SÜLHÜN NƏĞMƏSİ Gəl danışaq silahsız bir cahandan, Qopmasın bir kədər, ah da canından. Qəlblər saray olsun, sevgi də sultan, Mərhəmət nur saçsın hər bir məkandan.
Gül açsın beşiklər, körpə ölməsin, Ananın gözündən yaş tökülməsin. Atasız, anasız uşaq qalmasın, Zülmün qara əli evi bölməsin.
Yaşıl meşələrin ömrü bitməsin, Çayların nəğməsi dildən itməsin, Dağılmasın evlər, yuva sönməsin, Zülmün qara izi burdan ötməsin.
Cənnətin ətrini duyaq dünyada, Sülhün sədası var hər bir sözdə də. İnsanlar yaşasın xoş bir xəyalda, Mərhəmət hökm etsin yerin üzündə.
Şairin arzusu, diləyi budur, Haqqın, ədalətin mələyi budur. Dünyanı qoruyan sevgi adıdır, İnsanlıq mülkünün dirəyi budur.
SÜKUTUN FIRTINASI
Dəniz kükrəyəndə qəlbim oyandı, Səssiz fədakarlıq oduna yandı. Dünən susduqlarım bu gün oyandı, Ruhumun üsyanı dalğa-dalğadır.
Özgə hüzuruna özümü böldüm, Hər kəs gülən yerdə mən min yol öldüm. Haqqımı tapdayıb, yalandan güldüm, İndi təlatümlə ruhda davadır.
Sahilə çırpılan peşmanlıq deyil, İçimdə boğulan bir anlıq deyil. Bu fırtına ötəri bir günlük deyil, Mənim öz səsimlə olan davadır.
Artıq tufan bitdi, sular duruldu, Yorulan hisslərim sahildə qaldı. Qəlbimin kədəri bir az yuyuldu, Ruhum öz rəngini dənizdən aldı.
Nə bir üsyan qaldı, nə də bir giley, Sakitlik ən böyük gözəl hədiyyə. Susub fəda olmaq, bitmiş hekayə, İndi öz səsimlə ruhuma döndüm.
ŞƏHİD İŞARƏSİ
(15 sentyabr 2022 Laçın döyüşlərinin şəhidi Zöhrab Azad oğlu Kərimova həsr olunub)
Yuxuda gördüm ki, cənnətdəyəm mən, Atam gül-çiçəyin içində durub. Öpdüm o mübarək ağ saçlarından, Sanki bu görüşlə bir dünya qurub.
Sevincim sonradan döndü kədərə, Laçından gələn bir acı xəbərə. Ağladım hay düşən kəndə, şəhərə, Gözümün yaşını sildi kədərlər.
Zəng vurub soruşdum: “Zöhrab necədir?” Pərvanə gülərək:yaxşıdır-dedi. Bilmir ki, bu yuxu bir işarədir, Sən demə, o artıq ərşə yüksəldi.
Pilot olacaqdı, arzusu yarım, Vətən harayına Laçına getdi. Söndü bir ocağın gənc intizarı, Günelin bircəcik qardaşı getdi.
İzdiham içində lal qaldı dilim, Bilmədim ağlayım, təsəlli verim? Deyib: “Kişi kimi gəldim, kişi də gedim”, Zirvəyə ucaldı o qəhrəmanım.
Yuxumun mənası indi bəllidir, Atamın yurdunda bir şəhid varmış. O öpüş — ucalıq, bir nişanəymiş, Zöhrabın qisməti baş ucalığıymış.
Bu dünyada sözlər çoxdur, gözəl anam, İnan ki, yenə yetmir sevdiyimi anlatmağa. Sənin istiliyinlə mən dünyamı isidirəm, Həyatdakı ilk cənnətim sən özünsən, canım anam.
Əllərimdən tutanda, məni qucaqlayanda, Gülümsəyib baxanda qorxularım yox olur. Mehriban baxışınla yoluma nur ələnir, Sənin saf işığınla yollarım çiçəklənir.
Şəfqətli əllərinlə saçlarımı oxşadın, Beşiyimi yelləyib layla deyib qorudun. Mənim üçün həyatda həm güldün, həm ağladın, İndi başa düşürəm cənnət uzaqda deyil, qəlbində gizlənirmiş. Həyatdakı ilk cənnətim, qəlbimin ilk limanı…
01.08.2023.
İkiqat xoşbəxtlik
İki qızım – iki gözüm . Ruhumun, qəlbimin iki yarısı. Biriniz sakit liman, birinizsə od-alov, Fərqli olsanız da siz, Qəlbimin ən saf yerindəsiniz.
İki qızım – iki mələyim, Siz mənim sevincim, qürurumsunuz, Səmadakı sonsuz ulduzumsunuz. Sevgiylə döyünən qəlbimsiniz siz. Yaxşı ki, varsınız siz hər ikiniz!
İki qızım – iki qanadım. Qəlbinizə dolsun xoşbəxtlik nuru. Sevinciniz yayılsın səmaya doğru, Siz varsınız – dünya mənə doludur! Mən sevgimlə işıq olaram sizə.
16.04.2025.
Xoşbəxtlik rəsmi
Fırçamı alıram əlimə, rənglər gülür mənimlə, Günəş sarı, bulud mavi – hər toxunuş sevinc verir. Quşlar uçur kanvasımda, çiçəklər rəqs edir, Hər fırça toxunuşu “Xoşbəxtlik!” deyir.
Dünyanı rənglərlə gülümsədirəm, Yayılır hər küncə xoşbəxtlik anı. Fırçam toxunduqca izlər danışır. Ürəyimdən gələn sevinci paylaşır!
Palitramda gözəl həyat, sevgi, ümid, Xoşbəxtlik daşıyır hər nöqtə, hər xətt. Rənglər danışdıqca, gülümsəyirəm, Hər anı sevgiylə yaşayıram mən! 25.10.2025
Mən ümidlə yol gedirəm
Bu həyatın yükü ağır, Addım-addım yol gedirəm. Ömrün buludlu günlərin Gülümsəyib yad edirəm. Mən şükür edib hər günümə, hər anıma, Bir məqsədlə, bir ümidlə, Xoş arzuyla yol alıram. Yol gedərkən mənə baxıb Addımımın ağırlığın, Gözümdəki qəm qüssəni, Qəlbimdəki həyəcanı, Beynimdəki hesabları heç görməyən, Həsəd çəkən insanlara Gülümsəyib yol gedirəm. İnanaraq addımlayıb İşıq gələn səmtə doğru, Mən ümidlə gələcəyə yol gedirəm.
15.07.2014.
İstəyirəm
İllər əvvəl mən atamı itirdim. Yox, mən onu itirmədim! Dünya, sən onu aldın məndən. İndi bir xahişim var səndən, Gəl, çarxı fırladıb geriyə dönək, Uşaqlıq ilimə səyahət edək. Sual verəcəksən hansı illərə? Hansı arzu,istəklərə? İstəyirəm, istəyirəm yenə qapımız döyülsün, Atam gəlsin evimizə. İstəyirəm uşaq olum, qucağina alsın məni. İstəyirəm mən arada küsüm ondan, O da məni əzizləsin, Mənə arxa – dayaq olsun. Bilirəm, ey dünya, Bu bir istəkdir. Arzular, istəklər bitmir dünyada. Şikayət etmirəm mən sənə, dünya. Əksinə, təşəkkür edirəm sənə. O təmiz ürəkli, mərd insan üçün Gözəl atam üçün borcluyam sənə.
15.05.2025
Ana qəlbli güclü qadın
Azərbaycan Uşaqlar Birliyinin sədri, uşaq hüquqları müdafiəçisi Kəmalə Ağazadəyə həsr edilib
Qadınsan, bir ordu tək qüvvətlisən. Mərhəmət ən böyük gücündür sənin. Bu güc sənin zehnindədir, sevgindədir, Gözəlliklə dolu olan sənin o saf qəlbindədir. Ana qəlbli güclü qadın!
Həyatın sərt küləklərinin sındırdığı körpələrə, Qorxu dolu anlarında “ana”, “nənə” sözlərini Cəsarətlə deməsinə nəfəs oldun, arxa oldun. Taleləri dəyişən bir möcüzəsən, Ana qəlbli güclü qadın!
Sən divar quraraq, ümid tikirsən, Qaranlıq gecəni aydın edirsən. Axan göz yaşını sən gizlədirsən, Gülüş paylayırsan, ümid verirsən. Ana qəlbli güclü qadın!
Qaranlıq gecənin laylasıdır sənin səsin, Dua kimi taleləri isidəndir sənin əlin. Sənin adın körpələrin taleyinə yazılandır, Sənin əlin hər uğurda çiyinlərdə görünmədən daşınandır. Ana qəlbli güclü qadın! 25.01.2026
Novruz nəğməsi
Boylanır çiçəklər çöllərə sarı, Süzülür səmadan bahar nəfəsi. Günəş dan yerində nur kimi gülür, Aydın sabahlara yol salır ümid.
Sular pıçıldaşıb daşlara dəyir, Atlanır od üstə saf niyyətimiz. Qışın kədərini əsən yel qovur, Torpağın səsiylə oyanır bahar.
Süfrə bərəkətli, səməni yaşıl, Tonqal ətrafına biz yığışmışıq. Cücərir məhəbbət qəlblərimizdə, Yenidən həyat həvəsi doğulur bizdə.
Sevgi, məhəbbətdir sədaqətimiz, Novruzla dirçəlir ümidlərimiz. Qədim nəğməsiylə bu ulu bayram, Birliyə, dostluğa səsləyir bizi.
01.03.2026.
Rəssam qızıma
Rəssam qızım, çək rəsmimi, Üzümdə kədər olmasın. Sən nuru çək, parıldatsın gözlərimi, O gözlərdə sevgi dolu ürəyimi.
Bir gözümdə bacını çək, o birində özünü, Hər fırça toxunuşun əks etdirsin ruhumu. Bir anlığa yox elə kədərin kölgəsini, Rənglərinlə canlandır həyatın nəğməsini.
Fırçanla can tapsın həyatın rəngi, Boya qəlbimdəki sonsuz ümidi. Mənim gülüşümü, səadətimi, Ruhumu hər xətdə əbədi əks et.
Həyatımın rəngi bir gün solarsa, Yaşayar ümidim rəsmlərində. 08.03.2026