Ağa Laçınlı – Göstərmə

“Uşaq vaxtı Oqtay bərk xəstələnmişdi. Atam da (təbii ki, biz hamımız) möhkəm sarsılmışdı. Atam cavan yaşında iki övlad itirmişdi – məndən sonra bir qardaşım, Azərdən sonra bir bacımız tələf olmuşdu. Buna görə övladın barmağına tikan batmağına da təhəmmül eləyə bilmirdi. Bu şeiri də Oqtayın xəstələnən vaxtı yazmışdı. Allaha yalvarırdı ki, ona bir daha övlad dağı göstərməsin. Allah onun fəryadını, iltimasını eşitdi.” – Fəxri Uğurlu

GÖSTƏRMƏ

Ulu Tanrı, yalvarıram adına,
Bir də mənə ciyər dağı göstərmə.
Al canımı, at cəhənnəm oduna,
Yaman günü, yaman çağı göstərmə.

Qoy mən olum dadamalın daş-başı,
Ayrı salma bu bacını, qardaşı.
Yollarıma gəl yağdırma göz yaşı,
Qollarıma qüssə bağı göstərmə.

Ömür-gün ver puçurlanmış zoğlara,
Qar yağmasın qanad açmış tağlara.
Təzə-təzə kök bağlayan bağlara
Budarlanmış qol-budağı göstərmə.

İnsaf elə övlad doğub-əkənə,
Od düşməsin gümanların kökünə.
Bir baxışla min bir dərdi bükənə
Ağlaşmalı kəfən ağı göstərmə.

Xətir elə, ta düşməyim xataya,
Tuş olmayım o tufana, o toya.
Bal istəkli, bala canlı ataya
Kilidlənmiş dil-dodağı göstərmə.

Heç nə bildim bütün qorxu-ürkünü,
Çəkəmmədim ciyərdağı yükünü.
Qurban olum, yenə göstər görkünü,
Qızılquşa qarğa lağı göstərmə.

Ulu Tanrı, çox dönmüsən loğmana,
Qoyma daha bağça yana, bağ yana.
İnsaf elə, Ağa kimi bağbana
İnnən belə sovmuş bağı göstərmə.

1985

Müəllif: Ağa Laçınlı

Mənbə:Fəxri Uğurlu

                                

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir