Deyir ki: “Atamı itirəndə cəmi 6 yaşım var idi. Tərbiyə olunmağımda, formalaşmağımda əsas yük özümdən böyük bacı-qardaşlarımın üzərinə düşüb. İstər məktəbdə oxuyarkən, istərsə də indi – həmişə intizama və dəqiqliyə xüsusi fikir vermişəm. İntizamsız, qeyri-dəqiq adamın həyatda hansısa uğur qazana biləcəyinə inanmıram. İndi orta məktəbdə oxuyarkən yazdığım gündəliklərə baxıram: orda günün hansı hissəsində futbol oynayacağım, nə vaxt qəzet-kitab oxuyacağım, nə vaxt televizora baxacağım, nə vaxt meşəyə ¬- odun-ocaq dalınca gedəcəyim dəqiqəsinəcən yazılıb. Orta məktəb yoldaşlarım arasında da savadlı oğlanlar və qızlar var idi. Təəssüf ki, cənub zonası üçün xarakterik olan qızların erkən ailə qurması gerçəkliyi və 1993-cü ilin təbəddülatları bir çoxunun potensialının açılmasına imkan vermədi. Əvəzində BDU-nun “jurfak”ında çox güclü, bu gün də yaşlı müəllimlərin hörmətlə xatırladığı 1034-cü qrupa düşdüm. Gizlətmirəm, kənddən Bakıya inamlı və iddialı gəlmişdim, az-çox nələrisə bildiyimi anlayırdım, amma həm də çox güclü qrup yoldaşlarımın əhatəsinə düşəndə daha çox oxumalı, inkişaf etməli olduğumu dərk etdim. Əslində həmin dövrün “Jurfak” mühitində inkişaf etməmək də mümkün deyildi. Müəllimlərin adlarına baxın, özünüz qiymət verin: mərhum Famil Mehdi, Şirməmməd Hüseynov, Tofiq və Akif Rüstəmovlar, Cahangir və Zeynal Məmmədlilər, Əliş Nəbili, Nüşabə Sadıqova, Sabir Xəlilov, Kərim Şükürov, Mahir İsrafilov, Əli Hacıyev , Nəsir Əhmədli və başqaları…”
Haqqında söhbət açdığım Mahir Əmirzadə oğlu Rüstəmov – 1976-cı ildə Yardımlı rayonunun Gölyeri kəndində anadan olub. 1993-cü ildə Şıxlar kənd orta məktəbini bitirib. Elə həmin il Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 1997-ci ildə bakalavr, 1999-cu ildə isə magistr dərəcəsini bitirib. Müxtəlif mətbu orqanlarında çalışıb. Hazırda Yootube platformasında veriliş aparır…
Oktyabrın 22-si Mahir Rüstəmovun növbəti ad günüdür. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Çox yaşasın!
Onun haqqında fikir yürüdənlər heç də birmənalı danışmırlar. Necə deyərlər, topa tutanlar da var, tərifləyənlər də. Təbii haldır, belə aydınlar zəmanəsində birmənalı qarşılanmasalar da, tarix onları gələcək nəsillərə örnək kimi ötürə bilir. Bəzən mənə elə gəlir ki, Fazil Mustafa ötən əsrin əvvəlində yaşamış Mirzə Cəlilin müasir taleyini yaşayır…
Doğrudur, rəsmiyyətdə müxalifəti təmsil etsə də, müxalifətdə iqtidarı təmsil edir. O, xalqın arasında hakimiyyətin yox, hakimiyyətin içində xalq adamlarından biridir…
Təsadüfən “Anews Tv” yutub kanalına verdiyi müsahibəyə rast gəldim. O qədər gözəl fikirlər söylədi ki, illərlə ifadə etməyə səy göstərdiyim, çalışıb sözə çevirmək istədiyim fikirləri dilə gətirdi. Səmimiyyətimə inanın, bu gün o, hansı siyasi platformada təmsil olunduğundan, kimi dəstəklədiyindən asılı olmayaraq, zəmanəmizin Mirzə Cəlilidir…
Gözümü açandan bu cəmiyyət “ZİYALI” anlayışını hələ də müzakirə edir. Nəhayət ki, ZİYALI kimdir sualına ən dolğun cavabı Fazil bəydən eşitdim.
Deyir ki:- “Tarixlə yaşayan xalqlar faciəvi xalqlardır. Onları tarixdən ayırıb müasir dövrə gətirməyi bacarmaq lazımdır. Xalqını özünə güvənən, öz qəhrəmanını yeni dövrün insanları arasından seçə bilən bir xalqa çevirə bilməlisən. Təəssüf ki, bu baş verməyəndə Dədə Qorqud eposunda deyildiyi kimi, insan- baş kəsib, qan töküb ad qazanmağa üstünlük verir və zəkayla ad qazanmaqdan vaz keçir.” Bəli, əsl ZİYALI xalqını özünə güvənən, öz qəhrəmanını yeni dövrün insanları arasından seçə bilən bir xalqa çevirə biləndir…
Çox yox, hər dəfə Azərbaycan parlamentində təmsil olunan 125 deputatın 110-u Fazil Mustafa təfəkkürlü, Fazil Mustafa düşüncəli və nəhayət Fazil Mustafa məzmunlu insan olsaydı, xalq öz millət vəkilləri ilə fəxr edərdi…
Fazil Mustafa mövcud sistemin yaratdığı bəsit şərait daxilində xalqın problemlərinin həllinə yarımağa can atan tək-tək vicdanlı ziyalılardandır. O, deputatlığın imkan və imtiyazlarını özünə həsr edən adamlardan yox, xalq üçün xərcləməyi bacaran insanlardandır…
Bu günlərdə onun 59 yaşı tamam olur. Müxalifətin iqtidar yönlü, hakimiyyətin müxalif yönlü deputat kimi tanıdığı Fazil bəyi yeni yaşı münasibətilə təbrik edirəm. Kim necə tanıyır tanısın, mən onu xalqımın qənimət övladlarından biri hesab edirəm. Yolu açıq olsun! Ad günü mübarək!
Deyir ki:- “Mən həyatı kifayyət qədər rəngarəng yaşamış adamam. Yazmaq istədiklərim çoxdu. Bir dəfə feysbukda yazmışdım ki, şeir ədəbiyyatın uşaqlıq dövrüdü. Mən o dövrü çoxdan keçmişəm. Ancaq adam var ki, ömrünün axırına qədər uşaq qalır, yəni şeir yazır. Amma dediyimiz maddi problemlər həll olunsaydı geniş nəsr əsərləri yazardım. Təbii ki, roman yazmaq üçün insanda zaman arxayınçılığı olmalıdı. Ümumiyyətlə, mürəkkəbliyinə görə, roman janrına bir dövlət kimi baxıram. Roman yazan yazıçıda axrayınçılıqla bərabər mütəfəkkir hökmdar beyni olmalıdı. Əsər müəllif tərəfindən dövlət kimi idarə edilməlidi.”
Deyilənlərə görə, qədim Sparta(Lakemedon) dövlətində döyüşçülərə savaşdan əvvəl ucuz başa gələn və zəngin kalorili xaş yeizdirirdilər. Xaş onlarda döyüş ruhu, tükənməz enerji, çeviklik yaradırdı. Verdiyi müsahibələrə göz gəzdirdim. Adamı məst edən gözəl, tanış bir qoxunu duydum…
“Mən ultra yeniliyə meyilli adamam. Ona görə ən müasir dünya yazarlarını oxuyuram. Daha doğrusu, audio-kitablara qulaq asıram. Müasir dünya yazarlarının əsərləri rusca səsləndirilir, qulaqcığı taxıb dinləyirəm. Mütaliə üçün çox gözəl metoddu. Nolaydı, həmin kitablar öz dilimizə də tərcümə ediləydi. Bir də daimi olaraq “Çto? Qde? Koqda?” intellektual kazino verilişlərini izləyirəm. İnternetdə axtarıb bütün proqramlarına baxıram. Həmin proqramın Rusiya, Azərbaycan, Ukrayna və Belarus verilişlərini qaçırmıram. Ümumiyyətlə, texnoloji sahədə süni intellekt inkişaf etdikcə, ədəbiyyatda da insani mövzular tükənməyə doğru gedir. Bu, qlobal prosesdi, bəlkə də bizdə bunu o qədər hiss etmirlər. Gələcək ağıllı maşınlarındı. Oxuduğum kitablar və baxdığım filmlərdən bu qənaətə gəlmişəm ki, tezliklə robotlar insanları sıxışdırıb, Yer kürəsində şahlıq edəcəklər. Bax belə bir kədərli sonluq!”- söyləyir.
Qərar verəndə bir az ləngiyir. Amma məntiqli qərar verməyi və düşdüyü mühitdə hörmət qazanmağı bacarır. Bununla yanaşı o, çox sosial insandır və əylənməyi sevir. Sevməyi və sevilməyi xoşlayır. Qayğıkeş birisidir, son tikəsini bölüşməyə hazırdır. Emosional olsa da, fəqət yaxşı həmsöhbətdir. Ədalətsizliyin düşmənidir, haqsızlığa göz yuma bilmir. Yumoru əla başa düşür. Nəzakətli və diplomatikdir…
Bəli, söhbət şair, publisist Murad Köhnəqaladan gedir. O, 1959-cu il oktyabrın 15-də Tovuz rayonunun Köhnəqala kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tovuz rayonu 1 saylı toxumçuluq sovxozunda fəhlə işləyib. Bir il sonra isə sovet ordusunda əsgəri xidmətə çağrılıb. Ordudan tərxis olunduqdan sonra Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində zərgər Sərdar Sultanovun şagirdi olub. İki il Tovuz şəhər təmir-tikinti sahəsində, beş il də Bakı şəhər metro tikintisində fəhlə işləyib. 1980-ci illərdən şerləri ilə mətbuatda çıxış etməyə başlayıb. 1985-1990-cı illərdə isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsilə yiyələnib. 1991-1992-ci illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində elmi redaktor işləyib. Avrasiya Mətbuat fondunda əlaqəçi jurnalist olub. Sonra üç il Sibirdə, Uzaq Şərqdə yaşayıb. Vətənə dönəndən sonra isə Bakı İncəsənət mərkəzinin şeir şöbəsində çalışıb. Azad Yazarlar Ocağı adlı ədəbi təşkilatın yaradıcısıdır. Müstəqil media orqanlarında bədii və publisistik yazıları ilə çıxış edir. Ona yaxın kitabın müəllifidir…
Deyir ki:- “Ədəbiyyat, yazıçılıq, şairlik o yana dursun, mən müstəqillik dövrü Azərbaycan publisistikasının yaradıcılarındanam. Otuz ildən artıqdır, işləmədiyim qəzet, jurnal, sayt qalmayıb. Ömrüm boyu da heç bir partiyanın üzvü olmamışam, heç kəsin də qarşısında öhdəlik götürməmişəm. Həmişə bir ziyalı, bir vətəndaş mövqeyində olmuşam və hər zaman da olacağam. Mən azad düşüncəli adamam. Nə hakimiyyətin, nə də müxalifətin tapşırığı ilə oturub-dururam. Müxalifət qəzetlərində yazdığım vaxtlarda belə müxalifət rəhbərlərinin sözü ilə bir cümlə də yazmamışam.”
Dəyişkən əhval-ruhiyyəyə malikdir. Necə deyərlər, kimlərlə olmasından asılı olmayaraq hər an kefi dəyişə bilər. Bəzən münasibətlərində problemlər yaranır. Narahat və stresli mühitlərdə işləməyi sevmir. Qəribə mülahizə qabiliyyəti var. Hadisələrə özünəməxsus yanaşmağı bacarır. Qadınları müdafiə etməkdən çəkinmir.
“Adətən, cəmiyyətimizdə məişət işləri qadın və kişi arasında bölünür. Şəxsən mən, ev işlərinin cinslərə ayrılmasının əleyhinəyəm. Fikrimcə, işin növündən asılı olmayaraq, fiziki gücünə görə ağır işi kişi, yüngül işləri isə qadın görməlidi. Məsələn, paltaryuyan maşını olmayan ailələrdə bir qayda olaraq, paltarı qadın yuyur. Bunun tam əleyhinəyəm. Paltar yumaq, sıxmaq ağır işdi. Paltarı kişinin yuması daha ədalətlidi. Yaxud yemək bişirmək. Bu fikirdəyəm ki, hər bir kişi istənilən yeməyi hazırlamağı bacarmalıdı. Əslində, yemək bişirmək elə kişi işidi. Qadını ağır işlə yüklədikdən sonra ondan zəriflik ummaq artıq əbləhlikdi.”
Yox, yox! Birdən elə bilərsiniz ki, yaşının bu vaxtında AQP-yə üzv olub, əsla yox. Onun Arvaddan Qorxanlar Partiyasından(A.Q.P.) xəbəri yoxdur…
Nə isə, oktyabrın 15-i Murad Köhnəqalanın 65 yaşı tamam olur. Qoy qələmə aldığım bu yazı, onun yubileyinə yazılacaq yazılar sırasında birinci olsun! Çox yaşasın!
Öz aramızdır, bizim Səlim Babullaoğlu az aşın duzu deyilmiş, əsl insan sərrafıymış. Harada bir zəkalı, zirək adam varsa, məlum olur ki, onun dostudur. Onlardan biri də Fərid Hüseyndir. Zarafat deyil, Fərid 2021-ci ildə Serbiya Respublikasının Semska Mitrovika- İmperatorluq şəhərinin fəxri vətəndaşı seçilib və adı Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə vurulub. Elə həmin ildə də AYB-nin katibliyinin və Üzvlüyə Qəbul Komissiyasının, həmçinin, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvüdür. Şeirləri Türkiyə, qazax, özbək, qırğız türkcəsinə və ingilis, rus, belarus, ukrayna, serb, gürcü, rumun dillərinə tərcümə edilərək dünyanın müxtəlif ölkələrinin mətbuat orqanlarında çap olunub. Məşhur filmdə deyildiyi kimi; “Sən bundakı fərasətə bax, gedib gör haralara çıxıb.” Əlbəttə ki, bu bir bahar zrafatıdır. Fərid Hüseyn sözün əsl mənasında parlaq istedadlı, itizəkalı gəncdir. Bu gün məhz, elə ondan söhbət açmağa səy göstərəcəm…
Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir şəhərində dünyaya gəlib. 2006-cı ildə M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin “Nəşriyyat işi və redaktəetmə” ixtisasına, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin iki illik “Yaradıcılıq” fakültəsinin “Poeziya” bölümünə daxil olub. Hər iki universiteti 2010-cu ildə bitirib. Sonra ADMİU-nun “Kultralogiya” fakültəsinin “Mədəniyyətşünaslıq” ixtisası üzrə magistr təhsili alıb…
Şeir yazmağa orta məktəbdə oxuyanda start verib. On-on iki şeir yazandan sonra həvəsdən düşüb və şairlik fəaliyyətini dayandırıb. Bir də universitetə qəbul olunandan bir qədər sonra, özündə daxili ehtiyac duyaraq, yenidən şeir yazmağa başlayıb. Əvvəl elə bilib ki, hisləri, duyğuları özünəməxsusdur, ancaq oxşar şeirlər ortaya çıxanda anlayıb ki, bu yamsılamaya oxşayır. Sonra ədəbi mühitlə tanış olmağa başlayıb. Görüb ki, ədəbi mühitə qoşulmağın da, öz mənfi tərəfləri var. Burada meyar başqalarının zövqü olur…
Deyir ki,- “İndiki ağlımla düşünürəm ki, şair üçün meyar daha çox onun öz zövqü olmalıdır. O da ancaq şair öz səsini tanıyandan sonra başlayır. Şair kimi öz səsini tanıyanda artıq təsirlə yazmırsan, heç kimi yamsılamırsan. Yamsılayan şairlər qədimlərdə də olub, indi də var. Nizami Gəncəvi yazırdı ki, yamsılamaqla şair olunsaydı, onda meymun hamıdan böyük şair idi. Çünki meymunun hərəkətlərinin 90 faizi təqliddir.”
2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində faəliyyət göstərən “Gənc ədiblər məktəbi”ni bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və “Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri” mövzusunda elmi iş üzərində çalışır. Serbiya Yazıçılar Birliyinin üzvüdür. 2019-cu ildə AYB-nin Gənclər Şurasının sədri seçilib. İki dəfə- 2010 və 2021-ci illərdə Prezident təqaüdünə layiq görülüb. On beşə yaxın kitabın müəllifidir…
Şeirlərində mövzu rəngarəngliyi var. Mütaliəni xoşlayır, adətən şeir oxumaqdan zövq alır. Yazılarının böyük əksəriyyəti də poeziya haqqındadır…
“Qəribədir, bizim ədəbiyyatda bir sıra şairlər ayrılıq haqqında şeiri 40 yaşında da, 50 yaşında da, 20 yaşında da eyni cür ifadə edir. Demək, o sevgiyə münasibətini mərhələ-mərhələ ötürür, içində dövr dəyişimi yaşamır. Son kitabımda – “Bir də heç vaxt”da minimalist şeir nümunələri, haykular, “Şəhərlər və şeirlər” bölməsi, dini-fəlsəfi şeirlər, sevgi şeirləri var. Artıq bir mövzunu yazıb qapadıram, mümkün qədər təkrar mövzularda yazmamağa üstünlük verirəm. Məni indi iki mövzuda şeirlər düşündürür. Biri açarlardır. Bəli. Açarların həyatımızda özünə xas fəlsəfəsi var. Biz nə qədər kirayə evlər, iş yeri dəyişirik. Həyat hər dəfə hansısa qapını üzümüzə bağlayır, hansınısa açır. Bunun fəlsəfəsini, insan taleyindəki rolunu açarların timsalında poeziyada canlandırmaq istəyirəm.”- söyləyir.
Fərid Hüseyn “Eşq” kitab seriyasını da təsis edib. Onun rəhbərlik etdiyi kitab seriyasından Məmməd Orucun “Oyun havası”, Eldar Baxışın “Sərçə balası”, İsi Məlikzadənin “Qırmızı yağış”, Asif Atanın “İnam və şübhə”, Serkanın “İtkin gül”, Tuğrul Tanyolun “Sən əlimdən tutanda”, Adnan Özerin “Kasıbın eşq nəğməsi”, Gjeke Marinajın “Sevginin 24 saat”, Koman Şovanın “Sevginin izi ilə” əsərləri işıq üzü görüb…
Necə deyərlər, gəncliyinin pik nöqtəsinə gəlib çatıb. Gələn ildən ona gənc yox, “cavan oğlan” da demək olar. Şuşaya- M.P.Vaqiflə bağlı tədbirə gedəndə AYB-nin katibi Səlim Babullaoğlu onu təqdim edib haqqında xeyli danışdı. Doğrusunu deyim ki, ilk baxışda gənclik məğrurluğu ilə seçilən, cəldliyi ilə fərqlənən bu insanın haqqında elə o vaxtdan maraqlanmağa başladım. Yazılarını, bir neçə şeirini oxudum. Bu şeirlərdə lirika zəif olsa da, amma fəlsəfi baxımdan göəl poeziya nümunələridir. “Baqi bədəl” şeirində yazır;
Açarlar verir hesabat kilidləri kiridikcə. Şam boynudur miskin həyat qalınlaşır əridikcə.
Qaliblərsə sıralanıb bir ağ yaylığın fonunda. Təcrübələr xırdalanır sınıq ayna şablonunda.
Quş sükutu dimdikləyir yorğun heykəl kölgəsində. Hamı bir dəfə səsləyir, Azan isə sonsuz dəfə.
Onun publisistika dilinə isə söz ola bilməz. Özünəməxsus üslubu var. Təhliletmə qabiliyyəti, hadisələri düzgün dəyərləndirmə bacarığı, “obyektə” yanaşma tərzi fərqlidir. Elə poeziyaya da fərqli yanaşır. Ənənəvi şeirdən, necə deyərlər, yan qaçmağa üstünlük verir…
Deyir ki,- “Adətən şairlər yaradıcılığında ədəbi normaları qorumağa çalışırlar. Hansı şair ki, o normaları pozur, yaxşı şeirlər yaza bilir. Peterburqda Anna Axmatovanın ev muzeyində olanda bələdçi bir qadın maraqlı bir hadisə haqqında məlumat verdi. Deməli, Rusiyanın baş senzorlarından biri, Ştuçka ləqəbli erməni varmış. Senzura vaxtı Axmatovanın kitabının çapına icazə verməyib. Bir dəfə Axmatova ilə yolda qarşılaşır. Deyir, sizi təbrik edirəm, şeirlərinizi oxudum, çox xoşuma gəldi. Axmatova sevinir ki, şeirlər bəyənilibsə kitabı çap olunacaq. Senzor isə deyir: “Sizin şeirləriniz çox gözəldir, amma kitabınız çap olunmayacaq”. Şeirlərin bəyənilməsi o dövr üçün əslində, sən deyən də xoşagələn məsələ deyilmiş. Bertolt Brextin “Kitablar yandırılır” adlı şeiri var. Hitlerə müraciətlə yazılıb. Məzmunu belədir: bir şair yandırılacaq kitabların siyahısını görür və qəzəblənir ki, niyə mənim kitabım yoxdur o siyahıda, axı mən də həqiqətləri demişəm. Səlahiyyətli adamlara məktub yazıb xahiş edir ki, kitablarımı yandırın. Senzuranın mövcud olduğu ölkələrdə belə faciələr yaşanıb. Sovet dövründə şairlər istər-istəməz senzura ilə hesablaşırdılar. Növbəti bir problem isə bu günün özündə də var- şair gündəmə uyğun populyar şeiri ilə şöhrət qazanır və həmin mövzuların içində itib-batır, bədbəxt olur. Sənə deyəndə ki, bu mövzuda yazdıqların yaxşıdır, sən artıq köklənirsən başqalarının zövqünə. Başqasının zövqü də onun düşüncəsini qəbul etməkdir. Ancaq sənin həyatın, yaşantıların birə-bir başqalarının düşüncəsidirmi? Əsla. Belə olanda sən başqasının düşüncəsini ifadə etməyə başlayırsan və nəhayət öz ürəyinin səsini qapı dalından eşdirsən.”
Bəli, Səlim Babullaoğlunun mənimlə tanış etdiyi, bu gənc şairin yaradıcılığa fərqli yanaşması təbiidir. Çünki bu qədər şairin arasında seçilmək üçün, poeziyaya yeni nəfəs gətirməyi yalnız gənclər bacara bilər…
Oktyabrın 9-da Fəridin 35 yaşı tamam olur. Yəqin ki, dostlarının da deməyə, yazmağa sözləri olacaq. Qoy bu balaca yazı məndən ona yubiley hədiyyəsi olsun!..
Bu gün sizə Teymurdan söhbət açmaq istəyirəm. Əmir Teymurdan yox ha, Azərbaycan vokal sənətinin ustadı Teymur Əmrahdan…
Mülayim, qayğıkeş, necə deyərlər, ipə-sapa yatan adamdır. Ömrü boyu heç kimlə mübahisə etməyib. İnsanlarla ünsiyyətdə məmnunluq və mədəni münasibətlər əsasında davranır. Hər adamda nəysə bir müsbət cəhət görə bilir. İştirakçısı olduğu rəngarəng situasiyaların öhdəsindən çox asanlıqla gəlir. Hər kəsi olduğu kimi qəbul etməyi bacarır. İntellektual və ruhi-mənəvi enerjiyə malikdir. Səliqə-səhmanı xoşlayır. Hətta vasvasılıq səviyyəsində təmizkarlığa diqqətlidir, natəmizlikdən diksinir. Evinə kimsə gedərsə gördüklərindən yaxşı mənada, dəhşətə gələr…
Teymur Əmrah 1971-ci ildə Gəncə şəhərində dünyaya gəlib. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarembovun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur “Qarabağ bülbülləri” ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Qafarova olub. 1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən görkəmli Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb. 1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda ilk dəfə solo konsert keçirib. 2005-ci ildə “Azəristar” layihəsinin vokal müəllimi kimi fəaliyyət göstərib. 1990-cı ildən Azərbaycan Dövlət Teatrlarında yaradıcılıq, yubiley və anım gecələrinin təşkilatçısı kimi fəaliyyət göstərir. Bunlardan Şövkət Ələkbərova, Oqtay Ağayev, Məlik Dadaşov, Ələddin Abbasov, Firudin Mehdiyev, Natavan Şeyxova, Vaqif Şərifov, Məmmədəli Balayev və başqalarına həsr olunan tədbirləri sadalamaq olar. Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs deyib. 20 il Azərbaycan Dövlət Mahnı Teatrında solist kimi fəaliyyət göstərib. 2012-ci ildə Azərbaycan estrada sənətinin inkişafında xidmətlərinə görə dövlət başçısının sərəncamı ilə əməkdar artist fəxri adına layiq görülüb…
İfa etdiyi əsərləri böyük sənətkarlıqla dinləyiciyə çatdıra bilir. Bu səbəbdən də insanların sevgisini qazanıb. Mahnıları oxuyarkən dinləyiciyə müsbət enerji, məmnunluq, ilahi bir təskinlik ötürə bilir. Onu dinlədikdə insanın ruhu qəribə bir aləmə düşür, həzz alır, rahatlıq tapır. Çünki ürəkdən ifa edir, necə deyərlər, hər dəfə oxuyarkən ürəyinin yağını xərcləyir…
Deyir ki,- “Həyata gəlmişəmsə, bu, Allahın bir mükafatıdı. Bir balaca səs verib, bu da ikinci mükafatıdı. Bu gün bir tikə çörək pulu qazanıramsa, bu da bir mükafatdı. Həmişə Allaha şükür edərək yaşamışam. Atam vəfat edəndən sonra anam mənə baxa bilmədi. Hər bir ailədə faciə ola bilər və mən bu səbəbdən uşaq evində böyümüşəm. Amma ailədə əxlaqsız olarsa, bu çox pis damğadı. Mən müğənniyəm, mənə nə istəyirlər desinlər, amma ailəmə sataşmasınlar. Şükür ki, bizdə elə bir problem də yoxdu. Mən ailəmlə fəxr edirəm. Bakıya özüm – heç kimsiz gəlmişəm və gimnaziyaya daxil olmuşam. İstəsəm, narkoman, oğru, xidmətçi də ola bilərdim. Amma mən oxudum, çünki musiqiyə böyük marağım var idi. Uşaq evində hind filmləri nümayiş olunurdu. Orda səslənən mahnıları dinləyirdim. Sonradan təhsil aldıqca Emin Sabitoğlu, Tofiq Quliyev, Elza İbrahimova, Oqtay Kazımi, Rauf Hacıyev və digərlərini tanıdım və sevdim. İllər ötdükcə onların repertuarına sadiq qaldım. Mənim müəllimlərim Şəfiqə Məmmədova, Məlik Dadaşov kimi korifeylər olub. Akademiyada Firudin Mehdiyevdən fərdi dərslər almışam. O, dahi Bülbülün ilk tələbəsi olub. Boynuma alıram ki, mənim ifa tərzim iyirmi faiz Flora Kərimovaya bənzəyir. Ancaq səksən faiz özüməm. Heç tam bənzəyə də bilmərəm, çünki kişinin diapazonu başqa, qadınınkı başqadır…”
Onun da öz tələbələri var. İki tələbəsi- Prezident mükafatçısı Amil Həsənov və xalq artisti Samir Cəfərov “Qızıl kitab”a düşüb. Digər tanınmış tələbələrindən Ayaz Qasımov, Zamiq Hüseynov, Elton Hüseynov, Vüsal Hacıyev, Samir Piriyev, Sima Qasımova, Elvin Abdullayev, Xalq ulduzu müsabiqəsinin qalibi Tural Salmanov, Mirkamil Kamilov, İradə İbrahimova, Əli Əliyev və əməkdar artist Sevinc Sarıyevanın adlarını çəkmək olar…
“Artıq 53 yaşım var və özümü xoşbəxt sayıram. Bu müddət ərzində məni sevənlərin evlərində qaldım. O insanlar həftələrlə evlərini mənə etibar edib, getməkdən çəkinmirdilər. Söz aparıb-gətirib, ailə dağıdıb, bala yetim qoymamışam. İnsan alverinə nifrət edirəm. Mən ideal da deyiləm. Heç kim ideal deyil, ideal Allahdı. Mənə desələr ki, səndə bu səhv var, doğrudursa, qəbul edib boynuma alaram. Əgər məndə olmayan səhvi də boynuma qoymaq istəsə, o insanı məhv edərəm! Sənətimi pisləsələr, lap elə fəxri adımı da əlimdən alsalar məni incitməz, ancaq mənə şər atılarsa, bu məni çox incidər. Bu dünyada olmasa da, bilirəm ki, o biri dünyada görüşəcəyik və haqq yerini tapacaq.”- söyləyir…
Bəli, haqqında söhbət etdiyim Teymur Əmrahın həqiqətən də Azərbaycan estrada sənətinin inkişafında həm bir müəllim və həm də bir ifaçı kimi özünəməxsus xidmətləri var…
Oktyabrın 8-i onun növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram. Çox yaşasın!
Biz Cəlal Bəydilli ilə bir neçə ildir ki, qonşuyuq- eyni binada yaşayırıq. Yüz səksənə yaxın ailənin yaşadığı bu binanın cəmi bir giriş-çıxışı olduğu üçün onunla tez-tez üz-üzə gəlirik. Sadə, mehriban adamdır. O qədər təvazökardır ki, yaxından tanımasan, nə elmlər doktoru, nə də ki, məsul vəzifədə çalışdığını hiss etməzsən. Adama elə gəlir ki, haradasa müəssisələrin birində çalışan sadə peşə sahibidir…
İnsanları yaxşı tanıyır. Qayğıkeş olduğundan son tikəsini bölüşməyə hazırdır. Səbirli və təmkinlidir. Bu illər ərzində onun kiminləsə, nəyə görəsə mübahisə etdiyinin şahidi olmamışam. Ən gözəl xüsusiyyəti isə odur ki, insanlarda mənfi yox, müsbət xüsusiyyətlərə önəm verir…
Deyir ki:- “Şairlər böyük şəhərlərin “cəhənnəmindən” yetəcək qədər danışıblar. Bodler iri şəhərə “ölümün kölgələr ölkəsi” deyirdi… Doğrudan, gün keçdikcə böyük şəhərlər üzərində daha az ulduz görünür. Günəşi belə unutmaqda olan şəhər insanının ulduzlara tamaşa etmək heç ağlına gəlməz. Hərçənd ulduzlar öz varlığının fərqinə varanlar üçün ümid işığıdı – insana daim var olduğunu xatırladar. Ancaq ulduzların səpələndiyi göylər aləmiylə əhatəli kənd adamından fərqli olaraq şəhər adamı ulduzlu səmanı seyr edə bilmir. Yəqin bu üzdəndi, artıq sevməyi də bacarmır… Günəşin, Ayın, ulduzların… Allaha səcdə etdiyini görmədən necə sevsin?..”
Onun üçün tarazlıq çox böyük əhəmiyyət kəsb edir. Həyatda nəyinsə həddən artıq olmasını xoşlamır. Tarazlığın, ölçünün pozuiduğu yerdə harmoniya və mütənasibliyi bərpa etməyə can atır. Çox həssas insandır. Özündən əvvəl başqalarının reaksiyalarına diqqət yetirməyə meyllidir. Estetik hisslərinin inkişaf etdirilməsi, ictimai sahədə fəal olması onu sevilən, hörmətli insan kimi tanıtdırır…
“C.Meriç deyir ki, “renessansdan bu günəcən ötən tarix antik çağların yabançısı olduğu bir dərd aşıladı insanlığa”. Kökü “fabriklərin uğultusunun İsrafilin suru kimi insanlığın yuxusunu qaçırdığı” sənaye inqilabları dövrünəcən uzanan bir dərd: “angoisse”… bir inamsızlıq duyğusu olaraq özünü göstərir. “Angoisse” hiss edən fərd sıxıntısının qaynağını bilməz… Cismani baxımdan nəfəs darlığı ilə bəlli edər o özünü, döş qəfəsində bir sıxıntı hiss edər, tərləyərsən, nəbzin daha sürətlə vurar. Çox vaxt əllərin-ayaqların titrər və canına ümumi bir halsızlıq gələr…” Və başqalarından daha çox seçilmək istədikcə, o boğuntu qarşısında bir elə çox çarəsiz qalarsan.”- söyləyir…
Cazibədarlığı ilə münasibətlərdə son dərəcə təsiredici ola bilir. Dərin hisslərə qapılmamağa üstünlük verir. Azadlığına önəm verməyi, müstəqilliyini qoruyub saxlamağı bacarır. Amma tənhalıqdan da zəhləsi gedir. Komandada çalışmağı xoşlayır…
Bir vaxtlar eyni elmi kollektivdə çalışdığı, filologiya elmləri doktoru Seyfəddin Rzasoy onun barəsində söyləyir:- “Cəlal Bəydili (Məmmədov) müasir Azərbaycan filoloji-folklorşünaslıq fikir məkanında xüsusi məna sahəsi, daha doğrusu fikir paradiqması yaratmış alimdir. Akademik fəaliyyətinə “Dədə Qorqud” obrazının təhlili ilə başlamışdır. Bu obrazı türk etnik-mədəni ənənəsinin məna qatları boyunca araşdırmaq gənc alimə türk eposuna çox geniş prizmadan baxmağa imkan vermişdir. Bu cəhətdən, müəllifin namizədlik dissertasiyası Dədə Qorqud obrazı ilə bağlı ciddi elmi qənaətlərlə zəngin olub, bu gün də qorqudşünaslığın əsas qaynaqlarından hesab olunur. Cəlal müəllimin müəllifi olduğu “Türk mifoloji sözlüyü” adlı izahlı lüğət həm həcmi, həm terminoloji tutumu, həm də elmi səviyyəsi baxımından Azərbaycan humanitar-filoloji fikir məkanında xüsusi hadisədir. Mifoloji lüğət – “mifin dili” deməkdir. Bu dili öyrənmək, onun kodlarını, şifrələrini, semiotik məna çalarlarını öyrənmək və sistemləşdirmək ömürdən illər və ağır zəhmət tələb edən hadisədir. Cəlal Bəydili (Məmmədov) ömrünün bir çox qiymətli illərini bu möhtəşəm abidənin yazılmasına sərf etdi və Azərbaycandilli elmi məkanı son dərəcə qiymətli abidə ilə zənginləşdirdi. Cəlal müəllimin elmlər doktorluğu dissertasiyası da fundamental elm hadisəsidir. Bu iş türk mifoloji obrazlarının strukturu və funksiyası probleminə həsr olunmuşdur. Bu sahə ilə məşğul olan insan kimi deyə bilərəm ki, türk mifoloji obrazlarına bu kontekstdə yanaşma bütün dünya türkologiyasında ilk dəfə Cəlal Bəydili (Məmmədov) tərəfindən həyata keçirilmişdir. Cəlal məndən bir neçə yaş kiçikdir. Müxtəlif ali məktəblərin filologiya fakültələrinə eyni vaxtda daxil olmuşuq. Tələbəlik illəri də gözümün qabağında keçib. Onun tələbəliyi kitabla keçdi. Kitab onun dünyası idi və indi də elədir. Miflərin, əfsanələrin, hikmətli sözlərin vurğunudur. Biləsuvar rayonunda bir neçə il müəllim işlədi. Şagirdləri indi də öz sevimli müəllimi ilə əlaqə saxlayırlar. O, çox prinsipial insandır. Elmin mənafeyinə çox ciddi yanaşır və bu məsələlərdə nadir hallarda güzəştə gedir. Buna görə də bir qədər “soyuq adam” təsiri bağışlayır. Əslində isə Cəlal müəllim sadə qəlbə, düzgün dəyərlərə əsaslanan prinsipial xarakterə malik insandır və bir alim kimi həmişə elmi həqiqət daşıyıcılarının yanında durur. Cəlal müəllimə, onun ailəsinə, sevdiklərinə və onu sevənlərə can sağlığı arzulayıram.”
Deyir ki:- “…İnsanların bir-birilə bağlanmamağı, ünsiyyət saxlamamağı, təmas qurmamağı və könüldaş olmamağı əslində əsrarəngiz tərzdə “Tanrıdan uzaq” olmaqlığın özüdür. Şəhərə təbiətin ahəngini qatmayan, əksinə, bu ahəngi büsbütün özündən qovan meqapolis artıq içərisində Allahın yer almadığı bir məkandır. Şəhərlər böyüdükcə dindarlığın azalmağı yəqin bu üzdəndi… Amma modern “həyatın sıxıntı və fəlakətlərinə də ancaq din ilə müqavimət göstərmək” olardı. “Dövrümüzün ən mühüm icadını soruşsaydınız, tərəddüd etmədən deyərdim: individ”. İri şəhərin tənha insanının varlığını təhdid edən, yaşamağı gözündə mənasızlaşdıran sıxıntı məhz “individ” olmağı üzündən meydana çıxıbdır. Bu ifrat fərdiyyətçiliyi onu inancdan məhrum qoydu, mənəvi dünyasını viranəyə çevirdi. Çəkdiyi sıxıntı, yaşadığı üzüntü bu üzdəndir. Fərqinə varmadı ki, “Tanrısı olan birini sıxıntı əsla ələ keçirə bilməz”. Bax, mənəviyyatı belə zəif olan, könül dünyalarında dərin boşluq yaranan və kim olduğunu unudanlardı o məşum dərin tənhalıq duyğusuna qapılanlar. Vəhdaniyyət hissindən məhrumiyyətin, parçalanmışlığın gətirdiyi qorxu içində isə heç hansı dəyərə bağlı qalmadan, həyata məna vermədən çox da uzun yaşamaq olmur. Müasir şəhərlərin dayanılmaz sıx informasiya məkanı tənhalığı ən şiddətli dərəcəyə çatdırdı. Meqapolislərdə yaşayanların çoxunun özünəməxsus qəribə psixi xassəli olmağı həm də ona görədir… Bu gedişlə günümüzün nəhəng şəhərləri bir neçə nəsil sonra həyat üçün yararlı olmaqdan çıxıb yaşanılmaz hala gələcək…”
Bəli, haqqında söhbət açdığım Cəlal Bəydilli maraqlı və məzmunlu insandır. Onu tanımaq, ünsiyyətdə olmaq böyük şərəfdir. İnsanlara sevgin, məhəbbətin, ehtiramın artır…
Oktyabrın 9-u Cəlal müəllimin 60 yaşı tamam olur. Ona möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulayıram… Çox yaşasın!
Güclü analitik düşüncə bacarığı var. Problemləri tez bir zamanda müəyyənləşdirə və bu problemləri həll etmək üçün səmərəli yollar tapa bilir. Səmimi və etibarlı dostdur. Başqalarına kömək etməkdən xoşlanır və bu səbəbdən də onu etibarlı məsləhətçi, doğru yol göstərən kimi tanıyırlar. Özünütəkmilləşdirmə və öyrənmək qabiliyyəti yüksək səviyyədədir. Yeni biliklər əldə etmək və öz bacarıqlarını inkişaf etdirmək üçün daim çalışmaqdadır. Sağlam həyat tərzinə və fiziki rifaha böyük önəm verir.
