20 yanvar – qanla yazılan tarix, susmayan vicdan

20 yanvar – qanla yazılan tarix, susmayan vicdan

Bəzi tarixlər var təqvimdə yox, millətin yaddaşında yaşayır. 20 Yanvar da elə gündür. O gün təkcə insanlar ölmədi… O gün bir imperiyanın iç üzü, bir xalqın isə necə məğrur və necə əyilməz olduğu bütün dünyaya göstərildi.
1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakı tankların, güllələrin, qanın və fəryadın səsi ilə oyandı. Sovet ordusu və erməni daşnak dəstələrinin iştirakı ilə dinc əhaliyə qarşı görünməmiş vəhşilik törədildi. Silahsız insanlar güllələndi. Qadınlar, uşaqlar, qocalar kim oldu-olmadı demədən qırıldı.O gecə küçəyə çıxanlar üsyan etmirdi. Onlar sadəcə öz torpaqlarının, öz haqlarının, öz ləyaqətlərinin yanında dururdular. Amma tank mərmiləri insanlıqdan daha ağır imiş…
Uşaqlar güllə yağışı altında atasını axtarırdı. Analara övladlarının cansız bədəni qucaqladıldı. Qadınların fəryadı Bakının daşına, divarına hopdu.Yaralıların üstünə belə atəş açıldı. Xilas etmək istəyənlər də vuruldu. Xəstəxanalar belə gülləbaran edildi.Bu, sadəcə qırğın deyildi. Bu, planlı terror idi. Bu, bir xalqın iradəsini sındırmaq cəhdi idi. Amma bilmədikləri bir şey var idi: Azərbaycan xalqı diz çökən xalq deyil.20 Yanvar şəhidlərinin qanı müstəqilliyimizin möhürü oldu. O gecə şəhid olan hər bir insan bu torpağın azadlıq tarixini öz canı ilə yazdı.
Bu gün biz rahat küçələrdə gəzə biliriksə, bu gün bayrağımız dalğalanırsa, bu gün “mən azərbaycanlıyam” deyə bilirikdirsə bu, o gecə canını verənlərin hesabınadır.Unutmadıq. Unutmuruq. Unutdurmayacağıq.
Çünki:Unudulan şəhid ikinci dəfə öldürülür.
Xatırlanan şəhid isə bir milləti ayaqda saxlayır.
20 Yanvar – kədərimizdir.
20Yanvar–qürurumuzdur.
20 Yanvar – həm matəmimiz, həm də dirənişimizin adıdır.
Ruhunuz şad olsun, şəhidlər…
Siz bu torpağın vicdanısınız.


Müəllif: Gülər Nizamiqızı

GÜLƏR NİZAMİQIZININ YAZILARI

YAZARLAR.AZ

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir