Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
Xalq yazıçısı Elçinin vəfatından qırx gün keçir. Qırxı ərəfəsində arxivimdən Elçinin vaxtilə mənə verdiyi mətni tapdım. Bu, gündəliyindən səhifələrdir. Bilmirəm, bu səhifələri haradasa, haçansa çap edib, ya yox. Çap olunubsa belə, bu mətni bir daha oxuculara çatdırmaq istəyirəm. Həm ötüb keçən günlərin munis xatirəsi kimi, həm də itirdiyim dostlarımın – Araz Dadaşzadənin, Elçinin, mənim münasibətlərimizin dəyərli və kədərli örnəyi kimi. ANAR sentyabr, 2025
I
Günorta Anar zəng elədi ki, Araz xəstəxanadadı, gedək ona dəyək və axşam mən maşınla Anarı evlərinin qabağından götürməyə gedəndə Nizama (Elçinin sürücüsü – A.) dedim:
-Arazı tanıyırsan da, mənim dostumu? O yaşlı kişini deyirsiniz, Elçin müəllim? Nizamın Araz barəsində “yaşlı kişi” deməsi mənə çox təsir etdi və bir daha, keçib gedən vaxtın amansız sürətindən xəbər verdi.
-Xəstəxanada əvvəlcə Araza dəydik. Nəriman Həsənəliyev də orada idi. Xeyli söhbət etdik, zarafatlaşdıq, amma bu söhbətin də, zarafatın da arxasında mənim üçün ürəyimi nigarançılıq içində üzən bir gərginlik var idi. Araz xeylaq zəifləyib. Allah kömək etsin və şəfa versin. Sonra elə həmin xəstəxanada (4-cü idarənin xəstəxanası) yatan Bayram Bayramova və Hüseyn Abbaszadənin arvadı Solmaz xanıma baş çəkdik. Anar daha bir xəbər verdi ki, hər gün mütəmadi aldığım mənfi emosiyaları daha da “zənginləşdirdi”: mühacir Məcid Musazadə Münhendə vəfat edib. Abbasəli Cavidi mərhumun şəklini və bir nekroloq göndərib ki, mən “Odlar yurdu”nda çap elətdirim. Rəhmətliklə bir neçə ay bundan əvvəl Türkiyədə Kayseri konfransında görüşüb tanış olub xeyli səmimi söhbət eləmişdik. 1970-ci ildə “Əli və Nino”nu alman dilindən ilk dəfə Azərbaycan dilinə bu adam çevirib və indi həmin tərcüməni Mirzə Xəzər öz adıyla bizim “Azərbaycan” jurnalında nəşr etdirib. Məcid kişi bu barədə çox yana-yana danışır və romanın 1970-ci ildə “Azadlıq” radiosu ilə Azərbaycan dilində gedən hissələrini mənə göstərirdi. Qurban Səid haqqında məlumatı var idi, dediyinə görə, İtaliyada onun qəbrini ziyarət etmişdi. Xahiş etdim ki, xatirələrini yazıb mənə göndərsin. Söz verdi. Hayıf!.. Allah rəhmət eləsin.
II
Bir dənə ürəkaçan şey yoxdur ki, adam toxdasın. Hər tərəf riyakarlıq, hisslər və sözlər qəlp, cahillik və nadanlıq isə nə qədər istəsən!.. Son günlər (xüsusən son günlər) içim o qədər doludu ki, tanış-bilişlər (misal üçün Nəriman Həsənzadə) onlarla soyuq görüşməyimdən gileylənirlər və bunu mənim get-gedə daha artıq təkəbbürlü olmağıma yozurlar (!). Yazıq Arazın vəfatı mənim üçün elə bir stressə çevrilib ki, yaxa qurtarmaq mümkün deyil. Yayda xeyli arıqlayıb zəifləmişdi, amma məhz Araz olduğu üçün (Can-cur Səməd!) adam buna fikir vermirdi, özünün isə əhvalı yaxşı idi, deyib-gülürdü. Zuğulbada bir yerdə idik. Sentyabrda telefonla danışdıq və bu dəfə də böyrəklərindən şikayət elədi, mən də ona məsləhət gördüm ki, xəstəxanada özünü birdəfəlik müayinədən keçirsin. Razılaşdı və xəstəxanaya getdi, sonra məlum oldu ki, müayinədən ötrü Moskvaya yola düşməlidi. Sentyabrın sonlarında, ya da oktyabrın əvvəllərində Anarla birlikdə xəstəxanaya gedib onu yoluxduq. Çox zəif idi, amma həmişəki kimi deyib-gülürdü (Yadıma gəlir, həmin gün Arazdan sonra, Hüseyn Abbaszadənin arvadı Solmaz xanımı yoluxduq, sonra da həmin xəstəxanada yatan Bayram Bayramovun yanına getdik. Həkimlər dedilər ki, B.Bayramov reanimasiyadadır. Ora getdik və Bayram müəllimlə görüşdük. Çıxanda Anar dedi ki, reanimasiyada olmağına baxmayaraq, Bayram hamısından gümrahdır). Araz Moskvaya getdi, qayıtdı və məlum oldu ki, yenə də Moskvaya gedib xəstəxanada yatmaq lazımdı. Oktyabrın 11-də Anarla zəngləşib əvvəlcə Arif Mansurovun anasının yasına, sonra da Arazgilə getdik. Gecənin yarısınacan orada oturduq. Araz həmişəki Araz idi, deyib-gülürdü. Səhər tezdən Moskvaya yola düşməli idi. Üçümüz də bir yerdə xeyli zarafat eləyib konyak içdik. Hətta evdəki konyak qurtardığı üçün, Moskvada həkimlərə pay vermək üçün qablaşdırdığı konyakları da içməyə başladıq… (Kimin ağlına gələrdi ki, Arazın ömrünün sonuna heç 20 gün qalmayıb?!) Oktyabrın 12-də Araz Moskvaya yola düşdü. 13-də Anar Moskvaya sessiyaya getdi. 15-də Nüşabə ilə mən Moskvaya, 16-sı isə tezdən Almaniyaya getdik. Moskvada axşam Anara zəng etdim və təbii ki, Arazı soruşdum. Anar onu hələ yoluxmamışdı və sabahda-birigündə yanına gedəcəyini dedi. Almaniyada tez-tez Arazı yada salırdım və yalnız orada birdən-birə ürəyimi bir nigarançılıq bürüdü: hər dəfə ürəyimdən bir hiss keçirdi ki, Araz vəfat edəcək və o hissi içimdən qovurdum. Bir hadisə heç vaxt yadımdan çıxmır. Bir neçə il bundan əvvəl rəhmətlik professor Fərhad Zeynalov (sağlam, gümrah, şövqlü yeyib-içən bir adam) Şüvəlan Yaradıcılıq evində ötəri bir şey kimi, mədəsinin ağrıdığını dedi və həmin an və birdən-birə mən hiss etdim ki, bu, çox bəd bir işdir və Fərhad bundan qurtara bilməyəcək. Doğrudan da, belə oldu və o zaman (elə indi də) mən mat qaldım ki, o hiss məndə necə yarandı? Bax, Arazla bağlı beləcə bir hiss də məndə birdən-birə Almaniyada yarandı. Biz 28-də Moskvaya, 29-da isə Bakıya qayıtdıq. Öyrəndim ki, Araz hələ Moskvadadır və əməliyyat gözləyir. 31-də Yazıçılar İttifaqında Respublika Dövlət Mükafatları Komitəsinin iclası idi, ora getmişdim. Axşam saat 6-da Nəriman Həsənəliyev haradansa Anara zəng elədi və Arazın beş saatlıq çox çətin bir əməliyyat keçirəcəyini dedi. İclasdan sonra Anarla ikimiz restorana getdik və ilk qədəhi Arazın sağlığına içdik, onun zarafatlarından, xasiyyətinin narahatlağından danışdıq. Anar bir az sözlü adama oxşayırdı və yalnız Araz vəfat eləyəndən sonra Anar mənə dedi ki, Abbas (Anarın bacısının əri, Səhiyyə Nazirliyində işləyir) hələ lap əvvəldən Arazın xəstəliyinin xərçəng olduğunu ona deyibmiş. Noyabrın 2-də işdə telefon zəng çaldı: Arazın müavini İsmayıl Vəliyev idi, Arazın Moskvada vəfat etdiyini xəbər verdi. Həmin andan da stress içindəyəm. Anarla birlikdə MK-ya getdik. Mənasız (ideoloji) katibdən onsuz da bir şey çıxmayacağını bildiyimiz üçün təzədən Elmira Qafarovanın yanına getdik və xahişlərimizi dedik: qəzetlərdə hökumət nekroloqu olsun, Fəxri xiyabanda dəfn edilsin və ən əsası isə Moskvada Daimi Nümayəndəliyimiz Aidaya və Aqşinə kömək eləsinlər ki, cənazəni Bakıya gətirə bilsinlər. Bu işlərdə Elmira Qafarovanın böyük köməyi oldu. Cənazə 2-də axşam gəlməli idi, amma yalnız 4-də səhər gəlib çıxdı: əvvəlcə tabut (bu sözü yazıram və yenə də öz-özümə heyrət edirəm: yəni doğrudan söhbət Arazdan gedir?) hazır olmayıb, sonra Moskvanı duman basıb… Biz isə təyyarəni ayın 3-də gecə gözləyirdik, komendantdan icazə almaq üçün çalışdıq və s. Nə isə… 2-də Anarla birlikdə Arazgilə gedəndə Anar dedi:
-Elə həmin şəhərdi, amma Araz yoxdu… Romiklə (Dostumuz filosof Rəhman Bədəlov – A.) görüşəndə bir-birimizə deməyə söz tapmadıq, sonra Romik dedi:
-Bizimki çox tez başladı… 4-də səhər gedib təyyarəni qarşıladıq. Aida dəhşətli bir vəziyyətdə idi. Günorta saat 4-də cənazəni Ensiklopediyanın binasından qaldırdıq. Kiçik bir mitinq oldu. Mən danışmaq halında olmadığım üçün danışmadım. Anar danışmaq istədi, amma kövrəldi və danışa bilmədi, sonra küncə çəkilib ürəkdən ağladı. Mən Anara bir söz deyə bilmədim. Vəli Məmmədov yaxınlaşıb onu sakitləşdirmək istədi. 5-də Arazın üçü, 8-də yeddisi oldu. Dekabrın 9-da qırxı olacaq. Bu da qısa və quru rəqəmlər. Həyat isə davam edir. 10 noyabr 1990. lll 27 dekabr 1990. On gündür ki, bərk soyuqlamışam və evdən çıxmıram. Xırda-xuruş yazılar, qəzet-jurnal (hərdən kitab…) və tamam bir həvəssizlik… Ənvər Məmmədxanlı bir neçə gün bundan əvvəl vəfat etdi, amma dəfninə də, indiyəcən təziyyəsinə də gedə bilməmişəm. Dəfn olunan günün gecəsi Anar mənə zəng elədi, halımı soruşdu. Mən də Ənvərin harada dəfn olunduğunu soruşdum.
-Arazın yanında… Bilmirəm, niyə, amma bu xəbər mənə çox təsir etdi. Arazın, yaxud Ənvərin ağıllarına gələrdi ki, II Fəxri xiyabanda yan-yana yatacaqlar? Bu sualın özü də əslində ritorikadan başqa bir şey deyil… Ənvər Məmmədxanlını mən sonuncu dəfə elə yazıq Arazın dəfnində gördüm: Həmişəki boz şlyapası başında, həmişəki qara paltosu əynində siqaret çəkə-çəkə Anarın bacısı Fidanla yanaşı gedirdi…
Müəllif: ANAR Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri.
Milli Kitabxanada “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub
Bu gün ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq, nasir, tənqidçi və ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor və ictimai-siyasi xadim Elçin Əfəndiyevin vəfatından 1 həftə ötür.
Azərbaycan Milli Kitabxanasında bununla əlaqədar “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/E.Efendiyev/index.html linkindən istifadə edə bilərlər.
Görkəmli Xalq yazıçısı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin!
Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/elchinin-xatiresine
Onun zəngin irsi və böyük xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
ANAR: “ELÇİN ÇOX VƏFALI, ETİBARLI DOST İDİ… ” “Ağırdır, çox ağırdır. Ədəbiyyatımız böyük yazıçısını itirdi, xalqımız böyük ictimai, siyasi xadimini itirdi. Yaxınları qayğıkeş ailə başçısını itirdi. Mən ən yaxın dostumu itirdim (qəhərlənir). Bağşlayın. Bu, bilmirəm taleyin nə cəzasıdır ki, mən dostlarımın dəfn mərasimində çıxış eləməli oluram. Danışa bilmirəm. Hisslərimi güclə boğaraq bir neçə kəlmə demək istəyirəm. Hər şeydən əvvəl mənim üçün Elçin çox vəfalı, etibarlı dost idi. Altmış ildir biz demək olar ki hər gün ya görüşürdük, ya yazışırdıq, ya telefonla danışırdıq. İndi heç kəs qalmayıb. Mən bilmirəm, indi kimə zəng eliyib, ən məhrəm sözümü deyə biləcəm. Bu da görünür taleyin cəzasıdır ki, mən dostlarımı dəfn eliyirəm və onların dəfnində çıxış eliyirəm, daha doğrusu çıxış eliyə bilmirəm. Allah Elçinə rəhmət eləsin.” Başınız sağ olsun, Allah sizə səbr versin, Anar müəllim…
Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslıq elminin, ədəbi tənqidin, mədəniyyətinin görkəmli nümayəndəsi Elçin Əfəndiyev dünyasını dəyişdi. Bu acı xəbər təkcə ədəbi-mədəni cəmiyyəti deyil, bütün Elçinsevərləri, onun əsərlərinin mənəvi, əxlaqi dəyərlərindən bəhrələnən, ədəbi qəhrəmanlarının yaşadığı həyatdan dərs alan neçə nəsil oxucularını kədərləndirdi. Bu əsilzadə, kübar, mədəni, ləyaqətli İnsanın itkisi cümləmizi sarsıtdı. Ancaq bir təskinliyimiz var: yazıçının əsərləri, irsi ədəbiyyatımızın, mədəniyyətimizin varlığı boyunca Onu yaşadacaq…
Elçin qələmlə ülfət bağladığı vaxtdan, fiziki yoxluğuna qədər ondan ayrılmadı. Özünə, Sözünə güvənən yazıçı ədəbiyyatın bir çox növ və janrında əsərlər yazdı. Nəsri, dramaturgiyası, tədqiqatları, tənqidi və publisistik əsərləri böyük bir dövrün ictimai-ədəbi-mühitini əks etdirdi. Elçin həyatımızın keşməkeşli, təbəddülatlı çağlarında belə, əqidəli yazıçı olaraq həqiqi ədəbiyyata xidmət etdi…
Altmışıncılar nəslinin nümayəndələrindən söz düşəndə ilk olaraq Anarla Elçinin adı çəkilir. Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nasirlərini göz önünə gətirəndə öncə düşüncəmizin aynasında yenə də Anarı, Elçini görürük. Bu minvalla altmışıncıların ədəbi mövqeyindən danışanda başdan, yenə də yadımıza bu iki yazıçının adı düşür. Bir də yazıçıların onillərlə qırılmayan dostluğundan söz düşəndə Anarla Elçini misal çəkirlər…
Bu gün Elçinin fiziki yoxluğuna ən çox yanan, ağrı-acısıyla sızlayan zənnimcə, ailəsi, bir də Azərbaycan ədəbiyyatının ustad yazıçısı Anardır. Elçinin ən yaxın dostlarından bəlkə də birincisi, həm də ən çox ünsiyyətdə olan Anar. Elçinlə Anarın münasibətilərində dostluq, doğmalıq körpüsü heç vaxt sınmadı. Onlar ədəbiyyatın yükünü qoşa qanadlar kimi sevərək, vicdanla çəkdilər…
Anar 60 illik dostunu itirdi. Bəlkə də Elçin Əfəndiyev Anar Rzayevin neçə onilliklər birgə olduğu dəyanətli dostlarından sonuncusu idi. Elçinin itkisi ahıl yazıçının ürəyini qanatdı, yaddaşını ağrıtdı…
Səhv etmirəmsə, may ayı idi. Anar müəllim ağır və yorğun yerişlə Fəxri xiyabanda uyuyan dostlarının (Vaqif Səmədoğlu, Fikrət Qoca, Emin Sabitoğlu…) məzarını ziyarət edirdi. Həmin kadrları izlədikcə Anar müəllimin dostlarına etibarı, sədaqəti məni çox duyğulandırdı…
Deyir, gələn qalmaz, gedən dönməz… Dostların, doğmaların itkisi əzizlərini ona görə sızladır ki, aralığa əbədi həsrət düşür… Allah Elçin Əfəndiyevə rəhmət eləsin. Doğmalarına, dostlarına səbr versin.
Azərbaycan Milli Kitabxanasının fəxri oxucusu, görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat etmişdir.
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlamış və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olmuşdur. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirmiş, ədəbi mühitin inkişafında müstəsna rol oynamışdır.
Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer almışdır.
Elçin Əfəndiyev Milli Kitabxananın işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına öz şəxsi kitabxanasından 500 nüsxə kitabı, o cümlədən öz kitablarını fonda bağışlayan ilk yazıçı olaraq “Qarabağa kitabla gedək” layihəsinin təşəbbüskarlarından biri olub.
Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmişdir. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Bununla yanaşı, 1980-ci illərin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir.
Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunmuşdur.
Milli Kitabxananın kollektivi Elçin Əfəndiyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Onun zəngin irsi və böyük xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
ELÇİNmüəllimin 81 yaşı mübarək, 100 yaşasın… Vaxtilə (70 yaşında) yazdığım və mətbuatda yayımlanan məktubu təkrar təqdim edirəm, çünki, yenə də həmin fikirdəyəm…
Ədəbiyyatımızın xan çinarı, sahilsiz istedadın imkanları… (Azərbaycanın xalq yazıçısı Elçinə təbrik məktubu)
Hörmətli ELÇİN müəllim! Sizi – Azərbaycan xalqının, bütün türk dünyasının görkəmli, ünlü yazıçısını, drmaturqunu, ssenaristini, ədəbiyyatşünas-tənqidçisisni, ictimai xadimini, filologiya elmlər doktorunu, professoru anadan olmağınızın 70 illik yubileyi münasibətilə təbrik edirəm!.. Siz “gözəllik uzaqda deyil, həyatımızda, məişətimizdədir, xalqımızın özündədir” estetik prinsipi ilə qələmə sarılmısınız, gözəllik kəşfiyyatçısı olmusunuz; təkcə “Bir görüşün tarixçəsi”n yox, əsərlərinizlə xalqımızın, millətimizin mənəviyyat tarixinin bədii səlnaməsini yaratmısınız; “Aman ovçu, vurma məni” deyə-deyə, təkcə “Hökmdarın taleyi”ni yox, həmişə Azərbaycan xalqının, xalqı xalq edən Azərbaycan dövlətçiliyinin taleyini düşünmüsünüz; “Ölüm hokum”ndən qorxmayaraq sənələr, mərhələlər, devrimlər adlayaraq “Mahmud və Məryəm” roman-dastanını bağlamısınız; mənəvi tariximizin sonsuz səhralarında səmum yellərinə sinə gərə-gərə “Ağ dəvə” karvanının ustad sarvanı olmusunuz və milli-mənəvi yaddaşımızda ağ rəng ümid, murad rəmzidir. Sizin “Ağ dəvə”nizin ləpirlərində ağ güllər çiçək açır… “Ağ dəvə” karvanının yolu ağ işıq dolu nurlu sabahlaradır, bu, Azərbaycan xalqının yoludur; “Ah, Paris, Paris…” – qibtə hissini keçirə-keçirə Bakımızın, Gəncəmizin, Təbrizimizin, Ərdəbilimizin, Şuşamızın, Naxçıvanımızın işıqlı sabahları ilə xəyallanmısınız; “Bayraqdar” qəbildən əsərlərinizlə həm 60-cılar ədəbi nəslindən üzü bəri ədəbi nəsillərin bayraqdarına çevrilmisiniz, həm də, Milli bayraq istəyiniz həyata keçib, arzularınız çin olub, coşğun bəxtəvərliklə Respublikamızın Bayraqdarı ilə birgə Bakıda ucaldılan və dünyada rekord qıran ən hündür bayraq meydanında Milli bayrağımızın açılış törəninə qatılmısınız…
“Baladadaşın ilk məhəbbəti” ilə bədii kinomuzun həyatına əbədi məhəbbət bağlamağınız və bir-birinin ardınca çəkilən 22 filminiz, o cümlədən – “Arxadan vurulan zərbə” (təssüf ki, bu cür zərbələrlə həyatınızda da dəfələrlə qarşılaşdınız), “Gözlə məni”, “Gümüşü furqon”, “Bağ mövsümü”, “Sahilsiz gecə”, “Hökmüdarın taleyi”, “Üç zirvənin fatehi”, “Silinməyən izlər…”, “Mahmud və Məryəm” ssenariləriniz əsasında çəkilən filmlər Azərbaycan kino mühitinə yeni, təravətli bahar mövsümü gətirmiş, kinomuzda silinməyən izlərə dönmüş, Sizi isə zirvələr fatehi etmiş, istedadınızın sahilsiz imkanlarının təcəssümünə çevrilmişdir… Azərbaycan və Türkiyə kinematoqraflarının birgə layihəsi olan “Mahmud və Məryəm” filminin dünya ekranlarına çıxması faktı isə deyərdim ki, dahi Üzeyir bəyin “Arşın mal alan”ından sonra Azərbaycan kino mədəniyyətinin müasir mərhələdəki ən böyük qələbəsidir… Sizin, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin nüfuzlu şəxsiyyəti, ziyalısı kimi ABŞ-da, Rusiyada, Fransada, Türkiyədə, Almaniyada, Hollandiyada, Çində, Belçikada, İspaniyada, Yunanıstanda, Lüksemburqda, İsveçdə, İsveçrədə, Danimarkada, Ukraynada, Polşada, Özbəkistanda, Çexoslovakiyada, Yuqoslaviyada, Bolqarıstanda, İraqda, Avstriyada, Qazaxıstanda, İranda, Qanada, Səudiyyə Ərəbistanında, Rumıniyada, Macarıstanda, Gürcüstanda, Tunisdə, Pakistanda və digər ölkələrdə müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak etməyiniz Sizin bir şəxsiyyət tipi kimi miqyasınızın ölçülərindəndir… Bu planetar ölçünün başqa bir nümunəsi də, əsərlərinizin nəşr və yayılma coğrafiyasıdır! “Min gecədən biri” adlı ilk hekayələr kitabından (1965) başlayaraq Azərbaycan və dünyanın müxtəlif xalqlarının dillərində 100-ə yaxın kitabınızın nəşr olunması, əsərlərinizin ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilməsi, kitablarınızın ümumi tirajı 5 milyonu keçməsidir… Şeksprin vətənində pyeslərinizin səhnə həyatıdır… Bütün bunlar isə “Azərbaycan ədəbiyytı Biləcəridən o yana keçmir!” mifinin bir yolluq darmadağın edilməsidir!.. Vaxtilə türk fatehləri – Mete, Çingiz xan, Teymurləng, Şah İsmayıl ölkələri qılınc və ordu zoruna fəth edə-edə fateh adını qazandılar… Amma Siz, şükürlər olun ki, böyük Azərbaycan yazıçısı kimi qələminizin qüdrəti və sözün gücü ilə ölkələri fəth edə-edə Azərbaycanı tanıdırsınız! Siz ulu sərkərdə babalarımızın tarixən qılınc gücünə etdiyini XXI əsrdə qələmin və sözün gücü və qüdrətilə edirsiniz! Məntiqə görə – Atilla da fatehdir, Elçin də!! Sizi əbəs yerə “Azərbaycan ədəbiyyatının canlı klassiki” adlandırmırlar! Siz və Anar müasir ədəbiyyatımızın qoşa qanadısınız!.. Bu qoşa qanadlar olmasaydı son 50 ilin, xüsusən də, müstəqillik dövrünün Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı səmasında belə pərvaz, bizi də belə sərəfraz etməzdi!!. Bu deyim də, Sizin barənizdədir və həqiqətən də belədir: “Elçinin yaradıcılıq texnologiyası o qədər cazibədar, rəngarəng olmuş, eyni zamanda yaradıcılıq tempi o qədər artmışdır ki, hərdən adama elə gəlir ki, onun özü ədəbi mühitin içində bir ədəbi mühitdir. Bəzən onun ədəbi irsi – romanları, povestləri, pyesləri, hekayələri, ədəbi-tənqidi görüşləri, tərcümələri, ssenariləri, publisistika nümunələri bir nəfərin yox, bir ədəbi nəslin irsi kimi görünür.” (Abid Tahirli) Sizin şəxsiyətiniz və yaradıcılığınız haqqında yüzlərlə deyimlərin içində bir deyimi də xatırlatmaq istərdim: “Tam səmimiyyətimlə deyirəm ki, müasir dramaturgiyada olan boşluğu Elçin müəllim doldurur. Onun “Teleskop” əsəri çox maraqlı əsərdir.” – bu sözləri, elə belə adam demir, Elçinin bir əsərini də tamaşaya qoymayan, amma arzysunda olan tanınmış rejissor, xalq artisti, profesional səhnə ustası Mərahim Fərzəlibəyov deyir. “Arılar arasında” traqikomediyanız, “1937-ci il” adlı tragediyanız, “Sənətkarın taleyi”, “Qatil”, “Şekspir”, “Mənim sevimli dəlim” qəbildən pyesləriniz XXI əsr dramaturgiyamızın nadir nümunələrindəndir… Adətən, teatrlar rejissorların adları ilə tanınırlar, teatrın müəllifin adı ilə tanınması isə qeyri-adi bir hadisədir. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun “Mənim sevimli dəlim” pyesinizin Londondakı premyerasında söylədiyi bu sözlərini də, təsadüfi saymırıq: “Onun əsərləri “Elçin teatrı” kimi tanınmışdır. Bu, milli xüsusiyyətləri geniş anlamda bəşəri dəyərlərlə birləşdirən incə bir metodologiyadır.” Belə ki, yazıçının bütün əsərlərinin nümunəvi olduğunu diqqətə çatdıran diplomat, “Şekspir” pyesinin xarici tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandığını da, xüsusən vurğulayır. Bir sözlə, müasir mərhələdə Azərbaycan xalqının ədəbi, mənəvi, mədəni intibahının nədən ibarət olduğu Sizin şəxsiyyətinizlə, planetar miqyaslı fəaliyyətinizlə, bir daha, sübuta yetirilmiş oldu… Siz millət üçün estetik sərvətə çevrilən amalları qələmə alan müqtədir sənətkarsınız! Millətin mənəvi gərəyini bədii sözlə ifadə etmək səlahiyyətinin ağırlığına Sizin çiyinləriniz Herakl gücü, Prometey dözümü ilə dözür!.. Məhz bu cəhətlərinizə görə, Sizi “Nobelçilər” sırasında görmək istəyən çox tanınmış ziyalılar da var və yəqin yaxın gələcəkdə onların bu istəyi də real olacaqdır… Həmçinin Sizin elmi-nəzəri yaradıcılığınız müasir filoloji fikrimizin güclü mənbələrindən biridir. Elçin müəllim, Siz onlarla monoqrafiyaın, yüzlərlə elmi-nəzəri məqalənin müəllifi olan görkəmli nəzəriyyəçi alim, filologiya elmləri doktoru, professorsünüz. Təsadüfi deyildir ki, Sizin “kərpic-kərpic” on cildlik «Seçilmiş əsərləri»nizin dörd cüldini elmi əsərləriniz əhatə edir. Məsələn, «Tənqid və ədəbiyyatımızın problemləri», «Klassiklər və müasirlər», «Ədəbiyyatda tarix və müasirlik problemi», «Klassik aşıq poeziyasında «Dünya» obrazı», böyük mütəfəkkir Üzeyir bəyə həsr olunmuş «Bəstəkarın vətəndaş sözü» və Azərbaycanın böyük milli yazıçısı C.Cabbarlıdan bəhs edən «Şəxsiyyət və istedad», “Sosrealizm bizə nə verdi?” təkin fündamental monoqrafiyalarınız Sizin böyük alim-ziyalı amalınızın, alim-vətəndaşı yanğınızın, gərgin tədqiqatçı əməyinizin bəhrələridir… Sizə dünyanın bir çox tanınmış universitetlərinin, xüsusən də, İstanbul Kültür Universitetinin “Fəxri doktor”u adının verilməsi də, sizin virtioz tədqiqatçı bacarığınızın, geniş diapazona malik yaradıcılığınızın, həssas yazıçı fəhminizin, çevik tənqidçi təfəkkürünüzün nəticələrindəndir… Sizin yrdadıcılığınızın sahilsiz imkanları sayəsində müasir filoloji problemlərin bir qismi öz həllini tapmış, bədii yaradıcılığınızın əsasında isə onlarca namizədlik və doktorluq elmi işləri yazılmış, Azərbayca filologiyasının yüksək səviyyəli, konseptual, “…şünaslıq” qismində elmi-nəzəri xəttini meydana gətirmişdir… Siz, təkcə bu günümüzün deyil, gələcəyimizin, dünyamızın əbədiyaşar yazıçısısınız!.. Siz, müasir dünyamızın bədii söz ritmini bütün nüansları, faktları, tonallıqları ilə canlandırmağı bacaran söz ustasısınız!.. Sizin yaradıcılığınız bütövlükdə xalqımızın mili təfəkkürünün bədii kəşf səviyyəsində şəhadətnaməsidir, kamal attestatıdır!.. Sözün canı istedadlı yazıçının qələminin ucundadır. Siz, söz sahibisiniz! Siz, sözə qüdrət verən, sözü mataha mindirən, sözə sahib çıxan kişilərdənsiniz!.. Sizin əsərləriniz – hekayələriniz, povestləriniz, romanlarınız, pyesləriniz, ssenriləriniz, elmi-nəzəri monoqrafiyalarınız, mükəmməl publisistikanız, maraqlı müsahibələriniz ədəbi-estetik dəyəri, milli əhəmiyyəti, populyarlığı, uzunömürlülüyü baxımından Azərbaycan xalqının ədəbiyyat və mədəniyyət xəzinəində, çoxəsirlik ədəbi-estetik və ictimai fikir tarixində çox böyük nümunələrdir, onların müəllifi isə əsil ədəbiyyat xadimidir, mədəniyyət xadimidir, incəsənət xadimidir – ictimai xadimdir! Əgər belə demək mümkünsə, öz millətinə, xalqına başdan-başa layiq – vətəndaş xalq xadimidir!.. Bir var vətəndaşlıq mövqeyini sonradan qazanasan, bir də var nəslən, nəcabətən vətəndaş olasan! “Ot kökü üstə bitər!” – deyib atalar! Dəvətikanı yüz dərdə məlhəmdir! Niyə? Çün ki, kökü 400 metr dərinliyə gedir!.. Kökü-köməci dərinlərdə olanlara min şükür!!.. Müasir dövrdə iki böyük ziyalı, iki böyük yazıçı var ki, xalqımız uşaqlarına, övladlarına fərəhlə onların adlarını qoyurlar – Anarın və Elçinin! İndi Anarlar, Elçinlər çoxdur! Hətta Elçin adında yazarlar da çoxdur, amma xalq yazıçısı Anardan, Elçindən yoxdur!! Sizin belə bir ifadənizi xatırladım: “Çinarın gözü görünmür, çinarın gözü şəffafdır, çünki əslində çinar bütun gövdəsiylə, budaqlarıyla, yarpaqlarıyla görür…” Elə bu sözlərlə də, məktubumu bitirirəm: “Siz, bütün ədəbi possesi, Azərbaycanı, dünyamızı bütün şəffaflığı ilə görən ədəbiyyattımızın xan çinarısınız!.. Azərbaycanın xalq yazıçısı, ictimai xadimi, filologiya elmlər doktoru, professor, Elçin müəllimi, hamımızın Elçinini bir daha təbrik edir, ona xan çinar ömrü arzulayıram!.
Böyük hörmətlə, qələm dostunuz, tənqidçi-ədəbiyyatşünas Qurban BAYRAMOV.
Salam olsun, dəyərli qələmdaşlar və çox dəyərli oxucular! Həmd olsun Uca Yaradana! Bugünkü söhbətimiz “Nə məsləhət verirsiniz?” sualına cavab olaraq qələmə alınmışdır. Söhbətə başlamazdan əvvəl onu qeyd etmək istəyirəm ki, bu suala əsasən gənc yazarlar və ya canında yazmaq həvəsi olub, bir türlü başlaya bilməyənlər, bir də hər şeyə maraqlı oxucular müxtəlif görüşlərdə, oxucu məktublarında cavab axtarırlar. Yazı, kitab aləmi haqqında bu cür şikayətlərlə dolu bir fonda ilk addımlarını atmağa tərəddüd edən gənc yazarlar kimi, eyni zamanda diqqətli oxucular da eyni suala cavab axtarışındadır. Qələm adamları “nədən yazım”, “necə yazım”, “necə başlayım”, “kimdən örnək alım” kimi suallara cavab axtararkən, oxucular da həmən-həmən ekvivalent “nə oxuyum”, “kimi oxuyum” kimi sualların cavabını arayırlar. İstənilən cavabı diqqətlə dinləyir və ya oxuyurlar. İnanıram ki, hamımız nə vaxtsa bu suallarla üzləşmişik. Şəxsən mənə gəlincə bu sual ətrafında şifahi olaraq dəfələrlə danışıb fikir bildirmişəm (bu mövzuda internetdə bir neçə variantda video material da var). Hətta o qədər təkrar-təkrar danışmışam ki, artıq danışdıqlarımı özüm də əzbərləmişəm. Sual aktual olduğuna görə və həm də bu günün, bu yaşımın fikirlərini qeyd etmək məqsədi ilə məlum sual ətrafında olan, dəfələrlə təkrarladığım fikirlərimi yazı şəklinə salmaq istədim. Keçək mətləbə.
Tarixə söykənməyən gələcək yoxdur və ya qol-budaqlı ağaca sağlam kök lazımdır düşüncəsi ilə adətən bu mövzuda olan söhbətlərimə ötən əsrdə qələmə alınmış Makulunun “Səttarxan” və müəllifinin kimliyinə belə ehtiyacı olmayan “Əli və Nino” kitablarını misal çəkməklə başlayıram. Müasir dövrümüzdən Aqil Abbasın “Dolu” sunu nümunə kimi təqdim edir və hələ elə də böyük auditoriyanın tanımadığı rəhmətlik Qələndər Xaçınçaylının “Güllə işığında” povesti, Əli bəy Azərinin “Hərbi Zəngilan”ı haqqında məlumat verirəm. Aydın məsələdir ki, danışanda müxtəlif sualları yazar üçün ayrı, oxucu üçün daha uyğun formada cavablandırmaq imkanı geniş olur. Çalışacağam ki, “Nə məsləhət verirsiniz?” sualına ümumi fikirlərimdə dəyişikliyə yol vermədən hər iki tərəf üçün yığcam və əhatəli şəkildə 22 mart 2022-ci il üçün olan qeydlərimi sizlərlə bölüşüm. Birinci onu bildirmək istəyirəm ki, fikirlər subyektivdir, əksini düşünənlərin fikrinə hörmətlə yanaşıram. İkinci yazıya “ondan xəbəri yoxdur”, “bundan xəbəri yoxdur” düşüncəsi ilə yanaşanlara xatırlatmaq istəyirəm ki, istər elektron, istərsə də ənənəvi qaydada ortalığa çıxmış nümunələrlə tanışam. Üçüncü hər hansı bir suala cavab verəndə istənilən şəxs elə örnəklərdən istifadə etməlidir ki, ən azından bu nümunə müsahibinə tanış olsun. Məsələn, Azərbaycan reallığında ağaclardan söhbət gedirsə, “palıd”, “qoz”, “nar” ağacları daha çox hamı tərəfindən tanınır, nəinki, “evkalipt” və ya “baobab”. Belə bir əhatəli girişdən sonra yazının əhatə edəcəyi dövrlər və meyar kimi götürülmüş kriteriyalar barədə də qısaca məlumat vermək istəyirəm. Çünki bu vacib məsələlərin mətləbə birbaşa dəxli var. Mənim sizlərə təqdim edəcəyim örnəkləri seçməmdə əsas meyarlarım faydalılıq, tanıtmaq və tanınmaq, özünə yer tutmaq bacarığı, müstəqil olmaq qabiliyyəti, ən əsası heç kimə, heç nəyə fikir vermədən yaxşıları öyrənib tətbiq etməklə öz işi ilə məşğul olmaq, daim axtarışda olmaq, təkmilləşmək, görünə bilmək, seçilməyi bacarmaq. Bu sadaladığım qabiliyyətlərlə seçilmək, fərqlənmək 1920-ci ilə qədər birinci, 1920-1990 ikinci və 1990-dan sonra üçüncü (bu dövrü də 1990-2000, 2000-2010, 2010-2020, 2020-dən sonra) dövr olmaqla olduqca müxtəlif tələblər və şəraitdə baş verdiyini unutmamalıyıq. Bütün bu bölgülərin fövqündə dayanaraq müxtəlif dövrlərin keşməkeşlərinə sinə gərərib indi də mətin addımlarla sıralarımızda addımlayn bir qrup müasirlərimiz olan qələm adamları var ki, onlar çağdaş ədəbiyyatımızın məhəng daşlarıdır.
DÖVRLƏR VƏ TƏLƏBLƏR HAQQINDA
1920-ci illərə qədər bizim qənaətimiz üçün əsas olan meyarlar keyfiyyət baxımından təxminən indiki (1990-cı illərdən sonra) kimi idi. Yəni yalnız öz şəxsi keyfiyyət və bacarıqlarınız (həm yaradıcılıq, həm də maddi baxımdan) əsasında uğur qazana bilərdiniz.
1920-1990-cı illərdə vəziyyət bir az fərqli idi. Beləki, yaradıcılıqda müəyyən korrektələr olmaqla demək olar ki, maddi problem yox idi. Yəni yaradıcılıq qənaətbəxş olduqdan sonra, maddi həllə yol tapmaq (təbii ki, bu məqamda da şəxsi keyfiyyətlər, bacarıqlar əsas amil olub) mümkün idi.
1990-lardan sonra baş verənlər çoxumuzun göz qabağındadır. Məncə ən qarışıq dövr 1990-2000-ci illər hesab olunmalıdır. Bu həm fürsətlər, həm də çətinliklər baxımından eyni dərəcədə əhəmiyyətlidir. Ümumiyyətlə, istənilən sahədə uğur qazanmaq üçün şəxsi keyfiyyətlər önəmlidir. Bu mövzuda söhbətə məsələyə dolayısı ilə aidiyyəti olan “utananın oğlu olmur” atalar sözü ilə nöqtə qoymaq istəyirəm.
2000-2020 zəngin təcrübə və püxtələşmə dövrü kimi səciyələnməlidir.
Ən maraqlı və real vəziyyəti əks etdirən dövr indi başlayıb (2020-ci ildən). Necə deyərlər, “bu meydan, bu şeytan”.
Birinci dövrə baxdıqda kimləri xatırlayırıq, Abbasqulu Ağa Bakıxanovu, Mirzə Fətəli Axundovu, Nəriman Nərimanovu, Əbdürrəhim bəy Haqverdiyevi, Üzeyir Hacıbəyovu, Həsən bəy Zərdabini və b. Şərhə ehtiyac duymuram.
İkinci dövrün süzgəcindən keçib (birinci dövrlə əlaqəli şəxslər də daxil olmaqla) gələnlər; Süleyman Sani Axundov, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mir Cəlal, Mirzə İbrahimov, Süleyman Rəhimov, İsmayıl Şıxlı, Bayram Bayramov, İlyas Əfəndiyev, Cabir Novruz, Fərman Kərimzadə, Fikrət Qoca, o taylı-bu taylı Şəhriyar və b. Bu dövrün ortalarından və sonlarından ədəbi fəaliyyətə başlamış və çoxu bu gün də yaradıcılığını uğurla davam etdirən dövrlərin fövqündə dayanmış, çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız Bəxtiyar Vahabzadə (2009-cu ildə vəfat edib), İsa Muğanna (2014-cü ildə vəfat edib), Anar, Elçin, Çingiz Abdullayev yaradıcılığı Azərbaycan ədəbi irsində xüsusi yer tutur.
Çingiz Abdullayevi Azərbaycan ədəbi mühitində bu dövrlərin kəsişməsində möhkəm dayanaraq ədəbiyyatı cəmiyyətə, kitabı oxucuya qırılmaz tellərlə bağlayan mühüm fiqur kimi dəyərləndirmək lazımdır. Bu yöndə onun xidmətləri danılmaz və əvəzolunmazdır.
Bəxtiyar Vahabzadə, İsa Muğanna, Anar, Elçin və Çingiz Abdullayev kimi çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız örnək şəxsiyyətlərin üzərindən onların da içində olduğu üçüncü dövrə nəzər salsaq, Aqil Abbas, Akif Əlini, Sabir Rüstəmxanlı, Kamal Abdullanı, Yunus Oğuzu, Rəşad Məcidi, Elxan Elatlını, Varisi, Musa Ələkbərli, Səlim Babullaoğlunu, Vüqar Əhmədi, Azər Turan, Firuz Mustafa, Elçin Hüseynbəylini, Əli bəy Azərini, İlqar Fəhmini, Kənan Hacını, Sayman Aruzu, Fərid Hüseyni, Rövşən Abdullaoğlunu, Nicat Həşimzadəni, İntiqam Yaşarı görürük. Və təfərrüata keçməzdən əvvəl bir məqamı vurğulamaq istəyirəm. Necə ki, bu gün (22 mart 2022 – ci ildə) böyük əminliklə Çingiz Abdullayevi bir vaxtlar dahi Üzeyir Hacıbəyovun gördüyü işi ləyaqətlə və böyük əzmlə davam etdirərək ədəbiyyatla cəmiyyət, ədəbi-bədii yaradıcılıq məhsulu ilə kütlə-oxucu arasında möhkəm əlaqə, bağ yaradan şəxs kimi təqdim edirik, Rövşən Abdullaoğlu da eyni ilə gələcək nəsillər üçün bu vəhdəti qoruyacaq real namizəddir. Onun bu missiyanın öhdəsindən ləyaqətlə gələcəyinə inanıram. Xahiş edirəm ara-sıra bu tərz qeydləri oxuyarkən fiklərimizi əsaslandırıb, söykəndiyimiz meyarları unutmayaq. Mümkün qədər konkret və əhatəli izahatdan sonra “Nə məsləhət verirsiniz?” sualına cavab olacaq və yuxarıdakı qaydada əsaslandırılmış müasirlərimiz olan örnək yazarlar barədə danışmazdan əvvəl bir qeyd də etmək istəyirəm. Mənim yazdıqlarım tam subyektivdir. Və mən sadəcə fikirlərimi sizlərlə bölüşürəm. Bu heç vaxt məsləhət kimi qəbul edilməməlidir. Mən sualı eyni ilə eşitdiyim, oxuduğum kimi, mənə ünvanlanmış qaydada yazmışam. Ümumiyyətlə, bir şəxsin yaxınlıq və qohumluq, subardinasiya dərəcəsindən asılı olmayaraq digər şəxsə məsləhət verməsi qəbuledilməzdir. Bu ən yaxşı halda tövsiyə formasında ola bilər. Bu yöndə ən təqdirəlayiq hal örnək göstərməkdir.
ÇAĞDAŞ ÖRNƏK YAZARLARIMIZ:
Aqil Abbas – şair, yazıçı, siyasətçi. “Ədalət” qəzeti idarəçiliyindədir. Xalqla bağlı istənilən məsələyə söz adamı olaraq anındaca mövqe bildirir.
Sabir Rüstəmxanlı – şair, siyasətçi. Mövqe sahibidir. Nəzarətində nəşriyyat var.
Çingiz Abdullayev – yazıçı. Dünyanın müxtəlif yazar klub və dərnəkləri, nəşriyyatları ilə əlaqəsi var.
Yunus Oğuz – yazar, həm də “Olaylar” informasiya agentliyi və eyni adlı qəzet idarəçiliyindədir.
Varis (Varis Yolçuyev) – yazar, həm də “168 saat” qəzeti və digər mətbu orqanlarla, TV-lərlə birgə fəaliyyət göstərir.
Rəşad Məcid – şair, həm də “525-ci qəzet” idarəçiliyindədir. Bundan əlavə saytlardan, sosial şəbəkələrdən, TV-lərdən, müxtəlif internet kanallarından, bir sözlə fayda verəcək yazılı və görüntülü bütün dəstək variantlarından böyük ustalıqla istifadə edir.
Elxan Elatlı – yazar. Heç kimə, heç nəyə fikir vermədən öz işinə konsentrasiya olaraq fasiləsiz və nümunəvi fəaliyyət göstərir. Əsl müasir yazıçıdır.
Azər Turan – tənqidçi, publisist. Təyinatla “Ədəbiyyat qəzeti”nə rəhbərlik edir. Gücü çatdığı qədər bölgələrdə yaşayıb-yaradan yazarlar da daxil olmaqla bütün qələm adamlarına dəstək olmağa çalışır.
Musa Ələkbərli – şair, naşir. Bacardığı qədər yazarlara kitab işində dəstək olur.
Firuz Mustafa – nasir, dramaturq. Yazır yaradır.
Əli bəy Azəri – yazar, səlnaməçi. “Xəzan” jurnalı idarəçiliyindədir. Mümkün qədər ədəbiyyatımız, tariximiz üçün faydalı olmağa çalışır.
Səlim Babullaoğlu – şair, tərcüməçi. Kitabçılıq, tərcümə və tanıtım baxımından fəaliyyəti misilsizdir. ATV kitab – “Parlaq imzalar” layihəsi kimi dəyərli bir iş ortaya qoymuş şəxsdir.
İlqar Fəhmi – şair, yazıçı, kinodramaturq. Bir sözlə xalq üçün faydalı ola biləcək bədii yaradıcılıqla bağlı istənilən sahədə onu görmək olar.
Kənan Hacı – şair-publisist, mücadilə edir. Bir zamanların Sabiri, Hadisi kimi mücadilə aparır. İlk anlaşılmazlıqda vaz keçən gənclər üçün nümunə olacaq müasirimiz, çağdaş yenilməz qələm adamı.
Rövşən Abdullaoğlu – yazar, psixoloq, araşdırmaçı, səyyah. “Qədim Qala” nəşriyyatının qurucusu. Yorulmadan öz üzərində işləyən, təkmilləşən və öyrəndiklərini həyatına tətbiq edib, oxucusuna təlqin edən ən müasir, ən prespektivli çağdaş örnək yazarımız.
İntiqam Yaşar – şair, təşkilatçıdır. Həyatdan nə istədiyini bilir. Uğurları bol olsun!
Dəyərli oxucum, bu çəkdiyim misallar, gətirdiyim örnəklər sadəcə bir ipucu kimi dəyərləndirilməlidir. Müxtəlif yaş qruplarından olan, olduqca keşməkeşli həyat yolu keçərək uğura, misilsiz nailiyyətlərə imza atmış bu örnək şəxslərin həyat və yaradıcılıqları ilə tanış olmağınızda “Google” dostumuzun xidmətindən və kitabxanalardakı kitablardan istifadə edə bilərsiniz. Atalar yaxşı deyib: – “Gör, götür dünyasıdır.” Və inanıram ki, təqdim etdiyim bu “açar söz”lərdən istifadə etməklə özünüz üçün böyük imkanlar vəd edən geniş bir dünyaya qapı açmış olacaqsınız. Uğur bələdçiniz olsun. Bu yazının ancaq və ancaq bir məqsədi var faydalı olmaq. Vəssalam!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Çox sağ olun!
22.03.2022. Bakı.
Qeyd:
Məqalə müxtəlif saytlarda dərc olunmaqla yanaşı müəllifin “Qələmdar-2” (məqalələr), Bakı , 2022. səh. 160-165. və “Seçilmiş əsərləri” (ikinci cild), Bakı, 2022. səh. 395-403. kitablarında da yer almışdır.
3-CÜ “AXMISAN HİSSİMDƏ, DUYĞUMDA ŞEİRİM…” – QABİLİN ŞƏXSİYYƏTİ VƏ YARADICILIĞI HAQQINDA BİR-İKİ SÖZ
1
Cəmi beş ildən sonra Qabilin 100 yaşı tamam olur – illərin reaktiv sürətlə uçduğu indiki dövrümüzdə beş il nədir ki, – bir göz qırpımı – və mən bu sözləri ona görə yazıram ki, elə bil, dünən idi, Qabilin əlli yaşı tamam olurdu, mən də – Yazıçılar İttifaqının gənc bir katibi – oturub, bu münasibətlə təbrik məqaləsi yazıram, ancaq baxın: aradan qırx beş il keçib.
Bu yazını yazmaq istəyəndə o məqaləni axtarıb tapdım və orada belə bir yer var:
“Qabilin lirik qəhrəmanı bəzən oxucu kimi öz müəllifinin şeirlərini nəzərdən keçirir:
Saysız şeir içində adi şeirsən,
Ancaq nə şərikin, nə ortağın var.
Böyük bir axında üzüb gedirsən,
Xırdaca gəmisən, öz bayrağın var…
Və biz bu sözlərdə heç bir təvazökarsızlıq görmürük, burada arxasında təkəbbür gizlənmiş bir təvazö də yoxdur, çünki həqiqətən belədir: o “xırdaca gəmi” öz məxsusi poetik bayrağı ilə öz yoluna davam edir…” (“Ədəbiyyat və incəsənət”, 14 avqust 1976).
Poeziyada (və ümumiyyətlə sənətdə) o gəminin “xırdacalığından” və böyüklüyündən qat-qat artıq dərəcədə onun öz bayrağının olmasıdır və Qabilin də XX əsr Azərbaycan poeziyasında öz bayrağı var.
Azərbaycan ədəbi mühitində isə onun orijinal və koloritli şəxsiyyətinin də öz bayrağı var idi.
Qabillə mənim münasibətimiz əslində, irsi bir dostluğun ifadəsi, davamı və inkişafı idi və bu sözləri yazarkən o da yadıma düşür ki, İlyas Əfəndiyev fikirli olanda, ya nə üçünsə qayğılı görünəndə Qabillə görüşüb danışanda, hətta sadəcə, Qabil şəxsiyyətindən söz düşəndə o fikirlər də, qayğılar da, elə bil, ondan əl çəkirdi, uzaqlaşırdı. Çox həssas və emosional adam olan İlyas Əfəndiyev deyirdi ki, yəqin, Qabilin heç özünün də xəbəri yoxdur ki, ondan həmişə nikbin dalğalar gəlir.
Oxucuların çoxu yəqin, bunu da bilmir, ya da xatırlamır ki, Qabil ilk şeirlərini “Qabil Nikbin” imzası ilə çap etdirirdi, sonralar “Qabil İmamverdiyev”, sonra da yalnız “Qabil” saxladı, ancaq İlyas Əfəndiyev tez-tez ona keçmiş təxəllüsü ilə müraciət edirdi: “- Yallah, Qabil Nikbin!..”, “Nikbin Qabil, bu dünyanın işləri necə olacaq? Elə belə gəlib, belə də gedəcək?”.
Qabil İlyas Əfəndiyev haqqında yazdığı çox səmimi essedə danışır ki, “Ədəbi aləmə göz açandan, Yazıçılar İttifaqına gedib-gəldiyim ilk vaxtlardan İlyas Əfəndiyevi tanımışam. 1943-44-cü illərdə o vaxtın yeniyetməsi olan utancaq bir uşağın heç bir yazıçıyla, o cümlədən İlyas Əfəndiyevlə yaxınlığı, salam-kəlamı ola bilməzdi”.
V.İ.Lenin adına APİ-nin (indiki Pedaqoji Universitetin) hazırlıq kursunda oxuyan Qabil evə pul gətirmək üçün Tağı adlı bir dostunun bişirdiyi “kustarnı” sabunları aparıb “Kubinka”da satırmış və elə o 1944-cü ildə də “Ədəbiyyat qəzeti”ndə onun ilk şeiri dərc olunur. Həmin gün yenə “Kubinka”ya sabun satmağa gedəndə birdən köhnə bir binanın balkonundan onu səsləyirlər. Yaxşısı odur ki, bu yerdə də sözü Qabilin özünə verim:
“- Nikbin, hara gedirsən, çiynindəki nədir heylə?
Yuxarı boylandım. Eyvanın məhəccərinə söykənmiş tünd-mavi kostyumlu, yaraşıqlı kişini – İlyas Əfəndiyevi gördüm. İttifaqa gedib-gələndə nə əcəb sifətim, hətta ilk imzam, lap təxəllüsüm onun yadında qalmışdı?!
– Şeirini oxudum, təbrik edirəm, yaxşıdır…
İlyas müəllimin səsi mülayim və ərkyana idi. Elə bil, məni lap çoxdan tanıyırdı… Sanki çiynimdən asılmış sabun dolu ağır çanta yüngülləşdi”.
Daha sanra Qabil yazır: “…günün səsinə səs verən, hadisələrə isti münasibət bildirən, xoşu gələn və gəlməyən əsərlər haqqında obyektiv, təhlilli fikir söyləyən İlyas Əfəndiyevlə ilk yaxınlığım onun məni eyvandan səsləməsiylə başladı. Sonradan bu yaxınlıq ailəvi dostluğa, Elçin və Timuçinlə qardaşlığa, başqa yaxın qohumlarıyla mehribanlığa çevrildi”. (Sən həmişə bizimləsən. Bakı, “Gənclik”, 1999, səh. 223-24).
O, İlyas Əfəndiyevə həmişə “böyük qardaşım” deyə ehtiram bəsləyirdi və bunu İlyas Əfəndiyevə bağışladığı kitablarındakı avtoqraflarda da yazırdı:
“Gözəl söz sənətkarımız, böyük qardaşım və xeyirxahım İlyas Əfəndiyevə müəllifdən. Qabil. 17. XII. 1964”. (Küləkli havalarda. Bakı, Azərnəşr, 1964).
Yaxud:
“Əsl sənətkarımız, böyük qardaşım İlyas müəllimə kiçik hədiyyə. Qabil.11. IX. 1966”. (Qoy danışsın təbiət. Bakı, Azərnəşr, 1966).
Mən bütün bunları yuxarıda dediyim həmin “irsi dostluq” ifadəsi ilə bağlı yazıram.
Qabilin 50 yaşı tamam olanda onu təbrik etdiyim məqalədən düz 30 il sonra, 80 yaşı tamam olanda da ayrıca bir məqalə yazdım (“Ədəbiyyat qəzeti”, 11 avqust 2006) və bu, mənim Qabil şəxsiyyətinə daxildən gələn isti münasibətimin və hörmətimin ifadəsi idi.
Aradan 30 il keçmişdi və bu 30 ildə çox sular axmışdı, epoxalar dəyişmişdi, SSRİ zamanında ədəbiyyat aləmində “mənəm-mənəm” deyən bir çox qələm sahibinin “Sovet klassikası” elan edilmiş yazı-pozusunu da SSRİ dağılanda Sistem özü ilə aparmışdı. Qabil bu böyük tarixi sınaqdan şəxsiyyət kimi də, şair kimi də üzüağ çıxmışdı və bizim münasibətlərimiz də daha artıq istiqanlı, daha artıq məhrəmanə olmuşdu. Mən 80 illiklə bağlı məqaləmdə bu 30 il barədə yazırdım: “Və 30 ildən sonra da mənim Qabil şəxsiyyətinə hörmətim və məhəbbətim (yəni dostluğumuz!) 30 il bundan əvvəlkidir, bu sabitlik daima 30 illə bərabər olub və 30 ildə elə kiçicik bir hadisə də, söz-söhbət də olmayıb ki, bu gün onun acısını çəkək”.
Bu gün bu sözləri oxuyuram və yadıma düşür ki,1960-cı illərin əvvəllərində biz – ədəbiyyata gəlmək istəyən və ədəbiyyatdan təzə söz uman gənclik (onda mən universitetin birinci-ikinci kursunda oxuyurdum) Qabilin “Tramvay parka gedir” poemasını hansı bir ruh yüksəkliyi ilə oxuyurduq. Bu kiçik poema formasına görə də, məzmununa, psixoloji-poetik dəqiqliyinə görə də sovet dövrü Azərbaycan poeziyasının əlamətdar nümunələrindən biri idi (və biridir).
Bu qədər illərdən sonra sərbəst və bəzi hissələri tamam destruktiv formada yazılmış o poemanın ilk misraları hələ də mənim yadımdan çıxmayıb:
Gecə saat bir,
Tramvay parka gedir.
Cingildəyir şüşələr.
Boş vaqonda bilinir bu cingilti bu qədər.
Gecə saat bir.
Tramvay parka gedir
Ləngərlə…
Sovet İttifaqının qüdrətli vaxtlarında bir çox sovet şairləri “formaca milli, məzmunca sosialist” poemalar yazırdı (oradakı o millilik də çox zaman primitiv olurdu), “öz bayrağı olan” Qabil isə formaca da, məzmunca da milli şeirlərini, poemalarını yazırdı və yaxud o zaman ki, başqaları mətin kommunistlər haqqında poemalar yazırdı (kimlərsə istedadın gücünə poetik bir söz deyə bilirdi, istedadsızlar isə sadəcə, mövzu arxasında gizlənirdi), Qabil gecə-gündüz “Nəsimi” poeması üzərində işləyirdi.
O, “Nəsimi” poemasını bitirəndə oxuyub fikir demək üçün mənə əlyazmasında, dəqiq desəm, makinadan çıxmış qrankalarda vermişdi və sonralar Yakov Serpin poemanın rus dilinə tərcüməsini bitirəndə də, o tərcüməni oxumaq üçün nəşrdən əvvəl mənə verdi. Uzun sözün qısası, “Nəsimi” rus dilində mənim ön sözümlə nəşr olundu (Nasimi. İstoriko-romantiçeskaya poema, Baku, Yazıçı, 1985) və qeyri-təvazökarlıq olmasın, o ön söz Qabilin xoşuna gəlmişdi.
Bir müddətdən sonra həmin ön sözün əsasında yazdığım “Əfsanə davam edir…”Nəsimi” poemasını yenidən oxuyarkən” adlı məqalə mətbuatda çap olundu və bu gün o məqaləni və poemanı gözdən keçirəndə də 35 il (!) bundan əvvəlki o yazıda mühüm hesab etdiyim bir cəhəti yenə də vurğulamaq istəyirəm: “Nəsimidən söz düşəndə bəzən onun ana dilini zənginləşdirməsini Dante ilə, humanist lirikasını Petrarka ilə, fəlsəfəsindəki panteizmi Lukretsi Kar ilə, İnsan, Azadlıq və Gələcək naminə həyatından keçməyini Cordano Bruno ilə müqayisə edirlər”. (“Ədəbiyyat və incəsənət”, 17 yanvar 1986).
Əlbəttə, bütün bu müqayisələr layiqli və qiymətlidir, ancaq məncə, əsas cəhətlərdən biri də budur ki, kainatın sonsuzluğu müqabilində insan özünün kiçikliyini görür və tarixən də belə olub. Ancaq o məqalədə dediyim kimi, “Nəsimi İnsanı Allah adlandırırdı. Nəsiminin İnsana hörməti, məhəbbəti onun böyük istedadı ilə vəhdətdə dünya poeziyasında İnsan himni yaratdı. Həmin İnsan himninin müəllifi Qabilin ədəbi qəhrəmanıdır”.
Bəlkə də bir az patetik səslənir, ola bilsin ki, “Nəsimi” poeması ilə bağlı hansısa qeydlər, hansısa mülahizələr olsun, ancaq əsas məsələ budur ki, Qabilin ədəbi qəhrəmanı bizi inandırır ki, bəli, Nəsimi həmin “İnsan himnini” yaradan şəxsiyyət və sənətkardır.
Qabil bütün varlığı ilə ədəbiyyat adamı idi və bizim nasirlərimızın, şairlərimizin, tənqidçilərimizin, bir sözlə, o zamankı əhli-qələmin mətbuatda çap olunan əsərlərini izləyən oxuculardan biri, bəlkə də (hər halda yazıçılar arasında) birincisi idi, bəyəndiyini də, bəyənmədiyini də açıq deyirdi. Yadıma Qabil xarakteri üçün səciyyəvi olan bir əhvalat düşür: Qabilin “Jiquli” maşını var idi və bu maşını almaq istəyəndə pulu çatmadığı üçün o dövrün yaşlı və məşhur bir şair-laureatından (söhbət 1960-cı illərdən gedir və rəhmətə getdiyi üçün o rəhmətliyin adını çəkmək istəmirəm) borc pul götürür. Yazıçılar İttifaqında üç-dörd nisbətən cavan yazıçı, o cümlədən də Qabil oturub söhbət edəndə həmin şair gəlir və “Azərbaycan” jurnalında yenicə dərc olunmuş poeması haqqında şəst və fəxarətlə soruşur ki, oxumusuz, necə əsərdir? Oxuyan da, oxumayan da poemanı tərifləməyə başlayır və növbə Qabilə çatanda:
– Filankəs müəllim, – deyir. – Düzdür e, sizə borcum var, ancaq poemanız çox zəifdir.
Bu yerdə Qabillə bağlı başqa bir hadisə də yadıma düşür və yaxşı olar ki, bunu mən yox, elə Qabilin özü danışsın.
O, İlyas Əfəndiyev haqqında yazdığı “Sən, ey qadir məhəbbət…” adlı səmimi və duyğusal xatirələrində deyir:
“Köhnə “İnturist”in böyük restoranında İlyas Əfəndiyevin altmış illik yubileyi şərəfinə verilən ziyafətdə əlimdə ləbələb piyalə saatıma baxıb sağlıq dedim:
– Bu dəqiqə Azərbaycanda İlyas Əfəndiyevdən böyük dramaturq yoxdur!
Mirzə İbrahimov – çox qiymətli ədəbi sima, ictimai-siyasi xadim – açıq etiraz etdi:
– İstedadları saata baxıb, təyin etmək olmaz!
Sağlığımı, yəni fikrimi təxminən 30-35 dəqiqə keçəndən sonra bir də təkrar etdim. Bərk əsəbiləşmiş Mirzə müəllimi – bu ağıllı adamı Kamran Hüseynov (Kamran müəllim o vaxt Nazirlər Soveti Sədrinin müavini idi – E.) məzəmmətlədi:
– Ay Mirzə, cavan adamdır, kefi yuxarıdır, deyir də… Bu saat İlyasa möhürlü vəsiqə vermədi ki, bu Qabil…
Düzdür, məclis yeyib-içmək məclisiydi. Ancaq dediyim sözlər mənim ayıq, aydın qənaətim idi. Möhürü, vəsiqəni də İlyas müəllimə Qabil yox, Allah vermişdi…” (Sən həmişə bizimləsən. Bakı, Gənclik, 1999, səh. 225).
Qabil “ayıq, aydın qənaətini” heç vaxt gizlətməz, öz bədii zövqü ilə bağlı güzəştə getməzdi və yəqin, bu da onun xasiyyəti ilə bağlı əlamətdar bir cəhətdir ki, sonralar həmin hadisə haqqında ayrıca bir rübai də yazmışdı və: “İlyas Əfəndiyevin şərəfinə söz dedim” – deyə, bir daha təkrar etmişdi: “Səhnə əsərləri ilə Cəfərdən sonra İlyas // Birinci şəxsiyyətdir bu saat şəksiz, dedim”.
Elə bu başdan yazım ki, Qabil İlyas Əfəndiyevə nə qədər hörmət bəsləyirdisə, İlyas Əfəndiyevin də ona o qədər məhrəm və ərkyana münasibəti var idi, bütün premyeralarında, ziyafətlərində Qabil ilk dəvətlilər sırasındaydı. Qabilin məxsusi koloriti, yumoru, səmimiliyi və sadəliyi həmişə İlyas Əfəndiyevin ürəyini açırdı və hərdən yay vaxtı Qabil həyətdə şalvarının balaqlarını çırmalayıb, cidd-cəhdlə “Jiquli”sini yuyanda eyvandan:
– Qabil!.. – deyirdi. – Elə yu ki, maşının rəngi getməsin!..
Qabil də:
– Baş üstə, İlyas müəllim! – deyirdi və bərkdən gülürdü.
Qabilin İlyas Əfəndiyevə həsr etdiyi böyük (19 bənd!) “Fədai” adlı bir şeiri var və mən o şeiri İlyas Əfəndiyevin vəfatından sonra nəşr edilmiş povest və hekayələrdən ibarət ilk kitabını hazırlayarkən ön söz kimi başlanğıca saldım – həm səmimi idi, həm də mənə elə gəlirdi ki (indi də elə gəlir), bu, İlyas Əfəndiyev üçün də xoş olacaqdı.
Həmin şeirdən iki bəndi xatırlamaqla:
Bir var ötəri səs, ötəri nəfəs,
Gül-çiçək ötəri, alqış ötəri…
Beşgünlük afişa – ötəri həvəs,
Ötəri cəlb edir fikri-nəzəri.
Bir də var – anadangəlmə – elə sən,
Fədai olasan, Fərhad olasan,
Qaçıb xırım-xırda şirnikmələrdən
Əsərdən-əsərə ustad olasan.
– elə bilirəm ki, onların münasibətləri barədə yaxşı təsəvvür yaranır və bunu da deyim ki, Qabil 1986-cı ildə yazdığı bu şeirin yaşıl qələmlə yazılmış əlyazmasını belə bir avtoqrafla mənə bağışlayıb: “Əzizim Elçinə bu əlyazmanı yadigar verirəm. Qabil. 19 noyabr 2004”.
Mən Qabilin deyib-gülməyini çox görmüşəm, ancaq onun ağlamasını ikinci (birinci dəfə rəhmətlik Məsud Əlioğlunun yasında) və axırıncı dəfə 1996-cı il oktyabrın 4-də İlyas Əfəndiyevin dəfn mərasimində görmüşəm.
2
Hüsü Hacıyev küçəsi (indiki Azərbaycan prospekti), 19 nömrəli binada – məşhur Yazıçılar Evində uzun müddət qonşu olduq və o binada, o həyətdə elə bir ab-hava vardı ki, orada bütün intriqalar, dedi-qodular, süni təbəssümlər, yalançı-hərarətli (!) hal-əhval – hamısı bir kənardaydı, elə bil, o binada yaşayanlar bir böyük, rəngarəng sözü burda yerinə düşərsə, rəngarəng, əlvan ailənin üzvləri idi – eyvandan-eyvana zarafatlar, təzə xəbərlər, səmimi salam-kalamlar.
Qabillə bağlı bu yazıda bir haşiyə çıxıb, o Yazıçılar Evindəki ab-hava haqqında bir-iki kəlmə demək istəyirəm:
…Səhər-səhər İlyas Əfəndiyev üçüncü mərtəbədəki eyvanına çıxıb, ikinci mərtəbədəki eyvanda Salam Qədirzadəni görür:
– Salam, salam!
Salam Qədirzədə başını yuxarı qaldırıb:
– Salam, İlyas müəllim! – deyir.
İlyas Əfəndiyev soruşur:
– “Ədəbiyyat” qəzetini almısan?
– Bəli, İlyas müəllim.
– Mənim hekayəmi oxudun?
Salam yenə:
– Bəli, İlyas müəllim, – deyir.
İlyas Əfəndiyev:
– Ə, bəs, səhərdən bəri niyə tərifləmirsən? – soruşur və gülür…
…Həyətdən Qabilin səsi gəlir:
– Mahir!..
Mahir dördüncü mərtəbədəki pəncərədən cavab verir:
– Hə?
– Gəl, zənbili götür!
Hamı bilir ki, Qabil bazarlıq edib və oğlu Mahiri çağırır ki, zənbili qaldırmağa kömək eləsin…
…Bazar ertəsi səhər-səhər həyətə səs yayılır ki, Qasım Qasımzadənin “Volqa” maşınını oğurlayıblar – açarla qarajın qapısını açıb ki, maşını çıxarıb işə getsin, görüb qaraj bomboşdur…
Daxili İşlər Nazirliyi oğurlanmış o maşını axtarır, milis (indiki polis) işçiləri həyətə gəlib-gedir, qarajın fotosunu çəkir, kilidi müayinə edir və bütün bina həyəcan içindədir.
Maşından isə xəbər yoxdur.
Belə bir nigaranlıq içində axşam düşür və nəhayət, məlum olur ki, maşın tapılıb, ancaq oğruluq əhvalatı deyilmiş: sən demə, Qasım cümə günü maşınla işə (Nizami adına Ədəbiyyat İnstitutuna) gedib, axşam işdən evə qayıdanda maşın yadından çıxıb, Akademiyanın həyətində qalıb…
…Bu da Əliağa Kürçaylıdır, həmişəki gümrah səsiylə həyətdən:
– Qabil!.. – çağırır. – Salamgilə gedirəm.
Yəni ki, sən də gəl və hamı bilir ki, məlum məsələdir, Salam Qədirzadəgildə yenə üç nəfərlik xudmani bir məclis qurulacaq…
…Şaiq əfəndi – Abdulla Şaiq bizim blokun ikinci mərtəbəsindəki mənzillərinin eyvanında oturub, dirsəklərini məhəccərə söykəyərək, haralarasa gözlərini dikib və mən bu gün bu sözləri yaza-yaza fikirləşirəm ki, o, həmin anlarda həyətə, binalara, insanlara yox, ümumiyyətlə, dünyaya baxırdı. Həmin anlarda o, həmişəlik bir keçmişdə qalmış:
Hamımız bir yuva pərvərdəsiyiz!
Hamımız bir günəşin zərrəsiyiz!
– deyən şair idi.
Kim bilir, bəlkə də Sabirlə söhbət edirdi, Hadiyə, ya Mirzə Cəlilə nəsə deyirdi? İlyas Əfəndiyevin Abdulla Şaiq haqqındakı essesində yazdığı bu sözlər yadıma düşür: “Mən onun arıq, nurlu çöhrəsinə baxaraq, hiss edirdim ki, yarım əsrdən artıq öz xalqı üçün böyük işlər görmüş bu şərəfli insan yenə nə isə xeyirli bir iş görmək, oxucularına lazımlı bir söz demək istəyir. Onun artıq geridə qalmış ləyaqətli ömrünün bir daha qayıtmayacağı məni kədərləndirirdi” (Böyük humanist. “Azərbaycan” jurnalı, 1972, №5).
…Mirmehdi Seyidzadənin “- Ey zalım!..” – deyib, şaqqanaq çəkməsi, İlyas Əfəndiyevlə İsmayıl Şıxlının yanaşı küçə balkonlarda gecənin yarısınacan ədəbiyyatla, həyatla bağlı söhbətləri, eyni blokda yaşayan Bəxtiyar Vahabzadə ilə Kamal Talıbzadənin pilləkanda rastlaşaraq ayaq saxlayıb, az qala pıçıldaşa-pıçıldaşa hakim ideologiyanın əleyhinə danışmaqları və bu ayaqüstü söhbətin bəzən özlərinin də xəbəri olmadan bir saat, bəlkə də artıq uzanması, emosional və gülərüz Məsud Əlioğlu ilə, əksinə, çox təmkinli və az danışan Əhməd Cəmilin görüşməkləri, üzbəüz qonşumuz Zeynal Xəlil və onun mehriban ailəsi yadıma düşür.
Zeynal müəllimin qayınanası, çox mülayim, xeyli yaşlı olmasına baxmayaraq, unikal gözəlliyini saxlamış, mehriban və xeyirxah Saçı xala (əsl adı Salatın idi) qazaxlı Vəkilovlardanıydı və belə deyirdilər ki, Aşıq Ələsgər Salatınla bağlı iki qoşmasını onun şəninə yazıb. Mən bu yazını yazanda Aşıq Ələsgərin ikicildliyində o gözəl qoşmaları tapıb, bir də gözdən keçirdim: söhbət “Yaraşır” (Sallana-sallana gələn Salatın…) və “Sarı köynək” (Tuti dilli, sərv boylu Salatın…) qoşmalarından gedir. Elə o ikicildlikdə rəhmətlik professor Məmməd Hüseyn Təhmasib Qurbaninin də xeyli əvvəllər Salatın haqqında yazdığı bir qoşmanı xatırladır (Aşıq Ələsgər. Birinci kitab, Bakı, “Elm”, 1972, səh. 51) və olsun ki, söhbət ayrı-ayrı dövrlərdə yaşamış eyni adlı iki gözəl xanımdan gedir.
Ancaq biz uzağa getməyək.
Saçı xalanın mənim nənəm Bilqeyis xanımla gözəl qonşuluqları var idi, ancaq bir ara araları dəymişdi, çünki başı Sistemin çox bəlalarını çəkmiş nənəm bütün varlığı ilə antisovet bir xanım idi və Lenindən, Stalindən üzü bəri Xruşşovacan bütün o rəhbərlərə nifrət edirdi. Leninə “Keçəl”, Stalinə “Bığı bəy”, Xuruşşova da “Xuruş bəy”, bəzən də – oxuculardan üzr istəyirəm – “Duduş bəy” deyirdi. 1960-cı ildə Azərbaycanda Sovet hakimiyyətinin 40 illiyi münasibətilə Nikita Xruşşov Bakıya gəlmişdi və sadədil, ürəyiaçıq Saçı xala sidq-ürəkdən Xruşşovu evə qonaq çağırmaq, onun üçün qurutlu xəngəl bişirmək istəyirdi. Bu arzusunu nənəmə də demişdi və Saçı xalanın arzusunun nənəmə necə təsir etdiyini bilmək üçün oxucu gərək Bilqeyis xanımı tanıyaydı, ancaq bir müddət keçdi və nənəmlə – bu cod xarakterli, məğrur, gözüaçıq qadınla mülayim və xoşniyyətli Saçı xalanın o gözəl və maraqlı qonşuluqları bərpa olundu.
Duzu-məzəsi, xeyirxahlığı, şirin dili (“tuti dili”!) ilə bütün Yazıçılar Evinin ehtiramını və sevgisini qazanmış unudulmaz Saçı xala ilə bağlı bir ləzzətli deyim də yadıma düşdü: Saçı xala Zeynal müəllimin xətrini sevimli oğlu kimi çox istəyirdi və onun mətin təəssübkeşi idi. Zeynal Xəlilin də, Tələt Əyyubovun da “Moskviç” maşınları var idi və Saçı xala deyirdi ki, Zeynalın maşını, Tələtin maşınından böyükdür…
…İsa Hüseynov ilə Hüseyn Abbaszadə, Hüseyn Ariflə Əkbər Ağayev, Bayram Bayramovla Ənvər Əlibəyli, Mübariz Əlizadə, Cabbar Məcnunbəyov, Yusif Əzimzadə, Ələkbər Ziyatay, Həmid Axundlu, o binanın yazıçı olmayan yeganə sakini, şuşalı musiqi xadimi Manaf Ələsgərov, Yusif Vəzir Çəmənzəminlinin, Hacıbaba Nəzərlinin ailələri, o binanın başqa sakinləri bir-bir gözümün qabağından keçir və mən bu xatirələri bir “Heyhat!..” əhval-ruhiyyəsi ilə yazıram. Bildiyim dərəcədə, indi orda yazıçılardan yalnız Afaq Məsud yaşayır və bəlkə də ora Afaq üçün kimsəsiz bir səhradır və nə yaxşı ki, o səhranın kimsəsizliyi, susuzluğu Afaqın istedadlı prozasının yaranmasına mane olmur, kim bilir, bəlkə də ona kömək edir – yaradıcılıq ki, bir sirri-xudadır. Orasını da deyim ki, o binanın mənim indicə xatırladığım dövrlərdəki ab-havası zamanı Afaq hələ uşaq idi və rəfiqələri ilə həyətdə badminton oynayırdı.
Deyəsən, mənim o Yazıçılar Evi ilə bağlı haşiyəm çox uzandı və yəqin, ona görə ki, Qabil o binada, o həyətdə hökm sürən səmimiyyətin, gülərüzlüyün, şuxluğun, bir sözlə, gözəl bir pozitivin mərkəzində olan sakinlərdən biri – birincilərdən biri idi.
Burasını da yazmaq istəyirəm ki, Qabil həm də çox ailəcanlı bir insan idi və bu barədə də söhbəti uzatmamaq üçün onun şeirlərindən birində həyat yoldaşı haqqında yazdığı yalnız elə bu bircə misranı xatırladıram: “Ağabəyim xanım – ağ saçlı çiçək…”.
3
Adam var ki, içəndə dözülməz bir məxluqa çevrilir, adam da var ki, içəndə daxili səmimiyyəti, xoşməramlı olması daha qabarıq üzə çıxır (rəhmətlik İslam Səfərli: “-İçək, səmimi olaq!” – deyirdi) və Qabil də bu cür səmimi və xoşməramlı bir insan, bir şair idi.
Arxivimdəki kağız-kuğuzlarımın arasından onun həmişəki kimi yaşıl mürəkkəblə teatrda yazdığı və ötür-ötür vasitəsilə mənə ötürdüyü belə bir zarafatyana “namə”sini tapdım:
“Dəli”n düşündürür
Adamı, Elçin!
Baxdım tamaşana
Kövrək fərəhlə!..
İndidir vurmağın
Məramı, Elçin!..
Fərəhi gül edək
Gülgün qədəhlə!
Qabil. 21 may 1998.
Bu “Qabilanə namə” Akademik Milli Dram Teatrında “Mənim sevimli dəlim” tamaşasına ictimai baxış zamanı yazılmışdı və Qabilin qaldırdığı qədəhlər həqiqətən həmişə “gülgün qədəhlər” olurdu. Həmin gün də Qabillə, Hüseyn Abbaszadə, Cabir Novruz və Bəkir Nəbiyevlə (onlar da ictimai baxışa gəlmişdilər) birlikdə gözəl bir məclis qurduq və yaddaş başdan-başa bir sirdir: uzun müddət yadıma düşməyən o xudmani məclisi birdən-birə bütün təfərrüatı ilə xatırladım, Qabilin sağlıqları o beş nəfərlik məclisdə hər dəfə ayağa qalxıb, ürəkdən gələn bir səmimiyyətlə söz deyib, badə qaldırması, elə bil, dünən imiş, gözlərimin qabağına gəldi.
İki gündən sonra “Mənim sevimli dəlim”in premyerası oldu və Qabil həyat yoldaşı Bəyim xanımla birlikdə o premyera tamaşasına da gəlmişdi.
Bu gün Qabilin bağışladığı kitablara yazdığı avtoqrafları yenidən oxuduqca, fikir məni o unudulmaz və gözəl günlərə aparır və mən İlyas Əfəndiyevin dediyi o nikbin (müsbət!) dalğaları az qala cismani hiss edirəm:
“Sadəcə olaraq mənim qardaşım, qələm dostum Elçinə Qabildən. 6.XII.1985” (Rübailər. Bakı, Gənclik, 1985).
“Ədəbi, milli, ictimai fəaliyyətilə fəxr etdiyim, xalqımızın çox lazımlı oğlu, əziz dostum, qardaşım Elçinə! Qabildən. 12. IX.1988” (Seçilmiş əsərləri, Bakı, Azərnəşr, 1988).
“Əziz dostum, qardaşım, ədib, alim, publisist, mühərrir, ictimai xadim Elçinə Qabildən yadigar.
Ağıl, kamal, insaniyyət, istedad –
Hər dördü də Allah verən fəxri ad…
Hər dördü də ömrə əsl bəzəkdir –
Bu bəzəklə Elçin xalqa gərəkdir.
Qabil. 14.V.1990″.
(Ömür həbləri, Bakı, Yazıçı, 1989).
“Əzizim – can-ciyər dostum, möhtərəm ədibimiz, İlyas yadigarı Elçinə Qabildən. 2. IX.1999” (Əslində, Bakı, Gənclik, 1999).
“Əziz, xeyirxah qardaşım, gözəl, zəhmətkeş ədibimiz Elçin İlyas oğluna Qabildən. 7.XII.2001” (İlahi qismətim, Bakı, Gənclik, 2001).
Mənim qızlarım balaca olanda onlara (kiçik qızım Aysu hələ anadan olmamışdı) “Nağaraçı” adlı uşaqlarçün yazdığı kitabı da belə bir avtoqrafla onlara bağışlamışdı:
“Qızım Günaya,
Quzum Humaya
Qabil əmidən
Kiçik yadigar,
Əziz bacılar!
Qabil. 12.IX.1982″
(Nağaraçı. Bakı, Gənclik, 1982).
4
Qabilin 50 illiyinə yazdığım məqalənin başlığı onun şeirindən götürdüyüm bir misra idi: “Axmısan hissimdə, duyğumda, şeirim…” və 80 illiyinə yazdığım məqalənin də sərlövhəsi eyni idi. Yazmışdım ki:
“Qoy, eyni adlı iki təbrik olsun.
Amma atalar üçdən deyib…
Allah qoysa, daha bir 30 il gəlib keçsin və o üçüncü “Axmısan hissimdə, duyğumda, şeirim…” yazısını da mən eyni hörmət və məhəbbətlə mütləq yazıb, şəxsən Qabilin özünə təqdim edəcəyəm”.
Köhnə bloknotlarımdan birində belə bir qeyd var:
“11 avqust 2006.
Günorta Qabil zəng çalmışdı. Məqaləyə görə təşəkkür edirdi. Çox xoşuna gəlib.
– Ancaq, Mirzə, – dedi – (hərdən mənə belə müraciət edirdi – E.) və gülə-gülə, – 30 il bir az çox döyül? – soruşdu.
– Yox, – dedim. – Nə demişəm, onu da edəcəyəm.
– Həri?
– Əlbəttə. Şirəli Müslümov 150 il yaşamışdı.
– Alə, o sovet propaqandasıydı!.. – Sonra da: – Təki sən deyən olsun, Mirzə!.. – dedi”.
O köhnə bloknotlarda belə bir tələsik qeydim də var:
– Sən Allah, Qabil, – dedim. – Sən çox yaşa, biz də sənə baxıb, çox yaşayaq.
Bir söz demədi…”.
Qabil yaşlandıqca da onun nəbzi eyni gənclik şövqü, gənclik həvəsi və istəyi ilə vururdu və o:
Bilirəm ki, uyuşmur,
Xasiyyətim yaşımla,
Barışmır ki barışmır,
Yazım qarlı qışımla…
– deyəndə tamam həqiqəti deyirdi, onun “qarlı qışla” qəti arası yox idi.
Qabil – yaz adamı idi.
Nəbinin yasındakı o söhbətdən heç üç ay çəkmədi ki, Qabil vəfat etdi.
Onun matəm mitinqini aparmaq kimi çox ağır bir missiya da mənim boynuma düşmüşdü.
İndi Fəxri xiyabanda İlyas Əfəndiyevlə qəbir qonşularıdır.
Ora gedəndə və Qabilin də məzarı qarşısında dayananda, hərdən fikrimdən bir sual keçir ki, Qabil, o tərəflərdə nə var, nə yox? Və ümumiyyətlə, bir şey varmı?
Qabil düz deyirdi, 30 il, əlbəttə, “bir az çox” idi və mən bu üçüncü yazımı da eyni adla – “Axmısan hissimdə, duyğumda, şeirim…” – adlandırıb, təəssüf ki, Qabilin özünə yox, yalnız onun oxucularına təqdim edirəm.
Qabilin məşhur “Səhv düşəndə yerimiz” şeirində hər bənd bu misralarla qurtarır və mən də onun haqqındakı bu yazını həmin misralar ilə bitirirəm: “Müsibət oluruq biz”, “Dözümsüz oluruq biz”, “Gərəksiz oluruq biz”, “Heyf… korşalırıq biz”, “Qeyrətsiz oluruq biz”,
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.
Qabil bu dünyada yeri səhv düşməyən bir şair, bir insan idi.