Dekanlığı cavan vaxtına düşüb. Rəbərlik etdiyi kollektivdə hamı ondan yaşca böyük olsa da, əksəriyyəti nə vaxtsa ona dərs dediyindən, müəllimlərə hörmətlə yanaşıb, necə deyərlər, arada pərdə saxlayıb. Ona görə də daha çox tələbələrlə təmasda olub. Tələbələrinin dediklərinə görə isə, dekan işlədiyi zamanlarda sadəliyi ilə hamıya örnək göstərilib. Həm də söyləyirlər ki, deputat olandan sonra çox dəyişib…
Deyir ki,- “Əslində xarakter dəyişmir, imkanlar dəyişir. Nə bilim, bəlkə də dəyişmişəm. Mən çalışıram ki, dəyişməyim. Çox vaxt da dəyişmədiyimi deyirlər, bu da mənim xoşuma gəlmir. Bütün ömrün boyu dəyişməmək də bir şey deyil. Ola bilsin ki, deputatlıq yaşlı vaxtıma düşdüyü üçün, insanlarla cavanlığımdakı kimi çox ünsiyyətdə olmuram…”
Haqqında söhbət açdığım Nizami Cəfərov 1959-cu ildə Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Azərbaycanda Atatürk Mərkəzinin direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvüdür. 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, 2022-ci ildən isə “ADA” Universitetində “Azərbaycançılıq” kursunu tədris edir. Bir sıra orden və medallara layiq görülüb…
Bəzən çox tələbkar və tənqidçi kimi görünür. Bu onun mükəmməllik axtarışı, bəzən özünə və başqalarına qarşı həddindən artıq tələbkar olmasından irəli gəlir. Qüsurları tez görmək xüsusiyyəti var…
Deyir ki,- “Dilin qaydalarının hər cür pozulmalarına qarşı mübarizə aparmaq vacibdir. Biz o zaman “Dövlət dili haqqında” qanunu müzakirə edəndə dil polisinin yaradılması haqqında məsələ qaldırılmışdı. Düzdür, ona getmədik, ancaq bununla yanaşı, cərimələr tətbiq olunmalıdır. Bakı şəhərinin reklam örtüyündə və ya küçə adında hansısa hərf səhv yazılıbsa, buna görə həmin rayonun icra hakimiyyəti cavabdehdir. İcra hakimiyyətində bu məsələlərə baxan qorum var. Onlar onu yazan şirkətə dərhal xəbərdarlıq etməlidirlər. Əgər xəbərdarlıqdan sonra da səhvlər düzəlməsə, o zaman cərimə tətbiq olunmalıdır. Burada söhbət hansısa qurumun cərimələnməsindən getmir, əsas odur ki, dilimizin qaydaları pozulmasın…”
Görəcəyi işləri planlaşdırmağa və idarə etməyə çalışır, bu da onda narahatlıq hissi yaradır. Hər şeyi ölçüb biçməmiş addım atmır, risklərdən çəkinir…
“Dil elə şeydir ki, onu gərək orta məktəbdən öyrənəsən. Mən inana bilmirəm ki, sonradan jurnalistləri yığıb onlarla orfoqrafiya qaydalarını öyrətmək olar. Bu ona bənzəyir ki, danışıq tərzi oturuşmuş adama təzədən danışmağı öyrədirsən.”- söyləyir…
Dediyinə görə, daha çox müasir ədəbiyyatın klassikasını oxuyur: Nəriman Həsənzadə, Anar, Elçin, Fikrət Qoca, Afaq Məsud, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Çingiz Əlioğlu, Mövlud Süleymanlı, Yunus Oğuz onun mütaliə etdiyi müəlliflər sırasındadır.
Deyir ki,- “Yunus Oğuz mənim dostumdur, ona görə hər cümləsini oxuyuram və yazdıqlarını çox bəyənirəm, deyim niyə? Yunus Oğuz modernist deyil, amma tariximizin bütün mərhələlərini dövrün xarakteri ilə, həm də yüksək etnoqrafik-siyasi mükəmməlliyi ilə verir. Onun əsərlərində fundamentalizm var. Öz vətənini, xalqını sevən hər bir azərbaycanlı o fundamentalizmdən keçməlidir.”
Qəribə adamdır, hər şeyin rəvan getməsi üçün onun xüsusi üsulları var. Yatacağı yer mükəmməl olmadıqda yatmamağa üstünlük verir. Ondan stəkanının yarısı dolu, yoxsa yarısı boş olduğunu soruşmağa ehtiyac yoxdur, çünki onun üçün stəkan həmişə çirklidir. İlk görüşdə soyuq adam təəssüratı yarada bilər, isinmək üçün bir az vaxt lazımdır…
Bəli, Nizami Cəfərov təkcə elmdə AKADEMİK deyil, həm də insanlığın AKADEMİKlərindən biridir. Sentyabrın 21-də 65 yaşı tamam olur. Onu ad günü münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Təmənnasız adamdır, imkanı, gücü daxilində başqalarına kömək etməyə hazırdır. Çalışqan, işgüzar və əzmkardır. Səiqə-səhmanı xoşlayır, çoxuna nisbətən daha sağlam həyat tərzi keçirir, çox səbirlidir. Necə deyərlər, iti gözləri var- ən xırda təfərrüatları görür. Dərin zəka və ağlı sayəsində gözəl müşahidəçidir. Ətrafa nüfuz etmək qabiliyyəti fitrətindən gəlir. Əşyaların quruluşuna, insanların rəftarına çox diqqətlidir. Öz üzərində işləməyi bacarır- bir işi ən yaxşı tərzdə görmək üçün zəruri olan vərdişlərə yiyələnməyə can atır. Bunun üçün kifayət qədər səbri və dözümü var…
Deyir ki,- “Vəzifə yüksəlişinə can atmaq heç vaxt ağlımdan keçməyib. Çünki hər bir tərəqqinin nə vaxtsa tənəzzülə uğrayacağına əminəm. “Ədəbiyyat qəzeti”ndəki baş redaktorluq görəvim məndən heç nə almadı. Əksinə, ədəbi ideallarımı gerçəkləşdirmək baxımından geniş imkanlar açdı. Müasir Avropa ədəbiyyatına doğru yola çıxdıq. Ədəbiyyatımızı dünya ədəbiyyatı ilə paralel təqdim etdik. Burda həm Apoliner var, həm də Çingiz Əlioğlu, həm Musa Yaqub, həm də Bodler var. Həm Rembo var, həm də Məmməd İsmayıl. Həm Sabir Rüstəmxanlı, həm də Adonis. Həm Nəriman Həsənzadə, həm də Andre Morua. Həm Anar, Elçin, Kamal Abdulla, həm də Rolan Bart var. Həm Nizami Cəfərov, həm də İvan Qoll. Həm Vaqif Səmədoğlu var, həm də Van Qoq. Həm Mircavad var, həm də Pirosmani. Həm Vaqif Mustafazadə var, həm də Bayron. Həm klassika, həm sürrealizm, həm də postmodernizm. Ən əsası, bütün yersiz qarşıdurmaları, mənasız qovğaları görməzdən gəlib ədəbiyyatı önə çəkirik…”
Bir işi öyrənməmişdən əvvəl onu yaxşı başa düşməyə çalışır. Səmimiyyətinə söhbət ola bilməz. Məntiqi hər zaman hisslərindən yüksək tutur. Bəzən dostları arasında və şəxsi həyatında ciddi çətinlikləri olur. Hərdəmxəyal adamlardan uzaq olmağa çalışır…
1963-cü ildə Neftçalada anadan olub. Orta təhsilini doğma yurdda alıb. Sonra Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Neftçala İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. “Yeni Azərbaycan” qəzetində humanitar şöbənin müdiri, “Ədəbiyyat” əlavəsinin məsul redaktoru olub. “Ədəbiyyat qəzeti”ndə baş redaktorun müavini, baş redaktor əvəzi vəzifələrində çalışıb. Hazırda “Ədəbiyyat qəzeti”nin baş redaktorudur. “Hüseyn Cavid yaradıcılığının ədəbi-fəlsəfi qaynaqları” mövzusunda dissertasiya müdafiə edib. Filologiya üzrə fəlsəfə doktorudur…
Əlbəttə ki, söhbət Azər Turandan gedir. Bir sıra mükafatların laureatıdır. Prezident Təqaüdünə layiq görülüb. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı və TÜRKSOY tərəfindən “Vamberi” medalı ilə təltif olunub..
