüzü də dikək. Qiymətlər od tutub yanır, dükan-bazara girmək də olmur. Xeyir-şərdə görünmür, elə bil bu üçgünlük müvəqqəti dünyada bağ-böstan uyuğu, müqəvvası kimi yaşayırsan. İrinə-qana bulaşmış o çörəyi mən necə yeyə bilərəm, haram tikəni halal süfrəmə necə daşıya bilərəm?! Elə bilirsən, Allahın cəzası yoxdur?! Gec gələr, ancaq güc gələr… Vallah, elə yandırar ki, dərdinə əlac da tapa bilməzsən… Siz mənə iş təklif etdiniz, buna görə sağ olun. Ancaq mən o təklifə qoşula, o günahla yaşaya bilmərəm…
-Özün bil!.. Quru bəyliklə qarnın doyacaqsa, kefin istədiyin qədər də gəzə bilərsən. Amma unutma ki, fürsət də quş kimidir, uçdumu, bir də geri qayıtmaz…
Fəxri yenə suyu süzülə-süzülə küçəyə çıxdı. Yenə sıxıntılar, yenə ağrı-acılarla üz-üzə qaldı. İçində aranı dağa, dağı arana daşıdı. Dünya fikir-fikir, biçim-biçim içindən keçdi. İndi neyləməli idi? Özünə də çatmadı. Daha üz tutası, ağız açası bir yer də ağlına gəlmirdi. Ürəyində anasını qınadı. Dönə-dönə qınadı. Subay olsaydı, nə vardı ki, dostu Sənana qoşulub, Urusiyətə gedəcəkdi. O gün zəng çalmışdı Sənan, kefi yerindəydi. Əlinin yaxşı gətirdiyini, deyirdi. Bax, anam elə addımbaşı tələsdirirdi ki, “evlən, evlən!” Bir az möhlət qoparmaq, fikrindən yayındırmaq istədim: “Ay ana, bu qayğıların içində evlənmək mənim harama yaraşır! Qoy təhsilimi tamamlayım, əlim çörəyə çatsın, sonra düşünərəm. Bir də, bacı-qardaşlarım var, onlara da yiyə durmaq, oxutmaq lazımdır axı?!” – deyirdim. Dediyim, sanki ona çatmır, inadından dönmürdü ki, dönmürdü. Həə, ana, evlən deyirdin, evləndim, indi əlim bala batıb. – Fəxri anasıyla xəyalən danışırmış kimi dedi. – Özümü dolandıra bilmirəm. Evdə üç uşaq var, məndən çörək gözləyirlər. Onların üzünə çıxmağa da utanıram. Ehtiyac, sıxıntı nə qədər olar?! İl-ildən də pis gəlir. Zalımın qızı təhsilimi bitirməyə, gözümü açıb dünyanı nə rəngdə olduğunu görməyə də macal vermədi. Elə bil ürəyinə damıbmış, “İlkim sənsən, sənin toyunu görüm, daha dünyadan istəyim yoxdur… gözüm də arxada qalmaz. Köçəndə də rahat köçüb gedərəm. Bilərəm ki, evimizin işığını yandıran, balalarımı süfrə başına, ocaq istisinə yığan var!..” – demişdi. Elə bil durna köçüydü, həsrət yükünə bürünüb beləcə, sakitcə də köçüb getdi. “Evin böyüyü sənsən, biz olmasaq da, bacı-qardaşlarına yiyə durub, ev-eşik sahibi edərsən!..” Bu son sözü, köç qabağı son vəsiyyəti idi anasının. Bu sözləri qırıla-qırıla deyərkən gözlərində yaş gilələnmişdi. Görünür, yaşamaq, yaşamaq istəyirdi. Kim yaşamaqdan bezib ki?! Həyat həmişə gözəldir, əzabları olsa da, olmasa da…
Gülsabah ömür-gün yoldaşı Fəxrinin xasiyyətinə yaxşı bələd idi. Bir işi yerində olanda sevincini gizlətməz, uşaqlarını bir-bir qucağına götürüb marçıltıyla üz-gözlərindən öpər, atıb tuta-tuta: “Həə, deyin görüm, kimin belə gül balası, Ay parçası var?!” – deyirdi. İndi heç nə demədi. Sifəti turşumuş ayran kimi büzüşmüş, alt dodağı yer süpürəcəkmiş təki sallanmışdı. Tez-tez gözləri məchulluqda ilişib qalır, sanki bu dünyadan ayrılıb öz aləmində xəyalları, xatirələri ilə oyalanırdı. Bir stəkan çay gətirdi Gülsabah. Öləziməkdə olan ocağın o biri üzündə, əri ilə üz-üzə oturub, maşayla külləşmiş közləri qurdalaya-qurdalaya:
-Bilirəm… – dedi. – İşin yenə alınmayıb. Neyləmək olar. İşsizlik bir bəladır. Burada sənin günahın yoxdur. Kim istəməz ki, ailəsinin bir tikə halal ruzusu olsun?! Belə getsə, kənd də boşalacaq, bir başıpapaqlı da qalmayacaq. Kişilər şələ-şüləsini qoltuğuna vurub çörək dalıyca Urusiyətə qaçır. Burda yurdunu, isti oşağını dağıdıb, orda Tanyaların, Manyaların işığını yandırır. Yox, yox, iş məsələsində mən heç vaxt səninlə üz-üzə gəlmərəm. Görürəm, çırpınırsan, səhər evdən çıxıb, axşam gəlirsən. Axtarırsan, kim bilir, neçə-neçə yaramazla, şərəfsizlə üz-üzə gəlib xahiş-minnət edirsən. Qəhətə çıxan bir tikə çörək üçün kimlərin, kimlərin qapısını döyürsən. Günahı olanlara, Allah, lənət eləsin! Çörəklə də insanları sınağa çəkmək olar?! – Gülsabah nəfəsini dərib, ocağın gözünü qurdalaya-qurdalaya bir qədər susdu. Gözlədi ki, Fəxri çayını içib, neyləmək lazım olduğu barədə bəlkə bir-iki kəlmə danışa. Onun qımıldanmadığını görüb, handan-hana dilləndi. – Nə olar, man deyil! Qoy Tavad xalayla qonşu rayonun bazarına göy-göyərti aparım. Deyirlər, yaxşı gedir, camaat ət, yağ tapa bilməsə də, göy-göyərti ilə birtəhər keçinirlər. Görürəm, gün-günorta əyləmi təzəcə eləmiş qayıdıb gəlir. Dost-doğma xalandır, yalan ha deməyəcək. Ona nə düşüb ki, yalan danışa, dünya malına görə dinini-imanını, axirətini yandıra. Satılır göyərti, deyir, yaxşı satılır. Hər gün on-on beş manat təmiz qazancı da olur. Buna da min şükür, indi kim bu pulu havayı verir insana.
-Heç bilirsən, bazarda yer tutmaq üçün saat neçədən gedir? Saat dörddən!.. Səhərin o ayazında, şaxtasında. Kiminsə, şirin yuxusuna haram qatmadığı vaxtda. Yazığın heç əllərinə fikir vermisənmi, qaralıb, şaxtadan-sazaqdan da çat-çat olub…
-Neyləsin, evin bütün ağırlığı çiyninə düşüb. – Gülsabah sual dolu baxışları ilə Fəxrini süzüb dilləndi: – Əri yoxdur, ölüb, kişi kimi qadındır. Dişiylə, dırnağıyla çörək qazanır, kirpiyilə od götürür. Bəs o işləməmiş kim işləyəcək, çörək nurdanmı tökülür?
-O əzab, o ağrı vaxtsız çiyinlərini əzir, ömrünü çürüdür axı?..
-Kiməsə boyun əymir, kiminsə tənəsini yemir… Pisdirmi məgər?!.
O gün Gülsabahla Fəxri bu barədə çox danışdılar. Hətta sözləri də çəp gəldi. Bir az gileyli, incik də düşdülər. Sonra yenə anlaşıb, Tavad xalayla yol yoldaşlığına razılaşdılar.
İlk gün təmiz on manat qazanc qalmışdı. İlahi, uşaqlar bir sevinirdilər ki?! Hərəsinə bir sorma, manpası almışdı. Ev elə bil böyümüş, işıqlanmışdı… Görəsən, ürəkdən gələn uşaq sevincini görməkdən böyük xoşbəxtlik varmı dünyada?!
Müharibənin başlaması xəbəri ildırım sürəti ilə yayılmışdı. Ermənilərdən hər şey gözləmək olardı. Ağalarının sədaqətli köpəkləri idilər. Boyunlarına xaltanı salıb siyasət meydanında hara gəldi sürüyürdülər. Fəxri bərk sarsılmışdı, eşitdiyinə inana bilmirdi. 27 il həyasızcasına qara-qışqırıq salıb “müharibə ola bilməz” deyənlər, Qarabağdakı erməni işğalına “ədalət” donu biçir, onların nazı ilə də böyük təşkilatları oynamağa məcbur edirdilər. Dünya boz siyasəti ilə gözdən düşür, göz görə-görə ədalətsizlik, başıpozuqluq ayaq açıb yeriyirdi. Müharibə başlayıbsa, demək, böyük oyunun zənciri hardasa qırılmışdı.
Fəxri süfrə başında oturmuşdu. Arvadı Gülsabah Tavad xala ilə bazardan bir-iki saat olardı ki, qayıtmışdı. Şor balıq almışdı Gülsabah, içini doldurub sac altına qoymuşdu. Allahım, balıq da nə balıq, iyi bütün evi bürümüşdü. Yemək istəməyəni də iştaha gətirirdi. Əli üzündə qaldı Fəxrinin. Yerindən dik qalxıb, “Uşaqlar sənə əmanət, Gülsabah, anam gəlini!..” – dedi. Pencəyi çiyninə atıb həyətdən çıxdı. Maşına minmək üçün kəndin o başına da getmədi. Korun-korun, sısqa-sısqa axan Qarayar çayın üstündəki körpünü keçib kəsə yolla, Minay təpəsi tərəfdən rayon mərkəzinə tərəf addımladı. Böyük şose yolu boyunca elə bil maşın axını da güclənmişdi. Polis maşınının səsgücləndirici ilə yolu aça-aça hərbi karvanı da çəkib gətirməsi apaydın görünürdü. Zirehli maşınlar günün günorta çağı işıqlarını da yandırıb irəliləməsiylə hamıya başa salırdılar ki, tələsirik, yolumuzu açın, ləngitmək olmaz. Axın cəbhəyə gedirdi.
Fəxri rayonun hərbi komissarlığına çatanda gözlərinə inanmadı. Adam əlindən tərpənmək olmurdu, iynə atsan, yalan olmasın, bəlkə də yerə düşməzdi. Hamısı könüllülər idi, qeyrət məqamı idi, cəbhəyə yazılmaq, getmək üçün gəlmişdilər. Məqsəd bir idi: “Ölərik, Qarabağı vermərik! Hər qarış torpağımız düşmənə məzar olmalıdır!..” 44 günlük Vətən müharibəsi bu həyəcan, bu ağrı-acıyla başlayıb, bütün dünyanı silkələyən qələbə ilə qurtardı. Sanki ilahi bir möcüzə idi. Düşmənin ayaqları altından torpaq qaçmışdı. Qarabağın tacı, gözəllik beşiyi Şuşa alınmış, rayonlar həsrətdən, işğaldan qurtarmışdı. Küçələr, evlər sanki bayraq olub dalğalanırdı. Ekranlardan, efirlərdən boy-boy boylanan “dəmir yumruq” ermənilərə, paşinyanlara, havadarlarına tuşlanmışdı”. “Bəs nə oldu, Paşinyan?!” kəlamı uşaqlı-böyüklü hamının dilində bitmişdi. Bu ovqatın boy verdiyi bir vaxtda Fəxri qalib ordunun əsgəri kimi geri qayıtmışdı.
Fəxrigilin kəndi üç şəhid də vermişdi. Bunu kəndə qayıdanda bilmişdi Fəxri. Elə həmin gün də onların ata ocağına getmiş, öz ürək ağrısını bildirmişdi. Qəribəydi, elə bil hansısa ilahi bir güc kəndi qüvvətli əlləriylə tutub bərk-bərk silkələmişdi. Fəxrinin qoyub getdiyi kənd 44 gün əvvəlin kəndi deyildi. Kənd, sanki qeyrət, qürur qoxusu verirdi. Adam arzularına baş qoyub, ümidlərinə sığınıb yaşamaq, yaşamaq istəyirdi…
Müharibə bitsə də, onun acı fəsadları hələ indi-indi üzə çıxırdı. Fəxri axşamlar tez-tez diksinir, sayıqlayıb öz-özünə danışır, qan-tər içində boğula-boğula: “Mərmi!.. Mərmi!!. Tez olun… tez olun, səngərə yatın! Düşməni yaxına buraxmayın! Vurun, vurun!..” – deyə qışqırıb yerindən dik atılırdı. Gülsabah təlaş, həyəcan içində onu sakitləşdirir, yaş əskiylə onun üz-gözünün soyuq tərini silirdi. Rayonun həkimbaşı Rəsul ümid verib: “Tezliklə keçib gedəcək!..” – deyir, kəndin ara həkimi, xəbər poçtalyonu Mirnisə arvad cəddini çağırır, baş sındırıb gicitkana cincilim qatır, suda yaxşı-yaxşı qaynadıb üfürə-üfürə, dodağının altında nəyi isə mızıldana-mızıldana suyu süpürgə ilə həyət-bacaya çiləyirdi. Guya cinlər-şəyatinlər ağırlıq gətirib, indi ovsunlanıb, tilsimlənib çəkilib gedəcək.
