Etiket arxivi: Bayram Məmmədov 70

Bayram Məmmədov – 70

YURDUN GƏFAKEŞ OĞLU
(Əməkdar müəllim, ehtiyatda olan polkovnik-leytenant Bayram Məmmədovun 70 yaşına)

Bayram Heydər oğlu Məmmədov ilin, ayın ən xoş günündə – Bahar bayramında, 21 mart 1956-cı ildə, ölkənin füsunkar bölgələrindən sayılan Zəngilan rayonunun Canbar kəndində qulluqçu ailəsində anadan olub. Atasının işi ilə əlaqədar rayon mərkəzinə köçdüklərindən orada məktəbə qədəm qoymuş, Zəngilan şəhər 1 saylı orta məktəbi 1973-cü ildə əla qiymətlərlə bitirib. Elə həmin ildə qəbul imtahanlarından müvəffəqiyyətlə keçərək Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə qəbul olub.
1978-ci ildə ali təhsilini başa vuraraq Zəngilan rayonu ilə qonşu olan Ermənistan SSR Qafan şəhər 21 saylı texniki peşə məktəbinə müəllim təyin olunur. Adıçəkilən məktəb qarışıq məktəb adlanırdı; burada həm rus, həm erməni, həm də azərbaycan sektoru fəaliyyət göstərirdi.
Oktyabr 1978 – may 1980-ci illərdə (ali təhsillilər üçün SSRİ-də həqiqi hərbi xidmət 1,5 il idi) SSRİ SQ-də həqiqi hərbi xidmətdə olan Bayram Məmmədov hərbi xidmətdən sonra müəllimlik fəaliyyətini Zəngilan rayon qiyabi orta məktəbdə, Canbar və Keçikli kənd səkkizillik natamam orta məktəblərində davam etdirmişdir.
11 noyabr 1980-ci ildə Zəngilan rayon Komsomol Komitəsinin İdman və Kütləvi Müdafiə işləri şöbəsinin müdiri təyin olunan Bayram Məmmədov bu vəzifədə 1988-ci ilin iyununadək fəaliyyət göstərmişdir. 1988-1989-cu illərdə Zəngilan rayon Partiya Komitəsində Siyasi Maarif kabinetinin müdiri olub. 1989-1991-ci illərdə o, siyasi təhsilini artıraraq əvvəlcə Saratov Sosial Siyasi İnstitutunda təhsil alır və sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirir. 1 avqust 1991-ci ildən Zəngilan rayon İcraiyyə Komitəsi sədrinin müavini vəzifəsində fəaliyyətini davam etdirir.
Həmin vaxt SSRİ adlı nəhəng bir ölkə yenidənqurma, aşkarlıq, demokratiya adlı mənbəyi və mənsəbi bilinməyən bir okeanın burulğanında çalxalanırdı. Uzun müddət normal qonşuluq münasibətində əmin-amanlıq içində yaşayan millətlər bir-birinə qənim kəsilmişdilər. 1988-ci ilin fevralından başlayan çaxnaşma nəticəsində Ermənistan SSR-də yaşayan iki yüz mindən çox azərbaycan əhli öz qədim dədə-baba yurdundan zorla çıxarılaraq Azərbaycana köçürülmüşdü. Zəngilan rayonu Ermənistan SSR-in Meğri rayonu və böyük sənaye şəhəri sayılan Qafan (şəhər) rayonu ilə həmsərhəd bölgədə yerləşdiyindən daşnaqsütyun ideyaları ilə beyinləri zəhərlənmiş azğın ermənilər bu rayonun kəndlərinə də vaxtaşırı basqın edir, örüşlərdə mal-heyvan otaran nobatçıları döyür, davar oğurlayıb aparırdılar. Kəndlərdə müdafiə məqsədilə könüllülər dəstəsi yaradılırdı. Bayram Məmmədovun yeni yaradılmış ştat üzrə vəzifəyə təyin olunması bu zərurətdən irəli gəlmişdi və ehtiyatda olan baş leytenant rütbəli zabitin bu vəzifəyə təyinatı tam uyğun idi. Belə ki, bu vəzifənin əsas funksiyası Nazirlər Kabinetinin qərarına əsasən Ermənistan SSR-lə həmsərhəd rayonlarında və sərhədyanı kəndlərdə ordu ilə iş aparmaq və rayonda milis tərəfindən ictimai asayişin qorunması sahəsində aparılan işlərə rəhbərlik etməkdən ibarətdi. Çox ziddiyyətli bir dövr hökm sürürdü. Düzdür, qaynar nöqtələrə nəzarət etmək üçün Rusiyanın ucqarlarından bölgəyə ezamiyyətə göndərilmiş rus hərbçiləri sərhəddə yerləşdirilmişdi, lakin onlara bir o qədər də bel bağlamaq olmazdı. Həm də onlar yalnız Qafanla həmsərhəd olan rayonun Şayıflı kəndində yerləşdirilmişdilər. Rayonun Vejnəli-Ağbənd, Kolluqışlaq-Rəzdərə, Yuxarı Yeməzli-Ağbis bölgələri nəzarətdən kənarda qalmışdı. Ov tüfəngləri əllərindən alınan kənd könüllüləri isə şana, balta, yaxşı halda bir quş tüfəngi umuduna qalmışdılar. Belə çətin bir vaxtda Bayram Məmmədov sərhədyanı kəndləri gəzir, könüllü dəstələrlə görüşür, rayonda yaşayan gənclərin potensial gücünü müəyyənləşdirməyə çalışırdı.
Belə bir gərgin vaxtda camaatın təkidi və tələbi ilə Ali Sovetin növbədənkənar sessiyası keçirildi və 8-9 oktyabr tarixində keçirilən iclaslarda gərgin müzakirələrdən sonra Ali Sovet 9 oktyabr 1991-ci il tarixli “Hərbi xidmət keçmək haqqında Qanun” layihəsini qəbul etdi.
Bundan sonra oktyabr ayı ərzində artıq Müdafiə Naziri vəzifəsinə təyin olunmuş general-leytenant Valeh Bərşadlının göstərişi ilə sərhədyanı rayonlardan bölgələrdə ərazi özünümüdafiə taborları yaratmaq üçün namizədlərin təqdim olunması məqsədilə Bakıda, Biləcəri Hərbi Komissarlığında və Üçtəpə poliqonunda toplantılar keçirilsə də bir nəticə əldə olunmur. Yalnız 9 noyabr 1991-ci il tarixində Bayram Məmmədov Zəngilanda ərazi özünümüdafiə taborunun 361 nəfərlik ştatını və 806 saylı hərbi hissənin möhürünü ala bilir. Beləliklə, baş leytenant Bayram Məmmədovun komandir, baş leytenant Cümşüd Əbilovun qərargah rəisi, baş leytenant Süleyman Nuriyevin arxa cəbhə üzrə müavin vəzifələrinə təyinatı ilə tabor yaradılmağa başlayır. 19 noyabr tarixində Zəngilan rayon Partiya Komitəsinin katibi, eyni zamanda rayon Müdafiə Komitəsinin sədri Əli Quliyevin rəhbərliyi ilə taborun yaradılması üçün Müdafiə nazirliyindən rayona ezamiyyətə gəlmiş beş nəfərlik nümayəndə heyətinin iştirakı ilə keçirilən iclasda qərargahın fəaliyyəti üçün 14 saylı texniki peşə məktəbinin binası ayrılır və elə həmin gündən yaradılmaqda olan ərazi özünümüdafiə taborunun fəaliyyəti başlayır.
Bayram Məmmədov çox keçmir ki, növbəti kapitan hərbi rütbəsini alır. O, bu vəzifədə 1992-ci il aprel ayının sonunadək xidmət edir. Aprelin sonu – mayın əvvəlləri ölkədə yaranmış hərki-hərkilik və hərci-mərclik ucbatından bir müddət Müdafiə Nazirliyinin tabeçiliyində olan başqa vəzifələrə keçirilir və 1 dekabr 1992-ci ildən artıq yeni yaradılmış Zəngilan Alayında Alay komandirinin arxa cəbhə üzrə müavini vəzifəsində xidmətini davam etdirir.
Beləliklə, baş leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinədək yüksələn Bayram Məmmədov 10 noyabr 1991-ci ildən 6 iyun 2006-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri – hərbi hissə komandiri, Alay komandirinin (hərbi hissə komandirinin) müavini, Müdafiə Nazirinin Arxa Cəbhə və Beynəlxalq Hərbi Əməkdaşlıq idarələrində baş zabit və bölmə rəisi vəzifələrində qulluq etmişdir. Xidmət keçdiyi müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrini dünyanın otuzdan çox ölkəsində beynəlxalq konfranslarda, seminarlarda, işgüzar görüşlərdə, simpoziumlarda və təlimlərdə layiqincə təmsil etmişdir.
Bayram Məmmədov xidmət dövründə medallar almış, Müdafiə nazirinin fəxri təltifləri ilə mükafatlandırılmışdır. Azərbaycan Vətən Müharibəsi veteranıdır.
Ailəlidir; üç övladı, … nəvəsi var.
İngilis və bir neçə başqa dildə sərbəst danışır.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Yaradıcılıqla məşğuldur. O, publisistik məqalələri
Ilə dövrü mətbuatda vaxtaşırı çıxışlar edir.
10 mart 2026, Xırdalan şəhəri

Əli bəy Azəri

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mətbuat Şurasında Əməkdar müəllim Bayram Məmmədovun elmi və pedaqoji fəaliyyətinə nəzər salınıb

Mətbuat Şurasında Əməkdar müəllim Bayram Məmmədovun elmi və pedaqoji fəaliyyətinə nəzər salınıb

Martın 10-da Mətbuat Şurasında istefada olan polkovnik-leytenant, Əməkdar müəllim Bayram Məmmədovun 70 illik yubileyi qeyd edilib. Tədbiri Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq yubilyarı təbrik etmiş, Bayram Məmmədovun bioqrafiyasını müxtəsər xatırladaraq onun jurnalistika ilə hələ gəncliyindən, son on ildə daha geniş məşğul olduğundan, məqalələrinin müxtəlif qəzetlərdə dərc edildiyindən danışıb.
Milli Məclisin deputatı Səbinə xanım Xasayeva Bayram Məmmədovun xarakterini müəy¬yən-ləşdirən milli-mənəvi dəyərlərimizi yaşada-yaşada necə təbliğ etməsindən, jurnalistlik fəaliyyətində də, siyasi fəliyyətində də bunu ömür fəlsəfəsi bilməsindən, yüksək vətəndaşlıq amalından danışıb.
YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə yubilyarın siyasi baxımdan səbatlığından, dövlətçiliyin əqidə əsgəri olmasından söz açıb.
Tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik Lətif Şüküroğlu Bayram Məmmədovun Ermənistanın işğal döyüşlərinə qarşı yaradılan Zəngilan ərazi özünümüdafiə taborunun komandiri olmasından, döyüşlərdə fəal iştirakından, xidmətini Müdafiə Nazirliyini Hərbi Akademiyasında davam etdirməsindən, “İngiliscə-Azərbaycanca, Azərbaycanca-ingiliscə hərbi-siyasi lüğət” tərtib etməsindən danışıb.
Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİBİ) İdarə Heyətinin sədr müavini Eyvaz Hümbətov Bayram Məmmədovun azərbaycançılıq ideallarına sevgisindən, fəaliyyətini bu amil əsasında qurduğundan, türkdilli xalqlar arasında mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətindən, TAİB İdarə Heyətinin üzvü Akif Cabbarov Bayram Məmmədovun məqalələrinin bədii dəyərindən, Azərbaycan dilinin incəliklərinin jurnalistikada işləkliyinin cəfakeşi olmasından, Əməkdar jurnalist, “Olimpiya Dün¬yası” qəzetinin baş redaktor müavini Aslan Şirəliyev yubilyarın yaradıcılığının vətənpərvərliyin söz təsdiqi olmasından, yazıçı-publisist Asif Bağırov Bayram Məmmədovun yaradıcılığında Zəngilanlılıq amilindən bəhs ediblər.
“Yeni Zəngilan” qəzetinin redaktoru, tanınmış şair-publisist Salam Cavadov Bayram Məmmədovun Zəngilanın timsalında Azərbaycana sönsuz sevgisindən, işində məsuliyyətindən, təşəbbüskarlığından, inadırmağı bacarmağından, istedadl şair-publisist, istefada olan polkovnik Mahir Cavadov onun işinə, deməli, Vətənə sevgisinin nəhayətsizliyindən, … danışiblar. Digər çıxış edənlərdən taninmiş şair-publisist Tapdıq Əlibəyli, hüquq üzrə fəlsəfə doktoru, dosent Allahverdi Teymurov, yazıçı-publisistlər Rəşid Faxralı, İbrahim Məsimoğlu, Azər Hacıbəyli, Əli Bəy Azəri, Ramin Məmmədov, Natella Asena, “Qızıl Zəngilan” jurnalının redaktoru Möhübbət Qurbanov Bayram Məmmədovun həmişə məsuliyyətli ömür yaşamasından, təhsilə də, milli mentalitetə də, dövlətə, dövlətçiliyə də sədaqətindən, Zəngilanın müdafiəsində döyüşçülərin döyüş əzminin, qələbə ruhunun yüksəldilməsi istiqmətində böyük fəaliyyətindən,… söz açıblar, ona can sağlığı, yaradıcılıq uğurları arzulayıblar.
Tədbirin sonunda Bayram Məmmədov tədbirin təşkilinə görə Mətbuat Şutasının sədri Rəşad Məcidə təşəkkürünü bildirib…

Rəşid FAXRALI,
Əməkdar jurnalist

RƏŞİD FAXRALININ YAZILARI

YAZARLAR olaraq Bayram Məmmədovu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

KAMAL CAMALOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I