O, həm də yüksək təşkilatçılıq bacarığı ilə tanınır. Nizam-intizamı sevir və hər şeyi müəyyən bir qayda ilə etməyi xoşlayır. Onu əhatə edən kiçik detalların belə fərqinə varır və onları diqqətlə nəzərdən keçirir, bu da ona həm işdə, həm də şəxsi həyatda çox vaxt uğur gətirir…
Bəli, mən Azər Turanı belə tanıyıram. Sentyabrın 16-sı onun həyatında əlamətdar günlərdən biridir. Çünki 61 il bundan öncə həmin gün dünyaya gəlib. Gəlin, Azərbaycanın bu dəyərli oğlunun sevincinə sevinc qatıb, onu ad günü münasibətilə ürəkdən təbrik edək. Çox yaşasın!
Əslində, hər bir şair bu dünyada anadan olan, amma alayı bir aləmdən göndərilən elçidir. Bu dünyadan ona qalan ad və təxəllüs, bu dünyada saxladıqları isə gətirdikləri olur. Bu gün sizə onlardan biri- şair Naibə Yusubludan söhbət açmağa səy göstərəcəm…
Deyir ki;-“Arzum dünyada Azərbaycanımızın xüsusi dəst-xəttini görmək; təhsilimizə ayaq açan yad ünsürləri aradan qaldırmaqdır. Niyə gizlədim, sovet dönəmindən qalma pafoslara, mədhiyyəçiliyə son qoyulmasını, ədəbiyyatımızın bütpərəstlərdən xilas olmasını istəyirəm…”
Naibə Yusublu Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya gəlib. Orta təhsilini Şirvan (Əli Bayramlı) şəhər 10 nömrəli orta məktəbdə başa vurub. Sonra ADPU-nun Filologiya fakültəsini bitirib. O vaxtdan da Şirvan şəhər 20 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir…
Qara-qura gecələrdən, əyri-üyrü küçələrdən, ilmələri hörülməyən keçələrdən xoşum gəlmir. Saxta, iblis gülüşlərdən, dodaqaltı söyüşlərdən, bar-bəhərsiz döyüşlərdən xoşum gəlmir. Ot-ələfsiz örüşlərdən, ayaqüstü görüşlərdən, haqqı danan yürüşlərdən xoşum gəlmir. Yad ellərdə rahat yatan el dərdini başdan atan halalına haram qatan vətənsizdən, ağ rəngi də qara görən kəfənsizdən xoşum gəlmir. Xoşum gəlmir kölgələnən təpələrdən, sahilləri xımır-xımır, asta yeyən ləpələrdən. Xoşlamıram narın, sısqa yağışları, Sis-dumanı, ağ alnıma damğa olan qara-qara “naxış”ları, ellərimə xəyanəti, məlul, miskin, baxışları, sərhəd boyu utancından üz gizləyən barışları… Xoşlamıram korun-korun öləziyən ocaqları, namərdlərə meydan verən veyl, səfil bucaqları, hər küncündə ilan yatan soyuq, mənfur qucaqları. Dağ çayıyam, himə bəndəm, Soruşmayın kimə daşqın, kimə bəndəm. Kükrəməyə, çağlamağa nazik, sarı simə bəndəm….
Bu, onun “İlmə” şeiridir. Ümumiyyətlə, Naibə xanım bədii yaradıcılığa hələ ədəbiyyatçı olmamışdan çox-çox qabaq, 5-ci sinifdə oxuyarkən başlayıb. Səkkiz kitabın müəllifidir. İlk şeirlər kitabı “Dünya, səndə nəyim qaldı” adlanır. “Özüm olmaq istəyirəm” şeirlər kitabı və “Qəzəllər” toplusu da oxucular arasında maraq doğurub. Nəşr olunası iki şeirlər kitabı, bir romanı və bir hekayələr kitabı var…
Adətən xanımlar “hamıdan gözəl mənəm mən” qənaətilə yaşamağı xoşlayırlar, amma o, yerli-yersiz öyünməkdən çox uzaqdır. “Hər kəs ədəbiyyatda, eləcə də həyatda çəkisini- yerini bilməlidir. Sənətə- sözə qiymət verməyi bacarmalıdır. Söz adamlarına rütbəsinə görə deyil, sözünün qüdrətinə görə hörmət etmək lazımdır. Püxtələşməkdə olan gənc nəslə təmənnasız dəstək olmağa çalışmalıyıq”- söyləyir…
Mütaliə etməyi və tarixi filmləri izləməyi xoşlayır. Yaradıcılıq uğurları isə az olmayıb. Bir-birinin ardınca yazdığı “Tənha köç”, “Zərbə”, “Gülün yarpıza dönsün”, “Gəzən şəhid”, “Yüz on ikinci gün” romanları oxucuların rəğbətini qazanıb. Şeirləri, qəzəlləri də oxucuların diqqət mərkəzindədir…
Naibə xanımın yaradıcılığı o qədər zəngindir ki, onu bir söhbətə sığışdırmaq çətindir. İnanıram ki, gələcəkdə Naibə Yusublu imzası Azərbaycanın ən çox sevilən qadın imzaları sırasında tez-tez sadalanacaq…
Mən onu həyatda görməmişəm. Amma hər dəfə şəkli qarşıma çıxanda necə gözəl olduğundan zövq almışam. Sanki o, Allahın öz fırçası ilə yaratdığı gözəl bir rəsmdir. Söhbət şair-yazıçı Təranə Məmməddən gedir…
Əliyeva Təranə Məmməd qızı 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. Bir neçə şeir və nəsr kitablarının müəllifidir…
Şair, publisist Zaur Ustac onun barəsində yazır:
“Öncə onu qeyd etmək istəyirəm ki, bu mənim Təranə Məmməd yaradıcılığına ikinci müraciətimdir. İlk dəfə səhv etmirəmsə 2018-ci ildə Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra həmin yazını yazmağı özümə borc bilmişdim. Yazıdakı bəzi fikirlərə görə yaxın və uzaq çevələrdən bəlkə də haqlı sayıla biləcək iradlar da almışdım. Bu gün də eyni səbəbdən bu yazını yazmağı özümə borc bildim. Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, həm “Tor”u, həm də “Sirr”i bir nəfəsə oxumuşam. Ümumiyyətlə Təranə xanımın qələmindən çıxmış mətnləri həcmindən asılı olmayaraq bir nəfəsə oxumamaq mümkün deyil.”
Zaur Ustac daha sonra qeyd edir:
“Təranə xanımın əsərlərin dili, quruluşu və mövzu aktuallığı, əhəmiyyəti baxımından birinci yazımdakı fikrimdə qalıram. “Həcmindən asılı olmayaraq onun qələmə aldığı mətnlər olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir.” Bu baxımdan, “Sirr” romanı müəllifin digər əsərlərindən elə də fərqlənmir. “Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür…”
Bəli, iyunun 1-i bu gözəl xanımın doğum günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Çox yaşasın!