Hamı səfərbər olunmuşdu. Hamı yumruq kimi birləşmişdi. Fəxrinin içində bir ümid işığı yanırdı. Daha insanlar soyuqqanlı, biganə olmayacaq, yaxşılara əl uzadacaq, yaxşılığa üz tutacaqdılar. O da, daha çörək dərdi, iş dərdi çəkməyəcəkdi. Bu, uydurma, şirin bir yalan deyildi. Özünün də inandığı inam, doğan günəş idi. Zarafat deyildi, o böyüklükdə odun-alovun içindən çıxmışdılar. Gecəsi gündüzündən seçilməyən odun-alovun. İlahi, sanki torpaq da yanırdı, cızdığı çıxa-çıxa. Bəs bu gündə birləşməyib hansı gündə birləşəcəkdilər?!..
İki ay da beləcə ötüb keçdi. Bu evə gələnlərin də ayağı yavaş-yavaş kəsildi. Çörək təknəsi boşaldı. Ehtiyacı, sıxıntını qapıdan qovsalar da, pəncərədən girdi. Yenə iş dalıyca qapıları döydü. Yenə ümidsizlik, yenə inamsızlıq. Yaddaşına yazılmış bir misranı dodağının altında təkrarladı: “Dünya düzəlmir ki, düzəlmir, baba!” Sevdiyi şairin adını xatırlaya bilməsə də, ürəyində min kərə rəhmət oxudu. Sözlə dünyanın şəklini çəkmişdi. Sanki dinlədikcə, səs də rənglərə boyanıb tökülürdü. Dünya sirli bir dünyaydı, vaxt körpüsündən keçib getdikcə, onun altından axan sular kimi, heç nəyi vecinə almadan axıb gedirdi…
Bu kənddə bir balaca imkanı olanlar istixanalar düzəltmişdilər. Qaz olanda qazla, olmayanda odun peçiylə isidirdilər. Göy-göyərti əkirdilər. Müştərisi də başının üstündəydi. Axşamdan dəstələyib qonşu rayona satmaq üçün gedənlərə verər, gedənlər də, sağ olsunlar, halallığı itirməyib qəpiyinə qədər hesablayıb, qaytarardılar. Beləcə, hamı bir-birini yola verib dolanırdı. Bazara gedənlər çox deyildi, cəmi beş-altı nəfər. Yuxusuz qalmaq, günün yarısını ayaq üstə keçirmək zarafat deyildi. Bazarda yer tutmaq üçün səhərin gözü açılmamış yola çıxar, sürücü Rəfi kişinin üstü çadırlı maşınına göy-göyərti kisələrini yükləyib gedərdilər. “Optavoy” deyənlər – yeməkxanalara, toylara, Allah iraq eləsin, yas məclislərinə bir yerdən götürənlər lap tezdən, saat altıdan gələrdilər. Məclislərini yola verməliydilər axı?! Dan yerinə xal düşüb, həyalı qız kimi günəş üfüqdən boylananda adi adamlar tək-tək axıb gələr, istədikləri qədər alıb gedərdilər.
Hərdən düşünürdülər, axı bu rayonun adamları niyə bu qədər göy-göyərti sevən, göy qutab, kükü dəlisidirlər?! Torpaqları şoran idi, yəqin əkə bilmirdilər? Bəlkə kasıb idilər, göy-göyərti də ucuz olduğu üçün birtəhər başlarını girələyirdilər? Yox, sən deyən də kasıb deyildilər, çoxlu mal-qara bəsləyir, toyuq-cücə saxlayırdılar. İnsafən, Allah verəndən də çox şeyləri yerindəydi.
Hava birdən-birə çox soyumuşdu. İki gün idi ki, aramsız yağan yağış dünən axşamdan sulu qara, sonra da qara çevrilmişdi. Narın-narın qar yağırdı. Düzü dünya ağ örtüyə bürünürdü. Çox vaxt dili-topuğu quruyan Qarayarçayın gözünə işıq düşmüşdü. Burovar sanki arzuları, ümidləri ilə köpüklənib çay aşağı Çala qoruğuna sarı axıb gedirdi. Bayırda xırdaca qar dənəcikləri pəncərəni naxışlayır, soyuq külək tüstünü buxarının ağzından alıb, oynada-oynada dər-divara çırpırdı. Belə soyuqda it də başını çölə çıxarmaz, deyirdilər.
Fəxri pəncərə ağzında dayanıb, taxtapuşdan asılmış küləyin oynatdığı elektrik lampasının zəif işığında həyətə baxdı. Göz-gözü görmürdü.
-Yox, sən getməyəcəksən! – Zabitəli səslə dilləndi Fəxri. – Mən gedəcəm. Axşam çağından da göy-göyərtini kisələrə yığıb gətirmişik. Çox saxlamaq da olmaz… bir az da keçsə, saralıb-solacaq. Allah eləməsin, getsən xəstələnərsən. Onda gərək gətirəcəyinin də üstünə bir o qədər qoyub həkimə verəsən ki, səni sağaltsın…
Qar aramsız-aramsız yağırdı. Külək piştaxtaların açıq dər-divarından içəri soxulur, arabir hirsini-hikkəsini toplayıb qarı sovruqlayırdı. İstilənmək üçün ayaqlarını yerə döyməkdən yorulmuş Fəxri Sənanla qulpsuz, yanmaqdan hisə-pasa bürünmüş vedrədə taxta, karton qırıntılarından oçaq qalamışdılar. Tüstüdə boğulmaqdan qorxan qızılı alov dilimləri havanı cırmaqlaya-cırmaqlaya yuxarı qalxır, yanıb çırtladıqca çınqı-çınqı ətrafa səpələnirdi.
