Etiket arxivi: Elman Eldaroğlu

Elman Eldaroğlu. Cəbrayılın Mahmudlu kəndindən başlanan ömrün 61-ci qışı…

ELÇİN HÜSEYNBƏYLİ haqqında ELMAN ELDAROĞLU

Cəbrayılın Mahmudlu kəndindən başlanan ömrün 61-ci qışı…

Deyilənlərə görə, dünya şöhrətli yazıçı Heminquey gündə mütləq bir səhifə yazırmış. O isə yazmamışdan öncə uzun müddət düşünür və deyir ki,- “mənim üçün birinci cümləni başlamaq çətin olduğundan, keçirəm ikinci cümləyə”…

Heç vaxt yaradıcılığında qrafik tutmur, daha doğrusu yazacaqlarını proqramlaşdırmır. Ona mövzu bir model kimi, hazır gəlir. Hekayə hekayə kimi, roman da roman kimi. Bəli, yazıçı sözdən qorxmamalıdır, yəni sözə yuxarıdan aşağı baxmağı bacarmalıdır. Əslində, o, sözlə məzələnir, oxucunu oyuna salmağa çlışır, gözləmədiyi halda onu dolanbac yollarla aparır və odur ki, hekayələrinin çoxu da novellavari qurtarır…

“Mən modernist yazıçıyam. Heç kim deyə bilməz ki, mənim ortaya qoyduğum romanlar, hekayələr mühafizəkar düşüncənin məhsuludur. Hamı bilir ki, bu əsərlərin müəllifi yetərincə mütaliəli, dünyaya panoram baxan, dünyanı bütün rəngləri ilə qavraya bilən və həmin rəngləri də öz laboratoriyasından keçirib təqdim edən yazıçıdır. Amma bir də var cığallıq eləyəsən. Cığallıq çayxanada ola bilər. Ədəbiyyatda isə cığallıq əsərlə ölçülür. Bilmirəm, yadındadırsa, o vaxt biz “Eqo” yaradıcılıq ordeni təşkil eləmişdik. İdeya müəllifi də mən idim. İstedadlı bildiyim adamları da öz ətrafıma yığmışdım. O vaxtı “Yeni Müsavat” qəzetində qoşa səhifədə çap olunurduq. Həm gündəmə münasibət bildirirdik, həm də maraqlı əsərlər ortaya qoyurduq. Və yaxşı da qonorar alırdıq. Məhz elə bundan sonra ədəbiyyatda canlanma yarandı. “Eqo” bir mərhələ idi…”- söyləyir.

Haqqında söhbət açdığım Elçin Hüseynbəyli (ədəbi təxəllüsü: Qaraçuxa) 1961-ci il dekabr ayının 23-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. 1979-cu ildə həmin rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980-1982-ci illərdə keçmiş Sovet ordusunda hərbi xidmət keçib. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub, 1989-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildə Varşavada “İnsan haqları yay məktəbi”nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən “Azadlıq” radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir. Bir sözlə, uzun müddət “Ulduz” jurnalı, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu mətbu orqanlarına rəhbərlik edib. Sonradan Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri olub. 2021-ci ildən Azərbaycan Yazıçılar Biriyinin katiblərindən biridir. “Rəqs edən oğlan”, “Balıq adam”, “İki nəfər üçün oyun”, “Cənab 21-ci əsr”, “Yovşan qağayılar”, “Tut ağacı boyunca”, “On üçüncü həvari, 141-ci Don Juan”, “Şah Abbas”, “Metro vadisi”, “Yolayrıcında qaçış”, “Azıx”, “Şimallı gəlin”, “Kopelhausda bir axşam”, “Yenə iki Od arasında”, “Gözünə gün düşür”, “Ağ və qara”, “Vida”, “Dənizin nağılları” kitablarının, on bir romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir. Bir sıra mükafatlara layiq görülüb və 2019-cu ildən Əməkdar incəsənət xadimidir…

Deyir ki,- “Çox mütaliə etmişəm. Sartr, Kamyu, Prust, Platonov, Selincer və s.. Xeyli ad çəkə bilərəm, amma Platonov mənim sevdiyim yazıçıdır. Adamların əksəriyyəti heç onların adlarını eşitməyəndə, mən onları oxumuşdum. İnsan ona görə mütaliə etməlidir ki, haradan gəlib, hara getdiyini, nəyin ədəbiyyatda olub-olmadığını bilsin. Buna görə də fərqli nələrisə yaratmağa cəhd etməlisən. Yazıçı fərqli yazan, fərqli düşüncəyə malik olmalıdır. Hadisələrə fərqli rakurslardan yanaşmağı bacarmalıdır. Hamının baxdığı rakursdan baxacaqsansa, bu, bezikdirici olacaq. Fərqli çarpazlardan baxsan, fərqli bir şey edə biləcəksən. Amma etiraf edim ki, bu gün ədəbiyyatımızda maraqlı imzalar var, onlar dayanmamalı, yazmalıdırlar. Təəssüflə deyirəm ki, ədəbiyyat arxa plana keçib. Müsahibələrimdən birində də demişdim ki, dünyada kataklizmlər baş verərsə, ədəbiyyata qayıdış ola bilər. Çünki insanlar humanizm, mərhəmət hislərini itirməyə başlayıblar…”

Xalq yazıçısı Anar onu yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi və sintetik janrlarda yazan qələm adamı kimi dəyərləndirib: “Elçinin timsalında ədəbiyyatımızda çox istedadlı, maraqlı, bənzərsiz, orjinal bir nasir yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri də var, mifik təfəkkür də, folklora bağlılıq da və bunların sintezi süni deyil, yazıçının daxili dünyasından keçirilmiş bir sintezdir.”

“Əlində qələm olmaq hələ ziyalı olmaq demək deyil. Özümü də o biri qələm adamlarından ayırmıram. Əslində, mühit və şərait imkan vermədi ki, bizim nəsil yazarların ziyalı potensialı ortaya çıxsın. O demək deyil ki, biz az yazdıq. Sadəcə, Anar müəllimgilin taleyinə elə bir zaman, elə bir mühit düşdü, onlar elə bir cəmiyyətdə böyüdülər ki, bir ziyalı kimi təqdim oluna bildilər. Ona görə də bu məsələdə kimisə qınamaq olmaz ki, filan nəslin bəxti gətirmədi, filankəsin bəxti gətirdi və s. Bu, bizim taleyimizdir. Və o taleyi yaşamaq lazımdır. Mənim üçün ziyalı cəmiyyətə böyük mesajlar verən adamdır. Və həm də o adamdır ki, doğrudan da, cəmiyyət onu eşidir və həmin sözü ondan gözləyir. Mən düşünmürəm cəmiyyət Elçin Hüseynbəylidən bir ziyalı kimi nəsə gözləsin. Çünki mən hələ cəmiyyətə o böyüklükdə ziyalı kimi təqdim olunmamışam…”- söyləyir.

Kimin dediyini unutmuşam- aqillər ideyaları, ariflər problemləri, adi adamlar isə adamları müzakirə edirlər. Onunla heç vaxt yoldaşlıq, dostluq etməsəm də, bilirəm ki, bu sırada birincilərdəndir…

Dekabrın 23-ü haqqında söhbət açdığım nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin növbəti ad günüdür, 61 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.

Müəllif: ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

ELÇİN HÜSEYNBƏYLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu. Kübarlıq zadəganlıq əlamətidir… – Təbrik

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

Dekabrın 11-i onun ad günüdür…

Kübarlıq zadəganlıq əlamətidir, nəsildən-nəslə ötürülür. Gözünü açıb kitabların əhatəsində böyüyən insanlar bir başqa aləm olurlar. Yüksək mədəniyyət, xeyirxahlıq onların alın yazısıdır…

Bir vaxtlar işğal altında olan torpaqlarımız uğrunda döyüşən fədakar qadınlar haqqında onun ərsəyə gətirdiyi “Qarabağ müharibəsi: zərif talelər” kitabı bəlkə də bu mövzuda qələmə alınan ən gözəl publisist yazılar toplusudur. İndiyədək on beşə yaxın kitabı işıq üzü görüb. Onların əksəriyyətində məhz Qarabağdan söhbət açılır. Bu xanıma hakim kəsilən vətən qeyrəti, düşmənə nifrət yazdığı əsərlərdə də öz əksini tapıb. Bu da onun böyük vətənpərvər olduğunun təzahürüdür…

Haqqında söhbət açdığım Zemfira Məhərrəmli Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini 187 saylı orta məktəbdə başa vurub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. “Bakı” və “Баку” şəhər qəzetlərində əmək fəaliyyətinə başlayaraq, 2003-cü ilədək müxbir, elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışıb. İnsan hüquqlarına, o cümlədən mənəvi problemlərə dair çoxsaylı publisistik yazıların müəllifidir. Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvüdür.

1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edib. Dəfələrlə “qaynar” nöqtələrdə olaraq Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları yazaraq dərc etdirib.

2010-cu ildə “Tərəqqi” medalına, 2018-ci ildə AYB-nin Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. 2018-2019-cu illərdə IX və X “The first” ödülləri ilə mükafatlandırılıb. Prezident mükafatçısıdır.

Ömür-gün yoldaşı, daha doğrusu həyatının mənası, sədaqətli dostu, professor Qulu Məhərrəmlini ölkəmizdə tanımayan insan çətin tapılar. Mətbuatımızın inkişafında, ədəbiyyat aləmində böyük işlər görüb və görməkdədir.

Zemfira xanım iki övladın anası və bir neçə nəvənin nənəsidir…

2003-cü ildə elmi iş müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Müəllifi olduğu bir sıra publisistik və bədii əsərləri ana dili ilə yanaşı rus, ingilis və türk dillərində çap olunub…

Sadə, təvazökar, zəhmətsevər, işgüzar xanımdır. Məhsuldar işləməyi bacarır. Ərsəyə gətirdiyi əsərlərin hər biri mühüm hadisədir- insanlığa, mənəviyyata xidmət edir. Məhz elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayır. Ünsiyyətdə çox mehribandır. Bir sözlə, yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur…

Dekabrın 11-i Azərbaycan xanımına xas olan ən gözəl xüsusiyyətləri özündə birləşdirən Zemfira xanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.

Yeni yaşınız mübarək!

Müəllif: Elman ELDAROĞLU

(Tezadlar.az-ın köşə yazarı)

ELMAN ELDAROĞLUNUN YAZILARI

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu. Ehtirama layiq xanım…

Elman Eldaroğlunun yazıları

Ehtirama layiq xanım…

Deyirlər ki, üç qız övladını böyüdüb, boya-başa çatdıran, ev-eşik edən atanın yeri cənnətdir. Mənim qəhrəmanım isə qadındır, müzəffər ordumuzda xidmət edən üç zabitin anasıdır- iki oğul və bir qızın. Təkcə bu səbəb bəs edir ki, onun qarşısında baş əyəsən, ehtiram göstərəsən.

Azərbaycan ədəbiyyatının canlı əfsanələrindən biri, şair Seyran Səxavət onu belə dəyərləndirir:

“Vətəni üç zabit balası qədər, üç zabit balasını da vətəni, torpağı, xalqı qədər sevən Nəzakət Məmmədlinin Milli Qəhrəmanlar haqqında çap etdirdiyi kitab çox qiymətlidir, alqışlanmalıdır və şəxsən öz adımdan ona “var olun, Nəzakət xanım!”- deyirəm. Nəzakət Məmmədlinin bu qəbildən olan xidmətləri haqqında uzun-uzadı danışmağım da, əslində yersizdir – çünki hər şey göz qabağındadır və bu vətən qeyrətli türk xanımına Allahdan və Torpaqdan güc-qüdrət diləmək keçir könlümdən. “Bakı-xəbər” qəzeti ilə birlikdə “Şəhidlər ölməz – Vətən bölünməz” layihəsinin adı hər şeyi anladır, necə deyərlər, görünən dağa nə bələdçi. Hətta tədbirlərin birində hamının son dərəcə təvazökar insan kimi tanıyıb qəbul etdiyi Nəzakət Məmmədlinin rəhbərlik etdiyi “Xatirə Kitabı”nın ən qiymətli ensiklopedik vətənpərvərlik abidəsi olduğunu deyildiyinin şahidi olmuşam. Vətənsevən, torpaqsevən, övladsevən insan belə də olmalıdır. Onun bircə yolu var: belə olmaq – Nəzakət Məmmədli kimi olmaq – Nəzakət Məmmədli olmaq…”

Haqqında söhbət açdığım Nəzakət xanım Məmmədli 13 yanvar 1962-ci ildə Bakıda anadan olub. Atası Salah kişi əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindən idi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist, “Xatirə Kitabı” redaksiyasının və “Yada düşdü” ədəbi-bədii jurnalının baş redaktorudur. 2010-cu ildə “Qızıl qələm”ə, 2014-cü ildə Prezident mükafatına, 2016-cı ildə Rəsul Rza və Mikayıl Müşfiq adına mükafatlara layiq görülüb. “Həzi Aslanov yubiley medalı”, Rusiya Federasiyasının “Qələbə-75” medalı və Moskvanın “Dostoynaya pamyat” Fondu tərəfindən “Qələbənin varisi” döş nişanı ilə təltif olunub. Haqqında Allahverdi Eminovun “Nəzakət Məmmədlinin Yaradıcılıq Yolu” və Hikimət Məlikzadənin “Nəzakət Məmmədovanın yaradıcılığında Vətən Kodları” kitabları işıq üzü görüb. O, həm də Vətən müharibəsi şəhidləri haqqında ”Vətən Daşı… və ya 44 günün dastanı” film layihəsinin və bir neçə kitabın müəllifidir…

Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, ədəbiyyatşünas, publisist, yazıçı və tərcüməçi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev ona müraciətlə yazır:

“Hörmətli Nəzakət xanım! Yadınızda varsa, dərginizin 5 illiyi münasibətilə “Hər sayını intizarla gözlədiyim dərgi” başlıqlı məqalə yazmışdım. Aradan illər keçib və bu gün də “Yada düşdü”nün hər sayını intizarla gözləyirəm. Nədir bu dərginin məziyyətləri? Kökə qayıdış! Görkəmli rus alimi M.Baxtinin doğru olaraq qeyd etdiyi kimi,- hər zaman irəliyə doğru atılan hər bir əhəmiyyətli addım geriyə qayıdışla müşayiət olunur. Daha doğrusu, başlanğıcın (mənşənin) yeniləşməsinə gətirib çıxarır. Yalnız yaddaş irəliyə doğru gedə bilər, unutqanlıq yox. Yaddaş kökə qayıdır və onu yeniləyir…

Heç şübhəsiz, sovet sisteminin amansızlığı dövründə Səməd Vurğunun üstüörtülü şəkildə dilə gətirdiyi misralar da kökə qayıdışla, yaddaşla bağlıdır:

Sabaha çağırır o bizi, ancaq

Sabah da bugünsüz, dünənsiz deyil.

Nəzakət xanım, dərginizin hər sayında bunu dərindən dərk edirəm və “Yada düşdü”nü yüksək qiymətləndirirəm…”

Qeyri adi xanımdır. Anadangəlmə təşkilatçı və realistdir. Məqsədyönlülük, məsuliyyət, təcrübə və ciddilik onun üçün xarakterik xüsusiyyətlərdəndir. Ən çətin layihələri həyata keçirməkdə mahirdir. Heç vaxt emosialara qapılmır, təmkinlidir. Necə deyərlər, hadisələri soyuq başla dəyərləndirir. Eyni zamanda mərhəmətli, əliaçıq və səxavətlidir. Gözəl anadır, övladlarının uğurlarından qürur hissi keçirir.

“Bəlkə də mən, ayaq üstə olmağımda, bütün çətinliklərdən keçməyimdə, gördüyüm işlərdə bacarığımı üzə çıxarmağımda övladlarımdan daha çox güc-qüvvət almışam. Demək olar ki, mən onlarla paralel böyümüşəm. Çünki erkən ana olmuşam, uşaqlarım böyüdükcə onlardan aldığım zövqdən elə bilmişəm öz uşaqlığımı, gəncliyimi onlarla paralel yaşayıram. Analıq ən təmənnasız sevgi ilə yaşanan bir duyğudur ki, övladına çəkdiyin zəhmətin, əziyyətin, yuxusuz gecələrin içində heç bir təmanna yoxdur. Bağban əkdiyi ağacın barından necə ləzzət alırsa, ananın da öz övladının uğurlarından aldığı həzz ona bənzəyir. Övladlarım da çox sag olsunlar, təməlini qoyduğum ailənin ibtidaisindən heç zaman məni yanıltmadılar, necə istədim o cür böyüdülər. Jurnalım da o cür, o da mənim üçün bir övladdır…”- söyləyir.

Nizam-intizamı xoşlayır, məsuliyyətli adamdır. İşində daha ciddi və sərtdir. Təcrübəsindən, səriştəsindən, istedadından maksimum istifadə etməyi bacarır. Onun üçün keçmişdə yaşamaq mənasız və sadəcə vaxt itgisidir. Odur ki, həmişə gələcəyə can atır. Zəhmətkeşlik, əzmkarlıq, inadla hədəfə çatmaq onun həyat kredosudur. Etibarlı və çox sadiqdir. Heç vaxt dostunu, yoldaşını çətin vəziyyətdə qoymaz. Necə deyərlər, nə qədər problemi olsa da, özünü ona çatdırar. İncə yumor hissi və güclü təfəkkürü ilə seçilir. İdarəetməni gözəl bilir, liderlik bacarığı yüksək səviyyədədir…

Deyir ki,- “İnsan ömrü yalnız düz xətlərdən ibarət deyil, həyatın hər cür xətti var. İnanın ki, həyatın həm ağ, həm də qara xəttindən, illərin sınağından, çətinliklərdən keçmək və ayaq üstə durmaq çox çətindir, hamıya qismət olan şey deyil. Amma mən ayaqüstə durmağı bacardım. “Yada düşdü” jurnalı mənim ailə büdcəmdən maliyyələşir. Yəni başqa yerdən vəsait daxil olmur. Nə qədər ziyan dəysə də, jurnalı yaşadıram, heç bir qüvvə “Yada düşdü”nü mənim ürəyimdən çıxara bilməz. Maraqlıdır ki, “Yada düşdü” sevgisi təbii olaraq ürəyimə düşdüyü kimi, onu oxuculara, ədəbi ictimaiyyətə sevdirmək, qəbul etdirmək də zorla olmadı, çox tezliklə özünə yol açdı. Etiraf edirəm ki, “Yada düşdü” məni xoşbəxt etdi. Bu 60 illik ömrümdə dönüb arxaya baxdıqda, çox zəngin, mənalı bir həyat yolu keçdiyimi görürəm və bu jurnalın uğurlarına görə çox sevinirəm, özümü xoşbəxt və şanslı insan sanıram. Bir dəfə Bəxtiyar Qaraca mənə dedi ki,- Nəzakət xanım, çox təvazökarlıq edirsiz, əslində sizin Azərbaycan ədəbiyyatında öz yeriniz var, o yeri də heç kəs sizə təklif etməyib, o yeri siz özünüz qazanmısınız. Bəli, gəlib bu yaşa çatmaq elə də asan olmadı. Yurd itkisi yaşadıq. Mən qarabağlı deyiləm, amma yurd itkisinin nə olduğunu çox yaxşı bilirəm. Babam Ərdəbildən gəlib, mən yurd həsrətini babamın atama söylədiklərində, atamın göz yaşlarında görmüşəm. Yurd həsrəti, nisgili mənim canıma-qanıma hopub. Mənim şeirlərimi oxuyanlar, eləcə də, hər dəfə müsahibə zamanı jurnalistlər soruşurlar ki, siz haralısınız, qarabağlısınızmı? Şeirlərinizdəki bu qədər vətənpərvərlik, nisgil, Qarabağ ağrısı, yurd ayrılığı nədəndir? Cavab verirəm ki,- Bu ağrı, bu nisgil mənə qanla ötürülüb…”

Deyirlər, insan valideynlərini itirəndən sonra dünyanın fani olduğuna daha çox inanır. Atası vəfat edəndə yeddi, anası dünyasını dəyişəndə isə onun iyirmi yeddi yaşı olub. O vaxtdan da bu dünyanın iç üzünü tanıyıb və təsəllini yazıb yaratmaqda, Vətənə xidmətdə tapıb. Bəli, haqqında söhbət açdığım Nəzakət xanım Məmmədlinin Azərbaycan qarşısında həm bir ana, həm də qələm adamı kimi xidmətləri böyükdür. O, ehtirama, diqqətə layiqdir…

Müəllif: Elman ELDAROĞLU

(Tezadlar.az-ın köşə yazarı)

ELMAN ELDAROĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru