Etiket arxivi: 1 avqust

Zaur Ustac – Ana dilim

ZAUR USTACIN YAZILARI

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

DİL MƏSƏLƏSİ

DİL MƏSƏLƏSİ
(1 Avqust: Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı subyektiv baxışlarım)

Ulu Öndər Heydər Əliyevin 09 Avqust 2001-ci il tarixli fərmanı ilə hər il 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Həmin gün ölkədə latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin tarixi ilə əlaqədardır. Dil və əlifba isə əslində hər bir millətin milli kimliyinin bir parçası sayılır.
Milli kimlik – fərdin özünü müəyyən bir millətə, xalqa və ya dövlətə aid etməsi, onun tarixi, mədəniyyəti və dəyərləri ilə eyniləşdirməsi hissidir. Milli kimliyin əsas elementləri isə aşağıdakılardan ibarətdir: 1. Dil; 2. Tarix; 3. Mədəniyyət; 4. Milli-mənəvi dəyərlər; 5. Dövlətçilik və vətəndaşlıq.
Sözümü 1 Avqust: Azərbaycan əlifbası və Azərbaycan Dili Gününə uyğun olaraq milli kimlik mövzusunun dil elementinə yönəltmək istərdim: Azərbaycan dili qrammatik və lüğət tərkibi baxımından türk dillərinə aiddir və bu dil özünəməxsus zəngin lüğət tərkibinə malikdir. Tarixi əlaqələr (ərəb və fars dilli imperiyalar və qüvvələrin istilası) nəticəsində Azərbaycan dilində ərəb və fars mənşəli sözlər peyda olmuş və zaman ötdükcə Azərbaycan dilinin tərkibinə keçmişdir. Nə qədər qəribə səslənsə də bu gün Azərbaycan dilində mövcud olan sözlərin 60-65%-nin ərəb və fars mənşəli ifadələr olduğu bildirilir. Hər bir dildə müəyyən qədər əcnəbi sözlərin mövcudluğu təbii qarşılanır və demək olar ki, dünyanın bütün dillərində belə bir durum mövcuddur. Lakin bir dildə mövcud olan ifadələrin 60-65%-nin xüsusi bir dilə və ya dillərə aid olması məsələsi sözün həqiqi mənasında təəssüfedici bir məsələdir. Bununla bağlı qəribə və acınacaqlı bir misal göstərmək istəyirəm: Azərbaycan ədəbiyyatında tez-tez işlənən “ədəbiyyat”, “şeir”, “şair”, “beyt”, “misra”, “bənd”, “heca”, “nəsr”, “nasir”, “esse”, “hekayə”, “povest” və “roman” kimi açar sözlərin heç biri Azərbaycan türkcəsində deyil, əslində ərəb, fars və latın dillərinə aid ifadələrdir. Halbuki ən azından dilçi alimlərimiz bu qəbil açar sözlər üçün öz dilimizdə oxşar və uyğun ifadələr tapa və təyin edə bilərdilər. Çünki millətimiz ərəb, fars və rus imperiyalarının istilası altına düşməzdən əsrlər öncə ədəbiyyat sahəsində söz sahibi olmuş, öz şairləri və yazarları ilə fəxarət hissi duymuşdur. Azərbaycan Respublikası müstəqil dövlətçilik nemətinə sahib olan ölkələrdən biridir.
Bu gün dünyda 3000-dən çox fərqli xalq və millətlərin mövcud olduğu deyilir. Lakin bu millətlərin hər birinin müstəqil dövlət qurmaq şansı yoxdur. Hal-hazırda Birləşmiş Millətlər Təşkilatında rəsmən tanınmış 193 ölkə, rəsmi olaraq tanınmamış daha iki ölkə (Vatikan və Fələstin) mövcuddur. Xoşbəxtlikdən Odlar Yurdu Azərbaycan da həmin ölkələrdən biridir. Biz ən azından milli dövlətçilik kimi möhtəşəm nemətin sayəsində dilimizə sahib çıxmalı, onu yad ifadələr və kənar təsirlərdən qorumağa çalışmalıyıq.
Azərbaycan Respublikasının əhalisinin mütləq əksəriyyəti, yəni 90%-dən çoxu etnik azərbaycanlılardan (türk soylu xalqdan) ibarətdir. Ölkə əhalisinin 2009-cu il siyahıyaalınmasına əsasən etnik tərkibi 90% üzəri azərbaycanlılar, qalan hissəsi isə digər azsaylı xalqlar (ləzgi, rus, erməni, talış, avar və s.) təşkil edir. Hər halda ölkədə türk kökənli əhali üstünlük təşkil edir. Üstəlik heç bir ölkənin istilası altında da deyilik və müstəqil dövlət sahibiyik. Belə olan halda nədən dilimizin əcnəbi ifadələrdən təmizlənməsi üçün addım atılmır?
Azərbaycan Respublikasında dövlət dili haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU mövcud olan halda nədən bu qanunlara qarşı xüsusi biganəliyin şahidi olmalıyıq?
Sonda dil məsələsi ilə bağlı təklifimlə sözümü yekunlaşdırmaq istəyirəm: Bu mövzuda atılacaq əsas addım aidiyyatı orqanlar və təşkilatların öz milli kimliyi və qanuni vəzifələrini dərk etməsi, məsuliyyət və ciddi qərarla işə başlamasıdır. Çünki dövlət qərarı, nəzarəti və gücü olmadan bu problemin aradan qaldırılması mümkün deyil. Hər halda fürsətləri əldən vermədən Odlar Yurdu Azərbaycanda DİL İNQİLABInın həyata keçirilməsi bir milli kimlik və dövlətçilik zərurətidir. Lakin bu inqilab düşünülmüş, məntiqli, eyni halda dilçi alimlər və mütəxəssislərin iştirakı və nəzarəti ilə həyata keçirilməlidir…

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
01.08.2026

31 iyul tarixində Milli Kitabxanada 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

31 iyul tarixində Milli Kitabxanada 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

31 iyul tarixində Milli Kitabxanada 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası kontekstində “Azərbaycan dilinin qorunması və inkişafı məsələləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş nitqi ilə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, Azərbaycan dilinin xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və dövlətçiliyinin əsas sütunlarından biri olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət dilinin qorunması, inkişaf etdirilməsi və zənginləşdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir.
Kərim Tahirov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən hər il 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Kərim Tahirov daha sonra bildirib ki, bu ilki Azərbaycan dili və ədəbiyyat bayramı ona görə əlamətdardır ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının dörd əsas bölməsindən birini Azərbaycan dilinin qorunması və inkişafı məsələləri əhatə edir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu istiqamətdə Tədbirlər Planı hazırlayıb və onun icrasının təmin olunması dilimizin inkişafına və qorunmasına töhvələr verəcəkdir. Konsepsiyada Azərbaycan dilinin dövlət dili kimi qorunması və cəmiyyətin bütün sahələrində tətbiqinin genişləndirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycan dilində elmi və bədii nəşrlərin sayının artırılması, rəqəmsal informasiya məkanında istifadəsinin genişləndirilməsi, ədəbi dil normalarının qorunması, dil mədəniyyətinin yüksəldilməsi, gənc nəslin ana dilinə bağlılığının gücləndirilməsi və xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin təbliğinin dəstəklənməsi əsas hədəflər kimi müəyyənləşdirilib.
Direktor çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı Azərbaycan və dünya ədəbiyyatının ən dəyərli nümunələrinin latın qrafikası ilə kütləvi tirajla nəşrinə geniş imkan yaradıb. Bu layihə çərçivəsində ölkənin kitabxanaları, məktəbləri, ali təhsil müəssisələri və digər mədəniyyət ocaqları latın qrafikalı nəşrlərlə zənginləşdirilib, gənc nəslin kiril qrafikası ilə çap olunmuş klassik ədəbi irsə çıxışında yaranan çətinliklər aradan qaldırılıb.
Sonra Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, müasir dövrdə qarşıda duran vəzifələrdən, qloballaşma şəraitində ana dilinin saflığının qorunmasının və ədəbi dil normalarına əməl edilməsinin əhəmiyyətindən danışıb. Akademik qeyd edib ki, Azərbaycan dilinin zənginliyinin qorunması və inkişaf etdirilməsi milli-mənəvi dəyərlərimizin yaşadılması, milli kimliyin möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Daha sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xandan çıxış edərək Azərbaycan dilinin müasir inkişaf meyilləri, dil mədəniyyətinin formalaşdırılması, rəqəmsal informasiya mühitində Azərbaycan dilinin tətbiq imkanlarının genişləndirilməsi və ana dilinin gənc nəslə düzgün aşılanmasının vacibliyindən danışıb. O, bildirib ki, qloballaşma, sosial şəbəkələrin geniş yayılması və rəqəmsal kommunikasiya vasitələrinin sürətli inkişafı Azərbaycan dilinin istifadəsində yeni çağırışlar formalaşdırıb. Xüsusilə gənclər arasında xarici dillərdən alınmış sözlərin lüzumsuz işlədilməsi, internet jarqonundan və ixtisar edilmiş ifadələrdən geniş istifadə, ədəbi dil normalarına tam riayət olunmaması nitq mədəniyyətinə mənfi təsir göstərən amillərdən hesab olunur. Aydan Xandan vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın, xüsusilə də gənc nəslin üzərinə düşən mühüm vəzifələrdəndir.

Sonda tədbir iştirakçıları Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində bu cür elmi müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirərək, belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I