Sənan qonşu kənddən idi. Fəxriylə bir məktəbə getmiş, düz on il bir partada oturmuşdular. Gəncədə oxumuş, baytarlıq diplomu almışdı. Hara baş vursa da, iş deyib ümid verən olmamışdı. Hələ subay idi, ailəli deyildi ki, nəyinsə qayğısını çəkə. Bir gün hər şeydən bezib, tələbəçilikdən qalma göy çamadanını qoltuğuna vurub Urusiyətə getmişdi. İşi pis gətirməmişdi. Göy-göyərti, mer-meyvə sata-sata özünü yaxşı tutmuşdu. İkinci il özü daha bazara çıxmırdı. Bazarda altı yer götürüb, satıcı tutmaqla öz işini yola verirdi. Bir zaman pul üzünə həsrət qalan göy çamadan, göy əskinaslarla dolurdu. O pulla Sənan Bakıda bir ev almaq və dədə yurdundakı köhnə evi sökdürüb təzələmək istəyirdi. Hələ nə qədər də pul artıq qalırdı. Üç ay bundan qabaq telefonda danışanda Fəxrini də özüylə gəlib aparacağına söz vermişdi. Ancaq…
Təyyarəyə bilet almaq üçün aeroporta gəlmişdi Sənan. İstanbuldan qayıdan sərnişinlər axınla içəridən çıxırdılar. Düzü, onların ovqatı o qədər gözəl idi ki, hələ Sənan dayanıb həsədlə baxa-baxa dərindən bir köks də ötürmüşdü. Nə gizlədək, İstanbul onun üçün şirin bir nağıl, möcüzəylə dolu əfsanə, əlçatmaz bir uzaqlıq idi.
Taksi gözləyən sərnişinlərdən biri elə bil onu ovsunlamışdı. Sənan gözlərini ondan çəkə, yerindən tərpənə bilmirdi. Mavi gözlü, sarışın qız da, deyəsən bu baxışları tutmuşdu. O, bu baxışların işığında əriyir, içində bir xəyal dünyası qururdu. Birdən-birə cəsarətlənib irəli yeridi. Taksi tutub, qızı əyləşdirdi. Məmnunluq içində tanış da oldular, qızın telefonunu götürdü Sənan. Həkim idi qız. Şəhərin mərkəzindəki o yeddi mərtəbəli xəstəxanada göz həkimi işləyirdi. Həmin gün bilet almaq, heç Sənanın yadına da düşmədi. Kirayə qaldığı evə qayıdıb Anna ilə görüşəcəyi günün vaxtını ürəyində əriş-arğac elədi. Düşünürdü, Annanı şəhərin ən bahalı, köpüklənə-köpüklənə axıb gedən çayın üstündəki o “Qağayı” restoranına aparacaqdı. Həmişə çal-çağırlı, qonaq-qaralı “Qağayı”ya. Orada Sənan iki kərə oturmuşdu. Tez-tez yanıb-sönən əlvan rəngli işıqlar adamı elə bil sirli-sehirli nağıllar dünyasına çəkib aparırdı. İndi evdə dörd divar arasında sıxılan Sənan o nağıl gecənin sehri ilə yaşayırdı. Bu evə çox sarışınlar gətirmişdi, elələri lap elə özləri gəlmişdi. Ancaq heç biri yadında qalmamışdı. Bir-iki saatlıq nəşə, dağın döşündə, uçurumlu dərədə sürünən duman kimi ələnib, keçib getmişdi. Amma Anna keçib gedən dumana bənzəmirdi. O, bu evdə olmasa da, xəyalı hər gün bu evdə böyüyür, böyüyürdü. Restoranda oturduqları gündən bəri telefonları susmur, gecə yarısına qədər danışırdılar. Hədiyyə, gül buketi bağlatdırıb göndərir, içində hələ indiyə kimi duymadığı qəribə bir hiss əl-qolunu bağlayırdı. Daha kəndə də qayıda bilmirdi. Hələ hisslərin içində çırpınır, nə etmək lazım olduğunu kəsdirə bilmirdi. Anna ilə görüşünün gərək ki, onuncu günü olardı. Onu evlərinə ötürüb geri qayıdırdı. Yarıqaranlıq blokda otağının qapısını açıb içəri girmək istəyərkən üç gənc hardansa ortaya çıxıb Sənanı otağa itələdilər. Biri Annanın qardaşı idi. Üç gün əvvəl küçədə qabağını kəsib: “Yolunu azma, oğlan… öz yolunla get!” xəbərdarlığını edən qardaşı. İndi heç nə demədən Sənanı özündən gedənə qədər doyunca döydülər. İki gündən sonra özünə gələndə canının ağrısından tərpənə bilmirdi. Qolları, ayaqları bağlanmış, ağzına yapışqan lenti vurulmuşdu. Ən ağrılısı o idi ki, göy çamadan getmişdi. Yanına “Əl-qolunu açana qədər yaşamaq haqqı veririk. Çəkin, polisə də getmə, polis də bizim adamdır. Dərdini kiməsə anlatsan canından olarsan! Torpağında ölüm-qalım savaşı gedərkən, qeyrətli oğul bazarlarda veyllənmək, onun-bunun namusu, qeyrəti ilə oynamaqdansa, Qarabağda ölməsi daha yaxşıdır!.. Dazbaş Vova” sözləri yazılmış kağız parçası, bilet pulu və yol xərci qoyulmuşdu. “Dazbaş Vova” deyəndə, kimə ilişdiyini anladı. Onu bu şəhərdə, lap elə bu vilayətdə tanımayan yox idi. Cızığından çıxanların qənimiydi. Onlardan qopardığını ehtiyacı olanlara paylardı. İşi müşkülə düşənlər də üstünə qaçardı. Ondan çəkinənlər çox olsa da, sevənləri də az deyildi. Necə gəlmişdisə, eləcə də qayıtmalıydı Sənan. İki gün ərzində üst-başını batırması xəcalətindən özünə gələ bilmir, dərdini kiməsə açmağı özünə sığışdırmırdı. Şalvarından gələn pis qoxu, sanki onu qarabaqara izləyir və içində nə çəkdiyini bir özü, bir də Allahı yaxşı bilirdi. İçəridən onu yeyən bu ağrı-acıyla da qayıtdı Sənan. Müharibə də bitmişdi. Ötən günləri xatırlaya-xatırlaya bazarda göy-göyərti alveri edir, Fəxrinin döyüşlə bağlı söhbətlərini eşitdikcə, ürəyindən keçirdiyi “köpəy oğlu “Dazbaş Vova”nın qızıla tutulası sözləri”ni içində sinirə bilmirdi. Rus olanda, nə olar, yalan ha deməmişdi?!..
