
Kiçilib, ovuca qısılıb dünya…
Kiçilib, ovuca qısılıb dünya,
İçindən çıxmağa oyuq gəzirəm.
Fırlanır durmadan, hərlənir başım,
Sərxoş dünyamızda ayıq gəzirəm.
Dünyadan asılıb əsrlər, aylar,
Can verir çarxında qızıl saraylar,
Çəkdikcə hesabı kükrəyən çaylar
Sahilə çıxmağa qayıq gəzirəm.
Gizləyib cismində dəfinələri,
Batırıb qoynunda səfinələri,
Açıb yaxasından qərinələri,
Zamanı udmağa aşıq gəzirəm.
Əsrin badəsinə dolduqca illər,
Bürüyüb dövrəsin kiçik səfillər,
Bitib-tükəndikcə soylar, əsillər,
Dərdini çəkməyə aşiq gəzirəm.
İnləyir ovucda İslam dünyası,
Yürüyür üstünə Qərbin riyası,
Hanı Ulu Şərqin parlaq ziyası,
Zülmətlər qoynunda işıq gəzirəm?
Ümidlər bağlanıb əsən küləyə,
Bir gün qanad verə düşən lələyə…
İxtiyarı verib Tülkü lələyə
Payımı almağa qaşıq gəzirəm.
Düşdükcə ağacdan hər yeni yarpaq
Çəkib ağuşuna bələyir torpaq,
Qatlayıb dünyanı hey varaq-varaq
Həqiqət sığınan yarıq gəzirəm.
Nə illər yorulur, nə dünya, nə mən,
Yollarsa bezikir, qapanır dən-dən,
Haqqı tapmaq üçün yalvarıb bəzən
Yalın ayağıma çarıq gəzirəm.
Dünyada cücərən ilk şərə qədər,
Gözümdə boğulan səhərə qədər,
Ruhumda hönkürən qəhərə qədər
Ümidlər bənd olan sırıq gəzirəm.
Dəyişib cildini sısqa yağışlar,
Qarışıb dünyanı bölən qarışlar,
Salınıb torpağa yeni naxışlar,
Nə edim, mən boynu buruq gəzirəm.
Hərlənir dünyamız, öz işindədir,
Fələyin çarxı da gərdişindədir,
Səbrimiz tükənmir, vərdişindədir,
Kükrəyən qəzəbdən qırıq gəzirəm.
Müəllif: Naibə YUSİF
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru