Etiket arxivi: Litera kitab evi

“LİTERA”DA ŞEİR GECƏSİ

“LİTERA”DA ŞEİR GECƏSİ
Həmin gün axşam çağı, havanın təzəcə qaranlıqlaşdığı bir vaxtda xudmani bir məkanda şair, tərcüməçi, esseist Səlim Babullaoğlunun poeziya işığında çox maraqlı bir gecədə iştirak edirdik.

Gün 20 fevraldı, amma təəssüratı bölüşmək bu günün tarixinə yazılır. Buna səbəb təkcə həmin gecənin təsirindən ayrıla bilməmək deyil, həm də günün mənasını dərindən dərk etməkdən ötrü şairin poetik əsərlərinin kiçik bir qisminin yer aldığı “Oğlumla söhbətlər” və “İlk hərfi itmiş cümlə”dəki şeirləri oxumaq, mətləbləri duymaq, şairin poetik aləminə dərindən varmağım oldu.

Səlim müəllim sadə bir tərzdə ciddi ədəbiyyat söhbətinə başlayır. Deyir, Avropa ölkələrində tədbirlərə dəvət olunarkən sərgilərdə, kitab mağazalarında olan ədəbiyyata, əsasən də şeir kitablarına diqqət yetirir, götürüb vərəqləyirdim. Dizayn, tərtibat, ümumiyyətlə, kitab nəşri, onun yayımlanması, avropalıların kitaba marağı məni heyrətləndirirdi. “Onlarda belə idi…” deyəndə hiss etdim ki, şairimiz də mövzu ilə bağlı gördüklərindən yetərincə bəhrələnib…

Həmin gün o şeir gecəsinə yığışdığımız oda sanki tünlükdən kənarda, dənizin sularında ahəstə yırğalanan “gəmiyə” bənzəyirdi. Burda poeziya işığına yığışanlar həzin, duyğulu bir ovqatda şairi dinləmək intizarında idilər. Müəllifin ifasında səslənən şeirlər də hər kəsi zamanın, illərin, anların xatirələri ilə çulğamışdı. Poeziyanın həzzini yaşamaq, mənəvi zövq almaq isə əsl qəlb rahatlığı idi. Həmin gün o “gəminin sakinləri” duyğusal bir ovqatda gözəl məqamlar yaşadı…

Şairin öz ifasında səsləndirdiyi şerləri, sözün poetik toxunuşundan yaranmış rənglərin harmonik ecazı, poeziyasının yarandığı zamana oxucu marağı, onları təsəvvürdə canlandırmaq, səsləndirmək, nələri bölüşmək, nələrdən bəhs etmək, şeirdə hansı ricətlərdən söz açmaq, bu qəbildən bir çox detalları – həzin poeziya gecəsini əvvəldən axıra qədər sanki Yaradan öz nizamında axarına salmışdı. Gecəyə mənəvi rahatlıq, duyğusallıqla diqqət kəsilsəm də gözümü şairin “İlk hərfi itmiş cümləsi”ndən və “Oğlumla söhbətlər”dəki poetik mətnlərindən ayıra bilmirdim. Fikrim səsləndirdiyi şeirlərində, gecənin iştirakçıları ilə qurduğu maraqlı mükalimələrdəydi…

Unutmamış qeyd edim ki, bu poetik nümunələrin hər biri ayrılıqda mənzum həyat hekayətlərdir. Yəni nəsr üçün xarakterik olan epitetlər, rəngli təsvirlər poetik mətnlərdə səciyyəvi idi. Onu da deyim, bütün şeirlər süjetlidir: formaca yeni, üslubca özünəxas və məzmunca zəngin, rəngarəng süjetli. Bu əsərləri bizlərə sevdirən cəhətlərdən başlıcası məhz o həyat hekayətlərində çoxlarının özünü, öz taleyini, gün-güzarını görə bilməsidir. Başqa bir tərəfdən, insanların taleyində üst-üstə düşən məqamların oxşarlığı, doğmalığıdır…

Arada şairin kövrəlmiş səsində sezdiyimiz həyəcan Ana haqqında yaddaş xatirələrinin yaratdığı ovqatla bağlı idi. Bəzən də fikrin qətiyyətli intonasiyasında qərarlaşmış məğrurluq, nikbinliklə süslənmiş səsinə gözlərimi kitabdan ayırır, tamlıqla ona diqqət kəsilirəm. Əsər məni alıb-aparır… Axı, qəhrəman Anadır! Dünyaya şair gətirən Ana… Övlad üçün ən böyük sevgili varlıq olan Ana…


Səlim Babullaoğlu məsuliyyətli ədəbiyyat adamıdır. Əslində zahirən sadə görünən bu fikrin sərhədi çox genişdir. Mən bu cəhəti şairin ədəbi yaradıcılığın bir neçə qolunda ərsəyə gətirdiyi əsərlərində – şeir, tərcümə, esselərində, tərtib etdiyi kitablarda və əksərinə yazdığı ön sözdə, redaktoru olduğu toplularda müşahidə etmişəm. Hər birində də dərin və məsuliyyətli yaradıcılıq zəhməti açıq-aydın duyulur…

Xatırlayıram, onun Mirzə Şəfi Vazehin “Bütün əsərlər”inin layihə redaktoru, nəşrin tərtibçisi və ön sözün müəllifi olaraq öhdəsinə aldığı işləri bir neçə istiqamətdən, həm də həssaslıqla, heç kimin xidmətini unutmadan, itirmədən ətraflı, sistemli şəkildə, ardıcıllıqla gözəl ədəbi formada təqdim etməsini bu təəssürat yazısında da təqdir etməyi məqsədəuyğun hesab edirəm. Səlim Babullaoğlunun ədəbi fəaliyyətinin başlıca amili olan bu böyük zəhmətinin adı məsuliyyətdir!

Həmin gün Səlim müəllimin söhbətlərində, oxucuların suallarına verdiyi cavablarında da mən onun daxili məsuliyyətini hiss etdim…

Yeni kitablarınızın işığına yığışmaq intizarındayıq, Səlim Babullaoğlu!

Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SƏLİM BABULLAOĞLU İLƏ POEZİYA GECƏSİ – FOTOLAR

SƏLİM BABULLAOĞLU İLƏ POEZİYA GECƏSİ

20 fevral 2026-cı il tarixində axşam saat 19:30-dan 22:30-a qədər təxminən 3 saata yaxın vaxt ərzində “LiteRA” kitab evində şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun müstəqillik dövrü ədəbiyyatımızın inkişafında, xüsusilə də şeirimizin yeni ideya-məzmun keyfiyyətləri, eyni zamanda fərqli forma və üslub imkanlar qazanaraq  yüksəlməsində, dünya poeziyasındakı mütərəqqi meyllərlə səsləşməsi yolunda xidmətləri olan Səlim Babullaoğlu ilə möhtəşəm şeir gecəsi baş tutub. Heç bir xüsusi dəvətnamə olmadan yalnız və yalnız ədəbiyyat saytlarında və sosial şəbəkələrdə yayımlanmış “şeir gecəsi” barədə məlumat əsasında toplanmış gecənin qonaqları təxminən 3 saata yaxın bir vaxt ərzində özünəməxsus üslubu və ifa tərzi ilə seçilən tanınmış şair Səlim Babullaoğlunun ifasında həm müəllif, həm dünya şairlərindən seçmə tərcümələrlə tanış olublar. Gecənin gedişində Səlim Babullaoğlu həmçinin qonaqları maraqlandıran sualları cavablandırıb. Sonda kitablar imzalanıb, xatirə şəkilləri çəkdirilib. Möhtəşəm gecədən fotolar:

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I