21 avqust dəyərli ziyalımız – yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidin doğum günüdür. Şad günü münasibəti ilə Rəşad müəllimi təbrik edir, cansağlığı, uzun ömür və bütün fəaliyyətində uğurlar arzulayırıq:
AĞ ADAM (Rəşad Məcidin doğum gününə) Tanrı mayasını tutubdu “ağ”la, Torpağı ağ, sümüyü ağ, sözü ağ. Sən bu hekayətə ya gül, ya ağla, Bu adamın əyrisi ağ, düzü ağ.
Ağoğlanda göz açıbdı dünyaya, Ağ doğulub, nur saçıbdı dünyaya, Ağ qalacaq, and icibdi dünyaya, Sözün tutub; alnı açıq, üzü ağ.
Ağdam adlı məmləkətin uşağı, Burda çözüb min-bir türlü tuşağı, Çox dinləyib “dastan” deyən “aşığı”; Hekayətin mini qara, yüzü ağ.
Ağcabədi, mədəniyyət beşiyi, Yurd yeridi, çəkilibdi keşiyi, Sadə olub daim evi, eşiyi, Məqamında kürsüsü ağ, mizi ağ.
Ustac deyir; tam arınıb bu adam, Ağayana, mərd tanınıb bu adam, Yaranandan ağ yaranıb bu adam, Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.
Rəşad Məcidi çoxdan tanıyıram, səksəninci illərdən. Deməli, aramızdakı münasibətin tarixi 40 ilə çatır. Onda tələbə Rəşad “Elm və həyat” jurnalında əməkdaşlıq edirdi, cavan, suyuşirin bir oğlan idi. Üz-gözündən, baxışlarından şair olduğunu zənn edirdim. Və səhv etməmişdim, 1981-ci ildə “Azərbaycan gəncləri” qəzetində ustad şairimiz Hüseyn Arif onun şeirlərinə “Uğurlu yol” yazmışdı. Onda Rəşadın 17 yaşı vardı. Hüseyn Arif çox nadir hallarda hansı cavan şairinsə şeirlərinə xeyir-dua verib, o, şeirdə, şairin xislətində təbiilik axtarırdı və Rəşadın şeirlərində də təbii hisslər, duyğular qol-qanad açırdı. Mən Rəşadı “dünyaya təzə söz verən” (Yesenin), hər şeirində də təzə söz deyə bilən və buna can atan bir şair kimi tanıyıram. 1993-cü ildə çapdan çıxan “Hələ ki vaxt var” şeirlər kitabında belə bir şeir vardı:
Babalar yaşıdı ağacım,
Çiçəyin, gülün yadıma gəlməz.
Sən ki, əsrlər görmüsən,
Torpaq yaşıdı dağım.
Dünya yaşıdı Gün işığım,
Bir silkələyin yaddaşınızı,
Mən sizi tanıdım,
Siz məni tanımadınızmı?
Əlbəttə, Rəşadın ayaq basdığı torpaq öz suyuynan, havasıynan, çiçəyiynən onu tanıdı, amma şairi gərək o torpaq üstündəki el tanısın, onun mühiti – şeir aləmi, adi oxucular və söz xiridarları tanısın və bu mənada, Rəşadın bir şair kimi etiraf olunması təbiidir – bunu ustadlar – Bəxtiyar Vahabzadə, Məmməd Araz, Anar, Elçin, Ramiz Rövşən də vaxtında təsdiq ediblər. Amma istəyirəm onun bir şair kimi özünəməxsusluğundan söz açım.
“Həyat haradadırsa, poeziya da oradadır” (Belinski) – Rəşad Məcid həyat adamıdır və əgər belə demək mümkünsə, yaşadığı həyatın sevinclərini, ağrılarını, gözəlliklərini, sevgi dolu anlarını şeirə gətirir; obrazlaşdırır. Şair üçün romantik, ya realist olmağın fərqi nədir? Sən ay işığına baxıb ürəyini o ay işığına kökləyərsən, təbiətin gözəlliklərini öz içindəki təbiətlə qovuşdurarsan, “Arazlaşan, Kürləşən Vətəni” köksünə sıxasan, ya bir cənublu yaşıdının azadlıq çağırışına səs verəsən… Mən Rəşadın şeirlərində onun bol-bol sevinclərinin, təbiətin gözəlliklərindən ilhamlanmağının, “onu həm öldürüb, həm yaşadanın” gəlişindən “göylərə ucalıb, səmaya qalxdığının” poetik yaşantıları ilə rastlaşdım. Ona indi dəbdə olan “ovqat şairi” demək istəmirəm. Yaşadığın ovqat (kədərdən, ya sevincdən) keçici də ola bilər, məsələ onu həyatının unudulmayan anına çevirməkdədir. Deyəndə ki: “heç nə istəmirəm…heç yana baxmaq. Heç kimi görmək istəmirəm…gözlərimi yumub səni düşünmək istəyirəm” – bu səni tərpədən, qayğılandıran gözəl bir duyğudur.
Rəşad Məcidin şeirləri haqqında yazdığım bir yazıda qeyd etmişdim ki, onun şeirlərinin əksəriyyəti sanki ay işığına tamaşa edərkən yazılıb.
Bu dağlarda ay işığı –
Çəməni bürüyən şehdir,
Bir ahıl saçında zehdir.
Bu dağlar ay işığında
Nəsildən-nəsilə saflıq aparan
Yelkənli gəmidir.
Bu dağlar ay işığında
Üz-gözü südə bulaşmış
Körpə kimidir.
Ay işığının poeziyasını şeirimizə Ramiz Rövşən gətirdi, bu ay işığı Rəşadın şeirlərində “Ürəyim yol gedir ay işığında” örnək misraya çevrildi. Ay işığını sadəcə, bir təbiət hadisəsi hesab etmirəm, o, həm də tarixdir, insanın, onun əcdadının keçib gəldiyi yolu özündə əks etdirən bir güzgüdür. Bu ay işığında “cahana od ələyən, pillə-pillə qanadlanıb şimşək kimi çaxan” “Yanıq Kərəmi”nin, tarixin möcüzə sərgisi Cıdır düzünün, tənha iydə ağacının, soyulmuş dərisinin arxasından doğan cəsarət günəşinin – Nəsiminin, sahili olmayan ümman – Vazehin şeirlərinin, suları dumduru, sahilləri səssiz-səmirsiz Araz çayının əksini gördüm.
Böyük şairimiz Məmməd Arazın bir misrasını xatırlayıram: “Təbiəti şeirə gətir!” Rəşad Məcidi mən heç də təbiət şairi adlandırmıram. Onun təsvir etdiyi ay işığı da, dağlar da, dəniz də, tənha iydə ağacı da, yağış da, qar da özü ilə təbiət arasında bir harmoniya axtarmağa yönəlir. “Səni anlamağa çalışdım, gördüm ki, səhər açılır”. “Qupquru quruyan quyu öz suyunu arzuladığı qədər təşnəyəm sənə”. “Hələ ki, qar kimisən – Təzə, bol, rahat, yumşaq, geniş… Əridikcə çıxacaq üzə gizlətdiyin hər nə var”.
Azərbaycan şeiri bütün Şərq şeiri orbitində bədii təsvir vasitələrinin, şeirə naxış vuran məcazların heyrətamizliyi ilə diqqəti cəlb edib. Bircə Füzuli kifayətdir ki, şeirimizin məcaz qüdrətinin nəyə qadir olduğunu göz önünə gətirək. Və XX=XXI əsrin şairi Rəşad Məcidin şeirlərində də “Füzulidən bir dad, bir duz” olduğunu görürsən. Çoxlu misallar gətirə bilərəm, amma Rəşadın yalnız bircə şeirini misal gətirəcəyəm ki, o şeir başdan-ayağa məcazlar üstündə qurulub –
“Əllərimin qabarı, ürəyimin qabarı”
Bir pöhrə ağacdı – tumurcuqlayıb,
Bir parça çəməndi – güllü, çiçəkli.
Bardı, bərəkətdi
Əllərimin qabarı.
Gözümdə çaxan şimşəkdi,
Alnıma söykənən əlim.
Qəlbimi yandıran qəmim, kədərim,
Sonrakı ağlım, Araz dərdim.
Ağ varaqlarda çırpınan duyğularım –
Ürəyimin qabarı.
Deyə bilmədiyim sözdü – boğulub qalıb,
İki damla yaşdı,
Gözlərimdə sıxılıb qalıb
Ürəyimin qabarı,
Əllərimin qabarı.
Yaşıl-yaşıl gözəlliyini,
Budaq-budaq barını gördüm,
Sən neylədin, ürəyimin qabarı?!
Rəşadın “Çiyələk qadın” kitabındakı şeirlərin hamısı sevgidəndir. Təbiət gözəlliklərini şeirlərində özünəməxsus orijinal bədii təsvir vasitələri ilə əks etdirən Rəşad sevgi şeirlərində də bənzərsizdir. O mənada ki, yaşanılmış hisslərini qələmə alır. Biz bu hisslərin “ərazisində” vüsal-hicran dolaylarında yol gedən, bəzən uğursuzluğa düçar olub göz yaşları içində qıvrılan, bəzən də sevdiyini mələk sanan məcnunvari bir sitayişin şahidi oluruq. Bir sözlə, onun sevgi qəhrəmanını bu müqəddəs, bu ali hissin sözün yaxşı mənasında əsiri olduğunu görürük. Sevgi varsa, yaşamağa dəyər! Sev-ucalarsan! Sev-mənən zəngin olarsan! Sev-gözəllik duyğusuyla yaşayar, yaradarsan! Sevdiyin qadına pərəstişdə, heyranlıqda bulun, onu ürəyinin taxtı-tacı bil, həyat sənin üçün gözəlləşər, ülviləşər…
Budur, sevən aşiq dahi aşiq Füzulinin heykəli qarşısında öz məhəbbətini etiraf edir:
Surquclayıb yüz ağrını, əzabı,
Dərd içində səadətdən gülmüşəm.
Xoş anların yapışmışam yalından,
Göz yaşımı gülüşümlə silmişəm.
Ustadımın heykəlinin önünə,
Aşıb-daşan məhəbbətlə gəlmişəm.
Mən nə deyim bu halətə, bu hala?
Demək, hələ çalxalanır dənizim,
Sevgimizdən qımıldanır.
Bir neçə gün bundan əvvəl “Azərbaycan” jurnalının 7-8-ci qoşa sayında Rəşad Məcidin “Şuşa dəftəri” silsiləsindən təqdim etdiyi şeirlərini oxudum. Bu silsilə Vaqif Bəhmənlinin çox dəqiq qeyd etdiyi kimi: “Şuşa dəftəri”nin poetik yaddaşı həm tarixidir, həm çağdaşdır, həm də ruhani. Bu şeirlər çoxsaylı oxucu üçün ürəyin başında, sol cibdə gəzdirilməyə layiq Qarabağ himnləridir!”. Bu silsilədə hər şeir otuz illik həsrətdən sonra Şuşanın ehya olunan təzə, bir şairin sözlə hördüyü poetik rənglərdir, naxışlardır. Mən Rəşad Məcidi – illər boyu şeirlərini oxuduğum bu şairi heç vaxt “Şuşa dəftəri” silsiləsində olduğu kimi nikbin görməmişdim. “Şuşa dəftəri” müasir poeziyamızda təzə bir sözdürdür.
Süzülür dan yerindən tarixlərin işığı –
Dahilər şəhərinin işıqlı yaraşığı!
Şəninə dastan yazır,
söz qoşur haqq aşığı,
Əcdaddan paydı deyir,
qoca Şuşa sevgisi!
Azərbaycan əsgəri…
borc ödəyib canıyla,
Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!
İslanıb hər qarışı şəhidlərin qanıyla,
Dönüb yalçın qayaya,
tunca Şuşa sevgisi!
Rəşad Şuşa havasının sirrini, Şuşada bitən kəkotunun, Şuşanın loğman şaxtasının və s. Şuşaya məxsus görüntülərin sözlə çəkilən rəsmlərini Rəşadın şeirlərində gördüm.
XEYİRXAH ADAM Həyatda qəribə adamlar var. Xeyirxah, bədniyyət, bəduğur və s. Adam var , həyatda da, yuxuda da xeyirxahdır. Adam var, həyatda bəduğur,bədniyyət olur, amma yuxuda çox xeyirxah olur. Adam da var yuxuda bəduğurdu, həyatda çox xeyirxah. Mən sizə həm həyatda, həm da yuxuda xeyirxah olan bir şəxsdən danışacam. Yəni mən o insanın , yalnız, xeyirxahlığının şahidiyəm. Gendən gələn bu xüsusiyyət ona həmişə başucalığı, xoşbəxtlik gətirib. Allah rəhmət eləsin, mənim yaxşı tanıdığım babası Mirhəccib, məhz, belə adam idi. İnsanlar onu “PİR” kimi ziyarət edərdi. Mən özüm də o ziyarətçilərdən biri olmuşam. Yuxu elə şeydi ki, icazəsiz- zadsız yuxuya gələn olur. Yəni, heç ağlının ucundan keçməyən adamlar. Məsələn; Ərdoğan, Prezdent,Bayden, nə bilim, Putin… Mənim yuxuma icazəsiz gələn isə yazıçı, jurnalist Rəşad Məcid idi. İki aya yaxın idi evin içində bir itiyim var idi. Gəzirdim, eyni dolablara bəlkə iyirmi dəfə baxmışdım. Tapılmırdı ki, tapılmırdı.Yuxuda da olsa , yenidən, evdə neçə şifoner, şkaf var idisə dolabları bir- bir axtarırdım.” Bu necə oldu? Evə oğrumu gəldi?” – deyə söylənə- söylənə döndüm arxaya. Aman, Rəşad Məcid məndən beş addımlıqda kürsüdə əyləşmişdi. Mən təəccübdən özümə gəlməmişdim ki,O, işarət barmağını indicə baxdığım dolaba tuşlayıb dedi: – Ora yaxşı bax! – Oranı ələk- vələk etmişəm! – Asma yerindədir, düymələri aç!- dedi. Yenidən şkafın qapısını açdım, burada yaxası bağlı bir jaketim asılmışdı. Yadıma düşdü, ağ kəlağayım tozlanmasın deyə qatlayıb şaketin içindən asmşdım. Ona tərəf dönüb: “Yadıma düşdü, hə, burada olmalıdır!” –dedim. Gülümsünüb qeyb oldu. Bilmədim pəncərədən getdi, yoxsa qapıdan… Gəldiyi kimi də getdi. Təşəkkür etməyə də çatdırmadım. Səhər açılınca yuxumu xatırlayıb şkafa yaxınlaşdım. İndi dolablara yox, asma yerinə baxdım. Doğrudan, jaketimin düymələri bağlı idi. Düymələri açınca ağ kəlağayımı səliqə ilə qatlanmış şaketin içindən görəndə qışqırdım: “Ay dədə! Doğrudan burdaymış!” Yuxuda edə bilmədiyim təşəkkürü isə elə buradan edirəm: “Var ol, xeyirxah adam. Sən baban kimi “Pir” adamsan! Xeyirxah, xoşbəxt insansan, həyatda da, yuxuda da! “
Çağdaş ədəbiyyatımızın və mətbuatımızın ünlü siması, əbədi sözün yorulmaz ədəbi yolçusu, şair-publisist, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidi dünyaya gəldiyi gün (21 avqust), ömür təqviminin 60 illiyi münasibətilə təbrik edir və bu mübarək – özəl gündə ithaf söz çələngimi ən xoş arzularla dəyərli aydınımıza könül ziyarəti olaraq ehtiramla ünvanlayiram:
Yollar ağır, cığırlar dik, sıldırım çətin, Qaya-qaya igidlərin tək adı – MƏTİN! Şəhid düşən ərənliyin, məğrur qeyrətin pak ruhunu ziyarətdir Şuşaya getmək!
Demə vətən Şirin imiş, Fərhadmış insan, Lap ölsə də haqq yolundan dönməz qəhrəman! Qayaları al qan ilə yazılı dastan, tükənməyən fəxarətdir Şuşaya getmək!
Hər qarışı qədim tarix, müqəddəs yaddaş, Dərələri dərin fikir, yamacı sirdaş! Qovuşuqdu qanı qana, qan çəkir, qardaş, Qəlb qızdıran hərarətdi Şuşaya getmək!
Xarıbülbül sevdasına tutuşmaqdımı? Saf havayla, nur yağışla qatışmaqdımı? Yaradanın dərgahına yetişməkdimi, Ya cənnətə səyahətdi Şuşaya getmək?
Uşaqlıqdan başlayır ədəbiyyat sevgimiz. Zaman-zaman dahiləri görməyi arzulayırıq. Böyüdükcə bu sevgi şeiriyyata çevrilir qəlbimizdə. Bir gün qovuşuruq qələmlə. Elə qovuşuruq ki, qəlbimizin sirrini açırıq ona. Heç kəslə bölüşə bilmədiklərimizi qələmin mürəkkəbi ürəyimizdən çəkib tökür vərəqlərə. Sonra ətrafımızda başqa şairləri gəzir gözlərimiz. Bizim kimi düşünən, bizim kimi duyğulu, həssas qəlbli insanları axtarırıq. Dahi şairlərlə üz-üzə gəlmək, onlarla vaxt keçirmək, şirin söhbətlərinə qulaq asmaq hər gənc şairin ən böyük qürurlarından biridir. Və bir gün sən də, o şairlərin keçdiyi yoldan keçmək istərsən. Onların ocağının sakininə çevrilmək istərsən. Var gücünlə, inadkarlıqla üzərində daha çox çalışırsan ki, səni də öz qanadları altına alsınlar. O böyük ailənin üzvlərindən biri də, sən olasan. Mənim də ədəbiyyat sevgim uşaqlıqdan başlamışdı. Şeirlərə olan sevgim əlimdə ələmə çevrilmişdi. Gəncə YB-yə üz tutsam da, doğulduğum şəhərin kiçik ocağı məni qane etməmişdi. Sosial şəbəkələrdə kifayət qədər geniş paylaşımlarım hər kəsin diqqətini çəkməyi bacarırdı. Lakin mənim məqsədim məhz AYB şairləni yaxından tanımaq və bir gün ora üzv olmaq idi. Məqsədimə çatmaq üçün üz tutdum Bakıya. Rəşad Məcid haqqında çox eşitmişdim. Ancaq mənə Rəşad Məcidin hər gəncə dəstək olmadığı deyilmişdi və bildirmişdilər ki, qəbuluna düşmək çox çətindir. AYB-yə qonaq gəldiyim ilk gün Rəşad Məcidlə qarşılaşdıq. Dəhlizdə məni görən Rəşad müəllim artıq məni sosial şəbəkələrdən tanıyırdı. İlk söhbətimiz də belə başlamışdı. -Sən Günəş deyilsənmi, gəncəli balası… ? -Bəli. -Burda nə gəzirsən? Gəncədən gəlmisən? -Bəli, sizinlə danışa bilmək üçün gəlmişəm. Rəşad müəllimin simasında təbəssüm vardı. Deyilənlərin tam əksi dayanmışdı qarşımda. Səmimi, mehriban, gülərüzlü biri idi. Kabinetinə dəvət etdi. Kitablarımla tanış oldu və dedi: -Kitab oxuyursan? -Bəli. Ayağa qalxıb yerli və türk ədəbiyyatından 15 kitab verdi mənə. -Çox oxu. Maşallah aktiv xanımsan. Çalış daha çox kitab oxu. -Baş üstə deyərək, sağollaşıb qayıtmışdım Gəncəyə. Bütün yol boyu həmin təsərrüfatlar məndə gözəl xatirəyə çevrilmişdi. Verdiyi kitabları elə yoldaca oxumağa başlamışdım. Bir həftəyə hamsını bitirib kitabla bağlı fikirlərimi paylaşmışdım sosial şəbəkələrdə. Zamanla Gəncə-Bakı yolunu tez-tez qət edib, AYB-nin tədbirlərində fəal iştirak etməyə başladım. Rəşad müəllim mənə AYB-ni sevdirən şəxs olub. Onun sayəsində gənc ədiblərin üzvü oldum. Yazılarımı təmənnasız olaraq dəfələrlə 525-ci qəzetdə dərc etdirib. İllər sonra AYB-nə üzvlüyüm qəbul olunanda da sevincimi ilk Rəşad Məcidlə paylaşmışam. AYB-nə üzvlük vəsiqəmi də, şəxsən özü təqdim edib. Daha sonra AYB-də ilk kitab təqdimatımda iştirak edib və çəkdiyim əziyyətlərin müqabilində fəaliyyətimin faydalarını vurğulayaraq qısa zamanda Prezident təqaüdü alacağımı bildirib. Bu gün mən Prezident təqaüdünə layiq görülmüş AYB üzvlərindən biriyəm. Qazandığım uğurların təməlində isə Rəşad Məcidin istedadlı gənclərə olan qayğı və diqqəti dayanır. Mənim dünyamda AYB-nin dirəyidir Rəşad müəllim. Mənim kimi yüzlərlə gəncə dəstək olub. Yeni nəsil şairlərin yetişməsində zəhməti böyükdür. Rəşad müəllimə uzun ömür, can sağlığı arzulayıram. Rəşad Məcid AYB-nin Günəşi, dəstək olduğu gənclər isə kainatın ulduzlarıdır. Harda olmasından asılı olmayaraq istedadları ilə parıldamağı bacarırlar.
Qəlbi dünya şəxsiyyət (Rəşad Məcidin doğum gününə)
Sənin kimi insanlar çox olsaydı əgər ki, Ədalətsiz sayılan dünya gözəlləşərdi. Paxıllıq yer üzündən silinərdi əbədi, Bəlkə onda ürəkdə duyğular dəyişərdi.
Dəstək görə bilməyib, AYB-yə üz tutan Gənclərin ümid yeri, ümid çırağı oldun. İstedadlı gənclərin çevrildin dayağına Yığdın öz qanadına ata ocağı oldun.
Ömrün 60 yaşını yola saldız şərəflə, Hər kəsin ürəyində yer eyləyib adınız. Qəlbi dünya şəxsiyyət hər kəsi sevindirib. “Xalqın sadə şairi” adını qazandınız.
Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad MƏCİD Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.
525.az xəbər verir ki, Rəşad Məcidə yubiley medalı bugün, martın 28-də Medianın İnkişafı Agentliyində təqdim olunub.
Mükafatlandırma mərasimindən sonra sosial media hesabında paylaşım edən Mətbuat Şurasının sədri cənab Prezidentə təltifə görə təşəkkür edib:
“Cənab Prezidentə bu sanballı təltifə görə təşəkkürümü bildirirəm. Ümummilli Liderlə görüşmək, təmasda olmaq, onun qarşısında çıxış etmək və sual ünvanlamaq tarixi şanslar idi. Xoşbəxtəm ki, belə şanslar mənim də bəxtimə düşüb”.
AĞ ADAM ŞEİRİ (Rəşad Məcidə) Tanrı mayasını tutubdu “ağ”la, Torpağı ağ, sümüyü ağ, sözü ağ. Sən bu hekayətə ya gül, ya ağla, Bu adamın əyrisi ağ, düzü ağ. * * * Ağoğlanda göz açıbdı dünyaya, Ağ doğulub, nur saçıbdı dünyaya, Ağ qalacaq, and icibdi dünyaya, Sözün tutub; alnı açıq, üzü ağ. * * * Ağdam adlı məmləkətin uşağı, Burda çözüb min-bir türlü tuşağı, Çox dinləyib “dastan” deyən “aşığı”; Hekayətin mini qara, yüzü ağ. * * * Ağcabədi, mədəniyyət beşiyi, Yurd yeridi, çəkilibdi keşiyi, Sadə olub daim evi, eşiyi, Məqamında kürsüsü ağ, mizi ağ. * * * Ustac deyir; tam arınıb bu adam, Ağayana, mərd tanınıb bu adam, Yarananda, ağ yaranıb bu adam, Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.
Qeyd: 21 avqust dəyərli ziyalımız – yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü – Rəşad Məcidin doğum günüdür. Şad günü münasibəti ilə Rəşad müəllimi təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində uğurlar arzulayırıq. Rəşad müəllimin 59 yaşı tamam olur. Xatırladıram ki, “60”-la bağlı “Yazarlar”ın xüsusi “Ağ adam” adlı təbrik layihəsi davam edir. Bu layihədə iştirak etmək istəyən hər kəs Rəşad Məcidin həyat və yaradıcılığı barədə olan yazılarını zauryazar@mail.ru e-mail ünvanına göndərə bilərlər. Bütün materiallar 01.08.2022-ci ildən 01.06.2024-cü ilə (əvvəlcədən təyin olumuş vaxt uzadılıb) qədər qəbul ediləcək. Yazılarınızı gözləyirik.