Etiket arxivi: Dürdanə İsmayılova

D.Mirzə – “Bu həyat mənimdir”

ANA ÖMRÜ
“Bu həyat mənimdir” – deyirdim əvvəl,
Amma görürəm ki, ömrün yarısın
Yaşadım həyatı övladlarımçün.
Bilmirəm, nə qaldı ömür yolumdan,
Razıyam, yaşayım mən onlar üçün.

“Bu həyat bizimdir” – deyirəm indi,
Onların gülüşü bəsimdir mənim.
Özümü onlarda tapdığım gündən,
Hər sevinc, hər uğur fəxrimdir mənim.

Nə qaldı ömürdən, bilmirəm, amma
Onların yolunda şam tək yanaram.
Mən öz həyatımı onlarda görüb,
Dünyanın xoşbəxti tək oyanaram.

BİZİM QONŞULAR

Zamanın çarxını elə quraq ki,
Ağ saçım qaralsın, qırışım itsin.
Uşaqlıq illəri yenə qayıtsın,
Həyətdə uşaqlar oyun bitirsin.

Atamız yenə də işindən gəlsin,
Anamız bizlərə yemək bişirsin.
Köhnə məhəlləmiz yenə canlansın,
Dizimiz qanasın, ürəyimiz yox…

Voleybol toruyla bölünsün meydan,
Tennis masasında qızışsın oyun.
Hər kəs bir-birinə eləsin hörmət,
Süfrədə bir olsun bolluca nemət.

Novruzun şip-şirin sovqatı gəlsin,
Papaqlar yığılsın masa üstünə.
Samovar qaynasın,tonqal qalansın,
Hamının evinə sevinc yayılsın.

İndi paylanmışıq biz hər tərəfə,
Şəhərin içində itmişik bir az.
Dönmək istəyirik eyni hədəfə,
O köhnə qonşuluq bizə bəs edər…

Gəlin görüşək ki, zaman dayansın,
Mehriban qonşular yenə yığışsın.
Yenidən uşaqlıq ruhu oyansın,
Qonşuluq ölməsin,heç vaxt itməsin.

HƏYATIN SƏDASI
Həyat bir dənizdir, durmadan axır,
Bəzən alovlanıb şimşək tək çaxır.
İnsan qocaldıqca illəri alır,
Görür ki, bir ömur xatirə qalır.

Əvvəl uşaq olur, sonra qocalır,
Həyatın içində xəyala dalır.
Sanki bir yuxudan yaddaşda qalır,
Zaman saatını kim saxlar görən?

Varlık bir nöqtədir, zaman bir xəyal,
Hər keçən saniyə cavabsız qalır.
Cismin bu axında gəzib dolaşır,
Bəlkə sonsuzluqda cavabın tapır.

Demək istəyirəm qəlbdən keçəni,
Gəl sağkən isidək soyuq ürəyi,
Gözəl yaşamaqdır bəxtin töhfəsi.
Gecikmiş hörmətin faydası yoxdur,
Sağ ikən duyulsun sevginin səsi.

XOŞBƏXTLİK MASKASI

Bir qadın tanıyıram.
Tanımaq istəyərsən?
Hamıyla şən danışıb,
Gözünün hər damlasın
Gizlədib danışanın
Həyat hekayəsinə qulaq asa bilərsən?
“Xoşbəxtlik” maskasını taxib qəmli üzünə,
Gülüşləri sədd çəkib qəlbini göy üzünə.
Kimsə bilmədi evdə sükut necə bağırır,
Allaha sığınaraq, necə onu çağırır .
Oğul payı yox deyə, qınadılar hər sabah,
Sanki “qız anasıdır” – ən böyük ağır günah.
Atası kasıb deyə, əzdilər qürurunu,
Zülmün içində boğub, söndürdülər nurunu.
Həyat yoldaşı yoxdu, yolları “duman” idi,
Amma evdəki duman daha çox aman idi.
Qızının tellərinə ağ duvaq istədilər,
Məktəbliykən ömründən qoy kəsilsin dedilər.
Bax, o gün fırtınanın mərkəzində durdu o,
Zülmün qala divarın təkbaşına vurdu o.
Onun əllərindəydi iki qızın taleyi,
Böyük ümidlərlə o, tərk etdi zülm evini.
İndi böhtanlar yağır, “ana” tək qaldı deyə,
Vicdanın qapısını döymür heç kim, nə deyə?
O isə susur yenə, susqunluğu dağ boyda,
Qızları çiçək açıb bu yad, başqa “sarayda”.
O qadın bir dənizdir, sahili sükut olan,
Dalğası fəryad dolu, dərini sükut olan…

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

D.Mirzə – Xoşbəxt ola bilərsən

Əsərin adı: “Qızıl naxışlı harmoniya” İl: 2025

Xoşbəxt ola bilərsən
Xoşbəxtliyin nə olduğun bilirsən?
Rənginin gözəlliyin, ruhunu hiss edirsən?
Hər açılan səhərdə bir məna, bir hikmət var,
Bu rəngli dünyada sən, xoşbəxt ola bilərsən.

Göy üzü bir ümiddir, torpaqsa yaşıl həyat,
Al rəngli sevinclərsə, ruhuna qonmuş qanad.
Gözəllik baxışında, duyğunda gizlənibdir,
Sevməyi bacarsan sən, xoşbəxt ola bilərsən.

Könül bil ki aynadır, sevgi onda görünər,
Nur saçan hər bir zərrə min bir rəngə bürünər.
Xoşbəxtlik bir mənzildir, yolu qəlbindən keçər,
O yolu addımlasan, xoşbəxt ola bilərsən.

1 may 2026

Arzum

Qızılı günəşdən bir nur istərəm,
Mavi səmadan mən, hüzur istərəm.
İnsan gözlərində sevgi, təbəssüm,
Könüldən könülə körpü istərəm.

Ağ rəngli saflığı, yaşıl həyatı,
Rənglərə bürüsün ömür saatı.
Dillərdən düşməsin şirin bayatı,
Hər kəs gülümsəsin, artsın büsatı.

Bəşər övladının bir sevinc payı,
Dünyanı bəzəsin günəşi, ayı.
Xoşbəxtliklə dolsun sevgi sarayı,
Qovuşsun qəlblərdə eşqin harayı.

Kədər buludları dağılsın, getsin,
Könül ağrıları dincəlsin, bitsin.
Mənim qəlbimdəki, bu saf arzumla,
Dünya cənnət olub murada yetsin.

3 may 2026

Bu qatarın yoluna bax!

Bu qatarın yoluna bax,
Ümid gəlir o qatarda.
Dərdi-qəmi uzaq burax,
Xoşbəxtlik var o qatarda.

Gözlərindən kədəri sil,
Bunu son yox, başlanğıc bil.
Gələndir o,gedən deyil,
Xoşbəxtlik var o qatarda.

Yollar daha yormaz səni,
Duman, çiskin sarmaz səni.
Yalnız qoyub getməz səni,
Vüsal gəlir o qatarda.

Daha parlaq bir sabaha,
İnan, ehtiyac yox aha.
Ayrılmarıq bir də daha,
Xoşbəxtlik var o qatarda.

6 may 2026

İlk sevincim, Cəmiləm

Evimizin ilk növrağı, baharı,
Atamın, anamın ilk bəxtiyarı.
Ömrümün mənası, gözümün nuru,
Xalanın bir dənə, tək yadigarı.

Sən mənim balamsan, həm böyük qızım,
Səmada parlayan sönməz ulduzum.
Sənə “ilkim” dedim, əzizim dedim,
Sənlə şirin oldu çörəyim, duzum.

Oxudun, ucaldın, boy atdı boyun,
Dillərə dastan oldu sənin şən toyun.
Adına oxunan mahnılar kimi,
Gözəl keçsin ömrün, hər günün, ayın.
Xoşbəxt ol,ay mənim könül bəzəyim,
Sənlə qürur duyur xala ürəyim.

25 oktyabr 2025

Gümüşü ox

Zaman qabaqlanır, ötür sürətlə,
Yollar salam verir böyük hörmətlə.
Mənzillər qovuşur şirin xəyalla,
Gümüşü bir ox tək süzülür yolla.

Relslər üstündə bir polad qanad,
Heç yorğunluq bilmir, hamıya inad.
Şəhərlər boylanır pəncərəsindən,
Dağlar da səs alır qatar səsindən.

