Arzulama xoşbəxt olum, Xoşbəxtlik öz əlindədir, Düşüncəndə, fikrindədir. Arzulama cavan qalım, Cavan qalmaq asan deyil. Cavan qalsan ömür bitər, Arzuların sona yetər. Arzulama sən var-dövlət, Bil, düşünən beynin varsa, Görən gözün, vuran qəlbin — Budur nemət! Arzulama — arzu sözü fəlakətdir, Dəli kimi sevgini də arzulama. Sevgi bitər, göz yaşları qalar sənə… Düşün hər an, hər bir zaman: Ey Yaradan, xeyirlisi nəsib olsun, Yaradanın yaratdığı, xeyirlisi qismət olsun!
Şəhid qardaşım
Səhər-səhər qəbir üstə gəlmişəm, Günəş çıxır, mən də səni görmüşəm. Sən daş üstə mənə sakit baxırdın, Mən də sənə göz yaşımı axıtdım. Söylə sənə, bax, nə deyim, səslənim? Xoş səhərlər diləyim… Tək Sən idin, hər bir zaman gərəyim. Daş altında sakit yatana qurban, Günəş kimi səssiz batana qurban! Mən gəlmişəm, dur, salamla bacını, Mən içmişəm bu dünyada acını… Sən qardaşsız qoydun dörd bacını. Daş altında sakit yatan qardaşım Param-parça olubdur bu bacın. Mən həyata sənsiz cavab vermişəm, Bu imiş, bax, sənin bəxtsiz qədərin. İnan, sənin yolunu çox gözlədim, Daş altında sakit yatana qurban, Günəş kimi səssiz batana qurban!
Acıdərə sirlər saxlar
Acıdərə sirlər saxlayar, O dərədə adsız məzar gözləyər. Anasının qəlbi daşdır, O türk oğlu türkdür, qan yaddaşıdır. Ad yazmağa vaxt olmayıb, Türkün qəbri qalıb yadda. Sevir hamı, qardaş deyib baş əyirik, Sən canımız, qanımızsan! Yaddaşlarda qalacaqsan, Bütün şəhid bacısının qardaşısan. Ey türk oğlu, yol gözləyən ananı da unutmarıq, Rahat yatın, qisas aldıq, zəfər çaldıq!
Payız
Yay qurtarır ömür gedir, Durnalar da köçüb gedir, Yay fəsli sona yetir Bir də ömür dönməz geri. Gedən gedir hədər olur, Qocalırıq, baxışımız kədər olur, Yay qurtarır bir də geri dönəcəkmi? Gələn yayı bu Kifayət görəcək mi!? Yay qurtarır, payız gəlir Payız fəsli biraz fərqli Pıçıldaşan yarpaqlarda, Uçub gedən durnalarda, İnan dərdli, ayrılıqdan söhbət edər Hər gün bir az ömür gedər Biz sayırıq həftəmizi, Düşünmürük hədər olan günləri Bilmirik ki, qismətimiz necədir Zövq almırıq fəsilərdən, Ötüb gedən günlərdən.
“CİDA” SÖZÜNÜN TARIXI ETIMOLOGIYASI (bir sözdən yüz söz)
“Cida” sözünü ensiklopedik mənbələrdə axtararkən onun semantikası qədim silah növü kimi verilir və ondan Üst Paleolit dövründən istifadə edildiyi bildirilir. Cida daş və sümük uclu olmuşdur. Sonralar Qədim Yunanıstan və Romada dəmir cidadan istifadə edilirdi. Azərbaycanda müxtəlif dövrlərə aid qəbir abidələrindən cida silahının sümük və daş ucluqları tapılmışdır. Müasir türk dilinin lüğətində: cidal-döyüş, vuruşma, mübarizə” kimi təsnif olunur. “Cidalci-savaşçı” döyüşçü kimi verilir. “Cidar” isə “çəpər, divar” kimi mənalanır. Dilin fonetik hadisələrindən biri də səslərin əvəzlənməsidir.Türk dillərində ” r-l” əvəzlənməsi aktivdir. “Cidar-çəpər” sözünün ” cidal-döyüş” sözü ilə əlaqəsini tədqiq edək. Əgər biz ” cida” silahını “süngü” silahı ilə eyni olduğunu qəbul etsək, “süngü” silahının izahında onu “nizə, qarğı, mizraq” silahı ilə eyniləşdirilir. Pislik edən adama qədim deyimimiz olan ” gölə qarğı- qələm sancan” ifadəsi vardır.Əslində qələmin ilkin forması da qarğıdan hazırlanırdı. Əslində ” süngü” sözünün özü ” sümük” sözündən psixolinqvistik adlanmadır. ” Süngülə, sünqüş” sözləri də “savaşda süngüləmə, süngü ilə vurmaq” mənasını bildirir. “Süngü” silahının ” qarğı” ekvivalenti onu göstərir ki, hələ Qədim Oğuzlar dəmirı icad etməmişdən əvvəl süngünü (cidanı) qarğıdan düzəltmişlər.Qarğının başını iti çərtərək ona itilənmiş daş və yaxud sümük ucluq bərkitmişlər.(döyüş başlığı) Atalar sözümüz ” cidanı çuvalda gizlətmək olmaz” məhz cidanın ucu çuvalı deşərək çölə çıxıb görsənməsinə işarədir.( sirrin açılacağının labüdlüyünə dəlalət edir..) Maraqlıdır “cida” sözü ilə ” qarğı” sözündə fonetik oxşarlıq yoxdur.Lakin hər ikisi də eyni silahın adlanmasıdır. Dilçiliyin ən dərin qatlarından biri sosial psixolinqvistikadır.Yəni cəmiyyət( tayfalar) tərəfindən yeni sözlər yaradılmışdır. Qədim Oğuzlarda “çərtmək” sözü bir şeyin ucunu itişəkilli kəsmək kimi mənalanır. Qədim sözümüz olan ” çətəmə” türklərin yaşam tərzinin çəpər çəkmə mədəniyytinin ilkin elementlərindən biridir. ” Çətəmə”-nin ilkin forması qarğının ucunu itişəkilli kəsərək torpağa sancmaqla ( sancaq sözü də buradandır) çəpərçəkmənin icra olunan aktıdır. “Çitəmək” sözü də paltarın cırılmış və yaxud düymə yerinin gözəməsi itiuclu nəsnə (çərtilmiş) ilə hörmə aktıdır. Öz sözümüz olan “çit” sözü də ” çitəmək” sözündən törəmədir.” Çətir və çadır” sözləri də ” çit” sözündən yaranmadır.Nəsnələr hamısı çitdən hazırlanmadır. Kaşğarinin lüğətində ” çit” sözü “qarğıdan düzəldilmiş divar, çardaq” kimi mənalanır. Dilimizdə olan ” çat, çərt, kətmən və s.” sözlər də ” çərtmək” sözünün semantik derivativləridır. Türk dilində “çiten” qarğıdan hörülmüş səbətə( Gəncə səbəti) deyilir. ” Çita” sözü türklərdə uzun yaşmağa (qarğı kimi uzun reykaya) deyilir. Məhz burada “çita” sözündən “cida” sözünün yaranması özünü tam əks etdirir. Sözdə ” ç-c; t-d əvəzlənməsi türk dillərində qəbul olunan fonemlərdir. Məntiqi düşüncə bunu göstərir ki, Qədim Hunlar ovu ibtidai formada qarğı bitkisinin yüngül olduğundan onun ucunu çərtərək mobil silah kimi işlətmişlər.(İngilis dilində hunt, hunter- ov, ovçu sözləri də hunların peşəsindən yaranan psixolinqvistik nominasiyalardır.) Türk dilində silahlı basqınçılara ” çete” deyilir.”Çete” dedikdə qədimdə cida silahı ilə silahlanmış dəstələr nəzərdə tutulmuşdur.( Görəsən bunu türklər bilir?) Müqayisəli dilçiliklə baxsaq, ingilis dilində də eyni paralellik özünü göstərir.Ingilis dilində “gun” silah; ” qunman” -” silahlı adam”.Yəqin ki “gangster-silahlı bandit dəstəsi” sözü də ” gun-silah” sözündən psixolinqvistik yranmadır. Qədim idman növü olan ” cüdo” döyüşü də oğuzların ” cida- döyüs” sözündəndir. Türklərin kənd yerlərində qədim tikililərinə ” ciflik” deyilir.Qədimdə evlər qarğıdan çətəmə şəklində hörülürdü və onu palçıqla suvayırdılar. ” Çitli” sözü bu gün türklərdə ” evin hasara alınmış ərazisi, məhəlləsi” kimi işlədilir.Çitli-ciftlik-yaşayışa dair ərazi. Hunlar çətənə bitkisinin qozasını çərtib, onun qatı südlü məhlulunu qurudaraq ağrıkəsici maddə hazırlayırdılar. Məhz ” çətənə” sözü də ” çərtmək” sözündən yaranmadır. Ərzaq məhsulu düyünün rafina olunmamış şəklinə ” çəltik” deyilir.Çəltik yonma (çərtmə) yolu ilə hazırlanaraq düyü şəklinə salınır. Çox da qədim olmayan dövrdə plov bişirərkən düyünü qaynadıb çətəndə süzürdülər. “Çətən” nəsnəsi çoxlu sayda fidan qarğıdan hörülərək hazırlanırdı.”Çoxluq” mənasında işlənən ” bir çətən külfət, bir çətən əqraba” kimi ifadələr çətənin çoxlu sayda qarğıdan hazırlandığı faktından yaranan psixolinqvistik nominasiyadır. ( müəllif H.Ə.) P. S.Bu məqaləni daha da genişləndirmək mümkündür.Yəni yüz sözə çatdırmağı. Bu məqaləni yazmaqda məqsədim qədim sözlərimizin bu günə qədər heç bir dilçi alim tərəfindən araşdırılaraq izahlarının verilməməsidir.Ya “ilkin izini itirmiş və ya daşlaşmış” ifadələrlə bu sözləri möhürləyib kənara qoymuşlar… Dildə mövcud olan hər bir sözün mənası vardır. Sözlərin rekonstruksiyasında onların genezində olan səslərin tətbiqi və məntiqi sintezlə açmaq mümkündür. Ən əsası sözdə iştirak edən fonemlərin iştirakı ilə. Yəni Tətbiqi Dilçiliklə… Mənbəsiz mənbələr…
Mən bir payız yolçusuyam, Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül açıb. Başımın üstündə səma, Ayağım altdan yer qaçıb. Sazaq vurub ürəyimi, Bir də çətin oda düşə. Bir də çətin sevdalana, Bir də çətin bəndə düşə. Hələ mənim irəlidə Xəzan donlu,yaz həvəsli Arzularla savaşım var. Məndən uzaq dur,ay adam, Mən bir payız yolçusuyam, Sənin mənlə nə işin var?
***
Bu gələn payız da mənə bənzəyir, Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı.
Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O da mənim kimi Sözə qaçandı, O da mənim kimi masal acıdı.
Dolaşır arzular əl-ayağına, Bir arzu içindən min xəzan baxır. Sevdalar oyanır daş yuxusundan, Xəyallar uzaqdan yarımcan baxır.
Gör necə bənzəyir bu payız mənə, Ürəyi nigaran,hissi yarımçıq. İkimiz əl-ələ verib gedirik, Gedirik küləyə,yağışa acıq.
***
Əvvəlcə baxışların soyudu, Sonra əllərin. Sonra sığalını yadırğadım, Sonra səsini. Sonra dəniz çıxdı yadımdan, Sonra sahil, Sonra o ağac, Sonra ağaca söykənən skamya, Sonra qarğalar. Sonra gülsatan qadın, Sonra əlindəki orxideyalar. Sonra sallana-sallana yanımızdan keçən bulaşıq küçə iti Qarabaş adında, adını biz qoymuşduq, yadında? Sonra gəmi fiti, Sonra arxamızca əl sallayan uşaqlar, Sonra uzaqlar. Sonra təzə görüşlər, Təzə sevdalar. Eh,bütün sonralar səndən sonra başladı, Sonra bir birinə bənzədi bütün “Əlvida”lar.
***
Yenə payız gəlincə Yarpaqlar budaq-budaq Ağaclardan küsəcək. Yenə dəli küləklər, Yenə leysan yağışlar Küçələrin,yolların Nəfəsini kəsəcək. Heç gedən baharın da Arxasınca ürəklə Su səpən olmayacaq. Beləcə yağış-yağış, Beləcə külək-külək Bu şəhər bu payızın Nazıyla oynayacaq. …Hələ yasaq sevdalar, Hələ günah keçisi. Hələ bomboz tənhalıq, Hələ dəli darıxmaq, Hələ payız gecəsi…
Yalan danısmaq istəmirəm, onunla tanışlığımızın tarixi bir ildən artıq olmaz. FB səhifəsində bir şeirinə rast gəlmişdim. Oxudum, xoşuma gəldi və… və həm də onun təxəllüsü məndə maraq yaratdı. İnanırsınız, (inansanız yaxşı olar, çox şad olaram) məndə qəribə hisslər yarandı. Bir anlığa ulu türk dünyasının qədim tarixi (oxuyub, eşidib, bildiyim səviyyədə) xəyalımda vərəqlənməyə başladı. İlk olaraq bir neçə il öncə Türkiyənin, Azərbaycanın, eləcə də bir çox MDB ölkələrinin telekanallarında çox uğurla nümayiş etdirilən “Möhtəşəm Yüzil”, “Diriliş Ərtoğrul”, “Quruluş Osman” v s. tarixi filmlər gözlərim önündə canlandı. Anladım ki, bu cavan oğlan “Ərtürk” təxəllüsünü heç də təsadüfən seçməyib. Və… sonrakı daha yaxından tanışlığımız da düşündüklərimi bir daha təsdiq etdi; Nicat bütün varlığı ilə türk dünyasına bağlı, təpədən dırnağa kimi mübariz TURANÇI olan istedadlı bir yazardır.
“Ər” sözü (sözönü də deyə bilərik) öz-özlüyündə çox qaranlıq məqamlara aydınlıq gətirir. Ulu babalarımız bu sözü həmişə müqəddəs sayıb, məskunlaşdıqları yer adlarının, igid, döyüşkən oğullarının adlarının önündə bu sözdən qürurla istifadə ediblər. Hamımız gözəl bilirik ki, bu gün şərəfsiz qaraçı-hayların özlərinə “millət adı” kimi seçdikləri “erməni” sözünün kökü də məhz bizim qədim torpaqların- Ərməniyyə diyarının adı ilə bağlıdır. İzahı da çox sadədir: Ər mənəm, yəni, bu ərazi ər oğlu ərlərə məxsusdur. Onlar həyasızlıqla çığır-bağır salaraq “Arsak” deyə, dünya ictimaiyyətində çaşqınlıq yaratmağa səy göstərirlər və bəzən də buna nail olurlar. Heç kim onlardan bunun izahını tələb etmir (necə ki, “Qarabağ” sözünün də izahını tələb edən yoxdur). Hərçənd açılışı çox sadədir: “Ər-sak”. Yəni, qədim türk tayfası olan sakların məskunlaşdığı ərazi. Bu gün (və əsrlər boyu) bizim yaşadığımız torpaqlardan orta əsrlərdə Türkiyə ərazisinə miqrasiya etmiş qai tayfasının başçısı, tarixi şəxsiyyət, yenilməz sərkərdə Süleyman şah sevimli oğlu Ərtoğrula bu adı verəndə də məhz yuxarıda izah etməyə çalışdığım tarixi məqamlardan bəhrələnmişdir. Biz hər kişiyə “ər kişi” demirik. Bu adı qanı, canı, vicdanı, dəyanəti, ləyaqəti, mübarizliyi, müdrikliyi ilə qazananlara deyirik. Biz TÜRK xalqı olaraq çox qədim, çox böyük xalqıq. Biz sözün bütün mənalarında böyükük. Biz bütün dünyaya sülh, əmin-amanlıq, səadət diləyirik. Biz bunu tarix boyu sübut etmişik. Bizim bayrağımız altında yaşayan, bizə pənah gətirən, bizə sığınan bütün xalqlara xoşbətlik bəxş etmişik, onların sivil həyat tərzinin inkişafına təkan vermişik. Dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Biz dünyanı ədalətlə idarə edə biləcək yeganə və möhtəşəm XALQIQ. Turançılıq ideyası da məhz bu səbəbdən yaranmışdır və günü-gündən vüsət almaqda, genişlənməkdə, möhkəmlənməkdə, varlığını sübut etməkdədir. Nicat Ərtürk də bu ideyanın daşıyıcılarından və fəal təbliğatçılarından biridir.
Yeri gəlmişkən, bəzən bizim ziyalılar arasında guya bizim altaylardan gəldiyimiz ideyasına inananların olduğuna rast gəlirəm. Əzizlərim, biz altaylardan gəlməmişik. Biz tarix boyu bu ərazilərdə yaşamışıq, altaylarda da varıq, Asiyanın, Avropanın bir çox ərazilərində də. Əhali sayına görə dünyanın ən nəhəng ölkələri sayılan Hindistanda da, Çində də varıq. Ərazicə dünyanın ən nəhəng ölkəsi olan Rusiya torpaqlarının da böyük hissəsi bizə məxsusdur. Bizim əsas dini inancımız İslama bağlı olsa da, xalqlarımız arasında xristian dininə də, digər dinlərə də sitayiş edənlər var və biz buna çox normal yanaşırıq. Dini inanc hər kəs üçün azaddır. Mənim Nicat Ərtürk şəxsiyyətinə hörmətimin mayasında, qayəsində yer tutan əsas səbəblərdən biri də məhz yuxarıda sadaladığım dərin köklü məsələlərdir.
Qeyd etməyi özümə borc bildiyim daha mühim bir məqam da var: Nicat Ərtürk yaradıcılığı genişdir, çoxşaxəlidir. Vətən sevgisi, türk dünyasına bağlılıq, turançılıq onun yaradıcılığının əsasını təşkil etsə də, ana sevgisi bu yaradıcılığın mayasıdır. Və bu sadəcə parallellik deyil, uğurlu bir vəhdətdir. Bu vəhdəti onun bu yaxınlarda işıq üzü görmüş “Ana həsrəti” adlı kitabı (Bakı: “Elm və təhsil”, 2026, 200 səh.) ilə tanış olarkən daha aydın şəkildə görürük. Bu mövzuda müxtəlif mətbuat və internet resurslarında çox deyilib, çox yazılıb, tanınmış elm adamlarının, filoloq və ədəbiyyatşünasların ədəbi-elmi-publisistik yazıları dərc olunub. Nicat Ərtürk yaradıcılığınin bir çox məqamları geniş təhlil olunub, Hüseyn Cavid, Məmməd Araz kimi dahilərin yaradıcılığı ilə parallellik təşkil edən məqamlar araşdırılıb. Çox gözəl! Sələflərimizdən öyrənmək, onların yolunu layiqincə davam etdirmək bizim mənəvi borcumuzdur və bu bizə yalnız şərəf gətirə bilər. Azərbaycanın xalq şairi, bütün türk dünyasının sevilən dahilərindən olan Bəxtiyar Vahabzadə bu barədə belə deyib: “Sələflərə dərin hörmət.- Bizim emblemimiz, rəmzimiz, şərəfimiz; Qoy olsun sələf,- dedik”.
Yaxın günlərin söhbətidir. Yaradıcı dostlarla bir araya gəlib çay süfrəsi arxasında müzakirə aparır, müasir ədəbi mühitdə gedən proseslərə fikir bildirirdik- həmişə olduğu kimi. Söhbət turançılıqdan düşəndə dostlardan biri bu ideyanın yanlış cəhətlərini qabartmağa səy göstərdi. Yəni, o, düşündüklərini söyləyirdi, səmimi idi və suallarını Nicata ünvanlamışdı. Çünki Nicat bu ideya ətrafında gələcək planlarından danışırdı. Cavabı da çox tutarlı, inandırıcı oldu (ən azından mən belə düşünürəm). Nicat bu ideyanı siyasi hakimiyyət davası səviyyəsinə endirməyin düzgün olmadığını izah elədi. “Bu ideyanın təbliği bir ölkə daxilində baş verən hadisə deyil, daha böyükdür, daha vacibdir. Bu, bütövlüdə bütün türk xalqlarının eyni amal uğrunda birgə mübarizəsi deməkdir, eyni düşüncə tərzinə malik olmaları deməkdir.”- dedi Nicat.
Yuxarıda yazdıqlarımı izah etmək məqsədilə Nicatın “Salam olsun” şeirinə müraciət etməklə, onun poeziya dünyasına qısa səyahətin vaxtı çatdığını düşünürəm:
Salam olsun, türk adıyla
Bu torpaqda gəzənlərə.
Salam olsun, yurdumdakı
O qəhrəman ərənlərə.
Salam olsun başqırdlara,
Yakutlara, çuvaşlara,
Vətənində zülüm görən
Aciz, məzlum uyğurlara.
Aydın, səlis, dürüst, hamımızın rahatlıqla anlaya biləcəyimiz sadə dillə yazılmış bu misralarda təkcə “bu torpaqlarda gəzən” türk xalqları tərənnüm olunmur, şair dərhal, fürsəti bada vermədən həm də əsrlər boyu öz vətənlərində əzilən, işgəncələrə məruz qalan, hələ də əsarət altında yaşayan uyğur qardaş və bacılarımıza da öz salamını yetirir. Və bununla o, “biz sizinləyik” deyir, “sizin taleyiniz elə bizim taleyimizdir” deyir, öz narahatlığını, həyəcanını və etirazını bildirərək hayqırır. O, bilərəkdən, məqsədli şəkildə bu misraları şeirin ikinci bəndində yerləşdirib. İlk bənddə (“türk adıyla bu torpaqda gəzənlərə”) ümumi bir salam göndərir, ikinci bənddə isə dərhal əsas mətləbə keçir. Sonrakı misralarda şair tatarlara, qumuqlara, “Turan üçün ümidini sabaha bağlayanlara”, “Vətən yolu, eşq yolunu gedənlərə”, “Zəngəzurun, İrəvanın həsrətini çəkənlərə” salam göndərir. Sonda isə:
Salam olsun Ərdəbilə,
Həmədana, Təbrizimə,
Zəncanıma, Urmiyama,
Mosuluma, Mərəndimə.
Salam olsun Borçalıma,
Dəmir qapı Dərbəndimə.
Qardaş türklər ölkəsinə,
Böyük Turan birliyinə,-
deyərək böyük türk dünyasının ümumi mənzərəsini yaradır və işıqlı “Turan Birlyli”nin yol xəritəsini çəkir.
Təbii ki, kiçik həcmli bir məqalədə Nicat Ərtürk kimi məhsuldar yaradıcılıqla diqqəti cəlb edən cavan bir şairin poeziya dünyasına dərindən baş vurmaq mümkünsüzdür. Həm də mən axı Nicatın təkcə poeziya dünyasına yox, bütövlükdə onun öz dünyasına qısaca səyahət etmək qərarında israrlıyam. Çünki onun iç dünyasına azdan-çoxdan bələdəm və onun şəxsində “Turançı- təfəkkür”ün formalaşdığına əminəm. Şəxsiyyət isə ana bətnindən formalaşmağa başlayır. İlk öncə ana sevgisi, sonra ailə, ətraf mühit, təbiət, yurd, el-oba sevgiləri yaranır. Və bütün bunlar daha geniş mənada duyulur: Vətən, millət, xalq sevgiləri yaranır, dünyavi hisslər şüura təzahür edir.
Nicat Ərtürkün ana mövzusunda yazdığı şeirlər çox səmimi və duyğusaldır.
Yenə yağış yağır, yenə bu yağış
Tanrının təbiət naxışlarımı?
Yoxsa ki, anamın gözlərindəki
Sonuncu, kədərli göz yaşlarımı?
Hər düşən yağışın damcılarını
ana duasına bənzədirəm mən.
Bütün arzuları qəlbində sönən
Ana duasının həsrətindəyəm,-
deyən gənc şair anasının vaxtsız itkisini heç cür həzm edə bilmir, zaman-zaman ürək sızıltısı, qəlb yanğısı ilə yazdığı misralar damla-damla göz yaşları tökür. Bu təbii haldır, çox təbii. Ana sevgisini qəlbində yaşadan hər bir övladın keçirdiyi hisslərin təbii təzahürü, şair təfəkkürünün ağ vərəq üzərində əksini tapan poetik ifadə tərzidir. “Yağış” şeirindən götürülmüş bu nümunələrdə şair yağış damlalarını ananın sonuncu göz yaşlarına bənzətməklə yanaşı, onları həm də Tanrının öz fırçası ilə cızdığı təbiət naxışları ilə eyniləşdirir, şeirin poetik dəyərini daha da samballı edir. Sonrakı misralarda şair bu damcıları anasının duasına bənzətməklə onlara harmonik bir bəstə də əlavə edir. Və nəhayət: “Bütün arzuları qəlbində sönən ana duasının həsrətindəyəm”- deyərək, o duanın nə qədər faydalı, nə qədər müqəddəs olduğunu önə çıxarır.
Dolunun vurduğu meyvələr kimi,
Qəlbimə qəm vurur, qəm izi salır.
Yaman darıxıram yenə bu axşam,
Yorğun xatirələr qoynuna alır…
“Dolunun vurduğu meyvələr kimi” ifadəsində sətiraltı məqamlara diqqət edək. Dolu təbiət hadisəsidir…Gəldisə, tumurcuq, çiçək, yetişməkdə olan və ya yetişmiş meyvələrə fərq qoymadan qarşısına çıxanı, gücü çatanı məhv edir və qəlblərə silinməz izlər salır. Ancaq, erməni qaniçənləri də zaman-zaman həmin vəhşilikləri törətməyiblərmi?!.. Yuxarıda qeyd etdiyim sətiraltı məqamlar məhz bunlardır. Yəni, müəllif əsrlər boyu xalqımızın xatirirində silinməz izlər buraxmış hadisələri təbiət hadisələrinin vurduğu ağrı şəklində təsvir edir. Və… şair yenə darıxır, artıq yorulmuş xatirələrin ağuşuna düşür.
Nicat Ərtürk ata dəyərini, ata böyüklüyünü, ata müqəddəsliyini də layiqincə dəyərləndirə bilən şairdir. O, “Ata” şeirində aşağıdakı misralarla bunu belə təcəssüm etdirir:
Ata! Sən gözlərimin
Nurusan, ziyasısan.
Mənim arxam, dayağım,
İlahi varlığımsan.
Şair ömrü ilin fəsillərinə bənzəyir. Bahar təravətli günləri də olur, qızmar yay günlərinə bənzər çağları da, qızıllı-xəzanlı payızı da, qarlı-şaxtalı qışı da. Çovğunu da olur, dumanlı-çiskinli yolları da, fəth ediləsi zirvələri də, təbiətin füsunkar bir guşəsində oturub yorğunluğunu çıxartdığı, yeni uğurlar üçün güc toplamağa ehtiyac duyduğu məqamlar da. Şairin nikbin ruhla coşub çuğladığı dövrlər də olur, bədbinliyə qapıldığı küskünlük anları da. Şair ömrü bu təzadların vəhdətindən yoğrulur. Gecə ilə gündüzün, acı ilə şirinin, ağ ilə qaranın vəhdəti kimi. Axı, həyat özü belədir- təzadların vəhdəti. Həmişə hamar yollarla addımlamaq şair xarakterinə yaddır. O, sevinənlə sevinir, gülənlə gülür, xiffət çəkənlə xiffət çəkir. Şair bütün vücudu ilə, şüuru, düşüncəsi, təfəkkürü ilə sevir və bunun qarşılığını görəndə yaşadığını hiss edir. Nicat Ərtük ömrü də belədir.
Qarlı qışda, çovğunda,
Yayın qızmar günündə,
Mən bir ömür yaşadım,
Həyat keşməkeşində.
Saçlarım bəyazlandı,
Zaman döndü, dolandı,
Mən bir ömür yaşadım,
Ömrüm odlara yandı.
“Mən bir ömür yaşadım” şeirindən.
Onun Vətən sevgisi də ana sevgisi kimi müqəddəsdir, möhtəşəmdir.
Ey vuran ürəyim, nəfəsim, canım,
Dünənim, bu günüm, ən son ünvanım.
Səni vəsf etdikcə cuşə gəlirəm,
Mənim qürur yerim, Azərbaycanım.
“Azərbaycanım” şeirindən.
Vətənimizin səmalarında qara buludlar tüğyan eləyəndə isə şair ürək ağrısı ilə bu misraları qəlbinin süzgəcindən keçirmişdi:
Göydən yerə dərd ələndi ,
Qəlbimizə od çiləndi,
Xalqım qüssəyə bələndi,
Başın sağ olsun, Vətən.
“Başın sağ olsun, Vətən” şeirindən.
Elə həmin şeirdə də etiraz səsini qaldırmaqdan çəkinmir:
Bu, qəza yox cinayətdir,
Bu ilk deyil, xəyanətdir,
Unudulmaz böyük dərddir,
Başın sağ olsun Vətən.
Və yaxud:
Rus,fars, bir də erməni,
Bunlar türkün düşmənləri.
Unutmarıq ötənləri,
Başın sağ olsun, Vətən.
Yenə “Başın sağ olsun, Vətən” şeirindən.
Nicat Ərtürk öz yaradıcılığında doğulub boya-başa çatdığı doğma yurdu Sədərək barədə, qədim oğuz yurdu Naxçıvan barədə də kövrək, səmimi məhəbbətlə dolu şeirlər qələmə alıb.
Qoynunda göz açdım mən bu dünyaya,
Mənim damarımda qanım Sədərək.
Dönmüsən alınmaz böyük qalaya,
Sən mənim şöhrətim, şanım Sədərək.
“Sədərək” şeirindən.
Yaxud:
Mərd igidlərin oylağı,
Düşmənlərə bir göz dağı.
Girə bilməz ora yağı,
Bu Naxçıvandır, Naxçıvan.
“Naxçıvan” şeirindən.
Nicat Ərtürkün böyük mənada Vətən sevgisini səciyyələndirən cəhətlərdən biri də onun qürbət ellərdə olarkən Vətən üçün darıxmasıdır. Bu hissləri poetik dillə misralara düzən şair “Bir xəbər verin” şeirini aşağıdakı ifadələrlə başlayır:
Gəldik, düşdük qürbət elin yoluna,
Həyat bizi yaman saldı oyuna.
Qayıdaydım, dolanaydım boynuna,
Mənə Vətənimdən bir xəbər verin.
Yaxud:
Yenə xəyallarım baş alıb gedir,
Yenə o dağların həsrətindəyəm.
Yenə darıxıram kəndimiz üçün,
Sədərək! Mən sənsiz təşnə, xəstəyəm.
Çox ölkə dolaşıb, çox yer gəzmişəm,
Bir çox ellər keçib, yurdlar görmüşəm.
Keçdiyim, gəzdiyim gözəl elləri
Kəndim Sədərəyə dəyişmərəm mən.
“Dəyişmərəm mən” şeirindən.
Nicatın məhəbbət mövzusunda qələmə aldığı şeirlər də dilinin sadəliyi, ifadələrinin səmimiliyi ilə səciyyələnir.
Sehrli dünyamın sirli nəğməsi,
Döyünən qəlbimin o gizli səsi,
Ruhumun qidası, yaşam həvəsi
Sən oldun ay gözəl, sən olacaqsan.
Göydəki ay kimi nura bənzəyən,
Axan Xan Araza, Kürə bənzəyən,
Qəlbimi sevgiylə, eşqlə bəzəyən
Sən oldun ay gözəl, sən olacaqsan.
“Sən olacaqsan” şeirindən.
Nicat Ərtürk həm də layiqli ailə başçısı, gözəl atadır. Elə bu yerdə qeyd etmək tam yerinə düşər ki, o, bacısının sevimli övladına məhz Türkan adını verib. Beləliklə, bu qısa səyahətimi buradaca başa vurmaq, nəticə olaraq aşağıdakıları söyləmək istəyirəm: O, əsl türkçüdür, turançıdır, vətəndaşdır: Türk oğlu Türk- Nicat Ərtürkdür!
Əziz həmkarım, yazıb-yaratmaq eşqi ilə coşub çağlayan fədakar dostum Nicat Ərtük! Zehnin işıqlı, yolun aydın olsun! Səbrsizliklə yeni-yeni uğurlarını gözləyirəm.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü və Aran bölgəsi üzrə təmsilçisi, “Kür-Araz” qəzetinin poeziya və nəsr bölməsinin rəhbəri, Azərbaycan Respublikasının əmək veteranı
Noyabr günü (hekayə) Səhər idi. Noyabr ayının hələ ilk günləri olsa da, payız indidən öz vəzifəsinin icrasına başlayaraq təbiəti qışa təslim etməyə hazırlaşırdı. Havada qalın duman duyulurdu. Sanki bu duman yarasa kimi qanadlarını açıb Günəşin önünü kəsirdi. Göy üzünü tutan nəhəng buludlar Günəşin qızıl saçlarını qara örpəyə bürümüşdü. Şiddətli yağış alçaq tavanlı evlərin qapı-pəncərələrindən içəri damırdı. Evdən çıxıb eşikdə dayandım. Arxadan anam məni səsləyərək qapıya çıxdı:
Qadası, çox ehtiyatlı ol, yağışdır, yaman tökür! – dedi. Anam bu sözləri elə şəfqətlə, nəvazişkarcasına söylədi ki, bir an onu bağrıma basıb bərk qucaqlamaq istədim, özümü güclə saxladım. Bizdə belə idi, anamla mənim aramda aşılmaz bir məsafə, bir sədd var idi. Ən son nə zaman anamı qucaqladığımı, atamın əllərindən öpdüyümü, düzünü desəm, heç xatırlamıram. Bu, bəlkə də, yaxşı deyildi, amma hər halda, yaxşı olmasa da, belə idi. Gülümsədim, anamın mərhəmət və narahatlıq dolu gözlərinə dərin nəzər salaraq:
Narahat olma, ana, sağ ol, – deyə bildim. Həyətdən çıxdım. Yağış, həqiqətən də, şiddətli yağırdı, daha doğrusu, yağışı elə bil göydən atlı qovurdu. Damlalar sürətlə məhəlləmizin, az qala, əsrlik daş evlərinin, orda-burda tez-tez gözə dəyən insan siluetlərinin və ən itaətkar təslimiyyətlə göy üzü səltənətinin hökmünə müntəzir, çılpaq yolların qoynuna şütüyürdü. Bu mənzərə məni riqqətə gətirir, xoşbəxtliyimi daha da artırırdı… Dünən brayl əlifbasını öyrənməyə başladığımdan bir ay ötürdü. İki yeni hərf öyrəndim. Bu hərflərdən biri dünyanın ən gözəl nəsnəsi ola bilərdi. Bu hərf həmin hərf idi ki, o hərfin köməyilə, nöqtələrin dilində onun adını ilk dəfə yaza bilirdim. O hərfi əmələ gətirən dörd nöqtə bu gün mənim üçün səadət mücəssəməsi idi. Uşaq kimi sevinirdim, üzümü göy üzünə tutub sevincimdən ağlayırdım. Sevinən tək mən deyil idim, yağış da mənim kimi sevinirdi, sevincindən ağlayırdı… göz yaşım damlalarla əl-ələ verib havada süzürdü. Kənardan görən olsa, dodaqaltı nə isə dua oxuduğumu zənn edərdi. Yanılmazdı da, əslində elə idi, ancaq mənim oxuduğum nə əfv, nə də arzu duası idi, bu, Allaha şükür duası – Ona təşəkkürnamə idi. Bir adamın adının yazılışını öyrənmək, bəlkə, o qədər böyük hadisə deyildi, hətta bəzilərinə əhəmiyyətsiz də görünə bilərdi, lakin başqalarına nə qədər əhəmiyyətsiz görünsə də, mənim üçün bir o qədər əhəmiyyətli, bir o qədər sevindirici idi. Məndə həmişə belə olub; həmişə adi bir sözə, balaca bir hadisəyə elə şövqlə sevinmişəm, xoşbəxt olmuşam ki, o anda soruşsalar, adımı belə yadırğaya bilərəm. Əvvəllər bir neçə dəfə belə sevinclərimin olduğunu indi də xatırlayıram. Bir gün dərsə gedərkən avtobusda dayanacaqları sayırdım. 13-14 yaşlarında bir oğlan yaxınlaşaraq yer göstərdi:
Əyləşin, – dedi. Mən başımı bulayıb:
Düşəcəyəm, – dedim. Bu, yalan idi. Düşəcəyim dayanacağa hələ çox var idi. Mən avtobuslarda yolum nə qədər uzaq olsa da, heç vaxt əyləşməzdim. Bunu təsadüfi olaraq deyil, məqsədli şəkildə edirdim. Əyləşərkən qarşımda yaşlı bir adamın ayaq üstə dayanmasından və mənim onu görməyib yer verməyəcəyimdən ehtiyat edirdim. Ona görə yox ki, ictimai qınağın hədəfi olacaqdım, sadəcə bunu hiss etmək mənim özümə ağır gəlirdi. İnsanlara gəlincə, mən bir şeyi dəqiq bilirdim ki, nə etsəm, nə cür davransam, yenə onları razı sala bilməyəcəyəm. Hər kəs görmək istədiyini görür, eşitmək istədiyini eşidir. İnsanın xilqəti belədir. Bir də axı üzərində heç bir əlamət, heç bir yara izi olmayan, sağlam kimi görünən dəri qatının altında illərdir, hər yerindən qan sızan yaranı kim görə bilərdi? Dostlarım həmişə mənə deyirdilər ki: “Zəif gördüyünü hiss etdirmirsən, kənardan baxanda görmə məhdudiyyətinin olduğu başa düşülmür”. Həmişə bu sözləri eşidəndə bilmirdim, buna sevinimmi, üzülümmü… Avtobusda mənə əyləşməyə yer göstərən oğlan etiraz etdiyimi görcək keçib özü əyləşdi. Onu qınamaq olmazdı, yaxşılıq etmək istəmişdi, amma özü də bilmədən pislik etmişdi; mən dayanacaqların sayını itirmişdim. Ən son ağlımda tutduğum rəqəmi – dörd, beş, altı, ya da… xatırlaya bilmirdim. Düşməli olduğum dayanacaq isə on dördüncü dayanacaq idi. Ümidsizcə pəncərədən çölə baxdım. Tanış bir əlamət, bir işarə axtarırdım. Hər həftə bu yolu gedərkən avtobus eyni küçələrdən, eyni binaların, dükanların yanından keçirdi, ancaq maraqlı idi ki, hər həftə bu yolları elə bil ilk dəfə görürdüm. Rəqəmləri ağlımdan keçirdim: dörd, beş, altı… “əslində bunların bir əhəmiyyəti yoxdur, ” – düşündüm, onsuz hər həftə on dördüncü dayanacağa qədər sayaraq çatdığım halda, fikirli olub sayı səhv saldığımdanmı, yoxsa avtobusun arada hansısa dayanacaqda saxlamadığındanmı, bilmirəm, həmişə avtobusdan ya bir dayanacaq geri, ya da bir dayanacaq irəlidə düşürdüm. Sonra ordan kollecə piyada getməli olurdum, bu da ən az yarım saatımı alırdı. Bu gün isə o yarım saat bir saata kimi uzana bilərdi. Qar gecədən yağır, dayanmırdı. Günəş də olmadığından yolların buzu əriməmişdi. Rəqəmləri təkrar ağlımdan keçirdim: dörd, beş, altı… “bu gün bu rəqəmlərin bir saat qədər, həmin bir saatda qaçıra biləcəyin dərs qədər və həmin dərsdən alacağın qayıb qədər əhəmiyyəti var!” – özümə dedim. “Dörd…” – düşündüm. Niyəsə bu rəqəm mənə uzaq gəldi, sanki dördüncü dayanacaq geridə qalıb, onu keçmişəm, hiss elədim. “Altı…” – düşündüm. Bu rəqəm isə mənə bir az yad gəldi, sanki hələ olmamışdı, saymamışdım, altıncı dayanacaq qarşıda olmalı idi. Sonra “beş… – düşündüm, – beş, hə, bu ola bilər. Ola bilər ki, oğlan yaxınlaşanda mənim saymadığım dayanacaq elə beşinci dayanacaq imiş”. Növbəti dayanacağı gözləyib altıncı dayanacaqdan saymağa başladım. Nəhayət, on dördüncü dayanacağa çatanda çıxış qapısına yanaşdım, avtobusdan düşdüm. Gördüyüm mənzərə qarşısında donub-qaldım. Səhv eləməmişdim, doğru dayanacaqda düşmüşdüm. Bu on dördüncü dayanacaq mənim düşməli olduğum həmin on dördüncü dayanacaq idi. Hər dəfə sayı itirib ya ondan əvvəl, ya da ondan sonra düşdüyüm həmin on dördüncü dayanacaq… “İlahi, bu ki həmin o dayanacaqdır! mənə lazım olan, düşməli olduğum, kollecin yanındakı… hə, özüdür ki var!” – öz-özümə dedim. Onda da uşaq kimi sevinmişdim, gözlərimi göyə dikərək sevincimdən ağlamışdım. Sağımdan, solumdan adamlar keçir, mənə maraqla baxırdılar. Bəlkə, bəzilərinin yazığı da gəlirdi, yəqin düşünürdülər, yolumu itirmişəm, azmışam, ona görə ağlayıram. Mən isə yolu düz gəldiyimə, azmadığıma ağlayırdım… Bir dəfə də yadıma gəlir, hələ on birinci sinifdə oxuyurdum. Qış idi. Hər gün dərsdən çıxanda qaranlığa düşürdüm. Adətən, gündüz getdiyim yolları əzbər bildiyimdən axşam qayıdanda o qədər də çətinlik çəkmirdim, buna baxmayaraq, mənim bütün narahatlığım, həyəcanım evimizə çatmağa iki-üç küçə qalmış başlayırdı. Bu küçələrdə, ümumiyyətlə, işıq yox idi ki, bu da adi hal idi, o vaxtlar Bakıda gecələr tək-tük işıqlı küçəyə rast gəlmək olardı. Belə qaranlıq axşamlardan biri idi. Fikirli idim. Qaranlıq küçələrdən keçəndə həmişə addımlarımı yeyinlədər, yubanmazdım, amma bu gün, deyəsən, özüm də fərqində olmadan ağlımdakı fikirlər addımlarımı yavaşıtmışdı. Təxminən yarım saat sonra qəflətən fikirdən ayıldım. Mənə elə gəldi ki, çox irəli gedib evimizi keçmişəm, çünki metrodan evimizə qədər on beş dəqiqəlik yol idi. On beş dəqiqə sonra isə qonşuluqda yaşayan qocanın qapısındakı işığı görməli idim, bu, evimizə çatdığıma işarə idi. Dayandım, fikirli olduğumdan qonşu evin işığının diqqətimdən yayındığını düşünərək geri qayıtmaq istədim, arxaya döndüm, ancaq sanki içimdə hansısa qüvvə mənə yanlış yolda olduğumu təlqin edirdi. Çox keçmədi, həmin qüvvənin təsiri ilə əvvəlki yoluma – qarşıya döndüm. Bu vaxt: “bəlkə, heç hələ evimizə çatmamışam, qonşunun evi hələ qarşıdadır, bəlkə, fikirli olduğum üçün yol mənə uzun görünür…” – düşüncəsi iradəmə üstün gəldi. İki-üç addım irəli getdim və yenə özümü bayaqkı qüvvənin hökmü altında hiss edərək dayanmalı oldum. “Yaxşısı budur, gözləyim,” – düşündüm. Kimi? Nəyi? Yoldan keçəcək olan hər hansı maşının küçəni işıqlandırmasını… Gözlədim, vaxt keçdi, bir azdan uzaqdan boğuq bir uğultu eşidildi. Yenə səhv eləməmişdim, gələn maşın idi. Səs yaxınlaşdıqca yola səpələnən xırda işıq şuaları küçəni hissə-hissə aydınladırdı. Maşın mənim dayandığım yerə yaxınlaşanda ətraf gözlərimdə işığa qərq oldu. Vaxt itirmədən hər tərəfə göz gəzdirdim. Maşının getdiyi istiqaməti, sol tərəfi, sağ tərəfi mümkün qədər tez surətdə əzbərləməyə çalışdım. Sağ tərəfi nəzərdən keçirəndə gözlərimə dolan parıltıdan üzümün yandığını hiss elədim. Bu parıltı maşın işığının zəif şöləsində işıldayan həyət qapımızın dəmir dəstəyi idi… Heç demə, bayaqdan evimizin qarşısında dayanmışammış, qonşunun işığı isə bu axşam yanmırmış. Onda da indiki kimi məni ağlamaq tutmuşdu, sevincimdən ağlayırdım. Evə çatana qədər sakitləşməyə çalışdımsa da, olmadı. Anam qapını açar-açmaz ağladığımı başa düşdü. İçəri girdim. Anam xəbər aldı:
Nə olub? Ağlamısan?
Heç nə, – deyib otağıma qaçdım. Otağımın qapısından yapışcaq anamın mənə doğru gəldiyini gördüm:
Düzünü de! Nə olub?! Bu nə haldır?! – anam həyəcanla soruşdu. Yəqin elədim ki, vəziyyətdən çıxa bilməyəcəyəm. Üzümü anama tutub:
Bu gün sinifdə Azərbaycan dili dərsindən ən yüksək qiyməti mən almışam, ona görə sevincdən ağlayıram, – dedim və daha səsimi boğmadan hönkürtü ilə ağlamağa başladım. Anam da mənə qoşuldu, ikimiz də ağladıq… İkimizi də ağladan eyni duyğu idi – sevinc duyğusu. Mən yoldan keçən maşının qapımızı işıqlandırdığına, anam isə mənim ən yüksək qiymət aldığıma sevinirdi. Yoldan keçən maşının qapımızı işıqlandırması doğru olsa da, mənim o gün ən yüksək qiymət almağım xalis yalan idi. Həmin gün, bəlkə, on bir illik məktəb həyatımda ilk və son dəfə idi ki, Azərbaycan dili dərsindən ən aşağı qiymət almışdım. Bunu anama deyə bilərdimmi? Əlbəttə, deyə bilməzdim. Metroya çatmağıma on addım qalmış yağış daha da şiddətlənmişdi. Mən də hamı kimi paltomun papağını başıma keçirdim, boğazını möhkəm bağladım, əllərimi cibimə qoyub bədənimə qısdım. Gözlüyümün şüşələri əməllicə islanmışdı. Digər yağışlı günlərdə olduğu kimi bu gün də evdən çıxanda əl yaylığımı götürməyi unutmuşdum. Havadakı qalın duman daha da qatılaşmışdı. Ətraf gözlərimdə get-gedə tutqunlaşır, yeriməyim çətinləşirdi. Göz-gözü görmürdü. Dayanmalı oldum, hesablamama görə burada – metroya çatmağa on addım qalmış aşağı düşən üç pilləkən olmalı idi. Yeri yoxladım, pilləkənin başladığını hiss etmədim. Tərəddüd içində bir addım atdım, yeri yoxladım, yenə pilləkən yox idi. Daha bir addım atdım. Elə bu anda arxadan həyəcanlı bir səs: “Hə, indi düşün, pilləkəndir!” – dedi. Bu səs təşviş dolu idi. Sanki adam cümləsini bir an olsun, gec bitirməkdən ehtiyat edirmiş kimi sözləri bir-birinə bitişik şəkildə tələffüz etmişdi. Mən isə fikirdən beynim donmuş halda idim. Səsi eşidirdim, lakin sözlərin mənasını dərk etmirdim. Bu zaman daha bir addım atmaq istəyirdim ki, arxadan gələn səs bir az yaxınlaşaraq daha yüksək həyəcanla: “Düşün! Düşün! Pilləkən var!” – dedi. Sövqi-təbii ilə üç pilləkən aşağı düşərkən qulaqlarımda ildırım çaxdığını hiss elədim. Bu səs nə qədər tanış, nə qədər yaxın, nə qədər mehriban idi. O idi… o idi… onun özü idi. Adını yazmağı öyrəndiyim o həmin adam idi. Yenə özünü yetirmişdi. Orda idi – arxada… hələ getməmişdi, baxırdı, baxışlarının hənirtisi çiyinlərimə toxunurdu. Elə bil yolu düz getdiyimdən əmin olmaq, baxışları ilə məni metroyacan ötürmək istəyirdi. Yenə həmin səs eşidildi: “Indi düz gedin! Pilləkən yoxdur!” Bu, üçüncü səsləniş idi. Maraqlı idi, görəsən, adam bu leysanda, bu qiyamətdə məni tanımışdımı? Mən evdən çıxandan iki-üç dəqiqə xaric yol boyu başımı aşağı dikərək gedirdim. Yağış yağsa da, yağmasa da, adətim belə idi, başımı dik tutaraq yeriməyi sevməzdim. Görəsən, üzümü görmüşdümü? kim olduğumu bilmişdimi? Ehtimal ki, bəli, tanımışdı, bilmişdi. Odur ki, yaxınlaşmadan, aralı dayanaraq səsini yüksəltməklə kifayətlənmişdi. O hər zaman belə edirdi. Axı nəyə görə?! Səbəbini anlaya bilmirdim. Hərçənd, nə vaxtsa onunla yanaşı dayanmağı, çiyinlərimi çiyinlərinin bərabərində görməyi həmişə elə arzulamışam ki… Sürətli addımlarla irəliləyərək metronun giriş qapısında toplaşan insan kütləsinə qarışdım, camaatı yara-yara içəri yüyürdüm. Bəd niyyətli olmasa da, kiminsə nəzərləri altında yerimək məni narahat edirdi. Özümü ağır xəstə kimi hiss edir, artıq düz yolumu sərbəst gedə bilmədiyimi düşünərək qəhərlənirdim. Kütləyə qarışdığım andan etibarən həmin adamın izimi itirdiyinə əmin ola bilərdim. İndi dəqiq bilirdim, məni heç kim izləmir. Azad nəfəs aldım. Elə başa düşülməsin ki, kiminsə kömək etməsi ilə mən özümü alçalmış, çarəsiz yaxud tənha hesab edirdim və buna görə əzab çəkirdim. Əlbəttə, belə deyildi. Kiminsə mənə kömək etməsi nə mənim alçalmağım, nə çarəsiz olmağım, nə də tənha qalmağım demək idi. Bu sadəcə ağrı idi ağrı… Əziz oxucu, sən bəlkə də, bu ağrını hiss etməmisən, görməmisən, bilməmisən, bəlkə də, heç vaxt bilməyəcəksən, bilməyini arzulamıram da! Amma bu ağrı elə ağrı idi ki, onun əzəməti özlüyündə ürək parçalayan bir dəhşət idi. O yağışlı noyabr günü bu gün də yadıma düşəndə hər dəfə özümə sual verirəm: “Görəsən, o adam, həqiqətən, o idimi? Əgər o idisə, məni tanımışdımı? bilmişdimi?” – susuram. Bir neçə dəqiqəlik sükutdan sonra içimdən qəti bir səs: “Bəli,” – cavabını verir. Bu yerdə keçmişdə baş vermiş, həmin adamla bağlı tutqun xatirəyə işıq salmağımız yerinə düşərdi. Yenə on birinci sinifdə oxuyanda, yenə qış axşamlarından birində və yenə Bakının zülmət küçələrilə yol gedirdim. Əksər vaxtlar – kefsiz və ya fikirli olmadığım axşamlar məktəbdən qayıdanda evə çatana kimi sabahkı dərsləri öz-özümə danışır, təkrarlayırdım. Həmin axşam da belə axşamlardan biri idi. Metrodan aralandığım on beş dəqiqəni keçəndə addımlarımı yavaşıtdım. Bu, evimizə yaxınlaşmağımın birinci əlaməti idi. Ikinci əlamət qapısı bizim həyət qapımızla yanaşı olan qonşunun axşamlar evinin kandarında yandırdığı zəif işıq idi. Bu gün də o işıq yanmırdı. Yəqin qoca ya işığa qənaət edirdi, ya da evdə yox idi. Əslinə qalırsa, qocanın evdə olmaması daha ağlabatan fikir idi. Adətən, işığı yandırdığı axşamlarda özünün də evinin qapısı ağzında oturub qəzet oxuduğunu, ya radio dinlədiyini görərdin. İndi yeganə ümidim üçüncü əlamətə qalmışdı. Üçüncü əlamətə gəlincə, bu əlamət sağ tərəfdəki divarı əlimlə yoxlayaraq üç-dörd addım irəli getdikdən sonra hamar səth üzərində həyət qapımızın dəmir dəstəyini tapmaqdan ibarət idi. Sağ əlimi yenicə qaldırıb divarı yoxlamağa başlayanda sol qolumun dirsəkdən yuxarı sarsıldığını hiss elədim. Bir əl qolumdan tutaraq irəli getməyimə mane oldu. İki addım geri çəkildim və geri çəkildikcə qolumdakı əlin tədricən yumşaldığını, məni buraxdığını hiss elədim. Bəlkə, qolumda o sarsıntını duyduğum anda qorxudan dəli qıvraqlığı ilə geri atılar, hara getdiyimi özüm də bilmədən nəfəsim tükənənə qədər qaça bilərdim, amma qaçmadım, çünki yenə o səsi eşitmişdim, yenə eyni həyəcanla: “Dayanın!” – demişdi. Bu səsin sahibindən mənə zərər gələ bilməzdi. Bu səsdə ağrı, yoğun təngənəfəslik, yenə gecikmək qorxusu ilə tələsməkdən doğan mübhəm bir təşviş duyğusu aydın başa düşülürdü. Dəqiqələr keçdi. Uzaqdan maşın səsi eşidildi. Maşın yaxınlaşdıqca ətrafa yayılan solğun işıq küçənin sağ tərəfində, divar dibindəki boşluğu işıqlandırırdı. Nəzərlərimi ora çevirdim və iki əlimlə başımı tutaraq dəhşət içərisində yerə baxdım. Hər gün evimizə çatmağa az qalmış sağ divarın dibi ilə getdiyim yolda bu gün yeri qazmışdılar. Gündüz məktəbə gedəndə burdan keçmişdim, heç bir dəyişiklik yox idi, görünür, hansısa tikinti işi ilə əlaqədar olaraq yerin qazılması mənim məktəbdə olduğum vaxta təsadüf etmişdi. Maşın bizdən xeyli uzaqlaşıb tini burulanda yenə qaranlıq küçəyə hakim kəsildi. Zəif baxışlarımla zülmətin bədheybət abidəsini yıxmaq, məhv eləmək istəyirdim. Gözlərimi dərin iztirabla qaranlığa zillədim. Adam orda idi – qarşıda, qaranlığın içində… amma susurdu, qaranlıq kimi susurdu… axı nəyə görə?! Onda da susmağının səbəbini anlaya bilməmişdim. Bəlkə, danışarsa, onu səsindən tanıya biləcəyimi düşünürdü, ona görə susurdu… qaranlıqda görmədiyimi bilirdi, bunu necə öyrəndiyini, kimdən soruşduğunu, hardan eşitdiyini kəsdirə bilməsəm də, hər halda, bilirdi və bu gedişlə onu görərək tanımağımın qeyri-mümkün olduğunu əvvəlcədən hesaba almışdı. Maraqlıdır, gözlər görməsə də, ruhun öz sevdiyini ruhundan, adicə hənirindən, toxunuşundan, bir kəlmə də olsa, o bir kəlmə sözündən, o sözə can verən, bir kəlməlik dirilik səsindən tanıdığını o anlamırdımı? bunu anlamaq çətin idimi? Heyhat… Mən ki onu bağışlamışdım. Mən onu öyrəndiyim, adını hecalara bölüb əzbərlədiyim, üz cizgilərinin şəklini xatirimdə naxış-naxış işlədiyim gün bütün olacaqlara görə bağışlamışdım. Bütün uzaqlıqlara, bütün ayrılıqlara görə mən ki onu bağışlamışdım… O axşam üz-üzə dayandığımız on dəqiqəyə yaxın vaxt mənə bir əsr qədər uzun gəlmişdi. Sonra önündən keçərək evimizə doğru addımlamışdım. Əlimi divarda gəzdirib, həyət qapımızı və dəmir dəstəyini tapıb ondan yapışanda qonşu həyət qapısının da açılma səsini eşitmişdim. Bu o idi. Şübhəsiz, mənim evimizə doğru addımladığımı görüb o da səssiz, sözsüz evlərinə gedirdi. Mən içəri keçib qapını örtəndə bayırdan qonşu həyət qapısının da örtülmə səsini eşitmişdim. Bu gün kollecimizdə Zəfər Gününün ildönümünə həsr edilmiş tədbir təşkil olunacaqdı. Gecikməməli idim. Akt zalının girişində yoldaşlarımla qarşılaşdım. Salamlaşıb görüşdük, saatı xəbər aldım, on iki tamam idi. Vaxtında çatmışdım, ancaq mənə dedilər ki, mövcud hava şəraiti ilə əlaqədar bəzi qonaqların gecikə biləcəyini nəzərə alaraq tədbirin başlanması yarım saata qədər yubadıla bilər. Gözəl tədbir olacaqdı, buna şübhəm yox idi; müəllimlərin Zəfər tariximiz barədə bir-birindən maraqlı məruzələri, ard-arda maarifləndirici çıxışlar, 44 günlük Vətən Müharibəsi şəhidlərinin əbədi xatirəsini təcəssüm etdirən videoçarxlar, vətənpərvər ruhlu şeirlər, nəhayət, sonda kollecimizin musiqi şöbəsinin müəllim və tələbə heyətinin birgə təşkilatçılığı ilə reallaşacaq konsert proqramı. Bugünkü tədbirdə mənim parta yoldaşım Nailənin də çıxışı var idi. Buna xüsusilə sevinirdim, səbirsizliklə onun çıxışını gözləyirdim. Onu düşünəndə mənə elə gəlirdi, tədbir başlamayacaq. Vaxt keçmək bilmirdi. Nailənin şeir söyləmək istedadına yeni bələd olmuşdum. O, vətənpərvər ruhlu şeirləri əlahiddə bir ahənglə söyləyirdi. Mən onun səsindəki ən çox zil nöqtələri sevirdim. O zil nöqtələri ki, bir azdan bütün zalı inlədəcəkdi. O zil nöqtələri ki, bir dərdlinin fəryadını andıran yanıqlı nalə idi, adamın illərdən bəri ürəyində özünün belə toxunmağa qıymadığı yaralara birbaşa təmas edirdi… Tədbirdən bir gün əvvəl idi. İkinci dərs bitmiş, uzun tənəffüs başlamışdı. Sinif boş idi. Nailə də digər yoldaşlarla çıxmışdı. Mən nadir hallarda tənəffüs vaxtı sinifdən çıxardım. Bu da çox vaxt hansısa sənəd işimlə bağlı olardı. Yoldaşlarımla qaynayıb-qarışmazdım. Bunun səbəbi o deyil idi ki, onlar mənə qarşı yanlış etmişdilər, özləri bilmədən bəzi mülahizələrində yanılmışdılar… buna görə onları mühakimə edə bilməzdim, əksinə anlamağa çalışırdım, bəzən haqq da verirdim. Susurdum, doğrudur, susduqca ağrı içimdə böyüyürdü, ancaq yenə də, yenə də mən yoldaşlarımı sevirdim… Onlara qarışmamağımın əsas səbəbi hər kəslə məsafəli olmağı, insanları uzaqdan sevməyi xoşlamağım idi. Müəyyən toplum içərisində çox qalanda, hamı ilə eyni vaxtda gülüb-danışanda ürəyim dəhşətli dərəcədə sıxılırdı. Bir müddət sonra isə bu sıxıntı ürəyimdə fiziki ağrıya çevrilirdi. Ehtimal ki, elə bununla əlaqədar idi, heç vaxt yoldaşlarıma qoşulub onlarla gülə-gülə, danışa-danışa bufetə belə düşdüyüm olmamışdı. Yeməyi həmişə evdən özümlə aparırdım – şirin kökə, lavaş arası pendir… Mənə elə gəlirdi ki, ev yeməkləri hər zaman hər yerdə, xüsusilə, evdən qeyri yerlərdə daha ləzzətli olur. Hələ bəzi uzun tənəffüslərdə bir neçə qızın toplaşıb kollecin yaxınlığındakı mağazaya getdiklərini, ordan əli dolu zənbillə qayıtdıqlarını görəndə gülüşümü gizlədə bilmirdim. Onlar da mənə baxıb gülürdülər. Bu gülüşlər sadə idi, qərəzsiz idi. Tədbirdən əvvəlki həmin günə qayıdaq… o gün yeməyə heç nə gətirməmişdim. Sinifdə gəzişməyə başladım. Bu vaxt Nailə əlində vərəq içəri girərək vərəqi şadyanalıqla əlində yellədi.
Hə, necə gedir? – mən soruşdum.
Əla, tam hazıram! – dedi.
Afərin, – deyə gülümsədim.
Bircə o müəllimdən nigaranam, – Nailə sinif qapısından çölə göz gəzdirərək heç kimin gəlmədiyinə əmin olub əlavə elədi, – o hər tədbirdə birinci sırada, tribunanın qarşısındakı oturacaqda əyləşən müəllim vare, onu deyirəm. Ondan heç gözüm su içmir…
Hə, tanıdım. Ondan? Niyə?
Həmişə tədbirlərdə mən şeir deyəndə düz gözlərimin içinə baxır. Özü də baxışları elə kəskindir, adamın ürəyinə lap titrəmə salır. Sanki baxışı ilə demək istəyir ki: “bax ha, özünü gözlə, birdən şeirdə nə isə səhvə yol verərsən!!”
Elə bu? Budur səni narahat eləyən? – zarafatla qoluna vuraraq güldüm.
Hə. Bu bəyəm elə-belə şeydir?! Yadında, keçən il bir tədbirdə dediyim şeirin bəndlərinin yerini səhv salmışdım, bax onda da o müəllimin üzümə zillənən baxışlarının əsarətində idim. Qorxuram, sabah da belə ola! O qədər müəllimlərin, qonaqların qarşısında… – cümləsini tamamlamadı, gözləri yaşarmışdı.
Bax, Nailə, – əlini tutub sözə başladım, – keçən ilki tədbirdə şeirin bəndlərinin yerini səhv salmağın məncə elə böyük qəbahət deyildi. Əsas odur, müəllifin fikirləri təhrif olunmamışdı.
Yenə də. Müəllifin fikirləri ardıcıl söylənməlidir, mən bu ardıcıllığı pozmuşdum.
Ola bilər, amma, fikrimcə, şeirin bəndlərinin yerini səhv saldığına heyifsilənməkdənsə, həyəcandan müəllifin fikrinə və ya öz qiraətinə xələl gətirmədiyin üçün sevinə bilərsən. Bundan başqa, sən şeir deyən vaxt müəllim sənin gözlərinin içinə baxanda sən də müəllimin gözlərinin içinə baxma, nəzərlərini başqa səmtə çevir. Digər müəllimlərə, qonaqlara, tələbələrə, zalın döşəməsinə, nə bilim, bir sözlə, başqa tərəfə bax…
Olmur axı, hara baxsam, axırda yenə baxışlarım müəlliminkilə toqquşur.
Onda, – zehnimdə işıq parıldadı, – gözlərini yum, – dedim.
Aa, doğrudan da! Bu lap əntiqə fikirdir! Niyə indiyə kimi mənim ağlıma gəlməyib?! – məni qucaqladı, başını çiynimə dayayaraq: – sağ ol, bacı, – dedi.
Hər şeyin çarəsi var, – mən dedim, – bircə…
Bircə?!
Hə… heç, heç… Dünyada elə ağrılar var idi ki, onların çarəsi mövcud deyildi. O ağrılar yaradılanda onlara çarə yaradılmamışdır. Yaradıla bilməzdi. Təbiətin qanunu belə idi. İndi Nailənin dərd elədiyi şey onların yanında nə idi ki? Balaca bir nöqtə, bir zərrəcik, ya da ümumiyyətlə, heç bir şey. Elə dərdlər var idi ki, səhər Günəşinin zərrin şəfəqləri altında dünyanın hər küncünü qarış-qarış axtarsan, o dərdlərin çarəsini tapa bilməzdin. Daha bunları Nailəyə deyib qanını qaraltmağın yeri yox idi. Mövzunu dəyişməklə həm öz kədərimi, həm də Nailənin təəccübünü dağıtmağa çalışaraq:
Bəs mən? Mən şeir dediyim tədbirlərdə necə? Müəllim mənə də elə baxır? – maraqla soruşdum. Burda kiçik bir təfsilata ehtiyac var. Mən kollecimizdə keçirilən tədbirlər içərisində yalnız müəyyən bir şairin həyatı və yaradıcılığına həsr olunmuş bədii gecələrdə çıxış edərdim.
Hə! Bəs necə! Özü də sənə daha diqqətlə, daha iti nəzərlə baxır. Sən şeir deyəndə təkcə o müəllimin yox, zalda əyləşən bütün müəllimlərin baxışları sənə zillənir. Bir də müəllimlərin sənə baxışında qəribə bir ifadə olur; qürur dolu, sevgi qarışıq, bir az da kövrək ifadə… Nailə sözünü qurtarana kimi məni elə həyəcan bürüdü ki, elə bil sabahkı tədbirdə Nailə yox, mən şeir deyəcəkdim. Dərin minnətdarlıqla:
İlahi, nə yaxşı ki, görmürəm!! – dedim.
Aman Allah, bir də görmədiyinə sevinirsən, – Nailənin təəccübdən böyümüş gözlərində nisgilli ifadə vardı.
Hə, sevinirəm, necə məgər?! – uşaq sadəlövhlüyü ilə dedim.
Heç… – ah çəkərək susdu. Mən də susdum. Doğrudan da, o gün ilk dəfə idi ki, uzağı görmədiyimə sevinirdim. Tədbirlərdə şeir deyərkən gözlərimə zillənən gözləri, şeirin sonunda havaya yüksəlib zalın hər yerinə alqış yağdıran əlləri görmədiyimə sevinirdim. Öz-özümə deyirdim: “yaxşı ki, görməmişəm, indiyəcən bilməmişəm”. Mən görməsəm də, tədbirlərdə şeiri bitirər-bitirməz həmişə gözlərimi yumar, baş əyib təşəkkür edərkən bütün baxışları gözlərimdə, yüksələn əllərin hər birini öz əllərimdə hiss elərdim, duyardım, onda da uşaq kimi sevinərdım… Birdən Nailənin mızıldanaraq nə isə oxuduğunu eşitdim. Sabahkı şeirini təkrarlayırdı. Nailə yoldaşlarım içərisində mənə ən yaxın, ən sevimli olanı idi. “O məni bilir, o məni anlayır, ” – belə düşünürdüm. Tənəffüslərdə ya da dərs qurtardıqdan sonra sinifdə ikimiz qaldığımız vaxtlar mühazirələri mənə aramla oxuduğu və mənim də həmin mövzuları onun səsində dinləyib öyrəndiyim az olmamışdı. Hətta dəfələrlə olmuşdu ki, mən bir müəllimdən nə isə soruşanda və ya dəqiqləşdirəndə müəllim başı ilə təsdiq cavabı vermişdi. Mən isə onu görmədiyimdən sualımı təkrarlamışdım. Belə vəziyyətlərdə Nailə əlimdən tutaraq pıçıltılı səslə: “Müəllim cavab verdi, bacı, doğru bilirsən, sənin dediyini başı ilə təsdiqlədi,” – deyərdi. O mənim görən, oxuyan gözüm idi. O mənim canlı səsli dərsliyim idi. Elə bir dərslik ki, bütün fənlərimizin ön sözündən mündəricatına kimi hər səhifəsi bir-bir orda toplanmışdı. O həmişə deyərdi: “Elə istəyirəm, bizə gələsən, gecəni yatmayaq… səhərəcən bütün dərsləri sənə oxuyum, oxuyum… hamısını mənim səsimdən öyrənəsən… vallah oxumaqdan yorulmaram da!” O “vallah oxumaqdan yorulmaram da!” Ifadəsini elə amiranə tərzdə söyləyirdi ki, bir an ondakı balaca ürəyin böyüklüyünə, sərhədsiz oxumaq eşqinə şiddətli heyranlıqla baxırdım. Bəzən də zarafatla deyərdi: “Bir gün sənə oxuduğum dərsləri unutsan, mənim səsimi heç vaxt unutma”. Mən də gülərək deyərdim: “Yaxşı, unutmaram”. Bir dəfə ilin son seminarlarından biri idi. Müəllimimiz semestrin əvvəlində keçdiyimiz mövzulardan suallar verir, yaddaşımızı yoxlayırdı. Müəllimin verdiyi qısa, qarışıq suallara mənim geniş, əsaslı və aydın izahlarım, deyəsən, müəllimi təəccübləndirmişdi. Bu vaxt Nailənin şən səsi eşidildi: “Müəllim, təəccüblənirsiniz?! Nahaq yerə! – sonra dirsəyi ilə qolumu dümsükləyərək, – o, danışan arxivdir, ” – dedi. Nailənin bu sözünə qızlar astadan gülüşdülər. Yadımdadır, o gün müəllim də ciddiyyətini pozmadan gülümsəmişdi. Biz Nailə ilə belə idik. Heç kim, heç bir şey aramıza girə bilməzdi. Nə zaman məyus olsam, səsi yel kimi qulaqlarımda əsər, fikirlərimi sağa, sola dağıdardı. Onun yanında kədərli olmaq mümkün deyildi, hökmən bir səbəb tapmalı, nəsə danışıb üzümü güldürməli idi. Onu görəndə ağrılarımı unudardım, amma… İnsanın yaxşılıq etməsi, ətrafına xeyirxahlıq saçması təqdirəlayiq xüsusiyyət olsa da, bu axı ona həmin insanlara qarşı istənilən yanlışa yol verə bilmək hüququ qazandırmamalı idi. Elə yanlışlar var ki, insan gərək onları etməsin. O yanlışları etmək yanmaq deməkdir – sənə olan etibarın, güvənin, etimadın yanması… bu elə bir yanmaqdır ki, ondan qalan külləri toplamaq olmur. Lap insan belə bir yanlış etsə də, gərək yeri gələndə etdiyini danmaya. Bu axı ümumiyyətlə, yoldaşlıqda sədaqət anlayışına ziddir. Bir həqiqəti inkar edə bilmərəm ki, Nailənin yanlışı olsa da, vəfasız deyildi, bununla belə o da məndəki ağrını görmədi, hiss eləmədi, bilmədi. Necə bilə bilərdi, axı o mənim ağrımı yaşamamışdı… mən də yaşamasını istəməmişdim. Əslində məsələ sadə idi; mən ona bu ağrını yaşamağı arzulamadım, o da yaşamadı. Yaşamadığı üçün də məni bilmədi. Belə yaxşı idi, eybi yox, qoy ağrımı yaşamasın, məni bilməsin. Mən axı öz dərdimi sevirdim, insan da özünə sevimli olanın başqasına verilməsinə razı olardımı?!