Əslində, hər bir şair bu dünyada anadan olan, amma alayı bir aləmdən göndərilən elçidir. Bu dünyadan ona qalan ad və təxəllüs, bu dünyada saxladıqları isə gətirdikləri olur. Bu gün sizə onlardan biri- şair Naibə Yusubludan söhbət açmağa səy göstərəcəm…
Deyir ki;-“Arzum dünyada Azərbaycanımızın xüsusi dəst-xəttini görmək; təhsilimizə ayaq açan yad ünsürləri aradan qaldırmaqdır. Niyə gizlədim, sovet dönəmindən qalma pafoslara, mədhiyyəçiliyə son qoyulmasını, ədəbiyyatımızın bütpərəstlərdən xilas olmasını istəyirəm…”
Naibə Yusublu Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya gəlib. Orta təhsilini Şirvan (Əli Bayramlı) şəhər 10 nömrəli orta məktəbdə başa vurub. Sonra ADPU-nun Filologiya fakültəsini bitirib. O vaxtdan da Şirvan şəhər 20 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir…
Qara-qura gecələrdən, əyri-üyrü küçələrdən, ilmələri hörülməyən keçələrdən xoşum gəlmir. Saxta, iblis gülüşlərdən, dodaqaltı söyüşlərdən, bar-bəhərsiz döyüşlərdən xoşum gəlmir. Ot-ələfsiz örüşlərdən, ayaqüstü görüşlərdən, haqqı danan yürüşlərdən xoşum gəlmir. Yad ellərdə rahat yatan el dərdini başdan atan halalına haram qatan vətənsizdən, ağ rəngi də qara görən kəfənsizdən xoşum gəlmir. Xoşum gəlmir kölgələnən təpələrdən, sahilləri xımır-xımır, asta yeyən ləpələrdən. Xoşlamıram narın, sısqa yağışları, Sis-dumanı, ağ alnıma damğa olan qara-qara “naxış”ları, ellərimə xəyanəti, məlul, miskin, baxışları, sərhəd boyu utancından üz gizləyən barışları… Xoşlamıram korun-korun öləziyən ocaqları, namərdlərə meydan verən veyl, səfil bucaqları, hər küncündə ilan yatan soyuq, mənfur qucaqları. Dağ çayıyam, himə bəndəm, Soruşmayın kimə daşqın, kimə bəndəm. Kükrəməyə, çağlamağa nazik, sarı simə bəndəm….
Bu, onun “İlmə” şeiridir. Ümumiyyətlə, Naibə xanım bədii yaradıcılığa hələ ədəbiyyatçı olmamışdan çox-çox qabaq, 5-ci sinifdə oxuyarkən başlayıb. Səkkiz kitabın müəllifidir. İlk şeirlər kitabı “Dünya, səndə nəyim qaldı” adlanır. “Özüm olmaq istəyirəm” şeirlər kitabı və “Qəzəllər” toplusu da oxucular arasında maraq doğurub. Nəşr olunası iki şeirlər kitabı, bir romanı və bir hekayələr kitabı var…
Adətən xanımlar “hamıdan gözəl mənəm mən” qənaətilə yaşamağı xoşlayırlar, amma o, yerli-yersiz öyünməkdən çox uzaqdır. “Hər kəs ədəbiyyatda, eləcə də həyatda çəkisini- yerini bilməlidir. Sənətə- sözə qiymət verməyi bacarmalıdır. Söz adamlarına rütbəsinə görə deyil, sözünün qüdrətinə görə hörmət etmək lazımdır. Püxtələşməkdə olan gənc nəslə təmənnasız dəstək olmağa çalışmalıyıq”- söyləyir…
Mütaliə etməyi və tarixi filmləri izləməyi xoşlayır. Yaradıcılıq uğurları isə az olmayıb. Bir-birinin ardınca yazdığı “Tənha köç”, “Zərbə”, “Gülün yarpıza dönsün”, “Gəzən şəhid”, “Yüz on ikinci gün” romanları oxucuların rəğbətini qazanıb. Şeirləri, qəzəlləri də oxucuların diqqət mərkəzindədir…
Naibə xanımın yaradıcılığı o qədər zəngindir ki, onu bir söhbətə sığışdırmaq çətindir. İnanıram ki, gələcəkdə Naibə Yusublu imzası Azərbaycanın ən çox sevilən qadın imzaları sırasında tez-tez sadalanacaq…