-Mirab gəlir!.. Mirab gəlir!.. – Sənan gileyli-gileyli dilləndi. – Bu zalım uşaqlarının insafları yoxdu məgər?! Barı imkan verəydilər, heç olmasa bir siftə edəydik… Qardı… çovğundu… qiyamətdi… Yer-göy qarışıb, gələn yox, gedən yox! Bunlar da bir tərəfdən tələsdirir ki, yerpulumu ver!..
Soyuqdan köhnə, nimdaş paltosunun yaxalığını qaldırıb sanki içində gizlənməyə çalışan Mirabdulla kişi büzüşə-büzüşə, nədənsə gileylənə-gileylənə gəlirdi. Deyəsən, bu gün heç kim yerpulu vermək istəmirdi…
Birdən nə baş verdi, nə oldu, Fəxri heç özü də bilmədi. Yerindən dik atıldı. Qəzəbindən rəngi boğuldu, bədənini əsməcə bürüdü. Az qala hədəqəsindən çıxacaq gözləri bərəldi. Beyni dumanlandı. Sanki piştaxtalar gözünə səngər kimi göründü. Orada yağış da, qar da beləcə yağırdı. Heç nə eyninə deyildi. Çünki qarşıda düşmən var idi. Fürsəti əldən verməyən düşmən.
-Vurun!.. Vurun!.. – Fəxri dəlicəsinə bağırdı. Soyuq səngərə qısılırmış kimi, piştaxtaya sıxılıb, göy-göyərti dəstələrini – kişniş, vəzəri, şüyüd, soğan, turp dəstələrini mərmi atırmış kimi qabağa tullayıb: – Aman verməyin qarı düşmənə!.. Qoymayın!.. Qoymayın yaxına gəlsinlər! – deyə qışqırır, piştaxtanın üstünə qalxıb, yaxasını aça-aça təpiklərini piştaxtaya döyəcləyirdi. Qorxusundan yerində donub qalmış Mirabdulla kişi cınqırını çıxara bilmir, ürəyində bu xata –bəladan uzaq olmaq üçün Allaha yalvarırdı.
Sənan böyük təlaş, həyacan, sarsıntı içində Fəxrinin yaxasından tutub özünə sarı çəkir, qucaqlayıb üz-gözündən öpürdü. Fəxri sakitləşmir, dartınıb yaxasını qoparmağa çalışır, yerində atılıb-düşür, dəlicəsinə bağırır, bağırırdı…
Sənan Fəxrinin sakitləşmədiyini görüb, qəfildən ona möhkəmcə bir sillə ilişdirdi. Şappıltıyla açılan sillənin səsi, üzündə hələ də barmaqlarının izi qalan zərbəsi onu elə bil ki, qəflət yuxusundan ayıltdı, dərin sarsıntıdan çıxartdı. Özünə gəldi. Harda olduğunu yavaş-yavaş anlamağa başladı. Hər şeyi məhv etmişdi, göyləri qom-qom palçığa, ayaqlar altına səpələmiş, yararsız, əzik-üzük vəziyyətə salmışdı. İndi pulunu necə qaytaracaqdı? Uzunboğaz ayaqqabısının altı cırılıb, su verdiyindən məktəbə gedə bilməyən, üzündən öpüb, ürəkli-ürəkli: “Darıxma, ceyran balam, lap təzəsini alacam!..” – söylədiyi qızının üzünə necə baxacaqdı?! Utandı. “Allahım, mən neylədim… mən neylədim!..” – deyib əlləriylə üz-gözünü tutub yerə çökdü, zülüm-zülüm ağladı. Ürəyi boşalıncaya qədər ağladı.
Bəlkə… bəlkə də ömründə birinci dəfə idi ki, belə ağlayırdı…
Əli bəy AZƏRİNİN LAYİHƏSİ 2018-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münasibətilə tərtib olunub. 14 yazıçının povestləri daxil edilib. SEÇİLMİŞ POVESTLƏR. PDF:
“Bayraq hekayələr toplusu” çapdan çıxıb. TOPLUya 22 qələm sahibinin hər birinin bir hekayəsi daxil edilib. Hekayələrin əksəriyyətində əsas mövzu müharibədir. TOPLUnun hazırlanması və çapı “Bayraq günü” ərəfəsində olduğundan simvolik olaraq belə adlandırılıb. Ardıcıllıq müəlliflərin təvəllüdünə görədir. Tərtibçi redaktor Əli bəy Azəridir. Ramiz İsmayıl, Nizami Kolanılı, Əzizağa Elsevər, Dostəli Nərimanoğlu, Xuraman Zakirqızı, Aləm Kəngərli, Naibə Yusif, Damət Salmanoğlu, Həcər Paşayeva, Mahir Cavadlı, Ayaz İmranoğlu, Rəqibə Qəvvas, Zəhra Səfəralıqızı, Fərhad Əsgərov, Şiringül Musayeva, Xaliq Azadi, Sülhiyyə Musaqızı, Əli bəy Azəri, Nazilə Gültac, Namiq Zaman, Zaur Ustac və Aygün Sadiqin hekayələri daxil edilmiş 248 səhifədən ibarət toplunun oxucular tərəfindən maraqla qarşılanacağına ümidvarıq.
Qeyd:
10 noyabr 2022-ci il tarixdə saat 14.00-da AYB-nin Natəvan klubunda kitabın təqdimatı keçiriləcəkdir.
Əli bəy AZƏRİNİN LAYİHƏSİ 2018-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münasibətilə tərtib olunub. 14 yazıçının povestləri daxil edilib. SEÇİLMİŞ POVESTLƏR. PDF:
Salam olsun, dəyərli qələmdaşlar və çox dəyərli oxucular! Həmd olsun Uca Yaradana! Bugünkü söhbətimiz “Nə məsləhət verirsiniz?” sualına cavab olaraq qələmə alınmışdır. Söhbətə başlamazdan əvvəl onu qeyd etmək istəyirəm ki, bu suala əsasən gənc yazarlar və ya canında yazmaq həvəsi olub, bir türlü başlaya bilməyənlər, bir də hər şeyə maraqlı oxucular müxtəlif görüşlərdə, oxucu məktublarında cavab axtarırlar. Yazı, kitab aləmi haqqında bu cür şikayətlərlə dolu bir fonda ilk addımlarını atmağa tərəddüd edən gənc yazarlar kimi, eyni zamanda diqqətli oxucular da eyni suala cavab axtarışındadır. Qələm adamları “nədən yazım”, “necə yazım”, “necə başlayım”, “kimdən örnək alım” kimi suallara cavab axtararkən, oxucular da həmən-həmən ekvivalent “nə oxuyum”, “kimi oxuyum” kimi sualların cavabını arayırlar. İstənilən cavabı diqqətlə dinləyir və ya oxuyurlar. İnanıram ki, hamımız nə vaxtsa bu suallarla üzləşmişik. Şəxsən mənə gəlincə bu sual ətrafında şifahi olaraq dəfələrlə danışıb fikir bildirmişəm (bu mövzuda internetdə bir neçə variantda video material da var). Hətta o qədər təkrar-təkrar danışmışam ki, artıq danışdıqlarımı özüm də əzbərləmişəm. Sual aktual olduğuna görə və həm də bu günün, bu yaşımın fikirlərini qeyd etmək məqsədi ilə məlum sual ətrafında olan, dəfələrlə təkrarladığım fikirlərimi yazı şəklinə salmaq istədim. Keçək mətləbə.
Tarixə söykənməyən gələcək yoxdur və ya qol-budaqlı ağaca sağlam kök lazımdır düşüncəsi ilə adətən bu mövzuda olan söhbətlərimə ötən əsrdə qələmə alınmış Makulunun “Səttarxan” və müəllifinin kimliyinə belə ehtiyacı olmayan “Əli və Nino” kitablarını misal çəkməklə başlayıram. Müasir dövrümüzdən Aqil Abbasın “Dolu” sunu nümunə kimi təqdim edir və hələ elə də böyük auditoriyanın tanımadığı rəhmətlik Qələndər Xaçınçaylının “Güllə işığında” povesti, Əli bəy Azərinin “Hərbi Zəngilan”ı haqqında məlumat verirəm. Aydın məsələdir ki, danışanda müxtəlif sualları yazar üçün ayrı, oxucu üçün daha uyğun formada cavablandırmaq imkanı geniş olur. Çalışacağam ki, “Nə məsləhət verirsiniz?” sualına ümumi fikirlərimdə dəyişikliyə yol vermədən hər iki tərəf üçün yığcam və əhatəli şəkildə 22 mart 2022-ci il üçün olan qeydlərimi sizlərlə bölüşüm. Birinci onu bildirmək istəyirəm ki, fikirlər subyektivdir, əksini düşünənlərin fikrinə hörmətlə yanaşıram. İkinci yazıya “ondan xəbəri yoxdur”, “bundan xəbəri yoxdur” düşüncəsi ilə yanaşanlara xatırlatmaq istəyirəm ki, istər elektron, istərsə də ənənəvi qaydada ortalığa çıxmış nümunələrlə tanışam. Üçüncü hər hansı bir suala cavab verəndə istənilən şəxs elə örnəklərdən istifadə etməlidir ki, ən azından bu nümunə müsahibinə tanış olsun. Məsələn, Azərbaycan reallığında ağaclardan söhbət gedirsə, “palıd”, “qoz”, “nar” ağacları daha çox hamı tərəfindən tanınır, nəinki, “evkalipt” və ya “baobab”. Belə bir əhatəli girişdən sonra yazının əhatə edəcəyi dövrlər və meyar kimi götürülmüş kriteriyalar barədə də qısaca məlumat vermək istəyirəm. Çünki bu vacib məsələlərin mətləbə birbaşa dəxli var. Mənim sizlərə təqdim edəcəyim örnəkləri seçməmdə əsas meyarlarım faydalılıq, tanıtmaq və tanınmaq, özünə yer tutmaq bacarığı, müstəqil olmaq qabiliyyəti, ən əsası heç kimə, heç nəyə fikir vermədən yaxşıları öyrənib tətbiq etməklə öz işi ilə məşğul olmaq, daim axtarışda olmaq, təkmilləşmək, görünə bilmək, seçilməyi bacarmaq. Bu sadaladığım qabiliyyətlərlə seçilmək, fərqlənmək 1920-ci ilə qədər birinci, 1920-1990 ikinci və 1990-dan sonra üçüncü (bu dövrü də 1990-2000, 2000-2010, 2010-2020, 2020-dən sonra) dövr olmaqla olduqca müxtəlif tələblər və şəraitdə baş verdiyini unutmamalıyıq. Bütün bu bölgülərin fövqündə dayanaraq müxtəlif dövrlərin keşməkeşlərinə sinə gərərib indi də mətin addımlarla sıralarımızda addımlayn bir qrup müasirlərimiz olan qələm adamları var ki, onlar çağdaş ədəbiyyatımızın məhəng daşlarıdır.
DÖVRLƏR VƏ TƏLƏBLƏR HAQQINDA
1920-ci illərə qədər bizim qənaətimiz üçün əsas olan meyarlar keyfiyyət baxımından təxminən indiki (1990-cı illərdən sonra) kimi idi. Yəni yalnız öz şəxsi keyfiyyət və bacarıqlarınız (həm yaradıcılıq, həm də maddi baxımdan) əsasında uğur qazana bilərdiniz.
1920-1990-cı illərdə vəziyyət bir az fərqli idi. Beləki, yaradıcılıqda müəyyən korrektələr olmaqla demək olar ki, maddi problem yox idi. Yəni yaradıcılıq qənaətbəxş olduqdan sonra, maddi həllə yol tapmaq (təbii ki, bu məqamda da şəxsi keyfiyyətlər, bacarıqlar əsas amil olub) mümkün idi.
1990-lardan sonra baş verənlər çoxumuzun göz qabağındadır. Məncə ən qarışıq dövr 1990-2000-ci illər hesab olunmalıdır. Bu həm fürsətlər, həm də çətinliklər baxımından eyni dərəcədə əhəmiyyətlidir. Ümumiyyətlə, istənilən sahədə uğur qazanmaq üçün şəxsi keyfiyyətlər önəmlidir. Bu mövzuda söhbətə məsələyə dolayısı ilə aidiyyəti olan “utananın oğlu olmur” atalar sözü ilə nöqtə qoymaq istəyirəm.
2000-2020 zəngin təcrübə və püxtələşmə dövrü kimi səciyələnməlidir.
Ən maraqlı və real vəziyyəti əks etdirən dövr indi başlayıb (2020-ci ildən). Necə deyərlər, “bu meydan, bu şeytan”.
Birinci dövrə baxdıqda kimləri xatırlayırıq, Abbasqulu Ağa Bakıxanovu, Mirzə Fətəli Axundovu, Nəriman Nərimanovu, Əbdürrəhim bəy Haqverdiyevi, Üzeyir Hacıbəyovu, Həsən bəy Zərdabini və b. Şərhə ehtiyac duymuram.
İkinci dövrün süzgəcindən keçib (birinci dövrlə əlaqəli şəxslər də daxil olmaqla) gələnlər; Süleyman Sani Axundov, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mir Cəlal, Mirzə İbrahimov, Süleyman Rəhimov, İsmayıl Şıxlı, Bayram Bayramov, İlyas Əfəndiyev, Cabir Novruz, Fərman Kərimzadə, Fikrət Qoca, o taylı-bu taylı Şəhriyar və b. Bu dövrün ortalarından və sonlarından ədəbi fəaliyyətə başlamış və çoxu bu gün də yaradıcılığını uğurla davam etdirən dövrlərin fövqündə dayanmış, çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız Bəxtiyar Vahabzadə (2009-cu ildə vəfat edib), İsa Muğanna (2014-cü ildə vəfat edib), Anar, Elçin, Çingiz Abdullayev yaradıcılığı Azərbaycan ədəbi irsində xüsusi yer tutur.
Çingiz Abdullayevi Azərbaycan ədəbi mühitində bu dövrlərin kəsişməsində möhkəm dayanaraq ədəbiyyatı cəmiyyətə, kitabı oxucuya qırılmaz tellərlə bağlayan mühüm fiqur kimi dəyərləndirmək lazımdır. Bu yöndə onun xidmətləri danılmaz və əvəzolunmazdır.
Bəxtiyar Vahabzadə, İsa Muğanna, Anar, Elçin və Çingiz Abdullayev kimi çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız örnək şəxsiyyətlərin üzərindən onların da içində olduğu üçüncü dövrə nəzər salsaq, Aqil Abbas, Akif Əlini, Sabir Rüstəmxanlı, Kamal Abdullanı, Yunus Oğuzu, Rəşad Məcidi, Elxan Elatlını, Varisi, Musa Ələkbərli, Səlim Babullaoğlunu, Vüqar Əhmədi, Azər Turan, Firuz Mustafa, Elçin Hüseynbəylini, Əli bəy Azərini, İlqar Fəhmini, Kənan Hacını, Sayman Aruzu, Fərid Hüseyni, Rövşən Abdullaoğlunu, Nicat Həşimzadəni, İntiqam Yaşarı görürük. Və təfərrüata keçməzdən əvvəl bir məqamı vurğulamaq istəyirəm. Necə ki, bu gün (22 mart 2022 – ci ildə) böyük əminliklə Çingiz Abdullayevi bir vaxtlar dahi Üzeyir Hacıbəyovun gördüyü işi ləyaqətlə və böyük əzmlə davam etdirərək ədəbiyyatla cəmiyyət, ədəbi-bədii yaradıcılıq məhsulu ilə kütlə-oxucu arasında möhkəm əlaqə, bağ yaradan şəxs kimi təqdim edirik, Rövşən Abdullaoğlu da eyni ilə gələcək nəsillər üçün bu vəhdəti qoruyacaq real namizəddir. Onun bu missiyanın öhdəsindən ləyaqətlə gələcəyinə inanıram. Xahiş edirəm ara-sıra bu tərz qeydləri oxuyarkən fiklərimizi əsaslandırıb, söykəndiyimiz meyarları unutmayaq. Mümkün qədər konkret və əhatəli izahatdan sonra “Nə məsləhət verirsiniz?” sualına cavab olacaq və yuxarıdakı qaydada əsaslandırılmış müasirlərimiz olan örnək yazarlar barədə danışmazdan əvvəl bir qeyd də etmək istəyirəm. Mənim yazdıqlarım tam subyektivdir. Və mən sadəcə fikirlərimi sizlərlə bölüşürəm. Bu heç vaxt məsləhət kimi qəbul edilməməlidir. Mən sualı eyni ilə eşitdiyim, oxuduğum kimi, mənə ünvanlanmış qaydada yazmışam. Ümumiyyətlə, bir şəxsin yaxınlıq və qohumluq, subardinasiya dərəcəsindən asılı olmayaraq digər şəxsə məsləhət verməsi qəbuledilməzdir. Bu ən yaxşı halda tövsiyə formasında ola bilər. Bu yöndə ən təqdirəlayiq hal örnək göstərməkdir.
ÇAĞDAŞ ÖRNƏK YAZARLARIMIZ:
Aqil Abbas – şair, yazıçı, siyasətçi. “Ədalət” qəzeti idarəçiliyindədir. Xalqla bağlı istənilən məsələyə söz adamı olaraq anındaca mövqe bildirir.
Sabir Rüstəmxanlı – şair, siyasətçi. Mövqe sahibidir. Nəzarətində nəşriyyat var.
Çingiz Abdullayev – yazıçı. Dünyanın müxtəlif yazar klub və dərnəkləri, nəşriyyatları ilə əlaqəsi var.
Yunus Oğuz – yazar, həm də “Olaylar” informasiya agentliyi və eyni adlı qəzet idarəçiliyindədir.
Varis (Varis Yolçuyev) – yazar, həm də “168 saat” qəzeti və digər mətbu orqanlarla, TV-lərlə birgə fəaliyyət göstərir.
Rəşad Məcid – şair, həm də “525-ci qəzet” idarəçiliyindədir. Bundan əlavə saytlardan, sosial şəbəkələrdən, TV-lərdən, müxtəlif internet kanallarından, bir sözlə fayda verəcək yazılı və görüntülü bütün dəstək variantlarından böyük ustalıqla istifadə edir.
Elxan Elatlı – yazar. Heç kimə, heç nəyə fikir vermədən öz işinə konsentrasiya olaraq fasiləsiz və nümunəvi fəaliyyət göstərir. Əsl müasir yazıçıdır.
Azər Turan – tənqidçi, publisist. Təyinatla “Ədəbiyyat qəzeti”nə rəhbərlik edir. Gücü çatdığı qədər bölgələrdə yaşayıb-yaradan yazarlar da daxil olmaqla bütün qələm adamlarına dəstək olmağa çalışır.
Musa Ələkbərli – şair, naşir. Bacardığı qədər yazarlara kitab işində dəstək olur.
Firuz Mustafa – nasir, dramaturq. Yazır yaradır.
Əli bəy Azəri – yazar, səlnaməçi. “Xəzan” jurnalı idarəçiliyindədir. Mümkün qədər ədəbiyyatımız, tariximiz üçün faydalı olmağa çalışır.
Səlim Babullaoğlu – şair, tərcüməçi. Kitabçılıq, tərcümə və tanıtım baxımından fəaliyyəti misilsizdir. ATV kitab – “Parlaq imzalar” layihəsi kimi dəyərli bir iş ortaya qoymuş şəxsdir.
İlqar Fəhmi – şair, yazıçı, kinodramaturq. Bir sözlə xalq üçün faydalı ola biləcək bədii yaradıcılıqla bağlı istənilən sahədə onu görmək olar.
Kənan Hacı – şair-publisist, mücadilə edir. Bir zamanların Sabiri, Hadisi kimi mücadilə aparır. İlk anlaşılmazlıqda vaz keçən gənclər üçün nümunə olacaq müasirimiz, çağdaş yenilməz qələm adamı.
Rövşən Abdullaoğlu – yazar, psixoloq, araşdırmaçı, səyyah. “Qədim Qala” nəşriyyatının qurucusu. Yorulmadan öz üzərində işləyən, təkmilləşən və öyrəndiklərini həyatına tətbiq edib, oxucusuna təlqin edən ən müasir, ən prespektivli çağdaş örnək yazarımız.
İntiqam Yaşar – şair, təşkilatçıdır. Həyatdan nə istədiyini bilir. Uğurları bol olsun!
Dəyərli oxucum, bu çəkdiyim misallar, gətirdiyim örnəklər sadəcə bir ipucu kimi dəyərləndirilməlidir. Müxtəlif yaş qruplarından olan, olduqca keşməkeşli həyat yolu keçərək uğura, misilsiz nailiyyətlərə imza atmış bu örnək şəxslərin həyat və yaradıcılıqları ilə tanış olmağınızda “Google” dostumuzun xidmətindən və kitabxanalardakı kitablardan istifadə edə bilərsiniz. Atalar yaxşı deyib: – “Gör, götür dünyasıdır.” Və inanıram ki, təqdim etdiyim bu “açar söz”lərdən istifadə etməklə özünüz üçün böyük imkanlar vəd edən geniş bir dünyaya qapı açmış olacaqsınız. Uğur bələdçiniz olsun. Bu yazının ancaq və ancaq bir məqsədi var faydalı olmaq. Vəssalam!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Çox sağ olun!
22.03.2022. Bakı.
Qeyd:
Məqalə müxtəlif saytlarda dərc olunmaqla yanaşı müəllifin “Qələmdar-2” (məqalələr), Bakı , 2022. səh. 160-165. və “Seçilmiş əsərləri” (ikinci cild), Bakı, 2022. səh. 395-403. kitablarında da yer almışdır.
Əli bəy AZƏRİNİN LAYİHƏSİ 2018-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münasibətilə tərtib olunub. 14 yazıçının povestləri daxil edilib. SEÇİLMİŞ POVESTLƏR. PDF:
“XƏZAN” ədəbi-bədii jurnalının yeni (sentyabr-oktyabr, 2022) sayı çapdan çıxıb. Dərginin sözügedən sayı Əli bəy Azərinin redaktor guşəsində yerləşdirilən “Ədəbiyyatda QAZİ obrazı” məqaləsi ilə başlayır. Sıra sayına görə 43-cü hesab olunan 112 səhifəlik jurnalın yeni sayı da poeziya, nəsr nümunələri və publisistik yazılarla zəngindir.
Publisistika
Fərhad ƏSGƏROV – “Tələbkarlıq və ədalətli yol tutduqda”
Xaliq AZADİ – “İslam dünyasında elm və təhsil”
Mətanət DUYĞULU – “Polad ruhlu leytenant” (Şəhid Həmid Qasımovun əziz xatirəsinə)
Vaqif OSMANOV – “Qarğıdalı və qarpız” (xatirə-yumoreska)
Poeziya
Ələsgər TALIBOĞLU – “Dərələyəzdə”, “Gəlmişdim, gedirəm, ay ata yurdum”, “Çağırır”, “Ayın şirin gülüşü”, “Şad ol, könül”, “Necə əl çəkim”, “Qərib-qərib”, “Həsrətin dünən çağı”, “Nəyini sevmədim ki…”, “Yazıqlar olsun”, “Hər gün bir az da”, “Ayrılıq çiçəkləyib gözlərimdə” (şeirlər)
Hafiz ƏLİMƏRDANLI – “Qəsidə, rübai, qəzəl və məsnəvilər”
Dəyərli dostlar, “Xəzan” jurnalı hekayələr toplusu hazırlayır. Toplu müəlliflərin öz hesabına nəşr olunacaq.
Hekayələrinizi 15 OKTYABR 2022-ci ilədək göndərə bilərsiniz.
Elektron poçt ünvanı: 5750399a@mail.ru
Mövzu seçimində müəlliflər sərbəstdir, lakin mümkün qədər müharibə mövzusunu əhatə etmək tövsiyyə olunur.
QEYD: Əgər kiminsə dostu, qohumu QHT təmsilçisidirsə, əlaqə yaratsın, danışaq. Bildiyim qədər büdcədən QHT-lər üçün bu məqsədə pul ayrılır. İştrak edəcək və dəstək olacaq hər kəs tarix üçün vacib olan tərəfsiz ədəbiyyatın inkişafına xidmət etmiş hesab olunur.
QEYD-2: Ödənişlərinizi də (50 manat) həmin tarixədək edin. Hər müəllifə 4 kitab veriləcək. 5-ci kitab kitabxanalara paylanacaq.
Bütün iştirakçılara uğur arzulayıram!
Hörmətlə: Əli Bəy Azəri “Xəzan” jurnalının baş redaktoru.
Əli Bəy Azəri: – “Bu kitabı 2017-ci ildə tərtib etmişəm. Rəşid Bərgüşadlı, Nurəddin Ədiloğlu, Narıngül Nadir, Meyxoş Abdullah, Yaşar Bünyad, Şiringül Musayeva kimi əsərləri imzalarını məşhurlaşdırmış söz sərrafları kitabı göylərə qaldırdılar. Ayaz İmranoğlu, Camal Zeynaloğlu, Ramiz İsmayıl, Fərhad Əsgərov, Turac Hilal, Sona Əli, Rəfael Baratoğlu, Ülviyyə Niyazqızı, Aygün Sadiq və başqaları, hansı ki, dövrü dərgilərdə az-az çap olunurlar, dəyərli əsərləri ilə TOPLUya rəng verdilər. Onlardan bəzilərinin imzası daha görünmür. ZİYA ALAR! Bir nəfər isə aramızda yoxdur. NEMƏT BƏXTİYAR…”
YAZARLAR.AZadı çəkilən kitabın PDF variantını təqdim edir:
Bu gün səlanaməçi yazar, “Xəzan” jurnalının baş redaktoru, qazi Əli Bəy Azəri nin doğum günüdür! Bu şad günündə onu təbrik edir yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Əli bəy!