Küləklə yarışır, dumanı yarır,
Mənzillər qısalır, yollar daralır.
Uzaq da gözündə tez yaxınlaşır,
Həsrətli qəlbləri tez qovuşdurur,
Gümüşü bir ox tək sürətlə çatır.

8 may 2026

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

D.Mirzə – Şairlər

“Həsrətindən” – rəssam: Nərmin İsmayılova
ADMİU-nun rəssamlıq fakültəsinin 4-cü kurs tələbəsi

Şairlər

Bu dünyada həm sevincə, həm qəmə,
Qulaq asıb şeir yazar şairlər.
Göy üzündən yerə ensə xəyallar,
Sükutuyla İlham alar şairlər.

Dəniz öpər sahillərin alnını,
Sahil duyar suların hər anını.
Ulduzlardan alıb eşqin canını,
Zülmətə bir işıq salar şairlər.

Hər dalğada bir ömürlük xatirə,
Ayna sular nur çiləyir hər yerə.
Baxıb batan günəşdəki təsvirə,
Əbədi bir mənzıl tapar şairlər.
20.04.2026

Xəzərim

Necə gözəl pıçıldaşar ləpələr,
Quma sevinc, sahilə nur səpələr.
Günəş hər gün aynasında dincələr,
Qızıl rəngli xalı toxur Xəzərim.

Qızılı bir gülüş qonar sulara,
Ümid verər uzaqlara, yollara.
Sanki açar qucağını ruhlara,
Yorğun ruhu sığallayar Xəzərim.

Yelkən açar arzuların gəmisi,
Kəsilməz bu dalğaların nəğməsi.
Mavi eşqin, xoşbəxtliyin töhfəsi,
Dalğasıyla rəsm çəkər Xəzərim.
27.04.2026

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

D.Mirzə – NURLU İNSAN

NURLU İNSAN

(Uşaq həkimi, infeksionist Məhəbbət Həyatovaya ithaf olunur)

İstərəm ürəkdən bir şeir yazım,
Sən özün şeirsən, nə deyim səndən?
Həm bacı, həm həkim – xoşdur avazın,
Vəsfini ucaltsın qələmim,yazın.

Adın qəlbinin bəhsidir sanki,
Məhəbbətin nur saçır ətrafa bil ki.
Körpə uşaqlara elə bir sirr ki,
Şəfadır, rəhmətdir o əlin sənin.

Gözəl bir övladsan, qayğıkeş ana,
Vəfalı bacısan, qızılsan, cansan,
Övlada can deyən gözəl anasan.
Oğluna,qızına sən bir dayaqsan.

İşığın can verir hər bir insana.
Sən nurtək həyatda parla hər yana,
Gül açsın hər zaman əməlin sənin.
İlahi eşqindir təməlin sənin.

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

       

D.Mirzə – Yeni şeirlər

GİZLİ DÜNYA

Sevgi bir sınaqdır, hər kəs bilməyir,
Hər yetən bu yolu düzgün gəlməyir.
Kimi nümayişlə ömür bəzəyir,
Kimi sükutunda sevgi bəsləyir.

Güzgü tək qırıldı gizli dünyalar,
Ekrana sığışdı böyük röyalar.
Ruhun ac qalanda bitməz qayğılar,
İradə mülküdür əsl sevdalar.

Kənar baxışlardan qoru qəlbini,
Sözlə yox, hörmətlə bildir rəngini.
Kim tapıb dünyada öz həmdəmini,
O kəs loğman bilər özü-özünü.

Dildə yox, ürəkdə yaşat sirrini,
Kimsəyə bildirmə sevgi rəngini.
Sakitcə qoru sən öz həmdəmini,
Gizli dünyandakı o saf sevgini

GÜNƏŞƏ TOXUN

Şüşə kimi insan qəlbi zərifdir.
Çox doğru və dərin bir bənzətmədir.
Diqqətsizlik edərsən, parçalanar, dağılar,
Yenidən yapışdırsan, silinməz izi qalar.

Qırdığın o saf qəlbin bərpası çətin olar,
Xoş dediyin sözlərin dadı da acı olar.
Bu qırılan qəlbi də qazanmaq çətin olar,
Günəşə toxunsan sən, bəlkə izi yox olar.
Mart 2026

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

D.Mirzə – ÖMÜR SARAYI

ÖMÜR SARAYI

AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadəyə ithaf olunur.

Ruhumuz gəlibdir bədən mülkünə,
Ömür sarayını tikmək eşqinə.
Alim deyir: baxma günün rənginə,
Ruhun doğulması fərqli bir haldır.

Bədən kərpic-kərpic sökülüb gedər,
Dişlər də tökülər, ömür tez bitər.
Zahirə aldanan bəxtin itirər,
Ömür sarayını quran ucalar.

Kimisi öyünər ata adıyla,
Yaşayar sarayda hazır dadıyla.
Ruhu doğulmayıb öz inadıyla,
Ömür sarayını tikməz, tək qalar.

Təbiət dincəlir belə övladla,
Girməyir heç bir iz, nə də bir adla.
Divarsız evdədir fani həyatda,
Ömür sarayını quru daş sanar.

Öləndə üstünə mərmər qoyarlar,
Zənn edər bu borcdan xilas olarlar.
O quru daşlarla nə qazanarlar?
Ömür sarayını hikmət saxlayar.

Kimi təkadamlıq bir otaq qurar,
Kimi xalqı üçün imarət tikər.
Qəhrəman canıyla bir tarix yazar,
Ömür sarayını vətən anlayar.

Üzeyir notuyla, Platon sözlə,
Bəşər inşasını qurubdur izlə .
Lütfi Zadə baxıb elmə bir gözlə,
Ömür sarayını zaman tanıyar.

İllərin fövqündə ucalar divar,
Hikmətlə yoğrulan əbədi qalar.
Zaman seli gəlsə, hər şeyi yuyar,
Ömür sarayını silə bilməyər.

10 aprel 2026

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Gəl danışaq silahsız bir cahandan – D.Mirzə

SÜLHÜN NƏĞMƏSİ
Gəl danışaq silahsız bir cahandan,
Qopmasın bir kədər, ah da canından.
Qəlblər saray olsun, sevgi də sultan,
Mərhəmət nur saçsın hər bir məkandan.

Gül açsın beşiklər, körpə ölməsin,
Ananın gözündən yaş tökülməsin.
Atasız, anasız uşaq qalmasın,
Zülmün qara əli evi bölməsin.

Yaşıl meşələrin ömrü bitməsin,
Çayların nəğməsi dildən itməsin,
Dağılmasın evlər, yuva sönməsin,
Zülmün qara izi burdan ötməsin.

Cənnətin ətrini duyaq dünyada,
Sülhün sədası var hər bir sözdə də.
İnsanlar yaşasın xoş bir xəyalda,
Mərhəmət hökm etsin yerin üzündə.

Şairin arzusu, diləyi budur,
Haqqın, ədalətin mələyi budur.
Dünyanı qoruyan sevgi adıdır,
İnsanlıq mülkünün dirəyi budur.

SÜKUTUN FIRTINASI

Dəniz kükrəyəndə qəlbim oyandı,
Səssiz fədakarlıq oduna yandı.
Dünən susduqlarım bu gün oyandı,
Ruhumun üsyanı dalğa-dalğadır.

Özgə hüzuruna özümü böldüm,
Hər kəs gülən yerdə mən min yol öldüm.
Haqqımı tapdayıb, yalandan güldüm,
İndi təlatümlə ruhda davadır.

Sahilə çırpılan peşmanlıq deyil,
İçimdə boğulan bir anlıq deyil.
Bu fırtına ötəri bir günlük deyil,
Mənim öz səsimlə olan davadır.

Artıq tufan bitdi, sular duruldu,
Yorulan hisslərim sahildə qaldı.
Qəlbimin kədəri bir az yuyuldu,
Ruhum öz rəngini dənizdən aldı.

Nə bir üsyan qaldı, nə də bir giley,
Sakitlik ən böyük gözəl hədiyyə.
Susub fəda olmaq, bitmiş hekayə,
İndi öz səsimlə ruhuma döndüm.

ŞƏHİD İŞARƏSİ

(15 sentyabr 2022 Laçın döyüşlərinin şəhidi Zöhrab Azad oğlu Kərimova həsr olunub)

Yuxuda gördüm ki, cənnətdəyəm mən,
Atam gül-çiçəyin içində durub.
Öpdüm o mübarək ağ saçlarından,
Sanki bu görüşlə bir dünya qurub.

Sevincim sonradan döndü kədərə,
Laçından gələn bir acı xəbərə.
Ağladım hay düşən kəndə, şəhərə,
Gözümün yaşını sildi kədərlər.

Zəng vurub soruşdum: “Zöhrab necədir?”
Pərvanə gülərək:yaxşıdır-dedi.
Bilmir ki, bu yuxu bir işarədir,
Sən demə, o artıq ərşə yüksəldi.

Pilot olacaqdı, arzusu yarım,
Vətən harayına Laçına getdi.
Söndü bir ocağın gənc intizarı,
Günelin bircəcik qardaşı getdi.

İzdiham içində lal qaldı dilim,
Bilmədim ağlayım, təsəlli verim?
Deyib: “Kişi kimi gəldim, kişi də gedim”,
Zirvəyə ucaldı o qəhrəmanım.

Yuxumun mənası indi bəllidir,
Atamın yurdunda bir şəhid varmış.
O öpüş — ucalıq, bir nişanəymiş,
Zöhrabın qisməti baş ucalığıymış.

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

D.Mirzə – İkiqat xoşbəxtlik

Ana

Bu dünyada sözlər çoxdur, gözəl anam,
İnan ki, yenə yetmir sevdiyimi anlatmağa.
Sənin istiliyinlə mən dünyamı isidirəm,
Həyatdakı ilk cənnətim sən özünsən, canım anam.

Əllərimdən tutanda, məni qucaqlayanda,
Gülümsəyib baxanda qorxularım yox olur.
Mehriban baxışınla yoluma nur ələnir,
Sənin saf işığınla yollarım çiçəklənir.

Şəfqətli əllərinlə saçlarımı oxşadın,
Beşiyimi yelləyib layla deyib qorudun.
Mənim üçün həyatda həm güldün, həm ağladın,
İndi başa düşürəm cənnət uzaqda deyil, qəlbində gizlənirmiş.
Həyatdakı ilk cənnətim, qəlbimin ilk limanı…

01.08.2023.

                                                               

İkiqat xoşbəxtlik

İki qızım – iki gözüm .
Ruhumun, qəlbimin iki yarısı.
Biriniz sakit liman, birinizsə od-alov,
Fərqli olsanız da siz,
Qəlbimin ən saf yerindəsiniz.

İki qızım – iki mələyim,
Siz mənim sevincim, qürurumsunuz,
Səmadakı sonsuz ulduzumsunuz.
Sevgiylə döyünən qəlbimsiniz siz.
Yaxşı ki, varsınız siz hər ikiniz!

İki qızım – iki qanadım.
Qəlbinizə dolsun xoşbəxtlik nuru.
Sevinciniz yayılsın səmaya doğru,
Siz varsınız – dünya mənə doludur!
Mən sevgimlə işıq olaram sizə.

16.04.2025.

                                              

Xoşbəxtlik rəsmi

Fırçamı alıram əlimə, rənglər gülür mənimlə,
Günəş sarı, bulud mavi – hər toxunuş sevinc verir.
Quşlar uçur kanvasımda, çiçəklər rəqs edir,
Hər fırça toxunuşu “Xoşbəxtlik!” deyir.

Dünyanı rənglərlə gülümsədirəm,
Yayılır hər küncə xoşbəxtlik anı.
Fırçam toxunduqca izlər danışır.
Ürəyimdən gələn sevinci paylaşır!

Palitramda gözəl həyat, sevgi, ümid,
Xoşbəxtlik daşıyır hər nöqtə, hər xətt.
Rənglər danışdıqca, gülümsəyirəm,
Hər anı sevgiylə yaşayıram mən!
25.10.2025

Mən ümidlə yol gedirəm

Bu həyatın yükü ağır,
Addım-addım yol gedirəm.
Ömrün buludlu günlərin
Gülümsəyib yad edirəm.
Mən şükür edib hər günümə, hər anıma,
Bir məqsədlə, bir ümidlə,
Xoş arzuyla yol alıram.
Yol gedərkən mənə baxıb
Addımımın ağırlığın,
Gözümdəki qəm qüssəni,
Qəlbimdəki həyəcanı,
Beynimdəki hesabları heç görməyən,
Həsəd çəkən insanlara
Gülümsəyib yol gedirəm.
İnanaraq addımlayıb
İşıq gələn səmtə doğru,
Mən ümidlə gələcəyə yol gedirəm.

15.07.2014.

                                                          

İstəyirəm

İllər əvvəl mən atamı itirdim.
Yox, mən onu itirmədim!
Dünya, sən onu aldın məndən.
İndi bir xahişim var səndən,
Gəl, çarxı fırladıb geriyə dönək,
Uşaqlıq ilimə səyahət edək.
Sual verəcəksən hansı illərə?
Hansı arzu,istəklərə?
İstəyirəm, istəyirəm yenə qapımız döyülsün,
Atam gəlsin evimizə.
İstəyirəm uşaq olum, qucağina alsın məni.
İstəyirəm mən arada küsüm ondan,
O da məni əzizləsin,
Mənə arxa – dayaq olsun.
Bilirəm, ey dünya,
Bu bir istəkdir.
Arzular, istəklər bitmir dünyada.
Şikayət etmirəm mən sənə, dünya.
Əksinə, təşəkkür edirəm sənə.
O təmiz ürəkli, mərd insan üçün
Gözəl atam üçün borcluyam sənə.

15.05.2025

Ana qəlbli güclü qadın

Azərbaycan Uşaqlar Birliyinin sədri, uşaq hüquqları müdafiəçisi Kəmalə Ağazadəyə həsr edilib

Qadınsan, bir ordu tək qüvvətlisən.
Mərhəmət ən böyük gücündür sənin.
Bu güc sənin zehnindədir, sevgindədir,
Gözəlliklə dolu olan sənin o saf qəlbindədir.
Ana qəlbli güclü qadın!

Həyatın sərt küləklərinin sındırdığı körpələrə,
Qorxu dolu anlarında “ana”, “nənə” sözlərini
Cəsarətlə deməsinə nəfəs oldun, arxa oldun.
Taleləri dəyişən bir möcüzəsən,
Ana qəlbli güclü qadın!

Sən divar quraraq, ümid tikirsən,
Qaranlıq gecəni aydın edirsən.
Axan göz yaşını sən gizlədirsən,
Gülüş paylayırsan, ümid verirsən.
Ana qəlbli güclü qadın!

Qaranlıq gecənin laylasıdır sənin səsin,
Dua kimi taleləri isidəndir sənin əlin.
Sənin adın körpələrin taleyinə yazılandır,
Sənin əlin hər uğurda çiyinlərdə görünmədən daşınandır.
Ana qəlbli güclü qadın!
25.01.2026

Novruz nəğməsi

Boylanır çiçəklər çöllərə sarı,
Süzülür səmadan bahar nəfəsi.
Günəş dan yerində nur kimi gülür,
Aydın sabahlara yol salır ümid.

Sular pıçıldaşıb daşlara dəyir,
Atlanır od üstə saf niyyətimiz.
Qışın kədərini əsən yel qovur,
Torpağın səsiylə oyanır bahar.

Süfrə bərəkətli, səməni yaşıl,
Tonqal ətrafına biz yığışmışıq.
Cücərir məhəbbət qəlblərimizdə,
Yenidən həyat həvəsi doğulur bizdə.

Sevgi, məhəbbətdir sədaqətimiz,
Novruzla dirçəlir ümidlərimiz.
Qədim nəğməsiylə bu ulu bayram,
Birliyə, dostluğa səsləyir bizi.

01.03.2026.

                                 

Rəssam qızıma

Rəssam qızım, çək rəsmimi,
Üzümdə kədər olmasın.
Sən nuru çək, parıldatsın gözlərimi,
O gözlərdə sevgi dolu ürəyimi.

Bir gözümdə bacını çək, o birində özünü,
Hər fırça toxunuşun əks etdirsin ruhumu.
Bir anlığa yox elə kədərin kölgəsini,
Rənglərinlə canlandır həyatın nəğməsini.

Fırçanla can tapsın həyatın rəngi,
Boya qəlbimdəki sonsuz ümidi.
Mənim gülüşümü, səadətimi,
Ruhumu hər xətdə əbədi əks et.

Həyatımın rəngi bir gün solarsa,
Yaşayar ümidim rəsmlərində.
08.03.2026

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I